
Super User
Azərbaycan UNESCO-nun “İpək Yolları” proqramının ildönümünü qeyd edəcək.
“Ədəbiyyat və incəsənət” “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi Nümayəndəliyi məlumat yayıb.
Qeyd edilir ki, aprelin 6-da UNESCO-nun “İpək Yolları” proqramının 35-ci ildönümü Azərbaycan, Çin, Qazaxıstan, Monqolusan, Oman tərəfindən qeyd olunacaq.
“Proqrama forum, sərgi, film nümayişi, elmi simpozium və konsert daxildir. Hamınızı şənlikdə gözləyirik!”, - nümayəndəlikdən bildirilib.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Əkizlər üç ölkədə səhnəyə çıxacaqlar
Builki Avroviziya təmsilçimiz “TuralTuranX” apreldə üç ölkəyə səfər edəcək.
Olay.az yazır ki, əkizlər 3 apreldə İsrailə gedəcəklər. Bağmanovlar Təl-Əvivdə səhnəyə çıxacaqlar.
Aprelin 15-də Amsterdamda konsert verəcək qardaşlar səhərisi gün “London Eurovision Party”də səhnə alacaqlar.
Qeyd edək ki, “Avroviziya-2023” mahnımız “Tell me more” ötən günlərdə müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Niyə dünya tərəzisi heç vaxt taraz olmur?
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında bu gün portalımızın Güney Azərbaycan təmsilçisi, təbrizli yazar Əli Çağlanın “Dünya tərəzisi” şeirini təqdim edirik. Şeir ictimai motivlidir, insan kədəri ilə cəmiyyət kədərinin bir-birinə qarışmasından bəhs edir.
*
Tərəzisi dünyanın,
Heç vaxt taraz olmadı.
Zülüm qaldı ayaqda
Ölüm qaldı ayaqda,
Şənlik biraz olmadı.
Ucaldıqca bir qolu,
Demək ki, yüngül oldu.
Bir qol tərəqqi tapdı,
Bir qol tənəzzül oldu.
Şahlar qılınc çaldılar,
Qan tökdülər, ay oğlum!
O qanlar toplandılar,
Tərəzinin qolunda,
Yarandı zülüm, zülüm!
Qan tökdülər, ay oğlum!
Bir qolu göydə qaldı,
O qol sevinc qoluydu.
O qol həyat qoluydu,
O qol yaşam qoluydu,
Bu yandan da bir qolu,
Qanlar ilə doluydu.
Ucada qalan qolun,
Başında bayraq oldu.
Azadlıq bayrağıydı,
Vətənin torpağıydı,
Nədənsə tapdaq oldu.
Tərəzisi dünyanın,
Məhkumu hakim etdi.
Heç vaxt taraz olmadı,
Hər nəyin ömrü bitdi.
Sən də gözlə ay oğlum,
Yaydan sonra payız var.
Görərsən, keçdi günlər,
Görərsən soldu güllər,
O güllər kimi ömrün,
Görərsən birdən solar.
Yaşa, yüngül tərəfdə,
Qoy o qol ağırlaşsın.
Qoy o qolun içindən,
Qalxıb azadlıq daşsın.
Zülümün ağlı çaşsın...
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
O körpüsalandır, o yolçəkəndir…
“Ədəbiyyat və incəsənət” portalı Elçin Mirzəbəylinin Əməkdar jurnalist, şair Əkbər Qoşalının 50 illiyinə həsr etdiyi yazısını təqdim edir
Yaşadığımız zaman kəsiyi, bəzən özümüzdən asılı olmayaraq, bizi ən müxtəlif, bir çox hallarda daxili dünyamızla ziddiyyət təşkil edən prosesləriniçərisindən keçməyə vadar edir. Bəzən isə ayaq basdığın yolun səni hansıistiqamətə aparacağını bilmədən illərlə irəliyə addımlayır, yaxud irəliyədoğru yürüdüyünü zənn edib yerindəcə sayırsan. Yalnız daşıdığı dəyərlərəsonunadək sadiq qalmağı bacaranlar. İçdən, heç bir təmənna güdmədən Vətən sevdalısı olanlar hansı yola ayaq basmalarından asılı olmayaraq, yürüdükləri yolu belə daşıdıqları dəyərlərə tabe etdirməyi bacarır, ayaqizləriylə yol içərisindən Yol başladırlar. Dəyərli ülküdaşım Əkbər Qoşalı da yüyürdüyü yollara ülküsünün işığıyla aydınlıq gətirən, səbriylə, təmkiniylə, təpədən dırnağa Vətən daşlarından hörülmüş xarakteriylə Yolunu naxış-naxış toxuyanlardandır.
