
Super User
MƏZARDA YATAN SEVGİ - Fidan və Fatehin nakam sevgi hekayəsi
İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.
(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)
Adətən nağıllar "Biri var idi, biri yox idi..." cümləsi ilə başlayır. Lakin bu hekayə həmin cümlə ilə başlamayacaq. Çünki bu, nağıl deyil, real və həqiqi bir əhvalatdır. Həm də, bu hekayənin qəhrəmanları Fidan adlı xanımla Fateh adlı bəydir. Buna görə onu: Biri (bir Fidan) var idi və o biri (Fateh) də var idi... - cümləsi ilə başlamaq olar...
Fidanla Fateh arasında olan sevgi macarası nə qədər qəribə səslənsə də, orta məktəbin ibtidai təhsil illərindən etibarən başlamışdı. Bəlkə də, oxucular bunu sevgi macərası deyil, uşaqlıq dövrünün istəyi kimi saya bilərlər. Lakin hekayənin davamında qeyd ediləcəyi kimi onların ibtidai sinif dövründə başlamış uşaqlıq istək və sevgisi sonrakı illərdə sözün əsil mənasında həqiqi sevgiyə çevrilmiş və həyatın enişli-yoxuşlu yollarından ötüb keçmişdir.
Hadisə ötən XX əsrin 1985-ci ilində Sovetlər dönəminin son illərində başlamış və sonrakı illər və XXI əsrdə davam etmişdir. Bu baxımdan məlum hekayə iki ayrı əsrdə baş vermiş real və həqiqi olayı təqdim etməkdədir...
Hər il olduğu kimi yenə də sentyabr ayının 1-i yeni təhsil ili başlamış, şagirdlər yeni təhsil ilinə böyük sevinc və şövqlə hazırlaşmışdılar. Həmin il Fatehin orta məktəbə başladığı ilk il sayılırdı. O, I sinifə daxil olmaqla ibtidai təhsilinə start vermişdi.
Yeni dərs ilinin ilk günlərindən birində Fateh məktəb libaslarını geyinib çantasını əlinə alaraq səhər tezdən məktəbə yollandı. Çox gözəl və ürəkoxşayan günəşli bir gün idi. O, həmin gündə talehində böyük bir iz qoyacaq, həm də ömrünün müəyyən illərinə qədər həyatda yarı və yarısı olacaq bir şəxslə rastlaşacağını heç təsəvvür belə etmirdi.
Fateh hamı kimi sinifdə əyləşib, müəlliməni dinləyirdi. Dərsin ikinci saatında müəllimə dərs barədə danışarkən birdən sinifin qapısı döyüldü və məktəbin direktoru yeni bir şagirdlə sinifə daxil oldu. Onların yanında ayrı bir kişi də var idi. Sonradan onun həmin qızın Rusiyada yaşayan dayısı olduğu aydınlaşdı. Direktor həmin qızın o sinifdə qeydiyyata alındığı və orada oxuyacağını bildirib getdi. Müəllimə isə dərhal onu ön cərgədə boş olan partalardan birinə tərəf yönəltdi.
Çox qəribə, eyni halda cazibədar bir qızcığaz idi. O, saçlarını iki tərəfdən yığmış və başının hər iki tərəfinə ağ rəngli bant bağlamış əsmər, qara və irigözlü, həm də incə və nərmənazik Fidan idi. Əslində Fidan Fatehlə eyni şəhərdə yaşayan həmyerlisi sayılırdı. Onların evlərinin arasında cəmi 5 küçə fasilə var idi. O, 5 yaşında ikən atasını itirmiş, böyük və tək bacısı isə elə həmin məktəbdə III sinif şagirdi idi...
Təqdimatdan sonra Fidan ön sıralarda yerləşən bir partada əyləşmişdi. Fateh isə ondan arxada əyləşən halda sinifə yenicə daxil olmuş Fidandan gözünü çəkə bilmirdi. Nədənsə Fidanın zahiri görünüşü və cazibədarlığı onu özünə cəlb etmişdi...
Beləcə günlər, həftələr və aylar ötüb-keçdi. Fateh azyaşlı bir oğlan olsa da, olduqca qürurlu və eyni halda sevdiyini ürəkdən sevən bir oğlan idi. Az bir müddət ərzində Fidanın danışıq tərzi, rəftarı və gülüşü Fatehin qəlbində ciddi izlər saldı. Fateh də hər bir hərəkətində Fidanı fikirləşir və onun diqqətini özünə cəlb etməyə çalışırdı. O, artıq Fidana ciddi gözlə baxır və hər bir halda onu qorumağa çalışırdı. Sinif yoldaşları da, bunu hiss edərək Fidanı incitməkdən çəkinirdilər. Çünki, onlar bir az əsəbli, həm də ciddiliyi ilə tanınan Fatehin Fidana qəlbən bağlı olduğunu çox yaxşı anlayırdılar.
Müəyyən bir müddətdən sonra Fatehin ailə üzvləri onun Fidana bağlandığını duyub bunu çox adi və yaxşı qarşılamağa başladılar. Fateh evdən bayıra çıxmaq istədikdə saçlarını diqqətlə darayır və əyin-başını səliqəyə salırdı. O, təbiətcə təmizkar bir oğlan olsa da bununla sadəcə Fidanın nəzərini özünə cəlb etmək istəyirdi.
Fidan orta məktəbdən əlavə Musiqi Məktəbində fortepiano dərslərində, Fateh isə dərsdən əlavə incəsənət sahəsində heykəltaraşlıq dərslərində iştirak edirdi. Fidan hər dəfə günortadan sonra Musiqi Məktəbinə getdikdə Fateh küçənin bir guşəsində dayanıb ona baxır, davranış və yerişini diqqətlə izləyirdi. Fidan bunu bilsə də özünü bilməməzliyə vurur və başını aşağı salaraq ciddi bir qiyafə ilə yoluna davam edirdi. Hər dəfə yalnız bircə dəfə başını qaldırıb Fatehe baxır və gülümsəyirdi...
Aylar-illər ötüb keçdi. Onlar bir-birinə bağlanmış sinif yoldaşından əlavə qəlblərində bir-birinə qarşı yaranmış bağlılığa görə həyatın fərqli mərhələsinə qədəm qoyurdular. İstər məktəbdə, istərsə də, məktəbdən kənarda fürsət tapan kimi görüşür və qısa müddət ərzində müxtəlif mövzularda söhbətləşirdilər. Hətta, münasibətlərin yaxınlaşdığına görə müxtəlif fürsətlərdə bir-birinin evinə gəlib yaxınları ilə yaxın ünsiyyətdə olurdular. Hətta, Fidan valideyni və ya bibisinin ad günü üçün keçirdikləri çay-şirniyyat süfrəsinə Fatehi də dəvət edirdi...
Fidanın anası və digər yaxın qohumları onların arasında yaranmış münasibəti müşahidə edir, buna hörmətlə yanaşırdılar.
Heykəltaraşlıq Məktəbinə gedən Fateh yeniyetmə yaşlarında olmasına baxmayaraq artıq Fidanı qəlbən sevməyə başlamışdı. Fidan da bunu çox yaxşı dərk edir və müxtəlif hallarda öz gülüşü və nazlı hərəkətləri ilə Fatehin nəzərini özünə cəlb etməyə başlamışdı.
Fidanın yaxın qohumları Bakı şəhərində yaşadıqları üçün adətən tətil günlərində ailəvi şəkildə şəhərə gəzməyə gedir və orada qalırdılar. Onun Bakıda olduğu günlər və həftələr Fateh üçün çox çətin keçirdi. Tez-tez onların yaşadığı küçəyə gedib şəhərdən qayıdıb-qayıtmadıqlarını öyrənməyə çalışırdı. Amma hər dəfə onun qayıtmadığını görəndə qəml-kədərli halda evə dönürdü...
