
Super User
“Göyə çöp daşıyan bir quşam, ana…”
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında şair Əlizadə Nurinin “Göyə çöp daşıyan bir quşam, ana…” şeirini təqdim edir.
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Sözün aynası da qırıldı bu gün…
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana…
Göy üzü göstərin, baxım bu gecə,
Axan ulduz ilə axım bu gecə…
Özümü tutacaq ahım bu gecə-
Mən bu gün özümə qarğışam, ana.
Sərhədi kim çəkib çəpər eyləyib?
Şeytanın evinə səfər eyləyib…
Xaraba tikənə xəbər eyləyin-
Mən bu xarabada bayquşam, ana.
Sənin haqq bildiyin haqq-hesab imiş,
Ölüm-iynə imiş, ömür-sap imiş…
…Verdiyin süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Rəsm qalereyası:Aynur Govasary, Hərəm seriyası, “Cariyə”
Cəhalətdən işığa aparan yolun bələdçisi idi o…
Xəbər verdiyimiz kimi, bu gün saat 12-də Azər Paşa Nemətovla vida mərasimi keçiriləcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında. Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı sizlərə görkəmli rejissorun həyat yolu barədə bilgi verəcək.
Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıclıq istiqmətini dəyişib.
1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.
1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib.
1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb.
1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.
1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib.
1991 və 1996-cı illərdə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib.
2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.
2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.
1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.
Onun barəsində çox danışmaq olar. Bizsə sadəcə ortaya çıxardığı bir iş barədə danışacağıq.
“Danabaş kəndinin məktəbi”
Azər Paşa Nemətin ilk işi ölməz Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin məktəbi» oldu. Bütövlükdə düzgün formamalaşmamış teatr prinsiplərini, köhnəliyi, zamanla ayaqlaşmayan metodları rədd edərək, eyni zamanda meydan teatrının prinsiplərindən qidalanan, çağdaş teatr prosesi ilə ayaqlaşan tamaşalara quruluş verməklə milli teatrımızda yeni dönəmin başlanğıcını qoydu. Tamam yeni, fəqət milli teatr ənənələrinin ən baxımlı cəhətlərini qoruyan rejissor bu tamaşada da çalarlı və çoxcəhətli yanaşmanı ortaya qoya, kollektivin bütünlüklə yaradıcı potensialını üzə çıxarda bildi. Yeni forma və təfsir geniş yaradıcılıq diapazonuna malik aktyorların istedadlı ifaları ilə uğurlu alındı.
A.Nemət yüksək sənətkarlıqla, həssaslıqla ədəbi materiala yanaşaraq, müəllif fikrini, amalını əsas tutmuşdu. Pyesin özündən, daxili quruluşundan doğan tamaşanın səhnə poetikası daxilində əsərin süjet xəttini daha da canlandırmaq, hadisələrin başvermə məkanının təbii və milli koloritlə uyğunlaşması üçün canlı auranı yaratmaq cəhdləri aydın sezilirdi. Çoxcəhətli, çoxproblemli tamaşa dinamika və təfsirdən doğan temp hesabına maraqlı və baxımlı alınmışdı. Rejissor mövzuları olduqca incə və səhnə hadisəsinə uyğun tellərlə bağlayaraq bütövlük yarada bilmişdi. Hadisələrin inkişafı, ardıcıllığı bir-birini tamamlaya və doğura bilirdi.
Azər Paşa Nemət Mirzə Cəlilin ruhunu, gülüşünü düzgün qiymətləndirərək, bunu tamaşada saxlaya və inkişaf etdirə bilmişdi. Komediyanın meydan tamaşaları, el oyunları ünsürləri ilə üzviləşməsi görüntünü daha baxımlı və bədii cəhətdən güclü edərək, tamaşaçını həqiqətən güldürərək düşündürə bilirdi. Hərəkətlər, oyun tərzi elə xalqın özündən, minilliklər öncə yaratdığı teatr formasından gəldiyi üçün daha yaxın, daha məhrəm idi. Məkan təkcə geyimlərlə, dekorlarla, danışıqlarla deyil, bütövlükdə ifalarla və yozumla aydınlaşırdı. Tarixən Azərbaycan öz sosial-siyasi problemlərini meydan tamaşalarında səmimi gülüşdən sonra yaddaşında ilişib qalan gerçəklik kimi görməyə alışdığı üçün bu üslub, forma tamaşaçı tərəfindən qəbul edilirdi. «Danabaş kəndinin məktəbi»nin də uğuru məhz səhnəyə tamam yeni nəfəsin gəlməsində idi.
