
Super User
Dövlət Simfonik Orkestri Filarmoniyada konsert verəcək
Aprelin 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.
Musiqili gecədə orkestr dirijor Murtuza Bülbülün rəhbərliyi altında çıxış edəcək.
Proqramda Lüdviq Van Bethoven “Eqmont” uvertürası, Edvard Qriqin “Per Günt” süitası No. 1, Ferents Listin “Prelüdlər” simfonik poeması, Modest Musorqskinin “Keçəl dağda gecə” simfonik lövhəsi (işləyəni Nikolay Rimski-Korsakov), Pyotr İliç Çaykovskinin “Qu gölü” baletindən süita səslənəcək.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Sədaqətli həyat yoldaşı seçməyin hansı şərtləri var?
“Ədəbiyyat və incəsənət”in Gənc ailə güçəsində Uğur Mətin sizlərə “SƏDAQƏTLI HƏYAT YOLDAŞI SEÇMƏK ÜÇÜN ÖZÜNÜZƏ BU SUALLARI VERIN” yazısını təqdim edir.
Xoşbəxt evlilik və düzgün münasibət üçün partnyorun doğru insan olub-olmamasına əmin olunmalıdır. Həyatınıza girən biri ilə çətinlik çəkmədən, asanlıqla söhbət edə bilməlisiniz. Onunla vaxt keçirməkdən bezməməli, danışmaqdan zövq almalısınız.
Qarşınızdakının sizin üçün doğru insan olduğunu bilmək üçün özünüzü bir neçə sual verin.
Beləliklə, həmin sualları təqdim edirik:
Maraqlarınız oxşardırmı?
Nə qədər çox ortaq tərəfləriniz varsa, bir o qədər bir-birinizə tez uyğunlaşacaqsınız. Bu o demək deyil ki, bütün maraqlarınız, hobbiləriniz eyni olsun. Amerikalı psixoloq Sima Hinqorani məsələ ilə bağlı bu sözləri deyib:
“Həyatınızı kiminləsə keçirməyə qərar verdiyiniz zaman, ikinizin birlikdə nə etmək istərdiklərinə baxmalısınız. Məsələn, əgər siz kino həvəskarısınızsa, bu zaman filmlərdən zövq alan biri ilə birlikdə olmaq istərdiniz. Bu həyatınızı daha da maraqlı edəcək”.
Standartlarınız uyğun gəlirmi?
Yaxşı həyat yoldaşı seçərkən həm özünüzün, həm də ailənizin standartlarını nəzərə almalısınız. Sizinlə eyni sosial təbəqədən və ya eyni ailə mədəniyyəti olan birini seçmək mümkün olmasa da, bu uyğunluğu nəzərə almaq vacibdir.
Bir-birinizə hörmət edirsiniz?
Sizə, arzularınıza, məqsədlərinizə və şəxsiyyətinizə hörmət etməyən biri ilə həyatınızı keçirə bilməzsiniz.
Etibarlı insandır, ona güvənirsinizmi?
Etibar edə biləcəyiniz birini seçmək son dərəcə vacib məqamdır. Bir-birinizə güvənməsəniz və ya inanmasanız, xoşbəxt bir evlilik ola bilməz.
Birlikdə yaxşı vaxt keçirirsiniz?
Birlikdə vaxt keçirməkdən zövq almaq eyni maraqlara sahib olmaq qədər vacibdir. Sizə kifayət qədər vaxt ayıran və vaxt keçirməkdən bezməyən biri ilə sevgili olmalısınız.
O, dəyişməyə açıqdırmı?
Fərqli mədəniyyətlərdən olan insanların evliliklərində diqqət etməli olan məqam onların bir-birindən nə qədər fərqli olduqları deyil, tərəflərin dəyişməyə açıq olub-olmamasıdır.
Bir tərəf “mən beləyəm, dəyişmərəm” deyirsə, qarşı tərəf çətin vəziyyətə düşür. Münasibətdə hər iki tərəf vərdişlərindən tam olmasa da, bir az ödün verə bilər. Bununla da ikili ortaq nöqtədə görüşərsə, mədəni fərqliliklər evliliyə təsir etməz.
