
Super User
Onu Kələntər dayı kimi tanıdıq…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
"Hamam hamam içində
Xəlbir saman içində.
Dəvə dəlləklik edər,
Köhnə hamam içində..."
Neçənci il olduğunu unutmuşam, Sumqayıtda Cəfər Cabbarlı adına mədəniyyət evində onunla tamaşaçıların görüşü keçirilirdi. Gənc iştirakçılardan biri kimi, ona belə bir sualla müraciət etdim: "İsmayıl müəllim, Kələntər obrazından sonra sizə təzyiqlər olurmu?"
"Olur bala, olur"- deyib, başına gələn xeyli maraqlı hadisələrdən danışdı. Hətta bu rola görə döyüldüyünü də söylədi...
24 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulmuşdu. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib...
O, dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sönmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.
22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır...
"Hamam hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləklik edər,
Köhnə hamam içində."
"Çal aşıq çal, komsomolun canı it canıdır..."
Allah sənə rəhmət eləsin, İsmayıl Osmanlı!
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
80-ci ilin nolaltısı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Vətəndaş, məhkəmə sizə ömürlük iş kəsir.
-Bəs SİZO-da saxlandığım bu 3 il necə hesablanacaq?
-Bir il elə bir il.
-Mən etiraz edirəm. Necə yəni bir il elə bir il?
-Yaxşı olsun, bir ilə bir il yarım.
-Şükür!
2.
Mozambikdə avqust ayında qəflətən yağan qar Qlobal İstiləşmə Konfransının təxirə salınmasına səbəb oldu.
3.
Ən böyük xoşbəxtlik odur ki, 80-ci ilin nolaltısı səninçün 2024-ün rəncroverindən daha gözəldir. Onda yaşamaq elə asan olur ki.
4.
Kişi məşuqəsinə əskinasları verərkən məşuqə deyir:
-Bunlar niyə yaşdır?
-Evdən götürəndə arvadım götürdüyümə ağlayırdı…
5.
Ağıllıların mübahisəsinin nəticəsi həqiqətin üzə çıxması olur, axmaqların mübahisəsinin nəticəsi isə dava-dalaş.
6.
Orduya gəlmiş və ilk dəfə tank görmüş kəndli gənc düşündü: Tank qəzəblənmiş traktordur.
7.
Uğurlu idarə rəhbərindən soruşurlar:
-Necə edirsiz ki, sizin işçilər heç vaxt işə gecikmirlər?
O gülümsəyərək cavab verir:
-Çox sadə. Məndə 31 işçi var, parkovka yeri isə cəmi 30-dur. Sonuncu olmamaq üçün çarpışma gedir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qara rəngdə ağ gəzirəm...” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə gözəl şairimiz Əlizadə Nuri “Qara rəngdə ağ gəzirəm” şeiri ilə görüşəcək. Ənənəvi şikayətnamə şeiridir.
Mənimki Allaha qalıb-
Haqsız olub -haqq gəzirəm.
Mən bu qışın ortasında
Bir yaşıl budaq gəzirəm.
-deyir şair. “Qara rəngdə ağ gəzirəm...” bir kədər müntəxabatıdır.
Xoş mütaliələr!
Mənimki Allaha qalıb-
Haqsız olub -haqq gəzirəm.
Mən bu qışın ortasında
Bir yaşıl budaq gəzirəm.
Hansı suçundan asılıb?-
O qız saçından asılıb...
...Dar ağacından asılıb
Şükür, hələ sağ gəzirəm.
İynə var ki sap axtarım?
Kir içində saf axtarım?!
Cəlladda insaf axtarıb-
Qara rəngdə ağ gəzirəm...
Ömür gün-gün dağıldı ki...
Bu açılan paxırdı ki...
Yüküm elə ağırdı ki-
Haçandı axsaq gəzirəm.
Bu olubdu tək istəyim:-
Tanrıdan ətək istəyim.
Hamını sevmək istəyib-
Hamıdan uzaq gəzirəm...
Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Bu gün “Məhşər Divanı: YALANIN 17 ANI” romanın rusca nəşrinin təqdimatı olacaq
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün Fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin Rusiyada işıq üzü görmüş “Məhşər Divanı: YALANIN 17 ANI” kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçəcək tədbir gözəl bir ədəbiyyat məkanında - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində (Böyük Qala küçəsi, 281) qonaqlarını qəbul edəcək.
Mərasimin bir özəlliyi də əsərin səhnə təcəssümünün nümayiş etdirilməsi oalcaq.
Quruluşcu rejissor Bəhram Osmanovdur.
Xatırladaq ki, 445 səhifəlik sənədli romanda eyni millətin - erməni millətinin nümayəndəsi olan 17 nəfərə utopik divan qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müqəssir kürsüsündə əyləşirlər, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir.
Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də Baş Hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.
Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.
Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır.
Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Viktoroviç Mixaylovdur (Rusiya).
Əsərin tezliklə daha 2 dildə - türk və erməni dillərində də çapı nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Dünyaya açılmış qoşalülədi,
gözləri... gözləri süzgün şairin.
Qayğılar yığılıb qayığnan gəlir,
üzür o baş-bu baş üzgün şairi.
Qəflətən gün batır, bir tufan qopur,
əyrilik dünyanın canına hopur:
Yüzillik ağaclar kökündən qopur,
yenə əyə bilmir düzgün şairi.
(Ruslan Dost Əli)
Əziz Ruslan bəy, şairlərə kədərmi, yoxsa sevincmi tez təsir edir? Şairin həssas ruhunda sevincmi, yoxsa kədərmi dərin iz buraxır?
CAVAB
Kədər poetik nəsnədi. Həm də qalıcıdı. Sizdən sonuncu dəfə nə vaxt sevindiyinizi, xoşbəxt olduğunuzu soruşsam, yəqin ki, xatırlamayacaqsınız. Ancaq sonuncu dəfə nə vaxt və nə üçün kədərləndiyiniz mütləq ki, xatirinizdədir.
Siz də bütün sualları verəcəksiniz, əsas sualdan başqa. Çünki hər şey bir çərçivədədir. İnsan taleyi kimi siz də, biz də - hamımız bu çərçivələrdəyik. Lap kədərin özü kimi. Biz bu çərçivəyə də, kədərə də öyrənmişik. Axtardığımız, gördüyümüz hər şeydə bir sevinc olmaya bilər, ancaq bir kədər mütləq ki var.
Həmişə belə olur. Əsl sənət faciədən doğur. Bir də, yalnız öz kədərini hiss edən adam böyük mənada şair, yazıçı, ümumiyyətlə, yaradıcı ola bilməz.
Bu mənada, kədər həm də sevindirir...
Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Məktəblilər Beynəlxalq Kitab və Müəllif Hüququ Günü ilə əlaqədər Gənclər Kitabxanasını ziyarət etdilər
Könül, “Ədəbiyyat və incəsənət”
Dünən 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüququ Günü idi. Bu tarixi günlə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayonu 89 saylı tam orta məktəbin şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular.
Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova kitabxanaya gələn məktəbliləri salamlayaraq, kitabxananın, mütaliənin insan həyatında, onun savadlı, geniş dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı, məktəbliləri kiçik yaşlarından kitabxanalara abunə olmağa və asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi.
Kitabxana əməkdaşları məktəblilərə kitabxananın iş prinsipi, ondan istifadə qaydaları, fondu, fondunda olan uşaq ədəbiyyatı, kitabxanada təşkil edilən tədbirlər, kitab təqdimatları, sərgilər, oxuculara təqdim edilən elektron xidmətlər, kitabxanın rəsmi saytı haqqında məlumat verdilər, müasir dövrdə elektron və audio kitablarla yanaşı ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söylədilər.
Əlbəttə ki, İKT inqilabı nə qədər sürətlənsə də ənənəvi kağız kitablar heç vaxt dəbdən düşməyəcək, bunu aparılan statistik göstəricilər də sübut etməkdədir. Dünya kitab oxuyur və kitab oxumaqda davam edəcək.