Komediya olması ilə bərabər tamaşadakı ziddiyyətlər, təzadlar obrazların xarakter ziqzaqları, mürəkkəb psixoloji məqamlarında bütün sərtliyi ilə ifadə edilirdi. Bununla da elə həyatın özü göstərilirdi. Real həyatın mürəkkəbliyi, çoxcəhətliliyi, müxtəliflikləri bir-birini əvəz edən psixoloji məqamlarla, lirik haşiyələrlə, komik epizodlarla və kəskin ziddiyyətlərlə ifadə edərək, daha təbii, real görünürdü. Rejissor bu müxtəlifliyi təkcə təbii aktyor oyununun öhdəsinə buraxmırdı. Quruluşda kəskin keçidlər, kino estetikasına aid olan quraşdırmalar və hadisələrin bir neçə planda gedişini əks etdirirdi. Belə fəndlər tamaşanı daha da dinamikləşdirirdi. Aktyorların başqalşmanı, obraza daxilolmanı birbaşa səhnədəcə etmələri meydan tamaşalarından bəhrələnmiş metod kimi bugünkü teatr estetikasına tabe etdirilməklə ifanı daha təsirli, inamlı edirdi. Səhnədə geyimlərin asıldığı asqılıq və aktyorların obrazlarını təsirli etmək üçün bir neçə elementi bu asqılıqdan götürməsi səhnə həqiqəti və həyat həqiqətinin yaxın olmasını daha böyük incəliklə göstərirdi.
Azər Paşa Nemət qədim teatr ənənələrini yalnız göstəri naminə yenidən səhnəyə gətirmir, onun Avropa teatr estetikası və poetikası ilə tamam fərqli vəhdət düsturunu ortaya qoyurdu. Meydan tamaşalarının poetikası və estetik çalarları yeni yozumda, yeni düşüncədə səhnəyə çıxarılırdı. Əkinçinin yer şumlamasını olduqca maraqlı şəkildə təqdim edən rejissor, kotanı dartan öküzü başına buynuz qoymuş aktyorun ifasında versə də, əkin ritmi və plastika real vizual görüntü yaradırdı. Bu kotanın səhnənin bir tərəfindən digərinə ləngərli hərəkəti o qədər inadırıcı və eyni zamanda təəccüblüdür ki, tamaşaçı öz xəyalında əsl mənzərinin necə olduğunu canladıra bilirdi. Göz önündə iki estetikanın birləşməsi baş verirdi.
Aktyorların, tamaşa başlanarkən adi bir vətəndaş kimi Cəlilsayağı yumor və nisgillə nə vaxtsa ucqar kəndlərdən birində baş verənləri danışması və hadisələri canlandırmaq üçün səhnədəcə görkəmlərini dəyişib, asqılıqdan müxtəlif detallar götürərək dərhal başqalaşmaları və bu hadisədə iştirakı olmayan digər aktyorların indinin şahidi kimi seyrləri, səhnədə nağılçı, iştirakçı və seyrçi üçlüyünü, onun üzvi vəhdətini yaradırdı.
Əsərin ideyası səhnə bədiiliyi ilə qabardılırdı. Tamaşada nə obrazların, nə səhnələrin xüsusi qabardılması yox, bunların birliyinin üzə çıxması baş verirdi. Əvvəldə məmurların gəlişini canlandıran səhnədə aktyorlar obrazların çaşqınlıqlarını, təşvişlərini, qorxularını, təəccüblərini daxili psixoloji yaşantılarla, mimikalarla çatdırırdılar. Tamaşaçı bütün hiss həyacanı ilə səhnədəkilərə inanır və onu bilincindən, düşüncəsindən keçirirdi. Bu səhnədə Kərbəlayi Mirzalı – Ağaxan Salmanov, Kəblə Heydər – Nazim İbrahimov, Əsəd – Yasin Qarayev, Qasım baba – Mübariz Əlixanoğlunun ifaları təbii və təsir ediciliyi ilə seçilirdi.
