Super User

Super User

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Böyük mədəniyyətin (mədəniyyət ağacının) kölgəsi və meyvəsi metaforasını digər mədəniyyət areallarına və xalqlara təsir baxımından incələdikdə, qarşımıza önəmli bir sual çıxır: Böyük mədəniyyət digər mədəniyyətlər üzərində necə bir kölgə salır və bu kölgə onların inkişafını necə formalaşdırır? 

Bu sualı bir neçə aspektdən nəzərdən keçirək:

 

Kölgə və meyvənin tarixi dinamikası

 

Böyük mədəniyyətlər çox vaxt yalnız öz coğrafiyasında qalmır, başqa xalqların mədəniyyətinə də təsir göstərir. Lakin bu təsir fərqli sonuclar doğura bilər. 

Kölgənin özünəxas qoruyucu və inkişafetdirici rolu da vardır. Bir mədəniyyətin kölgəsi, onun himayəsindəki kiçik və ya gənc mədəniyyətlərin formalaşmasına münbit ortam yarada bilər. Roma mədəniyyətinin Avropa xalqları üzərində yaratdığı təsir buna bariz örnəkdir. Batı Avropa xalqları hüquq sistemini, şəhərsalma mədəniyyətini və inzibati strukturları Romanın kölgəsində inkişaf etdirib.

Ancaq kölgənin boğucu və məhdudlaşdırıcı yönlərini də unutmayaq. Böyük bir mədəniyyətin dominant olması bəzən digər mədəniyyətlərin orijinal inkişafına mane ola bilər. Örnəyi, Sovet mədəniyyətinin Baltik ölkələri, Türküstan və Qafqaz xalqları üzərindəki təsiri həm olumlu, həm də olumsuz sonuclar doğurdu. Bir tərəfdən, bu xalqlar texnoloji və sənaye inkişafına qoşuldu, digər tərəfdən, yerli mədəniyyətlərin ifadə azadlığı və s. müəyyən dərəcədə məhdudlaşdırıldı.

Kölgənin inkişafetdirici və məhdudlaşdırıcı yönlərindən sonra, üçencü bir yönünü də vurğulayaq. Bu, kölgənin yaratdığı sintezlər və yeni meyvələrlə bağlıdır. 

Bəzi hallarda böyük bir mədəniyyət başqa mədəniyyətlərlə sintezə girərək yeni yaradıcılıq formaları və mədəni konfiqurasiyalar ortaya çıxarır. İslam və Türk dünyası mədəniyyətlərinin qarşılıqlı təsiri sonucunda Osmanlı, Səfəvi və digər unikal mədəniyyətlərin yaranması buna örnəkdir. Burada böyük bir kölgə altında yeni meyvələr yetişdi...

Kölgənin altında yeni meyvələr verən mədəniyyətlər olduğu kimi, kölgədən çıxaraq yeni mədəniyyət formalaşdıranlar da olub.

Bəzi mədəniyyətlər uzun müddət böyük sivilizasiyaların kölgəsində inkişaf edib, lakin zamanla ya həmin kölgədən çıxaraq öz müstəqilliklərini tapıblar ya da tamamilə həmin kölgənin bir bölümünə çevriliblər.

 

Amerikan mədəniyyəti – uzun müddət Avropa (özəlliklə ingilis və fransız) mədəniyyətinin təsiri altında olsa da, XX yüzildə özünü yeni bir mədəniyyət sistemi kimi formalaşdırıb.

Yaponiya – Çin və Koreya mədəniyyətlərinin kölgəsində formalaşıb, lakin Meiji çağdaşlaşması (çağırışları) ilə öz unikal modelini yaratmış olub. Meiji dönəmi (明治時代 Meiji-jidai) - Yaponiya tarixində 23.10.1868 - 30.07.1912-ci il tarixləri arasında İmperator Meijinin hakimiyyətini əhatə edən dönəmdir. Meiji dönəmi Yapon toplumunun təcrid olunmuş feodal toplumundan çağdaş formaya keçdiyi dönəmi - Yapon İmperiyasının birinci yarısını təmsil edir. Meiji dönəmində baş verən əsaslı dəyişikliklər ictimai quruluşa, iç siyasətə, iqtisadiyyata, hərbi və dış bağlara təsir etdi və Yaponiya çağdaşlaşaraq dünyada güclü mövqe qazandı.

Bir də, kölgənin bir hissəsinə çevrilən mədəniyyətlər vardır. Örnəyi, 

Latın Amerikası – ispan və portuqal mədəniyyətlərinin kölgəsi altında formalaşıb və çox bölümü bu təsirdən çıxa bilməyib.

