Super User

Super User

Xəstəxananın rentgen otağının qapısı ağzında ən az 30 adam var idi. Yaşlı, gənc, uşaq. Hamının üzündə nigarançılıq, qorxu, təlaş, narahatlıq, yorğunluq. Qəribə qoxusu var xəstəxananın. Bu qoxu heç bir qoxuya  bənzəmir. Sağlam adam da xofa düşür burda. 

 

Bütün bunlarla bərabər  bura həm də ümid yeridi bütün xəstələrin. Hamı canını götürüb bura gəlir. Min bir sualla, duayla həm də.  Hansı xəstəxanaya getsən, uzun bir növbə  görürsən. Adama elə gəlir ki, hamı xəstədi. Tək olmadığına sevinirsən bir az da. Demək  xəstəlik bircə sənin yaxandan yapışmayıb  . Ölüm qorxusu xəfifləyir bir az ürəyində.  Fikirləşirsən ki, bu qədər dərd varsa, demək dərman da var. Həkimlərə Tanrı kimi baxırsan burda. Varlığına şükr edə-edə həm də. 

Bu gün də hamı canını götürüb bura gəlmişdi. İçlərində yaşamaq ümidi olmayanlar belə bir işıq axtarırdılar burda. Hamı növbəsini gözləyirdi. Arada növbəsiz  keçmək istəyənlər də olurdu. Hərə bir tərəfdən deyinirdi, söyürdü o vaxt. O saat da geri addım atırdı xəstə. Bu qədər insana necə cavab verəydi axı. 

Çəlikli kişi eynəyinin arxasından hamını təpə dırnaq süzürdü bayaqdan. "Bu qadın heç düz-əməlli danışa da bilmir öz dilimizdə. Səhərdən aləmi qatıb bir-birinə. Yarı rus, yarı Azərbaycan, yarı türk dilində başımızı şişirdib. Üzünün boyasına bax hələ. Heç xəstəyə oxşamır amma. 

Bu oğlanın dərdi nədi görəsən? Bu yaşda mən heç bilmirdim xəstəlik nədi. İndiki gənclərin yanından yel keçən kimi xəstələnirlər. Hələ bu uşaq? Bunun nə yaşı var axı? Lap  körpədi. Allahın işlərindən də baş açmaq olmur". 

Ağlından keçirdiyi fikrindən xoflandı. Çəliyinə sığındı. Başını qaldırıb yuxarı baxdı. Sanki Allah başının üstə dayanıb ona baxırdı. Sonra soyuq tər basdı qocanı. Əlini cibinə saldı. Köhnə, kirli cib dəsmalını çıxarıb üz -gözünün tərini sildi. Elə bildi ki, bu saat Allah qəzəblənib elə burdaca canını alacaq. Ölümü lap yaxınlığında hiss etdi. Nəfəsi toxundu üzünə sanki. Yeli vurdu onu. Sonra özünü danlamağa başladı: “Axı sənin Allahla nə işin var? Onun işinə niyə qarışırsan axı? Kimi necə yaradıb, necə yaşadır, kimə nə dərdi verir, Onun öz işidi. Sənəmi qalıb?" Sonra daha heçnə fikirləşməmək qərarına gəldi.  Neylədisə mümkün olmadı.  Ağlına yüz fikir gəlirdi. Ona elə gəldi ki, adam  xəstəxanada daha çox belə xülyalara düşür. Ucundan tutub ucuzluğa gedir adam burda. Olub keçənlər daha çox burda yada düşür. İnsan özünə daha çox burda hesabat verir. Arada adamların  telefonlarına zəng gəlirdi. "Yəqin xəstələrin yaxınlarıdı. Zəng edib nəticə ilə maraqlanırlar".

