
Super User
Şuşa haqqında kitablar yeddi xarici ölkədə, müxtəlif dillərdə nəşr edilib
Şuşa Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımından Şuşanın zəngin tarixi irsinin təbliği, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərin diqqətə çatdırılması beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından da zəruridir.
AzərTAC xəbər verir ki, bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında kitablar artıq 7 xarici ölkədə və müxtəlif dillərdə - italyan, yunan, ərəb (İordaniyada), bolqar, latış, tacik və fransız dillərində nəşr edilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gəlmiş kitabların Romada, Sofiyada, Əmmanda, Riqada, Düşənbədə həmin ölkələrin dövlət qurumlarının, rəsmi şəxslərin, parlamentarilərin, mədəniyyət, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, o cümlədən həmin ölkələrdəki akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirakı ilə geniş təqdimatları keçirilib.
Xüsusilə bu günlərdə Parisdə nəşr olunmuş, Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən “Qafqazın mirvarisi - Şuşa” kitabı fransızdilli oxuculara bu qədim qala-şəhər haqqında təqdim olunan ilk əsərdir.
Təqdim edilən kitablarda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Həmçinin nəşrlərdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə edilir. İlk növbədə Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının və şəhərin qədim qapı, meydan, küçə məhəllələrinin salınması açıqlanır. Xüsusilə Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi öyrənilir. Bununla yanaşı, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan çoxsaylı görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilir. Eyni zamanda, Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin fotoları da təqdim olunub. Nəşrlərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması fotolarla diqqətə çatdırılır. Ümumilikdə nəşrlərdə qala-şəhərin işğaldan əvvəl, işğal vaxtı və sonrakı dövrünü əks etdirən çoxsaylı fotolar izahlı şəkildə təqdim edilib.
Kitablarda, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil edilir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağda milli ruhun yüksəldilməsi istiqamətində çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi abidə kimi qayğısı geniş tədqiq edilir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər sistemli şəkildə tarixi faktlar və fotolarla diqqətə çatdırılır.
Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən və Yunanıstan, Bolqarıstan, İordaniya, Tacikistanda nəşr edilmiş kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifliyi, İtaliyada professor Daniel Pommier Vinçelli, Latviyada professor Kaspars Klavinş və dosent Nigar Sultanova, Fransada isə Jan-Mişel Brun ilə birgə həmmüəllifliyi ilə nəşr edilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Uğur şərtləri hansılardır?
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Bu uğur şərtləri barədə danışacağıq.
· Uğur şərtləri
Kiçik biznesdə uğurun əldə edilməsini təmin edən bir neçə faktor vardır:
· İdarəetmə təcrübəsi;
· İstehsalat təcrübəsi;
· Texniki yardım;
· Planlaşdırma qabiliyyəti;
· Öz işi ilə məşğul olmaq üçün böyük həvəs.
Təzə işə başlayan iş adamlarının yalnız az bir hissəsi bütün bu faktorları təmin edə bilir.
Buna görə də, öz imkanlarınızı düzgün olaraq qiymətləndirərək çatışmayan xarakteristiskaları doldura biləcək partnyorları tapmağa çalışın. Və əlbəttə ki, seçdiyiniz işlə məşğul olmaq üçün böyük istək lazımdır. Belə istək olmadan başlamağa da dəyməz.
İnstitutdan sonra mən təyinatla çınqıl istehsalı zavoduna göndərilmişdim. Bir müddət mühasib işlədikdən sonra rəhbərlik mənə nəzər yetirdi və mənə zavodda marketinq şöbəsi yaratmaq təklif olundu. O zaman marketinqin nə olduğunu başa düşən az idi. Lakin bu söz dəbdə idi və hamı bununla məşğul olmağa can atırdı. Əvvəlcə mənə heç nə aydın deyildi. Lakin bütün istehsalat zəncirini tərkib elementlərinə ayırdıqdan sonra mən Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda öyrədilənlərin hamısını başa düşə bildim. Yəni, məhz əlavə dəyər və əlavə kapitalın yaranmasını. Bu məni o dərəcədə maraqlandırdı ki, mən artıq anladığım sxemi məni əhatə edən aləmdə baş verən bütün proseslərə tətbiq etməyə başladım.
P.S. Növbəti yazıda hansı şərtlər daxilində fəaliyyətin faydalı olmasından bəhs edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Cabbar Qaryağdıoğlu haqqında videoçarx təqdim olunub
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günü münasibətilə videoçarx hazırlayıb.
İdarədən verilən məlumata görə, videoçarxda xanəndənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Qeyd olunur ki, Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Onun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor səslə oxuyur.
