Super User

Super User

Qazaxıstanın Kokşetau şəhərində “Salam” Beynəlxalq Komediya Tamaşaları Festivalı keçirilib. Səhnə sənəti ilə məşğul olan insanları bir araya gətirmək, ictimaiyyətin diqqətini müasir komediya janrına yönəltmək, yeni teatr prosesinə təkan vermək və yaradıcılıq əlaqələrinə nail olmaq məqsədilə keçirilən ilk festivalda Qazaxıstan, Qırğızıstan və Özbəkistandan ümumilikdə 9 dövlət teatrı təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, festivalın münsiflər heyətində Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və Avrasiya Teatrlar Assosiasiyasının Azərbaycan təmsilçisi, Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov da yer alıb.

Festivalda ən yaxşı komediya, ən yaxşı rejissor işi, ən yaxşı aktyor və aktrisa, ən yaxşı tamaşa musiqiləri və tərtibatı kimi ümumilikdə 9 nominasiya üzrə qaliblərə pul mükafatları və diplomlar verilib. Sənət yarışının qalibi isə Astanadakı A.Mambetov adına Dövlət Dram və Komediya Teatrının “Çarli Çaplin” tragikomediyası olub.

Festival barədə təəssüratlarını bölüşən Yusif Cəfərov bildirib ki, bu kimi tədbirlər teatr mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Festivalın sırf komediya janrlı tamaşalar üzərində qurulması janra marağı da artırır. Onun fikrincə bu kimi festivallar sənət və təcrübə mübadiləsi ilə yanaşı yeni teatr meyllərinin, aktyor oyunu, rejissor işi, səhnə tərtibatı, musiqi həlli kimi vacib kollektiv işlərin yeni forma və üslublarını mənimsəmə baxımından da yaxşı fürsətdir.

Qeyd edək ki, ikinci “Salam” festivalı gələn ilin may ayına planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür

 

Polad Bülbüloğlunun rol aldığı “Mən mahnı qoşuram” filminin necə səs-küy yaratdığını bir xatırlayın. Yaxud, Xalq yazıçısı Anarın povesti əsasında çəkilən “Otel otağı” filmini. Elə bu iki xatırlama bəs edər ki, filmlərin rejissoru olmuş Tofiq İsmayılov şəxsiyyəti barədə müsbət fikir söyləyək. “Bizim küçənin oğlanları”, “Ölsəm bağışla” filmləri isə klassik kinomuzun qızıl fondunda qərarlaşıb. 

Bəs onun digər bədii və sənədli filmləri, kinomuzun inkişafı naminə gördüyü işlər, yetişdirdiyi tələbələr? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış sima - kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasından 84 il ötür. 

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 nömrəli Bakı şəhər tam orta məktəbini bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində, sonra Rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra "Azərbaycanfilm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 

1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

“Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib. 

Bildirək ki, Tofiq müəllimin bədii yaradıcılığı da olub. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında dərc edilib.

Tofiq İsmayılov uzunsürən xəstəlikdən sonra 2016-cı il martın 25-də Bakı şəhərində vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

Kitabxanadan Nigar Rəfibəylinin yubileyinə töhfə

 

İyunun 23-ü tanınmış Azərbaycan şairəsi, tərcüməçisi, ədəbiyyatımızda bahar və sevgi müjdəçisi Nigar Rəfibəylinin 110 illik yubileyi günüdür. Bu münaaibətlə ədəbiyyat ocaqları müxtəlif tədbirlər həyata keçirirlər. O cümlədən də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabxananın Elmi-metodika şöbəsi tərəfindən Nigar Rəfibəylinin 110 illik yubileyi münasibətilə ”Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə - Nigar Rəfibəyli” adlı metodik vəsait virtual rejimdə istifadəçilərin ixtiyarına verilib. 

Metodik vəsaitin önsöz yeri görkəmli şəxslərin Nigar Rəfibəyli haqqında fikirlərinə ayrılıb. Birinci hissəsdə Nigar Rəfibəylinin həyat yolu həmçinin təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları haqqında məlumat verilib. İkinci hissədə isə metodik köməklik məqsədilə Nigar Rəfibəylinin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı verilib.

Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. 