Nəhayət, yay tətilləri sona çatdı və yeni dərs ili başladı. Fateh başqaları kimi məktəbə gedib sinifdə əyləşmişdi. Bu dərs ilində onlar artıq V sinif şagirdləri sayılırdılar. Müəllim jurnal üzərindən şagirdlərin adlarını bir-bir çəkir və dərsə gələnlərin adlarını qeyd edirdi. Lakin nədənsə o gün Fidanın əyləşdiyi parta boş idi. Heç müəllim onun adını belə oxumadı.
Fateh dərsdən sonra tələm-tələsik evə qayıtdı. Fidanın dərsə gəlmədiyini aydınlaşdırmaq üçün dərhal onların evinə tərəf yollandı. Yol boyu ağlına min-bir fikir gəlirdi. Bəlkə o ayrı sinifə və ya məktəbə köçürülüb?! Bəlkə xəstələnib? Bəlkə hələ Bakıdan qayıtmayıb?!... Darvazanı döydü. Fidanın bibisi darvazaya gəlib qapını açdı.
Fateh dedi:
- Salam! Xala, bağışlayın! Fidan nə üçün bu gün məktəbə gəlməyib? Olmaya xəstələnib?
- Salam Fateh! Necəsən? Fidangil ailəvi olaraq dayısı ilə birlikdə Rusiyaya - Moskvaya köçüblər. Bir daha sizin məktəbə gəlməyəcək...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub
Yanvarın 18-də Bakıda qəhrəmanlıq tariximiz olan Sədərək döyüşlərinin 35 illiyi münasibətilə Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub.
AzərTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filmin təqdimatından əvvəl Sədərəkdəki döyüşlərdə iştirak etmiş Nəzifə Qaybalıyeva jurnalistlərə açıqlamasında bildirib ki, o zaman döyüşən hər kəsin qələbəyə inamı sonsuz idi, düşməni dayandırmaq üçün əlindən gələni edirdi. O qeyd edib ki, Sədərəyin müdafiəsi üçün bütün bölgələrdən olan gənclər axışıb gəldi, onların birliyi və əzmi sayəsində Sədərək “alınmaz qala” adlandırıldı.
Sədərəkdəki döyüşlərdə iştirak etmiş Eldəniz Əliyev jurnalistlərə müsahibəsi zamanı döyüşlərdə gənclərin qeyri-adi bir fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb. "Sədərək alınmaz bir qalaya çevrildi. O vaxt heç kəs geri çəkilməyi düşünmədi. Qanımızda olan cəsarət və iradə ilə torpaqlarımızı müdafiə etdik. Əlimizdə nə silahımız, nə topumuz, nə də təchizatımız var idi. Sədərək uğrunda döyüşdük və bir qarış torpağı belə düşmənə vermədik", - deyə Eldəniz Əliyev qeyd edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Sədərəkdən Şuşaya” filmi barədə məlumat verib. O bildirib ki, bu film Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və azadlıq uğrunda mübarizəsini əks etdirən mühüm bir əsərdir.G.Nəzərova vurğulayıb ki, filmdə Sədərək döyüşlərindən başlayaraq Şuşanın azad olunmasına qədər keçilən şərəfli yol təsvir olunur. Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı hər zaman qürurla xatırlanacaq və gələcək nəsillərə örnək olacaq.
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli “Sədərəkdən Şuşaya” sənədli filminin, Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirdiyini deyib. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı film vasitəsilə gələcək nəsillərə ötürülür və Azərbaycan tarixində əbədi iz buraxır.
Sonra “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi nümayiş olunub.
Filmdə xalqımızın Sədərəkdən Şuşaya qədər keçdiyi böyük Zəfər yolu bir qəhrəmanın nümunəsində göstərilib. Belə ki, film Sədərək döyüşlərindəki qəhrəmanlığı ilə seçilən qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur.
Sənədli televiziya filminin təqdimatından sonra çıxış edən Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev və digərləri "Sədərəkdən Şuşaya" filmi barədə təəssüratlarını bölüşərək Sədərək döyüşlərində hər kəsin cəsarətlə, mərdliklə öz doğma torpaqlarını qoruduğunu, birlik nümayiş etdirdiklərini bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Qeyrət qalası" adlandırdığı Sədərək uğrunda gedən döyüşlərdə Azərbaycan xalqının və əsgərlərinin göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq müstəsna əhəmiyyət kəsb edir.
Sonda filmin ərsəyə gəlməsində iştirak edən şəxslər təltif olunublar.
Qeyd edək ki, filmin layihə rəhbəri və müəllifi Sahil Tahirli, filmin məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorları İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov, musiqi tərtibatçısı isə Yaqut Süleymanovadır.
1990-cı illərin Sədərək döyüşləri xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutur. Naxçıvan Muxtar Respublikasının olduqca ağır, mürəkkəb bir vəziyyətdə yaşayıb varlığını qoruduğu həmin illərdə Sədərək erməni quldurlarının əsas sipəri idi. 150 nəfərə qədər qəhrəman Vətən oğlu bu qədim Oğuz-Türk yurdunun müdafiəsində canı və qanından keçərək şəhidlik zirvəsinə ucalıb, Sədərək, eləcə də bütün Naxçıvanın sovet ordusunun da yaxından dəstək verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğalına imkan verməyib.
1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalan Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati bina, sosial obyekt dağıdılıb.
1990-cı il yanvarın 19-da Sədərək ilk şəhidlərini verib. Hücumun ilk dəqiqələrindən Naxçıvanın bütün rayon və kəndlərindən Sədərəyin köməyinə gələnlər sinələrini düşmən önündə sipər ediblər. Onlardan biri də həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyən Nəzifə Qaybalıyeva idi. O, xəbəri alar-almaz 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərək döyüşlərinə yollanır. Onlarla yaralını xilas edir, Milli Qəhrəman Məhərrəm Seyidov onun qolları arasında əbədiyyətə qovuşur. O dövrdə Nəzifə xanımın Naxçıvan televiziyasına verdiyi müsahibədən sonra yüzlərlə gənc Sədərəyin müdafiəsinə qalxır. Bu gün də Naxçıvan televiziyasının arxivində qorunan həmin kadrları, eləcə də Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini həyəcansız izləmək mümkün olmur.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Qurani-Kərimdə "Azərbaycan" sözünün və Bakı neftinin yer aldığını elmi əsaslarla sübut edən SEYMUR NƏSİROV BARƏDƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dünən növbəti – bu dəfə 35-ci 20 Yanvarı qeyd etdik, şəhidlərin ruhunu andıq, müstəqilliyə çatmağımızın qürurunu yaşadıq. Diqqətimi çəkən informasiyalardan biri də “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən göndərilən bu informasiya oldu: “Ərəb ölkələrinin mediasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Qara Yanvar faciəsinin 35-ci ildönümü" başlıqlı məqaləsi dərc edilib.”
Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, Livan və İraqın qəzet və portallarında işıq üzü görən məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən geniş söhbət açan cəmiyyət sədri onu Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisə edib. Müxtəlif illərdə azadlıq uğrunda meydanlara axışan misirlilərə və azərbaycanlılara qəddarcasına divan tutulduğunu, faktlarla hər iki qətliamda ermənilərin fəal rol oynadığını yazıb.
Müəllif Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar qırğınını Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdiyini vurğulayıb.
Tədqiqatçı-alim Azərbaycana qarşı ikili standartlardan çıxış edildiyini, ermənilərə dəstək verildiyini diqqətə çatdırıb. Otuz il ərzində ermənilərin Qarabağda mədəni abidələrimizi dağıtdığını, məscidlərimizi təhqir edərək xarabalığa çevirdiyini xatırladıb.