Afrikanın bəzi bölgələri – müstəmləkəçi mədəniyyətlərin təsiri altında uzun müddət qaldığı üçün bəzi yerlərdə yerli mədəniyyətlər müstəqil inkişaf edə bilməyib...

 

Bəs 

böyük mədəniyyətlərin kölgəsi çağdaş qlobal mədəniyyətdə necə təzahür edir?

Çağdaş dönəmdə qlobal mədəniyyət kontekstində də bəzi sivilizasiyalar digər mədəniyyətlər üzərində dominantlıq edir. - 

 

Batı mədəniyyətinin qlobal kölgəsi:

Bugünkü dünyada Batı (Avropa-Amerika) mədəniyyəti qlobal mədəniyyətin əsas formalaşdırıcısıdır. Kütləvi informasiya vasitələri, texnologiya, pop-kultura və siyasət bu kölgə altında formalaşır.

Qlobal fonda Çin və hind mədəniyyətinin yenidən meyvə verməsi faktını da unutmayaq.

Uzun müddət Batı, on illər boyu həm də Sovet kölgəsində qalan Çin və Hindistan XXI yüzildə öz mədəni irslərini yenidən aktivləşdirərək qlobal səhnədə yeni meyvələr verməyə başlayıblar.

 

İslam və Türk dünyasının yenidən formalaşması bizimçün daha doğma, yaxın və çəkici mövzudur.

Uzun müddət Batı və Sovet kölgəsində qalan İslam və Türk dünyası son dönəmlərdə yeni mədəni canlanma və inteqrasiya axtarışındadır. Türk Dövlətləri Təşkilatı (TDT), ortaq mədəni layihələr və iqtisadi işbirlikləri yeni mədəni meyvələrin yetişməsinə münbit ortam yaradır.

 

İndi isə böyük mədəniyyətlərin kölgəsində qalanların hansı seçimləri olduğuna diqqət edək.

Böyük bir mədəniyyətin kölgəsində olan digər xalqların və mədəniyyətlərin üç əsas seçimi vardır:

 

Kölgədə qalaraq ərimək. -  Bəzi mədəniyyətlər (örnəyi, aborigen və yerli Amerika mədəniyyətlərinin böyük bölümü) dominant mədəniyyətin içində əriyib;

 

Kölgədən qidalanaraq özünəxas inkişaf yoluna çıxmaq. -  Yaponiya bəzi dominant mədəniyyətlərdən ilham alaraq öz modellərini yaradıb;

 

Kölgəni transformasiya edərək yeni bir mədəni sistem yaratmaq. - Osmanlı, Səfəvi və ya Sovet mədəniyyətləri dominant mədəniyyətlərin elementlərini yenidən işləyərək fərqli sintezlər meydana gətirməkləri ilə tarixə düşüb.

 

Beləliklə,

- bəzi xalqlar böyük mədəniyyətlərin kölgəsindən qidalanaraq inkişaf edib;

- bəziləri kölgə altında boğulub və əriyib, it-bat olub;

- bəziləri isə həmin kölgənin içində yeni mədəniyyətlər formalaşdırıb.

Habelə dominant mədəniyyətlər özləri də başqa mədəniyyətlərdən, hətta, üstünə kölgə saldığı mədəniyyətlərdən təsirlənir. Ayrıca, bir bölgədə, bir zaman içində kölgəsi yayılmış mədəniyyət bir başqa zaman içində özü kölgəyə düşə bilir… Şair demiş, “Əbədiyyə qəhqəh çəkir əbədi dünya”…

 

Nəhayət, günün sual belədir: 

Qlobal dominant mədəniyyətlərin kölgəsi altında qalan xalqlar və mədəniyyətlər hansı strategiyanı seçəcək?

Bax, bu sualın dolğun cavabı həm siyasət, həm də mədəniyyət strategiyalarına bağlıdır. Əgər yeni yaradıcı enerji və intellektual potensial mobilizasiya edilərsə, bir çox xalqlar yeni meyvələr yetişdirə biləcək. Əks halda, onlar başqa bir böyük mədəniyyətin kölgəsində qalmağa davam edəcək… Kölgə gerçəklik ola bilər amma əbədi qədər ola bilməz…

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

 

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Çilçıraq içində ayrı işıq biz...

Bəxtimiz yatanda ayılmışıq biz.

 

-deyir şair. Və bu dəfə də mükəmməl deyir. 

Xoş mütaliələr!

 

Hər soyuq ayrılıq- bir isti yara...