Məktəblilər kitabxanın Musiqi bölməsində saxlanılan nadir qrammafon valları, not nəşrləri ilə də tanış oldular, kitabxananın nadir nüsxələr fondunda saxlanılan ədəbiyyat nümunələri, Brayl əlifbası ilə olan “Qurani - Kərim” kitabı haqqında məlumat aldılar. Şagirdlər “Qədim diyar Naxçıvan - 100”, “Tarixi qələbə, Zəfər günü”, “Vətən şəhidləri” və “İslam dünyasının Mədəniyyət Paytaxtı - Şuşa” adlı sərgilərlə tanış oldular.
Ekskursiyanın sonunda Bakı şəhəri Suraxanı rayonu 89 saylı tam orta məktəbin kitabxana müdiri Pərvanə Əliyeva və kitabxanaçı Natəvan Əliyeva kitabxanaya əməkdaşlığa görə minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Nəticə qorxusunu dəf etmək – ABİTURİYENTİN UĞUR FORMULU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.
Qəbul imtahanına hazırlaşan abiturientin imtahanqabağı psixoloji tarazlığını qoruması, qorxu və həyəcandan qurtula bilməsi çox vacib, mən deyərdim ki, hətta ən həlledici məqamdır. Hətta tam hazırlıqlı olduğun halda həyəcan və qorxudan psixoloji sarsıntı keçirib müvəffəqiyyət qazanmamaq mümkündür.
Mənim şəxsən özümün həyatda bir sınanılmış «nəticə qorxusunu dəf etmək» adlı vasitəm vardır. Həyat əhəmiyyətli bir görüş, çox vacib bir hadisə ərəfəsində həmişə bunu sınayıram. Düşünürəm ki, abiturientlər də bunu sınasalar xeyirlərinə olar.
Demək, elə ki, abituriyentlərimiz qəbul imtahanlarına tam hazırlaşdılar, imtahana bir gün qalanda oxuduqlarını təkrarlıyıb qurtarıb kitablarını bir qırağa qoyurlar və başlayırlar mən dediyim «dəfetmə» prosesinə. Bunun üçün, düşüncələrində imtahandan kəsilmə, yəni bu həyat əhəmiyyətli hadisənin uğursuz sonluğu situasiyasını yaratmaları lazım gələcək. İmtahandan kəsilsələr nə olacaq? Valideynləri onları danlayır, hətta onlardan üz də döndərirlər, dost-tanış istehza edir, qəbul olanlara həsəd və paxıllıq hissi içlərini didib-dağıdır, gedib ağır bir işlə, tutalım yükdaşımaqla məşğul olurlar. Qanları qaradır, küskündürlər, hədsiz bədbəxtlik içindədirlər. Situasiyanı tam dolğunluğu ilə yaradıb, maksimum keçirəcəkləri ziyanı, alacaqları zərbəni təsəvvür etməli və bünları yaşamalıdırlar. Sonra da bundan ən az itkilərlə necə çıxacaqlarını təsəvvür eləməlidirlər. Hər halda, öləsi deyillər ki. Həyat davam edir. Toparlanarlar, gələn il daha yaxşı hazırlaşıb mütləq qəbul olunarlar.
Haradasa psixoterapiya adlandırılacaq bu üsul mütləq abituriyenti sakitləşdirəcək. O, qəbul imtahanının uğursuzluğu dəhşətini yaşamış kimi olacaq, daha o dəhşətin öldürücülüyündən qorxmayacaq.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
NAĞIL DƏDƏ - Yücel Feyzioğlunun uşaq kitabları haqqında
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində uçaq saatı davam edir. Bu gün sizlərə Almaniyada yaşayan soydaşımız Orxan Arasın uşaqlara ürəyinin sirrini açan şəxs - Yücel Feyzioğlunun uşaq kitabları barədəki yazısını təqdim edəcəyik.
Gəl sənə bir sirr açım! Ürəyindəki sirri dostuna, yoldaşına, sirdaşına deyəni eşitmisən, amma balaca uşağa deyəni heç eşitmisənmi? Əgər eşitməmisənsə, indi bu yazını oxumalısan!