Mən haqqında məlumatlı olmağım səbəbindən Seymur Nəsirov barədə daha geniş bilgi vermək fikrindəyəm. Çünki onun elə böyük işləri var ki, bu barədə hər bir azərbaycanlının bilgilənməsi vacibdir.
Seymur Nəsirov Rahim oğlu 1976-cı ildə Astara rayonunun Şuvi kəndində anadan olmuşdur. 1994-cü ildə A. İbrahimov adına Şüvi kənd orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir.
2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır.
2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Magistr dissertasiya işi Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixinin tədqiqi olmuşdur.
2020-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə dokturluq təhsilini fərqlənmə ilə başa vurmuşdur. Tədqiqat mövzusu "Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri" olmuşdur. S. Nəsirovun elmi işinə, Əl-Əzhər Universitetindən dəvət olunmuş böyük alimlər rəhbərlik etmişdir.
2003-cü ildən xarici ölkələrdən Misirdə təhsil almaq üçün gələn tələbələrə rəhbərlik edir. 2007-ci ildə "İrsi canlandırma və yerli inkişaf üzrə Halqa Fondunun təsisçilərindən biri və baş direktorudur. 2008-ci ildən "Qavafil əl-Xeyr və əl-Əməl" xeyriyyə cəmiyyətində xarici tələbələrin işi üzrə baş rəhbərdir. 2011-ci ildən, Misir əl-Xeyr fondunun xarici tələbələrin işi üzrə baş rəhbəridir. 2017-ci ildən, Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir. 2017-ci ildə, təsis etdiyi "Vətənpərvər"- Azərbaycaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri olub. 2019-cu ildə, təşəbbüskarı və təsisçilərindən biri olduğu "Misir-Azərbaycan Dostluq Cəmiyyətinin" sədridir.
S. Nəsirovun Azərbaycan mədəniyyətinə gətirdiyi əsas töhfələrdən biri Qurani-Kərimdə "Azərbaycan" sözünün və Bakı neftinin yer aldığını elmi əsaslarla sübut etməsidir. Nizaminin Azərbaycanın Gəncə şəhərindən olduğunu göstərən dəlilləri də ərəb mənbələrində ilk araşdıran məhz Seymur Nəsirov olub. Həmçinin, o, Xəmsənin 6 əlyazma nüsxəsini Misir kitabxanalarında aşkarlamışdır. Orta şərqi, O cümlədən Tunisdən Yəmənə qədər böyük bir ərazini işğaldan azad edən və bir neçə əsr sultanı olmuş Əyyubilərin əslən azərbaycanlı olduğunu da ərəb mənbələrində üzə çıxarmış və ermənilərin Əyyubilərin özlərinə nisbət edib yazdıqları məqalələrdəki istinad etdikləri 10 cildlərlə ensiklopedik mənbələri yenidən araşdıraraq, onların yalanını ifşa etmişdir.
Bundan başqa, tədqiqatçı dəfələrlə konfrans, simpozium və forumlarda bu mövzularda mühazirələr etmişdir. Bunlara 2011-ci ildə Misirin Aynu-şəms Universitetinin Ədəbiyyat fakültəsində "Azərbaycanla Misir arasında tarixi əlaqələr" mövzusunda keçirilən konfransı, 2011-ci ildə Qahirə Universitetinin Ədəbiyyat fakültəsində təşkil olunmuş "Azərbaycanı tanı" mövzulu simpoziumu, 2012-ci ildə Əzhər Universitetində "Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi: nailiyyətlər və perspektivlər" və 2014-cü ildə Qahirə Universitetinin Siyasi elmlər və İqtisadiyyat fakültəsində "Azərbaycanın bu günü və gələcəyi" konfransı, 2017-ci il Ərəb Ölkələri Liqası, UNESCO və Əl-Əzhər Universitetinin birgə təşkil etdiyi "Radikalizmlə birgə mübarizə və dialoqun gücləndirilməsi" beynəlxalq forumu misal göstərmək olar.
2016–2017-ci illərdə Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilinin tədrisinə başlayıb.2017–2023-cü illərdə 1400-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etmişdir. Hər il yüzlərlə tələbəyə Azərbaycan dilini tədris edir. 2020-ci ildə Qahirə Universitetinin Ədəbiyyat fakültəsində tədris etdiyi tələbələrdən birinə elmi rəhbərbər təyin olunmuşdur. Hədəfi misirlilər arasında Azərbaycan dilini tədris edə bilən mütəxəssislər yetişdirməkdir. 2014-cü ildə təsis etdiyi Azərbaycan diasporu mərkəzində, Azərbaycan dili ilə yanaşı müxtəlif fənnlər tədris olunur. Hal-hazırda dünyanın müxtəlif ölkələrindən yüzlərlə tələbə, aralarında azərbaycanlılar da olmaqla ödənişsiz təhsil alır.
Seymur Nəsirov 1998-ci ildən bəri ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında könüllü tədqiqat aparır. Bu müddətdə yüzlərlə əslən azərbaycanlı olan alimlərin əlyazmalarını Misir kitabxanalarında üzə çıxarmağa müvəffəq olmuşdur. Onun bu araşdırmalarından ərsəyə gəlmiş, "Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları" adlı ilk əsəri çap edildikdən sonra Misirin tanınmış universitetlərində təqdimatı keçirilmişdir. Onun ilk kitabında yüz azərbaycanlı alim və ədiblər haqqında yazmışdır. Təlif etdiyi ikinci kitabında isə yüz əlli azərbaycanlı alim haqqında yazmışdır. Seymur Nəsirovun bu mövzuda, müxtəlif qəzetlərdə, elmi və publisistik jurnallarda, ərəb və Azərbaycan dillərində çoxsaylı məqalələri dərc olunmuşdur.
Bir sözlə, tədqiqatları, vətənpərvərlik fəaliyyəti, nəcib əməlləri saysız-hesabsızdır Seymur Nəsirovun. Ona zehin açıqlığı, bol enerji və yeni nailiyyətlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“... Allah-təala bəxt nurçusunu türklərin bürclərinə ucaltdı...” - Türk Mədəniyyəti və İrsi Fondu dünən, bu gün və sabah
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Türkdilli xalqların maddi-mənəvi irsinin qorunması, tədqiqi, təbliği Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) yaranma və fəaliyyət məqsədidir. Fond, həmçinin, türkdilli xalqlar arasında mədəniyyət körpüsü rolunu oynayır, ortaq tarixin, mənəvi dəyərlərin unudulmaması istiqamətində mühüm işlərə imza atır: elmi konfranslar, sərgilər, nəşrlər və s. kimi layihələr həyata keçirir.
Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması ilə bağlı ilk təşəbbüs 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında irəli sürülüb. Təşəbbüs yüksək dəyərləndirilib və 2012-ci il avqustun 23-də Fondun nizamnaməsi qəbul edilib. Mənzil-qərargahı Bakıda yerləşən Fondun hazırkı prezidenti Qazaxıstan Respublikasının Əməkdar Xadimi, professor, sənətşünaslıq doktoru, bəstəkar Aktotı Raimkulovadır.
Yola saldığımız 2024-cü il də Fondun həyata keçirdiyi mühüm layihələr ilə yadda qaldı. Eyni zamanda, Türkmənistan və Özbəkistan Fonda üzv olmaq barədə qərarlarını açıqladılar.
