Bir ailənin evinin işığının əbədi söndüyü gün Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Dünənki gün insanlığın hər kəsdə olmadığını xatırladan gün idi. Bir neçə il öncə məhz 13 fevralda bir ailənin işığı birdəfəlik söndü. O evdə artıq səs-səmir qalmadı, qapılar bağlandı, pəncərələr susdu. Nə Pikə xanım, nə yoldaşı nə oğlu, nə qızı nə nəvəsi...

 

Çünki bir evin içində ağlasığmaz bir vəhşilik baş verdi. "Övlad" – Əhməd öz anasını, qardaşını bacısını, bacısının azyaşlı övladını və atasını baltalayaraq amansızcasına qətlə yetirdi. Beş nəfərlik bir ailə bir anda yox oldu.

Bir soyad bir gecədə qara ləkə kimi keçmişdə qaldı.

İnsan bu xəbəri oxuyanda ilk olaraq özünə eyni sualı verir:

"Hansısa bir övlad bunu ailəsinə edə bilərmi?"

Normal düşüncə ilə yox. Amma reallıq göstərdi ki, edə bilir. Son illər “baltalama” xəbərlərinə tez-tez rast gəlirik. Qonşusunu, tanımadığını, bəzən isə təsadüfi bir insanı öldürənlər olur. Amma Əhmədin cinayəti digərlərindən fərqlənir. Bu hadisə təkcə qan dondurmur, insan psixologiyasını məhv edir.

Çünki burada qurbanlar yad insanlar deyildi.

Ana idi.

Bacı idi.

"Anamı öldürmə", -deyə yalvaran qardaş idi.

Bir uşağın körpə canı idi.

 

 

Bu, artıq sadəcə cinayət deyil. Bu, insanlığın tam çöküş nöqtəsidir. Cəmiyyət olaraq tez-tez sual veririk: “Necə olur ki, biri bu həddə çatır?” Amma bu sualı verməklə kifayətlənirik. Cavab axtarmırıq. Psixoloji problemlər illərlə gözardı edilir, ailədaxili zorakılıq “ailə məsələsidir” deyə susdurulur, ruhi pozuntular isə ya lağ obyektinə çevrilir, ya da tamamilə görməzlikdən gəlinir. Ər arvadı döyəndə "yəgin ki, nəsə səhvi vardı" deyirik, ata qızını öldürəndə "qızı nə edib ki ,  ata o həddə çatıb" deyirik. Sonra da hamımız eyni cümləni deyirik:

“Gözlənilməz oldu”.

Əslində gözlənilməz deyildi. Sadəcə biz görmək istəmədik. Əhmədin törətdiyi cinayət bir ailəni yox etdi, amma eyni zamanda cəmiyyət üçün də bir güzgü oldu. Bu güzgüdə biz nə qədər laqeyd, nə qədər biganə və nə qədər gec reaksiya verən olduğumuzu gördük.Bu tarix insanlığın bəzən bir anda necə yox ola bildiyinin sübutudur.

 Susduqca, görməzlikdən gəldikcə, bu cür faciələrin sayı azalmaq əvəzinə artır.

Vicdan əzabının olmaması cinayətin özündən də ağırdır. Bu, insanın içindəki bütün mənəvi mexanizmlərin sıradan çıxdığını göstərir. Nə sevgi qalıb, nə qorxu, nə də insanı insan edən o daxili səs. Bəlkə də bizi ən çox vahiməyə salan məhz budur. Cinayətkarın cəzası var. Amma vicdanı olmayan insan üçün cəza da bəzən kifayət etmir.

Əhməd ailəsini öldürdü.

Amma görünən odur ki, içində insanlığı daha əvvəl öldürmüşdü.

Və cəmiyyət üçün ən təhlükəli olan da budur:

Vicdanını itirmiş bir insan.

Bu gün bir ailənin məzarı üzərində dayanıb yalnız ah çəkmək yetərli deyil. Bu gün sual vermək, cavab tələb etmək və insan psixologiyasını ciddiyə almaq günüdür. Əks halda növbəti 13 fevral yenə başqa bir ailənin həyatını yarımçıq qoyacaq.

Qeyd etmək lazımdır ki, ən dəhşətli məqam təkcə bu qətliam deyil. Ən qorxulusu odur ki, ailəsini vəhşicəsinə öldürən Əhməd bu gün də vicdan əzabı çəkmir.

İnsan bir canı alanda belə sarsılır, bəzən ömrünün sonuna qədər peşmanlıqla yaşayır. Bəs beş can? Ana, ata, bacı və bir körpə… Buna baxmayaraq, Əhmədin nə peşman olduğu, nə də daxilən dağıldığına dair bir əlamət görünmür.

Bu artıq “niyə etdi?” sualından daha qorxuludur.

Çünki buradakı əsas sual budur:

İnsan necə olur ki, etdiyinin ağırlığını belə hiss etmir?

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.