"Gəl sənə bir sirr açım. Mən on yaşlarında olanda Qarsda yaşayan malakanlardan sarı bir qızı, Sonyanı sevirdim". Maraqlıdır, sarı saçlı, şirin dilli, uşaq gözlü Sonya indi haradadır? Onlar 1955-ci ilin payızında qatarla getdilər və Qarsdakı dostları, qonşuları onlardan bir daha xəbər tutmadılar. Yücel Feyzioğlu, yəni uşaqlara ürəyinin sirrini söyləmək istəyən şəxs, əslində, nağıl qəhrəmanından başqa bir şey deyil. Gah Almaniyada "Kəloğlan" olub, Anadolunu oradakı uşaqlara daşıyıb, gah da "Manas" dastanının əks-səda verdiyi çöllərdə "Köp Tamdıq" olub, uşaqlara pıçıltı ilə sirlərini açıb. Hər dəfə onun nağıllarını oxuyanda ya öz uşaqlığımı, ya da ətrafımdakı nağıl siması olan insanları düşünürəm. Çünki onun nağıllarında o geniş coğrafiyadakı bizim vətənimiz, xalqımız yenidən gözlərimin önündə canlanır.
O nağıllardan tarixin, insanlığın, sivilizasiyanın və daha da gözəl, məhəbbətlə dolu xalq mahnılarının iyi gəlir. Anadolu xalqı minilliklər boyu nağıl adamı olmağa can atmayıbmı? Xalqımızın dilində həmişə nağıllar, mahnılar olub və bu səbəbdən də on lar daim pəri sultanını qovlamaqdan, pisi cəzalandırmaqdan, yaxşının əlindən tut maqdan, gəzdirməkdən yorulmayıblar. Kart qurdundan, qabığın yaxalığından, turpun düymələrindən, kök burnundan nağıl qəhrəmanları yayıldıqca Balkanların şəhər uşaqlarından tutmuş, at üzərində doğulan Xakas, Tuva çobanlarının qulağına qədər o səs yayılır. Eynşteyn "bilik məhdud olduğu üçün fantaziya bilikdən daha vacibdir" deyərkən insan aləmində nağılların nə qədər əhəmiyyətli olduğunu da vurğulamışdır. Astrid Vinter "Təcrübənin sirli gücü" kitabında nağılların insan ruhuna və beyninə müalicəvi təsirləri olduğunu yazarkən sağlam uşağın ruhunun nağılsız ola bilməyəcəyini bildirir.
Yücel Feyzioğlu, Astrid Vinterin yuxarıda qeyd etdiyi bir çox şəfanı yenidən qurduğu, yazdığı türk nağıllarına Balkanlardan Sibirin uclarına qədər yeni rəng və musiqi qatmışdır. Nağılları çeşidləmək, onlara yeni üslub qatmaq, uşaq ruhunun zərifliyinə uyğunlaşdırmaq, dərin sevgi və dil biliyi ilə yoğurmaq Feyzioğlu kimi ustaddan gözlənilirdi. Əsrlər boyu yetim qalmış, ancaq nənələrin dilində yaşaya bilsə də, çiy, parça-parça, yaralı olaraq qalan nağıllarımız, təəssüf ki, çox gec yığılıb toplanıb. Bu tərtiblərdə Pertev Naili Boratav kimi ustadların zəhmətini qeyd etməmək ədalətsizlik olardı.
