ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Bu gün oxucularımıza növbəti Azərbaycan filmi olan "Cin mikrorayonda" barədə danışacağam. Həm filmin məndə yaratdığı təəssürat, həm də internet vasitəsilə əldə etdiyim məlumatlarla oxucularımıza fikrimi çatdırmağa çalışacağam.

 

1985-ci ildə ekranlaşdırılan və "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Cin mikrorayonda" filmi kinodramaturq Eldəniz Quliyevin ssenarisi və Oqtay Mirqasımovun rejissorluğu ilə ərsəyə gətirilmişdir.

Musiqili fantastik kinokomediya janrında çəkilən filmdəki hadisələr müasir şəhərlərdən birində baş verir. Filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması, müasir adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xarakter daşıyır. Filmin izlədiyi ideya, aşıladığı fikir də məhz bu şərtilik fonunda çatdırırlır.

 

Moskva ssenarini niyə qəbul etmirdi?

Kinodramaturq Eldəniz Quliyevin ssenariləri əsasında bir çox filmlər çəkilib.

O, "Cin mikrorayonda" bədii filminin ssenarisini Moskvada Ali Ssenari və Rejissorluq kurslarında (1979-1981) təhsil aldığı zaman yazıb.

Tələbəlik illəri ustad sənətkarlardan Tarkovskidən, Valentin Yejovdan dərs alıb.

Eldəniz müəllim deyir ki, adlarını çəkdiyiniz sənətkarlar bu ssenarini oxudular və qəbul etdilər: “Diplom işi üçün yazdığım "Cin mikrorayonda" ssenarisi müəllimlərim tərəfindən yüksək qiymətləndirildi”.

O, vətənə dönüncə "Azərbaycanfilm" kinostudiyasında redaktor vəzifəsinə təyin olunur. Və elə həmin məqamda da diplom işi üçün yazdığı ssenarini kinostudiyanın rəhbərliyinə təqdim edir. Həmin ildən etibarən 3 il müddətində ssenari kinostudiyanın arxivində qalır.

Həmin dövrdə "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Əlibəyov, baş redaktoru isə Asim Cəlilov idi. Kinostudiyanın nəzdində fəaliyyət göstərən Bədii Şurada isə dövrün ən görkəmli sənətkarları - Bayram Bayramov, Əhmədağa Muğanlı, Toğrul Cuvarlı, Ramiz Rövşən çalışırdı.

Bir neçə müddət sonra Eldəniz Quliyev də Bədii Şuranın üzvü seçilib.

Filmin ssenarisi 1984-cü ildə "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi tərəfindən qəbul etdikdən sonra onu təsdiq etdirmək üçün Moskvaya göndərlər.

Eldəniz müəllim deyir ki, o dövrdə ssenarilər Moskva Dövlət Kino İdarəsində bir neçə mərhələni keçdikdən sonra təsdiq olunurdu: “Təəssüf ki, Moskvada ssenari maneələrlə qarşılaşdı. Moskva Dövlət Kino İdarəsi ssenaridə qoyulan məsələnin məğzinin sovet sisteminə uyğun olmadığı bəhanəsi ilə onu təsdiq etməkdən imtina etdi. Baxmayaraq o vaxt ssenari qəbul olunmuşdu, ancaq reallaşdığı bir zamanda onlar təşvişə düşdülər. Və ancaq şərt əsasında ssenarinin ekran variantının çəkilməsinin mümkünlüyü fikrini irəli sürdülər. Şərt ondan ibarət idi ki, əgər ssenariyə musiqi, mahnı yazılsaydı, onun ekran variantını çəkmək mümkün ola bilərdi. Yəni, ssenaridə qaldırılan problemləri ört-basdır etmək üçün musiqi gücündən istifadə etməli idik. Biz məcburi şəkildə bunu etməyə razılıq verdik".

 

Musiqi əlavəsi

Müəlliflər Vaqif Səmədoğlunu yaradıcı heyətə dəvət edərək onunla əməkdaşlıq etmək fikrində olduqlarını bildirirlər. Vaqif Səmədoğlu filmin mahnısı üçün mətn yazmağa razılıq verir və tez bir vaxtda bunu həyata keçirir. Filmin musiqisini isə Rafiq Babayev yazır.

Bundan sonra filmin istehsalata buraxılma məsələsi təsdiq olunur və hazırlıq prosesinə başlanılır.

 

Raykinin oğlu

Qeyd edək ki, filmin əsas yaradıcı heyəti müəyyənləşdirildikdən sonra aktyor heyətinin seçiminə başlanılıb.

Filmin sınaq çəkilişlərində çox sayda aktyorlar iştirak edir. Hətta kənar studiyalardan olan aktyorlar da filmdəki əsas rolların sınağına dəvət olunur.

Ssenarist deyir ki, cin rolunun seçimində çox əziyyət çəkdik: “Səbəb də o idi ki, cin rolunu yaradan aktyor həm oxumalı, həm rəqs etməli, bir sözlə, plastikası olmalı idi. Təəssüf ki, bizim aktyorların əksəriyyəti plastikadan məhrum idi. Plastikaya malik olanlar isə kino üçün uyğun hesab olunmurdu. Cin rolunun sınağına Arkadi Rakinin oğlu Konstantin Rakin də dəvət olunmuşdu. Konstantin Rakin bu dəvəti böyük məmnuniyyətlə qəbul etdi. Eyni zamanda Q.Krayçensovu da cin rolunun sınağına dəvət etmişdik. O da dəvəti qəbul etdi. Ancaq sonrakı proseslərdə Konstantin Raykin xarici səfərə yollandı, Krayçensov isə çalışdığı teatrdakı iş rejiminə görə sınaq çəkilişlərinə qatıla bilmədi və məktub yazaraq bizdən üzrxahlıq istədi".

Bundan başqa, müğənni Valeri Leontyev də cin rolunun sınağına dəvət olunub.

 

Özümüzünkü

Sınaq çəkilişlərində Rəşid Mahmudzadə də iştirak edirdi. Bədii Şura onun ifasını əsas götürərək cin roluna təsdiq etdi.

