Super User
Ədəbiyyatımızın Mübarizi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki: - “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində. O ki qaldı, bugünkü mövqeyimə. Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir də var yazıçının özünün ədəbiyyatda bir fiqur kimi yeri. Bu, daha mürəkkəb məsələdi və burada təkcə mətnyaratma prosesi ilə iş bitmir. Gərək ədəbiyyatın əhatə etdiyi bütün o müstəvidə-hətta müstəvilərdə- cərəyan edən, daima qaynamaqda olan proseslərdə iştirak edəsən, “qazanın içində qaynayasan”. Bu yerdə mövqeyimdən razı olmaya bilərəm. Bunun da, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Birincisi odur ki, məşğul olduğum sahə-fəaliyyət sahəm ədəbiyyatla daban-dabana zidd sahədi; nəinki ortaq sərhədi, heç ortaq nöqtəsi də yoxdu. İkincisi ədəbiyyat Olimpizim “allahları”, “yarımallahları” öz mövqelərindən elə bərk yapışıblar ki, “Qar tanrısı” da gəlsə xeyri yoxdu. Adamı nəinki Olimpin özünə, heç ətəklərinə də buraxmazlar…”
Yazıçınin məişətdə hansı işlə məşğul olması önəmli deyil. O qədər ədəbiyyatla daban-dabana zid işlərdə çalışan yazıçılar olub ki. Önəmli olanı odur ki, istedadlısan. İstedad isə qum kimidir, onu nə qədər ovcunda gizlətsən də yol tapıb axacaq. Bunun qarşısını heç “Qar tanrısı” da ala bilməz…
Haqqında söhbət açdığım Rəfiyev Mübariz 1967-ci il iyulun 13-də Beyləqan rayonunda Hümbət kişinin ailəsində dünyaya gəlib. Təxəllüsü “Örən”dir. 1974–1982-ci illərdə həmin rayonda Qəhrəmanlı kənd məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunun Horovlu kənd məktəbində tam orta təhsilə yiyələnib. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 1984–1991-ci illərdə indiki Memarlıq və İnşaat Universitetində, 2013–2015-ci illərdə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində ali təhsil alıb...
Uşaqlıq illəri ağır keçib. Əzizlərini itirə-itirə böyüyüb. Zəmanənin ağırlığını, yaşamağın nə qədər çətin olduğunu yaşaya-yaşaya dərk edib. Təfəkkürü qat-qat dərinləşdikcə, qarış-qarış yüksələ bilib…
Şirin suda kürü qoyan dəniz balıqlarına bənzəyir. Nə vaxtsa həmin kürülərin balığa çevrilib, dənizə qovuşacağı ümidi, onu heç vaxt tərk etmir. Axı yaxşı bilir ki, dəniz üçün doğulanlar çaylarda yaşaya bilməz…
Deyib gülməyi xoşlayır. Yumor hissi yüksək səviyyədədir. Dostluq etməyi bacarır. Ehtiyacı olan hər kəsə əl uzatmağa çalışır. Çətinliyi olanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Tək qalanda sanki özünü tapır. Ünsiyyətdə tərbiyəli və nəzakətlidir. Zəngin fantaziyası, düşüncə tərzi ilhamına xüsusi təkan verir. Yaradıcılığına söz ola bilməz. Ərsəyə gətirdiyi əsərlər ciddi ədəbiyyat nümunələridir. Azərbaycanın ən yaxşı yazarlarından biri sayılır. İnanıram ki, əlahəzrət Zaman nə vaxtsa onun da layiq olduğu dəyəri verəcək. Bunu görəndə təəccüblənməsin…
Mütaliəsi çox güclüdür. Hadisələri müşahidə etmək qabiliyyəti isə yüksək səviyyədədir. Satqınlığı, böhtanı bağışlaya bilmir. Dostluqda sədaqət, onun üçün ən önəmli anlamdır…
Bəli, Mübariz Örən gözəl insan olduğu kimi çağdaş Azərbaycan ədəbiyyatına gözəllik gətirən yazıçılardan da biridir. Təxəllüsünün mənası- “əkilməmiş sahə” deməkdir. Yəni xam torpaq. Necə deyərlər, qoy bu sahədə “SÖZ” əkib, ortaya qoyduğu məhsul ona “Nobel” qazandırsın!..
Dünən, iyulun 13-ü Mübariz Örənin 58 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Seylan Abbas "Qələm tutan incə əllər"də...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edir. Növbədə şair Seylan Abbasdır.
Qısa təqdimat:
Abdullayeva Seylan Dəmir qızı (Seylan Abbas): 1965-ci ilin oktyabr ayının 27-də Cəlilabad şəhərində anadan olub. Cəlilabad şəhərində 7 saylı orta məktəbi əla qiymətlərlə bitirib.
Orta məktəbdə oxuyarkən ədəbiyyat fənninə böyük həvəs göstərib. Bu həvəs onun poeziya dünyasına olan xüsusi bağlılıqdan irəli gəlirdi. Müxtəlif janrlarda şerlər yazsa da uşaq ədəbiyyatına üstünlük verir. Onun ədəbi təxəllüsü "Seylan Abbas"dır.
2025-ci ildə "Bir ovuc günəş" adlı uşaq şerlər kitabı işıq üzü görmüşdür. Həmçinin, "Cəlilabadın qadın yazarları" adlı ədəbi məcmuədə Seylan xanımın həyat yolu və poeziya nümunələrindən söz açılmışdır. O, poeziya sahəsində gündəmə gəlməsində Sovetlər dönəmində Cəlilabad rayonu üzrə yeganə qadın jurnalist olmuş, yazıçı-publisist, eyni halda Cəlilabad ədəbi mühitinin mənəvi anası sayılan Solmaz xanım Məmmədovaya özünü borclu sayır. Ailəli və evdar xanımdır. İki övladı, üç nəvəsi var.