Folklorşünas Saim Sakaoğlunun fikrincə, ilk türk nağıllarını ehtiva edən ən qədim toplu Fransanın XIV kralı Luinin tərcüməçisi və katibi olmuş M.Digeonun əsəridir. 1781-ci il tarixini daşıyan bu əsərdə üçü türk nağılı olmaqla beş nağıl var. "Nouveaux Turc et Ara bes" adlı bu əsərdəki bəzi mətnlər nağıl üçün çox uzundur. Kitabda 1-3-5 olanlar türk nağılları kimi təqdim edilir. Amma türk dünyası nağıllarının toplanması və yenidən yazılması, əsl nağıl dilinin əldə edilməsi ustad Yücel Feyzioğlunun səyi ilə reallaşdı. Qloballaşma adlanan korluq, yoxa çıxma çağında ana dilini, milli dili unutmamaq üçün dilin bütün incəlikləri ilə zənginləşdirilmiş mə cazlardan, qafiyələrdən, deyimlərdən, atalar sözü və nağıllardan vacib həyat silahı nə ola bilərdi ki? Bütün bunlardan başqa, ge niş Sibirdə bir yakut uşağı ilə İstanbulun dar, izdihamlı küçələrində ilişib qalan türk uşağı ara sında söz, arzu, cəsarət və dürüstlük mübadiləsi qədər gözəl və dəyərli nədir? İllərlə Kərkükdən Taşkənə, Bakıdan Berlinə o bir nağıl dalınca qaçarkən, ürəyindən beyninə, beynindən dilinə, dilindən kağıza yüzlərlə nağıl köçürərkən bilirdi ki, dünyanın hər yerində uşaqlar onları dinləyib böyüyəcək. Nağılların əhəmiyyəti və toplanması biz - dən çox əvvəl Avropada başlamışdır.
Avropanın ilk və ən mühüm nağıl kolleksiyaçılarından biri olan Çarlz Perro 1628-ci ildə Parisdə anadan olub. Çox varlı bir ailənin oğlu idi. O, atasının peşəsi olan vəkillik pe şəsini seçsə də (hətta bir müddət XIV Lüdovikin sarayında baş katib vəzifəsində çalışıb), sonralar şeirlər yazıb, sənətlə ma raqlanıb, elmi müzakirələrdə iştirak edib, Fransa Akademiyasına üzv seçilib. Onun meşənin kənarında, kənddən bir az kənarda babalarından miras qalmış nağıl evi və dörd uşağı var idi. O, asudə vaxtlarında nağıllarla övladlarını əyləndirməyə, öyrətməyə çalışırdı. Onlara oxuduğu nağıllardakı bədbəxtlik, ümidsizlik Çarlz Peronu narahat edirdi. Ona görə də nağılları götürüb yenidən yazmağa başladı... "Yatmış gözəl", "Qırmızı papaqlı qız", "Zoluşka", "Çəkməli pişik", "Barmaqlı oğlan" və "Göy saqqal" adlı dünyaca məşhur nağıllar əv vəlcə üslubu və səyi ilə öz övladlarının daxili aləmini fəth etdi, sonra isə bütün dünya uşaqlarının... Bütün təkidlərə baxmayaraq, çox çalışdığı nağılların başqaları tərəfindən oxunmasını istəmirdi. Ancaq gün gəldi ki, təkidlərə dözə bilmədi və ölümündən altı il əvvəl nağıllarını oğlu Pierrenin adı ilə nəşr etməyə razı oldu. Çarles Perrault 1703-cü ildə sevimli ailəsi və dostları arasında vəfat etdi. Onun dünyaya qoyub getdiyi nə onun vəkilliyi, nə Fransa Akademiyasına üzvlük, nə də Luvr sarayında baş katib vəzifəsi idi. Qoyub getdiyi ən gözəl ad və hədiyyə nağıllara qatdığı ümidlər, rəng lər, gözəlliklər idi.
