Super User
Bir ailənin evinin işığının əbədi söndüyü gün
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Dünənki gün insanlığın hər kəsdə olmadığını xatırladan gün idi. Bir neçə il öncə məhz 13 fevralda bir ailənin işığı birdəfəlik söndü. O evdə artıq səs-səmir qalmadı, qapılar bağlandı, pəncərələr susdu. Nə Pikə xanım, nə yoldaşı nə oğlu, nə qızı nə nəvəsi...
Çünki bir evin içində ağlasığmaz bir vəhşilik baş verdi. "Övlad" – Əhməd öz anasını, qardaşını bacısını, bacısının azyaşlı övladını və atasını baltalayaraq amansızcasına qətlə yetirdi. Beş nəfərlik bir ailə bir anda yox oldu.
Bir soyad bir gecədə qara ləkə kimi keçmişdə qaldı.
İnsan bu xəbəri oxuyanda ilk olaraq özünə eyni sualı verir:
"Hansısa bir övlad bunu ailəsinə edə bilərmi?"
Normal düşüncə ilə yox. Amma reallıq göstərdi ki, edə bilir. Son illər “baltalama” xəbərlərinə tez-tez rast gəlirik. Qonşusunu, tanımadığını, bəzən isə təsadüfi bir insanı öldürənlər olur. Amma Əhmədin cinayəti digərlərindən fərqlənir. Bu hadisə təkcə qan dondurmur, insan psixologiyasını məhv edir.
Çünki burada qurbanlar yad insanlar deyildi.
Ana idi.
Bacı idi.
"Anamı öldürmə", -deyə yalvaran qardaş idi.
Bir uşağın körpə canı idi.
Bu, artıq sadəcə cinayət deyil. Bu, insanlığın tam çöküş nöqtəsidir. Cəmiyyət olaraq tez-tez sual veririk: “Necə olur ki, biri bu həddə çatır?” Amma bu sualı verməklə kifayətlənirik. Cavab axtarmırıq. Psixoloji problemlər illərlə gözardı edilir, ailədaxili zorakılıq “ailə məsələsidir” deyə susdurulur, ruhi pozuntular isə ya lağ obyektinə çevrilir, ya da tamamilə görməzlikdən gəlinir. Ər arvadı döyəndə "yəgin ki, nəsə səhvi vardı" deyirik, ata qızını öldürəndə "qızı nə edib ki , ata o həddə çatıb" deyirik. Sonra da hamımız eyni cümləni deyirik:
“Gözlənilməz oldu”.
Əslində gözlənilməz deyildi. Sadəcə biz görmək istəmədik. Əhmədin törətdiyi cinayət bir ailəni yox etdi, amma eyni zamanda cəmiyyət üçün də bir güzgü oldu. Bu güzgüdə biz nə qədər laqeyd, nə qədər biganə və nə qədər gec reaksiya verən olduğumuzu gördük.Bu tarix insanlığın bəzən bir anda necə yox ola bildiyinin sübutudur.
Susduqca, görməzlikdən gəldikcə, bu cür faciələrin sayı azalmaq əvəzinə artır.
Vicdan əzabının olmaması cinayətin özündən də ağırdır. Bu, insanın içindəki bütün mənəvi mexanizmlərin sıradan çıxdığını göstərir. Nə sevgi qalıb, nə qorxu, nə də insanı insan edən o daxili səs. Bəlkə də bizi ən çox vahiməyə salan məhz budur. Cinayətkarın cəzası var. Amma vicdanı olmayan insan üçün cəza da bəzən kifayət etmir.
Əhməd ailəsini öldürdü.
Amma görünən odur ki, içində insanlığı daha əvvəl öldürmüşdü.
Və cəmiyyət üçün ən təhlükəli olan da budur:
Vicdanını itirmiş bir insan.
Bu gün bir ailənin məzarı üzərində dayanıb yalnız ah çəkmək yetərli deyil. Bu gün sual vermək, cavab tələb etmək və insan psixologiyasını ciddiyə almaq günüdür. Əks halda növbəti 13 fevral yenə başqa bir ailənin həyatını yarımçıq qoyacaq.
Qeyd etmək lazımdır ki, ən dəhşətli məqam təkcə bu qətliam deyil. Ən qorxulusu odur ki, ailəsini vəhşicəsinə öldürən Əhməd bu gün də vicdan əzabı çəkmir.
İnsan bir canı alanda belə sarsılır, bəzən ömrünün sonuna qədər peşmanlıqla yaşayır. Bəs beş can? Ana, ata, bacı və bir körpə… Buna baxmayaraq, Əhmədin nə peşman olduğu, nə də daxilən dağıldığına dair bir əlamət görünmür.
Bu artıq “niyə etdi?” sualından daha qorxuludur.
Çünki buradakı əsas sual budur:
İnsan necə olur ki, etdiyinin ağırlığını belə hiss etmir?
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
14 fevralda Azərbaycan 1501 hərbçi itirib - QAN YADDAŞI
Çoxlarının bilmədiyi, bəlkə də unutduğu ordumuzun 14 fevral faciəsi...
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-erməni işğalçı terroristləri ilə ağır döyüşlərdə Azərbaycan Milli Ordusunun 1501 hərbçisi şəhid oldu. Şəhid olanlarin bir neçə yüz nəfəri həmin şaxtalı gecə mühasirədə soyuqdan donaraq həlak oldular...
