İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Afad Qurbanov geniş yaradıcılıq istiqamətlərinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi…”
Bu kəlmələr Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini professor Sayalı Sadıqovaya aiddir.
Sitatı davam etdirirəm:
“O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına həsr edən əvəzsiz şəxsiyyətlərimizdəndir…”
Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin. A.Qurbanovun adı dilçilik elminin korifeyi kimi görkəmli dilçilər Kononov, Şerbak, Tenişev, Baskakov, Budaqova, Şirəliyev, Dəmirçizadə və başqaları ilə bir sırada çəkilir.
Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olub.
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanan və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olub. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olub.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib.
Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilçiliyində onomalogiya onun adı ilə bağlıdır.
Əsərləri
1. Dilçiliyin sistemi
2. Dilçiliyin tarixi
3. Müasir Azərbaycan ədəbi dili
4. Bədii mətnin linqvistik təhlili
5. Azərbaycan onomastikası
6. Azərbaycan dilinin onomalogiyası
7. Ümumi dilçilik, I–II cildlər
8. Dünyanın dil ailələri
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.01.2026)