Evliliklə bağlı özünüzə verməli olduğunuz digər suallar:
Özümü tanıyırammı?
Evlilik üçün özümü hazır hiss edirəm?
Bu insan evlilik üçün yetkin biridirmi?
Bu insan mənim yaxşı və pis günümdə yanımda olacaqmı?
Qarşılıqlı sevgi, hörmət və sədaqəti təmin edə biləcəyikmi?
Həyata fərqli tərəfdən baxıb ortaq bir məxrəcə gələ bilərikmi?
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti olub
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti olub. Ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Mariya Paxar (soprano), İlya Xardikov (tenor) rus və xarici ölkə bəstəkarlarının musiqisinə yazılmış operalardan ariyaları və romansları ifa ediblər. Onları fortepianoda Sergey Semyonov müşayiət edib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, konsert Azərbaycanda həyata keçirilən “Rus dili millətin mədəni kodu və millətlərarası ünsiyyət vasitəsi kimi” təhsil, maarifçilik layihəsi çərçivəsində təşkil edilib. Bu layihə dünyanın ən zəngin dillərindən biri olan rus dilinin qorunub saxlanmasına və onun statusunun artırılmasına yönəlib.
Layihənin təşkilatçıları Kinofestivallar və beynəlxalq proqramlar mərkəzi, Moskvadakı L.N.Tolstoy Dövlət Muzeyi, “KinoFokus” şirkəti, Bakıdakı Rus Evi, Azərbaycan Dillər Universiteti və Beynəlxalq Muğam Mərkəzidir. Layihə Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Murad Hüseynov Rusiyanın Azərbaycandakı səfirliyinin, biznes strukturların, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri, mədəni ziyalılar, rusiyalı həmvətənlər konsertə gələnlər arasında olub.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Cəmi 23 il yaşadı…
Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasının 114-cü ildönümüdür
Hazırda Bakıda musiqi kolleci və paytaxt küçələrindən biri onun adını daşıyır. Çoxları üçün elə məhz bu adlarla xatırlanır, halbuki, həyat yolu və ərsəyə gətirdiyi işlər onun üçün xatırlanmağı haqq edir. Təkcə “Ölkəm” romansı onun sevilməsi və daim xatırlanması üçün kifayət edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasının 114-cü ildönümüdür. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib.
Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar və qarmon çalardı. Beləliklə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu.
Asəfin 7 yaşı olanda anası onu Dərbənd Realnı məktəbinə qoyur. O, burada uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.
Onun 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin “Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəlirlər.
Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. O, konservatoriyada oxuyarkən Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyirdi. A.Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. PGənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Onun məruzələri maraqla dinlənilir.
Asəf təhsil almaqla yanaşı, Türk işçi teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.
A.Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib. İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb. Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. Özünün “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.
İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. “Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub.
Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu “Alma almaya bənzər” mahnısını çox bəyənir. Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur.
Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
“Azərbaycanın XIX-XX əsrlərə aid xalçalarında quş təsvirləri” adlı mühazirə oxunacaq
Bir elanı nızırinizə çatdıraq: Aprelin 8-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın qədim incəsənət nümunələrində və XIX-XX əsrlərə aid xalçalarında quş təsvirləri” adlı mühazirə keçiriləcək.
Sözügedən mühazirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva mühazirədə tunc və dəmir dövrlərinə aid metal, keramika məmulatlarının, həmçinin xalçalarımızın üzərindəki quş təsvirləri, onların daşıdığı mənalar barədə ətraflı məlumat verəcək.
İştirak etmək istəyənlər əvvəlcə https://forms.gle/qiYwPwpUc6r43Dm49 linkindən qeydiyyatdan keçməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
50 yaş nədir ki?.. - Kənan Hacı yazır
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, publisist Kənan Hacının şair Əkbər Qoşalıya həsr etdiyi “Qağa, 50 yaş nədir ki?” yazısını təqdim edir.