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

Cümə axşamı, 06 Aprel 2023 13:30

Bakıda Rusiya kinosu günləri başladı

Aprelin 5-də Nizami Kino Mərkəzində “Rusiya kinosu günləri”nin təntənəli açılışı olub. Burada dörd yeni Rusiya tammetrajlı kinofilmi nümayiş olunacaq.

 

Bakıdakı Rus Evinin məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov giriş nitqində deyib: “Azərbaycanda Rusiya kinosu günləri son dəfə koronavirus pandemiyasından öncə keçirilib. Rusiya kinosu yenidən burada nümayiş olunur. Rusiyada müxtəlif janrlarda bir çox filmlər çəkilir, kinofestivallar keçirilir, kinematoqrafa böyük diqqət yetirilir.

Azərbaycan Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov qeyd edib ki, hər il həm Azərbaycanda, həm də Rusiyada müxtəlif mədəni tədbirlər keçirilir. 

Bakıdakı Rus Evinin (RİMM) rəhbəri İrek Zinnurov vurğulayıb ki, Azərbaycan və Rusiya arasında münasibətlərin kökləri dərin keçmişə gedir, bu layihənin həyata keçirilməsi üçün təşkilatçılara təşəkkür edib. 

Festival rejissor Aleksey Pimanovun çəkdiyi “On bir səssiz adam” filminin nümayişi ilə açılıb. Film Moskvanın məşhur "Dinamo" komandasından bəhs edir. Təxminən 77 il əvvəl idmançılar İngiltərə Futbol Assosiasiyasından cəlbedici təklif alıblar. Beləliklə, onlar Londonda Britaniya klubları ilə yoldaşlıq oyunları keçirmək imkanı əldə ediblər.

Qeyd edək ki, Rusiya kinosu günləri çərçivəsində "Suvorov: Böyük səyahət", "Liberiya: xəzinə ovçuları" və "1941. Berlin üzərində qanadlar" filmləri nümayiş olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı Hümbət Həsənoğlunun yeni aforizmlərini təqdim edir:

 

1)“Boş şeydir” dediklərimizin çoxu sonradan “dolu” çıxır.

 

2)Xoşbəxtlik - sözləri yalnız iki addan ibarət olan romandır.

 

3)Həyat həndəsə deyil, iki nöqtə arasındakı ən qısa məsafə düz xətt olmaya da bilər.

 

4)İnsana hamı kimi olduğunu yadına salan ən yaxşı yer növbədir.

 

5)Bekarçılıq bədbəxtliyin giriş qapısıdır.

 

6)Bağrına basıb öldürmək insanların qədim adətidir.

 

7)Keçmişi xatırladığın zamanlara “indinin” vaxtını sərf etdiyini unutma.

 

8)Xarakter paltarlı bədən kimidir, paltarı göstərməyiniz adətən kifayət etməlidir.

 

9)Kasıb olmaq qəbahət deyil, ucuz olmaq qəbahətdir.

 

10)Pulun varsa, fəsillərin ardıcıllığını özün müəyyənləş­dirə bilirsən.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

Ərəb dünyası həmişə bizə sirli sehirli gəlib. Səhralar, dəvələr, ağ örpəyə bürünmüş insanlar, palmalar, canalan isti… İslam dininin təşəkkül tapdığı və peyğəmbərin mənsub olduğu xalq. Bu qədər. Səudiyyə Ərəbistanı Krallığına səyahətdən əvvəl bu ölkə haqqında məlumat öyrənmək üçün mütləq internetdə axtarışlara ehtiyac var. Əgər 5 il əvvəl qaydaların sərtliyi, ölkəyə qadınların yalnız başıbağlı daxil olması, din polislərinin təhdidi ilə rastlaşması və s. "qorxu hekayələri"ndən başqa nəsə tapmaq mümkün deyildisə, indi müasirliyə meyil, turizmin inkişafı, dünyaya açılma ilə bağlı xoş xəbərlər səyahətçilərə unudulmaz səfər vəd edir. Bizə tanış olan stereotiplərdən hansının mif, hansının doğru olması ilə bağlı suallara cavabı isə yalnız bu ölkəyə səyahət zamanı tapmaq mümkündür. Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyinin təşkil etdiyi bir həftəlik media-tur azərbaycanlı jurnalistlərə bu imkanı qazandırıb.