Film adından da göründüyü kimi cinin mikrorayonda peyda olmasından bəhs edir. Gözləmək olardı ki, cinin görünüşünü daha da fərqli formada yaratsınlar. Ancaq cini görən olmadığı üçün yalnız onun xəyali təsəvvüründən istifadə olunmalıydı. Bu baxımdan da "Cin mikrorayonda" filminin yaradıcıları cinin görünüşünü müasir formada verməyə üstünlük veriblər.

Rejissor deyir: “Ancaq rejissor, rəssam və mən hələ cin obrazını yaradacaq aktyoru tapmamışdan əvvəl onun necə olacağını dəqiqləşdirmişdik. Mən istəmirdim ki, cini həmişə təqdim olan görüntülərdə, məsələn, başı keçəl, qulaqlarında sırğa və s. formada yaradaq. Necə ki, cinin görüntüsünü dəqiqləşdirmişdik, saçı qıvrım olaraq o cür də verdik və sonrakı proseslərdə də səhv etmədiyimizi anladıq. Çünki tamaşaçı da təqdim etdiyimiz cinin görüntüsünü qəbul etmişdi. Əslində cin bizim daxildəki istifadə etmədiyimiz potensialın-qabiliyyətimizin, bacarığımızın və s. maddiləşmiş, insan cildinə girmiş bir variantıdır. Ona görə də filmdəki cinin o cür görkəmdə olması zənnimcə, məqsədəuyğun idi".

Cinin köhnə bir çırağına içindən çıxması da filmin dəyərli kadrlarından biri hesab olunur: "Filmin əsas qəhrəmanı Rüstəm dənizdə çimərkən ayaqqabıya oxşar bir şey tapır və başa düşmür ki, bu nədir. Elə ki, Rüstəm sevdiyi qızdan rədd cavabı alır, belə bir məqamda əlindəki ayaqqabıya oxşar saxsı qabı bir kənara tullayır ki, bu zaman da cin peyda olur. Onu da qeyd edim ki, cinin çıxdığı qab gildən düzəldilmiş qədimi çıraq idi.

Yeri gəlmişkən, filmin adı da əvvəlcədən necə seçilibsə sona qədər də eyni qalıb. Rejissor deyir: "Təbii ki, bu ad filmin ideyasından irəli gəlirdi. Hər bir insan öz daxilində göründüyündən qat-qat güclüdür. Sadəcə olaraq onu realizə edə bilmir. Və ona görə realizə edə bilmir ki, günümüzün sosial-ictimai, siyasi problemləri, bir-birinə oxşayan mikrorayon evləri kimi adamı sıxır. Ancaq buna baxmayaraq formasız tikilən mikrorayon evlərində də elə adamlar yaşayır ki, onlar daxildəki güclərini aşkara çıxarmaq üçün cəhd etsələr, o zaman heç bir maneə ilə qarşılaşmazlar. Sadəcə olaraq hər şeydə azacıq da olsa cəhd etmək lazımdır".

 

Ötkəm İskəndərov

Rüstəm obrazının fotosınağında çoxsayda aktyorlar iştirak edib, ancaq kinosınağında yalnız Ötkəm İsgəndərovla Fərhad Yusifov yoxlanıb.

Ö.İsgəndərov deyir ki, Eldəniz Quliyev Rüstəm obrazını mənim üçün yazmışdı: “Ancaq məni sınaq çəkilişlərinə filmin ikinci rejissoru Tofiq Məmmədov dəvət etmişdi. Sınaq çəkilişlərinin son proseslərində məlum oldu ki, Bədii Şura Rüstəm obrazı üçün ifamı bəyənmiş və yekdilliklə mənə səs vermişlər".

Cin rolunun sınağından xəbərdar olan aktyor bu barədə deyir: "Yadımdadır ki, məşhur müğənni Valeri Leontyevi də cin roluna dəvət etmişdilər. Filmin direktoru Aydın Moskvada Valeri Leontyevlə danışıqlar aparmış, ancaq müğənni bu təklifi qəbul etməmişdi. Yaxşı ki, Rəşid Mahmudzadə cin rolu üçün kəşf olundu".

Aktyor  bir sıradigər mətləblərə də toxunur: “Dəniz kənarında olan çəkilişlər zamanı gecə epizodlarını çəkmək üçün bir müddət orada qalası olduq. Şəxsən Rüstəm obrazı mənə yaxın olduğu üçün çəkiliş vaxtı heç bir çətinliklə qarşılaşmırdım. Elə bilirdim ki, özümü yaradıram".

Aktyor davam edir: “Dənizin dalğalı, havanın küləkli olduğu məqamlarda da çəkilişlər aparılırdı. Filmin bir neçə kadrı da Şıxov çimərliyində lentə alınıb. Ssenariyə əsasən sahildən 500-600 metr uzaqda, hardasa dənizin ortasına tərəf istiqamətlərdə çəkiliş olmalı imiş. Qayıqla həmin məsafədə getdik və məni suda qoyaraq özləri qayıqla kənara çəkildilər. Qayıq motorlu olduğu üçün çəkiliş heyətini sürətlə məndən uzaqlaşdırdı. Mən onları çox uzaqdan görürdüm və onu da görürdüm ki, qızğın müzakirə gedir".

Təbii ki, təsadüfən Ötkəm İsgəndərovu suda tək qoyaraq kənara çəkilməyiblər. Bu kadrda aktyorun suda üzən səhnəsi lentə alınmalı idi: "Doğrudur ki, üzməyi bacarırdım, ancaq dənizin dərinliyində suda tək-tənha qalmağın vahiməsi məni elə basmışdı ki, etiraf edim, qorxurdum. Bir tərəfdən də suda çabalamaqdan yorulmuşdum. Əlacım qışqırmağa qalmışdı. Elə hey "gəlin çəkin" deyə qışqırırdım. Yorğun görünüşüm, suda güclə üzərək xilas olunmağa cəhd etməyim müəlliflərə lazım idi və buna görə də bəlkə də bilərəkdən məni suda saxladılar".

Başqa bir epizodda isə Ötkəm İsgəndərovun - Rüstəmin ayağının yerdən üzülmə, göydən sallanma səhnəsi var: “Həmin epizod üçün çox çətin və mürəkkəb qurğu fikirləşmişdilər. Həmin qurğunu mənim bədənimə bağlamışdılar. Yuxarıdan isə məni bir növ qaldırıcı kranla tutmuşdular. Bu epizodun çətinliyi onda idi ki, mən dəqiqliklə yuxarı qaldırılmalı, yellənmək imkanı yaratmamalı idim".

