Super User

Super User

Cümə, 22 Noyabr 2024 13:55

Ümid Naccarinin uğuru

 

 

Azərbaycanlı şair və tərcüməçi Ümid Naccari İtaliyanın "Leopold Sedar Senqor" ədəbiyyat, mədəniyyət və incəsənət Akademiyasının həqiqi üzvü seçilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Ümid Naccari özü məlumat verib.

 

Məlumatda qeyd edilir: “Akademik senatın qərarı ilə Umid Nəccarinin şəxsi yaradıcılığından irəli gələn üstünlüklərə görə akademiya tərəfindən həqiqi üzv titulu adına layiq görülür”.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində reallaşan tədbirlər davam edir. Artıq 10 gündən çoxdur ki Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində 100-lərlə görüşlər, əhəmiyyətli tədbir və müzakirələr keçirilib. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəsmi saytında  “COP 29-un gündəliyi” adlı bölmə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bölmə özündə xronoloji ardıcılıqla COP29 çərçivəsində keçirilən görüşlərin, tədbirlərin internet məkanında olan keçidlərini cəmləyir. Tam mətnlərə əsaslanan bu keçidlərdən ibarət olan elektron resurslar bazası özündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-la əlaqədar keçirdiyi bütün görüşləri və çıxışları cəmləyir. Kitabxananın rəsmi saytında yerləşdirilən resurslar bazasına https://ryl.az/activity/COP_gundelik  əlavələrin davam etdirilməsi irəliləyən günlərdə də nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır ki, “COP 29-un gündəliyi” ilə yanaşı kitabxananın rəsmi saytında olan “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazası da öz fəaliyyətini davam etdirir. Bu günə kimi, bu bazada 180-dən çox məqalənin tam mətni yerləşdirilib. “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazasına  https://ryl.az/activity/yashil_dunya linkinə keçid etməklə baxmaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

“Ədəbiyyat və incəsənət portalı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamını diqqətinizə çatdırır:

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

21 noyabr 2024, 16:27

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görsün;

2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamın 1-ci hissəsi və 2.1-ci bəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2024-cü il

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - 2024-cü il noyabrın 22-si Sumqayıt şəhərinin 75 illik yubileyidir. Bu əlamətdar gün təkcə Sumqayıt sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Sumqayıt Azərbaycanın sənaye mərkəzlərindən biri olmaqla yanaşı, tarixi, mədəniyyəti və müasir inkişafı ilə ölkənin qürur mənbəyidir.

 

Sumqayıtın 75 İllik nailiyyətləri

 

1949-cu ildə şəhər statusu alan Sumqayıt ötən 75 il ərzində böyük inkişaf yolu keçib. Bir vaxtlar kiçik bir sənaye qəsəbəsi olan bu məkan bu gün müasir sənaye, elm və mədəniyyət mərkəzinə çevrilib.

 

İqtisadiyyat: Sumqayıt, SSRİ dövründə kimya və metallurgiya sənayesinin inkişafı ilə tanınıb. Bu gün isə Sumqayıt Kimya Sənaye Parkı, texnologiya və innovasiya mərkəzləri şəhərin iqtisadi potensialını yüksəldir.

 

Mədəniyyət: Sumqayıt teatr, muzey və mədəniyyət ocaqları ilə xalqın mədəni irsini yaşadır. Şəhərin dənizkənarı bulvarı və istirahət məkanları sakinlərə və qonaqlara gözəl vaxt keçirmək imkanı yaradır.

 

Təhsil və Elm: Sumqayıt Dövlət Universiteti və digər təhsil müəssisələri elmi tədqiqatlar və yeni nəsil mütəxəssislərin yetişməsi üçün əsas rol oynayır.

 

Bu gün Sumqayıt təkcə keçmiş nailiyyətləri ilə yox, həm də parlaq gələcəyi ilə sevilir. 75 illik yubiley münasibətilə Sumqayıt sakinlərini və şəhərə bağlı olan hər kəsi təbrik edir, şəhərə sülh, rifah və davamlı inkişaf arzulayırıq. Əziz Sumqayıt, sən həmişə Azərbaycanın sənaye və mədəniyyət qəlbi olacaqsan!