Bədii ədəbiyyat nümunələri:
Seylan xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış oluruq:
"Vətənim"
Tarixin özündən qocadır yaşın,
Çox-çox olaylara şahid yaddaşın.
Canlı salnamədir torpağın daşın,
Başı zirvələr tək uca vətənim,
Dünyanın özü tək qoca vətənim.
Hər qarış torpağın ovsunlu, sirli,
Alagöz göygölün nazlı, sehrli.
Nemətlərin saysız, min dürlü-dürlü,
Behişt tək səfalı, gözəl vətənim,
Abad ol, qur yarat, düzəl vətənim.
Mavi Xəzər yaraşıqdır, yaraşıq,
Qoynundakı nemət zülmətdə işıq,
Şəlalən qaynayan almaz sarmaşıq,
Bol-bol sərvətlərin yarı vətənim,
Tükənməz nemətin, varın vətənim.
Tərifin sığmayır söhbət, sözlərə,
Bərəkətin təpər verər dizlərə,
Əziz müqəddəssən hər vaxt bizlərə,
Ana laylası tək şirin vətənim,
Hər zaman bəxtəvər görün, vətənim.
Qorunmusan igidlərin canıyla,
Torpaqda gül açan şəhid qanıyla,
Ad yazmış tarixə sultan, xanıyla,
Ərənlər yaylağı olan vətənim,
Hər zaman ayaqda duran vətənim.
"İgid şəhidlər"
Düşmənləri xar edib,
Pis günlərə yar edib,
Dünyaların dar edib,
Bizim igid şəhidlər.
Zəfər himnini çalıb,
Hünər bayrağın alıb,
Hər vaxt zirvədə qalıb
Bizim igid şəhidlər.
Pozub düşmən növrağın,
Gül edib cənnət bağın,
Dağıdıb el, oylağın,
Bizim igid şəhidlər.
Azad edib elini,
Qırıb düşmən belini.
Dərib zəfər gülünü,
Bizim igid şəhidlər.
"Uşaqlar"
Uşaqlar bu dünyanın,
Tər gülü çiçəyidir.
Onların saf arzusu
Arzular göyçəyidir.
Dünyamızın sabahı
Yalnız uşaqlarladır
Ümüd, arzu, gələcək
Körpə uşaqlardadır.
Köklənibdir arzuyla uşaqların sabahı,
Bu məsum körpələrin qəti yoxdur günahı.
Onlar körpə fidan tək
Boylanarlar sabaha,
Yer olmaz qəlblərində,
Kədərə, dərdə, aha.
Son olaraq doğma elimizin dəyərli şairi Seylan xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
BİRİ İKİSNDƏ Malik Atilayın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Malik Atılayın şeirləri ilə tanış olacaqsınız.
Qafarov Malik Fuad oğlu (Malik Atilay) 1997-ci il 7 iyulda Bakı şəhərində dünyaya gəlib. 225 saylı tam orta məktəbdə təhsilini bitirdikdən sonra BAAU türk dili və ədəbiyyatı fakültəsinə daxil olub. 2012-ci ildən bəri dövri mətbuatda çap olunur, Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Yalnızlığı adıyla çağır”, “İyun, iyul və qaranlıq” kitablarının müəllifidir.
DİQQƏT! DİQQƏT!
DARIXIR BAKI…
Şəhərin biləklərinə vurulan zülmət qandalı
Həm mənim
Həm küçələrin ürəyini sıxır.
Parkların yanından keçirəm,
Kafelərə heç baxmıram,
Nəsə yoxdu,
Nəsə çatmır.
Günəş əllərini cibinə salıb getmiş uzaqlara.
Susub hər yer,
İçimdə həsrət yalquzağı oyaqdır, yatmır…
Diqqət! Diqqət!
Bakı darıxır...
Ucuz kafelərin birindən
domino səsləri qaçır bayıra.
Süpürgəsindən bərk-bərk yapışıb
Yuxuya gedib süpürgəçi,
Üstü-başı təmiz,
Ürəyi kirli adamların əlindən
Amanda ola biləcəyi tək yerdi yuxusu…
Külək evi dağıdan dəcəl uşaqtək
ora-bura atır sükutunu şəhərin
ümidi çörəyindən bol olan həbsxanada.
Közərən siqaretin işığına məktub yazır dustaq –
Həyətlərindəki nar ağacına…
Bakının boğazına dişlərini keçirən zülmət,
Onun ürəyinə dırnaqlarını sancmış
Şəhərlə birgə darıxır dustaq…
Dustaqdan xəbərsiz darıxır şəhər...
Günəş qırmızı ləkəyə dönür göy üzündə
Uzun illər tufanlar görüb
Qasırğalar atlamış yelkənə yamaq vuran balıqçı ümidiylə
Günəşə sarı açır əllərini dustaq…
Şütüyən maşınların siqnal səsləriylə
Üzlərdən, gözlərdən silinir yuxu,
Zülmətin çürük və qara dişlərindən səhərə çıxır,
Amma yenə də
Bakı darıxır...
Darıxır Bakı...
HİNDU NƏĞMƏSİ
Qaranlığı qara əlcək kimi geyəndə şəhər
Susmuşdu hər nə vardısa,
Sanki bir azdan cəllad
Zevin küçəsindən keçib
Edam məhkumunun yanına gedəcəkdi.
ONDA
Alça çiçəkləri kimi qar yağırdı
Bakının üstünə,
Yollar eyni qapıya çıxırdı,
Ah çəkirdi göylər, külək əsirdi,
Göylərdə də kimsə darıxırdı
Onda…
Sonuncu adamının da öldürüldüyü hindu qəbiləsinin
Anlaşılmayan kədərli nəğməsiydi bu şəhər.