Doxsanıncı illərdə ədəbiyyata maraqlı bir nəsil gəldi. Bu nəsil bütün parametrləriylə yeni idi; həmin gənclik ədəbiyyata müstəqillik dövrünün paradiqmasını gətirdi, onların yaradıcılığında azad söz forma və məzmun baxımından, üslub cəhətdən bütün stereotipləri alt-üst etdi. Uzun illərdən bəri tanıdığım şair Əkbər Qoşalı bu dalğanın gətirdiyi yeni, azad sözün təmsilçilərindəndir.
İllər sürətlə bir-birini əvəz edir, doxsanıncıların ədəbiyyatda açdığı cığırla yeni-yeni nəsillər gəlir, bir atımlıq barıtı olanlar tədrucən söz meydanından çəkilir, sözü taleyinə çevirənlər isə ədəbiyyatın yaddaşına hopur. Əkbər bu yolda sabitqədəm oldu, söz-söz addımladı, bu yolun çətinliklərini canına hopdurdu və beləcə, bir də baxıb gördük ki, yarım əsrin dizini yerə qoydu!
Öz yazdığım cümləyə heyrətlənirəm... Əkbər Qoşalının – gənc qələm dostumun 50 yaşa qədəm qoyması mənə bir az inanılmaz, bir az qəribəgəlir. Onu həmişə harasa tələsən görmüşəm, bilirəm ki, getdiyi yerdə mütləq millətimizin, ədəbiyyatımızın nəfinə hansısa işlər görür. Tərtibatçısı olduğu, tərcümə etdiyi və yazdığı kitablar Azərbaycan ədəbiyyatının Türk dünyasıyla birləşib bir bütöv olmasına xidmət edib. Onun yaratdığı Dünya Gənc Türk Yazarlar Birliyi Turan dünyasına atılan ədəbi körpüyə çevrilib. Əkbər türk xalqları arasında ədəbi əlaqələrin yaranmasına böyük töhfələr verib, bu yolda neçə-neçə şeirini, neçə-neçə yazısını qurban verib. Gördüyü işin əhəmiyyətini dərk edərək bütün enerjisini, gücünü bu yöndə sərf edib və bu gün də həmin missiyanı davam etdirir. Əkbər uzun illər Ayatürk Mərkəzində səmərəli fəaliyyət göstərib. Ölkəmizi dəfələrlə uluslararası konfrans, simpozium və festivallarla ləyaqətlə təmsil edib. Bir sıra beynəlxalq ödüllərə layiq görülüb. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə“Tərəqqi” medalına layiq görülüb. Bu gün də Milli Məclisin Mədəniyyət Komitəsində ekspert olaraq çalışır. Əkbərin ədəbi və ictimai fəaliyyəti zəngindir. Əkbər dost kimi də canayaxınadamdır. Onunla dostluğumuzun az qala, iyirmi yaşı var. Onu həmişə özümə simsar bilmişəm, səmimiyyəti, dostcanlılığı ayaqüstü söhbətlərimizdə belə adamı xoş auraya kökləyir. Bir dəfə yazmışdım ki,Əkbər dostu da köksünə ürəklə sıxır.
O ki qaldı şairliyinə... Onun “Ürək daşı” kitabı haqqında yazdığım düşüncələri bu yazıda təkrarən təqdim edirəm:
Əkbərin poeziyası kökü qədimlərdən gələn türk ruhunun gələnəklərinə söykənir. Dünyanın yollarını əriş-arğac eləmiş bu poetik təfəkkür Əkbərin qan yaddaşında yenidən oyanır və sözdə bədii ifadəsini tapır. Hardansa oxumuşdum ki, şeir qəlbiylə ağlını sözə batırıb balla yemək deməkdir. Mənim düşüncəmə görə isə şair arı kimi sözdən şirə çəkəndir, söz şairin düşüncəsində şirələnib ballanır. Əkbərin şeirlərində həzin şirinliyə narın bir qüssə də qarışıb:
Ürəyin çatan dərdə boyun çatmır, neyləyək? Baxdım, göz yaşın çatır, yaşın çatmır, neyləyək?