Günün altında da bu günlər qara.

Məni payız çəkdi ayrılıqlara-

Görən o payızın yanındayam mən?

 

Məndən zəmi istə, dən-dən istəmə,

Milyonun borcunu mindən istəmə.

Sən mənim ömrümü məndən istəmə-

Bir dəli sevdanın adındayam mən.

 

Çilçıraq içində ayrı işıq biz...

Bəxtimiz yatanda ayılmışıq biz.

...Bir ağac altında ayrılmışıq biz-

Hələ də o ağac altındayam mən...

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2025)

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Tarixin tozlu səhifələrini vərəqlədikdə ermənilərin Azərbaycan və azərbaycanlılara qarşı bəslədiyi kinin və nifrətin qabarıq şəkildə büruzə verildiyini görürük. Törədilən terror aktları, qanlı faciələr bu kinin və nifrətin bariz nümunəsidir.

 

Metronun “20 Yanvar” stansiyasında qatarın partladılması, xeyli zabitin və diplomatların içində olduğu  “Miq-24”  helikopterinin vurulması, ümumən 1905-ci ildən üzübəri terror və soyqırımlar -səhərə qədər saysaq belə bitməyəcək faciələr hər an gözümüzün önünə gəlir. Ötən gün də bu faciələrdən biri, 33-cü ildönümünü olan Malıbəyli və Quşçular kəndində törədilən qırğınlar barədə danışacağam. 

Şuşa rayonunda əhali tərkibi azəbaycanlılardan olan Quçşular və Malıbəyli kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın ərazidə yaylaqda yerləşirdi. Kəndlərdə təxminən 4.000-ə yaxın azərbaycanlı yaşayırdı. 1988-ci ildə Ermənistandan 1.500-ə yaxın azərbaycanlı əhali öz yurdlarından zorla çıxarılmışdı.  Nəticədə doğma yurd-yuvalarından qovulan əhali məhz Qarabağdakı bu kəndlərdə məskunlaşmışdı. Ermənilərin sıradakı hədəfi də elə Malıbəyli və Quşçular kəndləri idi.  1991-ci ildən etibarən isə Malıbəyli erməni silahlı bölmələrinin mühasirəsində idi.  Fevralın 5-də kəndlərin üzərində uçan vertolyot kənd əhalisinə evlərini tərk etmələri üçün 2 gün vaxt verildiyi barədə  elan verdi.

Malıbəyli kəndi mühasirədə olduğundan oraya gediş-gəlişin tək yolu hava vasitəsi ilə idi. Yanvarın 28-də Malıbəyli üzərində uçan sonuncu vertolyot da vurulmuşdu. Ermənistan Silahlı Qüvvələri yaxınlıqda yerləşən erməni kəndlərinə “ediləcək həmlələrin önünün kəsilməsi” məqsədilə zirehli daşıyıclar və artilleriya vasitəsilə Quşçular və Malıbəyli kəndlərinə hücum təşkil etdilər.  Fevralın 10-u gecə saatlarında rus silahlılarınında dəstəyi ilə ermənilər Malıbəyliyə basqın etdi. Evlərindən didərgin düşən azərbaycanlılar Quşçular kəndinə qaçdı. Kənddəki bütün evlər talan edildi və yandırıldı. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşdu. Yaxınlıqdakı Şuşa və Xocalı şəhərlərinə gedən yollar kəsildiyindən,  kəndlərə ən yaxın çıxış yolu Ağdamın Abdal-Gülablı kəndi idi, lakin bu kəndə gedən yol ermənilərin məskunlaşdığı kəndlərdən keçirdi. Təcavüzkar və xain erməni hərbi birləşmələrinin tərkibi Suriya, Livan və Fransadan gəlmə ermənilərdən təşkil olunmuşdu. ATƏT-in sülhməramlı missiyasının iştirakı zamanı Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndləri erməni silahlı qüvvələri tərəfindən ələ keçirildi və nəticədə Şuşa və Xocalı şəhərləri blokada altına alındı. 

Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız, dinc sakinlərin qanının axıdıldığı Ağdaban və Qaradağlı qətliamları törədildi. Daha sonra isə 20-ci əsrin ən böyük  qanlı qətliamı olan Xocalı faciəsi yaşandı.

 

“Ədəbiyyat və İncəsənət”

(11.02.2025)

“Ədəbiyyat və incəsənət” portalı TRİBUNA rubrikasında bu gün sözü Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilova verir. Düşünürük ki, gənclərin indi ağsaqqal sözünə böyük ehtiyacları var. 