14 fevral 1994-cü ildə Cəmilli kəndindəki briqada komandanlığının iclasında zabitlərə komandanlığın Kəlbəcər bölgəsini tərk etmə əmri barədə məlumat verildi. Cəmilli kəndi uğrunda döyüşlərdə Feyruz Alışov əsir götürüldü. Ömər aşırımından keçən yolun Ermənistan qoşunlarının nəzarəti altında olması səbəbindən Azərbaycan qoşunları Kəlbəcər bölgəsini ensiz Susuzluq-Təkəqaya-Ağdağ yolu ilə tərk etmək məcburiyyətində qaldı. Bütün ağır texnika isə tərk edildi. Qışda dağlıq ərazilərdə, güclü qar və dəhşətli soyuqda baş verən bu geri çəkilmə zamanı yüzlərlə əsgər donaraq öldü və ya itkin düşdü. Soyuqdan bəzi əsgərlər isinmək üçün pencəklərini yandırdılar, donvurmadan ölənlərin cəsədləri isə götürülmədi. Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev Azərbaycan qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasını belə təsvir edir: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi: “Mən qaldım, sən get!”. (Vəliməmmədov, 2019:159).
Döyüşlərin iştirakçısı, 701 saylı hərbi hissənin tağım komandirinin müavini, o dövrdə 19 yaşında olan baş çavuş Vaqif Abbasov belə xatırlayır: “12 fevralda çox güclü qar yağmağa başladı. Fevralın 13-də Murovdağın yamaclarında şimal mövqelərinə çəkilmək əmri aldıq. 18-20 fevral tarixlərində düşmən iki briqadamızı mühasirəyə ala bildi. Onlara çatmağa çalışdıq, amma qar yağması bizə mane oldu. Bir çox əsgər uçqun altında qalaraq həlak oldu. “
30 yaşlı əslən Kəlbəcərdən olan Təyyar Muxtarovun sözlərinə görə əsgər yoldaşlarının çoxu güllə və mərmilərdən deyil, don nəticəsində həlak olmuşdu. Mühasirəyə alınan qoşunları boşaltmaq üçün vertolyotlar istifadə edildi. 1994-cü ilin qışında Kəlbəcərdə çəkilən videokadrlarda Kəlbəcər bölgəsindən qoşunların təxliyyəsinin hansı şəraitdə həyata keçirildiyi göstərilir. 20 Fevrala qədər Azərbaycan ordusu Murovdağ silsiləsindən geri çəkildi. 10 fevraldan 20 fevrala qədər çox sayıda əsgər uçqun və donvurma nəticəsində həlak olmuşdu. Hələ də Azərbaycan qoşunlarının itkiləri barədə rəsmi məlumat yoxdur. Son yenilənmiş məlumatlara görə, Kəlbəcər bölgəsindəki döyüşlər zamanı Azərbaycan qaynaqlarına görə ordunun ümumi itkisi 1592 nəfər idi. Ölən əsgərlərin 1337-si donvurmadan həyatını itirmişdi, 111-i isə itkin düşdü.
Allah şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
Bu gün Rza Təhmasibin anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teatr dahisi! Bəli, onu haqlı olaraq belə adlandırırdılar...
Rza Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda dünyaya gəlib. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub.
1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.
Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçib. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub.
Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırıb. Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi
"Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynayıb. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri olub. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub.
Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başlayıb. Film 1943-cü ildə tamamlanıb. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi olub. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilib. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu.
1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görülüb. "Arşın Mal Alan" kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 75 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynayıblar.
1950-ci ildə A. Zarxi və M. Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi olub. Bu film 1959-cu ildə istehsal olunub və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film olub. Filmin ssenarisini rejissorun qardaşı, filoloq-alim M. Təhmasib yazıb. Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilib.
Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır. Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb.
Onun Azərbaycan və Türkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndəliyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması, digər tərəfdən isə rus, ərəb, fars və türk dillərini mükəmməl bilməsi ilə bağlı olub.
1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə"də dərs almağa başlayıb. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilib. Beş il sonra "Məktəbi-tərbiyə"ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olub.
Təltif və mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
"Stalin" mükafatı (2-ci dərəcə)
"Şərəf nişanı" ordeni
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
Rza Təhmasib 14 fevral 1980-ci ildə vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
Valentinə çox uymayın, bu gün həm də Beynəlxalq kitabbağışlama günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Kimdən soruşssan, 14 fevral nə günüdür, dərhal Sevgililər günüdür deyə cavab verər. Hansısa Valentin adlı xristian rahibin hansısa sevgisinin şərəfinə belə bir gün qeyd edilir. Halbuki 14 fevralın əsas özəlliyi heç də Valentin deyil.
Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitabbağışlama Günü kimi də qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.
Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.
Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir. Amma bu il nədisə, hələ ki səssizlikdir.
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
14 Fevral — Təqvimdə qırmızı, vicdanda hansı rəng?
Murad Vəlixanov, «Ədəbiyyat və İncəsənət»
Fevralın 14-ü gələndə şəhər dəyişir. Vitrinlər qızarır, güllər bahalaşır, sözlər ucuzlaşır. Hər kəs “sevgi” deyir. Amma çox az adam soruşur: biz doğrudanmı sevirik?
Sevgi günü deyirlər.
Bəs sevgi nə vaxtdan bir günə sığdı?
Tarixə qayıdaq. Roma imperiyası… III əsr… Qorxu üzərində qurulmuş bir sistem. İmperator II Klaudius inanırdı ki, sevən insan zəifdir. Çünki onun itirəcəyi bir şey var. Ailəsi olan əsgər daha ehtiyatlı döyüşər. Ona görə nikah qadağan edildi.
Diqqət edin — sevgi qadağan edilmişdi.
Çünki sevgi insanı itaətsiz edir.
Sevgi insanı seçməyə məcbur edir.
Sevgi insanı qorxudan azad edir.
Valentin adlı bir ruhani isə dövlətin bu qərarına qarşı çıxdı. O, imperiyaya qarşı yox, qorxu siyasətinə qarşı idi. O bilirdi ki, insanın seçmək haqqı əlindən alınanda, insanlıq da alınır.
Onu edam etdilər.
Amma tarix qəribədir — qılıncı yox, ideyanı yaşadır.