Əkbərin poeziyasından söz açmayacağam. Şeirləri dipdiridi, sözlər, sətirlərbaxışlarına toxunduqca nəfəs alır, canlanır, düz gözünün içinə baxaraqbozkırların bağrını yaran Türkün minillik sevdasından söz açır, Altaydan Qafqaza qılıncla çapılan yollarda sevgi toxumları cücərdir...
Əkbər Qoşalı 50 yaşına varır və geridə buraxdığı zaman kəsiyində -təfərrüatına varmayacağam - dünyanın hər üzünü görüb. Hər üzünü... Amma ağ yalanların, boz böhtanların, qara hiylələrin şırnağından millikimliyimizin simgəsi olan üçrəngli bayrağımız kimi dimdik çıxmağı bacarıb, tərkə minməyib, tərk edib... Əkbər körpüsalandır, yolçəkəndir... Tək və Dünya Gənc Türk Yazarlar Birliyi çərçivəsində ülküdaşları ilə birlikdə həyata keçirdiyi layihələr Əkbərin Türk Ədəbiyyatı tarixində öz layiqli yerini alması üçün yetərlidir.
50 yaşın qutlu olsun, Əkbər bəy! Yoluna uğurlar!
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Aprel döyüşlərinin növbəti ildönümüdür
Bu münasibətlə Milli Kitabxanada “Aprel döyüşləri” adlı virtual sərgi sərgilənir
Heç kəs unudulmur, heç nə yaddan çıxmır! Aprel döyüşlərinin ildönümü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb.
Kitabxananın yaydığl məlumata görə, sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur. Burda o günlər barədə, verdiyimiz şəhidlər, əldə etdiyimiz ərazilər barədə tam və müfəssəl məlumat vardır.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.
Xatırladaq ki, 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalırdı və ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alırdı. Tarixə aprel döyüşləri kimi düşən dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib.
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Və bu ilk zəfər müjdəçisi sonrakı 44 günlük Vətən müharibəsində qələbəmizin təməlini qoydu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Günün fotosu: ruslardan növbəti vəhşilik
Günün fotosu: ruslardan növbəti vəhşilik
Baxmut cəbhəsindəki Ukrayna ordusuna silah-sursat və ərzaa daşınması üzrə vacib tranzit məntəqə olan Konstantinovka istirahət günlərində rusların artilleriya hücumuna məruz qalıb. Ruslar mülki obyektləri, yaşayış evlərini bombalayıblar, 6 vətəndaş həlak olub, onlarla vətəndaş yaralanıb.
Bombalanma nəticəsində şəhərin mərkəzində nəhəng bir dəlik yaranıb.
Bu barədə Euronews Ukrayna Prezidenti Administrasiyaaının rəhbəri Andrey Yermakın Teleqram kanalındakı məlumatına istinad edərək xəbər yayıb.
Fotonun müəlliflik hüququ: Fotograma EBU
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Teatr rəhbərləri, hara baxırsınız?
“Ədəbiyyat və incəsənət”in daimi müəllifi Elman Eldaroğlu bu dəfə aktyor İlqar Cahangir barədə yazır. Özü də yazmır, sual qoyub cavab gözləyir əslində.
İlqar Cahangiri bu ölkədə tanımayan az adam tapılar. Öz pərəstişkarları olan, sevilən aktyorlardan biridir. İstedadı ilə özünü təsdiq etmiş sənətkarlardandır. Ölkə rəhbəri tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına da layiq görülüb. Di gəl ki, uzun müddətdir işsizdir, rəsmi olaraq heç bir yerdə çalışmır. Nə yaxşı ki, seriallara dəvət alıb ara-sıra rollara çəkilir. Yoxsa tamamilə fəaliyyətsiz qalardı, necə deyərlər, dolanışığını da nizamlaya bilməzdi...
Çox maraqlıdır, görəsən ölkəmizdə fəaliyyət göstərən teatrların rəhbərləri haraya baxır. Yəni doğrudanmı İlqar Cahangir bir aktyor kimi onların nəzərlərindən çox uzaqdadır? Onu görmək, iş təklif etmək eləmi çətindir?
Təvazökar olduğundan işsizlik problemini dilə gətirməsə də, sıradan bir pərəstişkarı kimi, inanıram ki, yuxarıda qeyd etdiyim sualların cavabını tapmaqda kimsə bizə yardımçı olacaq...
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Akademik Musiqili Teatr 3 gün dalbadal tamaşaçıları sevindirəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayının 7-9 tarixlərində 3 gün dalbadal tamaşaçılarını biri-birindən gözəl tamaşalarla sevindirəcək.
