
Super User
“O, Çexov kimi həm gözəl həkim, həm də istedadlı yazıçıdır.”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Uzun illər gənclərin maariflənməsi ilə məşğul olan mərhum Fəzail Əkbərov onu tanıyanların yaddaşında dünyanın ən gözəl insanlarından biri kimi qalıb. İnsani keyfiyyətləri o qədər yüksək idi ki, vəfatından xeyli vaxt keçsməsinə baxmayaraq hələ də adı ehtiramla xatırlanır.
Ümümiyyətlə, el-obasında Əkbərov soyadı dilə gələndə ilk yada düşən də Fəzail müəllim və onun qardaşları Höccət, Şahbaz Əkbərovlar olur. Hər birinin haqqında bu gün el arasında əfsanələr dolaşır. Bəli, sizə bu şəcərənin davamçısı, bacarıqlı həkim-cərrah, eyni zamanda bədii yaradıcılıqla məşğul olan, bir neçə kitabın müəllifi, yazıçı-dramaturq Ramiz Əkbərdən söhbət açmaq istəyirəm.
O, 1956-cı ildə dünyaya gəlib. Orta təhsilini başa vuraraq indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. Həmin universiteti bitirdikdən sonra bir il cərrahiyə üzrə subernatura və internatura kursunu keçib. Üç il Saatlı rayon xəstəxanasında ümumi cərrah işləyib. Daha sonra akademik M.Cavadzadənin klinikasında iki illik kliniki uroloji ordinatura kursunda olub. 1985-ci ildən DİN-in Respublika Hospitalında əvvəlcə mülki uroloq, cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, üç il də hospitalın rəisi vəzifələrində çalışıb. İstefada olan tibb xidməti polkovnikidir. "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsinin üçüylə də təltif olunub, "Səhiyyə Əlaçısı" döş nişanına layiq görülüb, əməkdar həkimdir. Hazırda özəl klinikalardan birində uroloji-androloji bölməyə rəhbrlik edir…
Deyir ki,- "Mən bu sahəyə gələndə səhiyyəmiz acınacaqlı vəziyyətdə idi. Tibbi avadanlıqlar sarıdan xarici ölkələrdən geri qalırdıq. Bu gün bu sahədə çox inkişaf vardır. Xəstəxana, klinikalarımız dünyanın ən müasir tibbi avadanlıqları ilə təhciz olunub. Sevindirici haldır ki, ölkədən kənarda təhsil alan, ixtisasartırma kurslarında iştirak edən gənc həkimlərimizin sayı xeyli artıb. Bu isə əminlik yaradır ki, tezliklə bizim səhiyyəmiz də dünya standartlarına uyğun olacaq…”
İki sahə- tibb və fəlsəfə üzrə fəlsəfə doktorudur. Necə deyərlər, həm alim həkim və həm də filosofdur. İyirmidən çox elmi, bədii, publisistik kitabın, eləcə də bir neçə səmərələşdirici təklifin müəllifidir. Bədii yaradıcılığı da müxtəlif mükafatlarla dəyəndirilib. "Həsən bəy Zərdabi adına", "Altun Qələm", "Qızıl Qələm" kimi ədəbi mükafatların laureatıdır. Yaxşı yadımdadır, illər öncə məşhur Hacıbaba Bağırovun rəhbəri olduğu tetrda səhnələşdirilən bir dram əsərinin ilk nümayişində tamaşaçılar arasında mən də var idim. Həmin təqdimatda kifayət qədər söz adamları da iştirak edirdi…
Zahirən adamda "ünsiyyətdən çəkinən insan" təəssüratı yaratsa da ürəyi çox kövrəkdir. Heç kimin xətrinə dəyməz, daha çox müşahidə etməyə üstünlük verir. Necə deyərlər, çağrılan yerə ar eləməz, çağrılmayan yeri dar. Mütaliəni çox xoşlayır, şahmat oynamaqdan zövq alır. İndiyədək yüzlərlə imkansıza təmənnasız yardım edib, minlərlə xəstəyə şəfa verib. Torpaqlarımızın işğaldan azad olunması isə onun ən böyük arzusu idi, çatıb. Bir həkim kimi hamıya can sağlığı diləyən, bir ziyalı kimi gəncləri yüksək təhsil almağa səsləyən bu insanın haqqında söhbətimi mərhum xalq şairi Qabilin sözləri ilə bitirmək istəyirəm: "Ramiz Əkbər ölməz rus yazıçısı Anton Pavloviç Çexov kimi həm gözəl həkim, həm də istedadlı yazıçıdır"…
Sentyabrın 11-də Ramiz həkimin 68 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
REDAKSİYANIN POÇTUNDAN – “Qəribəm”
“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunundur. O, “Qəribəm” adlı şeirini təqdim edir.