Rus məmurlarının dilmancı, Vahid Əliyevin ifasında komik məqamlarla, müxtəlif çalarlarla, gerçəkliklə təqdim olunurdu. Naçalnik – Süleyman Ələsgərovun, Molla Mövlamverdi – Məmmədağa Dadaşovun ifaları olduqca rəngarəng və çalarlı olduğundan yaddaqalan idi. Hər iki aktyor ifalarına təbiilik, özünəməxsusluq verməklə bərabər çeşidlilik və psixoloji çalarlar baxımından müəllif amalını üzə çıxarmağa xidmət edirdilər.
Bütövlükdə yaradıcı heyətin Zülfəli – Əlisəftar Quliyev, Səbzəli – Mübariz Həmidov, Mustafa-Loğman Kərimov, Cəfər- Musa Eyyubov, Həsənqulu – Azər Mirzəyev, Tanrıqulu Sadıq – Sadıq Cəlilov, Qulamhüseyn – Sabir Məlikovun və b. ifaları olduqca orijinal, maraqlı və təkrarolunmaz alınmışdı. Hər bir obrazın xüsusi incəlikləri, daxili təzadları tamaşanın ümumi kompozisiyası ilə üzviləşmişdi. Məhz bu istedadlı aktyor heyətinin fədəkar əməyi ilə milli teatr səlnaməsində yeri olan tamaşa ərsəyə gəlmişdi.
Tamaşanın bədii tərtibatı da olduqca orijinal və maraqlı idi. Burada reallıqla şərtiliyin üzviliyi hökm sürürdü. Arxa pərdə tamaşanın özündə olduğu kimi, zaman arasının göstəricisidir. Pərdə üzərində xalqın maariflənməyə gedən yolu təsvir edilir, xalqın mənəvi, estetik inkişafı aydın sezilirdi. Danabaş kəndinin evlərinin kiçik qutu biçimində verilməsi səhnəni dərinləşdirir və çoxplanlı edirdi. Tamaşaçı vizual cəhətdən bu ümumilikdən ayrı-ayrı vətəndaşların seyrinə, sonra kəndlilərin taleyinə doğru gəlirdi. Bu görüntü effekti tamaşanın bədii gücünü artırır, onu təsirli edirdi. İstedadlı teatr rəssamı Elçin Məmmədovun səhnə tərtibatı tamaşanın ideyasından, rejissor yozumundan doğur, onu tamamlayırdı. Rəssam tamaşadakı zaman aralarını yüksək bədii fəndlərlə, dolğunluqla çatdırırdı. Həcm etibarı ilə müxtəliflik təkcə səhnəyə deyil, tamaşanın özünə dərinlik verirdi.
Tamaşanın bəstəkarı Cavanşir Quliyevin musiqiləri xalq musiqisindən qidalanan təbii, axıcı bir çağdaş səs kimi tamaşanın daha ifadəli edirdi.
«Danabaş kəndinin məktəbi» təkcə keçmişdə baş vermiş hadisəni göstərmirdi, o xalqın cəhalətdən işığa doğru keçdiyi yola nəzər salmaqla keçmişlə bu gün arasında körpü salmağa çalışırdı. Tamaşaçını, xüsusən də gənc nəsli xalqın keçmişinə, tarixinə qaytarır, müqayisə etməyə, düşünməyə çağırırdı. Məhz rejissor Azər Paşa Nemət vətəndaş, ziyalı kimi öz yaradıcılığı ilə dünənlə bu günün, keçmişlə çağdaşın orijinal vəhdətini yaratmaqla həm görk, həm də təbliğatçı olurdu. Kütləvi sovetləşdirmə nəticəsində kosmopolit, kökündən, mənəviyyatdan uzaq, yabançı nəslin yetişməsinin qarşısını almaq, milli ənənələri yaşatmaq uğrunda Azərbaycan aydınları sərasər çalışmışdılar. 1950– Tamam yeni, milli teatr prosesinə keyfiyyətli təsir göstərən işi ilə seçilən Azər Paşa Nemət novator, meydan tamaşalarının estetik platforması üzərində köklənən və klassik teatr zaman və məkan çərçivəsinə salınmış fərqli poetikanı səhnəyə gətirdi.