Yücel Feyzioğlu 1946-cı ildə Qarsda anadan olub. Onun nə atasının nağıllarında olduğu kimi evi var idi, nə də Luvr sarayında baş katiblik etmək üçün XIV Lüdovik. O, dün - yanın ucqar şərqində, ilin altı ayı qarla örtülmüş kasıb bir şəhərdə addım atmışdı. Yücel Feyzioğlu zəngin saray və malikanə kitabxanalarından Müsyö Perro kimi nağılları oxuya bilmirdi. O, beynində dərin izlər qoyan o dünyaya anasının, nənəsinin parlaq, kədərli, lakin həmişə ümid dolu baxışları ilə baxa bildi. O, hər nağılı dinlədikcə Səməd Behrənginin "Balaca Qara Balıq" əsəri kimi o dar şəhərdən uzaqlarda sehrli diyarlara axırdı. Həm də nağıllarda "Kaf" dağlarını can landıran, Qafqaz dağlarının arxasında yo xa çıxan nağıl gözlü rus qızı Sonyaya olan sehrli sevgisinin ona nağıl yazmaqda, nağıl söyləməkdə təsiri olub-olmadığını bilmirik. Lakin onun nağıllarında məhəbbətin saflı ğına və heyranedici obrazlarına nəzər sal dıqca onun bir məhəbbətin izi ilə getdiyini düşünməyə bilmirik. Yücel Feyzioğlu qarla örtülmüş o kiçik şəhərdən (Qars) böyük şəhərlərə gedir. Getdiyi hər yerdə ruhuna yerləşmiş nağıl larından işarələr axtarır. Ən real hərəkətlərdə belə nağılların sürreal görünən ha disələrindən dərs çıxarmağa çalışır. Bir müd dət öz-özünə hekayələr danışır. Nə qədər çox danışırsansa, beynində nağıllar daha çox bişirilir və daha da yetkinləşir. O, ölkəsindəki öz kimliyini, varlığını, cəhalətini, ziddiyyətlərini nağıllar vasitəsilə süzür. Nağıllar ona ümid və əzm aşılayır. Çətinliklər, qaranlıqlar həmişə Kəloğlan kimi bir zərbə ilə darmadağın olur.
Yeni nağıllar bir gün yenidən gündəmə gəlir. O, yeni xəyalların və xəyallara bükülmüş reallıqların arxasında başqa aləmlərə üz tutur. Almaniyada dərs deyəcək. Nağıllarından qoparılan mühacir uşaqlar, şəxsiyyətlərinə yad zərbələr alan gənclər onun incə ürəyini tit rədir. Onların dərslikləri fəlakətdir. Bu kitablarla ruhu dərindən yaralanmış qürbət övladlarına məlhəm olmaq çətindir. O tərəddüd etmədən dərsliklər yazmağa başlayır. Sonra da nağıllar... Onun mühazirə oxumaqda özünəməxsusluğu, nağılları uşaq ların qəlbinə yeritməkdə ustalığı o qədər təsirli olur ki, uşaqlar oturub ona qulaq asmırlar. O, ağzını açan kimi Anadolunun kənd uşaqları onun ətrafında səmimiyyətlə dövrə vurur və onu belə dinləyirlər. Günlərin bir günü bu hal "pedaqoq" deyilənlərin diqqətini çəkir və ondan yuxarı qurumlara şikayət edirlər. Guya o, uşaqlara dərs deyil, nağıl danışır və işi nəticəsizdir. Dərhal ekspert təyin olunur və onun dərsləri nəzarətdə saxlanılır. Mütəxəssislər onun uşaq larla ünsiyyətinin sehrini dərhal dərk edir lər və bu üsulu rəhbərlərinə şid dətlə tövsiyə edirlər. Mütəxəssislər onun bu cür mühazirə metodunu kimdən öy rəndiyi ilə maraqlanır. Feyzioğlu "Mən bu üsu lu nənəmdən öyrənmişəm" dedikdə mü təxəssislər bir daha təəccüblənir. Təəccüb lənməkdə də haqlıdırlar, çünki burnu bu ludlarda olan Ankaranın "mütəxəs sis ləri" belə Anadolunun qoynunda yatan zən gin likdən xəbərsizdirlər.