Coşqun XƏLİLOĞLU
QƏRİBƏM
Doğma diyardan uzaqda yaşayan bəzi soydaşlarımızın dilindən
Papağı yandırdım günə,
Neçə ilim hədər oldu.
İşlərim düşdü düyünə,
Qazancım qəm - kədər oldu.
Ayrıldım eldən, obadan,
Yad yurd elimə tən olmaz.
Öyüddür, Qorqud babadan:
-Hər rahat yer vətən olmaz.
Gözlərim elə bağlandı,
Könül verdim yad qızına.
Ürəyim elə dağlandı,
Susaldı... çətin qızına
"Oğul" dedi mənə anam
Oğul olammıram hələ.
Gözləyib kimdənsə ənam
Yaşayıram elə-belə.
Bir az pulum var əlimdə,
Nə fayda-qəribəm, yadam.
Gec anladım... öz elində
Xoşbəxtliyin tapar adam.
Gecə keçib yatammıram,
Bir azdan açılar sabah.
Bu gün gecdir-çatammaram,
Gedim bilet alım sabah…
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
OXUCULARIMIZIN YARADICILIĞI – Şəlalə Adilqızının şeirləri
“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Şəlalə Adilqızının şeirlərini təqdim edir.
Şəlalə Adilqızı imzasıyla şeir yazan və adətən bu şeirlərini Facebook sosial şəbəkəsində paylaşan Şəlalə Rəhimovanın 30 yaşı var. Ailəlidir, bir övladı var. İlk dəfə şeirləri yazarlar.az saytında dərc edilib. Keçmişin acılı-şirinli xatirələri, daim düşünən, kədərə qucaq açan insanlıq barədə mülahizələr Şəlalə Adilqızının lirikasının leytmotivini təşkil edir.
Qonşuya duz dalınca,
Yoxsa quzu qaytarmağa
göndərmisən uşaqları, İlahi?
Uzatdığı saqqız qədər tanıyırdı uzağı,
Qolundakı diş yeriylə ölçürdü vaxtı...
Çərpələngə ad qoyurdu: “Qaranquş”...
Parabüzən axtarırdı göndərə pay dalınca:
“Uç-uç baba, get gətir payımı... Uç!”
Dağ çayında yuyurdu ayaqlarını,
Moruq ləkəsinə qatırdı
Cızılan barmağının qanını...
Hər şeyi səndən istəyən,
Küsməyi-barışmağı bir oyunluq çəkən
Uşaqları hara göndərdin, İlahi?
Göstər getdikləri yeri...
Bu ömrü yanlış gəldik,
Qayıdaq geri...
***
Qapımı açıq qoymuşam,
Pəncərəmdən qəfəsləri sökmüşəm...
Gözlədiyim oğrunun
Uğruna dua əkmişəm
Ovcumun çat yerində...
Oğru üçün “əl kitabı” da yazıb qoymuşam
Ömrümün bir küncündə...
Gülüşlərin divarların yaddaşında,
Addımların həyətimin hər daşında,
Baxışların əl güzgümdə,
Eşqin də ürəyimdədi...
...Bir heybə də tikmişəm oğru üçün,
Naxışları sənin “dərd” dediyindəndi...
***
Qolumda tapammıram,
Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...
...Nə gözəl yaşayırdıq ömrü...
Nə gözəl “hesablayırdıq” vaxtı...
“ Quşlar uçanda...”
“Kəpənək qanadında...”
“Lalələr qızaranda...”
“Sərçə içib doyanda...”
... Nə qocalığa işləyir,
Nə yarısı olurdu günümüzün...
Nə ölümə az qalır,
Nə gözü doyurdu ömrümüzün...
... Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın...
***
İtirilmiş krallıqdı uşaqlıq...
“Cızza” sözünə gülən,
Palçıqda ayaqyalın yüyürən,
Qumda yuvarlanan,
Şirni üçün ağlayan kral idik biz...
...Cığallığımız “Beşdaş”dakı
Beşinci daş boydaydı...
Küskünlüyümüz çəkilən
çeçələ barmaq qədər...
Kədərimiz boyumuzdan kiçikdi...
Gülüşümüz göy qədər...
...Nənəmin corabının başından çıxardığı
“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz...
Böyüdük...
...İtirdik krallığımızı...
...Əcəl aldı nənəmizi...
Böyüdükcə yanlış çıxdı
Həyat barədə bütün bildiklərimiz...
***
Zirvələrə qar tez düşər,
Zirvələrdən qar gec düşər...
...Dərddi zirvə,
Dərddi qar bəzən...
Çəkir dağın sinəsinə cığır-cığır naxışlar...
...Çəkilir dərdlər,
Ağarır saçlar,
Bir-birinin başına sığal çəkmək üçün
Üst-üstə qalaqlanır yaşlar;
İnsan qocalır...
Ot basan cığırlar insan ömrünə dolandıqca
Dərd də candan bac alır;
Və bir gün, sadəcə,
Xatirəyə dönür insan...
Bir gün də onu xatırlayanların
Yaddaşında itir insan...
***
Böyüyürdüm...
Dinləyirdim
Həyatdan bəhs edən nağılları...
Düşürdü deyirdilər “üç almalar”;
Doyurmurdu həyata dair xəyalları...
Sonra öyrənməyə başladım
Sevməyi, sevinməyi,
Gülümsəməyi, qəmlənməyi,
Və yağışda rəqs etməyi,
Və ovcumdakı damlaya bir dua pıçıldayıb
Gül kökünə göndərməyi...
Bir səhər günəşdən öncə oyandım,
Ovcuma göndərdi saçaqlarını...
Yapışdım saçağından günəşin
Qaçdım yaşıllığın ətrinə sarı...
Bir simitlə mən də doydum, göyərçinlər də...
Bir udumluq sevinc oldu pambıq şəkəri...
Öyrəndim həyata dair hər şeyi;
Kiçik, saysız xoşbəxtlikləri...
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
“Şahdağ” Turizm Mərkəzinin nümayəndə heyəti Avrasiya Dağ Kurortları Alyansının sammitində iştirak edib
Sentyabrın 8-dən 10-dək Qazaxıstanın Almatı şəhərində Avrasiya Dağ Kurortları Alyansına üzv dövlətlərin dağ kurortlarının sammiti keçirilib.
“Şahdağ” Turizm Mərkəzindən AzərTAC-a bildirilib ki, sammitdə Avstriya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Rusiya Federasiyası və Cənubi Koreyanın dağ kurortlarının nümayəndələri iştirak ediblər.
“Oy Karaqay” Dağ Kurortunda keçirilən tədbirdə Azərbaycanı Alyansın üzvü olan “Şahdağ” Turizm Mərkəzinin nümayəndə heyəti təmsil edib.
Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov turizm kompleksinin potensialı, həyata keçirilən yeniliklər və infrastruktur işləri, eləcə də qış mövsümü çərçivəsində nəzərdə tutulan beynəlxalq tədbirlər və yarışlar haqqında sammit iştirakçılarına məlumat verib.
Sammitdə Alyansın qarşısında duran prioritet vəzifələr, təşkilata qeydiyyat və yeni üzvlərin qəbulu məsələləri, kurortlar arasında təcrübə mübadiləsinin aparılması, qarşılıqlı təşviqat və marketinq işlərinin təşkili, vahid keçidlərin tətbiqi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Sammit çərçivəsində Almatı Dağ Klasteri yaradılıb, həmçinin Cənubi Koreyanın “Mono YongPyong” Dağ Kurortunun Avrasiya Dağ Kurortları Alyansına üzv olması haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Avrasiya Dağ Kurortları Alyansı 2023-cü ildə təsis edilib. Alyansa Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak”, Özbəkistanın “Əmirsoy” Dağ Kurortları və “Şahdağ” Turizm Mərkəzi daxildir. Bu ildən etibarən isə Qazaxıstanın “Oy Karaqay” və Koreyanın “Mono YongPyong” Dağ Kurortları da üzv qəbul olunub.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
Rəsm qalereyası: Oqyüst Renuar, “Gül kompozisiyası”
Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında iştirak edəcək
Sentyabrın 13-dən 15-dək Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı keçiriləcək.