 

Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səfər müddətində jurnalistlər heyrətləniblər, seviniblər, həzz alıblar, vəcdə gəliblər, bir sözlə, bütün emosiyalardan istifadə ediblər.

Səudiyyə Ərəbistanı tarixən qapalı və mühafizəkar ölkə olub. Dünya turistləri krallığı "kəşf olunmamış, sirlərlə dolu ölkə" də adlandırırlar. Ancaq vaxt keçir və hər şey dəyişir. Sərhədlər yavaş-yavaş ziyarətçilərin üzünə açılır, viza şərtləri asanlaşır. Planetin ən zəngin dövlətlərindən biri sayılan Səudiyyə Ərəbistanı getdikcə daha əlçatan olur və müxtəlif yerlərdən olan insanlar onun mədəniyyəti, tarixi və görməli yerləri ilə tanış olmaq imkanı əldə edirlər. Ölkədə artıq turizmə, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə üstünlük verilir.

Paytaxt Ər-Riyad bizi rəngbərəng işıqlara bürünmüş uca göydələnləri, gözqamaşdıran işıq seli ilə qarşılayır.

"Dünyanın heç yerində belə parlaq işıqlar yoxdur. Elə bil şəhərin üzərinə göydən zər səpilib", - deyə ilk təəssüratımızı bir-birimizlə bölüşürük. Ər-Riyad müasir tikinti və ənənəvi mədəniyyətin təzadlarını, Şərq koloriti ilə Qərbin elementlərini bir arada görə biləcəyiniz şəhərdir.

Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhərdə böyük sənaye müəssisələri fəaliyyət göstərir. Paytaxtın bir neçə ali məktəbində ərəb və ingilis dilində təhsil, İslam Universiteti dünya ölkələrindən tələbələri də cəlb edir. Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi isə Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.

Ərəb qadınları dünya brendlərinin bahalı mallarından ibarət ticarət mərkəzlərində gəzməyi xoşlayırlar. Bütün qadınlar abaya geyinsələr də, ürəklərində dəb aludəçisidirlər. Ölkədəki alış-veriş sistemi əsasən nəhəng ticarət mərkəzlərindən ibarət olduğundan, ticarət və əyləncə mərkəzində ehtiyac olan hər şeyi tapmaq mümkündür.

Ölkənin əksər hissəsinin quraqlıq və səhra qumları olmasına baxmayaraq, marketlərdə həmişə təzə tərəvəz və meyvələrin geniş seçimi var.

Səudiyyə Ərəbistanının mətbəxi kifayət qədər çeşidli və ləzzətlidir. Burada zövqə uyğun təamlar dadmaq olur. Fast food həvəskarları böyük Qərb şirkətlərinin obyektlərinə üz tuturlar. Ər-Riyad çeşidli yemək menyuları təklif edən restoran və kafelərlə zəngindir. Hər yerdə təklif olunan ərəb qəhvələrinin və çeşidli xurmaların dadı uzun müddət damaqda qalır.

Azərbaycanlı jurnalistlər bir suala da cavab tapıblar. Səudiyyə Ərəbistanında diskoteka tapılmır, ancaq  bayram və ya adi günlərdə və işdən sonra ailələr şəhərə çıxır, kafelərdə oturur, canlı konsertlərə tamaşa edirlər. 10 ölkənin kiçik pavilyonunu birləşdirən "Dünya bulvarı" adlı yeni məkan təkcə səudiyyəlilərin deyil, turistlərin də əsas gəzinti yerinə çevrilib. Böyük ictimai park, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və Qədim Əsərlər Mərkəzi kimi mütləq görüləsi məkanlar da turistlərə açıqdır.

Marağımıza səbəb olan məqamlardan biri - Səudiyyə Ərəbistanında qapalı məkanlarda mərkəzi istilik sisteminin yoxluğu oldu. Fəsildən asılı olmayaraq yalnız sərinlik sistemi işləyir.

İctimai nəqliyyat nadir halda gözə dəyir. Şəhəri piyada gəzmək mümkün deyil, məsafələr çox böyükdür. Digər tərəfdən, uzun yollarda qızmar günəşdən və çöldəki isti havadan qorunmaq lazım gəlir. Ona görə burada hər ailənin şəxsi avtomobili var.