Sumqayıtın keçdiyi bu şərəfli yolu qeyd edərək, onun qurucuları, işçiləri və sakinlərinin əzmkarlığını minnətdarlıqla xatırlayırıq. Gələcəkdə şəhərin daha böyük  uğurlara imza atacağına əminik!

75 yaşın mübarək, Sumqayıt

 

 “Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. Biz isə COP29-a evsahibliyi etdik. 

Tədbirin ən maraqlı fotolarınını Elvin Abdullanın təqdimatında “Ədəbiyyat və incəsənət” oxucularının ixtiyarına veririk. 

1.

2.

3.

4.

5.

6.

7.

  

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda aktyorluq peşəsinin ən uca zirvəsinə yüksələ bilən sənətkarlar çox olub. Düşünürəm ki, kino və teatr sənətinin komediya janrında onun fəth etdiyi zirvəyə hələ də heç kim yüksələ bilməyib. Necə deyərlər, o, bu sənətin “Everest”i idi...

 

Bir başqa aləm idi Yaşar Nuri. Bəzən uşaq kimi kövrəlir, bəzən də sərt olurdu. Hətta adamdan inciyib küsməyi də vardı. Heç vaxt heç kimin haqqına girməzdi və belə insanlara nifrət edirdi. Hikmətli sözləri çox idi. Həmişə aktyorlara deyirdi ki, 50 yaşına qədər adınıza işləyin, 50-dən sonra adınız sizə işləyəcək. Çox siqaret çəkirdi. Tərgitmək istəsə də, özüylə bacarmırdı. Hobbisi də, əyləncəsi də, həyatı da sənəti idi. Obrazları o qədər cani-dildən oynayırdı ki, köynəyini sıxanda su tökülürdü. Səliqəli geyinməyi xoşlayırdı və həmişə də “brend” paltarlar alırdı. Məclislərdə ürəyi açılırdı və özünü rahat hiss edirdi...

 

Həyatda da baməzə insan idi. O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün çəkilişə gedirdərkən, yolda həmkarı Firəngiz Mütəllimova ilə rastlaşır. Haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. Firəngiz xanım cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” Razılaşırlar. Firəngiz xanım 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra özü həmin çəkilişə gedib, iştirak edir. Bunu bilən Firəngiz xanım ondan soruşur ki, niyə özün getdin, məni qoymadın? “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”

 

Yaşar Nuri həm də böyük bir məktəb idi, obrazla yaşamağı bacarırdı. "Səni axtarıram" tamaşasının çəkilişi zamanı tərəf müqabili ağlamalıydı. Orada bir yer var, Elçin (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) saçını oxşayıb deyir: "Sən yaxşı qıszan, Gülnar". Rejissor nə illah eləyirsə, Gülnar ona baxıb ağlaya bilmir. Bir də onda görürlər ki, Yaşarın gözlərindən yaş axır. Gülnarın əvəzinə Elçin ağlayır...

 

Möhtəşəm aktyorluq istedadıyla bərabər, onun gözəl, şıdrığı rəqs etmək qabiliyyəti də var idi. Ən çox “Qoçəli” rəqsini oynayardı. Bütün toylarda xüsusi olaraq onun üçün ifa edib, onu rəqsə dəvət edərdilər…

 

Yaşar Nuri yalnız sənəti ilə deyil, savadı ilə də fərqlənirdi. Peşəkar jurnalistlər ondan müsahibə götürəndə çalışırdılar ki, istədikləri cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə çaşıb nəyisə deyər. Amma o, sualları elə ustalıqla cavablandırırdı ki, heyran qalmamaq mümkün deyildi. Çox güclü yaddaşı var idi, sanki canlı arxiv idi...