Yeri gəlmişkən, bu epizodun çəkilişləri kinostudiyanın pavilyonunda lentə alınıb: "Bildiyiniz kimi kinostudiyanın pavilyonu müəyyən saat üçün hazırlanırdı. Və həmin saat ərzində çəkilişlər yekunlaşmalı idi. Nəhayət ki, çətinliklə də olsa çəkilişləri yekunlaşdırdıq. Rejissor çəkiliş üçün hamıya minətdarlıq bildirdi və hər kəs də çıxıb getdi. Təsəvvür edin ki, pavilyonu sonuncu tərk edən də ədəb-ərkanla işıqları söndürüb getmək istəyəndə sanki mən yuxudan ayıldım. Axı hamı ilə birgə, bəlkə də hamıdan çox bu səhnədə əziyyət çəkən mən olmuşam. Belə bir məqamda məni yuxarıdan sallanmış vəziyyətdə qoyaraq və unudaraq çıxıb getmək olardı? Pavilyonu sonuncu tərk edəndən soruşdum ki, "bir dəqiqə dayanın, bəs məni kim xilas edəcək?" Cavabında təəccüblə "sən hələ ordasan?" dedi. Sonra yaradıcı heyəti yenidən geri çağıraraq məni qurğudan azad etdilər".

Söhbət əsnasında aktyor Eldəniz Quliyevlə olan dostluğunun 1972-ci illərə təsadüf etdiyini qeyd edir: “Hətta Moskvada təhsil aldığımız illərdə tez-tez görüşürdük. Eldəniz həmişə mənə deyərdi ki, "elə bil səni ətalət basıb, irəli getməyin üçün kimsə səni arxadan itələməlidir. Rüstəm obrazının yaranma tarixi belə başlamışdı. Təbii ki, cinin olması mistik bir varlıqdır. Filmin son epizodlarında deyildiyi kimi, gərək insan kənardan kömək gözləməsin. Hər bir insan öz həyatı uğrunda düzgün mübarizə aparmalı, yalançı prinsirlərdən uzaqda qalmalıdır".

Onu da qeyd edək ki, SSRİ dövründə sualtı çəkilişlər yalnız Yaltada aparılırdı. "Cin mikrorayonda" filminin də sualtı çəkilişləri Yaltada aparılıb. Bu baxımdan çəkiliş qrupu iki dəfə olmaq şərti ilə Yaltaya səfər edib: "İlk səfərimiz zamanı hava şəraiti əlverişli olmadığı üçün çəkiliş apara bilmədik. Ancaq ikinci səfərimizi avqust ayına təyin etdik. Həmin ayda Yaltada hava şəraiti çəkiliş üçün imkan yaradırdı. Bu həmin epizoddur ki, mən suyun altında çırağı tapıram” deyir Ötkəm İskəndərov.

 

2-ci kateqoriya

Filmin çəkilişləri bir çox yerlərdə - Bakının Əhmədli və Günəşli yaylalarında, bulvarda, Mərdəkanda, Şüvəlanda, Şağanda, Qız qalasının ətrafında, eyni zamanda isə kinostudiyanın pavilyonunda aparılır. Filmin hazırlıq işləri bitdikdən sonra hər iki Bədii Şura tərəfindən o qəbul olunur. Amma bu qədər çətinliyı, çək-çevirə, əzab-əziyyətə baxmayaraq Moskva Kino İdarəsi filmi 2-ci kateqoriyaya layiq görür.

Bax cin mikrorayonda bu cür peyda olur.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Çərşənbə axşamı, 20 May 2025 13:00

“MAQBET”in teatr taleyi

Türkan Cəfərli, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünya ədəbiyyatının incilərindən biri olan və mənim ən çox sevdiyim, haqqında danışmaqdan yorulmadığım və dəfələrlə üzərinə qayıtdığım əsərlərdən biri olan “Maqbet”i ilk dəfə idi ki, tamaşaçı kimi izləmək imkanım oldu. Əsərdə mənə tanış olan obrazları teatr səhnəsində görməyin həyəcanını yaşamaq ayrı bir hissdir.

 

Qeyd edim ki, “Maqbet” əsasında ilk film hələ XX əsrin əvvəllərində, daha dəqiq desək, 1916-cı ildə Con Emerson tərəfindən çəkilib. Müasir dövrümüzə qədər bu möhtəşəm əsər haqqında həm rejissorlar, həm də teatr xadimləri tərəfindən müxtəlif yanaşmalara, təhlillərə rast gəlmək olar.

Bu yaxınlarda Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşasını izlədim. Düzü, əsərin teatr taleyi ilə bağlı aydın bir fikrə sahib deyildim. Ona görə də bir qədər qərarsız idim. Səbirsizliklə tamaşanın başlanmasını gözləyirdim. Xalq artisti Bəsti Cəfərovanın bir neçə rolunu izləmişdim. Və məndə belə bir təəssürat yaranmışdı ki, tamaşa gözlədiyimdən fərqli və maraqlı olacaq.

Öncə tamaşanın yaradıcı heyəti ilə maraqlandım. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Xalq artisti Bəsti Cəfərova, əməkdar artist Elşən Rüstəmov, xalq artisti Sabir Məmmədov, əməkdar artist Məsmə Aslanqızı, aktrisa İlahə Həsənova, aktyor Elnur Qədirov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmlinin rol aldığı tamaşaya maraq kifayət qədər idi. Hadisələr o qədər gərgin və sürətli şəkildə cərəyan edir ki, bir anlıq özünü səhnədə hiss edirsən. Bu da aktyorların istedadından və işlərinin öhdəsindən necə ustalıqla gəldiklərindən xəbər verir.

Rejissor Nicat Kazımov U. Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi, tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.

Səhnə əsərində teatr dekoru, qrim, geyim dizaynı diqqətimi çəkir. Həqiqətən tamaşaya böyük diqqət və əmək sərf olunub. Bu da teatrımızın inkişafından, beynəlxalq təcrübəyə əsaslanan modern yanaşmadan xəbər verir. Sevindirici haldır ki, tamaşaçıların əksəriyyəti gənclərdən ibarət idi. Qayıdaq tamaşaya: Xalq artisti Bəsti Cəfərovanın səsindən vahiməyə düşməmək olmur. Bəli, güclü qadın obrazı oynamaq və tamaşaçını vahimədə saxlamaq asan məsələ deyil. Bu vahimə həm də insan xislətinin necə mürəkkəb və dolaşıq olduğunu göstərmiş olur...