Ər-Riyadda səhnəsində quruluşu müasir texnologiyalarla müşayiət olunan teatr da, ölkənin tarixini bütünlüklə əks etdirən muzeylər də, qədim və nadir kitabları ilə öyünən kitabxanalar da var.

Turizm ölkədə iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilir. Səudiyyə Ərəbistanı yalnız 2019-cu ildə fəal şəkildə xarici qonaqları qəbul etməyə başladığı üçün burada turizm infrastrukturu qeyri-bərabər inkişaf edib. Son vaxtlara qədər bura yalnız diplomatlar, iş adamları və zəvvarlar gəlirdisə, indi ölkə turistlərə açıqdır. Səyahət sevən insanlar böyük şəhərləri - Ər-Riyad, Əl Xobar, Dammam, Ciddə və Taif şəhərlərini seçirlər. Turistlər Qırmızı dəniz və Fars körfəzindəki kurortlarda, çimərliklərdə dincəlməyə, heyrətamiz dağ panoramalarından zövq almağa, bədəvilərin min illər boyu gəzdiyi səhralara, milli parklara ekskursiyalarda iştirak etməyə gəlirlər. 

2017-ci ildə ölkədə turizmin inkişafına hesablanan "Baxış 2030" proqramı qəbul edilib. Bu proqramın reallaşdırılması ölkənin sürətli inkişafını nəzərdə tutur. Həmçinin proqram turizm sahəsində böyük inkişafa səbəb olub. Məsələn, təkcə 2021-ci ildə ölkəyə 63 milyondan çox insan səfər edib. 2019-cu ildə xarici turizmin inkişafı strategiyası işə salınandan bəri krallıq ölkəyə səfər etməkdə əsas məqsədi İslamın müqəddəs yerlərini ziyarət etmək olan ziyarətçilərin sayını iki dəfə artıra bilib. İsti və quraq iqlimə baxmayaraq, ölkəyə gələn turistlərin və zəvvarların sayı ildən-ilə artır. "Biz pandemiyadan sonra nəinki əvvəlki həcmləri bərpa edə bildik, həm də əsasən, daxili turizm hesabına rəqəmləri xeyli artırdıq", - deyə iqtisadi forumlarda qeyd edilir. Elektron viza xidmətinin işə salınması sayəsində ölkəyə daxil olmaq üçün tələb olunan sənədlərin işlənməsi xeyli asanlaşıb.

Azərbaycan vətəndaşlarının krallığa səfəri viza ilə tənzimlənir. İnanclı insanlarımız arasında bu ölkəyə dini turizm məqsədilə gələnlər üstünlük təşkil edir. Kiçik Həcc (Ümrə) və böyük Həcc ziyarətlərinə gələn azərbaycanlıların sayı kifayət qədər çoxdur. İslam dininin mərkəzinə - Məkkəyə gəlib dünyanın ən böyük məscidi sayılan Əl-Haramda namaz qılmaq, müqəddəs Kəbəni, Mədinəni ziyarət etmək, bu mistik ab-havanı duymaq əksər inanclı insanlarımızın arzusudur.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında turizm də mühüm rol oynayır. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev azərbaycanlı jurnalistlərlə görüşündə iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini bildirdi:

"Azərbaycan və Səudiyyə Ərəbistanı arasında artıq bütün sahələrdə möhkəm dostluq və əməkdaşlıq əlaqələri qurulub. Siyasi əlaqələrin yüksək səviyyədə olması, əməkdaşlığın digər sahələrdə də inkişafına təkan verir".

Krallıqda həmvətənlərimiz də çalışır. Belə ki, 2000-ci illərin əvvəllərində həkimlər bu ölkəyə gəlməyə başlayıb. Ölkənin şərqindəki "Saudi Aramco" neft şirkətində azərbaycanlı mühəndislər fəaliyyət göstərir. Son dövrlər ölkənin tanınmış restoran və digər iaşə obyektlərində idarəedici heyət olaraq, əsasən, azərbaycanlıların xidmətlərindən istifadə etməyə başlayıblar.

Son illər Körfəz ölkələrində qadınların hüquqlarını liberallaşdırmaq üçün bir sıra qanunlar qəbul edilib. 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı kralı ölkədə qadınlara avtomobil sürməyə icazə verən fərman imzalayıb. Artıq küçələrdə sükan arxasında qadınlara rast gəlinir.

