
Super User
“Çəkdikləri ilə yaşayan rəssam” – BU GÜN FƏRHAD XƏLİLOVUN DOĞUM GÜNÜDÜR
Könül, “Ədəbiyyat və incəsənət”
Rəssamlar ilk baxışdan bənzərdirlər. Elə rəsm əsərləri də. Amma diqqət ayıranda fərqlər aşkardır. Kimisi sadəcə çəkmək xətrinə çəkir. Kimisi, çəkdikləri ilə yaşayır. Çəkdikləri ilə yaşayanlardan biri də odur – Fərhad Xəlilovdur.
1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədri olan Fərhad Xəlilovun yaradıcılığında Avropa və rus rəssamlıq ənənələri Şərq mədəniyyəti ilə vəhdət təşkil edir. Əsərlərində Abşeron motivləri əhəmiyyətli yer tutur: çimərliklər, dəniz görüntüləri, yarımadanın kəndləri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan...
Onun əsərləri üçün rənglərin və fəzanın real vəhdəti xarakterikdir. Təsvirləri mücərrəd minimalizmə yaxındır və əsasən cənub təbiətindən gələn təəssüratların obrazlı şəkildə ifadəsidir. Əsərləri dəfələrlə keçmiş SSRİ-də, Avropada, dünyanın müxtəlif qalereya və sərgilərində nümayiş etdirilib. Çox əlamətdar bir tarix: 2008-ci ildə Moskvada, məşhur Dövlət Tretyakov Qalereyasında Fərhad Xəlilovun fərdi sərgisinin təntənəli açılışı mərasim keçirilib, yaradıcılığının 30 ildən artıq dövrünü əhatə edən retrospektiv sərgidə 80-nə yaxın rəsm əsəri nümayiş etdirilib. O cümlədən ən yaxşı sayılan “Görüş”, “Xatirə”, “Torpaq naxışları”, “1984-cü ilin baharı”, “Axşamın gec saatları” əsərləri.
Fərhad Xəlilov 2008-ci ildə Rusiya Bədaye Akademiyasının həqiqi üzvü, 2016-cı ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru seçilib, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafatlandırılıb. İncəsənətimizin inkişafındakı xidmətlərinə görə o, 2002-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2009-cu il tarixli Sərəncamı ilə fərdi Prezident təqaüdçüsüdür.
Xalq rəssamımızı təbrik edir, ona cansağlığı və yeni-yeni əsərlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir. Noyabrın 25-27-də Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək Forumda NGBM-nin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqanın və Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə Mərkəzin 20-dən çox üzvü iştirak edəcək.
Bu barədə AzərTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən toplantının iştirakçıları arasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidentləri Valdis Zatlers və Egils Levits, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Şimali Makedoniya Respublikasının sabiq prezidenti George İvanov, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq baş naziri Zlatko Laqumdziya, Belçikanın sabiq baş naziri İv Leterm, Seneqalın sabiq baş naziri Aminata Ture, Yunanıstanın sabiq baş naziri Corc Papandreu, Avstriyanın sabiq federal xarici işlər naziri və Avropa Komissarı Benita Ferrero-Valdner, Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç yer alırlar. Forumda, həmçinin Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, BMT Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinosa və 75-ci Prezidenti Volkan Bozkır, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, NGBM-nin Baş katibi Rövşən Muradov, Strateji və Dayanıqlı İnkişaf Layihələri üzrə koordinatoru Rza Əliyev iştirak edəcəklər.
Mərkəzin üzvləri Portuqaliyaya səfərləri çərçivəsində ötən günlərdə keçirilmiş COP29-un nəticələrini və qarşıdan gələn 12-ci Qlobal Bakı Forumuna hazırlığı müzakirə edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb dilinə tərcümədə İordaniyada işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, dahi şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın “Ön söz”ünün müəllifi tanınmış İordaniya yazıçısı və ədəbiyyatşünası Samih əl-Məhariq, əsərin ərəb dilinə tərcüməçisi Fərid Camalovdur.