 Xalq artisti Sabir Məmmədovun doğma səsini səhnədə eşitmək isə ayrı bir məsələdir. Dialoqlarındakı səbr, təmkin və inamı bütün varlığınla hiss edirsən. Bu da tamaşaya rəng qatmış olur. Gənc aktyorlar da rollarının öhdəsindən bacarıqla gəlirlər. Səhnədə işıqlar qaranlığı, qaranlıq isə işığı izlədiyi kimi, aktyorlar da bir-birilərini dəqiqliklə izləməyi bacarırlar. Xüsusən də əməkdar artist Elşən Rüstəmovun aktyorluq bacarığını qeyd etmək istərdim.

Həyəcan ən üst səviyyədədir... Düzü, bu qədər də gözləmirdim. Pərdə enir... Ancaq tamaşaçını hadisələrin gedişatından ayırmaq olmur.

Bunu tamaşanı izləyənlərin gözlərindən sezmək olur.

 Alqışlar...

Və daha gurultulu alqışlar...

“Ledi Maqbet”in teatr taleyinə ancaq sevinmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

Çərşənbə axşamı, 20 May 2025 11:44

Şəhidlər barədə şeirlər – KAMRAN VƏLİZADƏ

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamran Vəlizadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

KAMRAN ƏKBƏR OĞLU VƏLİZADƏ

(14.09.1996.-23.10.2020.)

 

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində doğulmuş, şəhid Elmar Məmmədov adına orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Qubadlı rayonu

Dəfn yeri:  Lənkəran

Allah rəhmət eləsin!

 

KAMRAN                                    

Taleyinə torpağı azad etmək düşənlər,

Yurd üçün aslan kimi, şir kimi döyüşənlər,

Məkanın bu dünyadan cənnətə dəyişənlər,

Oğulların hər biri bizə doğma, əzizdir.

 

Söhbət açdığım Kamran gözəl bir məkandandır,

“Balıqçılar” köyündən, bəli, Lənkərandandır.

Vətən sevgisi bizə həm süddən, həm qandandır,

Fərqi yoxdur, çəməndir, bulaqdır, çaydır, düzdür.

 

Kamrangilin ailəsi zəhmətkeş, halal idi,

Nə qədər xoş arzular, istəklər xəyal idi,

Bu evdə, bu ocaqda, pis niyyətlər lal idi,

Mehribanlıq coşqun çay, məhəbbətsə dənizdir.

 

Kamran orta məktəbi əlalarla bitirdi,

İmtahanı verərək ali məktəbə girdi,

ADNSU-elm ocağı ona uğur gətirdi,

Bu məbəd şan-şöhrətli ali məktəbimizdir.

 

Ali təhsilin alıb, işləyirdi mühəndis,

Razı idilər ondan hamı-işçi,  rəis,

İnsan gərək həyatda əməliylə qoysun iz,

Safların əqidəsi, yolu amalı düzdür.

 

Hərbi xidmətini o, Daşkəsəndə keçirdi,

Ürəyinə nə qədər xatirələr köçürdü,

Doqquz Fəxri Fərmanı, xidmətinə “möhürdü”,

Torpağı geri almaq bizim məqsədimizdir.

 

Otuz il torpağımız bizdən ayrı düşübsə,

Qüssədən ürəyimiz qubar edib, şişibsə,

“Qarabağ” deyən dillər ağızlarda bişibsə,

Döyüşə getməliyik, Allahdan əmrimizdir.

 

Atıldı döyüşlərə cəsarət ilə Kamran,

Düşmənlərlə döyüşdü rəşadət ilə Kamran,

Qısa ömrün yaşadı ləyaqət ilə Kamran,

Şəhadətə yetişdi, şəhidlərsə ölməzdir.

 

Şəhidlik arzusuydu, bu söz deyil, əməldi,

O insan xoşbəxtdir ki, ölümü də gözəldi,

Qubadlıda zirvəyə, ölməzliyə  yüksəldi,

Xatirəsi qəlblərdən heç zaman silinməzdir

 

Ölməzlər sırasına Kamran, adın yazılıb,

Torpaqlar düşmənlərdən əbədilik alınıb,

Şuşada Xankəndində, zəfər himni çalınıb,

Xalqımız qalib olub, ordumuz yenilməzdir.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

Çərşənbə axşamı, 20 May 2025 11:29

TƏLƏBƏ YARADICILIĞI – Selcan Rzayevanın hekayəsi

Tələbə yaradıcılığı rubrikasında bu gün bir ilkdir, ilk dəfədir ki, tələbə yox, şagird yaradıcılığı təqdim edilir. Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin şagirdi Selcan Mahir qızı Rzayevanın “Mən bunu bacaracağam” hekayəsi.

 

 

Ahunun ilk dərs günü idi…

O səhər tez durub hazırlaşdı və ipincə saçlarını həmişəki kimi anasına hördürdü. Ahu çox həyəcanlı idi. Yay tətilindən sonra məktəbə yenidən qayıdacaqdı.

Bir tərəfdən sevincli olsa da, digər tərəfdən onu qəmgin edən bir şey vardı.  Onlar anasının işi ilə əlaqədar Bakıya köçmüşdülər. Buna görə Ahu yeni məktəbdə təhsilini davam etdirəcəkdi. Yeni insanlar, yeni bir həyat…

Ahu digər insanlardan fərqli idi. Onun cılız bədəni get-gedə tökülən saçları, çox az olan kirpikləri vardı. İnsanlar onun görünüşünə lağ etsələr də, Ahu heç vaxt özündən narazı deyildi. 

Bunun səbəbi isə Ahunun on yaşında xərçəng xəstəliyinə tutulması idi. Anası hər gün qızının ipincə saçlarını hörərkən doluxsunur, göz yaşlarını saxlaya bilmirdi.

 

Ahu yeni məktəbə də həmişəki kimi insanların diqqətini çəkdi. Onun cılız bədəni və nazik tökülmüş saçları nəzərə çarpırdı. Ahu heç bir reaksiya vermədən dəhlizdə gəzişməyə davam etdi. Bu onun üçün artıq adi bir hal idi.