O vaxtdan bu yana bilmirəm neçə gündü, aydı, ildi,
Elə bil bu gün ayrılmışıq,
Bu gün.
Dodaqların gilyotin kimi boynunu vurub
Qoşa qala qapıları ağzında
Ağzımdan çıxan sözlərin,
Kədər deyingən ev sahibəsi kimi
Qəlbimizə girdikdən sonra
Bilmirəm neçə dəfə
Güləndə əlini əlinə vurmaq istəyib də
Bir əlinin olmadığını xatırlayan adam kimi
Yadıma düşüb yoxluğun.
Elə bil bu gün
Ağ bayraq kimi yelləmisən əlini ayrılığa,
Elə bil
Cəllad hələ də əlində qılıncı yol gedir
Hardasa buralarda.
Özümə yazdığım intihar məktubları
Uzaq dur məndən, aralı dayan,
Çünki əllərim qanlıdı,
Çünki barmaq izlərini dırnaqlarımla qaşıdım əllərimdən,
Səni düşündüm səhərəcən;
Hansı tərəfə getsəm, üstümə itlərin hürüşdüyü bu yerdə
Divin su daşıdığı aşsüzənmiş səndən sonra həyat…
Özümdən qaçmağa çalışdım bu gün,
İşıqları yanılı qoyub evdən çıxdım,
Dəqiqələrlə döydüm qapımı,
Yenə evdə deyildim,
Sərxoş olduğum kafelərin
Yellənə-yellənə açılan qapıları kimi açılarkən səhərim
Minarədən azan verən müəzzinlə məndən başqa
Ölümə və Allaha heç kimin ikimiz qədər
Yaxın olmadığını düşündüm…
Bulvara düşdüm,
Məktub yazdım özümə,
Hansı şəhərə apardığını unutduğum
Qatar bileti kimi
Cibimdə gəzdirdiyim şəklini
Qoydum məktuba…
Evə döndüm,
Döydüm qapımı,
Yenə açılmadı,
Yenə heç kim yox idi evdə,
Qapını açdım,
Özümə yazdığım bütün intihar məktublarından
Ünvanıma yenə tez çatmışdım…
ÜMİDSİZ ŞƏHƏRİN KÜLƏYİ
Tərsinə çevrilmiş tısbağa kimi
Ümidsiz şəhərdir Bakı…
Xəzri
Köhnə darvazatək silkələyir şəhəri
Uzaq ellərdən vacib xəbər gətirən qasid kimi
Burda
Ümidin bir azını sabaha saxlayırıq
Axşamdan bişən yemək kimi
Burda
İntihar etmiş adamın
Sahildə soyunduğu çəkmələrdir zaman.
TALEYİNƏ UDUZMUŞ QADINLAR
Uşaq evi –
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb,
Tərli pəncərədə ana yazılıb...
Qadınlar –
Sıraya düzülmüş
Yolların kənarında.
Dan yeri sökülür,
Günəş yaşlı müəllim kimi
Asta-asta qalxır göyün pilləkənlərini.
Taleyinə uduzmuş qadınlar evlərinə dönür,
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır onların üstünə
İlk eşitdikləri söz – ana...
Qocalar evi –
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Ümidsiz, çarəsiz təbəssüm.
Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü.
Və yuxusunda hər səhər eşitdiyi
Ana sözünə qarışır
Söyüşləri sanitarın...
AYRILIĞIN PAYTAXTINDA SƏRGƏRDAN
Sən məni anlamazsan, gözəl gözlüm,
Sonluğu olmayan kitabam sənə.
Mən nə sual kimi sualam indi,
Nə də cavab kimi cavabam sənə.
Sümüyünə düşməyən küskün havayam
Baxıb anlamadığın hansısa şəkiləm –
Rənglə, boyayla yox,
Ümidsizliklə çəkilmiş şəkil…
Bənd olur insan bəzən anlamadığı adama,
Sən məni sevsən də, özündən çıxa bilməzsən,
Qorxu filmindən bir kadrdır həyatım,
Gəlib yetişdiyimiz bu yolun hər tərəfi ayrılığa aparır.
Mən sərgərdan qalmağa öyrəşmişəm
ayrılıqların paytaxtında.
Sən məni unut, gözəl gözlüm,
Necə ki, yuxularını unudursan,
Necə ki, unudursan hər yox olanı.
HEÇLİYİN AĞZINDA
Bir sərxoş qadın gəzir küçələri.
Gözləri içkidən deyil,
Həyatın yalnızlıq acısından yaşarmış.
Gecə qədər gözəl qadın,
Qadın qədər gözəl gecə
Bir-birində əriyir…
Havalı-havalı gəzən qadın
Bu şəhərin neçə adamlıq yalnızlığı var deyə,
Ölçür küçələri,
Bir az sevgiyə,
Bir az darıxmağa yer saxlayıb sol yanında…
Hər gecə bir az daha sərxoş,
Bir az daha heçliyin ağzında görür özünü,
Çiynindəki qanad döyməsi belə atlada bilmir uçurumlardan…
SAAT BİR, İKİ, ÜÇ…
Saat bir, iki, üç…
Hücum əmri gözləyən ordu misalı
Yuxusuz və həyəcanlıyam.
Üzməkdən yorulub
Torların qoynunda dincələn balıq kimi
Yorğunam da bir az.
Şimşəklər gümüşü çatlar salır
Qara aynasına gecənin.
Səkkiz, ya doqquz yaşındayam,
Fatmayı dənizində
Balıqqulaqlarını doldurmuşam cibimə,
Üstümdə ovuc-ovuc Xəzərlə gəzirəm
Hara getsəm…
Sərxoş atasından qorxub
Oyuncaqlarıyla qısıq səslə danışan uşağın pıçıltısıtək
Pıçıltısını eşidirəm dənizin.
