Ankarada TÜRKSOY və Türkiyə Azərbaycan Dosluq İş birliyi və Dayanışma Vəkfi (TADİV) təşkilatçılığı ilə “Türk dünyası siyasətində birləşdirici ünsür olaraq ədəbiyyatın rolü” adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, ilk öncə TADİV rəhbəri Aygün Attar çıxış edərək ədəbiyyatın birləşdirici faktör olaraq, Türk dünyası arasında birlik və həmrəylikdə rolunu qeyd edərək, ədəbiyyatın köklərinin Türk xalqlarının ortaq tarixindən, mənəvi dünyasından və zəngin folklor ənənələrindən aldığını, həm milli, həm də ümumtürk mədəniyyətinin inkişafında mühüm rol oynadığını söyləyib.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər bir xalqın ruhunu və mədəni kimliyini əks etdirən ədəbiyyatın milli yaddaşın daşıyıcısı olduğunu vurğulayıb. O, Azərbaycan ədəbiyyatının tarixən, dil baxımından və ədəbi ənənəsinə görə ümumtürk mədəniyyətinin əsas mənəvi gücü və Türk dünyası mədəniyyətinin qürur qaynağı olduğunu söyləyib.
Samir Abbasov Azərbaycan klassik irsinin Türk mədəniyyətinin zənginləndirməklə yanaşı, mədəni birliyimizin güclənməsinə, humanizm, ədalət, sevgi və mənəviyyat kimi ali ideyaların formalaşmasına güclü təsir göstərdiyini qeyd edib. O, Azərbaycanda dövlət səviyyəsində ədəbiyyata böyük qayğı olduğunu, görkəmli simalarımızın zəngin irsinin təbliği məqsədi ilə 2019-cu ildə ölkədə “Nəsimi ili”, 2021-ci ildə isə “Nizami Gəncəvi ili” elan olunduğunu bildirib.
“Kitabi-Dədə Qorqud” kimi bəşəri dəyərə malik dastanlardan başlayaraq Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzaləddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilərin möhtəşəm yaradıcılığı zirvəyə yüksələn ədəbiyyatımız yalnız Azərbaycan deyil, bütün Türk-Şərq ədəbiyyatının iftixarına çevrildiyini bildirən Samir Abbasov məruzəsində Türk dünyasında mədəni körpü olan ədəbiyyatımızla bağlı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr barədə məlumat verib. O, Mərkəzin elmi layihələri, tərcümələri, nəşrləri, araşdırmaları, konfransları, kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması və “Azərbaycan bölümləri”nin yaradılması, ana dilimizin təbliği və tədrisi, ədəbiyyatımızın incəsənət vasitəsi ilə tanıdılması, ədəbiyyat simalarımızın adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələrə dair təqdimatla çıxış edib.
Tədbirdə digər məruzəçi Giresun Universitetinin professoru Hatem Türk hər bir xalqın dünyada mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə tanındığını vurğulayaraq, müasir dövrdə Türk dünyasının və türk xalqlarının ortaq ədəbiyyatının aramızda təkcə mədəni və elmi körpü deyil, həm də bu zəngin dəyərləri dünyaya tanıtmaq istiqamətində önəmindən danışıb.
O, Ədəbiyyatımız aramızdakı mədəni dialoqu gücləndirdiyini və yeni nəsillərin milli kimliklərini daha dərindən anlamalarına kömək etdiyini söyləyərək, son illərdə Türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətində elmi fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər Azərbaycana dair Türkiyə Türkçəsinə tərcümə olunan nəşrlər Giresun Universiteti Kitabxanasına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(11.12.2025)