Paytaxt Ər-Riyad tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi etdiyindən gələn qonaqları və turistləri yerli əhali artıq olduqları kimi görməyə öyrəşib.

İctimai yerlərdə bütün qadınların uzun qara don - abaya geymələri məcburi deyil. Bu geyim yalnız müqəddəs yerlərə ziyarət zamanı məcburidir. Ölkədə islahatları ilə sevilən vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud deyib ki, qadınların belə sərt geyim tərzindən imtina etmək hüququ var. Düzdür, daha mühafizəkar - qara abaya, niqab və əlcək geyinən qadınlara da rast gəlmək olur. Amma qadınlara çox açıq, qolları dirsəkdən yuxarı paltarlar, qısa ətəklər və şortlar geyinmək qadağandır.

Ölkəyə səfər edən turistlər üçün də sərt məhdudiyyətlər yoxdur.

Körfəz ölkələrinin ailə məsələləri və qadın hüquqları uzun illər bir sıra beynəlxalq konfransların qaynar müzakirə mövzusu olsa da, krallıqda artıq bu istiqamətdə buzlar əriməyə başlayıb. Məsələn, qadının təhsili, işləməsi müzakirə mövzusu deyil. Ailə münasibətlərində qadın və kişilərin boşanmalarına qadağa yoxdur. Ayrılandan sonra hər ikisi yenidən evlənə, istədikləri şəxslə ailə qura bilirlər. Amma ilk dəfə evlənəndə mütləq yerli sakinlə ailə qurmaları şərtdir. Minimum evlilik yaşı yoxdur. Formal olaraq məcburi nikahlar qadağandır, lakin bəylə qızın atası arasında razılaşma məcburidir.

Krallıqda çalışanların üçdə biri əcnəbilərdir. Əsasən, yoxsul Asiya və Afrika ölkələrindən olan işçilər ölkədə daimi yaşayır və işləyir.

Yaşadığım hoteldə söhbətləşdiyim filippinli işçi qeyd etdi ki, il yarım və ya iki ildə bir dəfə evinə gedir, qalan vaxtda ailəsinə pul göndərir:

"Burada yaşam şərtləri məni qane edir. Ailəmə pul göndərə bilirəm".

Krallıqda başqa bir əcnəbi işçi qüvvəsi də var  - onlar yüksək ixtisaslı mütəxəssislərdir. Avropa, ABŞ və Kanadadan olan mühəndislər, pilotlar, neftçilər və digər mütəxəssislər ailələri ilə birlikdə krallığa bir neçə illik müqavilə əsasında gəlirlər. Belə işçilərə yüksək maaş, mənzil, avtomobil, bütün ailə üçün tibbi sığorta verilir.

Və bir daha deyək ki, bəhs etdiyimiz bilgilər bizim media orqanlarında işləyən və ərəblərin baş şəhərini görən jurnalistlərimizin qələmindən çıxıb.

Səudiyyə Ərəbistanında hazırda cümə və şənbə istirahət günü sayılır. Namaz vaxtı bütün mağazalar və ofislər 15-20 dəqiqə bağlanır və alıcılardan, o cümlədən gələn turistlərdən bayırda və ya foyedə gözləmələri xahiş olunur. Böyük supermarketlərdə bütün müsəlmanların toplaşdığı ibadət otağı var. Mağazada asılmış səsgücləndiricilər vasitəsilə içəridə olan insanlara namaz vaxtı əvvəlcədən xəbər verilir.

Səudiyyə Ərəbistanı hələ də Məhəmməd Peyğəmbərin Mədinəyə hicrət etdiyi tarixdən - İslam təqvimi - Hicri-Qəməri təqvimindən istifadə edir. Hazırda ölkədə 1444-cü ildir.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı qocaman yazıçı Aydın Tağıyevin “Məhəbbətin dərsi” hekayəsini təqdim edir.

 

 

 

 

Məktəb yaşlı, tənha müəllimin bağlı-bağçalı xudmani evinin beş-on addımlığında idi.