Damlalar bulud dilində nəsə yazır pəncərəmə,
Xəbər gətiriblər mənə
Zamanın tikanlı məftillərinin o üzündəki adamlardan.
Saat bir, iki, üç…
Tavandan asdığım kəndirin
Altındakı kətilə çıxıram
Dənizi görmək üçün.
KİMƏ NƏ BU GÜNAHDAN?
Göy üzü hər səhər
Doğuş masasındakı qadın kimi
Yeni günəş doğur dünya üçün.
Bizə nə bu günəşdən?
– Xəstəniz yaşayacaq, – deyir həkim.
– Allah kərimdir, – deyir molla.
Hərəsi bir başqa yolla
Ümid əkir
Kədərlə minalanmış ruhlara
Bizə nə bu ümiddən?
Zamanı gəldikdə çürük diş kimi
Hər gün başqa biri
Düşür həyatın ağzından,
Bizə nə bu ölümdən?
Sən varsan –
Orta əsrlərin Avropası kimi qaranlıq otağımda
Günahkar rahibətək
Çarmıxa çəkilib bədənin,
Kimə nə bu günahdan?
KƏDƏRLİ UŞAQLAR
Bəlkə də, oyuncaqçı
Əli yetməyən oyuncaqlarda
Gözü qalan uşaqların
Kədərli baxışlarını
Silirdi vitrindən…
Və hər gecə qar yağmasın deyə, dualar edən
Uşaqlar görürdüm,
Allah,
Mən
Və o uşaqların cırıq çəkmələri şahiddir
O gecələrə.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
"Ortaq şəhər" - Ülviyyə Tahirin “Ortaq şəhər” hekayəsindən ilhamlanaraq
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bura hekayədəki həmin "Ortaq şəhər" idi. Sakinlərinin gözündə böyük, xəritədən baxanda isə böyüklü-kiçikli milyonlarca şəhər arasında yerləşən kiçik bir şəhər. Gündüzlər səmasında günəşin bərq vurduğu, gecələr qaranlığın yorğan kimi üzərini örtdüyü və qoynunda minlərcə insanın qarışqa kimi qaynadığı bütün digər şəhərlər kimi adi bir şəhər.
Matruşka kimi idi sanki bu qoca kainat. Dünya içində dünya, dünya içində dünya var idi. Kainat, Qalaktika, Yer kürəsi, ölkələr, şəhərlər, insanlar və ən nəhayət insanların içindəki dünyalar...
Bəli, hər insan özü də elə bir dünya idi bu dünyalar içində.
Onun da içində öz maqnit qütbləri, öz cəzbetmə qüvvəsi, öz səması, öz torpağ, öz suyu var idi. Onun dünyasında da günəş çıxır, axşam düşür, bəzən yağış yağır, tufan qopur və ya fəlakətlər olurdu. Onun dünyasında da zaman məhfumu, təqvimlər, illər, fəsillər, onun dünyasında da isti-soyuq hava şəraiti var idi.
Lakin, onun içindəki dünya, içində yaşadığı dünyaya nəzərən fərqli, daha çox nağılvari idi.
Çöldəki dünyadan fərqli olaraq burda bəzi şeylər fərqli ritmdə işləyirdi. Burada zamanlar və məkanlar arasında gedib gəlmək, həttda istədiyin zamanda yaşamaq olurdu. Burda fəsillərin yeri və zamanı təqvimdən deyil havadan aslı idi. Burada bəzən bahardan sonra qış, bəzənsə payızdan sonra bahar gələ bilirdi.
Və bu dünya hərdən çöldəki dünyadan əks qütbdə dayanırdı. Çöldəki dünyada qızmar günəş olanda, insan iç dünyasında üşüyə bilirdi.
Bir bənzər nöqtəsi bu dünyaların torpağı və səması idi. Torpağına nə əksən onu biçirdin, səma isə olan bitən hər şeyə şahidlik edirdi. Və arada dayana bilməyib gördüklərinə, şahid olduqlarına öz təbirincə reaksiya verirdi.
Bəli, bura hekayədəki həmin "Ortaq şəhər idi" burda dünya içində dünya, dünya içində dünya var idi...
Burda hər irqdən, hər dindən, hər millətdən, hər əqidədən insan tapmaq mümkün idi. Amma, tapılmayan şeylər də var idi əlbət.
Burda hər kəsin öz peşəsi var idi. Kimininki fayda, kimininki zərər kimininki zəhər.
Burada hər kəsin öz məşğuliyyəti var idi kiminin yeyib-yatmaq, kiminin yatanları oyatmaq, kiminin qurmaq, kiminin dağıtmaq.
Burda hər kəs fərqli bir məzhəbə qulluq edirdi. Kimi riya, kimi həsəd, kimi nəfs, kimi haqq, kimi nahaqdan yapışmışdı.
Burda qınamaq asan, anlamaq çətin idi. Burda insanlar unutmamalı olduqlarını yadından çıxarır, unutmalı olduqları isə hər daim onları narahat edirdi.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
“MƏN KİMƏM” LAYİHƏSİ – Kübra Quliyeva ilə
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Gecə yarısı. Bütün şəhər susub. Hamı yatır, amma mən özümə oyana bilməmişəm hələ. Sanki içimdə hər gün yaşadığım, amma heç vaxt tam başa düşə bilmədiyim bir kitabxana var. Gecənin tam ortasında o kitabxanaya girirəm. Orada sükut var, bir az da köhnə kağızların qoxusu.
O kitabxananın bir rəfinda “Mən kiməm?” yazılmış köhnə, amma toxunanda titrəyən bir kitab var. Bu kitab nə avtobioqrafiyadır, nə xəyalların tərifi. Bu kitab mənimdir — mümkün olduğum, ola bilmədiyim, olmaqdan qorxduğum bütün "mən"lərin birgə sükutu.
