Dünyanın dörd tərəfində onun izləri vardır Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

  

Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyevin  67 yaşı tamam oldu. Natiq Əliyev dünya şöhrətli heykəltaraşdır. Ümummilli lider Heydər Əliyevin Kiyevdəki abidəsinin, Şəkinin Kiş kəndində yerləşən məşhur Norveç səyyahı Tur Heyerdalın tunc heykəlinin, Bakı şəhərindəki Motsart, Zivərbəy Əhmədbəyovun heykəllərinin və “Bakı–Həştərxan dostluq abidəsi”nin müəllifidir.

 

Natiq Əliyev həmçinin, Mexikoda Xocalı, Belqrad şəhərində Heydər Əliyev, serbiyalı yazıçı Milorad Paviçin, Serbiyanin Novi-Sad şəhərində yerləşən görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Həştərxandakı Knyaz Vladimirin, Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərinin Kral parkındakı Hüseyn Cavid abidəsinin, Ankaranın Kızılcahamam rayonunda ucaldılan Xocalı soyqırımı heykəllərinin müəllifidir.

Monumental heykəltəraşlıqla yanaşı, memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Bu səpkili əsərləri arasında Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşudbanu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, İlyas Əfəndiyev Mirvarid Dilbazinin xatirə lövhələri, eləcə də Fəxri Xiyabanda yerləşən İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz , Bəşir Səfəroğlu və Osman Mirzəyevin, Bəxtiyar Vahabzadənin, doktor Cavad Heyətin, Habil Əliyevin, Zəlimxan Yaqubun, akademik Cəlal Əliyevin və akademik Rəfiqə Əliyevanın məzarüstü abidələrini qeyd etmək olar. 

Xalq yazıçısı İsmayıl Şıxlının Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin qarşısında ucalan büstünün müəllifi də Natiq Əliyevdir (2021-ci il)

O, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin Bakı şəhərində ucaldılan abidəsinin müəllifidir. (2024-cü il) 

Qeyd edək ki, professor Natiq Əliyev “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də yaxından iştirak edir.  Həmçinin türk dünyasının böyük ozanı, aşıq sənətinin azman sənətkarı Dədə Ədalətin (Aşıq Ədalət Nəsibov) də qəbirüstü abidəsinin müəllifidir. Həyata keçirdiyi böyük və möhtəşəm işlərə görə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə heykəltəraş Natiq Əliyev 12 iyul 2018-ci il tarixdə İctimai Birliyin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

 

TƏrcümeyi-halına nəzər salsaq, Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1978-1983-cü illərdə V.Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Məktəbini Fərqlənmə diplomları ilə bitirmişdir. Oxuduğu 1980-1983-cü illərdə Leninqrad Ali Rəssamlıq Məktəbinin Lenin təqaüdçüsü olmuşdur.

Onlarca monumental heykəltəraşlıq nümunələri ilə yanaşı, memorial heykəltəraşlıq əsərlərinin müəllifi olmuş Natiq Əliyev bir sıra beynəlxalq və dövlət mükafatları, fəxri adlarla də təltif olunmuşdur.

– Respublika Gənclər Mükafatının laureatı (1989).

– Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatı (2000) .

– Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002).

– Azərbaycan Respublikasının Xalq rəssamı (2005).

– Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008).

– Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı (2008).

– Avstriyanın I-dərəcəli “Cəngavər Ordeni.” (2015).

– “Şöhrət” ordeni (2018).

 

Natiq müəllimin ad gününə ilk təbrik də “Qazax” Xeyriyyə İctimai Birliyindən gəldi. Birliyin İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natiq Əliyevi ad günü münasibətilə təbrik etdilər ona uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzuladılar.

Natiq müəllim, biz sizinlə fəxr edirik!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.