Zəngin ənənəsi olan “Əl-Əzminə” nəşriyyatında nəfis tərtibatda çap edilən kitab yaxın günlərdə İordaniyanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə paylanılacaq.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
Biləsuvarda ilk dəfə "Caz rəsmlərdə" sərgisi keçiriləcək
Bu gün - noyabrın 26-da Biləsuvara Salyan Dövlət Rəsm Qalereyası qonaq gəlir. Qalereyanın dünya şöhrətli cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgisi Biləsuvar Rəsm Qalereyasında düzənlənəcək.
“Ədəbiyyat və incəsənət” portalı Biləsuvar Rəsm Qalereyasının direktoru Rövşən Cənnətova istiandən xəbər verir ki, sərgidə peşəkar və həvəskar rəssamların 40-dan çox əsəri nümayiş olunacaq və canlı caz musiqisi təqdim ediləcək.
Sərginin açılışı saat 15:00-da olacaq.
Eyd edək ki, giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
Siyəzəndə gənclər üçün təlim keçirilib
Siyəzən Gənclər Evində yazıçı, jurnalist “Oktay Hacımusalının dəstəyi ilə “süni intellektin sirlərini bizimlə öyrən” adlı təlim keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Oktay Hacımusalı məlumat verib.
Təlimçi Oktay Hacımusalı gənclərə süni intellekt və onun istifadə edildiyi yerlər haqqında geniş məlumat verib.
Yeni nəsil texnologiyaların artıq günümüzdə həyatımıza daxil olduğunu bildirən təlimçi qeyd edib ki, bundan sonra süni intellektlə tez-tez rastlaşacağıq.
Təlimdə iştirak edən gənclərin suallarını cavablandıran Oktay Hacımusalı daha sonra iştirakçılarla bərabər xatirə şəkli çəkdirib.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
Ümumdünya informasiya gününə düşən ANS-in ad günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
26 noyabr Ümumdünya informasiya günüdür. İnformasiyanın insanlığa təsirinin masştabı hələ də dəqiq öyrənilməyib. Hər halda, bəşəriyyətin inkişafı üçün informasiya ən vacib detallardan biridir, informasiyasızlıq hardasa elmsizlik anlamı qədərdir.
Hazırda BMT-nin tərkibində ayrıca Beynəlxalq İnformasiya Akademiyası fəaliyyət göstərir, böyük elmi-praktik işlər aparılır, qlobal forumlar, diskussiyalar, konfranslar, dəyirmi masalar təşkil olunur. İnformasiyanın inkişafı aparıcı təsisatlar üçün vacibdir, bununla tərəqqi səviyyəsi ölçülür. İnformasiya texnologiyalarının sürətli inkişafı da məhz elə cəmiyyətlərin informasiyalaşmasına xidmət edir. Ayrıca söhbətin mövzusudur ki, bəzi avtoritar rejimlər informasiyasızlıq mühiti yaratmaqda maraqlıdırlar.Bir baxın, Sovetlər dönəmində dövlət informasiya siyasətinə necə diqqət ayırırdı, KİV böyük terrorlar, cinayətlər, millətlərarası toqquşmalar, korrupsiya və nöqsanlar barədə bütün məlumatları əhalidən gizləyirdi, əhali tam məlumatsız idi. 20 yanvarı bir xatırlayın. Sovet qoşunları Bakıya soxulanda ilk olaraq Televiziyanın enerji blokunu sıradan çıxarmışdılar ki, əhaliyə informasiya çatdırılmasın. Ayrıca, KQB-nin şayiəgəzdirmə siyasəti də var idi, hər hansı yanlış bir informasiya çuğulçular vasitəsi ilə insanların arasında yayılırdı.