FOND ŞURASININ İLK İCLASI
Fondun 12 illik fəaliyyəti dövründə ilk dəfə olaraq, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə Türk dövlətlərinin mədəniyyət nazirliklərinin rəhbərləri səviyyəsində Fond Şurasının iclası keçirildi. İclas zamanı Fondun 2025-ci il üçün fəaliyyətinin strateji istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparıldı, fəaliyyət planı və büdcə təsdiq edildi, Fondun nəzdində Məsləhət-Ekspert Komitəsi yaradıldı.
MƏDƏNİ İRS OBYEKTLƏRİ KATALOQU
Fond 2024-cü il ərzində “Türk İrsi” Türk Dünyasının Mədəni İrs Obyektləri Kataloqunun hazırlanması üzərində fəal işə başlamışdır. Belə ki, Türk dünyasının bir sıra mühüm memarlıq abidələri və qədim əlyazmalarının dirçəldilməsi məqsədi ilə onların üzərində bərpa və muzeyləşdirmə işləri aparılır. Növbəti illərdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən bir sıra tarixi-mədəni obyektlərdə bərpa, muzeyləşdirmə, arxeoloji və konservasiya işlərinin həyata keçirilməsi də planlaşdırlır.
MAARİFLƏNDİRMƏ
Fondun fəaliyyət istiqamətlərindən biri də maarifləndirmədir. TMİF indiyədək Türk dünyasının görkəmli şəxsiyyətləri və ədəbiyyat inciləri barədə müxtəlif kitabların nəşrinə imza atıb. Bu kitabların hazırlanmasında türkdilli tədqiqatçıların, mütəxəssislərin cəlb olunmasına xüsusi diqqət yetirilir. Fondun həyata keçirdiyi təhsil proqramlarında da üstünlük mütəxəssislərə verilir. Qeyd edək ki, ilki İstanbulda baş tutan təhsil proqramının 2025-ci ildə bütün türkdilli ölkələrdə keçirilməsi də planlar sırasındadır.
ORTAQ TARİXİN ÖYRƏDİLMƏSİ MƏRKƏZLƏRİ
Fondun təşəbbüsü ilə Türk dünyasının bir çox şəhərində, təhsil müəssisəsində ortaq tarixin və dəyərlərin araşdırılmasına, öyrənilməsinə, gələcək nəslə ötürülməsinə dair mərkəzlər də açılıb. 2025-ci ildə bu cür mərkəzlərin Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetində, Əl-Fərabi adına Qazax Milli Universitetində, həmçinin, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanda açılması nəzərdə tutulur.
“TURK DİSCOVERY” YOUTUBE KANALI
TMİF öz fəaliyyətində müasir yeniliklərə və dövrlə səsləşən texnologiyalara da qucaq açır. Türk dünyasının maddi-mənəvi irsindən, qədim adət-ənənələrindən və milli dəyərlərindən bəhs edən proqramların, sənədli filmlərin yayımlandığı “Turk Discovery” YouTube platforması da Fondun layihəsidir. Milli bayramlar, qurama-tikmə, toxuculuq, ipəkçilik, misgərlik, milli geyimlər; platformada bu cür-Türk dünyasına aid sənət və sənətkarlıq ənənəsi ilə bağlı proqramların yayımlanması zamanla daha da geniş vüsət alacaqdır. Vurğulamaq yerinə düşər ki, ortaq türk musiqisi də TMİF-in tədqiq və təbliğ obyektlərindəndir.
BEYNƏLXALQ ELMİ LAYİHƏLƏR
Beynəlxalq layihələrdə uğurla iştirak edən Fondun elmi fəaliyyəti də təqdirəlayiqdir. Nümunə olaraq, 13 dekabr 2024-cü ildə Parisdə keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” adlı beynəlxalq konfransı göstərmək olar. Bəli, Türk tarixinin bu ortaq dəyərinin dünyada fundamental və mühüm əsərlərdən biri kimi tanınması da Fondun fəaliyyət uğurlarındandır.
MEDİA MEQALAYİHƏSİ
2025-ci ildə TMİF-in ən böyük layihələrindən biri də yaxın günlərdə icrasına başlanılacaq Türk dövlətləri və xalqlarının mədəniyyətinin və irsinin vahid təbliğat platformasının işə salınmasıdır. “Qızıl alma” adlanan bu platformanı Fond Azərbaycanın mədəniyyət sahəsində ən böyük media resurslarından olan “Ədəbiyyat və incəsənət” portalı ilə birgə həyata keçirəcək. Layihə özündə Fondun fəaliyyətini türk dövlətləri və türkdilli xalqlara çatdırmaq, türk dünyası mədəniyyət xəbərlərini hər bir xalq üçün əlçatan etmək, türklərin ortaq mədəniyyətini və irsini geniş təbliğ etməkdən ibarətdir.
Hazırda platforma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təmsilçiliyinə malikdir, tədricən bura Macarıstan və Türkmənistan da daxil ediləcəkdir. Növbəti mərhələdə isə platforma ingilis, rus və digər beynəlxalq dillərdə bütün dünya üzrə fəaliiyyətini genişləndirəcəkdir.
YENİ PERSPEKTİVLƏR
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 11-ci Zirvə görüşü 2024-cü ilin noyabrında Bişkekdə baş tutdu. Zirvə görüşü çərçivəsində TMİF Qırğız Respublikasının Milli Tarix Muzeyində unikal sərginin təntənəli açılışını etdi. Mahmud Kaşğarinin zəngin irsinə həsr olunmuş sərginin açılışında TMİF prezidenti Aktotı Raimkulova çıxış edərək Mahmud Kaşğaridən sitat gətirdi:
“... Allah-təala bəxt nurçusunu türklərin bürclərinə ucaltdı,
onların səltənətini səmavi kürələrin arasına qoydu...”
Fondun Nizamnaməsinə əsasən, 2025-ci ildə Fondun Şurasına sədrlik Qazaxıstan Respublikasına keçib. 2025-ci ilin fevralında Astanada Fondun II Şurasının keçirilməsi planlaşdırılır.
Bir sözlə, qarşıda yeni perspektivlər, Fondun rəhbərliyinin bol entuziazmı dayanır.
Türk dünyasının birliyi və işıqlı sabahı naminə Türk Mədəniyyəti və İrsi Fonduna uğurlar və uğurlar!
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
20 Yanvar qızılgülün qanla boyandığı, qərənfilə çevrildiyi bir gündür - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Mənim dünyaya gəlməyimdən çox əvvəl, Bakımın küçələrində bir tarix yazılırdı. Mənim nə vaxtsa anladığım, ancaq heç vaxt hiss etmədiyim bir ağrı vardı. 20 Yanvar...
O gecə tankların səsi hələ də Bakının içində səslənir. Bu, mənim doğulmamış anlarımdan birinin izləri idi, amma həyatımın hər anında bu tarixi xatırladım, öz tarixim kimi hiss etdim. Mən o gecə orada deyildim, amma mənim əlimdəki qızılgül, çoxdan o gecənin qanlı anlarında yerə düşən qərənfillərə çevrilmişdi.
Həmin gecə, millət öz azadlığı uğrunda canını fəda etməyə hazır idi. Tankların qarşısına çıxan insanlar, əliyalın, silahsız – qızılgüllərin arasından çıxıb, öz həyatlarını o qanlı gecəyə qurban verdilər. Mənim əmim də orada idi. O gecə o qədər çox şey dəyişdi ki, zamanın tək bir anında o, bir tarixə çevrildi. Tankların qarşısında silah yox idi, amma iradə vardı. Qan tökənlər yox idi, amma qızılgüllərdən yaranan qərənfillər vardı.