Dərdə boy verməyən yaşda dünyanın kədəriylə tanış olmuş gənc dünyanı ağrılarıyla tanıyır. Şeir ağrı sözünün sinonimi kimi işlənir. Ağrı hələ kədəri tanımayan ürəyə ilan kimi sürünür. Əkbərin poeziyasında bu qəbil nisgilli misealar az deyil. Bu da poeziyanın təbiətindən doğur. Ona görə belə bir mümkünsüz arzu gəlir xəyalına:
Bircə dənə arzum qalıb, İlahi!
O qədər dərd yükləmişik çiyninə,
İnnən belə doğulacaq uşaqların
Ürəyini cüt elə...
Bu, bir şair arzusudur. Qəribə, irreal arzudur... Mən isə Əkbərə, qədim dostuma dünya qədər qədimlik arzulayıram! Yaşın üstə yaş gəldikcə arzuların tükənməsin, əziz dost! 50 yaş nədir ki, ay qağa? Yüzəcən yaşa, bəsdir…
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçiriləcək
Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunacaq.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq konsertdə bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc tarzən, Əməkdar artist Sahib Paşazadə çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Turizm sərgisində “Bəhram əmi” də iştirak edir
Xəbər verdiyimiz kimi, Bakıda 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi keçirilir. Burada bir çox yerli və xarici şirkətlər iştirak edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar artist, bloger, yazar Bəhram Bağırzadənin də sərgidə stendi
var və xaricdən gələn qonaqlara o, müəllifi olduğu və uşaqlara Bəhram əmilərindən ünvanlanan "Bakı", "Şuşa", "Qarabağ", "Qəbələ", "Gəncə", "Naxçıvan", "İrəvan" və digər kitablarını təqdim edir. Məqsəd, xarici qonaqlarda ölkəmiz haqqında xoş təəssürat yaratmaq və doğma Azərbaycanımız haqqında onları məlumatlandırmaqdır.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
“Yazmaq hipnozdur” – Stiven Kinq
“Ədəbiyyat və incəsənət”in əməkdaşı Habil Yaşar dünyaca məşhur qorxu romanlarının yazarı Stiven Kinqi mütaliə edib də portal üçün onun yazı rutinini hazırlayıb.
“Mənim bir rutinim var, çünki düşünürəm ki, yazmaq öz-özünə hipnozdur və təkrar-təkrar eyni hərəkətləri etsəniz, bir növ transa düşərsiniz”.
Stiven Kinq, “YAZMAQ HİPNOZDUR'”
İllər keçdikcə Kinqin gündəlik yazı işi yavaşladı. O, hələ də hər gün, hətta həftə sonları da yazır, amma özünün dediyi kimi, “Mən daha çox yazırdım və daha tez yazırdım – bu sadəcə qocalmaqdır. Bu, sizi bir az yavaşladır”.
Əvvəllər o, gündə 2000 söz yazardı, lakin bu günlərdə o, hər gün təxminən dörd saat yazmağı hədəfləyir və təxminən 1000 söz yazır.
“Oyanıram. Səhər yeməyi yeyirəm. Təxminən üç mil yarım piyada gəzirəm. Qayıtdıqdan sonra əlyazmam olan kiçik ofisimə çıxıram. Mən onu dəfələrlə nəzərdən keçirirəm. Günümü yazmaqla keçirmirəm. Bəlkə iki saat təzə nüsxə yazacam, sonra geri qayıdıb bəzilərinə yenidən baxıb bəyəndiyimi çap edib söndürəcəm” deyir Stiven Kinq.
Kinq yazarkən musiqiyə qulaq asır, adətən, işlədiyi müddətdə eyni mahnını dəfələrlə dinləyir.