İndi də sosial media ayrı-ayrı avtoritar hakimiyyətlərin əsl başağrısına çevrilib, çünki indi hər bir kəs həm informasiya alandır, həm də informasiya yayan. Sosial mediada insanların təqib edilməsinə belə əl atan bu rejimlər BMT-nin xoş məramı ilə dabandabana zidd siyasət yürüdürlər.
26 noyabr həm də ANS günüdür. Yox, təqvimdə belə bir gün yoxdur. Amma insanların qəlbində var. 1991-ci ilin bu günündə - düz 30 il əvvəl SSRİ məkanında ilk özəl telekompaniya yarandı – ANS. Partokratik televiziyaya öyrəşmiş xalq ilk dəfə azad fikrə, azad sözə şahidlik etdi. ANS bir məktəb oldu, dəqiq, qərəzsiz xəbərin ünvanı oldu. İndi bu cür tam müstəqil ideologiyası olan, bəzək-düzəksiz xəbər çatdıran televiziyanı ancaq arzulamaq olar. Ad gününüz mübarək, ANS-çilər! Hazırda çoxunuz yüksək kürsülərdə oturmusunuz, bəziləriniz itib-batmısınız. Amma pulunuzun və imtiyazınızın miqdarından, hansı cəbhədə dayanmanızdan asılı olmayaraq siz hamınız eyni şineldən çıxmısınız, bu gün 24 saatlıq həmin şinelə qayıtmağınız mütləqdir.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
DÜNYA ƏDƏBİYYATI - Luiza Elizabet Qlükün şeirləri
“Ədəbiyyat və incəsənət” portalı dünya ədəbiyyatından seçmələri təqdim edir. Bu dəfə ABŞ qadın şairi, Nobel mükafatçısı Luiza Elizabet Qlükün şeirləri ilə tanış olacaqsınız. Şeirləri dilimizə Ümid Nəccari tərcümə edib.
Luiza Qlük/Louise Elisabeth Glück - XX əsrin görkəmli ABŞ ədibi, şairə, esseist, tərcüməçidir. 1943-cü il aprelin 22-də Nyu-Yorkda anadan olub. Uşaqlığı Lonq-Aylenddə keçib. 1961-ci ildə Corc V.Hyulett orta məktəbini bitirib. Təhsilini daha sonra Sara Lourens kollecində və Kolumbiya Universitetində davam etdirib. Qlük 1993-cü ildə "Yabanı süsən" adlı şeir kitabıyla poeziya nominasiyasında Pulitser mükafatına layiq görülüb. Şairə bundan başqa "Axillesin zəfəri" kitabıyla Milli Kitab Tənqidçiləri Birliyinin, "İlkin" kitabıyla isə Amerikan Şairlər Akademiyasının mükafatlarına layiq görülüb. Qugenheym və Rokfeller Fondlarının, eləcə də Milli Sənət Fondunun təqaüdlərini alıb.
Hal-hazırda Kembricdə, Massaçusets ştatında yaşayır. Əvvəllər bu ştatdakı Vilyams Kollecində ingilis dili ixtisası üzrə baş müəllim kimi çalışıb. Şairə hazırda Yel və Boston universitetlərində yaradıcı yazı sənətindən dərs deyir.
"Axillesin zəfəri" (1985), "Ararat" (1990), "Yabanı süsən" (1992), "Çəmənliklər" (1996), "Vita Nova" (1999), "Yeddi yaş" (2001), "Averno" (2006) və başqa 11 şeir kitabının müəllifidir.
Ödülləri sırasında Boston Qloub Ədəbi Mətbuat Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Melvil Keyn Mükafatı, Konqres Kitabxanasının Rebeka Conson Bobbit Milli Poeziya Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Vilyam Karlos Vilyams Mükafatı, "Nyu-Yorker" Poeziya Mükafatı da var.