 

 

Ötən əsrin əvvəllərində Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlər yoxdan bir dövlət qurub onu gəncliyə etibar etilər. Ondan sonrakı mərhələdə Azərbaycan gəncliyi üzərinə düşən vəzifənin öhtəsindən şərəflə gəldilər. Dövlətin ehtimadını xalqın hörmətini qazandılar.

Bu gün gənclərimiz xoşbətdirlər ki, Ulu Öndərin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərlə bağlı məsələ aktual olaraq qalır. Bu da onunla əlaqədardır ki, gənclər həmişə cəmiyyətin aparıcı qüvvəsi rolunda çıxış edirlər. Birmənalı şəkildə qeyd etmək mümkündür ki, çoxmilyonlu gənclər ordusu ölkəmizin iqtisadi inkişafında, müstəqilliyimizin möhkəmlənməsində, mədəniyyətimizin zənginləşməsində mühüm rol oynayırlar. Xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərini, ənənələrini, bütövlükdə yaşam fəlsəfəsini qoruyaraq bu günümüzə qədər gətirib və onları zaman-zaman yeniləri ilə daha da zənginləşdirib. Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, bizim cəmiyyətimiz möhkəm tellərlə öz ənənələrinə bağlıdır.

Qloballaşan dünyada bu amil böyük əhəmiyyət kəsb edir və xalqımızın identikliyini təmin edir. Məlumdur ki, Avropa məkanında milli-mənəvi dəyər, nəsillər arasında münasibətlər heç də arzuedilən zəmində qurulmur. Azərbaycan xalqı isə, qeyd etdiyimiz kimi, öz ənənələrinə və keçmişdən gələn dəyərlərinə böyük hörmətlə yanaşır. Nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluq müstəqil Azərbaycanın ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biridir. Bu gün Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. 

Bunu gözü götürməyən bəzi məkirli, üzdəniraq düşmənlər Avropaya sığınarq müxtəlif vasitələrlə respublikamızın inkişafına müəyyən əngəllər yaratmağa çalışırlar. Belə qüvvələr özlərinin məkrli niyyətlərinə çatmaq üçün ilk növbədə daxildəki gəncləri ələ almağa və onlardan alət kimi istifadə etməyə çalışırlar. Gəncləri pis vərdişlərə sövq edirlər. Qərbə inteqrasiya adı altında zərərli təsirləri təbliğ edirlər. Bu həm onların xarici görünüşündə, həm də davranış və xarakterlərində özünü göstərir. Günlərini saytlarda, bəzən hətta qadağan edilmiş saytlarda keçirən, sosial şəbəkələrdən qopa bilməyən gənclər zorakılıq, antihumanizm, böyüklərə qarşı hörmətsizlik kimi mənfi xüsusiyyətlər əxz edirlər. Bununla da həyatlarının ən gözəl çağını əldən verirlər.

Bu barədə cəmiyyətdə kompleks işlər görülməlidir. İlk öncə məktəblərdə, kollec və universitetlərdə maariflənmə işləri aparılmalıdır. Tanınmış alimlərlə, yazıçılarla görüşlər təşkil edilməli, bu görüşlərdə milli-mənəvi dəyərlər, əxlaqlı, humanist olmaq böyüklərə hörmət etmək, vətənpərvər olmaq aşılanmalıdır. 

44 günlük Vətən müharibəsindəki Zəfərimizi bizə qazandıran Şəhid və Qazilərimiz gənclər arasında daha geniş təbliğ olunmalıdır. Belə insanlardan nümunə götürmək zərurətini hər bir gənc duymalıdır. 

Televiziyalarda, qəzetlərdə, saytlarda təbliğat işi qurulmalı, Qərbin zərərli adət-ənənələri tənqid edilməli, gəncləri bu təsirdən qorumaq üçün hər bir kəs səfərbər edilməlidir. Və əlbəttə ki, əsas söz ağsaqqalların olmalıdır. Tanınmış simalar, Müharibə və Əmək Vereranları mütəmadi olaraq ən müxtəıif tribunalardan gənclərə ünvanlanan mesajlar verməli, öz şərəfli ömür yollarını onlara örnək gətirməlidirlər. Ot kökü üstündə bitər. İnanıram ki, gənclərimiz ötəri təsirlərə uymayacaq, öz gözəl dəyərlərimizi mental xüsusiyyətlərimizlə inkişafa doğru gedəcəklər. 

Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində gənclərimizin mümkün olan xarici risklərdən qorunmasına nail oluruq. Bununla paralel olaraq, iqtisadi gücümüz, hərbi qüdrətimiz artır. Ölkəmiz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedir. 

Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli, vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdır. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin məzunlarıdır. Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilir.

Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin  yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun təşkil edilməsi bu istiqamətdə əldə olunan mühüm nailiyyətlərdir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətənpərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürmüşdür. Bu gün qürurla, iftixarla etiraf edə bilərik ki, onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb. İcra olunmaqda olan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramları çərçivəsində minlərlə gənc dünyanın müxtəlif universitetlərində yüksək ali təhsil alıb. Həmin proqramın həyata keçirilməsi nəticəsində yüksəkixtisaslı kadr potensialı formalaşıb, öz sahəsində hərtərəfli biliyə yiyələnən çoxlu gənc xaricdə təhsil alandan sonra doğma Vətənə qayıdıb. Gənclərin məşğulluğunun artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə mühüm layihələr həyata keçirilib. Həmin proqramlar gənclərin yaradıcı və peşəkar inkişafına hərtərəfli imkanlar yaradır.  

Gənclərimiz həm də vətənpərvərdirlər. 44 günlük Vətən müharibəsində gənclərimiz şanlı tarix yazdılar. Ölkəmiz Dəmir yumruğun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini sübut etdi. Ali Baş komandan, Prezident cənab İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: “Bu Dəmir Yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik!”

Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğu ətrafında birləşən gənclər Aprel döyüşlərində qazanılmış qələbənin davamını gətirdilər. Haqq savaşı günlərində gənclər həm ön, həm də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstəriblər. Həmin günlərdə onların nümayiş etdirdiyi birlik, həmrəylik igidlik və rəşadət zaman-zaman xatırlanacaq. Gənclərimiz düşmən təxribatlarına qarşı sosial media platformalarında informasiya cəbhəsində mübarizə apararaq Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Eyni zamanda könüllü gənclər şəhid və qazilərin ailələrinə dəstək göstərib, yaralı hərbçilərin yanında oldular.

Gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz bu gün sərhədlərimizin keşiyində dayanır, ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. İdman sahəsində böyük qələbələr qazanırlar, iqtisadiyyatın müxtəlif istiqamətlərində, dövlət təşkilatlarında çalışırlar. Gənc alimlərimiz elmi potensialımızı gücləndirirlər. İşğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramının həyata keçirilməsi prosesində də gənclərin rolu danılmazdır. Onlar ölkəmizdə həyata keçirilən böyük quruculuq və abadlıq proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında və sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. 

Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhda olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərin adı ilə bağlıdır. İnkişaf prosesi gənclərlə paralel olaraq irəliləyir, çünki onlar cəmiyyətin transformasiyasını və dəyişikliklərini həyata keçirən əsas qüvvədir. Gənclər, yalnız gələcəyin liderləri deyil, həm də bu günün sosial, mədəni və iqtisadi inkişafında fəal iştirak edən tərəflərdir. Onların fərqli dünyagörüşləri, innovativ ideyaları və dinamizmi, inkişafı sürətləndirən mühüm amillərdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Musiqi yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsüdür. İnsanları bir-birinə yaxınlaşdıran, heç bir sərhəd tanımayan, duyğuları sərbəst çatdırmağı bacaran musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür etmək çətindir. Bu sənətin sahibləri dünyanın hər yerində fəaliyyət göstərən həmkarları ilə öz dillərində danışmağa qadirdirlər. Azərbaycan xalqı zəngin musiqi irsinə malikdir.

 

AzərTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunmuş Massi şəhərinin Musiqi və Rəqs Konservatoriyasının müəllim və şagirdlərinin Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertində deyib. O, Azərbaycan musiqisi və bəstəkarlarından söz açaraq bildirib ki, belə konsertlərin vaxtaşırı təşkili bəstəkarlar, ifaçılar və dinləyicilər üçün faydalıdır.

 

Konsert Azərbaycan xalq mahnıları, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Musa Mirzəyev, Tofiq Quliyev, Əşrəf Abbasov, İsmayıl Hacıbəyli, Rauf Hacıyev, Ağabacı Rzayeva kimi azərbaycanlı bəstəkarların, eləcə Klod Debussi, Frederik Şopen, Moris Ravel, Fazil Say kimi digər xalqların bəstəkarlarının əsərləri pianoda, fleytada, klarnetdə ifa olunub.

 

Konsert pianoçu Səidə Zülfüqarovanın müşayiəti ilə İannis Ksenakis Konservatoriyasının direktoru Qabriel Kabare Moris Ravelin mahnısını ifa edib.