“Gündə 20 saat, mən hamının yaşadığı reallıqda yaşayıram. Amma gündə dörd saat ərzində hər şey tamamilə dəyişir. Və əgər nə vaxtsa bunun necə baş verdiyini və ya niyə baş verdiyini soruşsanız, sizə deməliyəm ki, bu, başqaları kimi mənim üçün də bu sirrdir” deyir Stiven Kinq.
Bəli, hər yazar bir cür yazır. Hərənin öz yazı mətbəxinin sirləri var. Amma Kinq bu sirləri açıqlamaqdan əsla çəkinmir.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Ayaz Salayev: "Kinematoqrafiya ittifaqları birləşsə, istefa verəcəyəm, təşkilatda qalmayacağam"
“Maddi maraqlar əsasında çəkilən filmlər millətin zövqünə böyük zərbə vurur”. Bunu “Report”a müsahibəsində kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib. “Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə müsahibəni təqdim edir:
- Azərbaycan kinosunu necə səciyyələndirirsiniz?
- Bu gün Azərbaycan kinosunun üzərinə böyük məsuliyyət düşür. Lakin mən kino sahəsinə cavabdeh olan və bu sahədə fəaliyyət göstərən insanların bunu nə qədər dərk etdiyini bilmirəm. Çünki biz həqiqətən də tarixi bir dövr yaşayırıq. Hələ müstəqilliyimizi bərpa edəndə elə bil millət kimi yenidən dünyaya göz açırdıq, məhz indi, böyük qələbəmizdən sonra da sanki yenidən dünyaya göz açdıq.
Mən işimlə əlaqədar 90-cı illərin əvvəllərindən bu günə qədər tez-tez xarici ölkələrdə səfərdə oluram, festivallarda iştirak edirəm. Son iki-üç ildə bizə qarşı münasibətin necə dəyişdiyinin şahidi olmuşam. Bütün bunları düzgün qiymətləndirmək lazımdır. Azərbaycan kinosunun çiyinlərinə sözügedən məsələlərlə əlaqədar yük düşür. Xalqın psixologiyası, qələbənin qazanılmasına doğru aparan yol, hansı hisslərin keçirilməsi, Daşaltı kəndi ilə Şuşa şəhəri arasında yerləşən sıldırım qayalıqları yalın əllə qalxan igidlərimiz, birliyimizdən doğan güc, həmin iradə və sairin hər biri ekrana gətirilməlidir. Bir sözlə, kinomuz xalqımıza xeyli borcludur.
- Bugünkü kinomuz sizi nə qədər qane edir?
- Qətiyyən qane etmir... Yuxarıda qeyd etdiyim fikirlərə bir daha qayıtmaq istəmirəm, lakin hesab edirəm ki, Azərbaycan kinosunun görməli olduğu çox iş var. Fikrimcə, milli kinonun inkişafı maddi maraqlara əsaslanmamalıdır. Çünki maddi maraqlara əsaslanan filmlər göz önündədir. Əfsuslar olsun ki, bunlar millətin zövqünə böyük zərbə vuran filmlərdir. Digər bir məsələ də festival üçün çəkilən kinolardır. Lakin kinonun inkişafı üçün hər iki yanaşma ölçü olmamalıdır.
30 il ərzində bizi çox az ölkə dəstəklədi. Hamı gözlədi ki, nəsillər keçsin xalqımız torpaqlarımızın itirilməsi ilə barışsın. Lakin tarix göstərdi ki, həmin torpaqların üzünü görməyən uşaqlar döyüşə getdilər. Qarabağ orada qoyulan evdən, daşdan ibarət deyil. O, hansısa ruhani, sakral güclü bir anlayışdır. Bu baxımdan kinoya yanaşmamızda həmin məsələləri götür-qoy etməliyik.
- Köhnə filmlərimiz bu gün də sevilərək izlənilir. Necə düşünürsünüz, hazırda çəkilən filmlər də gələcəkdə bu qədər seviləcək?