Eyni zamanda videoçarxda Azərbaycanda opera sənətinin meydana gəlməsində C.Qaryağdıoğlunun böyük rolunun olduğu vurğulanır. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. C.Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında C.Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib. 1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında xanəndənin anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə C.Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib. Xanəndənin qrammofon valına köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən “Azərbaycan xalq nəğmələri” başlığı altında ayrıca kitab şəklində çap edilib. Yaradıcılığı boyu 500 mahnı toplayan xanəndə onlardan 300-ə qədərini yazdırıb və gələcək nəsillərə misilsiz miras olaraq ötürüb.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Sən yalanımdan başladın - Nuranə Cavidanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı gənc şairə Nuranə Cavidanın şeirlərini diqqətinizə çatdırır. Şeirləri redaksiyamıza Dünya Gənc Türk Yazarlar Birliyi təqdim edib.
*
Başladın sol tərəfdən, xislətimdən başladın,
Mən nəfsi tox adamdım, ac qəlbimnən başladın.
Başım dikdi, üzüm ağ, gülüşdən pərdəm vardı,
Gizlindəki o ağlayan gücsüz ruhdan başladın.
Axtarmağa taqətim yox,
İçimdəki yalqızlığın qollarına buraxmışam varlığımı.
Bir mən vardım, bir mən vardım, mən iki nəfərdim cəmi.
O hamıdan gizlətdiyim ikinci məndən başladın....
Yıxılmaq gücsüzlük idi, ağlamaq acizlik demək.
Kiminə güclü görünmək, kiminə bir oyun demək.
İçimdə bir düz mən vardım, sən yalanımdan başladın...
Görməz gozün, cismin məni, ya bəlkə sən gözəl gördün,
Çox heyif ki bahardan yox, mənim qışımdan başladın....
Gücüm çatmaz hisslərimdən sərdabələr quram sənə,
Əlim çatmaz körpə eşqə çabalayan ürəyimi kecmişimdən çəkəm sənə.
Elə baxma mənə məsum, zamanımın boşa gedib tükənməyimdən başladın...
Duruşum şux, obrazım çox, bir insan var dünya boyda,
Sevgisi var, parça-parça.
Zülmətin dərd otağında ac qəlbiylə baş-başadır,
Mən ki iki nəfər idim, sən hamıdan gizlətdiyim ikinci məndən başladın...
*
Biz uzağiq sevgilim.
Aramızda beş addım,
Bir qucaq qara bulut
Bir milyon il zaman var.
Məndən sənə yüz doğru yol,
Bir cüt çarəsiz qalan boş qol.
İndi sənə mən əvəzdən daha soyuq sarılan var...
İndi həsrət qatarında yola çıxıb xatirəmiz.
Sonuncu oturacaqdan pəncərəyə söykəmişəm
bir cüt nəmli gözlərimi.
Ordan-bura, burdan-ora köçürürəm xatirəni.
Hansı oturacağa baxsam, mənə baxan bir sən varsan.
Yalan danışmaq gözəldi, o yalan ki süşləmişəm hər tərəfin varlığınla,
o yalan ki gerçəyindən çox qorxuram.
Elə təxmin eləyirəm göy üzündən
mənim bu dəli halıma baxıb gülüb əylənən var....
Yol gedirə taqətim yox,
addımlarm azıb qalır.
Bilirəm yıxılacağam, yol da məndən bunu danır.
Nə qəribə, dizimdən yox,
Ürəyimdən qan axmaqda.
Mən səni xəyal etdikcə düşünürəm məlhəmim var...
*
Azadlığın şüarı ilə bir ürək gətirmişdim sənə,
O ürək ki sevgisizliyin məhkumluğundan canını təzə qurtarıb.
Sənin gözlərində görə bilirəm dərin baxışların sərkərdəsini.
Mən ruhlarımız arasındakı körpüdə gözləyirəm səni.
Yıxılsam yapışacam kipriklərindən
İndi sarılmağa nə var ki?!
Payızın soyuğundan tutmuş, sənsiz keçmiş illərimə kimi.
Yüz bəhanə də tapa bilərəm.
Ata bilərəm özümü həsrətin boğazına çöküb, səni bezar etdiyi yerdən.
Həsrətdən yıxılanlar onsuz da ölmür...
Yaşamağı öyrənir...
Bəs sən neçə nəfərə yaşamağı öyrətdin?
Sən mənə də öyrədirsən,
Yaşamağı yox, sevginlə ölməyi öyrədirsən.
Əllərində əllərimi sıxdıqca,
Elə hissləri öldürdün ki.
Nə yaxşı ki bu gün ölənlər yenidən yarana bilir,
Mən gözləyirəm səni ruhlarımız arasındakı körpüdə...