Hər qərənfil bir qızılgülün qanla boyandığı, sevgi ilə başlayan, amma qurbanlıqla sonlanan bir tarixdir. Mənim xalqım da birləşərək, bir fərd kimi o gecə bir qızılgül kimi orada durdu. Heç kəsin görmədiyi, amma hiss edilən bir ruhla, o qanlı gecənin hər dəqiqəsində azadlığın nə qədər qiymətli olduğunu dərk edərək. Onlar, mənim üçün bir qızılgül idi, amma o gecə qərənfildən başqa bir şeyə çevrildi.
20 Yanvarı yalnız tarixdəki bir qeyd olaraq deyil, mənim öz dünyama, qəlbimə yerləşdirdim. Mən heç vaxt o gecəni yaşamamışam, amma içimdə hiss edirəm – o gecə həyatımın təqvimində silinməz bir iz buraxıb. Azadlıq uğrunda verilən qurbanlar, yalnız tarixdə deyil, həm də hər birimizin ruhunda öz izini tapdı. Mənim əmim kimi insanlar, o gün sadəcə tanklara qarşı durmadılar; onlar bir millətin vicdanına sahib çıxaraq, heç kəsin unuda bilməyəcəyi bir azadlıq hekayəsi yazdılar.
Qızılgüllər soldu, qərənfillər isə əbədi olaraq çiçəkləndi. Mənim ruhumda, keçmişin acısı və bu günün qəhrəmanlıq hissi birləşdi. Hər qərənfil, o gecənin qanlı əzablarının bir xatirəsidir, amma eyni zamanda azadlığın, sevgini qurban etməklə tapılan qüdrətinin təzahürüdür. Həmin gecə, mənim əmim və onun kimi bir çox insan, özlərindən çox, bütün bir xalqın gələcəyi üçün dayanmışdılar. Onlar, nə silah, nə də müharibə ilə, sadəcə iradə ilə döyüşdülər.
Bu tarix mənim üçün artıq keçmişin dərdi və gələcəyin ümididir.
20 Yanvar, qızılgülün qanla boyandığı, qərənfilə çevrildiyi bir gündür. O, mənim üçün hər zaman xatırlanacaq, ruhumda əbədi qalacaq bir tarix olacaq. Həm də bilirəm ki, hər bir qızılgül yaşayan aramızda olan eşqi, hər bir qərənfil, mənim həyatımda olan hüznü göstərəcək, çünki onlar bir xalqın iradəsini və mənəvi gücünü simvolizə edir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Ermənistan 1-ci prezidenti Levon Ter-Petrosyanın tarixi etirafı
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” poprtalının Qarabağ təmsilçisi
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın çıxışı azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmənin etirafıdır. O, 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının yaşadığını (əslində 250 min) və onların qovulmasının erməni milli hərəkatının planlaşdırılmış siyasəti olduğunu bildirib.
Azərbaycanlılar Zəngəzur, Göyçə (Vardenis), Zəngibasar (Masis) və Amasya kimi bölgələrdə əksəriyyət təşkil edirdi. Ter-Petrosyan açıq şəkildə etiraf edir ki, onların köçürülməsi ermənilərin ərazi iddialarını həyata keçirmək və strateji üstünlük əldə etmək üçün zəruri hesab edilib. Bu, zorla deportasiya, qətliam və mədəni irsin məhv edilməsi ilə müşayiət olunmuş bir soyqırım siyasəti idi.
Bu açıqlama, Ermənistanın tarixində azərbaycanlılara qarşı törədilən cinayətlərin sübutudur.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistan dövlətinin və xalqının işğalçı mahiyyətinin bir daha təsdiqidir.
Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi. O, açıq şəkildə etiraf etdi ki, azərbaycanlıları zorla öz torpaqlarından deportasiya ediblər.
Keçmiş Ermənistan prezidentinin qeyd etdiyi bir neçə məqam xüsusi olaraq diqqət çəkir: Üç rayonda - Vardanes (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyada (Ağbaba) azərbaycanlıların çoxluq təşkil etməsi, 1988-ci ilə qədər Ermənistanda 170 min soydaşımızın yaşaması (hərçənd bu rəqəm 200 mindən çox idi) və bir də dövlət qurmaq naminə azərbaycanlıların qovulması faktları. Bütün bunlar - onların öz dillərində səsləndirdiyi fikirlər Qərbi Azərbaycan həqiqətlərinin tarixi əsaslara söykəndiyinin göstəricisidir.
Levon Ter-Petrosyan və ondan sonrakı Ermənistanın iki prezidenti Koçəryan və Sarkisyan faşist ideologiyasına xidmət edən, əlləri minlərlə azərbaycanlının qanına batmış cinəytkarlardır. Onlar törətdiyi əməllərə görə beynəlxalq hüquq çərçivəsində cavab verməlidirlər.
Lakin, beynəlxalq təşkilatların öz təsir gücünü itirməsi və böyük güclərin əlində alətə çevrilməsi səbəbindən bu kimi canilər hələ də öz cəzasını almayıb.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“Mənim yollarımı kəsə bilmədi…” - ZƏLİMXAN YAQUBUN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
Bu gün çağdaş Azərbaycan poeziyasının seçilən simalarından biri, yazılı və şifahi ədəbiyyatın bənzərsiz vəhdətindən təşkil olunmuş, geniş bir yaradıcılığa malik olan xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun doğum günüdür. Özü də yibileyidir, 75 illiyidir.
Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra şair Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb.
1973-1978-ci illərdə "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-1985-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-1994-cü illlərdə "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub, 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
Zəlimxan Yaqub ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” adlı Bolinisi rayon qəzetində dərc olunan “Şota Rustaveli” adlı şeiri ilə başlayıb.
Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda - Birinci Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Ləğv edilən hər iki qurum humanitar sahəyə aiddir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Dövlət Tərcümə Mərkəzinin ləğvinə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalı “Bakuinfo”nun məlumatına əsaslanaraq xəbər verir ki, dövlət qurumları ləğv prosesi ilə bağlı kreditorlara müraciət ediblər.
Kreditorlar iki ay ərzində tələblərini aşağıdakı ünvana verə bilərlər: 1033 Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabr ayında iki qurumun ləğvi ilə bağlı sərəncam imzalayıb.
Nazirlər Kabineti qurumların ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməli, publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Hökumət, həmçinin sözügedən publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” kəlmələri Xətaidə səsləndirilib
Yanvarın 16- da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində sərgi açılıb, sazlı, sözlü tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İB sədri Güllü Eldar Tomarlı layihə haqqında ətraflı məlumat verib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. O, qeyd edib ki, layihənin məqsədi xalqımızın folklor yaddaşından gələn bu milli geyim nümunələrini yaşatmaq, tanıtmaq və gələcək nəsillərə ötürməkdir.
Layihə çərçivəsində bu il həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda milli dəyərlərimiz olan papaq və kəlağayının geniş şəkildə təbliği planlaşdırılır.
Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov çıxışında bildirib ki, Xətai rayonunda aprel ayında “Papaq və kəlağayı festivalı'' keçiriləcək və festivalda Azərbaycanımızın bölgələrindən olan papaq və kəlağayı ustaları öz əl işlərini sərgiləyəcəklər. 2024- cü ildə İlk "Kəlağayı Festivalı" da Xətai rayonunda keçirilmişdi.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müşaviri Vüsal Sehranoğlu, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, aşıqlardan Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Nargilə Mehdiyeva, yazıçı Vaqif Osmanlı, şairlərdən Brilyant Atəş, Səringül Sadə, Bayram Aşıqlı, Sönməz Məşəl Mədəni Əlaqələr İB - nin sədri, Xarici Dillər Universitetinin professoru Şəhla Nağıyeva, Xəzər Universitetindən Aynur Qəzənfərqızı, Xətai rayonunda yerləşən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin İncənəts evərlər dərnəyinin rəhbəri, metodist- yazar Sevinc Müslümzadə, həmin dərnəyin 132- 134 saylı Təhsil Kompleksinin şagirdi Tofiq Quliyev, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Kəlağayı Ev Muzeyinin yaşı əsrlərə söykənən kəlağayıları, müxtəlif eksponatları, papaqçı Orxan Şükürovun 100 dən artıq istehsal etdiyi qədimi papaq nümunələri sərgilənib.