Bu gün 14 Fevral deyə xatırladığımız tarix əslində bir edam günüdür. Amma paradoks budur ki, həmin gün bu gün sevginin bayramı kimi qeyd olunur. Çünki sevgi öldürülə bilmədi.
Müasir dünyanın səssiz faciəsi
Bu gün bizə heç kim sevgi qadağası qoymur.
Heç kim nikahı gizli bağlamağa məcbur etmir.
Heç kim “sevmə” demir.
Amma biz yenə də sevə bilmirik.
Çünki müasir insanın problemi qadağa deyil — səthilikdir.
Sevgi artıq dərin münasibət yox, münasibət statusudur.
Sevgi artıq məktub deyil, mesajdır.
Sevgi artıq sədaqət yox, seçim bolluğudur.
Sosial şəbəkələrdə ürəklər çoxdur, amma ürək ağrısı daha çoxdur.
14 Fevral günü hər kəs paylaşır.
Amma 15 Fevralda neçə nəfər eyni diqqəti göstərir?
Sevgi nümayişə çevriləndə, məzmununu itirir.
Sevginin fəlsəfi tərəfi: Qərar və məsuliyyət
Sevgi hiss deyil — qərardır.
Hiss gəlir və gedir.
Qərar isə qalır.
Sevən insan qalmağı seçir.
Çətinlikdə qalmağı.
Mübahisədə qalmağı.
Səssizlikdə belə qalmağı.
Platon deyirdi ki, sevgi insanı öz yarımçığından tamlığa aparır. Amma müasir dövrdə insanlar bir-birini tamamlamaq üçün yox, boşluğunu doldurmaq üçün axtarır.
Boşluq isə sevgi ilə yox, şəxsiyyətlə dolur.
Sevgi iki bütöv insanın birliyidir. İki yarımçığın asılılığı yox.
Biz 14 Fevralı niyə qeyd edirik?
Bəlkə də biz bu günü ona görə qeyd edirik ki, gündəlik həyatın içində itirdiyimiz diqqəti xatırlayaq.
Bəlkə də ona görə ki, demədiyimiz sözləri deməyə bəhanə tapmaq istəyirik.
Bəlkə də ona görə ki, içimizdəki soyuğu qırmaq üçün təqvimə ehtiyac duyuruq.
Amma həqiqət budur:
Sevgi hədiyyənin ölçüsü ilə yox, səbrin ölçüsü ilə ölçülür.
Sevgi bahalı şam yeməyi ilə yox, çətin gündə yanında olmaqla sübut olunur.
Sevgi şəkil paylaşmaqla yox, sözün arxasında durmaqla təsdiqlənir.
Ən təhlükəli sual
14 Fevralda özümüzə bir sual verməliyik:
Mən sevdiyim insan üçün nə qədər məsuliyyət daşıyıram?
Əgər sevgi sadəcə emosiyadırsa, o keçəcək.
Əgər sevgi qərardırsa, o qalacaq.
Valentin sevginin haqqını qoruduğu üçün öldürüldü.
Biz isə sevginin məsuliyyətindən qaçdığımız üçün münasibətlərimizi öldürürük.
Bu, daha ağır faciə deyilmi?
Və sonda
14 Fevral təqvimdə qırmızı ilə işarələnir.
Amma sevgi insanın vicdanında hansı rəngdədir?
Əgər sevgi həyatımızda dəyərdirsə, onu bir günə sıxışdırmayaq.
Əgər sevgi həqiqətdirsə, onu nümayişə çevirməyək.
Əgər sevgi məsuliyyətdirsə, ondan qaçmayaq.
Çünki sevgi susanda ailə susur.
Ailə susanda cəmiyyət zəifləyir.
Cəmiyyət zəifləyəndə isə insanlıq itir.
14 Fevralı qeyd etmək asandır.
Sevmək isə cəsarət tələb edir.
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
Gördüyün hər şeyi kətana köçürmək hələ rəssam olmaq deyil
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Rəssam rəsm çəkən deməkdir. Rəsm rəssamlığın, necə deyərlər, “fəqərə sütunudur”. Hər bir adam şəkil çəkə bilər, ancaq hər adam sözün həqiqi mənasında rəssam ola bilməz. Gördüyün, müşahidə etdiyin hər şeyi kətana, kağıza köçürmək hələ rəssam olmaq deyil. Təsviri sənətin bu sahəsi ilə məşğul olanların yüksək bədii təxəyyülü olmalıdır” deyirdi Davud Kazımov.
Davud Kazımov 9 noyabr 1926-cı ildə Bakıda anadan olub. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olub. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub.
Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutub. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub. Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir.
Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri qeyd olunub. "Neft daşları"nda Xəzər neftçilərinin həyatı rəssamın üstünlük verdiyi mövzularından biri olub. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib.
Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib. Bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssam 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq, yaradıcılığında xüsusi yer tutan "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"nə daxil olan əsərlərini yaradıb.
Xalq rəssamının əsərləri Almaniya, Çexoslovakiya, İtaliya, İraq, Türkiyə və başqa ölkələrdə nümayiş etdirilib. Hazırda rəssamın bir sıra əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Tarix Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi çalışıb və rəngkarlıq fakültəsində pedaqoq kimi fəaliyyət göstərib.
Mükafatları
"Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
Ünlü rəssam 14 fevral 2015-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
Güneydən Məhəmmədrza Ləvayinin “Röyalar calanar, sevgilim” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.
Məhəmmədrza Ləvayi
Çikaqo
RÖYALAR CALANAR, SEVGİLİM
Röyalar Atlantikdən acı çay çıxarar
Təbrizliyim tökülər bütün şəhərlərin üstünə
Balı qaymağa qatdığını düşün, elə bir şey
Sən Təbrizdə Batını ək Eynalıya.
Burda qızların çənəsindəki Urmu dərələrinə göm məni
Hə
Röyalar calanar baş-gözümüzdən, sevgilim.