O, eyni zamanda "Sübutlar və nəzəriyyələr: Poeziya haqqında esselər" (1994) kitabına görə Pen-Marta Albrand mükafatına, Yel Universitetinin "Poeziya sənətində ömür boyu qazandığı uğurlara görə" iki ildə bir verilən "Bollingen" Mükafatına (2001) layiq görülüb. Luiza Qlük Amerika Akademiyası İncəsənət və Ədəbiyyat İnstitutunun üzvüdür. Şairə 1999-cu ildə Amerikan Şairlər Akademiyasının kansleri seçilib, 2003-2004-cü illərdə isə (Billi Kollinzdən sonra) ABŞ-ın ən yüksək poetik titulu olan laureat-şair adını alıb.
Qlük 2020-ci ildə "individual mövcudluğu sadə gözəlliklə universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
OLMAMAQ
İndi yenidən görmək olur onları,
boz dağda qırmızı tutları
və göy üzünün qaranlığında
quşların gecə-gecə köçlərini…
Qəmgin edir bu xəyal məni
ölən kəslər, görmürlər...
Görmürlər bu kiçik şeyləri-
biz bağlamışıq onları bir-birinə
onlar qayıbdırlar.
Necə rahat olsun ruh?!
Özüm özümə deyirəm;
Daha bu xoşluqlara ehtiyac yoxdur bəlkə,
təkcə olmamaq bəlkə bu rahatlığa bəs edər
Təsəvvürü çətin olsa belə...
KƏPƏNƏK
Bax, bir kəpənək!
Arzu etdinmi?
Bura kimi kəpənəklərlə arzu etməmisən?
Et bunu!
Arzu etdinmi?
Bəli!
O zaman doyunca arzu et!
ƏLAMƏT
Ulduzlar çiçəklərin yumşaqlığında
təpənin yaxınlığında
astaca dolanırlar
bir-birinə hörülmüş kölgələr…
Burada heç bir yarpaq ayrı düşməyib,
hətta tikan belə.
Birgə olmaq üçün
hər şey bir-birinə qovuşub.
Havanı kəsmir Ay işığı,
lacivərdi işıq
uyumaq üçün astaca gəzir.
Gecə boyu heç bir aşkar əlamət yoxdur
mənim qucağımdan başqa.
TRİLLİUM
Oyandığımda ormandaydım,
adi görünürdü qaranlıq...
Küknar ağaclarının arasında,
göy üzü işıq parçaları ilə dolu idi.
Heç bir şey anlaya bilmirdim,
yalnız izləyirdim.
Izlədiyimdə göy üzünün bütün işıqları soldu,
soyuqluq arasında alovlar kimi.
O anda məhv olmamaq mümkün deyildi,
göy üzünü izləmək,
Ölümə ehtiyacı olan canlar,
mənim sığınacağa ehtiyacım olduğu kimi…
Bundan artıq söz desəm,
bu soruya da cavab tapacam,
görəcəyəm onların gördüklərini,
bir nərdivan özündən yuxarı qalxır...
düşün, mənim indi düşündüyümü…
Xəbərsiz ayıldım ormanlıqda,
bir az öncə bildim ki,
öz səsimi mənə versələr əgər
başdan-başa kədərli olacaq,
cümlələrim ağrıların fəryadından olan zəncir,
nə edəcəyimi bilmirdim,
ki, Söz gəldi,
ki, hiss etdim
yağış məndən süzülür…
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
Antipiy günü, Tyorner və Harvard
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Black Friday ərəfəsi
Noyabr ayının sonuncu cümə gününün qara cümə adlandırılması ənənəsi 1952-ci ildən başlayıb, vətəni ABŞ-dır. Ondan 3 gün öncə isə ərəfə günü adlanır və cüməyə ciddi hazırlıqlar başlayır.
Qara cümə günündə misligörünməmiş ticarət endirimləri etmək dünya mağazalarının dövriyyəsini xeyli artırır, insanlar böyük izdihamla mağazalara yüyürürlər. Təsəvvür edin ki, kişilərin böyük əksəriyyəti necəsə həzz almaq barədə düşündükləri zamanda qadınların 74 faizinin fikrini məhz alış-veriş məşğul edir, odur ki, endirimlər hətta 80 faizə çatan qara cümə günü qadınların əsl bayramıdır.