AzərTAC xəbər verir ki, ölkəmizi festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək.
Mərkəzdən verilən məlumatda bildirilib ki, əsrlər boyu Anadolunun zəngin mədəni həyatını formalaşdıran yörüklər, yəni, köçəri həyat tərzi sürən xalqlar Türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. Antalya bu qədim mədəniyyətin ən parlaq nümunələrinin yaşadıldığı şəhərlərdən biridir və bu zəngin mədəni irsin gələcək nəsillərə ötürülməsi vəzifəsini üzərinə götürməyi hədəfləyib.
Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Festival Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil olunacaq.
Tədbirdə Türk dünyasının müxtəlif guşələrindən yerli musiqi və rəqs proqramları təqdim olunacaq, milli çadırlar qurulacaq, türkdilli xalqlar öz mədəniyyətləri və sənətlərini nümayiş etdirəcəklər. Festivalda, həmçinin unudulmaqda olan əl işləri ustalarının əsərləri sərgilənəcək, ənənəvi Türk mətbəxinin nümunələri qonaqlara təqdim ediləcək, idman yarışları keçiriləcək.
Festivalda çox sayda yerli və xarici turist, ümumilikdə iki yüz mindən çox insanın iştirakı gözlənilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunacaq.
Mədəniyyət Mərkəzimizin təşkil edəcəyi Azərbaycan çadırında ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş şəkildə sərgilənəcək, qonaqlara milli şirniyyatlarımız təqdim olunacaq. Festival çərçivəsində təşkil olunacaq bədii hissədə Azərbaycan musiqiləri və rəqsləri ifa ediləcək. Konsertdə Azərbaycanın Xalq artisti Azərin, Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, tar ifaçısı Pərviz Musayev, mərkəzin nəzdindəki “Xəzər” Xalq Rəqsləri Ansamblı milli və xalq musiqi nümunələrimizi təqdim edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
Şəhidlər barədə şeirlər - Ruslan Cəfərov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ruslan Cəfərov
Ruslan Mövlan oğlu Cəfərov 2000-ci il avqustun 2-də Qusar şəhərində anadan olub. 2006-2017-ci illərdə Qusar şəhərində 2 nömrəli tam orta məкtəbdə təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ruslan Cəfərov oktyabrın 21-də şəhid olub. Qusar şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əsgər Cəfərov Ruslan Mövlan oğlu Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasənŞuşa şəhərinin azad olunmasında göstərdiyi şəxsi igidliyə görə 29.12.2020-ci ildə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Dinlə məni, anam qadın.
Sənin oğlun tarix yazdı.
İndi ona nə desəm də,
Nə yazsam da, yenə azdı.
Bilirsənmi, kim olubdu,
Əllərinlə böyütdüyün,
O balaca oğul balan?
Vətən üçün vuruşaraq,
O müqəddəs torpaqları,
Geri alan,
İgidimiz, şəhidimiz.
Hər ananın işi deyil,
Can üstündə can böyüdə.
Tarixin vərdişi deyil,
Belə qəhrəman böyüdə.
Sənin kimi anaların,
Böyütdüyü oğullardır,
Bu millətin 30 ildir,
Tapdalanan torpağını,
Geri alan
Tarix yazıb vətən olan.
Ürəkləri vətən ilə
Döyünərək tarix olar.
Vətən darda olan zaman,
Həm can verər, həm can alar.
Bunu bilsin bəşəriyyət,
Unudulmaz tarix boyu,
Sizin kimi tarix yazan,
Nə oğullar, nə analar.
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Gizlənpaç” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Elnaz İslamvənd
Təbriz
GİZLƏNPAÇ
Səni başqasıyla gördüyüm anda,
Özümdən sabaha yol yerimişdim.
O qədər yerinə utanmışdım ki,
Səhər açılınca lap ərimişdim.