 

Konsert Fazil Sayın “Qara torpaq” və Tofiq Quliyevin “Qaytağı” musiqilərinin pianoçu Səidə Zülfüqarovanın ifası ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk tarixinin ən qədim və ən güclü hökmdarlarından biri Mete Xan (e.ə. 209–174) Böyük Hun İmperiyasının qurucusu və türk hərb sənətinin banilərindən biri olmuşdur. O, türklərin ilk böyük dövlətlərindən biri olan Hun İmperiyasını möhkəmləndirmiş və türkləri vahid bayraq altında birləşdirmişdir.

Dahi sərkərdə və güclü dövlət başçısı
Mete Xan güclü hərbi strategiyası və döyüş bacarığı ilə tanınmışdır. O, atası Teoman Şanyunu məğlub edərək Hun taxtına sahib olmuş və qısa müddətdə dövləti qüdrətli bir imperiyaya çevirmişdir. Onun hakimiyyəti dövründə Hun dövləti Çin, Monqol, Sibir və Orta Asiya torpaqlarını əhatə edən böyük bir imperatorluğa çevrildi.

Onluq ordu sistemi və hərbi dəyişikliklər
O, türklərin döyüş taktikalarında inqilabi dəyişikliklər etmiş, onluq ordusistemini yaratmışdır. Bu sistem sayəsində Hun ordusu mükəmməl təşkilatlanmış və sürətli hücum taktikaları ilə düşmənlərinə qalib gəlmişdir. Bu sistem sonradan Göytürk, Səlcuq və Osmanlı dövlətlərində də tətbiq olunmuşdur.

Çin imperiyasına qarşı qələbələr
Mete Xan Çin imperiyasına qarşı çoxsaylı uğurlu yürüşlər təşkil etmiş və Çini Hunlara tabe olmağa məcbur etmişdir. O, Çin səddini aşaraq Çin torpaqlarına böyük hücumlar etmiş və nəticədə Çin imperiyası Hunlara illik vergi ödəməyə məcbur olmuşdur.

Türk birliyinin əsasını qoyan hökmdar
O, sadəcə bir döyüşçü deyil, eyni zamanda birləşdirici və ağıllı dövlət rəhbəri olmuşdur. O, türkləri vahid dövlət halına gətirmiş və onların müstəqil bir xalq kimi tarix səhnəsində qalmasını təmin etmişdir.
 

 Mete Xan türk dövlətçilik ənənələrinin əsasını qoymuş və türk hərb sənətinin banilərindən biri olmuşdur. Onun yaratdığı güclü ordu və idarəçilik sistemi sonrakı türk dövlətlərinə miras qalmışdır. Mete Xanın adı bu gün də türk tarixində qəhrəmanlıq və cəsarətin simvolu kimi xatırlanır.

 

                          "Dəmir iradə – Mete Xanın sınağı"

 I Hissə: Xəyanət və Sınaq

Böyük Hun hökmdarı Teoman Şanyu taxtını daha çox sevdiyi oğlu üçün qorumaq istəyirdi. Lakin onun varisi olan Mete Xanın gücü və ağıllılığı artıq hamının dilində idi. Teoman Mete Xanı siyasi bir oyunla aradan götürmək üçün onu Dunhu tayfasına girov kimi göndərdi.

Dunhu başçısı: (gülərək) – Teoman oğlunu bizə göndərib. Düşünürsünüz ki, biz onu sağ buraxacağıq?

Mete Xan: (sakit, lakin qətiyyətli) – Mən buradan sağ çıxacağam. Çünki mən Hun xaqanının qanını daşıyıram!

Mete Xan gecə vaxtı fürsət tapıb Dunhuların düşərgəsindən qaçdı və vətəninə qayıtdı.

II Hissə: Sadiqlik Sınağı

Vətənə qayıtdıqdan sonra Mete Xan tez bir zamanda ətrafına güclü döyüşçülər topladı və ordu yaratdı. Lakin ordunun ona tam sadiq olduğunu görmək üçün böyük bir sınaq hazırladı.

Mete Xan: – Əsgərlərim, mənim əmrim müzakirə edilməz! Kimə tərəf ox atsam, hamınız oxlarınızı eyni yerə yönəldəcəksiniz!

Əsgərlər başlarını tərpətmədən razılıq etdilər.

Mete Xan əvvəlcə öz sevimli atına ox atdı. Əsgərləri tərəddüd etmədən onun arxasınca oxlarını atdılar.

Daha sonra öz ən yaxın dostlarından birini nişan aldı. Əsgərləri yenə tərəddüd etmədən oxlarını hədəfə yönəltdilər.