ABŞ-da 2013-cü ilin qara cümə günündə 61,4 milyard dollarlıq mal satılıb. Tək elə bu fakt qara cümə anlamının nə qədər populyar olduğuna bir işarədir.
Bakının AVM-ləri də artıq reklamlara start veriblər. Təkcə bu gün mənim mobil telefonuma 7 ayrı-ayrı ticarət şəbəkəsindən cümə günü sərfəli alış-veriş təklifi gəlib.
Heç nə almamaq gününün də ərəfəsi
Buy Nothing Day-in təşəbbüskarı reklamçı Ted Deyvdir, o, cəmiyyətə aşılamağa çalışır ki, hər gün nəsə almaq bizi xoşbəxt edə bilməz, dünyada pulla satılmayan həzzlər də var, təbiətin qoynuna çıxmaq, özünü idmana, incəsənətə həsr etmək, dostlarla ünsiyyətdə olmaq və s. Bu günün başqa bir anlamı da insanların ildə bircə gün bərabərləşməsidir, imkanlıların hər gün hətta lazımsız şeylərə belə milyonlar xərclədiyi, kasıbınsa bir kömbə çörəyə pul tapmadığı ədalətsiz cəmiyyətdə bir gün hamını eyni – sıfır büdcəsində saxlamaq da az iş deyil.
Təqvimə görə bu gün hər il noyabrın sonuncu cümə günündə qeyd edilir, bu da gəlib Black Friday günü ilə üst-üstə düşür. Bəli bu məhz Black Fridey-in əksinə yönəli bir təbliğatdır. Deyv reklama aldanıb insanları pullarını yelə verməməyə çağırır.
Madam ki, Black Friday tərəfdarları 3 gün öncədən hazırlıq işlərinə başlayırlar, Buy Nothing Day tərəfdarları da belə edirlər və son cünıdın əvvəlki çərşənbə axşamını hazırlığa sərf edirlər.
Beynəlxalq piylənmə ilə mübarizə günü
Qarnını irəli verib üzərində dumbul çalan kişilər, irəli çıxın, sizin gününüzdür, artıq çəkiyə görə depressiyaya düşsələr belə bir oturuma bütov bir tortu aşıran kök qadınlar, sizin gününüzdür. Bir gün iradəyə təslim olub artıq kalori yığmasanız nə olar ki? Sonra daha bir gün, daha bir gün, bir də görərsiniz ki, əməlli-başlı arıqlamısınız.
Ürək-damar sisteminin, hipertoniyanın, diabet xəstəliyinin səbəbkarı olan piylənmə ilə niyə axı yoldaşlıq edəsiniz ki?
Digər əlamətdar hadisələr
Monqollar Respublika, hindistanlılar konstitusiya, ukraynalılar logist gününü qeyd edirlər. Amerikalılarda isə bu gün milli tort günüdür.
1970-ci ilin bu günündə Qvadelupada yağan leysan tarixə rekordçu kimi düşüb, 1 dəqiqəyə 38,10 mm yağıntı! 1890-cı ildə bizim neftdən xalq olaraq götürdüyümüz gəlirlə müqayisə olunacaq dərəcədə sudan gəlir götürən gürcülər böyük bayram yaşayıblar – “Borjomi” mineral su yatağı aşkara çıxarılıb. 1939-cu ildə sevilən amerikalı rok müğənni Tina Tyorner dünyaya gəlib. 1894-cü ildə kibernetikanı yaradan amerikalı riyaziyyatçı Norbert Vinner doğulub. 1607-ci ildə ingilis missioneri Con Harvard doğulub ki, məşhur universitet məhz onun adınadır. 1516-cı ildə də məşhur italyan rəssamı Covanni Bellini dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
“Öz problemlərini həll etmiş ölkə, bəşəri qayğılara daha çox diqqət ayırmaqdadır” - COP29 YEKUNLARI
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyası şərhini təqdim edir.