- Onu demək çətindir. Köhnə filmlərimizin sevilməsi məsələsi də tam olaraq ölçü deyil. Elə filmlər var ki, 50-ci illərdə çəkilib və bu gün də sevilir. Lakin bu çox pis haldır. Filmdə insanın başının keçəl olmasının gülüş səbəbi kimi göstərilməsi qəbul edilən deyil. Bu qəbildən olan filmlərin hazırda sevilməsi və ya populyar olması da müsbət hal sayıla bilməz.
Hazırda çəkilən filmlər bəlkə də gələcəkdə seviləcək, lakin əsas məsələlərdən biri də filmdə hər şeyin, xüsusilə yumorun yüksək səviyyədə olmasıdır. İnsan estrada musiqisinə qulaq asanda dincəlir, bir qədər özünü yaxşı hiss edir. Əgər siz klassik musiqiyə qulaq asarkən o həqiqətən də sizdə hansısa hissləri oyadır, həmin musiqi hisslərinizlə bir səslənirsə, bu o deməkdir ki, siz artıq inkişaf etmiş insansınız. Bu cür insanlardan ibarət olan ölkənin elmi də, sənəti də, düşüncə və yaşayış tərzi də inkişaf edəcək. Bu fikir filmlər üçün də keçərlidir.
Son illərin Qara Qarayevi, Üzeyir Hacıbəyovu, Tahir Salahovu hanı?! Sənətin, kinonun ilkin vəzifəsi insanın mürəkkəb hisslərini oyatmaq, onu insan kimi inkişaf etdirmək, insanı təkcə fizioloji varlıq kimi göstərməməkdir. Acanda yeyir, soyuq olanda geyinir, yuxusu gələndə yatır. Bir sözlə insanın daxili hisslərini, şübhələnməsini, məyus olmasını, sevməsini mavi ekranda əks etdirmək lazımdır.
- Mədəniyyət Nazirliyində baş verən dəyişikliklər kinomuza necə təsir göstərəcək?
- İslahatlar, texniki imkanların genişləndirilməsi, maliyyə vəsaitinin ayrılması kinonun inkişafına kömək edə bilər. Lakin burada əsas məqam beyindir. Kinoya gələn rejissorların, sənətkarların beyinlərində dəyişiklik olmalıdır. Çarli Çaplin deyir ki, uşaqlığımda atama deyirdim ki, oyuncaqlarım yoxdur. Atam isə başımı göstərərək bildirirdi ki, budur sənin oyuncağın. Bir sözlə inqilab birinci beyində başlamalıdır. Beyinlərdə kinoya, sənətə münasibət dəyişməlidir. Digər şeylər isə bu inkişafa ya kömək, ya da mane ola bilər.
- İkinci Qarabağ müharibəsindən 3 il keçsə də, ondan bəhs edən gündəm olan bir film ərsəyə gətirilməyib. Sizcə, bu nə ilə bağlıdır?
- Qeyd etdiyim fikrimdə qalıram ki, yanaşma dəyişməlidir. Tələbələrimə müharibə haqqında 60-cı illərdə çəkilmiş bir filmi göstərdim. Orada müharibənin necə təsvir olunduğunu müzakirə etdik. Hər birimiz İkinci Qarabağ müharibəsinin ekranlarda öz sanballı əksini tapmasını gözləyirik. Bu qəbildən olan filmlərdə əsas olan insan amilidir. Onun keçirdiyi mənəvi hisslər, əzab, qürur və s. Bizdə isə müharibə filmləri ancaq dava-dalaş şəkildə çəkilir. Lakin müharibədə əsas olan dünya və insan taleyidir.
- Sənətkarlar nazirliyin kinoya ayırdığı maliyyənin mənimsənildiyindən giley-güzar edirlər. Siz necə düşünürsünüz? Sizcə, bu fikirlər reallığı əks etdirir?
- Onu demək üçün gərək audit olasan. Mən filmlərdəki problemi yaradıcılıqda və fəlsəfədə görürəm.
