Cəlilabadda Arzu Əlyarqızı yeni kitabını təqdim etdi Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Cəlilabad şəhərinin Heydər Əliyev Mərkəzində Cəlilabad ədəbi mühitinin gənc  nümayəndəsi, "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, yazıçı-şair Arzu Əyyarqızının yaradıcılığı və "Ən müqəddəs pay kəlağay" adlı kitabının təqdimat mərasimi keçirildi.

 

Tədbir iştirakçıları ilk öncə Cəlilabad şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, xatirəsini əziz tutdular.

Cəlilabad rayonunun tanınmış pedaqoq və tarixçi müəllimlərindən olan Adıgözəl Nuriyevin təşkilatçılığı və aparıcılığı ilə keçirilən tədbirdə rayonun tanınmış müəllim, şair, yazıçı və sayılıb-seçilən simaları: Cahangir Muradov, Zülfü Vellidag, Əfrahim Abbas, Gülbala Teymur, Malik Məmmədov, Əziz Orucov, Mikayıl İncəçaylı, Xəlil Fərəməzoğlu, Azər Mirzə, Fərasət Nuriyev (Lənkəran), Elbəyi Salmanov, Ülvi Aydın (Yardımlı), İlqar İsmayılzadə və başqaları, xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış xanım yazarları: Solmaz Məmmədova, Gülşən Şahmuradlı, Şəhla Rəvan, Seylan Abbas, Gülcahan Əsgərova, Ruhiyyə Abaszadə, Sevinc Şirvanlı, Arzu Əyyarqızı və başqaları iştirak etdilər.

Tədbirdə iştirak edənlərin hər biri öz çıxışı zamanı Arzu xanım Əyyarqızının şeir və poeziya sahəsindəki bacarığından söz açaraq onun dərin və peşəkar şeir qabiliyyəti, insani dəyərləri və imtiyazlarından danışdılar, yeni kitabının nəşri və eləcə də Azərbaycan Yazıçılar Birliyinə üzv olması münasibətilə təbrik edib, gələcək həyatı və poeziya sahəsində ona yeni-yeni uğurlar dilədilər. Həmçinin, tədbirdə ayrı-ayrı şəxslər tərəfindən onun qələmə aldığı şeir nümunələri qiraət edildi.

Ədəbi tədbirin ən mükəmməl çıxışı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, eyni halda Cəlilabad rayonunun "Canlı ensiklopediyası" adlanan Cahangir Muradova məxsus idi. Onun şeir, poeziya, ədəbiyyat və xüsusilə də Arzu Əyyarqızının "Ən müqəddəs pay kəlağay" adlı kitabı barədə söylədiyi fikirlər və əhatəli təqdimat tədbir iştirakçılarının böyük marağına və alqışına səbəb oldu. O, Arzu xanımın parlaq və uğurlu gələcəyə malik olan bir şair olduğunu bildirib, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrini ilk dəfə təqdimat etdiyi və tanıtdırdığına görə fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü İlqar İsmayılzadəyə minnətdarlığını bildirdi...

İştirakçılar tədbirin belə bir gözəl məkanda keçirilməsinə şərait yaratmış Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova, Cəlilabad şəhər Heydər Əliyev Mərkəzinin rəhbərliyi və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminə minnətdarlıq bildirdilər.

Tədbirin davamında Arzu xanıma müəyyən hədiyyələr təqdim edildi, sonda isə xatirə şəkilləri çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.