Azərbaycan daha bir böyük tədbirdən də alnıaçıq çıxdı – COP29 uğurla başa çatdı. Bəli, bizdən öncə 28 dəfə sessiya keçirən Tərəflər, bizdən sonra da sessiyalar keçirəcək; arzu edirik, hədəflər, gözləntilər daha tez çin olsun. Arzu edirik, heç bir evsahibi ölkə bizim qədər qarayaxmalara, yamanlamalara tuş gəlməsin.
Bəs Bakıda keçirilən COP29 nələrlə fərqləndi, Bakı nə ilə örnək oldu? Çatışanımız, çatışmayanımız? Qüsurumuz, “Qüsura baxmayın”ımız nədən ibarətdir?..
Öncə COP29-dan öncə COP28
COP28 və COP29 iqlim sammitləri – öncəki digər COP sessiyaları kimi, oxşar məqsədlər daşısa da, fərqli mövzulara, prioritetlərə odaklanmışdı. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən il keçirilmiş COP28-də əsas diqqət, karbon emissiyalarını azaltmaq, bərpaolunan enerji qaynaqlarının artırılması, Zərər və İtkilər Fondunun qurulması üzərində cəmlənmişdi. Burada dünya ölkələri 2030-cu ilə qədər bərpaolunan enerji potensialını üç dəfə, enerji səmərəliliyini iki dəfə artırmaq hədəflərini qəbul etmişdi. Habelə, inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyinin yetərsizliyivurğulanmışdı.
Azərbaycanda keçirilən COP29 isə BƏƏ-dəki tədbirdə qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi, maliyyə dəstəyinin artırılması, karbon bazarları və daha spesifik iqlim hədəfləri üzərində xüsusi işləməklə seçildi. Sessiya, özəlliklə 1.5°C istilik artımı limitini qorumaq üçün bütün ölkələrdən daha iddialı hədəflərin qoyulmasını tələb etmiş oldu. Eyni zamanda, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyəbölgüsü, məsuliyyət bölgüsü məsələlərini masaya yatırdı.
Hər iki COP üçün ortaq məqam, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma və onun qarşısının alınması məqsədilə qlobal işbirliyinin gücləndirilməsi oldu. COP29-un daha konkret sonuclara varmaq üçün öncəki öhdəliklərin gerçəkliyə çevrilməsinə diqqət yetirdiyi də vurğulanmalıdır.
Bəli, başa çatan COP29, həm Azərbaycan, həm də bütün dünya üçün önəmli sonuclar verdi. COP29 Azərbaycan üçün ən azı 3 əsas sahədə önəmli qazanc gətirmiş oldu:
1. Yaşıl enerji keçidi və maliyyələşdirmə təşəbbüsləri: Azərbaycanın bərpaolunan enerji potensialı, özəlliklə külək və Günəş enerjisi, dünya liderləri tərəfindən bir daha qətiyyətlə vurğulandı. Bu, ölkənin “Yaşıl iqtisadiyyat” təşəbbüslərinə əlavə yatırımlar və dəstək cəlb etməsinə münbit ortam yaradır;
2. Paris Sazişinin 6-cı maddəsinin tətbiqi: Sessiyada karbon bazarlarının və maliyyələşdirmə mexanizmlərinin gerçəkləşdirilməsi üzrə önəmlirazılaşmalar əldə edildi. Bu, Azərbaycanın karbon emissiyalarını azaltmaq və beynəlxalq bazarlardan gəlir əldə etmək imkanlarını artırmış olur;
3. Beynəlxalq mövqenin gücləndirilməsi: COP29– rəsmi Bakının yüksək təşkilatçılığı da, necə deyərlər, işin məzmunu da müsbət dəyərləndirildi, bu da, Azərbaycanın qlobal iqlim diplomatiyasındakı yerininmöhkəmlənməsi deməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu Tərəflər Konfransının Bakı sessiyasını“İqlim diplomatiyasında dönüş nöqtəsi” olaraqxarakterizə edib. Tərəflərin müəyyən vaxtdan sonra, yenidən məhz Bakıda yığışmaq istəməsi təəccüblü olmayacqdır.