Şəkildə: “Danabaş kəndinin məktəbi” tamaşasından görüntü.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Görkəmli teatr rejissoru Azər Paşa Nemətov vəfat edib
Azərbaycan mədəniyyətinə və teatr ictimaiyyətinə ağır itki üz verib. Milli teatr sənətində müstəsna xidmətləri olmuş görkəmli rejissor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov dünən - aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Heydər Əliyevin 100 illiyinə həsr ediımiş Teatr forumunun vaxtı dəyişdirilib.
Bu barədə forumun təşkilatçılarından olan Mədəniyyət Nazirliyi məlumat verib.
Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.
Azər Paşa Nemətovla vida mərasimi bu gün - aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
Azər Paşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.
Allah rəhmət eləsin. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Gülnarə Xəlilova Osloda zövqləri oxşayır
Osloda tanınmış Azərbaycan kuturyesi Gülnarə Xəlilovanın “Cizgi”nin Şimal hekayələri" adlı ekspozisiyasının açılışı olub.
Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələri) adlı ekspozisiyasının açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı Gülnarə Xəlilovaya istinadən xəbər verir ki, tədbir Oslodakı “Azərbaycan Evi” və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub.
Tədbirdə "Azərbaycan Evi" nin sədri, Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev, "Azərbaycan Evi"nin nümayəndələri Arzu Rzayeva, Günay Əliyeva, ictimaiyyətin və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər.
Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Mübariz Cəfərlinin kərtənkələlərə ithaf olunan hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Mübariz Cəfərlinin “Oyanma” hekayəsi ilə tanışlıqdır.
NƏSR
Mübariz CƏFƏRLİ
OYANMA
Kərtənkələlərə...
Yataq otağınının tavanındakı çilçırağın səkkiz lampasından bircəciyinin işığı yanır. Taxtda yanaşı uzanmış cavan kişi və qadın yatmayıb. Kişi əllərini başının altında çarpazlayıb diqqətlə yuxarı baxır, qadın yerinin içində dikəlib taxtın yanındakı beşikdə uyuyan körpəyə nəzər salır və uşağın dünyadan xəbərsiz uyuduğuna bir daha əmin olunca özü də başını yastığa qoyur.
– Bəlkə, bir çay gətirəsən? – kişi gözlərini tavandan çəkib qadına çəpəki baxır.
– Gətirməyəcəm... – hikkədən çox şıltaqlıq, qayğısızlıq duyulur qadının səsində. – Qoy o gətirsin...
– Başlama yenə... Ucundan tutub ucuzluğa getmə... O, mənim keçmiş nişanlımdı... Özün hər şeyi yaxşı bilirsən axı... Hərdənbir zəngləşirik, bayramdan-bayrama, təsadüfən görüşürük...
– O zəng eləyir, ya sən?
– O da, mən də... Ad günümüzdə bir-birimizi heç olmasa telefonla təbrik eləyirik... Burda nə var ki? Düşmən-zad deyilik axı...
– Təsadüfən də görüşmək olar?
– Şəhər fındıq boydadı də, neyləyim?.. İndi mən durub sənə yalan deyəcəm? Ya elə bilirsən, sənin yerini keçmişdən gələn kimsə tuta bilər?.. Keçmiş keçib gedib, sənnənsə yoxdu... – kişi qadının qara saçlarını sığalladı.
– Bu istidə neynirsən e çayı? – qadın deyinə-deyinə ağ bayrağı qaldırdı. – Yaxşı, indi gedib qoyaram çayı qızmağa... – desə də, qalxmayıb yanındakına qısıldı. – Amma əvvəlcə ondan danış...
– Kimdən?
– Keçmiş nişanlından... Necə oldu ki, ayrıldız?