Sinfə daxil olub müəllimlə salamlaşdı. Müəllim onu sinif yoldaşları ilə tanış etdi. Uşaqlar Ahunun qız olduğunu biləndə aralarında pıçıldaşmağa başladılar. Ahu bunu görməzlikdən gəldi.

Müəllim onu Leyla adlı qızın yanına oturtdu. Leyla narahatlığını bildirərək müəllimdən yerini dəyişməsini xahiş etdi. Bu vaxt isə arxa partada əyləşən Nuray adlı qız: "Müəllim Ahu mənim yanımda əyləşsin"- dedi.

Beləliklə, ilk dərs günü bitdi.  Tənəffüslərdə Ahu tək otururdu. Sadəcə, Nuray ona yaxınlaşıb söhbət edirdi.

Dərsdən sonra Ahu məktəbin qarşısında ağacın altında gözləyən anasını görüb qaçaraq onu qucaqladı, anası qızından soruşdu:

-Qızım dərs günün necə keçdi?

Ahu isə anasının pis olmaması üçün gülümsəyərək cavab verdi:

-Çox yaxşı keçdi, anacan, hətta Nuray adlı bir dostum da oldu.

Anası qızının səsindəki titrəyişdən başa düşdü ki, ilk dərs günü çox da yaxşı keçməyib. Amma o, qızının necə güclü, özünə inamlı olduğunu da bilirdi. Çünki Ahu ilk dəfə xəstə olduğunu öyrənəndə də “bunu bacaracam, ana, öhdəsindən gələcəyəm”- deyirdi.

 

Ertəsi gün Ahu sinfə daxil olanda uşaqlar yenə ona kobudluqla qarşıladılar.

 Ahunu görmürsüz oğlana oxşayır, nə kirpiyi var, nə də saçı- deyə gülüşürdülər.

Amma bu deyilən sözlər heç vaxt Ahunun özünə olan inamından üstün ola bilmədi.

Bir gün məktəbdə rəqs tədbiri olacagını dedilər. Ahu uşaq vaxtlarından rəqs kurslarına gedirdi və onun rəqs qabiliyyəti çox yüksək idi. O, müəlliməyə tədbirə qatılmaq istədiyini bildirdikdə müəllim ona yer qalmadığını dedi. Ahu buna pis olsa da heç nə deməyərək başını aşağı saldı.

Bu vaxt Nuray gəlib müəllimə bildirdi ki, onsuz da rəqs haqqında çox şey bilmir və yerinə Ahu rəqsə qatılsın.

Müəllim bu təklifi qəbul etdi.

Ahu rəqs paltarlarını geyinərkən sinifdəki qızların onun haqqında danışdıqlarını eşitdi. “Görmürsünüz, Ahu necə arıqdır?!  Saçları da uzun deyil ki rəqs edərkən xoş görünsün”.

Ahu bu sözlərə fikir vermirdi.

Tədbir başladı. Bütün müəllimlər, hətta direktor da Ahunun rəqsini heyranlıqla izləyirdi.

Tədbirin sonunda Ahu tərifnamə alaraq birinci yerə çıxdı.

Nurayın müəllimi və anası onu qucaqlayıb təbrik etdilər. Ahunun gözlərindən sevinc göz yaşları axırdı. Bəli, Ahu yenə özünə olan inamı sayəsində bunu da bacarmışdı.

 

Səhər oyanan kimi sevinc içində qaçaraq anasının yanına gəldi. Anası ondan soruşdu:

-Qızım, niyə bu qədər sevinclisən?

Ahu sevinclə cavab verdi:

-Ana, bu gün mənim dünyaya yenidən gəlişimdir

Bu gün Ahunun analiz günü idi. Həkim onun həyata davam edib edə bilməyəcəyini deyəcəkdi.

Anası qızının əllərini tutaraq dedi:

 -Əlbəttə ki, qızım, bu gündən sonra hər şey daha yaxşı olacaq.

Onlar xəstəxanaya gəldilər. Analiz verdikdən sonra Ahu həyəcanla cavabı gözləməyə başladı.

Bir müddət sonra həkim Ahunun anasını otağa çağırdı. Bunu eşidən Ahu qapının ağzına yaxınlaşıb qulaq asmağa başladı.

Həkim Ahunun vəziyyətinin get-gedə ağırlaşacağını söylədi.

Amma belə bir ehtimal da var idi ki, xəstəliyin yaxşı getməsi üçün pozitiv və inamlı olmalıdır.

Ahu anasının yerə çöküb ağladığını görəndə qaçaraq onun əllərini tutdu və dedi:

 -Mən bacaracam ana, mən bunun öhdəsindən gələcəyəm.

Həkim doluxsunmuş gözlərlə, ümiddolu qıza baxdı və onun bacaracağına inandı.

 

Bəli üç il keçdi, Ahu bunu bacarmışdı.

Ahu artıq rəqs edərkən uzun saçları dalğalanırdı. Lap dalğalanan dəniz ləpəsinə bənzəyirdi. 

Heç vaxt ətrafındakı insanların dedikləri Ahunun özünə olan inamından və özgüvənindən üstün olmadı.

Bəli, siz də heç vaxt ətrafınızdakı insanların pis düşüncələrini özünüzə olan inamınızdan və güvəninizdən üstün tutmayın.

Həyatımızda qarşımıza çoxlu sınaqlar çıxacaq. Amma bu sınaqların heç biri bizim məqsədimizdən böyük deyil.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Ötən gün Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 illiyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında şairin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, akademiklər İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası”, Nizami Cəfərovun “Həyat, ölüm... və həyat”, Rəfael Hüseynovun “Dərinlərin birgəliyi”, ədəbiyyatşünas Cavanşir Yusiflinin “Üçüncü göz, yaxud ulduzlar dənizə tökülür...” kimi məqalələrinin tam mətni təqdim edilir.

 Elektron bazada görkəmli şairin yaradıcılıq nümunələrinin, tərcümələrinin, dövri mətbuatda, məcmuələrdə dərc olunmuş şeirlərinin, publisistik məqalələrinin, sözlərinə yazılmış musiqi nümunələrinin,   Rəsul Rza haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 20 May 2025 10:44

Cəfər və İlham Namiq Kamallar

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan kinosunda və teatrında adı çəkilərkən dodaqlarda təbəssüm yaradan bir isim var - İlham Namiq Kamal. Amma biz ondan yox, onun qardaşından danışacağıq. Komik yox, dramatik rollar ifaçısı Cəfər Namiq Kamaldan.

