Xalq artisti Əli Nurun doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O yaratdığı müxtəlif uğurlu rollarla qürur duya bilər. 

Həm də yetişdirdiyi övladı ilə. 

 

Azərbaycan Respublikasının xalq artist Əli Nurzadənin - Əli Nurun doğum günüdür. O həmçinin 2-ci Qarabağ müharibəsi Şəhidi, Şuşada əbədiyyətə qovuşan baş leytenant Rüstəm Nurzadənin atasıdır. 

 

"Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi" deyir, aktyor Əli Nur.

 

Nurzadə Əli 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub.

 Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar.

 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb.

30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.

Əli Nurzadə Səyavuş Aslanla birlikdə 20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.

 

Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: 

Şirzad ("Şeyx Xiyabani", İ. Əfəndiyev), Nizami Gəncəvi ("Atabəylər", N. Həsənzadə), Nəsimi ("Fəryad", B. Vahabzadə), M. F. Axundov ("Mənsiz dünya", N. Xəzri), Abdi əfəndi ("Qanlı Nigar", S. Şendil), Mirzə Məhəmməd ("Anamın kitabı", C. Məmmədquluzadə) və s.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.