– Yüz dəfə danışmışam... O, məndən varlısına rast gəldi, nişanı qaytarıb başqasına getdi, vəssalam... Dedi ki, məni düzgün başa düş, mən atasız, çətinliklə böyümüşəm, çox əzab-əziyyət çəkmişəm, indi qabağıma dövlətli bir adam çıxıb, yəqin, bu, mənim qismətimdi, şansımdı ki,day ömrümün axırınacan kasıb yaşamayım...
– Sən də heç nə demədin ona?
– Nə deyəydim? Gedənin yolunu kəsəydim? Ya yalvarıb ayaqlarına düşəydim?Əslində, onun açıq danışmağı xoşuma gəldi... Dost kimi ayrıldıq.
İnanmıram, sən kasıb-zad idin bəyəm?
– Eh, mən kiməm ki... Ərə getdiyi kişi çox varlı idi... Mal-mülkünün sayı-hesabı yoxdu. Bir də ki, nə qədər pul-para yığırsan-yığ, adamın nəfsi ac olanda var-dövlətdən doymur...
– Bəs ərindən niyə ayrıldı? Sənə görə?..
– Yox... Bu hardan ağlına gəldi?.. Bəlkə də, harınlıqdan... Əri indiyəcən qoymur qızı ilə o korluq çəksin, hər şərait yaradıb onlara, ayrılsalar da, bir əli arvadı ilə qızının üstündədi...
– Yaxşı, gəl bir-birimizə keçmişimizdən danışaq... Əvvəl sən başla, sonra mən...
– Oho!.. Sağ ol... Qara qızın dərdi varmış... Yəni sənin də həyatında kimsə olub?.. – kişinin gözləri bərəldi.
– Yavaş danış, güclə yatızdırmışam, uşaq oyansa, səhərəcən ağlayacaq... – əli ilə yanındakının ağzını tutdu. – Niyə olmayıb, mən adam deyiləm? Məni də o qədər oğlan istəyib ki... Mən korolmuş da aləmin gözünü çıxardıb səni seçmişəm... Düz deyiblər e, sevənin gözləri kor olur... Hə, başla...
– Nədən başlayım?..
– Nəyini sevirdin onun? Görmüşəm də, uzundırazın biridi, zürafəyə oxşayır...
– Nə bilim... Mənim istədiklərim həmişə boy-buxunlu olub... Elə sən özün də məndən hündürsən...
– Allah boy-buxun paylayanda sən dala qalmısan də...
– Mən dala qalmamışam e, siz qabağa qaçmısız...
– Hə, düzünü de, sənə görə ərindən boşandı o?
– Mən hardan bilim... Mənə görə niyə?.. Özü dedi ki, bir dəfə ərim nəyə görəsə hirslənib qızımı vurdu mənim yanımda... Ona görə ürəyim sındı... Çünki o vaxtacan o uşağa heç kəs əl qaldırmamışdı, o uşaq bizə çox güvənirdi. Ağlına gətirmirdi ki, haçansa, kimsə onu vura bilər, vurmaq nədi, onun ustünə çımxıra bilər, qışqıra bilər... Bəlkə, elə ona görə çox ağladı ilk dəfə atası onu vuranda... Kiridə bilmirdim onu. Yavaşca vurmuşdu uşağın başına... Hansı ata öz uşağını bərk vurar axı? Uşaqsa ağladıqca ağlayırdı... Yəqin, ağrıya görə yox, güvəncinin iki paralıq olmağına görə kirimək bilmirdi, canım qurban... Mən də elə ordaca sildim ərimi, sonralar neçə dəfə ayağıma düşüb yalvarsa da, bağışlaya bilmədim onu...
– Hə... – qadın fikirli-fikirli beşiyə baxdı. – Sən mənim uşağımı vurarsan? Qıyarsan bu balacanı vurmağa?
– O, sənin niyə olur, dədən evindən gətirmisən? O, bizim uşaqdı... – kişi qadının səhvini düzəltdi. – Siz arvadlar nə vasvası olmusuz, uşağı vuranda qızılı gedir? Biz özümüz döyülə-döyülə böyüməmişik?.. Yadımdadı, bir dəfə məhəllə uşaqlarına qoşulub siqaret çəkmişdim, ağzımdan iy gəldiyindən atam bildi məsələni. Kişi mənə bir şillə vurdu, düz bir ay sol qulağımın uğultusundan düz-əməlli heç nə eşidə bilmədim...