 

19 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Cəfər Namiq Kamala həsr olunmuş "Maşallah, 75 də gəldi" adlı yubiley tədbiri keçirilib. 

Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər - Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri Məryəm Əlizadə, İlham Rəhimli, teatrşünas Çingiz Ələsgərli, telejurnalist-dramaturq Ülviyyə Heydərova və başqaları Cəfər Namiq Kamalın yaradıcılıq yolundan, teatr səhnəsində yaratdığı obrazlardan, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən danışıblar. Çıxışlararsı sənətkarın həyat və yaradıcılığını əks etdirən görüntülər nümayiş olunub. 

Cəfər Namiq Kamal bu unudulmaz günü təşkil edənlərə dərin minnətdarlığını bildirib və söylədiyi Monoloqla tədbirə xüsusi rəng qatıb. 

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Çərşənbə axşamı, 20 May 2025 10:34

Oxuyan adam, sənə bir sual - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Oxuyan adam, sənə bir sual vermək istəyirəm. Düşünərək cavab ver. Özündən, ətrafından, həyatdan yola çıxaraq. Vacib deyil, çox uzağa gedəsən. Bəlkə də cavab elə sənin özündədir. Vacibdir ki, bir cavab verəsən.

 

Cavabsız suallar çoxdur, bilirəm. Kiminin içində, kiminin çölündə, kiminin də gülüşündə gizlənir. Bəzən elə üzümüzdəki təbəssümün arxasında dayanır o cavabsız suallar. Heç nə olmamış kimi görünən susqunluqların içində. İndi isə görünənlərə yox, var olana baxaraq cavab ver.

Oxuyan adam, “İnsan dəyişə bilərmi?”

Bu sual bir aynadır, özünə baxmaq cəsarəti olanlar üçün tutulmuş bir ayna. Sən indi ondan soruşursan: “İnsan dəyişə bilərmi?”

Bəlkə cavab yazmaq istəmirsən. Çünki bilirsən ki, bu cavab bir cümlə ilə məhdudlaşmaz. O cavab sənə toxunar, içində gizlədiklərini oyadar, səni keçmişə aparar. Bu suala cavab vermək cəsarət tələb edir. Çünki özünlə üzləşirsən. Bu sual, əslində, “Mən dəyişmişəmmi?”, “Mən kiməm?” sualını öz-özünə verə bilməkdir. Hər kəs keçmişə dönmək, özü ilə üzləşmək istəməz. Dəyişmək isə, ilk olaraq, özü ilə üzləşməkdən keçir.

İnsan nə vaxtsa, heç olmasa bir dəfə, özü ilə üzləşmə cəsarəti tapırmı? Yoxsa özündən xəbərsiz yaşayaraq içindəki səsi susdurur? Səssizcə ötüb keçir fəsillər kimi — yaz gəlir, amma o fərqində deyil; payız saralır içində, solur, tökülür, amma hiss etmir; qışda donur, amma niyə donduğunu anlamır.

Üzləşmək ağırdır. İnsan bunun fərqindədir, oxuyan adam. Sadəcə kimisi daim özündən qaçır, kimisi də bir gün dayanaraq o cəsarəti özündə taparaq “Mən kiməm?” deyir. Keçmişə baxaraq “Bu, mənim bir parçamdır” deməyi öyrənir. Keçmişə baxmaq asan deyil. Orada çox şey var — unudulmaq istəyən izlər, deyilməmiş sözlər, yaşanmamış xatirələr, susmuş həqiqətlər var. Keçmişin izləri heç vaxt yox olmur. İnsan bunu bilir, oxuyan adam. Amma biləndə ki, dəyişmək üçün ilk addım üzləşməkdir — bax, o zaman, o cəsarəti tapanda yaz gəlir və qönçələr açmağa başlayır. Artıq keçmişin səsi duyulmur, o səssizləşir.

Bəs sən, oxuyan adam, “İnsan dəyişərmi?” sualını özünə vermisənmi? Əgər vermisənsə, demək ki, sən də dəyişmisən!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

Mayın 19-da Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından verilən məlumata görə, Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransda öncə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, ordu sahəsindəki islahatların təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr Zəfərinin tarixi önəmindən danışıb.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxış edib. O deyib:

 

-8 Noyabr Zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr Zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz dövlətinin, Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz Vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu Zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Çərşənbə axşamı, 20 May 2025 10:01

Fərruxdan gələn səs -HEKAYƏ

 

Nemət Tahir

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azad əlində adını daşıdığı əmisinin şəkli tabutun qabağında gedirdi. 32 ildən sonra itkin düşən əmisinin qalıqları Fərrux dağının ətəklərindən tapılmışdı. İndi isə şəhidi dəfn etməyə aparırdılar.

”Şəhidlər ölməz,Vətən bölünməz!” –şüarı onu xəyallardan ayırırdı.

Çox qəribə hislər keçirirdi. Hiss edirdi ki, boğazında nəsə düyünlənib. Qəhər onu boğurdu, gözləri yaşardı. Sevinc, qürür, kədər - sanki duyğu selinə qərq olmuşdu. Öz-özünə pıçıldadı: “Çox şükür, üzünü görmədiyim, qəhrəman əmim, 32 ildən sonra da olsa, səni  dəfn edəcəyik. Ruhuna, qəbirsiz canına qurban olum, əmi. Kaş dədəm və nənəm də bu günü görəydi, sənin yolunu gözləyə-gözləyə gözləri kor oldu, odsuz-alovsuz, diri-diri bu dünyada cəhənnəm əzabı çəkdilər”.

Gözləri doldu, iki damla yaş sürətlə yanağından çənəsinə düşdü.

Azad bir daha şükür etdi. Doğmalarının intizarı, həsrəti bir az da olsa, azalacaq, gözləri yollardan yığılacaq.