Sonda Layihə rəhbəri Güllü Eldar Tomarlı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Cənablarına, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova və mərkəzin əməkdaşlarına, şəhid ailələrinə təşəkkürünü bildirib.
layihə çərçivəsində silsilə tədbirlər 2025-ci ilin sonunadək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
"İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" –BU GÜN ŞAİRİN 75 YAŞI TAMAM OLUR
Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün
(Azər Turanın “Əzəl axır dünya Türkün dünyası” kitabının işığında)
Elə bil dünən olumuşdu... 2002-ci il idi. May ayının 4-ü. O vaxtlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhəbbət Qarabağlının təşəbbüsü və yerıl rəssam Elman Lələyevin layihəsi əsasında Mİngəçevirdə “Ana dili” abidəsinin açılışı tədbirinə yaxından, uzaqdan xeyli qonaqlar gəlmişdi. Qonaqların arasında dilimizin böyük təəssübkeşi akademik Nizami Cəfərovla bir yerdə Zəlimxan Yaqub da var idi.
Çox təntənəli keçən mərasimdə Zəlimxan Yaqub möhtəşəm bir çıxış etdi. Ana dilimizə həsr olunmuş həmin çıxış, aradan 23 il keçməsinə baxmayaraq, öz qeyri-adiliyi, təkrarsızlığı və poetikliyi ilə hələ də qulaqlarımda səslənir... Həmin gün axşam şəhər əhalisinin nümayəndələrinin təklifi ilə Zəlimxan Yaqubla görüş keçirildi. Görüş Mərziyə Davudova adına Mingəçevir Dram Teatrının böyük salonunda təşkil olunmuşdu. Tədbirin aparıcısı bu yazının müəllifi idi. Salonda iynə atsan, yerə düşməzdi. Zəlimxan Yaquba el məhəbbətinin, sevgisinin böyük olduğunu bilirdim, lakin bu qədər yox.
İştirakçılar tədbiri bitirməyə qoymurdu...
Onda Zəlimxan Yqubun 52 yaşı vardı.... Bu gün isə 75 illik yubileyini qeyd edirik.
Tədbirdən bir neçə gün sonra, o vaxtlar indiki Mingəçevir Dövlət Universitetində kafedra müdiri işləyən ədəbiyyatşünas alim, dostum Rüstəm Kamallın təklifi ilə Zəlimxan Yaqubun Mingəçevirdəki görüşləri fonunda bir kitab yazmaq ideyası yarandı. Beləcə, Zəlimxan Yaqubun yaradıcılığı haqqında, dastan janrında on iki söyləmədən ibarət ilk kitab- “Sazla havalıyam, sözlə diriyəm” kitabı yarandı. Kitabın yazılması və nəşri haqqında Zəlimxan Yaqubun heç bir məlumatı yox idi. Şairin ad günü həmin kitabı Rüstəm müəllimlə birlikdə ona təqdim edəndə çox sevinmişdi...
Zəlimxan Yaqub haqqında çox yazılıb. Ulu öndər Heydər Əliyevdən tutmuş, görkəmli elm və mədəniyyət xadimləri, məşhur ədəbiyyat adamları Zəlimxan Yaqubun söz sənəti haqqında dəyərli fikirlər söyləmişlər.
Bu il Xalq şairinin 75 yaşı ərəfəsində Azər Turanın “Əzəl axır dünya türkün dünyası” kitabını xatırladım və yenidən oxudum. Çağdaş ədəbi-bədii fikrinin dəyərli nümayəndəsi Azər Turan bir tədqiqatçı, tənqidçi, yazıçı və filoloq kimi çox geniş yaradıcılıq diapazonuna malikdir. Ədəbi cameədə əsasən Əli bəy Hüseynzadə, Hüseyn Cavid və Cavidlər irsinin görkəmlin tədqiqatçısı kimi tanınan Azər Turan, dövrümüzün çox gərəkli mövzusu olan türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Onun Mahmud Kaşqarlı, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu, Mehmet Akif Ərsoy, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Alp Ər Tonqan, Nihal Atsız, Fazil Kısakürək, Nazim Hikmət, Orxan Vəli, Çingiz Aytmatov və diqər görkəmli simaları barədə, silsilə araşdırmaları Azərbaycanda və xarici ölkələrdə dərc olunub və bu tədqiqatlar geniş oxucu kütləsinin diqqətini özünə cəlb etməklə, həm də müəllifinə böyük hörmət və nüfuz gətirir, onun kifayət qədər ciddi bir yolda olduğunu sübut edir.
Azər Turan Azərbaycanda və onun hüdudlarından kənarda kifayət qədər yaxşı tanınan, böyük nüfuz sahibi olan görkəmli bir ziyalının - İmamverdi Əbilovun ailəsində, Azərbaycan ədəbiyyatına və ictimai fikir tarixinə çox görkəmli şəxsiyyətlər bəxş etmiş Səlyan torpağında dünyaya göz açıb, böyüyüb, pərvazlanıb və bu gün, atasının məfkurəsini davam etdirən, lakin öz müstəqil yolu, öz dəst-xətti, öz mövqeyi və imzası olan bir ziyalı kimi tanınır.Təbii ki, soyadı ölkədə kifayət qədər tanınan Azər Əbilov elə öz soyadı ilə yazıb-yaratsaydı bu soyadla bəlkə də indikindən daha çox imtiyaz əldə edə, məşhurlaşa bilərdi. lakin Azər müəllim “Turan” ifadəsini özünə təxəllüs seçdi və bu gün ölkə ictimaiyyəti onu məhz Azər Turan kimi tanıyır.
Daha bir maraqlı məqam da ondan ibarətdir ki, Azər və Turan ifadəsinin qoşa işlənməsi özü özlüyündə hər şeyi deyir. Mən deyə bilmərəm ki, “Turan” adını özünə təxəllüs götürməsi hansı məqamda baş verib. Lakin əminəm ki, bu təxəllüsü götürməsi onun Turan sevdalısı, böyük Turan təəssübkeşi olmasından, türklüyə, türkçülüyə böyük önəm verməsindən, bu məqsədi həyat amalına çevirməsindən irəli gəlir və bu sevgi onun bütün yaradıcılığında, fəaliyyətində qabarıq şəkildə görünür. Bu fikirləri deməkdə məqsədim Azər Turanın “Əzəl axır dünya Türkün dünyası” kitabından söhbət açmaqdır. Niyə müəllif bu kitabı yazmaq qərarına gəldi? Düşünürəm ki, bu ilk növbədə onun Xalq şairi Zəlimxan Yaquba, onun şəxsiyyət və yaradıcılığına olan məhəbbətindən irəli gəlirdi. Zəlimxan Yaquba olan münasibətini müəllif şair haqqında məqalələrindən birində belə nəql edir: ”Zəlimxan Yaqubla xatirələrim qalaq-qalaqdır. Bakıda ya onun evində, ya bizim evdə, Borçalıda - Kəpənəkçidə onun ata yurdunda, Neftçalada, Səlyanda - mənim ata yurdumda, Şəkidə, Gəncədə, Basqalda, Qusarda, Tiflisdə, İstanbulda, Afyon Karahisarda... Ya Məmməd Aslanla, ya Nizami Cəfərovla, ya Nizaməddin Şəmsizadə ilə, ya Şakir Acalovla, ya Rüstəm Kamalla... Çox vaxt da ikimiz baş-başa vermişik... Bizi 1980-ci ildə Xəlil Rza tanış etmişdi. Onda mən tələbə idim. Xəlil bəy: "İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" - demişdi. Ulutürkün əmrinə Zəlimxanın son nəfəsinə qədər əməl etdim”.
