Bu gün Rza Təhmasibin anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Teatr dahisi! Bəli, onu haqlı olaraq belə adlandırırdılar...

 

Rza Təhmasib 20 aprel 1894-cü ildə Naxçıvanda dünyaya gəlib. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub.

 1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.

Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçib. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub.

Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırıb. Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi

"Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynayıb. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri olub. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub.

Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başlayıb. Film 1943-cü ildə tamamlanıb. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi olub. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilib. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu.

1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görülüb. "Arşın Mal Alan" kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 75 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynayıblar.

1950-ci ildə A. Zarxi və M. Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi olub. Bu film 1959-cu ildə istehsal olunub və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film olub. Filmin ssenarisini rejissorun qardaşı, filoloq-alim M. Təhmasib yazıb. Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilib.

Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır. Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynayıb.

Onun Azərbaycan və Türkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndəliyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması, digər tərəfdən isə rus, ərəb, fars və türk dillərini mükəmməl bilməsi ilə bağlı olub.

1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə"də dərs almağa başlayıb. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilib. Beş il sonra "Məktəbi-tərbiyə"ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olub.

 

Təltif və mükafatları

"Azərbaycan SSR xalq artisti" fəxri adı

"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

"Stalin" mükafatı (2-ci dərəcə)

"Şərəf nişanı" ordeni

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

 

Rza Təhmasib 14 fevral 1980-ci ildə vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.