BİRİ İKİSİNDƏ – Rəbiqə Nazimqızının şeirləri ilə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Rəbiqə Nazimqızının şeirləri təqdim ediləcək.

 

 

ŞEİR VAXTI

 

Rəbiqə NAZİMQIZI

 

 

***

 

Mənəm o pişiyin gözləri ilə

Səni qarşılayan hər səhər yolda.

Mənəm küləyindən titrəyib əsən,

Üşüyən yarpağam saralmış kolda.

 

Başını qaldırsan, məni görərsən,

Mənəm pəncərədən boylanan o qız.

Mənəm naqil üstə oturmuş sərçə,

Dua oxuyuram sənə bir ağız.

 

Bax o işıq mənəm yol kənarında,

Yanıram sağının-solunun üstə.

Mənəm, kəpənəyin qanadlarında

Qonub dayanıram qolunun üstə.

 

Başının üstündə ağ bulud mənəm,

Görməsən üzümü, qaralır qanım.

O dan yeri mənəm, o qürub mənəm,

Ağarır, qızarır, saralır canım.

 

Mənim nəfəsimdi alışqanında,

Əlində sönəcək son kibrit mənəm.

Sübhədək qalıram sənin yanında,

Səhərlə açılan ilk ümid mənəm.

 

Mənəm gözündəki həyəcan, təlaş,

Könlündə uçunan sarı siməm mən.

Sənin şairinəm – şairlərə baş,

Sən yaxşı bilirsən, axı kiməm mən.

 

 

İBRAHİM PEYĞƏMBƏRƏ

 

Nə qolları övlad həsrətiylə göynəyən Sara,

nə oğlu qucağında səhralara duşmüş Həcər anlar məni.

Yalnız sən, İbrahim,

təkcə sən bilərsən...

Mən torpağa bənzəyirəm,

yetirə də bilərəm,

gəzdirə də,

içimdə basdıra da bilərəm hər şeyi.

 

Dənizdən çox,

qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,

balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.

Hərdən təlxək kimi güldürürəm,

hərdən timsah kimi ağlayıram.

Saman çöpünü

çöplüyündə boğulanlara saxlayıram.

 

Mən göylərdən yox,

göylərin özünü istəyirəm,

uçmaq yox,

qucaqlamaq istəyirəm göy üzünü –

qollarım boş qalmasın deyə.

Heç nə istəmirəm,

nə borc, nə hədiyyə...

 

Mən o kişini sevirəm –

həyatı arxasınca sürüyən adamı.

Hərdən ürəyimi kükrədən,

Hərdən qollarımda kiriyən adamı...

Günahımdan qalxan düzəldirəm,

dəbilqə kimi başımda gəzdirirəm onu,

silah kimi tuşlayıram yad ünvanlara.

Mən hara, məsumluq hara...

 

Mən iki dəfə qadın oluram –

sevəndə –

dünyanı soyunub

əllərini geyinəndə sevgilimin

gizli-gizli.

Qulağımdan silinəndə başqa səslər,

təmizlənəndə...

Bir də hər ay sonu,

intizarla gözləyəndə qadınlığın haray çəkib

məni dağa-daşa salan ağrısını.

Ayıbımdan qızaranda üstüm-başım,

kirlənəndə... sevinirəm...

Bax o anda, İbrahim,

içimdən bir hiss keçir –

mən qatiləm –

bətnimdəcə doğulmamış

arzuları

parça-parça öldürürəm...

 

 

KAHİN ÜÇÜN

 

Məni nə gətirib bu dağ başına,

Kimlərdən, nələrdən keçib gəlmişəm.

Bəlkə, məhəbbətin girib yuxuma,

Sənin eşq camını içib gəlmişəm.

 

Soruşma, soruşma, kədərli kahin,

Mən də bir qurbanam, öz qurbanımam.

Qapına gəlmişəm, bir qab su gətir,

Əziyyətimi çək, döz qurbanına.

 

Bəlkə də, yanına göndərib Allah

Məni bu görkəmdə, belə biçimdə.

Qaldır gözlərini, ürəyimə bax,

Bəlkə, şeytan da var işin içində.

 

Nə məscid çağırır, nə kilsə çəkir,

Açığı, könlümdə məbəd də yoxdu.

Daha inanmağa başqa Tanrıya,

Başqa din seçməyə taqət də yoxdu.

 

Sən məni də öyrət, ay dəli kahin,

Bir parça çörəyə, bir ovuc suya.

Sən öz Tanrını sev, Tanrından çəkin,

Mən də səni sevim, dağılsın dünya.

 

Yox, yox, kirlətmərəm səni özümlə,

İtinin başını oxşasam, bəsdi.

Bu tənha komanın həndəvərində

Bircə gün, bir saat yaşasam, bəsdi.

 

Düşmək istəyərdim ayaqlarına,

Sən qoymazsan axı, bir az da... qürur.

Əlbəttə, əlbəttə, mən də adamam,

Nəyi itirsəm də, qürurum durur.

 

Bəlkə, bir az qalım, cəzamı alım,

Bu evin, həyətin işinə baxım.

Sənə su gətirim bulaq başından,

İtə yal düzəldim, pişiyə baxım.

 

Tələsmə, vaxtı var ayrılıqların,

Məni adamların yanına atma.

O qan içənlərin, söz yeyənlərin,

Ürək udanların yanına atma.

 

Saçımı, üzümü bəyənən olub,

Mənə adam kimi baxan olmayıb.

Ömrümdə şah olub, dilənçi olub,

Könlümdə nədənsə kahin olmayıb.

 

Ovcumu açmışam, Tanrı yolunda

Uzanan əlimi geri qaytarma.

İndi ki qovursan, qurbanın olum,

Mənim ölümü ver, diri qaytarma.

 

 

VUDİ ALLEN FİLMİ

 

Süd rəngli bir gecəydi,

Ya da gecəyarı.

Sönmüşdü şəhərin lampaları.

Öpüşün öldürmüşdü

Ermitajda bütün xatirələri.

Bütün xəritələr

Ayağımıza sərilmişdi.

İsti nəfəsindən gərilmişdi

Yerin oxu.

"Şeir oxu", – pıçıldamışdın mənə,

Şeir oxu...

 

Ya Venesiya idi, ya Paris,

Ya da Nyu-Yorkun mərkəzi parkında

Uzaqdan bir polis

Gülümsəyirdi bizə

bığının altında.

Medalyon düzəldirdin

Balıqqulağından.

 

İçərişəhərin bütün tinlərində

Şəkil çəkdirirdik.

Üçuq-sökük sərdabədə

Adsız bir məzar tapıb

And içirdik sözsüz-filansız,

Tanrını şahid,

Mələkləri vəkil gətirirdik.

 

Nə milad ərəfəsiydi,

Nə də Novruza yaxın.

Yuxunun yeddinci mərtəbəsiydi,

Tanrının buta paylayan çağı…

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.