Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
“Roman və hekayə kitablarını oxumağın faydası varmı?” sualını Mark Manson verir və onun cavabı o qədər sarsıdıcıdır ki, Avropanın bu günkü azadlığını belə həmin cavabla bağlayır.
O deyir: “Gənc olanda düşünürdüm ki, bədii əsər oxumaq vaxt itkisidir; amma orta məktəb müəllimim, o vaxtlar mənim anlamadığım parlaq bir cümləni işlətdi.”
Müəllimi demişdi: “Biz hekayələri oxuyuruq, çünki insanları heç vaxt yetərincə tanıya bilmirik!”
Bu cümlənin içində dərin bir həqiqət gizlənir...
Mansonun fikrincə, biz həyatımızdakı insanları özümüz seçirik; yəni dostluğu o adamlarla qururuq ki, maraqlarımız, baxışlarımız və təcrübələrimiz onlarla ortaqdır.
Niyə? Çünki fərqli düşüncə və zövqlə barışa bilmirik və məhz hekayələr burada köməyimizə çatır...
Hekayətçilik; istər film olsun, istər kitab, istərsə də başqaları ilə söhbət, elə bir sınaq meydanıdır ki, insanı məhdud təcrübə çərçivəsindən çıxararaq düşündürür: görəsən, başqaları (müxtəlif zövq və fikrə malik adamlar) hadisələri necə qavraya bilər?
Manson yaxşı bir misal çəkir...
O deyir: “Mən Amerika qaradərililərinin ağrı-acısını heç vaxt anlamamışdım, ta ki “Görünməz adam” romanını oxuyana qədər. Müharibənin quru faktlarına da heç bir münasibətim yox idi, nə vaxt ki “Qərb cəbhəsində yenilik yoxdur” kitabını oxudum.”
Bu, empatiyanın gücünü göstərir. Amma niyə bu qədər önəmlidir? Cavab maraqlıdır...
Manson deyir: “XVIII əsrə qədər Avropa təəccüblü dərəcədə vəhşi idi. Lakin çap dəzgahı icad olunub kitablar xalqa əlçatan olandan sonra vəziyyət yavaş-yavaş dəyişməyə başladı.”
Niyə? Çünki insanlar oxumağa başladılar, oxumaq isə onların içində həmrəylik və başqasının dərdinə biganə qalmamaq duyğusunu oyatdı.
Avropalılar artıq başa düşdülər ki, niyə fərdi azadlıqlar vacibdir? Niyə bizimlə eyni düşüncədə olmayanın haqqına hörmət etməliyəm? Niyə dövlət adamları qarşısında tələbkar olmalıyıq?
Əslində Avropa oxumaqla azad oldu.
“Ədəbiyyat və incəsənət”
(27.08.2025)