Bəs kitab necə yaranıb? Kitabın yazılmasının“səbəbi” həm də onun əsas ideyasıdır. Bu haqda Azər müəllimin öz açıqlamaları da var: ”Zəlimxan Yaqub barədə ”Əzəl-axır dünya türkün dünysı” kitabımı yazdım. Onu yazmaya bilmədim. Məni Zəlimxanla bağlayan tək səbəb onun öz ruhuna Qurandan və Turandan qanad taxmasıdır”.
Kitabı oxuduqüca müəllifin və Zəlimxan Yaqubun türkçülüyə, turançilğa bağlılığına və sevgisinə heyran qalmaya bilmirsən. Müəllifin fikirləri o qədər aydın, o qədər səlis, şairdən gətirdiyi nümunələr o qədər heyrətamizdir ki, bu ifadələr adamın içində bu məfkurəyə qarşı bir sevgi aşılamaqla, qürur hissi yaradır və sən türk olmağənla fəxarət hissi keçirirsən. Düşünürəm ki, bu kitab Zəlimxan Yaqub və Azər Turanın Azərbaycançılıq və Türkologiya elminə verdiyi böyük bir töhvə kimi dəyərləndirilməli və təbliğ edilməlidir.
Kitaba ön söz yazmış görkəmli ictimi-siyasi və dövlət xadimi Həsən Həsənov haqlı olaraq qeyd edir ki: “Zəlimxan haqqında çox söz deyilib, lakin Azər Turanın təqdim olunan əsərindəki yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq Z.Yaqubun yaradıcılığı belə geniş diapozonla təhlil olunur. Zəlimxanın zamanını və sözünü türklük, islam və müasirlik işığında təhlil edən Azər Turanın qənaəti dəqiqdir.”
Bu gün, müstəqil Azərbaycanın əsas məfkurəsi olan türklük, islam və müasirliyə, əgər bu üç məfhuma müasir anlamda bütövlükdə Azərbaycançılıq desək, bunlar Azər Turanın əslində havası, suyu və çörəyidir. Azər Turanın məfkurəsi ailəsindən, ailə tərbiyəsindən və böyük Əli bəy Hüseynzadədən gəlir. Sonradan oxuduqca öyrəndikcə, eşitdikcə bu üçlüyün, məna və mahiyyətini getdukcə daha dərindən dərk etməyə başalyır, özünün əsas fəaliyyətini bu amal üstündə qurmağa çalışır, ömrünün ən qiymətli vaxtını bu idealların gerçəkləşməsinə sərf etməkdən doymur. Böyük istiqlal şairi Xəlil Rza onu Zəlimxanla tanış etdiyi ilk məqamdan anladı ki, o özünə bir məslək , amal dostu tapıb, böyük bir türkçünü, turan sevdalısını tapıb. Və onunla münasibətlərinin sonrakı illərində qənaətində yanılmadığına əmin oldu. Bildi ki, Zəlimxanla “... nə yozulsa xeyirə yozum olacaq” ...Və belə qənaətə gəldi ki: ”Zəlimxan Yaqubun milli əhvalı diri saxlayan təlqinləri cəmiyyətimizə çox-çox gərəkdir. Dadaloğluna ünvanladığı şeirindəki təlqinlər kimi:
Yaranı vurdular yaranın üstə,
Yeriş elədilər Turanın üstə.
Başım nələr çəkdi Quranın üstə,
Qənimim xaç oldu ay Dadaloğlu!
...İnanaıram ki, üslublar, iqlimlər və dəyərlər... dəyişsə də, əvvəl-axır dünya bizim olacaq, Turanın və Quranın olacaq dünya...” deyir Zəlimxan Yaqub da, Azər Turan da.
Azər Turan Zəlimxan Yaquba, onun yaradıcılığına, onun müasirlərindən fərqli bucaqdan baxır Bu, Xalq şairinin söykəndiyi və vəsf etdiyi milli dəyərlər, türkçülük düşüncə sisteminə söykənməsi ilə bağlıdır. Azər Turanın qənaətincə Onun (Zəlimxan Yaqubun-R.G.) mənəvi, fiziki və ideoloji gücü “Saza və İrfana, Məkkəyə və Təkyəyə, Qurana və Turana, Ruha və Yaddaşa bütövlükdə istinad etməsidir. Əgər milli-mənəvi dəyərlərimizin bu əsas qaynaqlarından biri Zəlimxanın düşüncə sitemində iştirak etməsəydi...indi biz bildiyimiz, tanıdığımız Zəlimxan Yaqub hadisəsinə yəqin ki, şahid olmazdıq “. Azər müəllimin qənaətinin təsdiqi üçün Zəlimxan Yaqubun “Ruhum” şeirindən nümunə gətirmək istədim:
Turi Sinada Musadır,
Çarmıxda Həzrət İsadır.
Həra dağda Məhəmməddir,
Dolaşır Quranda ruhum.
Ləhni Davud avazıdır,
Vaqif, Ələsgər sazıdır.
Ölümə meydan oxuyar,
Yaşar Zəlimxanda ruhum.
Kitabın hər başlığı Azərbaycan, ümumən türk poeziyasında Zəlimxan Yaqub fenomeninin xüsusuiyyətlərini müəllif ustalıqla açmağa çalışıb və buna bacarıqla nail olub. Azər Turanın təhlil məharətinin biri də ondan ibarətdir ki, O, Zəimxan Yaqub fenomenini oxucuya və ümumilikdə gələcək nəsillərə çatdırmaq üçün öz qənaətini görkəmli elm və ədəbiyyat adamlarının Zəlimxan haqqında hikmətləri ilə tamamlayaraq təsbit və təqdim edir və elə bu priyomdan istifadə etməklə həm də Zəlimxan Yaqub fenomeninin möhtəşəmliyini açmağa müvəffəq olur, bütün təhlil istiqaməti türkçülük, turançılıq və islamçılıq kontekstində aparılır. Məşhur dilçi, türkoloq alim akademik Tofiq Hacıyev deyirdi: ”Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “türk” deməyəndə də onun dünyasından xəbər verirsən”. Bu fikri kitabdakı “ Səddi parçalayan şairin yaddaşıdır” bölümünə epiqraf seçən müəllif yazır: ” ...Tariximizin və mənəviyyatımızın bütün köşələrində Zəlimxan Yaqub ilhamını dindirən vəsilələr çoxdur. Türkün cahan hakimiyyətinə bağlı və heç vaxt utopik olmayan düşüncəsi bu gün həm də Zəlimxan yaradıcılığında cərəyan etməkdədir”. Fikirlərini davam edərək müəllif, şairin “Döyüşən türk, oyanan türk, qalxan türk” şeiri haqqında yazır: Zəlimxan Yaqubun “Döyüşən türk, oyanan türk, qalxan türk” şeiri Azərbaycan poeziyasında türkçülük idelogiyasını diri saxlayan, türkçülük əxlaqını, türk tarixinin həssas məqamlarını, türkün savaş arealını, Qızıl Alma bağlarımızın hədəflərini parlaq şəkildə ifadə edən klassik şeir nümunəsidir”. Şairin ideya, ruh dünyasını bu şeirinin nümunəsində bir cümlə ilə ifadə etmək məharəti budur.