Nəhayət, Mete Xan atası Teoman Şanyunu hədəf aldı…

Teoman: (qorxaraq) – Mete! Bu, nə deməkdir? Mən sənin atanam!

Mete Xan: (soyuqqanlı) – Qanımda xəyanətə yer yoxdur, ata!

Əsgərlər tərəddüd etmədən oxlarını atdılar və Teoman öldürüldü. Bu hadisədən sonra Mete Xan Hun taxtına sahib oldu.

III Hissə: Böyük Xaqan

Mete Xanın dəmir iradəsi və sarsılmaz əzmi onu türklərin ilk böyük imperatoru etdi. Onun qurduğu nizamlı ordu ilə Böyük Hun İmperiyası sürətlə böyüdü və türklər tarix səhnəsində yenilməz bir güc kimi tanındılar.

Mete Xan: – Türk milləti güclü və bir olmalıdır! Bizim yolumuz cəsarət, nizam və sədaqətdir!

 Onun adı yüz illər boyunca qəhrəmanlıq və qətiyyətin simvolu olaraq yaddaşlarda qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

Tamaşaçılara ümumilikdə 19 film təqdim olundu

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

2023-cü ilin bu günkü gününə təsadüf edən mədəniyyət xəbərləri arasında diqqətimi bu xəbər çəkdi.

Azərbaycan kinematoqrafiyasının müxtəlif dövrlərin və janrların 19 filmindən ibarət miqyaslı retrospektivi fevralın 10-da Moskvada rejissor Fariz Əhmədovun "Sonuncu" (2021) sənədli filminin nümayişi ilə "İllüzion” kinoteatrında açıldı.

 

Azərbaycan kinosunun petrospektivi barədə bazar ertəsi kinoteatrın mətbuat xidməti məlumat yaydı. "Azərbaycan və Rusiyanın tarixi əlaqələri yüz ildən çoxdur və ölkələrimiz mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində səmərəli əməkdaşlıq edirlər. Ötən ilin sonunda Azərbaycan paytaxtında Rusiya Film Festivalı keçirilib, bu günlərdə isə "İllüzion" kinoteatrında Azərbaycan kinosunun irimiqyaslı retrospektivi olacaq - əminik ki, çoxsaylı kino həvəskarlarının böyük marağına səbəb olacaq hadisə başlayıb", - deyə proqramın kuratoru, rejissor və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəri Rüfət Həsənovdan mətbuat xidməti sitat gətirib.

Təqdimat proqramına ilk azərbaycanlı qadın rejissor Həmər Salamzadənin və Aleksandr Popovun "Coşqun Vətən" (1937) məktəb komediyası, Boris Barnetin "Mavi dənizin sahilində" lirik kinopoeması (1936), Tofiq Tağızadənin "Uzaq sahillərdə" (1958) casus trilleri, İsmayıl Səfərəlinin "Balıqçı qızı" (2019) pritçası və başqaları daxildir. Tamaşaçılara ümumilikdə 19 film təqdim olunub.

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq sayəsində biz nəinki Dövlət Film Fondunda saxlanılan sovet dövrünün filmlərini, həm də yenidənqurma dövrünün kinosunu və müasir Azərbaycan "yeni dalğa kinosu"nun ən yaxşı nümunələrini göstərəcəyik. Filmlərin yarıdan çoxu Rusiya Dövlət Film Fondunun arxivindən 35 mm-lik plyonka ilə nümayiş olunacaq, rəqəmsal surətləri isə bizə lütfkarlıqla Azərbaycan Dövlət Film Fondu təqdim edib. Bu filmləri böyük ekranda görmək praktiki olaraq mümkün deyil",- deyə proqramın həmkuratoru və "İllüzion"un art-direktoru Aleksandra Lavrova qeyd edib.

Açılışda Xəzər dənizində Kür adasının sonuncu sakini Vitali Pronindən bəhs edən "Sonuncu" sənədli filmi nümayiş etdirilib. Bu filmin premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutub.

Nümayişlər Kinoşünaslar və kinotənqidçilərin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunub. Proqram fevralın 15-dək davam edib.

Moskvalıların, eləcə də Rusiya paytaxtında yaşayan həmyerlilərimizin retrospektivə böyük maraq göstəriblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Sırdaş

Təbriz

 

 

 SƏNƏ UDUZMAQ

 

Məni səndən doymaq daha da gözəl,

Daha da gözəldir əlinlə yazmaq.

Ağzınla danışıb, gözünlə görmək,

O qədər gözəl ki, sənə uduzmaq!..

