İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun musiqisi insanı öz ardınca apara bilir. O qədər ecazkardır, o qədər içdən, ruhdan gəlir ki, valeh olmaya bilmirsən
Elza İbrahimova 1938-ci ilin bugünkü günündə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirib.
Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılıb. Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnən "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub.
Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub.
Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazıb.
1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.
Əsərləri
- "Afət" operası (əsərin müəllifi: Hüseyn Cavid)
- "Yanan laylalar" operası (libretto – Ramiz Heydər)
- Z. Ziyadoğlunun söz. solist və simfonik orkestr üçün "Neftçilər himni"
- "Dünya sevənlərindi" kinofilminə musiqi
- R. Heydər, B. Vahabzadə, O. Qoçulu, V. Əziz, V. Səmədoğlu, R. Əfəndiyeva və b. şairlərin söz. mahnı və romanslar
- Maykl Ceksonun xatirəsinə "Rekviyem"
- B. Vahabzadə söz. "Gecələr bulaq başı"
- Z. Ağayeva söz. "Yoxluğunu bilə-bilə"
Bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)