Beynəlxalq ictimaiyyət nə qazandı?
a) İqlim maliyyələşdirilməsində irəliləyiş: İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə maliyyə vəsaitlərinin axınını təmin etmək üzrə konkret addımlar təsdiqləndi. “COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi”;
b) Qlobal həmrəylik: COP29, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətli iqlim həlləri tapmaq üçün önəmli platforma, istinadgah oldu;
c) Texnoloji və elmi işbirliyi: Yeni texnologiyalar və metodlar üzrə müzakirələr isə gələcəkdə qlobal miqyasda emissiyaların azaldılmasına töhfə vermiş olacaq.
COP29 çağdaş dünyada Gündoğar-Günbatar harmoniyasının vacibliyini bir daha göstərdi. Bu, Azərbaycanın tarixi rolunu, mədəni irsini, iqlim məsələlərində qlobal dəyərlərə inteqrasiyanı əks etdirməkdədir. Bakı sessiyası, necə deyərlər, həm biləvasitə iqlim, həm də mədəniyyət iqlimi vurğusu ilə seçildi.
COP29-un uğurlu sonucları barədə daha nələri vurğulaya bilərik?
Bakı Maliyyə Məqsədi çox önəmli artım nümayiş etdirərək, qarşıdakı 10 il içində, inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon (!) ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. 300 milyardlıq artımı ehtiva edən bu hədəf, öncəki (100 milyard ABŞ dolları həcmində) hədəfi 3 dəfə üstələyir. Təsəvvür edin, söhbət Azərbaycanın mövcud büdcəsindən 7 dəfə (!) artıq vəsaitdən gedir. Bəlkə trilyonu, milyardı riyazi olaraq yaza bilməyənlər var ki, onlar Bakının hədəflərə yetişməməsindən söz açır, COP29-u gözdən salmaq üçün neçə hoqqadan çıxır. 300 milyard artım – “Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır”.
- “COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT)”,
- “COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı”,
- “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”,
- “İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası”,
“Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə”,
- “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”,
- “COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi”,
- “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”,
- “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi”,
- “Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı”nın yaradılması və s. – Bütün bunlar, COP29-un uğurudur, Bakının adıdır, Azərbaycanın, BMT-nin, Tərəflərin bəşəriyyətə, gələcək nəsillərə töhfəsidir.
Dəmir Yumruq – Dövlət-Xalq birliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini yenicə bərpa etmiş respublikamız, bəşəriyyətin gələcəyi ilə bağlı Tərəflərin birliyini, sivilizasiyalar və mədəniyyətlərarası həmrəyliyi Diplomatiya gücü ilə həll etmiş oldu. Necə deyərlər, Dəmir Yumruğun gücündən sonra, Diplomatik məharət nümayiş olundu. Bəli, öz problemlərini həll etmiş ölkə, bəşəri qayğılara daha çox diqqət ayırmaqdadır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, COP29-a yekdil qərarla evsahibi seçilmənin böyük şərəf olduğunun fərqində olan dövlətimiz, xalqımız COP29-a hazırlığı da, sessiyanın yüksək səviyyədə keçirilməsini də, o böyük şərəfə uyğun məsuliyyətlə yerinə yetirdi. Şərəflə məsuliyyətin yanında vurğulamaq istədiyimiz başqa kateqoriyalar isə sayğıduyarlıq və qürurdur: “Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.
...COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”...