 

Ömür-gün yoldaşı Rəhimə xanım deyir ki,- “Uzun sürən xəstəliyinə baxmayaraq, fikri-zikri səhnədəydi. Ömrünün son günlərində çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə, elə istəyirəm ki, səhnədə tək çıxış edim, monoloq söyləyim. Amma bilmirəm əlil arabasında səhnəyə çıxmağım düzgün olarmı?””

 

Noyabrın 22-si Yaşar Nurinin vəfatından 12 il ötür. Heyf ki, milli komediyamızın “Everest”i bu gün aramızda yoxdur. Amma nə qəm, nə qədər ki, Azərbaycan var, Yaşar Nurinin əziz xatirəsi ehtiramla yad olunacaq... 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Cümə, 22 Noyabr 2024 12:46

Rəsm qalereyası: Yan Davids De Xem

Rəsm qalereyası: Yan Davids De Xem

 

Niderland rəssamı Yan Davids De Xemin (1606-1684) “Meyvə və dəniz nemətləri ilə natürmort” rəsmi

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Günün fotosu - Bizon 35 dərəcə şaxtada

 

Dünyanın ən yaxşı fotoları sırasında Tom Mörfinin “Bizon 35 dərəcə şaxtada” fotosu xüsusi yer tutur. 

Baxın, peşəkarlıqdan heyrətə gəlin. 

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

- Ədalətin bərqərar olması üçün qanunları vicdansızlar yazmalı, vicdanlılar hökm çıxartmalıdırlar.

 

- Hər yanında gedən səninlə getmir.

 

- Qulağını vicdanına dayayanın dayağı Allah olar.

 

- Ən yaxşı xüsusiyyət tox göz, ən yaxşı hədiyyə xoş sözdür.

 

- Allah insana yaddaşı ona görə verib ki, başqalarını etdiyi pisliyi yaddan çıxara bilməsin.

 

- Arzuları kişisinin cibinə uyğun olan qadın sonda xoşbəxt olar.

 

- Münasibətə qonan toz xoş rəftarla silinər.

 

- Ağla qara dil tapardı, aralarına girən boz olmasaydı.

 

- İşləyən saatın sənin də işləməli olduğuna işarədir.

 

- Yüz ən bahalı saatın olsa belə, onlar sənin həyatını bir saniyə belə artıra bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Cümə, 22 Noyabr 2024 18:20

Gülüş klubunda xəstə milyonçu

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Bir zamanlar dramaturq Bernard Şou yazmışdı ki, qəzet velosipeddən yıxılma halı ilə sivilizasiyanın qəzaya uğraması halı arasında fərqi görməyən çap orqanıdır.

Çox təəssüf ki, günümüzdə heç nə dəyişməyib. Üstəlik, televiziya və saytlar da bu sırya qoşulublar. 

 

2.

-Həkim, mən sağalsam, sizin xəstəxananın yeni binası üçün 500 min dollar ianə verəcəyım, - xırıltılı səslə xəstə milyonçu söyləyir. 

2 ayın tamamında həkim ona yaxınlaşıb gülümsəyın çöhrəsini görür və deyir:

-Siz tam sağalmısınız. Mən sizinlə sağalacağınız təqdirdə xəstəxananın yeni binası üçün ayıracağınız 500 min dollarlıq vədiniz barədə söhbət etmək istəyirəm. 

Milyonçu başını bulayır:

-Gör necə xəstə olmuşam ki, sayıqlamışam e.

 

3.

Sən bir gün mənə istehza edəcəksən ki, Ərəstun, bu 45 ildə o seyrəktük saqqalından və Elmlərdəki parkovşikliyindən başqa nə qazanmısan? 

Mən də həmin gün yuxarıdan aşağı sənin bu meşşanlığına tamaşa edib acıqla əşya və paltarlarımı sellofan torbaya yığıb samokatıma minərək atam evinə üz tutacam. 

 

4.

“Qardaş, şaurma yeyən, pitsa yeyən nə bilər dönərin ləzzətini” - Dönərçi Ramizdən sitat.

 

5.

Rüşvət alanların yerini dəyişsən, korrupsiya dəyişməz. 

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.