Nora Seed adında biri də bu kitabxanada gəzir. O da mənim kimi. Həyatın yorğunluğundan, davamlı “kaş ki”lərdən bezib bir sığınacaq axtaran biri. Amma onun sığınacağı fantastik, mənimsə gerçəkdir. Çünki Nora alternativ həyatlara girə bilirdi. Mən isə ancaq bir həyat yaşayıram — içində çoxsaylı "əgər"lərlə.
Mən kiməm?
Mən, atamın "vəkil olacaq" dediyi, amma hüquq oxumağı arzuladığı zaman dəstəksizliklə susan bir qızam. Mən, ailəmin gözləntiləri arasında var olmağa çalışan, amma onların “nə olmağını” deyil, “niyə olduğumu” soruşan bir fərdəm.
Mən kiməm?
Yolda sakit gedib, içində fırtınalar daşıyan, danışmaq yerinə yazmağı seçən biriyəm. Qələm mənim səsimdir. Heç kimə danışmadığım hər şeyi yazılarım bilir. Bəzən gündəlik, bəzən bir notun arxası, bəzən isə heç göndərilməyən məktublar. Mən yazdıqca sağalıram.
O kitabxanada Nora özünü tanımaq üçün həyatları dəyişdirdi. Mən də hər səhər “Mən kiməm?” deyə yuxudan oyanıb, gün ərzində fərqli versiyalarımı yaşayıram. Səhər güclü, günorta yorğun, axşam şübhəli, gecə isə dərin. Mən bir günün içində özümün neçə versiyasını görürəm. Bəzən onların heç biri mən deyil.
Amma bəzən... bəzən tam özüm olmağı bacarıram.
Məsələn, bir kitabın ortasında gözlərimi qıyıb gülümsəyəndə.
Məsələn, sevdiyim insanın adını eşidəndə içimdə bir işıq yananda.
Məsələn, bir fincan çayın buxarında özümü itirəndə.
Mən orada oluram. Tam orada — özümün içində.
Bəzən elə bilirəm ki, əgər başqa bir yolda getsəydim, indi daha xoşbəxt olardım. Bəlkə hüquq oxusaydım, ya başqa şəhərdə böyüsəydim, ya da daha anlayışlı ailədə böyüsəydim... Amma Nora kimi mən də anladım: heç bir alternativ özünü sevmədən yaşana bilmir.
Mən özümü sevməyə qərar verdiyim gündən həyatım dəyişdi. Artıq başqalarının “ol” deyə təkid etdiyi biri deyiləm. Artıq mən “niyə varam?” sualının cavabını axtarıram. Mən varam ki, yazım. Mən varam ki, danışa bilməyənlərə səssizliyimi örnək olum. Mən varam ki, başqalarının “ay səni çox pozitiv qız” dediyi təbəssümün arxasında, yaşamadıqlarını yaşadığımı göstərə bilim.
Gecə yarısı kitabxanasında artıq seçim etmirəm. Mən artıq öz kitabımı yazıram. Heç bir səhifəsi silinmir, heç bir xəta redaktə olunmur. Çünki mənim hekayəm elə səhvləri ilə gözəldir.
Mən kiməm?
Mən, uşaqlığında oyuncaqları əlindən alınan, amma xəyallarını heç kimə verməyən bir qızam.
Mən, ailəsinin içində yadlıq hiss edən, amma sonra özü-özünə ailə olan qadınam.
Mən, kitab oxuyan, amma kitab olmaq arzusu ilə yaşayan bir yazıçıyam.
Mən, özü ilə danışa biləcək qədər güclü, başqalarına lazım olmadığını hiss etsə də, özünə dəyər verə biləcək qədər ayıq bir ruham.
Əgər sən bu kitabı əlinə alıb sona qədər oxuyursansa, bil ki, bu yalnız bir yazı deyil. Bu, Kübra Quliyeva adında bir insanın həyatının özü, qırılmaları, təbəssümləri, itkiləri və ən əsası — qurtuluşudur.
İndi növbəti səhifəni sən yaz.
Və soruş:
Mən kiməm?
Səsin titrəməsin. Cavab sənsən.
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
© Kübra Quliyeva
Cəfər Cabbarlının “Ana” şeiri və Aynur İsmayılova
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
" Ədəbiyyat və İncəsənət" portalı isti yay günlərinə poeziya alovu qataraq daha da gözəlləşdirir. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikası öz əməkdaşları ilə yayımı davam etdirir.
Bugünkü qonağımız gənc yazar Aynur İsmayılovadır.
-- Xoş gördük, Aynur xanım, istəyimiz eynidir: "Sevdiyin şeiri gəl mənə söylə."
-- Xoş gördük, Ülviyyə xanım, belə gözəl layihə üçün Sizə təşəkkür edirəm.
Ədəbiyyat mənim üçün sadəcə bir məşğuliyyət deyil, ehtiyacdır. Məktəb illərindən başlayan bu həvəs zamanla ruhumun ehtiyacına çevrildi və mən yazmaqdan ayrı qala bilmədim. Hər yazıçının içində gizli bir ilham qaynağı var. Mənim yazı yolçuluğum da oxuduğum əsərlərlə, şeirlərlə formalaşıb.
Bu gün mənə ən çox təsir edən şeirlərdən birini sizinlə paylaşmaq istəyirəm. Hələ kiçik yaşlarımdan sevərək, hiss edərək oxuduğum, heç zaman dilimdən düşməyən bu şeir mənə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malikdir. Onun hər kəlməsi bir duyğu yükü daşıyır, oxucunu düşündürür və hiss etdirir. Bu, Azərbaycan ədəbiyyatının görkəmli şairi Cəfər Cabbarlının “Ana” şeiridir.
Əgər bütün bəşəriyyət ədüvvi‑canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşətü‑qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti‑cahanı mənə
Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki‑payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi‑istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri‑biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi‑səmavi, gurulda, çatla, dağıl!
Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!‑ Yox!
Fəqət Ana! O müqəddəs adın qabağında—
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi‑xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
–Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki‑rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin?!
Zəlilü‑xar edərək məhbəsi‑əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?
Aləmi, ədl‑ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm‑dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi‑bəşəriyyət unutdu vicdanı.
Bu şeiri ilk dəfə oxuduğum gün hiss etdiyim duyğuları ifadə etmək çətindir. Şeiri səsləndirən zaman göz yaşlarımı saxlaya bilməmişdim, çünki şeir ürəyimə toxunmuşdu. O, mənim içimdəki duyğuları oyatmışdı. Hər dəfə bu şeiri oxuyanda dərin hisslər yaşayıram. Bir şeir üçün də ən vacib olan şey – toxuna bilməkdir. Cəfər Cabbarlı bunu bacarmışdı.
Bu şeiri sevməyimin əsas səbəbi, ana sevgisini, ana fədakarlığını ürəkdən və dərin hisslərlə ifadə etməsidir. Ana obrazının əzəməti, fədakarlığı və şəfqəti mənə həmişə ilham mənbəyi olub. “Ana” şeiri mənə anama olan sevgimi, ona duyduğum hörməti bir daha xatırladır. Ona görə də bu, mənim üçün sadəcə bir şeir deyil, həyatın ən qiymətli duyğularının ifadəsidir.
Şair burada ananın müqəddəsliyini vurğulayır. Bütün bəşəriyyətə, zülmə, ölümə, dünyaya baş əyməyəcəyini bildirir, ancaq bir müqəddəs varlıq qarşısında – anası qarşısında bir qul tək səcdə etməyə razı olduğunu ifadə edir. Heç bir təbiət hadisəsi belə şairə təsir edə bilmir. O, yalnız anasının laylasında rahatlıq taparaq təslim olur. Ana burada müqəddəsliyin, insanlığın simvoludur. Şair həm də zülmə və ədalətsizliyə qarşı səsini ucaldır.
“Ana” şeiri mənə bir daha xatırlatdı ki, kim olursan ol, harada yaşayırsan yaşa – ananın yerini heç nə tuta bilməz. Ana əvəzsizdir. Mən ana olmağın məsuliyyətini bu şeirdə bir daha dərk etdim. Bu adın haqqını hər qadın verə bilməz, amma verənlər əsl qəhrəmandır. Mənim ən sevdiyim qəhrəmanım isə bizə əlləri ilə həyat toxuyan, gələcək bəxş edən, ağ saçlı anamdır
Bu şeirdə səni görürəm, əziz anam!
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Gürcüstanda soydaşlarımıza təmənnasız hüquqi yardımlar davam edir
Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan Marneuli sakinlərini "Azərbaycan Evi"ndə qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qəbulun 4-cü günündə Gürcüstan vətəndaşı olan 6 nəfər soydaşımızın problemləri dinlənilib.
Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.
Qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər:
Tel: +995 599 10 96 90
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
POLAD HƏŞİMOV VƏ İLQAR MİRZƏYEV – iki milli qəhrəmanın anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
POLAD HƏŞİMOV
Eyni səbəb, eyni məqsəd, fərqli cizm - Bu gün Birinci Qarabağ müharibəsinin başlaması səbəbi ilə sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verən, canları və qanları ilə tarixə adlarını yazan iki şəxsiyyətin, iki milli Qəhrəmanın - Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür.
Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlib və hərbçi olmağı qərara aldığını bildirib. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov oranı "Motoatıcı" ixtisası üzrə bitirib. Daha sonra o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub və "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.
1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşıb. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilib.
Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi alıb və Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilib. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlayıb.
2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib. Bununla da XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olub.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verib:
Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksəkrütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və əsgər Elçin Mustafazadə də şəhid olub.
İyulun 14-də günorta saatlarında Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə gətirilib. Hələ səhər saatlarından vida mərasimi üçün minlərlə insan Qəbələ şəhərindən Vəndam qəsəbəsinə axın edib. Doğma yurdunda vida mərasimi baş tutandan sonra Polad Həşimovun nəşi böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə yola salınıb. Axşamüstü Polad Həşimovun nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilib. Dəfn mərasimi bir gün sonra baş tutub.
2021-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Polad Həşimovun şəhid olmasından sonra əsasən Qəbələ rayonunda olmaqla yeni doğulan oğlan uşaqlarına "Polad" adı verilib.
2020-ci ilin avqust ayında Polad Həşimova həsr olunan 2 kitab işıq üzü görüb. Əvvəlcə Qanun Nəşriyyatı tərəfindən "Polad Generalımız" adlı kitab, daha sonra isə "Hədəf" Nəşrləri və "XAN" Nəşriyyatı tərəfindən Polad Həşimova həsr olunan növbəti kitab nəşr edilib
"General Polad Həşimov xatirələrdə" adlanan kitabda Polad Həşimovun anası, həyat yoldaşı, qızı, həmçinin xidmət yoldaşlarının onun haqda xatirələri yer alıb. 2023-cü ildən Polad Həşimovun şəxsi əşyaları — hərbi forması, qələmi, əlyazması və fotoşəkilləri ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir və orada nümayiş olunur.
Qəbələ, Quba və Sumqayıt şəhərlərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib Polad Həşimovun adı verilib. Bakıda Pavel Naximov küçəsinin adı Polad Həşimov olaraq dəyişdirilib. Bakının Xətai rayonunda Polad Həşimovun adını daşıyan park istifadəyə verilib.
Mükafatları
1. "Vətən uğrunda" medalı
2. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
3. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
4. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
5. "Hərbi xidmətlərə görə" medalı
6. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
7. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
8. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
9. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
10. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
11. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
12. "Qızıl Ulduz" medalı (ölümündən sonra)
13. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
14. "Vətənə xidmətə görə" 2-ci dərəcəli ordeni
15. "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni
İLQAR MİRZƏYEV
"Artilleriyanın atası" ləqəbli İlqar Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib.