Tənəffüs vaxtı məktəbdə uşaq­ların səs-küyünə, qıy-qışqırığına deyinənlər, darılanlar da var idi. Təkcə yaşlı, tənha müəllim bu səslərdən hərdən köks ötürsə də,  xoşhal olurdu. Yay vaxtı məktəbdə dərslər kəsiləndə də müəllimin hə­yətindən uşaq səsləri gələrdi. Mü­əllim öz bağında növ-növ ağaclar əkmişdi və o ağacların meyvələri yetişən vaxtlar həyəti­nin darvazası həmişə açıq olardı.

Müəllimin bağçasında kiçik bir qızılgül kolluğu da var idi. Bu kolluqda yaz-yay, payız-qış həmişə qızılgüllər ətir saçırdı. Müəllim o güllərdən öz əli ilə dərib uşaqlara versə də, bərk-bərk tapşırmışdı ki, bu güllərə ondan icazəsiz toxunmasınlar. O, bağa girib bəzən heç dəyməmiş kal meyvələri də dərib yolan ağlıkəsməz dəcəl­lərə təkcə bunu qadağan etmişdi.

Müəllim o gül kollarının üstün­də əsim-əsim əsirdi. Səbəbi təkcə özünə məlum idi. Bağdakı ağac­ların mer-meyvəsinə qızırqalan­ma­yan yaşlı müəllimlərinin güllərə qarşı bu xəsisliyi uşaqları arabir heyrətləndirirdi. Qış ayları idi. Qızıl­gül kollarından yalnız birinin üs­tündə üç gül qalmışdı. Sazaq olsa da, müəlim yenə də o gül kolunun yanında lal-dinməz dayanmışdı. Əyilib kol üstündəki gülləri qox­ladı. Elə bil ilıq nəfəsi ilə həm də onları isitmək istəyirdi. Köks ötürüb ağır-ağır koldan uzaqlaşdı. Səhər yuxudan oyanan kimi heç əl-üzünü yumamış yenə bağa keçdi. Ayaqlarının altında axşamdan donub buz bağlamış qar xırçıldadı. Müəllim gözlərinə inanmadı. Kolun üstündəki üç qızılgül gecə ikən dərilmişdi. Bu kimin işi ola bilərdi. Ətrafı dörd gəzib dolandı. Heç bir izə-ləpirə rast gəlmədi. Birinci növbə dərsi yox idi. İkinci növbə yuxarı siniflərə dərs deyirdi. Zəng çalınmışdı. Müəllim hələ də fikirli idi. Bu kimin işi ola bilərdi. Özünün dəfələrlə xəbərdarlığı bir yana, qışın gecə sazağının qılınctək kəsdiyi bir vaxtda hansı qocaq bağa girib o qızılgülləri qoparıb aparmışdı?..

Müəllimin sinfə girməyindən xəbər tutmayan qızlar bir rəfiqə­lərinin başına yığışıb hay-küy qo­partmışdılar. Qız əlindəki qızılgül­ləri onlara göstərib, xoşbəxtcəsinə qəhqəhə çəkib gülürdü. Yaşlı mü­əllim quru-quru öskürdü. Oğlanlı-qızlı bütün uşaqlar yerlərini tutdu. Ola bilməzdi. Bu güllər onun həyətindəki koldan dərilmişdi. Bəs bu nə iş idi. Müəllimlərinin duru­xub fikrə getdiyini görən sinifdəki ən zirək, dilli-dilavər bir qız ayağa durub izahat verdi ki, müəllim, bəs bu gün rəfiqəmizin ad günüdür. Bu gülləri ad günü münasibətilə ona hədiyyə ediblər. Müəllimin sifəti­nin qırışığı birdən-birə açıldı. Üzünü “səbəbkar”a tutub: – Mən də səni təbrik edirəm, qızım, – dedi.

Məsələ məlum idi. Gülləri qıza sevdiyi oğlan hədiyyə etmişdi. Müəllimin həssas baxışları sinfin oğlanlarında gəzdi. Bir oğlan başını az qala partanın altında gizlətmək istəyirdi. Həmin oğlan üç gün dalbadal onun dərslərindən yayınsa da, müəllim ona qayıb yazmadı. Sinif yoldaşları ilə ona xəbər yol­layıb evinə çağırdı. Oğlanı bağ­çaya, qızılgül kollarının yanına apardı. Mehriban bir səslə: – Bax, oğlum, yazda gəlib kolların hərəsindən bir cubuq kəsib apa­rarsan, həyətində özün əkib becərərsən, – dedi.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Əyyub Türkayın uşaq şeirləri ilə tanışlıqdır.