Gedən ayaqları idi, xəyalları onu keçmişə aparırdı. Babası Murad kişi (dədə deyirdi) oğul həsrətinin əyib bükdüyü bir dağ adamıydı. Bir vaxtlar Murad kişinin səsi Qarabağın dağlarında əks-səda verərdi: mal-heybanı otarar, ürəyindən gələn nəğmələri gur səsi ilə oxuyardı. İndi isə o səs meh kimi pıçıltıya dönmüşdü. Evində bir tərəfdən öskürək, bir tərəfdən qəhər səssizliyi qulaq batırırdı. Oğlu itkin düşəndən siqareti sönmürdü, sanki siqareti mayaq eləmişdi. Ciyərinin yanğısını odla söndürmək istəyirdi. Gözləri sönməkdə olan çırağa dönmüşdü, közərirdi. Onun içində yanan son ümid, bir ovuc köz kimi illərlə qəlbini qovururdu. Oğlu Azad I Qarabağ müharibəsində, Fərrux dağı istiqamətində itkin düşəndə Murad kişinin qəlbi iki yerə bölündü. Biri özündə qaldı, biri dağın ətəyində – tapılmayan cəsədlərin, susan torpağın altında. Yoldaşı Nabat isə sanki torpağa çökdü. Oğul həsrəti onun beli ilə bərabər, ruhunu da bükdü. Danışa-danışa susdu, gülə-gülə ağladı. Və bir gün yatağa düşdü. Oğul deyə-deyə can verirdi, amma ölə bilmirdi. Nəvəsi Azad divardan əmisinin şəklini nənəsinin qucağına qoydu. Gözün açıb şəkli görən Nabat arvad: “Boyy, ay boyuna qurban olum, gəldin, bala?”-deyib dünyadan köçdü. O gündən Murad kişinin evi qara çadıra döndü, qapısı açıq, içi qaranlıq. Lakin həyat qəribə bir inadla çiçək açır bəzən. Murad kişi doğulan ilk nəvəyə itkin oğlunun adını vermişdi. Balaca Azad əmisinin adını daşıyırdı, Ağlı kəsəndən babasına və nənəsinə valideyn qayğısı ilə yanaşırdı. Bəlkə də, bu ad onun alnına bir tale kimi yazılmışdı. Uşaqlığı qucağında dərd böyüyən bu evdə keçdi. O, oyuncaq əvəzinə babasının duaları ilə, nağıl yerinə nənəsini əmisi Azad haqqında söhbətləri, xatirləri ilə böyüdü. Balaca əlləri ilə nənəsinin saçlarını darayır, nəmli gözlərini silirdi. Yaşıdları oyun oynayanda o, çay gətirir, yemək bişirirdi.

Nabat nənəsi hərdən titrək səslə deyirdi: "Sənin xasiyyətin də əminin xasiyyəti kimi mülayimdir, evcanlısan. O da mənə ev işlərində kömək edərdi. Evimin son beşiyi idi." Azad gülümsəyirdi, amma bu söz onun daxilində bir dağa toxunurdu – Fərrux dağına.

...İllər ötüb keçdi. Azad artıq gənc bir oğlan idi. Tanrı ona güc, qüvvət, ağıl həm də mərhəmət bəxş etmişdi. Bir əlində babasının əsası, bir əlində nənəsinin dərmanı ilə həyatın yükünü çiyinlərində daşıyırdı. Həm də yaxşı oxuyurdu. Məqsədi hərbçi olmaq, torpaqları azad etmək, əmisinin qisasını almaq idi Azadın.

Nənəsi dünyasını dəyişəndən  bir neçə ilə sonra  Murad kişinin səhhəti də get-gedə pisləşirdi. Saatlarla  gözləri bir nöqtəyə zillənirdi. Bəzən Azad elə bilirdi ki, kişi elə oturaqlı, gözüaçıq dünyasını dəyişib. Tez onu danışdırardı: Dədə, nəsə lazımdır?
Yataqdan qalxa bilməyən Murad kişi ölümün hənirtisini duymuşdu sanki, Azadı yanına çağırdı:

– Bala, – dedi, səsi torpaq altından gələn kimi zəif idi. – Yastığımın altında bir az pul var. O pulla yasımı verərsən. Amma yasdan qoyma pul yığılsın, ha! Əmin və atan pulun üstündə dava salar, -deyib gülümsəməyə çalışdı, amma illərin kədəri simasında iz salmışdı. Sözünə davam etdi:- Ruhum narahat olar, Dünya malı şirindir. Qara torpağın üzü soyuqdur.

Azad başı ilə təsdiqlədi. Murad kişi bir anlıq susdu. Dodaqları titrədi.

– Vəsiyyətimi də kağızda yazmışam. Nəyim varsa, bərabər bölmüşəm.. Amma... oğlum Azaddan bir xəbər olaydı kaş. Vətən müharibəsindən sonra ümidlərim çoxalıb. Bircə bu Fərrux dağı da alınsa idi, məni aparardın ora. Azad döyüşdüyü, qanını töküldüyü o torpaqda dizin-dizin sürünərdim. Daşları qoxulayıb, üzümü sürtərdim. Oğlumun, nakam oğlumun qoxusunu alardım. Bəlkdə də, nəşini də tapardıq, gözüm açıq getməzdi. O dünyaya- Nabat nənənə də muştuluq aparardım, gözaydınlığı verərdim. Murad kişinin əli əsdi, gözlərinin kökü qurumuşdu, gözləri yaşarmadı. Azad onun əlindən tutdu. Əli buz kimi idi, amma içində alışıb-yanan bir yanğı vardı. Elə o anda televizorda xəbərlər proqramının  səsi gəldi. Sanki tale də o anı gözləyirmiş:

– Azərbaycan Ordusu Fərrux dağı istiqamətində uğurlu əks-hücum əməliyyatı aparıb. Əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilmişdir. Yüzlərlə vətən oğlunun şəhid olduğu, itkin düşdüyü Fərrux azaddır, gözümüz aydın olsun!

Murad kişi yataqdan dikəldi. İllərin taqətsizliyi bu səsin qarşısında geri çəkildi. Gözləri işıldadı, sanki o an Fərruxdan səs gəldi: “Ata, mən buradayam.” – Azad! – deyə səsləndi. – Bala... Fərrux alındı. Əminin şəhid olduğu torpaq indi bizim torpağımızdır.