Dəniz quşlarının boğazında cırılan gecədən düşər röyalar
Sənə baharın Atlantikini Qaradağ yapacağam istədiyin an
Gəmilər ala dağlarda çapdırdığın atlar olacaq
Təbrizi dərələrdən yığışdırıb dağlıq sinənə uzadacağam
Əmzik-əmzik əməcəyəm dağlarını, sonra yenə əməcəyəm
Bu uşaq böyüməz ki, böyüməz.
Bu gün üzünün iki min on altıncı ilinin
Otuzuncu gününü öpüb divara asıram yenə
Üç şey qalıb bütün o həyəcanlardan;
Bu güneyli rəsmin
O qaradərili çantam
Bu, ya da o Məmmədİrza çağırdığın dodaqlarının Batısı.
Röyalar calanır, sevgilim
Röyalar üşüdür, isladır, yatağa salır adamı
Uzaqlaşdığımız yaxınlıqdan yenə uzaqlaşmaq gərək
Yenə sən vətəni basdır qırx qapılı sirlərdə, sükutlarda
Yenə mən vətəni çiynimə alıb düşüm Batılara
Biz röyalarımızı calaya-calaya yaşadıq
Yenə yığıb-yığışdırması arxamızdakılara qaldı, gözəlim!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
Peşəkar
Televiziya mütəxəssisi Fuad Vəlixanovun əziz xatirəsinə.
Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün
Televiziya sosial-ictimai, mədəni-mənəvi, bədii-estetik mahiyyət kəsb edən, həmişə yeni, günbəgün, saatbasaat yenilənməyə təşnə sahədir. Televiziya sürət və sıçrayışdır. Onunla ayaqlaşmaq üçün gərək içində istək, canında təpər, zehnində itilik ola.
1956-cı il, fevralın 14-də Azərbaycanda “bir qutu”nun möcüzəsindən heyrətlənənlər ağıllarına belə gətirə bilməzdilər ki, illər sonra bu sehrli cihaz hansı texnoloji nailiyyətlərin zirvəsində göz qamaşdıracaq?1 İllah da o illərdə “Azneft” meydanının cəmi-cümlətanı üç, ya dörd şəklini bərayi-ehtiyata “zastavka” üçün əl altında saxlayan, kobud, ağır kameraların, “qayçılı montaj kombaynları”nın imkanlarında canlı tamaşa və ya konsertlərin məsuliyyət əndişəsində təntiyən köhnə kişilər bu günkü rəqəmsal sistemi görmək kimi bir möcüzə ilə rastlaşsaydılar, kosmoqonik sehrə düşdüklərini, ya da yuxu gördüklərini zənn edərdilər.
O günlərə qayıdıb milli televiziyamızın intişar dastanını yazanlara Allahdan rəhmət diləmək, estafeti onlardan alıb orta mərhələdən bu günə bağlantı quran və ömrünü uzaqdan asan görünən, fəqət yetərincə əziyyətli peşəyə həsr edən əfsanələri yada salmaq, onların xidmətini xatırlatmaq da bizim borcumuzdur.
Hər il televiziya və radio günündə, yaxud da televizyonçu ağsaqqalların anım günündə hər birimiz bir ustaddan bir neçə abzas yazsaq, sabahın televiziya tənqidçiləri və araşdırmaçıları üçün arxiv töhvəsi qoymuş olarır. Həm də mərhum şairimiz Sabir Sarvan demiş, unutsaq, unudularıq.
Mən bu gün həm milli televiziyanın, həm də “AzTV-Mədəniyyət” kanalının təvəllüd bayramında birgə çalışdım, bir il eyni otaqda , üz-üzə oturduğum əməkdar incəsənət xadimi Fuad Vəlixanov haqqında televiziya dilində danışacağam.
Balans.
Gəlin, əvvəlcə studiya operatorunun diktəsinə tabe olaq; balans qurulsun. Tanınmış televiziya tədqiqatçısı Elçin Əlibəyli balansın tərifini ana dilimizdə “çəkilişdən əvvəl kameranın, yaxud videoyazı aparatının işıq-rəng tənasübünün nizamlanması” anlamında izah edib.
Orta boylu, səliqəli və zövqlü geyinən, ağayana yerişli, ciddi fəqət ciddiliklə bərabər zərif yumor hissinə malik Fuad Vəlixanov. Özündən asılı deyil: operatora tövsiyyə verir, buraxılış şöbəsinin əməkdaşından mikrafon qovluğunun nömrəsini soruşur, APB-də kimin növbədə olması ilə maraqlanır.
Stop-kadr.
Vəlixanov Fuad Zülfüqar oğlu. Əsli-kökü ulu yurdumuz Qarabağdan, Şuşadandır. Ulu babası Vəlixan Qarabağ xanı İbrahimxəlil Xanın mühafizəçilərindən olub. Babası Mahmud 1916-cı ildə Bakıya köçüb, özünə malikanə alıb. Fuad Vəlixanov Bakı şəhərində dünyaya gəlib. 1965-ci ildə Azərbaycanm Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. 1970-ci ilə qədər qəzetlərdə və o vaxtkı “Kommünist” nəşriyyatında işləyib.
Sinxron.
-Atam Zülfüqar Vəlixanov ana dili müəllimi idi. Müharibədən sonra kinostudiyada administrator işləməyə başladı.
Anam Məsumə Əbdülhüseyn qızı tanınmış cərrahdı. Dissertasiyasını Moskvada akademik Bakulevin rəhbərliyi ilə müdafiə etmişdi.
Uşaqlıqdan kinoya meylli idim. “Azneft”də kitab dükanı vardı. Ora tez-tez gedirdim. Bir gün fransız müəllifi Jorj Sadulun “Vseobşaya istoriya kino” əsərini gördüm. İki cildini ala bildim.