 

 

UŞAQ ŞEİRİ VAXTI

 

 

 

ƏyyubTÜRKAY

 

 

 

XARIBÜLBÜL

 

Niyəçoxdurdəyəri,

Bildimxarıbülbülün;

AdınıŞuşamızla

Birçəkirlərbugülün.

 

Artıqbugülçevrilib

Qələbənin rəmzinə.

Sevilərəkdöşənib

Qarabağındüzünə.

 

Birzamandüşmənlərə

Əsirdüşmüşdügülüm.

İndi azadlıqdadır

Mənimxarıbülbülüm.

 

 

8 NOYABR

 

Yenitariximizin

8 Noyabrgünü.

Zəfəriminyayılıb

Səsi, sədası, ünü.

 

Oxuyuramdərslikdə

44 günlüksavaşı.

Bir-birinəqarışmış

Sevinc, kədər,gözyaşı.

 

"Zəfər" sözü, sənnecə

Möhtəşəm, ucaadsan.

Qulağımdasəslənir:

Şuşamız, sən azadsan!

 

 

PAYIZYAĞIŞI

 

Birazdanqızılpayız

Qapımızıdöyəcək.

Əsənmöhkəmküləklər

Ağaclarıəyəcək.

 

Məniisladabilməz,

Tez-tezyağanyağışlar.

Leysandanqorunmağa

Nəqəşəngçətirimvar.

 

Ürəyiaçığammən,

Gəlin, çətriməqonaq.

Yağışlı, soyuqgündə

Gəzək, mehribanolaq.

 

 

QARYAĞIR

 

Bir bax, necəqar yağır,

Əhvalımız şən olsun.

Sankigöydən nur yağır,

Qar, sənə əhsən olsun .

 

Dümağ qarım, yağ bağa,

Yağ təpəyə, yağ dağa.

Sən səbəb ol marağa,

Sevincimiz tən olsun.

 

Xizəkləri tez sürək,

Lopa-lopa qar görək,

Çoxlu oynayaq gərək,

Ömrümüz gülşən olsun.

 

Üşüsə də əlimiz,

Nəğmə deyər dilimiz,

Üzdə açar gülümüz,

Elimiz də şən olsun.

 

 

MƏNİM ANA DİLİM

 

Öz tarixi günü var

Mənim ana dilimin.

Azərbaycandır adı

Mənim doğma elimin.

 

Öyrəndim əlifbanı

Birinci sinifdə mən.

Sevinərək yazıram,

Əziz ana, can Vətən!

 

Dilimizi qorumaq

Ən uca, xoş məramdır.

Öz dilimin varlığı

Mənim üçün bayramdır.

 

 

GÖRMƏMİŞ İPƏK

 

İpək adlı pişiyim

Miyo-miyo səs edir.

Bu səsi ilə deyir,

Tez ol, sən məni yedir.

 

Başqası yemək atsa,

Gedib onu da yeyir.

Onun bu hərəkəti

Yaman xətrimə dəyir.

 

Deyirəm zəhmətimi

Gəl unutma, ay İpək.

Yoxsa mənim gözümdə

Olarsan acgöz köpək.

 

 

 

TOPLANIN QORXUSU

 

Mənim üçün alıblar

Böyük oyuncaq pələng.

Tamam zolaq-zolaqdır,

Həm gözəldir, həm qəşəng.

 

Bizim balaca Toplan,

Onu gördü, duruxdu.

Qorxudan mırıldayıb,

Görün, necə karıxdı.

 

Yaxın gedib iylədi

Qorxa-qorxa pələngi.

Bildi ki, canlı deyil

Meşələrin nəhəngi.

 

 

CƏMİLİN YUXUSU

 

Kitabları əzməyi

Cəmil çox xoşlayırdı.

Əlinə keçən kimi

Cırmağa başlayırdı.

 

Girdi bir gün kitablar

Cəmilin yuxusuna.

Onlar səbəb oldular

Uşağın qorxusuna.

 

Kitablar danışırdı

Bir-birinin dilindən.

Əl atıb yapışdılar

Oğlanın kəkilindən.

 

Hərəsi öz haqqını

Tələb edirdi ondan.

Cəmil heyrətə gəldi

Bu qorxulu oyundan.