– Neçə ildi şəhərdə yaşayırsan, ancaq kədçisən ki kədçi... – qadın acıqlanmaq istəsə də, gülümsündü. – Axırıncı dəfə haçan görmüsən onu? Bax, düzünü de, yoxsa çay-zad gətirməyəcəm...
– Bir ay olar... Maşınımı palirovkaya vermişdim,piyada idim. Onda... Yolun qırağında dayanıb taksi gözləyirdim. Qəfil qarşımda saxladı maşını ki, hara gedirsən, otur aparım... Oturmaq istəmirdim...
– Gopa basma... – qadın onun sözünü kəsdi.
– Vallah! – kişi ürəkdən and-aman elədi.
– Yavaş danış, uşaq durar... – qadın çəkinə-çəkinə beşiyə baxdı. – Niyə oturmaq istəmirdin?
– Bilirdim ki, forsundan, özünü göstərmək üçün maşını dəli kimi sürəcək. Allah eləməmiş, bir şey olsaydı, yox yerdən, mən özüm də əzilib xəşilə dönərdim...
Qorxaq... – qadın xısın-xısın güldü.
– Gülmə... Qurban olum ağlıma, zaman göstərdi ki, elə düz fikirləşmişəm...
– Necə yəni? Qəza oldu? – qadın maraqla qulaqlarını şəklədi.
– Yox... Heç beş addım getməmişdik ki, yol polisi maşını saxladı. Dedi ki, xanım, asta sürün maşını, ehtiyatlı olun, qəza şəraiti yaratmayın... Ağsaç,nurlu bir kişi idi yol polisi. Onun sürücülük vəsiqəsindəki səklinə baxıb qəfil qayıtdı ki, xanım, siz Əhməd Əhmədovun qızısız? O da başını tərpətdi ki, hə... Yol polisinin çöhrəsi kölgələndi,kədərli-kədərli: “Yaxşı yol,” – deyib bizi yola saldı.
– Əhməd Əhmədov kim idi ki?
– Onun atası... Amma atası çoxdan ölmüşdü. O, balaca olanda... Nə isə, məəttəl qalmalı iş idi...
– Söhbəti fırladıb sözünün canını demədin e...
– Nəyi demədim?
– Onun nəyini sevirdin?..
– Bilmirəm... – kişi çiyinlərini çəkib anicə fikrə getdi. – Çox hazırcavab idi...
– Məsələn...
– Nə məsələn?..
– Bir misal çək də onun hazırcavab olmağından...
– Maşında gələ-gələ zarafata saldım ki, elə bizim evlənməməyimiz yaxşı oldu... Səninlə evlənsəydim, mən maşın sürə bilməyəcəkdim...
– Hə, hamı mənim kimi dilsiz-ağızsız deyil ki... – qadın gileylənib özünü bilici kimi göstərmək istədi. – Maşını alacaqdı da sənin əlindən...
– Bax sən belə fikirləşirsən, o isə elə o saat qəhqəhə çəkib tamam başqa çür cavab verdi...
– Nə dedi?
– Dedi ki, elədi, buynuzların qoymayacaqdı səni maşına oturmağa... Maşın sürmək cəhənnəm, gərək metroya, avtobusa da ehtiyatla minəydin...
– Aaa... – qadın heyrətləndi və dodaqları qaçdı.
– İndi də sən öz keçmişindən danış...
– Nə keçmiş? – qadın başa düşmədi.
– Şərtləşdik axı, əvvəlcə mən danışacam, sonra sən...
– Eee... Sənin dediklərinin çoxunu bilsəm də, özüm səni danışdırmaq üçün elə deyirdim, mən sənin tayın deyiləm ki...Mənim keçmişimdə heç nə olmayıb... – qadın əlini yelləyib cəld dikəldi. – Əl çək, gedirəm çayı qoymağa...
– Gərək vaxt eləyib sənə maşın sürməyi öyrədəm, – kişi astaca mızıldandı.
– Çoxdan öyrətməli idin... Axır ki, mən deyənə gəlirsən, – taxtdan düşmək istəyəndə duruxub sevinclə dilləndi.