14 yaşımda özümə kinoalbom düzəltmişdim. Orta məktəbi bitirəndə VQİK-ə getmək fikrindəydim. Alınmadı.
Anam həkim olmağımı arzulayırdı. “Sənin gözəl bacarıqlı əllərin var, səndən yaxşı cərrah çıxar; - deyirdi rəhmətlik özü də Tibb İnstitutunun dosentiydi. Buna baxmayaraq heç kəsə ağız açmadı. Mən fizikadan “iki” alanda sevindim. Növbəti il filologiyaya qəbul oldum.
Uzaq plan.
1970-ci ildən Fuad Vəlixanov ömrünün televiziya səhifəsi başlayır.
Sədr müavini Nəbi Xəzri onu kiçik redaktor ştatına götürür. Məvacibi az olsa da, bu sahəyə bağlanır, təmkinlə dözür. O vaxt proqram direktoru olan Elşad Quliyev bu gəncin işgüzarlığını, təpərini, nizam-intizamını və ən əsası, peşənin mahiyyətini düzgün əxz etməyini qiymətləndirir, onu proqram direksiyasına buraxıcı-redaktor kimi dəvət edir.
Fuad Vəlixanovun gənc ömründən illər sadəcə keçib getmir, təcrübə və hörmət qrafası ilə diqqət çəkir. Böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini, nəhayət, proqramlar baş direktoru kimi yüksəlir. Təşkilatçılıq qabiliyyəti, operativliyi, can yanğısı, proqram işinə fundamental, elmi yanaşması onu başqalarından fərqləndirirdi.
Xətti montaj.
“Xətti montaj – təsvirlərin yalnız bir xətt boyunca və yalnız ardıcıl düzülməsini səciyyələndirən montaj üsuludur. Xətti montaj zamanı montaj olunmuş hazır materiala hansısa kadrı əlavə etmək, yaxud oradan nəyisə çıxartmaq üçün təsvir bütünlüklə (yaxud qismən) yenidən köçürülüb işlənməlidir (E.Ə)
Nədənsə, mən bu bölgünü damla-damla hörmət qazanan, zərrə-zərrə təcrübə toplayan , fədakarlığı hesabına tərcümeyi-halına şərəf gətirən kişilərə şamil etməyəüstünlük verirəm. Onların tərcümeyi halı Allahdan bir xətt üzərində, həm də inkişafa doğru uzanan xətt üstündə montaj olunur. İllərin arakəsmələrində - keçidlərdə də bir “sıçrayış” (“skaçok”) sezməzsən. Eynən Fuad Vəlixanovda olduğu kimi.
2000-ci ildə təsis olunan “Lider” televiziyasının Proqramlar direktoru və bədii rəhbəri olub.
2006-cı ildə Azərbaycan Televiziyasının yeni rəhbərliyi Fuad Vəlixanovu işə dəvət edir: proqramlar baş direktoru statusunda.
2008-1010-cu illərdə Azərbaycan Televiziyasının “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunur.
2010-cu ildə Fuad müəllim rəhbərliyin yanından qanıqara gəldi. Fuad müəllimlə bir-birimizi sözsüz, mimikalardan anlayırdıq. Diqqətlə, daha doğrusu “nəsə olub? ”mənasında üzünə baxdım. Kinayə ilə güldü:
-Hafiz, sürgünə göndərdilər.
Televiziyadan radioya keçmə AzTV-də sürgün adlanırdı.
2011-ci ildə, “AzTV-Mədəniyyət” kanalı fəaliyyətə başlayanda Fuad Vəlixanovu çağırıb “get, Cəmil Quliyevə kömək et, yeni kanalın baş proqramlar direktoru təyin olunursan” dedilər.
Mədəniyyət kanalında daha həvəslə, şövqlə çalışdı. Üzü gülürdü. Yeni yaranmış kanalın proqram-efir siyasəti, koordinasiyalar nə qədər ağır olsa da, F.Vəlixanov özünü xoşbəxt sayırdı. Çünki o, televiziya ilə nəfəs alırdı. Kollektivi çox sevirdi. Boş vaxtlarda (belə hal təsadüfən olardı) otururdu, əməkdaşlara baxırdı, çöhrəsinə şirin, mehriban təbəssüm yayılırdı.
Hafiz, Kəmalə, Lətafət, Nigar, Mintac, Zaur, Əziz, Namiq, Xanım, Rəsul, vallah, məni bir də başqa işə göndərsələr, darıxacam e sizsiz.
...Göndərdilər. 2013-cü ilin mayından İctimai Televiziya və Radio Verilişləri Şirkətinə eyni vəzifəyə göndərdilər....
APB – Aparat – proqram bloku
Hazır verilişlər məhz bu blokdan efirə ötürülür. Burada saniyələr belə, önəmlidir. Fuad Vəlixanovun proqram direksiyasındakı çoxillik təcrübəsi, bənzərsiz proqram siyasəti onu “canlı APB” təşbehinə simsar edirdi.
Kontrapunkt
Proqramlaşdırma, proqram direksiyası televiziyanın onurğa sümüyüdür. Və bu işin keyfiyyəti təkcə televiziya stajı, savadla ölçülmür. Nə də bu iş verilişlərin sadəcə sıralanmasından ibarət deyil.
Peşəkar proqramlar direktoru sosial sifarişin, ictimai rəyin, kontingent maraqları spektrinin, xəbər və əyləncə balansının, maarifçilik ehtiyacının əyarlarını zərgər dəqiqliyi ilə müəyyənləşdirməli, bu qənaəti mükəmməl analizdən keçirdikdən sonra departamentlərin yaradıcı heyətinə koordinasiya verməlidir.
Nəticədə televiziyanın tanıtım nişanına çevrilə biləcək proqram xalısında orijinal çeşni yaradılmalıdır.