 

Yenə də gözəldir bitib qoynuna,

Sabahdan-sabaha dizində qalmaq.

Əlində yetişib əfsanələşmək,

Ayağından düşüb izində qalmaq.

 

Bilmirsən nə qədər təmiz duyğudur,

Səndən qurtarmamaq, şəfa bulmamaq.

Dərdinə bulaşmaq, döşəyə düşmək,

Sağlığa dolmamaq, doldurulmamaq.

 

Gözəllik bitərmi yazmaqla səni?

Saymaqlar nəhayət yarıya varar!

O qədər gözəldir məndəki huş-baş,

Yarıdan geriyə saymağım da var.

  

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

Bazar ertəsi, 10 Fevral 2025 16:03

Qəhrəmandan SMS – ŞEİR DİLİ İLƏ

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

Bəzən çox-çox böyük mövzuları bir şeirə sığışdırıb şeir dilində deməyə çalışırıq. Əlbəttə, bunun mənfi və müsbət tərəfləri var. Mənfi tərəfi çətinliyidir, müsbət tərəfi isə daha təsirli olması.

 

Yuxuya gedib ki, onu oyadam?

Məndən ayrılsa da, bir qan, bir canıq.

-Mən uşaq deyiləm gedəm, qayıdam

Yeni dostlarım var, çox mehribanıq.

 

-Polad qarşıladı ilk öncə məni

Sonra Mübariz də gəldi yanıma.

Xudayar sevindi görüncə məni,

Hətta əkiz bildi məni canına.

 

Şəhid odda yanmaz, suda boğulmaz!

Bu ali zirvəyə şübhə olmasın.

-Mən subay qalsam da dünya dağılmaz

Təki vətənimiz yarsız qalmasın.

 

-Gör nə qədər ana saçların yolur...

Hər dəfə bu ayı düşmənmi bilək?

Hər il görürəm ki, belə iş olur

Gəlin Sentyabrı təqvimdən silək!

 

Mərdin güllələri namərdi yıxıb,

Öldükcə yarpaqtək burda boy atdıq.

-Ey xalq, sizə orda vətən buraxıb,

Özümüz cənnətdə vətən yaratdıq.

 

Hər evdə yas olur ilin hər ayı,

Cavanlar tələsir hərdən o yana.

-Hər gün cənnətdəki qonağın sayı,

Heç ara vermədən artır, ay ana.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Hər bir insanın uşaqlığından qalma xatirələri vardır. Kiminin o dönəmə aid hər hansı əşyası, kiminin də xatirində o zamanların musiqiləri, filmləri, oxuduğu kitablar qalır.

Hər bir uşaq kimi bizlər də hər yeni il yaxınlaşanda televizorun qarşısına toplaşar, ya konsertə, ya da filmə baxardıq. Bu gün haqqında danışacağım film də bizi  uşaqlığımıza aparacaq. Rejissorluğunu Kris Kolumbusun etdiyi bu filmin adı  “Evdə Tək”dir.

 

Hadisələr valideynləri tərəfindən evdə unudulan 8 yaşlı Kevin Makkalisterin yaşadığı İllinoys ştatında baş verir. Film 1990-cı ildə çəkilmişdir. Qeyd edim ki, film komediya və macəra janrının miksidir.

İllinoys ştatının evlərinə qənim kəsilən ev oğruları Harri və Marv ənənələrinə sadiq qalıb yenə yollarını burdan salırlar, seçim Kevingilin evi olur. Lakin bu səfər, loru dildə desək, daş qayaya rast gəlir. İlk başlarda Kevin oğrulardan çəkinsə də sonradan onlarla mübarizə aparmağın yolunu tapır. Qurduğu tələ ilə Harrinin əlini yandıran bu dəcəl yolüstü Marvında alnının ortasına isti ütünü yapışdırır. Öz evini və mülkünü qorumaq üçün kənardan qəddar görünən Kevinin əslində necə səmimi və xoşxasiyyət olduğu filmin sonlarına doğru görünür.

Sonda oğrular tərəfindən tutulsa belə polislərin sayəsində xilas olan Kevin ailəsi ilə də aradakı soyuqluğu aradan qaldıraraq xoşbəxt yaşam tərzini davam elətdirir.

Nə qədər varlı olursansa ol, ailən yanında deyilsə dünyanın ən kasıb insanısan. İnsan övladının ən dəyərli sərvəti onun ailəsidir. Unutmayın, ailə hər şeydir. 

 

 

 

“Ədəbiyyat və İncəsənət”

(10.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.