Bu gün bir yerdə öldürdüyümuzü yenidən yaşatmaq üçün.
Mən gözləyirəm səni kipriklərinin dibində..
Orda sənə sarılmaq üçün...
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Aliment, boşanma, mediasiya
AÇIQ PORTFEL-də bu gün sizə bəzi çox maraqlı statistikaları təqdim edəcəyik.
*
Ötən il aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib
*
Ötən il ərzində e-xidmətlərindən istifadə sayı 2.4 milyonu ötüb.
*
Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olub. 2022-ci il ərzində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur.
*
Eyni zamanda, boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və Ədliyyə nazirliyi tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.
*
Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək ötən il yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Sizcə, bir marionet kuklasının hazırlanması neçəyə başa gəlir?
Marionet teatrı qərbdə çox populyardır, nə yaxşı ki, bizdə də incəsənətin bu sahəsi dəbə minib. Elə bu günlərdə anşlaqla keçən “Leyli və Məcnun” tamaşası belə deməyə əsas verir ki, kuklalar da öz hissiyyatlarını canlı insanlar kimi verə bilirlər. Maraqlıdır, bəs marionet tetarı yaratmaq çoxmu xərc istəyir?
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, marionet tetarı üçün kuklaların hazırlanmasına uzun vaxt tələb olunur. Bu prosesdə sona kimi heç də cəmi bir nəfər usta iştirak etmir. Bir kuklanın ərsəyə gəlməsinə azından dörd tamam fərqli sənət adamları, mütəxəssislər cəlb olunurlar. Bir usta taxtadan kuklaları bütövlükdə cilalayır, digəri hərəkət-idarə sistemini yığıb formaya salır, başqa mütəxəssis onun geyimini, aksesuarlarını hazırlayır və başqa biri isə kuklanın vizual bəzədilməsi, boyanması işi ilə məşğul olur. Bu mütəxəssisləri bir yerə yığmaq çox çətindir. Olur ki, bu tip işlərdə bəzi məsələləri burda - yerli miqyasda həll edirik, bəzilərinin həlli üçünsə xarici ölkə teatrlarına müraciət edilir.
Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyir ki, haqqında söz açdığımız “Leyli və Məcnun” tamaşası üzərində işləyərkən kuklaları müxtəlif ölkələrdə bir neçə mütəxəssisin köməyi ilə hazırlayıblar. Ümumilikdə isə bədii və texniki nəzarət, eləcə də kuklaların son yığma işləri özləri tərəfindən aparılır. Xüsusən tamaşada hər bir personaj üçün hazırlanan kuklalar hərəsi ayrı bir zaman müddətində ərsəyə gətirilir. Misal üçün, “Leyli və Məcnun” tamaşasında Məcnun kuklası 2 aya hazırlanıbsa, Leyli kuklasının tamamlanmasına 6 ay vaxt sərf olunub. Hər bir kuklanın baş hissəsinin hazırlanmasına həftələrlə vaxt gedir. Əgər kukla tamaşanın konsepsiyasına uyğun gəlmirsə, prosesi yenidən başlamalı olurlar. Bu isə təbii olaraq xeyli vaxt alır.
Burada hansısa bir normativ olmadığı üçün kuklaların konkret hazırlanma müddəti də dəqiq bilinmir. Ümumiyyətlə dünyada keyfiyyətli marionet kuklası hazırlayan cəmi 2-3 mütəxəssis var. Təxminən bir marionet kuklasının hazırlanması isə inanılmaz qiymətə başa gəlir. Neçəyə? Deyək! 7-10 min dollara.
Şəkildə: Marionet kuklalardan Leyli və Məcnun.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Bu gün Filarmoniyada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq
Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunacaq.
Solistləri dirijor Mustafa Aşurovun rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, ifaçılar Vəfa Vəzirova, Rəvan Qaçayev, Zabitə Əliyeva, Nurlana Abdullayeva, Samir Piriyev və Taleh Yəhyayev çıxış edəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
O kəklikotulu çayın ətrini hələ də duyuram…
“Ədəbiyyat və incəsənət” portalının poçtunda ötən gün 50 illik yubileyini qeyd edən gözəl şairimiz, portalımızın Redaksiya Heyətinin üzvü Əkbər Qoşalı ilə bağlı ürək sözləri o qədər çoxdur ki, onların hamısını dərc etmək də mümkün deyil. Seçmə yazıların dərcini davam etdiririk, bu gün Təranə Vahid “Sözün Əkbəri” deyir.
Təranə VAHİD
SÖZÜN ƏKBƏRİ
Əkbərin təmiz ruhundan havalanan dualar var: “Günün ağ olsun!”duası kimi.