Kontrapunkt – televiziyada səsin, sözün və təsvirin vahid məzmun yaratmağıdırsa, efir siyasəti də müxtəlif düşüncə, təfəkkür tərzlərinin göstəricisi olan ayrı-ayrı proqramları televiziyanın konseptual strategiyaslnda – bir tanıda birləşdirməkdir.
Proqram işi – çeviklik, operativlik, tamaşaçı rəyi ilə təmas tələb edir. Proqram direktorluğu sürreal yaradıcılarla darıxmaq istəməyən, real tələbi olan tamaşaçı arasında koordinasiya funksiyası daşıyır.
Proqram direksiyası audiovizual landşaftı nizamlayan önəmli departamentdir.
Hər zaman dünya təcrübəsindən bəhrələnməyi sevən Fuad Vəlixanov yaşlansa da, təfəkkürü çağdaş zamanın tələbləri ilə uyğunlaşırdı.
Sinxron seçmələr
Məndən ötrü milli təəssübkeşlik, eyni zamanda bəşəri ideyalar, mənəvi-əxlaqi dəyərlər, dövlətçiliyə xidmət əsas meyar olub.
Mən televiziya ilə nəfəs alıram.
Hansı televiziyada işləsəm də, Azərbaycan Televiziyasını özümə doğma ocaq saymışam.
Televiziyada birtərəfli islahatların əleyhinəyəm. Yəni tamam gəncləşdirmək gözlənilən effekti verməz, təcrübəsizlik özünü göstərəcək.
Tam yaşlıları yığmaq, gənclərə yol verməmək də günahdır. 25-30 yaşında gənc olar ki, biz yaşlılar ondan nəsə öyrənərik. Eyni zamanda 60 yaşında çevik düşüncəli yaşlı televiziyonçu olar ki, 10 gəncdən daha müasir, daha kreativ ideyalar qoyar ortaya. Bu məsələdə mütləq balans gözlənilməlidir. Kreativlik geyimlə, tullanıb-düşməklə, ana dilini bərbad günə qoymaqla ölçülmür. Gərək proqramın janrı, üslubu, mövzuya yanaşma, qəhrəmanın təqdimatı, sualların qoyuluşu, montaj strukturu müasir zehniyyətin məhsulu olsun. Bu da ən çox intellektlə bağlıdır. Televiziya tarixi, nəzəriyyəsi ilə bağlı Azərbaycanda kifayət qədər mənbə var. Elşad Quliyev, Aydın Dadaşov, Qulu Məhərrəmli, Yalçın müəllim, Zeynal , Elçin Əlibəyli peşəkar televiziya araşdırmacıları və tənqidçiləridir.
Gənclərimizə sadaladığım alimlərin kitablarını oxumağı məsləhət görərdim.
Səksən yaşın astanasına qədəm qoyuram. Yenə televiziya ilə nəfəs alıram. Bütün günü telekanalları izləyirəm, özüm üçün təhlillər yazıram. Təbii ki, ən çox da proqram, efir siyasəti nöqteyi-nəzərindən yanaşıram.
Mənə gülməyin, bu gün hər hansı televiziya kanalı öz sahəm üzrə dəvət etsə, tərəddüdsüz gedərəm...
... Rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma və lakin...
Yaradılışın da öz proqramı var. Fuad Vəlixanov bu həyatda, televiziya sahəsində öz missiyasını tamamlayıb haqqın dərgahına qovuşdu.
Ruhun şad olsun. Peşəkar!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)
Azərbaycan əsilli gimnastlar ABŞ-də uğurla çıxış ediblər
Azərbaycan əsilli gənc gimnastlar, ABŞ Gimnastika Federasiyasının (USA Gymnastics) və MIG Ritmik Gimnastika Klubunun üzvləri Yasmin Yusifli və Eva Əhmədova Kaliforniya ştatının paytaxtı Sakramentoda keçirilən ritmik gimnastika üzrə yarışda çıxış ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, turnirdə 33 idmançı mübarizə aparıb. 9 yaşlı Yasmin Yusifli və 8 yaşlı Eva Əhmədova Azərbaycan milli musiqisinin sədaları altında öz bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanlı gimnastların zərif milli geyimləri, texniki baxımdan yüksək səviyyəli, ifadəli və emosional çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Yarışın nəticələrinə əsasən Yasmin Yusifli top proqramı üzrə 3-cü yerə layiq görülüb. Bu nəticə onun idman karyerasında növbəti uğur kimi dəyərləndirilib. Soydaşımız bundan əvvəl ardıcıl üç yarışda 1-ci yerin sahibi olub.
Yasmin Yusifli Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) üzvü, Eva Əhmədova isə Kaliforniyada fəaliyyət göstərən Azərbaycan rəqs dərnəklərinin fəal iştirakçısıdır. Onların qazandıqları nailiyyətlərdə məşqçi Antonina İvanyukanın peşəkar yanaşması və davamlı dəstəyi xüsusi rol oynayır.
“Ədəbiyyat və incəsənət”
(13.02.2026)
Tələbə yaradıcılığı – Ayşən Cəfərovanın SEVGİ barədə essesi
”Ədəbiyyat və incəsənət” portalının ələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 3-cü kurs tələbəsi Ayşən Anar qızı Cəfərovanın“Keçmiş, gələcək və bugünün sevgisi” adlı essesi təqdim edilir.
Bəşəriyyət boyunca sevgi haqqında milyonlarla əfsanə, rəvayət və söz nəsildən-nəsilə ötürülmüşdür. Onlardan ən məşhurlarından bir neçəsini xatırlayaq.
El arasında deyilən “qismət” — insanın istəsə belə dəyişə bilmədiyi, zamanı yetişəndə qarşısına çıxan payıdır. Bu, sadəcə nəsib deyil; öz vaxtı, məkanı və insanı ilə birlikdə gələn bir yazıdır. Əgər bir şey sənə aid deyilsə, nə qədər yaxın olsa belə, yanında qalmaz. Amma sənə yazılan geciksə də, yolunu itirməz — bir gün mütləq gəlib səni tapar.