1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib. İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub və təhsilini uğurla başa vurub.
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar, Tank Artilleriya Kursantları, Kursantlar Taborunun Kursantlar Bölüyünün Taqım Komandiri və Komandiri vəzifəsində xidmət edib. O, baş leytenant, kapitan, mayor, polkovnik hərbi rütbələri ilə təltif edilib.
Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad edilib.
İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. O cümlədən, polkovnik İlqar Mirzəyev.
İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə, axşamüstü isə minlərlə insanın izdihamı ilə evinə gətirilib. Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutub. Mirzəyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.
2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulub və binanın həyəti abadlaşdırılaraq orada bağ salınıb. 2021-ci ildə Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin adı verilib.
Təltifləri
1. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
2. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
3. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
4. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
5. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
6. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
7. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
8. "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
9. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
10. "Qızıl Ulduz" medalı (ölümündən sonra)
11. "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində videoçarx hazırlandı.
“Ədəbiyyat və incəsənət” portalıan kitabxanadan verilən məlumata görə, videoçarx XIX əsr Azərbaycan şairi, pedaqoq, maarifçi və tərcüməçi Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanıb.
Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır. Videoçarxda Seyid Əzimin həyatı və ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumat verilir. Qeyd olunur ki, S.Ə.Şirvani 1869-cu ildə Şamaxıda “Üsuli-cədid” məktəbini açır və ömrünün sonuna qədər bu məktəbə rəhbərlik edir. Onun şagirdləri arasında böyük satirik şair M.Ə.Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və b. yazıçılar da olub. Seyid Əzim Şirvaninin yazdığı hekayələr Qori seminariyasının “Vətən dili” dərsliyinə daxil edilmişdir.
Seyid Əzim Şamaxıdakı “Beytüs-səfa” (“Paklar evi”) şairlər məclisinə də uzun illər rəhbərlik edir. Şair lirik qəzəllərində Füzuli ənənələrini davam etdirmiş, satirik şeir və təmsillərində insanları maarifə və mədəniyyətə çağırmışdır. M.M.Nəvvab, F.b.Köçərli, F.Qasımzadə, M.A.Dadaşzadə, H.Araslı və b. onun şeir və qəzəllərinə yüksək qiymət veriblər.
Videoçarxda şairin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş bölmə var.
Videoçarxda şairin bir neçə qəzəlləri və qəzəlinə yazılmış mahnı səsləndirilir.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=YSVyu_g45jY&t=2s
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)
Şuşa teatrında “Ümid İşığı” tamaşasına ilkbaxış
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru və rejissoru ilə sayğılı münasibətimiz olsa da, nə Şuşanın işğalı dönəmində, nə də Zəfərsonrası bu teatrda olmamışdım; əlbəttə, könül istərdi, teatr öz doğma şəhərində səhnə qura, tamaşa göstərə, güldürə, düşündürə, ruhlandıra… Lakin mən Mədəniyyət Paytaxtımızın, Qafqazın Konservatoriyasının işğaldan öncəki dönəmini yalnız onu görənlərdən eşitdiklərim, oxuduqlarım əsasında təsəvvürümdə canlandıra bilirdim. Tanrıma, Dövlətimə, Xalqıma, Orduma şükür! - Şuşa azaddır, günbəgün dirçəlir, biz də gedirik, görürük-götürürük. Şuşaya gözəl teatr, teatra özəl tamaşalar, tamaşalara düşünən tamaşaçılar lazımdır.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Zemfira xanım Məhərrəmli məni Şuşa Dövlət Musiqili Dram Teatrına - “Ümid İşığı”na dəvət edəndə sevindim. - İlk dəfə bu teatrda olacaq, Zemfira xanımın ilk səhnə əsəri və onun necə səhnələşdirilməsi, sənətçilərimizin işi ilə tanış olacaqdım. Açığı, əsərin mövzusu məni bu saydıqlarımdan az düşündürmürdü. Əsərlə tanışlıqdan sonra ilk qənaətim bu oldu ki, Zemfira xanım, onun ailəsi, mühiti belə bir mövzuya talib olmalıydı, əlbəttə. - Əlbəttə, mən “Ümid İşığı”nı bir ailə dramından daha üstün - toplumsal, xəlqi və hətta bəşəri qayğılara işıq salma eyləmi kimi gördüm. Uzağa getməyək, ilk növbədə, ölkəmizdə gənc ailələrdə və ümumən ailələrdə (iraq olsun) boşanma hallarının “yolverilən” həddən çox-çox artıq olması ilə bağlı narahatçılıqları vurğulamaq istərdim. Artıq rəsmi məqamların, sosioloqların, mediatorların, aydınların həyəcan təbili çaldığı boşanma, ümumən ailəiçi problemlər, doğumların azalması və s. kimi məsələlər yazıçılarımızın mövzusu olsun. Mövzusu olsun, görək, niyə belə olur, kökü-köməci bədii süzgəcdən keçib necə cilalanır, necə görünür? Çünki, bədii sözün, incəsənətin bu və bənzəri problemlərə ayna tutması - və də sərrast tutması, duyğu və düşüncəyə, fikr və nitqə, qərar və hərəkətlərə… təsir gücünə malikdir. Ədəbiyyat, teatr, incəsənət öz estetik dəyərləri ilə dayanıqlı, təsirli, üfüqgenişliyinə qanadlıdır.