İlk dəfə Əkbər Qoşalını “Azərbaycan gəncləri” qəzetində görmüşəm, yazı gətirmişdi. Yazının içində kəklikotulu çay da vardı və o kəklikotulu çayı elə təsvir etmişdi ki, o çayın ətrini hələ də duyuram... Əkbər yadımda bugözəl yazıyla, bir də üzündəki nurla qaldı. Sonralar biləcəkdim ki, istedadlı asamlar bir-birini elə o nurdan tanıyır...
Əkbərlə iş yoldaşı olmadıq, bir yerdə işləmədik, qonşu olmadıq, ayda-ildə hansısa tədbirdə ya qarşılaşdıq, ya heç qarşılaşmadıq. Amma ədəb-ərkanı, ağayanalığı, sözə, ədəbiyyata, xalqına, millətinə, Türk dünyasına sonsuz sevgisiylə Əkbəri həmişə özümə dost bildim. Zaman keçdi, çox sular axdı, Əkbərin şeirləri qanad açıb uçdu, kitabları çap olundu, Türk dünyasının gənclərini başına toplayıb türk ruhunu, türk şeirini bir araya gətirdi, minillik bağlar yenidən pöhrələdi.
Əkbər ədəbiyyat naminə çox işlər gördü. Amma nə ötən illər, nə qazandığı uğurlar, nə yaşadığı bu qoca şəhər Əkbəri dəyişdirə bilmədi, heç özü də dəyişmək istəmədi; nə duruşunu, nə tövrünü, nə Tovuzlu ləhcəsini... Əkbərlə bağlı bir xatirə də yadımdadı. “Ulduz” jurnalının “Variasiya” layihəsi vardı. Heç yerdə çap olunmayan hekayə sonluğu verilmədən saytda yayımlanırdı. Qələminə güvənən yazarlar sonluq yazır, müəllif onlardan birini seçirdi. “Vağzaldakı qarı” hekayəmə maraqlı, gözlənilməz sonluqlar yazanlar çox oldu. Əkbərin yazdığı sonluğu seçdim. Dostolduğumuza görə yox, Əkbərin yazısında işıq vardı və o işığı - Zəfər işığını indi hər kəs görür... Heç yadımdan çıxmır, Əkbər neçə il öncə bir status paylaşmışdı. Təxminən beləydi ki, mənim Qarabağda çoxlu dostlarım var. Laçından, Kəlbəcərdən... Ən ağır illərdə belə onlarla bir çay süfrəsinə yığışanda hər kəsdən qabaq qalxıb hesabı verərdilər. Onları həmişə qürurlu, mərd gördüm... Bilmirəm niyə, amma bu status məni kövrəltmişdi...
Dəyərli dostum, mənə elə gəlir ki, sən türkün ayağı dəyən hər yerdə yaşamısan, Səmərqənddə, Buxarada, Aşqabadda, Türküstanda, Bişkəkdə, Tibetdə, Sibirdə, Altayda... Tanrı dağlarında Türk dünyasının birliyi üçün dua eləmisən, türk boylarının ozan gecələrində türk ruhunu öymüsən, Sakit okenadan Atlantik okena kimi baş qurdların başında getmisən və hələ də gedirsən... Nağıl qəhrəmanlarının, dastan qəhrəmanlarının yaşı olmur, köhnə dostum, nə niyyətin varsa, hasil olsun, ruhun qanadlı, sözün axarlı, ömrün uzun olsun!
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Qobustanda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli aprelin 28-də saat 10:00-da Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbul edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar aprelin 19-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Biləsuvarda mədəniyyət müəssisələrinin vəziyyəti necədir?
MƏDƏNİYYƏT NAZİRİ VƏZİFƏSİNİ İCRA EDƏN ADİL KƏRİMLİNİN BİLƏSUVARA SƏFƏRİNİN TƏFƏRRÜATLARI
Əlbəttə ki, bu verilən suala ən yaxşı cavab Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin bu rayona olan işgüzar səfərinin nəticələridir.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Adil Kərimli öncə Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.
Qəbulda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından ümumilikdə 48 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflərdən ibarət olub.
Görüşdə hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.
Mədəniyyət sahəsində fəaliyyət göstərən kadrların vəziyyəti - bu da mədəniyyətin bir səviyyə göstəricisidir, digəri səviyyə göstəricisi isə mədəniyyət obyektlərinin durumudur.
Adil Kərimli vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.
Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub. Müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonra rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə – Yedditəpə kurqanlarına - qəbir abidələrə də baxış keçirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, Biləsuvar rayonu ərazisindəki abidələr, o cümlədən adıçəkilən kurqanlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydiyyata alınıb və mühafizəsi təşkil olunub.
Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin növbəti səfəri Qobustan rayonuna olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)