Qırmızı ip nəzəriyyəsinə görə taleyində bir-birinə aid olan iki insan görünməz qırmızı bir iplə bağlanır. Bu ip dolaşa, uzana, hətta düyünlənə bilər, amma heç vaxt qırılmaz. Yollar ayrı düşsə də, zaman araya məsafə salsa da, o insanlar bir şəkildə yenə bir-birinə toxunar — ya real həyatda, ya da xatirələrin səssizliyində.
Platonun “Şölen” (Symposium) əsərində Aristofanın dilindən maraqlı bir əfsanə nəql olunur.
Rəvayətə görə, insanlar əvvəllər indiki kimi deyildi. Tanrı Zevs onları dörd əlli, dörd ayaqlı və iki üzlü yaratmışdı. Bir bədəndə iki insan var idi — güclü, bütöv və tək deyildilər. Bu varlıqlar o qədər qüvvətli və özlərinə arxayın idilər ki, bir gün tanrılara qarşı çıxmağa cəsarət etdilər. Bu isə Zevsin xoşuna gəlmədi. Lakin o, insanları tamamilə məhv etmədi. Çünki insanlara ehtiyacı vardı — ibadət üçün, tanrıların qüdrətini hiss etdirmək üçün. Bunun əvəzinə onları cəzalandırdı: insanları iki yerə böldü.
Hər insan yarımçıq qaldı. Dörd əl iki əllə əvəz olundu, iki üz tək bir üzə çevrildi. Və o gündən sonra… sevgi başladı.
İnsanlar ayrıldıqları andan etibarən öz itirdikləri yarını axtarmağa başladılar — küçələrdə, zamanın içində, başqa insanların baxışlarında.
Sevgi, əslində, itirdiyin yarını tanımaq hissidir. Bəzən bir insanla cəmi bir saat keçirərsən və sanki onu illərdir tanıyırsanmış kimi hiss edərsən. O qəribə yaxınlıq, o izahsız doğmalıq… bəlkə də elə oradan gəlir.
Antik fəlsəfədə sevginin üç mərhələdən ibarət olduğu düşünülürdü.
Qədim yunan düşüncəsinə görə sevgi belə bölünürdü:
1. Eros — ehtiras və fiziki cazibə,
2. Philia — dostluq və qarşılıqlı anlayış,
3. Agape — fədakarlıq və şərtsiz sevgi.
İnanca görə yalnız Erosla başlayan sevgi uzunömürlü olmur; ehtiras zamanla sönə bilər. Sevgi Philia mərhələsinə keçməzsə, yəni dostluq və anlayışla möhkəmlənməzsə, zəifləyər. Agape səviyyəsinə çatmayan sevgi isə yarımçıq qalar — çünki şərtsiz qəbul və fədakarlıq olmadan bağlar dərinləşmir.
İndi isə günümüzün sevgi anlayışına nəzər salaq.
Bir ürək ağrısıdır sənin adın. Mənə yaşadığımı xatırladan. Ya da öldüyümü pıçıldayan.
İnsan neçə dəfə aşiq ola bilər? Ürək neçə dəfə qırıla bilər? Məgər bu ürək şüşə stəkandır ki, hər dəfə qırılıb minlərlə parçaya ayrılsın? Və qırıldıqdan sonra yerinə yenisi alınmasın?
Psixoloqlara görə insan ömrü boyu təxminən üç dəfə aşiq olur.
Birinci sevgi, saf və idealistdir.
Daha çox xəyallara, “əbədi olacaq” düşüncəsinə söykənir. Bu mərhələdə biz çox zaman qarşı tərəfi deyil, sevmək hissinin özünü sevirik. İlk sevgi adətən bir az uşaqcasına olur — saf, inamlı və bəzən də düşüncəsiz. Çox vaxt keçicidir. Zaman keçdikcə xoş bir xatirəyə çevrilir; üzə gülümsəmə gətirən, amma ürəyi artıq incitməyən bir xatirəyə.
Lakin bəzən - nadir hallarda - ilk sevgi ilə son sevgi eyni insanda cəmlənə bilər.
İkinci sevgi, sarsıdıcı və dərs verən sevgidir.
Qırılmalar, xəyanət, itirmə qorxusu, özündən qurban vermək bu mərhələdə baş verir. İnsan burada böyüyür. Ən dərin izlər də çox zaman məhz bu sevgidən qalır. Bəzən nə qədər getmək istəsən də, gedə bilməzsən. Öz mövqeyindən geri çəkilər, “heç vaxt etmərəm” dediyin şeyləri belə edərsən. Birinci sevgidən fərqli olaraq, burada hər şey daha ciddi görünür. Bu artıq uşaqcasına bir sevgi sayılmaz.
İtirmə qorxusunun səni necə yorduğunun fərqinə belə varmazsan. Qarşı tərəfin laqeydliyi səni incitsə də, bunu görməzliyə vurarsan. Onun səni tərk edəcəyindən qorxduğun üçün araya məsafə qoymaz, özünə inciməyə belə haqq tanımazsan. Amma qarşı tərəf səni itirməkdən zərrə qədər qorxmaz. Çünki nə qədər getsələr də, bir gün geri döndüklərində sizi eyni yerdə tapacaqlarına əmindirlər.
Əslində o güvəni qarşı tərəfə verən də yenə siz olursunuz. Bütün inciklikləri unudar, görməzliyə vurarsınız. Amma o, ən xırda məsələni belə böyüdüb ayrılıq səbəbinə çevirər. Siz isə yenə yola verərsiniz. Təki münasibət bitməsin, təki ayrılıq olmasın.
“Axı ayrılsaq, onsuz necə yaşayaram?” sualı burada başlayır.
Və insanın özündən qurban verməsi də məhz bu nöqtədə başlayır.