Təbii ki, Zəlimxan Yaqub yaradıcılığının hər bir bəndinə, hər sətrinə, hər kəlməsinə son dərəcə həssas olan müəllif, kitaba daxil etdiyi nümunələrin hər biri möhtəşəmdir. Lakin bu şeir müəlifin təqdimatında sanki türk amalının himni, manifesti kimi səsələnir. Bu təkcə himn deyil bütün türk dünyasına , türk gənclərinə bir çağırış kimi ünvanlanır və mən bu yazıda həmin şeirdən nümunə gətirməyə bilmərəm:
Əriməsin əriyən tək qar suda,
Romanı da, Bizansı da, Farsı da.
Qala kimi təzədən qur Qarsı da,
Dəniz kimi dalğalan türk, çalxan türk,
Döyüşən türk, oyanan türk, qalxan türk.
... Yaddaşında sıralansın, anılsın,
Ərtoğrul bəy, Osman qazi, Orxan türk.
Yenə Tanrı dağlarını qucaqla,
Dağlar olsun səngərin türk, arxan türk!
Döyüşən türk, oyanan türk, qalxan türk.
Azər Turanın bir uğurlu priyomunu da qeyd etmək istərdim. Şeirin məna və mahiyyətini daha da qabartmaq üçün Türk dünyasının, türkçülüyün daha bir möhtəşəm simalarından olan Nihal Atsızın elə Zəlimaxn Yaqubun yuxarıda nümunə gətirdiyim şeiri qədər əhəmiyyət kəsb edən “Adalar dənizindən Altayların ötəsinə qədər bütün türk gəncliyinə” şeirini də kitaba daxil etmək və Zəlimxan Yaqubun şeiri ilə qoşalaşdırmaqla hər iki şeiri həmahəng, həmnəfəs səsləndirir:
...Əzilməkdən çəkinmə ...Geriləməkdən sakın!
İradənlə olmalı bütün uzaqlar yaxın.
Dolu dizgin yaparkən ülkünə doğru axın,
Atəşə atılmalı, dənizə dalmalısan.
Ölümlərdən sakınma, məyus olmaqdan utan,
Bir kərə düşün nədir səni dünyada tutan?
Məfkurəsindən başqa hər varlığı unudan,
Qəhrəmanlar kimi sən, əbədi qalmalısan.
Ktabda hər bir yazı, bir dastanın boyu kimi təqdim olunur. Mətnin təhkiyəsi o qədər maraqlı və oxunaqlıdır ki, sanki dastan oxuyursan. Yazılar epik və lirik formada təqdim olunur. Azər Turanın təhkiyəsi ilə Zəlimxan Yaqubun şeiri bir birini əvəz edir. Boylar o qədər bir-birindən maraqlıdır ki, bilimirsən, hansını nümunə gətirəsən. Hər bir başlıq altında verilmiş yazı barədə bir fikir yürütmüş olsan elə həmin kitab həcmində bir kitab alınardı. Lakin bu yazıda mən Zəlimxan Yaqubun Xəlil Rza Ulutürklə dostluğundan, onların münasibətindən, məfkurə birliyindən və bununla bağlı Azər Turanın qənaətlərindən yazmaya bilməzdim. Kitabda bu münasibətləri, müəllif “Onun Mürşidi-Kamili Xəlil Bəydi...” başlığı altında verilmişdir. Müəllif yazıya Xəlil Bəyin Zəlimxan haqqında fikirlərini epiqraf kimi təqdim edir: ”Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız Mete dilə gəlir, Türküstan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azərbaycanın guşədaşı türklükdür...Böyük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə biz Zəlimxanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik”.
Özünə Ulutürk adını təxəllüs götürən, az qala bütün yaradıcılığını istiqlalımıza, müstəqilliyimizə, imperiyanın istibdadına, zülmünə qarşı üsyana, türkçülüyə, Turana həsr edən böyük istiqlal şairi Xəlil Rza Ulutürkün bu fikirlərinin hər kəlməsində bir hikmət var, bir məna var.Və bu hikməti, bu mənanı açmağa çalışır Azər Turan: “Ulutürkün Azərbaycanın guşədaşı adlandırdığı türklük təkcə Xəlil bəyin deyil bu uğurda şəhid olmuş bütün milliyyətçi aydınlarımızın ədəbi-məfkurəvi qayəsi olub...Türklük düşüncəsinin elliklə, bütün şairlərimiz tərəfindən sabaha daşındığını desək, tapındıqları məfkurəyə görə əzablar çəkmiş, böyük salonlara, kürsülərə yaxın buraxılmayan insanlarımızın ruhunu incitmiş olarıq. 37-ci ildən sonra bunu hayqıranların ən dəli-dolusu Xəlil Rza Ukutürk oldu. Ulutürkün ətrafında olanlar isə barmaqla sayılacaq dərəcədə azdı və həmin adamların sırasında Zəlimxan Yaqub da vardı... Çox gənc bir Zəlimxan Yaqub. Hələ 1982-ci ildə Xəlil bəy bu sətirlərin müəllifinə (Azər Turana -R. G.)” Sənə əmr edirəm ki, Zəlimxan Yaqubu oxuyasan və onu sevəsən”- demişdi.
Yazının çox maraqlı və təsirli olmasının bir səbəbi də, həm də kövrək notlarla köklənməsidir. Xüsusilə Xəlil Rza Ulutürkün İstanbulda xəstəxanada yatdığı günlər: “Xəlil bəy İstanbulda Cərrahpaşada xəstə yartdığı günlərdə Zəlimxan “Açın ürəyimi həkimlər, açın” adlı poema yazdı... Zəlimxan Xəlil bəyin səhhəti ilə bağlı böyük şairin İstanbul hekayətini yenə də türklük düşüncəsinin çevrəsində və təhkiyəsində söylədi... Xəlil bəyin dərdi də, dərmanı da Turandı və Turan Xəlil bəyə görə yerdən çıxan od, göydən nazil olan “Qurandı”.
Sarğını, məlhəmi bir kənara qoy,
Dərdimin dərmanı Turandı, qardaş!
Turan mənim üçün yerdən çıxan od,
Göydən nazil olan Qurandı, qardaş!
Tibetdən Altaya, Anadoluya,
Təbrizə, Bakıya, Qarsa, Boluya,
Mənim ürəyimin nurunu saçın.
Doğuyla Batının arası boyda
Açın ürəyimi, həkimlər, açın.
Azər Turan Zəlimxan Yaqub - Xəlil Rza Ulutürk ruh birliyindən elə incə məqamlara, xatirələrə toxunur ki, həmin xatirələr son dərəcə maraqlı olmaqla bərabər həm də çox təsirlidir və mən bu xatirədən bəzi məqamları yazıya daxil etmək istədim. Zəlimxan Yaqub deyirdi: “...Xəlil Rzanın şeirlərini yadddaşımda gəzdirirdim. Zəlimxanın yaddaşında Xəlil uçurdu. Od kimi , qığılcım kimi yanırdı. Xəlil Rzanın qarşısında heç kəs dayana bilmirdi. Xəlil Rza ilə mən məclislərə fateh kimi girirdik”... Və xatirənin sonu: “ Caviddən gələn ənənə ancaq Xəlil Rzada davam elədi. Heç bir şairimizdə Caviddən sonra türkçülük Xəlil Rzada olduğu qədər olmadı”. Mən də Zəlimxan Yaqubun fikrini davam edərək cəsarət edib deyirəm: “Xəlil Rza Ulutürkdən sonra türkçülük, turançılıq Zəlimxan Yaqubda olduğu qədər heç bir şairimizdə olmadı”.
Və mən kitabı təkrara-təkrar oxuduqca onun kökündə, məğzində Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və Azər Turan ruhunun vəhdətinin parlaq təzahürünü duydum.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)