 

O diksinib oyandı,

Kitabları axtardı.

Onları incitməyi

Birdəfəlik qurtardı.

 

 

BALACA RƏSSAM

 

Türkay şəkillər çəkir,

Rəngdən alır ilhamın.

Qələmi əldən düşmür

İki yaşlı rəssamın.

 

Bir iş var ki, biləsiz,

Rəsmi çəkir divarda.

Nənəsi gülüb deyir,

Usta lazım ağarda.

 

Atasıyla bağçaya,

Getdi balaca rəssam.

Daha şəkli vərəqdə

Çəkdi asanca rəssam.

 

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2023)

 

 

 

Cümə axşamı, 06 Aprel 2023 12:45

Gələn bahar bəlkə də, gəlib məni görmədi…

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikaaında yenidən Əlizadə Nuridir, bu dəfə “Zindan” adlı şeiri ilə.

 

Xəyal qovur dünənə,

Qovur yenə bu axşam.

Uşaqlıq şəklim də yox-

Bilim uşaq olmuşam.

 

Yenə də yarpaqları,

Külək çırpır tut kimi.

Gözəl kötükdü… sınmış

Ağaca tabut kimi.

 

Ötüb keçdim hamını,

Özümə çatmaq olmur.

Boğulduğum dəryada

Bəs niyə batmaq olmur?

 

Bir ağ  bulud boylanır,

Göy üzünün damından.

Yenə də yağış damır

Gecənin yanağından…

 

Sözdən yüngül gələrəm,

Amma səsdən ağıram.

Sən axar su kimisən-

Axırsan… mən baxıram.

 

Qoy sevim bu baharı,

Təzə girib- körpədi.

Gələn bahar bəlkə də

Gəlib məni görmədi.

 

…Çağırdım son dostu da,

Çıxmadı səsə… yoxmuş.

Sən demə, bu dünyada

Allahdan kimsə yoxmuş…

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasının aparıcısı Habil Yaşar bu dəfə kitabsevərlərdən “Azərbaycan ədəbiyyatından hansı əsərin filmə çəkilməsini istərdiniz?” sualına cavab alıb.

 

Tural Nəbiyev, müəllim

Əslində Azərbaycan ədəbiyyatında filmə çevrilməsi gərəkən çox kitablar var. Bunların sırasında tarixi əsərlər ön plana çıxmalıdır.  Bu gün kitabın az və ya heç oxunmadığı zamanlarda filmə çəkilmə həmin tarixlərin öyrənilməsinə təkan verər. Bu mövzuda Şah İsmayıl, M.Ə.Rəsulzadə və digər tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinə həsr olunmuş filimlərimizi görmək istərdim.

 

Malik Məmmədov, təqaüdçü

Hələ də Çingiz Abdullayevin Dronqosuna film çəkilməyib, bu xoşagəlməz faktdır.

 

Mətanət Məhərrəm, müəllimə

Varisin "Sonuncu ölən ümidlərdir" əsərinə.

 

Ceyran Məmmədova, hal-hazırda işsiz

Heç birini.Bizimkilər film çəkə bilmirlər. Özüm oxuduqca beynimdə çizdiyim film daha gözəl alınır

 

İradə Allahverdiyeva, müəllimə

Nizami Gəncəvinin “Xəmsə”sinə film çəkilsə əla olar. Elə Habil Yaşarın “Yeddinci ayın yeddisi” romanına çəkilən film də pis alınmaz məncə.

 

Lətifə Abbasova, yazar

Azərbaycan Ədəbiyyatında keçmişdə olanları demiyəcəyəm. Çünki indiki gəncliyi keçmis əsərlər çox da maraqlandırmır. Amma müasir gozəl bir əsər olsa istərdim film çəkilsin. Məsələn, sevgi mövzusunda. Bir də ki, şəhidlərimizə aid gözəl filmlər gormək istərdim.

 

Səadət Qənbərova, yazar

Əlibala Hacızadənin "Təyyarə kölgəsində” romanına film çəkilsə

 Bütün reytinqləri qırar.

 

Zabitə Nəsirova, elmi işçi

Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının motivləri əsasında “Təhminə” filmi çəkildi, amma çox zəif. İstərdim o romana daha güclü rejissor, məsələn, Timur Baydarov film çəkəydi.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.