Toxundu saçıma süpürgəçimiz,
Vitrində matışka güldü üzümə.
Biraz buraxılmış siqar qutusu,
Biraz da qəhqəhə dəydi gözümə!
Səni başqasıyla görməyə nə var?
Hər zaman deyəndə: “Alma”, gəlmişəm.
Biraz gecənizdən heyva tökülüb,
Heyva yəni gəlmə, özüm gəlmişəm.
Səni başqasıyla görmək də olur,
Bu da ki, bir tordur, bu da bir biçim.
Mən gərək zamanın durduğu yerdə,
Bu kefli nağıldan adlayıb keçim.
Səni başqasıyla görmək də gözəl,
Dağ kimi səsimi qaytarır odam.
Ömür var sevərəm məni buraxsan,
Bir yerdən başlayıb gərək unudam…
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
“Könlüm payız, qış kimidi...” - YUSİF MÜRSƏLİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Yusif Mürsəlin şeirlərini təqdim edir.
TƏK...
Fələyin çərxi fırlanır,
Durub baxıram gendə tək.
Ay təkcə nur saçır Yerə,
Fırlanır göydə Gün də tək.
Batırıq kədərə, yasa,
Ürəkdən daş asa-asa.
Arxa duranı olmasa,
Neyləyə bilər bəndə tək.
Dərd çəkəndə dərd çox olur,
Həm var olur, həm yox olur.
Cücərib sonra çoxalır
Düşüb torpağa dən də tək.
Nə atmağa daş gəzirəm,
Nə çatılmış qaş gəzirəm,
Özümə yoldaş gəzirəm,
Azmayım yolu çəndə tək.
Hərə bir cür toxum əkdi,
Hərə bir tərəfə çəkdi,
Tək yarandı, yenə təkdi.
Yüz iyirmi dörd mində tək.
Min ildi qulam Allaha
Yol gedir yolum Allaha,
Gedim qoşulum Allaha,
Allah da təkdi, mən də tək.
***
Dünən elə dünəndi,
İnanma ki, dönəndi.
Sabah bu gün də
dünən olacaq,
bir gün sonra
sabah da dünən olacaq.
Kim deyirsə,
dünya beşgünlükdü, inanma
dünya cəmi üç gündü,
üçü də elə dünəndi.
***
Belə olur bax vurulmaq,
Aşiq olmaq yox, vurulmaq.
Adam hərdən gah vurulmaq,
Gah da azadlıq istəyir.
Könlüm payız, qış kimidi,
Bir sevdaya tuş kimidi,
Ah da elə quş kimidi,
Ah da azadlıq istəyir.
Dörd divardı, bir otaqdı,
Dörd divarın dərdi dağdı,
Ruhum içimdə dustaqdı,
Ruh da azadlıq istəyir.
***
Mənə hamı deyir ki,
Sözü hardan tapırsan?
Gecə-gündüz yanırsan,
Közü hardan tapırsan?
Bir nazına dözmürük,
Kim deyir ki, bezmirik.
Biz heç səni gəzmirik,
Bizi hardan tapırsan?
Baxış gözdə azanda,
Naxış üzdə azanda,
Dağda, düzdə azanda
İzi hardan tapırsan?
Söz varmı deyilməyən?
Qapı yox döyülməyən...
Heç kimə əyilməyən
Dizi hardan tapırsan?
Mənəm ey, sənin bəndən,
Haqqı tapdığım gündən
Soruşan yoxdu məndən,
Düzü hardan tapırsan?
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)
Günün fotosu: Trampla Harrisin ilk debatı
Günün fotosu: Trampla Harrisin ilk debatı YENİLƏNİB
Foto: AP
Bu gün sentyabrın 11-də Bakı vaxtı ilə gecə saat 4-də ABC telekanalında ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp arasında ilk (və bəlkə də yeganə) debat oldu. Özü də Filadelfiyada.
Mütəxəssilər bu yeganə debatı seçkinin taleyini 90 faiz həll edən debat adlandırırlar.
Kim daha üstün oldu?
Əlbəttə ki Kamala Harris. Xəbər başlıqları gün ərzində belə oldu: Harris Trampı darmadağın etdi!
“Ədəbiyyat və incəsənət”
(11.09.2024)