Köhnə kişilərdən TOFİQ TAĞIZADƏ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovetlərin ilk dövründə Azərbaycan kinematoqrafiyası yenicə inkişafa başlayırdı, bax onda qollarını ırmalayıb meydana atılan gənc kadrlar üstünlük təşkil edirdilər, belələrindən biri də Tofiq Tağızadə idi. Bu gün onun anım günüdür.

 

Azərbaycan SSR xalq artisti, kinorejissoru Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Bir çox filmlərin quruluşçu rejissoru olub. Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Vaxtı da çox az olub. Bəlkə də ona görə az-az görünüb. Özünəməxsus geyim forması var olub. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olardı.

Çox həssas insan olub. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. 50-ci illərdə çəkdiyi üç filmlə Azərbaycan kinosuna yeni üslub gətirib. ("Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri)

Tofiq müəllim "Görüş"lə gəlib sənətə. "Görüş" onu əbədi olaraq bu sənətə bağlayıb. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirib. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var.

O, çəkdiyi filmlərdə peşəkar kimi özünü təsdiq edib. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Tofiq müəllim zamanın problemlərini ekrana gətirib və insanları bu problemlər ətrafında düşünməyə sövq edib. O, tamaşaçı ilə açıq mükaliməyə girib, onun daxili "mən"ini özü ilə üzbəüz qoyub. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar olub.

 

Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinməyib

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib.

 

Filmoqrafiya

1. Ac həriflər

2. Anlamaq istəyirəm

3. Arşın mal alan

4. Azərbaycan kinosu-80

5. Babamızın babasının babası

6. Bağ mövsümü

7. Bəxt üzüyü

8. Bir nömrəli...

9. Böyük ömrün anları

10. Dədə Qorqud

11. Evin kişisi

12. Əmək və qızılgül

 

Mükafatları

1. Azərbaycan SSR xalq artisti

2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

3. "Şərəf nişanı" ordeni

4. "Oktyabr inqilabı" ordeni

 

Tofiq Tağızadə 27 avqust 1998-ci il tarixində vəfat edib. 24 yanvar 2019-cu ildə Azərbaycan prezidenti Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.