– Elə əsl məqamı indidi... Başqa çarəm yoxdu,başım qaşınır yaman...
– Başın bura nə dəxli? – qadın anlamadı. – Dünən çimmisən ki,başın kirlidisə, get gir hamama, saçlarını yu də.
– Yox, mənimki çimməkdən keçib... Deyəsən, buynuzlarım çıxır mənim...
...Qadın lapdan qəhqəhə çəkdi, beşikdəki körpə diksinib oyandı və bərkdən ağlamağa başladı...
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
İcra başçısı Etibar Əbilovu qəbul edib
Türk Dünyası Araştırmaları Uluslararası Elmlər Akademisi tərəfindən Altın Yıldız madalyasına layiq görülməsi münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Neftçalada yaşayıb yaradan ədəbiyyatşünas Etibar Əbilovu qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, aldığı mükafata görə ədibi təbrik edən Mirhəsən Seyidov ona gələcək işlərində uğurlar, bölgəni daim layiqincə təmsil etməsini arzulayıb.
Həmsöhbətlər Neftçaladakı ədəbi mühit, Neftçaladan olan görkəmli mədəniyyət xadimləri barədə geniş söhbət ediblər. Neftçalada görülən, eyni zamanda görüləcək işlərdən danışan İcra Başçısı ölkə prezidenti İlham Əliyevin Neftçalaya göstərdiyi daimi diqqətdən də söz açıb.
Ədib də öz növbəsində Mirhəsən Seyidova səmimi qəbula görə təşəkkür edib və doğma Neftçala ilə bağlı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Opera və Balet Teatrı azyaşlı tamaşaçılarını sevindirib
Aprelin 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı azyaşlı tamaşaçıları üçün Leonid Vaynşteynin “Çəkməli pişik” operasını təqdim edib.
Librettosunun müəllifi bəstəkarın özü olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur.
İki pərdəli operada çəkmə vasitəsilə üstün bacarıqlarını ortaya çıxaran pişik, qısa müddətdə qəhrəmana çevrilir.
Azyaşlı tamaşaçılar bu qəhrəmanın hekayəsini operada maraqla izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
İdeyalar analiz süzgəcindən keçməlidir!
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Uğur şərtləri barədə danışmaqda davam edirik.
Məqsəd və vəzifələr
Siz bilirsinizmi, ideyanın analizini aparmaq necə vacibdir? Planlaşdırmanın iyerarxiyasını unutmayın. Plan müəssisənin elan edilmiş məqsəd və vəzifələrini açıqlamalıdır.
Məqsədlər dəqiq və səlis ifadə edilməli və təkcə sizin biznesdə əldə etmək istədiklərinizi deyil, həmçinin, verilmiş iqtisadi situasiyada, verilmiş məkan və verilmiş zamanda əldə edilməsi mümkün olanları əks etdirməlidir.
Məqsədlər konkret, miqdarı cəhətdən müəyyən, əldəediləcək və real olmalıdır. Fəaliyyətinizin nəticələrini həmin məqsədlərlə müqayisə edərək fəaliyyətinizin effektivliyi haqqında nəticəyə gələ bilərsiniz.
Əsas istiqamətlər və məqsədlər sizin nəyə nail olmaq istədiyinizdən danışır. Növbəti mərhələdə onları elə dürüst ifadə etmək lazımdır ki, onlar bu yolda həll edilməli məsələlər də müəyyən edilməklə sizin buna necə nail olmaq istədiyinizi göstərmiş olsun.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Lider dördlük və digərləri
Ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri açıqlanıb
İqtisadi fəaliyyət sahələri üzrə maliyyə axınları açıqlanıb. Mərkəzi Bankın açıqlamasından görünür ki, 2023-cü ilin birinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə sahəsidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, siyahının öncülləri bunlardır:
1.-dövlət idarəetməsi və müdafiə sahəsi (21,2 faiz);
2.-tikinti sahəsi (15,3 faiz);
3.-topdan və pərakəndə ticarət sahəsi (13,6 faiz);
4.-mədənçıxarma sənayesi (10,2 faiz).
Digər aahələr çox geridədirlər.
Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1,381 milyon manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1,418 milyon manat artım) sahələri olub.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)