O qədər sevincək idi, sanki oğlunu tapmışdı. Bir xeyli qəhərdən söz deyə bilmədi. Nəhayət özünü toparlayıb söylədi:

-Bunu yadında saxla, tarixən də ermənilər həmin yüksəkliyə nəzarət edərək, bizim başımıza bəralar açıbdır. Dədəm danışırdı ki, 1920-ci ildə erməni-daşnaq qüvvələri Azərbaycan hökumətinə tabe olmayıb, Şuşaya gedən Əsgaran yolunu bağlayıblar. Yerli əhaliyə divan tutublar. Milli hökumət general-mayor Həbib bəyin başçılığı ilə bölgəyə qoşun göndərib. Əks-hücumla erməni quldur dəstələri məhv edilib. Şuşa yolu açılıb. Bala, heyif ki, Milli hökumətimiz həmin il məğlub oldu, Azərbaycanda sovet hökuməti quruldu. Bizə düşmənçiliyi zorla unurdururdular. Unutmayanı Hümbət, Əli, Cavanşir baban kimi sürgün edirlər, öldürürlər. Amma ermənilər alt-altdan öz işlərini 70 ildə gördülər. 1992-ci ildə  rəhmətlik polkovnik Şirin Mirzəyev də deyirdi ki, Fərrux dağı kimdə olsa, bu bölgəyə də o nəzarət edəcəkdir.

Murad kişi dəfələr bu söhbəti Azada danışmışdı. Azad əzbər bilirdi. İntəhası, həmişə qüssə içində, indisə sevinclə danışırdı.

Fikrini tamamladı:

-...Çox şükür, deməli, qələbə bizimlədir. Bircə, ora gedə bilsəydim.

Qəhər Murad kişinin boğdu.

-Azad, bala, mən ölsəm, gedə bilməsəm, o torpaqdan gətirib mənim, nənənin qəbrinin üstünə səpərsən, eşidirsən? Əgər əmini tapsanız, bizim araımızda….( dəfn  edərsiniz, demək istəyir, amma ürəyi gəlmir)… Bizə haqqını halal et... Sənə çox əziyyət verdik.

Azad babasının əllərindən öpdü, Susdu. Çünki o an söz deyil, sükut danışırdı. Sükutun içində min kəlmə vardı: nisgil, qürur, torpaq, şəhidlik, Vətən...

Murad kişi son nəfəsini aldı. Gözləri açıq idi, amma sakit idi. Övladından xəbər almış insanın rahatlığı vardı o baxışlarda. Boynu qəfildən yana düşdü. Azad “dədə” deyib çığıraraq onu qucaqladı...

...Şəhidin şərəfinə  atılan yayılım atəşi Azadı xəyalından ayırdı. Çiynində ay və ulduz olan general-mayor dövlət bayrağını Azada təqdim etdi, bayrağı öpüb üzünə sıxdı. Bayraqdan vətən qoxusu gəldi burnuna. O gün Fərrux dağından bir bayraq qalxdı.

O bayrağın altında Azad  dədəsinin və nənəsinin qəbrinə bir ovuc torpaq tökdü. Sonra başını qaldırıb, babasının və nənəsinin başdaşındakı  şəkillərinə baxdı. Dodağının altında pıçıldadı:

– Dədə, nənə, gözünüz aydın, ruhunuz şad olsun, əmanətinizi gətirdim, alın qoynunuza, rahat yatın. Söz verirəm ki,  mən bu adı şərəflə daşımağa çalışacam.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Oğuz Məhəmmədikiyadır.

 

 

Oğuz Məhəmmədikiya

İstanbul

 

 

KÖRPƏ DİNOZAVR

 

Ölülərimi Qucaqladım

Üç kərə Döydüm Daşın

Çatlağından süzülərək

Dirilərimi tanımazdan öncə

Dirildirildim ortadoğudan avropalı gözümlə

Baxdım həyatın ənənəvi boyutuna

Damızdırdım bıçaqdan süzən ovcumun qanını.

 

Barışı sağladım inəklər qəbiləsi ilə

donuzlar tayfasının arasında

Sonra

Çaxırladım gözümdən ağzıma axan şor dənizi

Və birdən atıldım miladdan sonrakı ilk günə

Miladdan öncəni də vərəqlədim

Qutladıq bərabər miladın şərəfinə

Kılavarı dağında yanan şamı püfləyərək

Tanrının ağzından əsən hava ilə...

 

Yerlərdə sürüklənən qutsallığı da gördüm

Qardaşlığın ovucdan axan qana hörmətsizliyini də

İndi isə sevişmə törəsində

Qırmızı bezin ağappaq qaldırılma anındayam.

 

Xirosimaya qan ləkəsi düşməmiş hələ

Addımladım qadınların başından açılan

Yelin sərinliyində

Və tam mədəniyyətin ortasında

Qaldırdım atamın paslı qılıncını...

 

Cənnətdən yenərkən

Qırılan ayağımı miras buraxmışam

Məndən sonrakı əziklərə.

 

İlk dəfə gördüyümdə səni

Körpə ilan idin ağacın gövdəsinə uzanan

Balıq babanın son dəyişməsi idin təzə

Saçının ucunu da hörmüşdün oysa.

 

Sevirəm (üstünə basaraq) səni.

 

Sevmək sözcüyünü quşlardan Öyrənmişdim

İlk cınqıltılı samitliyimdə

Və sənə uzanan əlimə toxunduğunda anlamışdım dərimdən

ötə biləcəyimi.

 

Bax hələ haradasa

Qızıl almadan yeyəcək idim ilan qadın!

 

Məni tanrıyla baş-başa

Buraxma lütfən

Məni sevməz bilirəm.

 

Dandırılmışam,

Unutdurulmuşam ona.

Altımı doldurduğum günlər idi.

Ondan qorxduğum an

Ürəyimə oturmamışdı zatən.

 

On bir yaşımda bildim dəniz

Mavi olmaz

Çiynimdəki ağ geyimli mələyin

İftirasını bildim.

 

On iki yaşımda tanıdım coğrafiyamı

Və tam on beş yaşımda

Qonşunun qızı əmizdirdi

İçimdəki körpə dinozavrı.

 

On altı yaşımda qarğaların

Sevişməsini görməklə

Açıldı gözüm.

 

İndi islamdan sonra

Min dörd yüzüncü ildəyəm

Donuzlar inəkləri sağır

Və içimdəki körpə dinozavr

Doğulmağa meyilli deyil...

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.