Sözsüz ki, sizi xoşbəxt etdiyi anlar da olar. Lakin incitdiyi anlar çox vaxt daha ağır gələr.
Bəzən qarşı tərəfi dinləyərsiniz. O qədər çox dinləyərsiniz ki, bir müddət sonra fərq edərsiniz: siz heç bir kəlmə belə deməmisiniz. Münasibətdə həmişə dinləyən, anlayan, önəm verən tərəf siz olmusunuz. Amma bir dəfə belə sizin hissləriniz eyni diqqətlə qarşılanmayıb.
Və insanın özündən qurban verməsinin başqa bir forması da məhz budur — susaraq tükənmək.
Bəzən qarşınıza çıxan insan yaralı olar. Siz onun yarasını sarmaq istəyər, ona ən gözəl duyğuları yaşatmaq üçün özünüz və keçmişinizlə savaşarsınız. Bunun boşa zaman itkisi olduğunu çox gec öyrənərsiniz. Bəs bu nə vaxt yaşanar?
Birini gözləyərsən, amma o zaman dilimində əslində heç kimi istəməzsən.
Sən bütün ömrüm boyu gözlədiyim, amma həyatımın ən gözlənilməz anında qarşıma çıxan birisən.
Bir qəlb neçə dəfə eyni yerdən qırıla bilər? Qırıqlar sağaldıqca necə olur ki, yenidən qanayır?
Ruhumuzu ipi qopuq sarğılarla sarımışam. Sarğılar köhnədir, sarğılar kirlidir. Qan ləkələrini üzərindən heç cür silə bilmirəm.
Qanadığın qədər qanadar, sara bildiyin qədər sağalarsan deyirlər. Sən yaralı birini sardıqca, o sənin qabıq qoymuş bütün yaralarını yenidən qanadar. İslanmış bir yara bandı artıq əvvəlki kimi tutmaz; sızlayan yer hər dəfə bir az daha dərin qanayar.
İkinci sevgi insana dəyərsiz olduğunu hiss etdirir. Qarşı tərəfin hərəkətləri, düşüncə tərzi səni incidir. Niyə belə birini sevdiyini bilmirsən, amma yenə də sevirsən. Bəzən sevgi yalnız hislərlə bağlıdır.
Nə qədər kitab oxusanda da, ona olan sevginin bir səbəbini, iki cümləylə belə izah edə bilməzsən. Çünki bəzi sevgilər nədənsiz olur.
Səbəbsiz.
“Səni səbəbsiz sevirəm.”
Bu sənə bəs etmirmi?
Bəlirsizlik dəyərsizlikdir, incitdiyini hiss etdiyin ilk an çıxıb getməlisən yoxsa gözlərini açdığında ovuclarında qəlbinin qırıq parçalarını görərsən.
İkinci sevgi insanı böyüdür. Artıq əvvəlki kimi kimsəyə qarşı tam açıq ola bilməz. Yeni biri həyatına girdikdə isə ona yalnız sərt və qalın divarlarını göstərər. O divarları aşmasına icazə verməz.
İkinci sevgidə bir tərəf həmişə doğru insan olmağa çalışarkən, digər tərəf artıq yanlış insan olur. Və bu yanlış insanlar, həyatlarındakı bəlkə də tək doğru olan insanı qorxularına görə ömürlük itirirlər.
Sevgi işlərində qürura yer yoxdur.
Sevirsənsə, hər şeyi edərsən.
Sevirsənsə, bəhanələrə sığınmazsan.
- Səni incitmək istəməzdim.
- Təşəkkürlər, çoxdan incitdin.
Bəzən bu sevgilərdə ayrılıq daha üstün gəlir. Amma illər sonra da olsa, əgər həqiqətən bir-birlərinin nəsibində varsa, yenidən qarşılaşar və yenidən başlayarlar.
İkinci sevgi bəzən insanın üçüncü sevgisi ilə eyni ola bilər. Amma bu, yalnız bəzən baş verir.
“Sənə bir şans daha verirəm. Amma bu səfər… nə olar, qəlbimi qırma.”
Üçüncü sevgi, gözləmədiyimiz anda gələn, sakit və real sevgidir.
Nə mükəmməldir, nə də nağıl kimi. Amma tamamilə doğrudur. İnsan bu sevgidə özünü sübut etməyə çalışmır; sadəcə özü olur. Bu sevgi bəzən gec gəlir, amma mütləq sizi tapar.
Burada heç bir qısıtlama, heç bir oyun yoxdur - yalnız səmimiyyət və qarşılıqlı hörmət vardır. Birlikdə addım atar, bərabər bir gələcək qurarsınız. Heç kim digərinin kölgəsində qalmır. Xəyallarınızı gerçəkləşdirmək üçün qarşı tərəfi əzib keçməyə ehtiyac yoxdur. Çünki o, qarşınızda deyil, yanınızda duracaq.
Ən əsası, heç vaxt sizə yanlış bir seçim kimi görünməyəcək. Qəlbiniz qırılmayacaq. O qopmuş, köhnə sarğılara da artıq ehtiyacınız qalmayacaq. Çünki, yaralarınızı gizlətməyə çalışmayacaqsınız. Dinləməyi bacardığınız və sizi həqiqətən dinləyən bir insan olacaq yanınızda.
Doğru insan həyatınız tam qaydasındaykən gəlib onu alt-üst edən deyil, ən pis dönəminizdə gəlib sizə yaxşı gələn insandır.
Bir gün digər yarınız gəlib sizi tapacaq.
O zaman qırmızı ip nəzəriyyəsi, yunan əfsanələri, qismət və sanki imkansız görünən hər şeyin necə də real olduğunu görəcəksiniz.
Işığınızı söndürəcək biri ilə yox, daha da parlayacağınız birinin sizi tapması diləyi ilə.
“Ədəbiyyat və incəsənət”
(13.02.2026)