- Məlum olub ki, keçmiş mədəniyyət naziri 40 faiz nabələd və ali təhsili olmayan şəxsləri işə götürüb. Bu hal Azərbaycan kinosuna da təsir edib. Həm pandemiya, həm müharibələr, həm də nazirliyin kinoya biganə münasibəti... Bu qədər mənfi situasiyadan sonra kinomuz yenidən dirçələ biləcəkmi?
- Mən sualdan qaçmıram, lakin həqiqətən bunu deyə bilmərəm. Çünki bu gün kinomuzun getdiyi yol məni o qədər də sevindirmir. Hesab edirəm ki, kinoya böyük sənətkarların gəlişi ilə hər hansı inkişafdan danışa bilərik. Bu məsələdə insan, şəxsiyyət faktoru əsas rol oynayır.
- Azərbaycanda çəkilən serialları izləyirsinizmi? Azərbaycan tamaşaçıları daha çox xarici seriallara baxır. Ölkəmizdə maraqlı serialların çəkilməsi üçün nə çatmır?
- Həyatla bağlı seriallar çəkilməlidir. İnsan, onun daxili aləmi göstərilməlidir. Çünki onun fizioloji tələbatlarından başqa da həyatı var və o nə qədər dərin olsa, bir o qədər yaxşı olar. Bununla yanaşı tarixi seriallarla bağlı da boşluq çoxdur, çəkilmir. Məsələn, Rusiyada Brejnevin qızından tutmuş, Stalinin oğluna qədər hər birinin həyatı barədə film çəkilib. Bizdə də bunu etmək olar. Məsələn, Mircəfər Bağırov, Vaqif Mustafazadə kimi insanların həyatı barədə filmlər çəkilə bilər. Bu çox vacib bir məsələdir, çünki bu cür filmləri izləyərək tarixi mənimsəmək olur.
- Hazırda iki kinematoqrafiya ittifaqı var. Ortada isə ciddi kino işi yoxdur. Sizcə iki kinematoqrafiya təşkilatına ehtiyac varmı?
- Bəli, var. Çünki bu iki təşkilat da Azərbaycan xalqına, dövlətinə və sənətinə müxtəlif prizmalardan yanaşan təşkilatdır. Mənim bu və ya digər təşkilatda olmağım da bununla bağlıdır və mənim üçün prinsipial məsələdir. Heç kim məni bir ittifaqdan çıxıb digərinə getməyə məcbur etməyib. Bu qərarı vicdanımın səsi ilə vermişəm. Vaxtı çatanda həmin məsələ barədə hər şeyi xırda detallarına qədər bir məqalədə yazacağam.
- Azərbaycan Respublikası Kinematoqrafiya təşkilatı ilə Azərbaycan Kinematoqrafiya Təşkilatı birləşə bilərmi?
- Çətin məsələdir. Əgər belə bir şey olsa, mən təşkilatda qalmayacağam. Hər iki təşkilatda hörmət etdiyim insanlar var. Lakin qeyd etdiyim kimi bu mənim üçün prinsipial məsələdir.
- Xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqında narazılıqlar yaranmışdı. Bunun səbəbi nə idi?
- Əsasən iş aparılmaması, fəaliyyətsizliklə bağlı narazılıqlar vardı. İclas keçirməkdə, qurultay çağırmaqda nə var?! Hesab edirəm ki, küsüb getməklə hansısa məsələ həll olunmur. İşin içində olub nələrisə dəyişməyə çalışmaq daha düzgün yanaşma olar deyə düşünürəm.
- “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunan kino forumu keçiriləcək. Foruma hansı təkliflərlə getməyi düşünürsünüz?
- Foruma hazırlaşıram və ciddi təkliflərlə gedəcəyəm. Bir çoxu barədə artıq müsahibəmizdə danışdım. Əgər forumda mənə söz verilərsə, Azərbaycanın keçdiyi bu tarixi dövrdə kinonun çiyninə düşən vəzifələrlə bağlı danışmağı planlaşdırıram.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)