Yücel Feyzioğlunun nənəsindən öyrəndiyi üsulu bütün alman məktəblərinə yaymağa çalışırlar. Yalnız "dönər mədəniyyəti" ilə tanınan türk mühacirinin əsl mədəniyyəti, Anadolunun bir kənar bölgəsindən gələn təvazökar ziyalı tərəfindən mühafizəkar alman mədəniyyətinə dammağa başlayır. Yazdığı nağılların oxunaqlılığı ilə kifayət lənməyən Yücel Feyzioğlu işin səriştə sini yerindəcə öyrənmək üçün dərhal qol larını çırmalayır və könülsüz tələbə həya tına qədəm qoyur. Andersen Yazıçılar Akademiyasında iki il ərzində o, nağıllarını həm öyrənir, həm də beynində yenidən yo ğurur. Alman Türkologiya İnstitutundakı mən bələri araşdırır. Nə qədər çox öyrənirsə, bir o qədər yaxşılaşır və öyrəndikcə ana dilinin çevikliyinə bir o qədər yiyələnir. Nağıllara yeni rəng, yeni həvəs, yeni ümid, yeni ifadələr qatır. Hər nağılda nənəsinin parlaq təbəssümü, itirilmiş sevgilisinin göz lərinin rəngi var. Fərqli dil və üslubda yazılmış Kəloğlan nağılları ən keyfiyyətli şəkildə çap olunaraq Almaniyanın bütün şəhərlərində məktəb və kitabxanalara çatdırılır. Qrimm qardaşlarının tərtib etdiyi rəngarəng və müxtəlif alman nağılları ilə yanaşı, Kəloğlan yarışa qatılmağa gecikməyəcək. İndi türk uşaqlarının al man uşaqlarına örnək ola biləcəkləri bir qəhrəmanı var. Uşaqlar Kəloğlanın şəxsiy yətinin varlığını hiss etmək imtiyazını qazanırlar... Yücel Feyzioğlu türk dünyası ilə 1982-ci ildə nağılların dalınca qaçarkən tanış olub. O, Azərbaycanda və Anadoluda danışılan nağılların müxtəlif variantları və yeni nağıllarla qarşılaşır. Bu qarşılaşma onun qarşısında tamam başqa bir dünyanın və düşüncələrin qapılarını açır.
Eyni sivilizasiyaya malik dünyanın nağılları eyni qazanda olmalıdır. O vaxt itirmədən geniş türk dünyasının solmaqda olan nağıllarını bir araya toplayıb on lara yeni ifadələr verməyə çalışır. Düz iyir mi beş il Azərbaycandan, Tuvadan, Krımdan, Dağıstandan, Özbəkistandan və başqa türk ellərindən yığa bildiyi nağılları üstüstə yığır... Ürəyindəki sözləri də onlara əlavə edir. Ümidli və məhsuldar sözlər... Ona görə də nağıllarda tez-tez işlədilən "gerçək olmayan hadisələri anlatmaq" ifadəsi Yücel Feyzioğlunun qələmində fərqlənməyə başlayır. Çünki onun yazdığı nağıllarda "qeyrireallığın" zaman-zaman reallıqla əvəz olunduğu dərhal görünür. Nağıl danışanda, yazanda özünü məcbur etmir: o, nağılı bəzən olduğu kimi, bəzən də olması lazım olduğu kimi yazır. Onun mətnləri bəzən improvizasiya, bəzən də qay dalar təəssüratı yaradır. Amma oxuduqca məqsədin işığa və ümidə doğru olduğunu bütün əzəməti ilə ortaya qoyur və zəhərlənmiş zehinləri təravətləndirmək funksiyasını öz üzərinə götürür.
Keçmişdən dilimizin, musiqimizin, hekayələrimizin rənglərini uşaqların beyninə çatdıran Nağıl Dədə Yücel Feyzioğlu bütün bunları nağıllarına sevgi qataraq edir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)
Mikayıl Azaflının şeirlər kitabı çıxıb
XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq olmaqla yanaşı, həm də şair kimi məşhur olan, aşıq şeirinin müxtəlif şəkillərində gözəl poetik nümunələr yaradan Mikayıl Azaflının şeirləri yenidən çapa hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Aşıqlar Birliyinə istinadən xəbər verir ki, birlikdə nəşrə hazırlanan “Ağarmayın, ay saçlarım, amandı...” adlı bu kitabda ustad aşıq Mikayıl Azaflının bu il tamam olan 100 illik yubileyi münasibətilə saz-söz ictimaiyyətinə ərməğan olaraq onun 100 şeiri təqdim olunur.
Burada ustadın yaradıcılığından seçmə şeirlər - əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alıb. Sözügedən poetik örnəkləri müşayiət edə biləcək saz havaları, o cümlədən də ustadın özünün bəstələdiyi havalar şeirlərin sonunda göstərilib.
Kitabı nəşrə hazırlayanlar Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi məsləhətçi və redaktoru, “Ön söz”ün müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)