Bəli, Azərbaycan teatr səhnəsi daha bir məzmunlu tamaşanın ilkbaxışına tanıqlıq etdi. - İlk kimi ilk, baxış kimi baxış, tamaşa kimi tamaşa… Şuşa Dövlət Musiqili Dram Teatrında Zemfira Məhərrəmlinin “Ümid İşığı” adlı bir hissəli lirik-psixoloji dramı tamaşaçılara təqdim olundu. Quruluşçu rejissoru Nazir Rüstəmov olan tamaşa, çağdaş ailə dramı fonunda dərin ictimai-mənəvi suallar doğurur.
Belə demək olarsa, sevgi ilə toplum arasında sıxışan gəncliyin, onların ailələrinin ruhi güc səviyyəsi və bir baxıma, səciyyəsi səhnədə axın edirdi…
Əsərin süjet xətti sevən iki gəncin – Yalçın və Nərgizin sevgi öyküsünə əsaslansa da, burada söhbət təkcə fərdi hisslərdən getmir. Tamaşada insan ruhunu sıxan toplum stereotipləri, ailəiçi ziddiyyətlər, iqtisadi və sosial baryerlər, eyni zamanda, ata-anaların “xoşbəxtlik” anlayışları ilə övlad arzuları arasında “doğan” uçurumları qabarıq şəkildə səhnələşdirilib.
Səhnədəki obrazlar və onların dialoqları, belə demək mümkünsə, həyatın içindən keçir.
Valideyn obrazları – özəlliklə Nərgizin atası Muxtar və anası Çöhrə – “klassik nəslin təcrübəsi” ilə “gənclərin azad iradəsi” arasında toqquşan iki dünyagörüşünün simvoluna çevrilir; ancaq əsərin ən önəmli gücü – quruluşun şeirlə, musiqi ilə və monoloqlarla zənginləşdirilmiş poetik strukturudur. Tamaşada yalnız dialoqlar deyil, həm də pıçıltılar, ləpələrin dili, Ayın işığı, (sevdalı günlərin birində Yalçının Nərgizə bağışladığı) “oyuncaq ayı”nın simvolik duruşu, sevgi ayrılığının poetik təzahürləri belə… tamaşaçını duyğuların dərinliklərinə çəkir.
Estetik forma, sosial anlam baxımından daha nələri vurğulamaq olar? -
“Ümid işığı” həm klassik Azərbaycan dramaturgiyasının gələnəklərindən bəhrələnir, həm də çağdaş dönəmin bəzən narahat, kövrək və görünür həm də qərarsız gəncliyinin portretini təqdim edir.
Səhnədə baş verənlər – gənclərin sevgisi, ailə təzyiqləri, fərdi seçimlər və sistemin diktəsi – bu günkü toplumun psixoloji portretini açır, sosial diaqnozunu qoyur.
Zəngin ailəyə qohum olmaq imkanı fonunda itirilən mənəvi dəyərlər, sevginin dəyərsizləşdirilməsi cəhdləri və s. toplumun uğradığı əxlaqi və psixoloji təzyiq kodlarını açır.
Aktyorların hər birinin öz üzərinə düşən səhnə məsuliyyətini yerinə yetirdiyi qənaətindəyəm; onların, demək olar, hamısının duyğusal və ya dramatik gərginliyi, düşündürücü və sarsıdıcı monoloqları, həmçinin “emosional dağılmalar”ı səhnənin dramatik yükünü daha da artırırdı. Bununla belə, Nərgizi, onun anasını və Yalçını Nərgizdən soyudan “azad gənc”i canlandıran aktyorlar obrazın emosionallığını tamaşaçılara daha yaxşı ötürə bilirdi.
Ümumən tamaşanın performansı, sanki “az imkanlarla çox nəticəyə” hesablanmış səhnə quruluşu, musiqi seçimləri uğurluydu; ən uğurlusu isə quruluşçu rəssamın işıqlandırmaya, işıq-kölgə təsirliliyinə odaqlanmasıydı.
Onu da vurğulayaq ki, “Ümid işığı” öz mövzusuna görə nə ilkdir, nə də yəqin ki, sonuncu olacaq
Azərbaycan dramaturgiyasındakı digər psixoloji dramları, örnəyi, İlyas Əfəndiyevin uyğunprofilli əsərləri yada sala bilərik; demək, müəllifin diqqət yetirdiyi məsələlər tam dünənki kimi olmasa da, bu gün də var; demək, irəligörüşlü aydınların reaksiyaları, toplumun üsul və vasitə arayışları davam etməli, alternativlərin ən yaxşısı tapılmalıdır.
Tamaşadakı sevgi və toplum təzadının yalnız Azərbaycanda deyil, bəşəri planda da güncəl olduğunu bir daha vurğulamış olaq.
Tamaşa yalnız teatr salonunda bitmir – o, tamaşaçının içində davam edir; onun ailəsinə, dostluqlarına, sevgisinə, vətəndaşlıq duyğusuna toxunur...
Əlbəttə, hər bir insanın içində Ümid işığı parlayır və parlamalıdır. Yoxsa, yaşamın məzmunu qalmaz.
Tamaşa, sövq-təbii, bədbinliklə yox, ümidlə bitir. Hər bir tamaşaçının içində gizli qalan “o işığa doğru yol” bədii bir metafor kimi təqdim olunur. Zülmət içində parlayan bir nöqtə – bəşəri anlamda, sevgidə, inamda və vicdanda yaşadılan ümid!..
Zemfira Məhərrəmlinin bu əsəri onun ədəbi və ictimai missiyasının təntənəli yekunu deyil, əlbəttə; məncə, biz “Ümid işığı”nı yeni mərhələyə açılan bir pəncərə, bir işıq kimi qəbul etməkdə haqlıyıq.
İlkbaxış münasibətilə müəllifi, yaradıcı heyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edir, tamaşaya uzun ömür və geniş auditoriya arzulayıram. Qoy, “Ümid işığı” – yalnız səhnədə deyil, həyatın özündə də olsun və doğrulsun!
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)