7 aprel –“Nəğməmə inan”
8 aprel –“Qırmızı papaq”, “Kimdir müqəssir”
9 aprel –“Dəcəl çəpişlər”, “Utancaq qız”, “Baladadaşın toy hamamı”
Sonrakı aprel günlərində də teatr maraqlı repertuar təqdim edəcək:
14 aprel – “Molla Nəsrəddinin beş arvadı”
15 aprel –“Qırmızı papaq”, “O olmasın, bu olsun”
16 aprel – “Qızıl cücə”, “Amerikalı kürəkən”
21 aprel – “999-cu gecə”
22 aprel – “Sehrli nəğmə”, “Psix”
23 aprel – “Qoğalın macərası”, “Bəxtiyar”
28 aprel – “Paris Notr-Dama ithaf”
29 aprel – “Məchul pilləkən”, “Utancaq qız” , “Anamın kitabı”
30 aprel – “Buratino”, “Lara Martins Jazz club”
Şəkildə: “Nəğməmə inan” səhnədədir
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Filarmoniyada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq
Sabah Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunacaq.
Solistləri dirijor Mustafa Aşurovun rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, ifaçılar Vəfa Vəzirova, Rəvan Qaçayev, Zabitə Əliyeva, Nurlana Abdullayeva, Samir Piriyev və Taleh Yəhyayev çıxış edəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)
Söhbət “sosiskadan” getmir, “vnimaniyadan” gedir…
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Cavid Zeynallının SSRİ-nin siyasi elitasında yer alan Mixail Suslov barədə qeydlərini təqdim edir.
SSRİ-nin məşhur kitab seriyası olan ЖЗЛ (Жизнь Замечательных Людей) - "Görkəmli adamların həyatı" seriyası haqqında yazı oxuyurdum. Boz kardinal Suslovun adı keçirdi. Sonra onun haqqında olan xatirələrin bəzilərinə göz gəzdirdim.
Deyirdilər ki, Suslov SSRİ-nin ən hiyləgər siyasətçisi idi. Rəhbərlərlə dil tapıb yerini yaxşı salmağı heç kim onun qədər yaxşı bacarmırdı. Təsəvvür edin, Stalin onunla məsləhətləşirmiş. Xruşov üçün əvəzolunmaz kadr olub. Brejnevin isə sağ əli idi. Hətta Brejnevin kürəkəni Çurbanov deyirmiş ki, qayınatam ondan çəkinirdi. Hərçənd, buna inanmıram, amma Çurbanov onu da deyirmiş ki, Brejnev ona Mixail Andreyeviç deyə mürəciət edirmiş. Suslov isə Baş katibi sadəcə Leonid çağırırmış.
Bu şəxs Saratovda kasıb ailədə anadan olmuşdu. Atası uzun illər Bakıda - neft mədənlərində işləmişdi. Demək, Suslovun formalaşmasında Bakı mühiti də rol oynayıb.
İçki məclislərini sevməzmiş, oturmağa məcbur olanda onun qədəhinə adi su süzülərmiş. Brejnevlə ova getmirmiş. Brejnev ovdan qayıdanda deyirmiş ki, Suslov bizim hamımızdan çox işləyir, onun ov payını artıq edin.
Hədiyyə qəbul etməyib. Ən yaxşı halda kitab alıb. O da müəllifin imzası ilə. Şəxsi mülkü olmayıb. Partiyanın ayırdığı mənzildə yaşayıb. Mebellərin arxasında da möhür və bu cümlə: "Sov.İKP MK-nın işlər idarəsi”.
Kreml yeməkxanasında onun üçün sosiska və kartof püresi saxlanılırmış. İnanırmış ki, kommunizm olacaq. Sadə geyinirmiş. Bir dəfə Brejnev iclasda məsələ qaldırıb ki, hörmətli büro üzvləri, gəlin köməkləşib Mixail Suslova təzə palto alaq.
Xruşovun devrilməsinin ideya müəllifi olub. Məşhur cümləsi var: İdeologiyaya qənaət etmək olmaz.
35 il Mərkəzi Komitənin katibi işləyib. Hamıya "siz" deyə müraciət edib. O cümlədən, sürücüsünə də. Sürəti 60-dan yuxarı qaldırmağa icazə verməzmiş. Hamı ilə məsafəli davrandığına görə, heç kim onu yaxından tanımayıb.
1982-ci ildə, 79 yaşında vəfat edib. Qızıl Meydanda dəfn olunub. Yalan-doğru, ölümündən sonra məlum olub ki, maaşının çox hissəsini Sülh Fonduna köçürürmüş.
Yəqin ki, bu deyilənlərdə bir az da şişirtmə var. Bəlkə də, heç yoxdur.
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)