Özü də, Azərbaycan COP29-a hazırlığı bir ildən daha az müddət içində icra etdi. Müddətin belə qısa olmasına baxmayaraq, Bakı COP sessiyası, heç şübhəsiz, ən möhtəşəm COP tədbirlərindən biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı və iki həftəyə yaxın çəkən qlobal tədbirdən danışırıq. – Elə dövlətlər var, nəinki bir tədbirdə, ümumən uzun illər bu kəmiyyət və keyfiyyətdə qonaq qəbul etmir, belə tədbirlərə evsahibliyini üzərinə götürmür – heç iddia edə bilmir... Ayrıca, bizə minnətdar olmalı olanlar, ötən aylar boyu, tamam tərs və urvatsız işlə məşğul idi: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.
COP bitdi COP davam edir...
COP30 üçün əsas gözləntilər ədalətli iqlim maliyyələşdirilməsi, emissiya azaldılması üzrə daha konkret öhdəliklərin qəbulu yaxud öhdəliklərin icra durumunun dərindən qiymətləndirilməsidir.
İqlim tədbirlərində daha konkret həllər və işbirliyimodellərinə üstünlük verən, hazırda “Yaşıl dünya naminə həmrəylik ili”ni yaşayan Azərbaycan, COP30-a alnıaçıq, başıdik gedir: “Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu”.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)
“Həqq sirrinə idrak edən insan mənəm" - AMK-da keçən bir mətbuat konfransı barədə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Hǝr kim ki, tovhid ǝhlidir, ol didü vadid ǝhlidir,
Ruzi-ǝzǝldǝn ta ǝbǝd istǝr kamali-müntǝha.
Eynǝl-yǝqin hǝqq sirrinǝ idrak edǝn insan mǝnǝm,
Ey mǝrifǝtdǝn bixǝbǝr, insafa gǝlgil, biriya.
Canı, cahanı sǝnsizin neylǝr Nǝsimi xǝstǝdil,
Sǝndǝn müdam ehsan umar, çün kim, gǝdadır binǝva.
Nəsimi kimi bir ədəbiyyat zirvəsini incəsənətin ən elitar və ən mürəkkəb bir qolu olan operaya daşımaq və möhtəşəm bir nailiyyət əldə etmək! “Nəsimi” operasının premyerası barədə hələ də danışılır və hələ lap çox danışılacaq.
Ötən gün Azərbaycan Milli Konservatoriyasının (AMK) “Bakı” Zalında “Nəsimi” operasının premyerası və AMK-nın milli musiqi təhsili mövzusu altında "Sənət Məbədində bir gün" adlı Mətbuat Konfransı keçirildi.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, idarə heyətinin üzvləri, kafedra müdirləri, müəllim və professorlar, həmçinin Azərbaycanın tanınmış qəzet, sayt və televiziya kanallarından əməkdaşlar, o cümlədən “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı olaraq bəndəniz iştirak edirdi.
Mətbuat konfransını AMK-nın mətbuat katibi Aysel Fikrət açdı. Sonra rektor, Xalq artisti Siyavuş Kərimi Azərbaycanda milli musiqi təhsili və müəllifi olduğu “Nəsimi” operası ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
Konfransda Azərbaycan musiqi sənətinin inkişafı və böyük mədəniyyət hadisəsi kimi qəbul edilən “Nəsimi” operasının əhəmiyyəti barədə maraqlı müzakirələr aparılaraq fikir mübadiləsi oldu. “Nəsimi” operasının ərsəyə gəlməsı barədə danışıldı.
Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi təhsili, AMK-nın tələbələrdən ibarət Xor və Orkestr kollektivləri (bədii rəhbər dosent Leyla Zalıyeva), AMK-da keçirilən tədbirlər, bu təhsil ocağının digər universitetlərdən fərqi və əlbəttə ki, “Nəsimi” operasının yaranması mövzularında ətraflı məlumatlar verildi.
Azərbaycan Milli Konservatoriyasında baş tutan mətbuat konfransı iştirakçılarda xoş təəssüratlar yaratdı və öz işini uğurla başa vurdu.
Kollektivə uğurlar və daha çox nailiyyətlər arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)