Qeyri-ixtiyari  əlini cibinə saldı. Telefonunu  çıxarıb ekranına baxdı. Çat-çat olmuş ekran bom -boş idi. 20 ilin telefonu artıq iki ildən çox idi ki, susmuşdu. Bir qızı idi onu itirib axtaran. O da  iki ildən artıq idi dünyasını  dəyişmişdi. Elə bu telefonu da illər öncə o alıb hədiyyə etmişdi atasına. Birdən-birə  kimsəsizləşdi. Kövrəldi. Ətrafa nəzər saldı. Heç kim ona baxmırdı. Kirli, nimdaş cib   dəsmalıyla gözünü quruladı.  Adamlar bir-bir azalırdı deyəsən rentgen otağının qarşısında. 

Kişi birdən adını eşidib diksinən kimi oldu.

Ətrafına baxdı. Heç kim yerindən qımıldanmırdı. Demək düz eşidib. Onu çağırırdılar. Gözü qıraqda növbə gözləyən ,  30, 35  yaşlarında cavan adama sataşdı. Adam narahat və nigaran idi. Tez-tez əllərini ovuşdurur, pencəyinin ətəyini dartışdırırdı. Yorğun görünürdü. Həm də yuxusuz. Yanında elə adamla yaşıd bir qadın da dayanmışdı. Deyəsən ikisi bir yerdə gəlmişdi.

Çox yaxın idilər bir-birlərinə. Arada qadın  nəsə deyirdi. Adam gülümsəməyə çalışırdı. Amma daxilindəki təlatümünü gizlədə bilmirdi. Görünür, xəstəliyinin ciddiliyindən  ehtiyat edirdi. Həyəcanlıydı. Bayaq onlar  burda  deyildilər deyəsən. Yenicə  gəlmişdilər yəqin. Ya da kişiyə elə gəlirdi. Qoca bu dəfə də adını eşidib tam arxayın oldu ki, onun növbəsi  çatıb. Çəliyinə    söykənib bir addım irəli keçdi. Bircə anda  ona elə gəldi ki, hər kəs ona baxır. Özü də rişxəndlə. Hər halda ona elə gəldi. Əsasından utandı birdən-birə.  Fikrindən nəsə keçirdi ildırım sürətilə və dönüb küncdə dayanan o cavan adama baxdı:

-Buyur oğul, növbə sənindi. Keç.

-Axı  mənim adımı çəkmədilər.

-Yox, yox. Sənin növbəndi. 

-Çox sağ olun.

Kişi adamın gözündəki işığı gördü bir anlıq. Dərindən nəfəs aldı. Çiynindən ağır yük götürülmüş kimi geriyə döndü. Xeyli xəfifləmişdi. Ona elə gəldi ki,  heç ağrımır da. 

Bir qədər sonra çəliyinin səsi də daha eşidilmədi.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

Əziz musiqisevərlər! 

“Zalim”, “Ya sonra”, “Med cezir”, “Yeter ki, onursuz olmasın aşk” kimi mahnıları ilə hər kəsin sevgisini qazanan populyar türk müğənnisi Levent Yüksel 27 Aprel tarixində Jolly Joker Baku səhnəsində azərbaycanlı sevənləri üçün çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təşkilatçısı EVENT Office olan bu konsert proqranında müğənni hitlərini və yeni mahnılarını ifa edəcək. 

Konsert saat 20.00-də başlayacaq.

Biletlər 50 manatdan başlayaraq 485 manata qədər qiymətləndirilib.

Gəlin, maraqlı olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla qırğız şairəsi Irısgül İzatovanın şeirlərini dilimizə çevirib. 

 Irısgül İzatova, 1994-cü ildə Qırğızıstanın Koçkor rayonunun Tendik kəndində anadan olmuşdur. Onun 2020-ci ildə “Monomuza” adlı kitabı Qırğız dilində çap edilmişdir.

 

 

ÇIRPINTI

 

Gün işığı pəncərədə sınaraq,

Gülə-gülə oxşadı gül üzünü.

Bu gün səni düşünərək söylədim:

“Bu sabah o neyləmişdir...” sözünü.

 

Olar-olmaz bir şeylərə sıxılıb,

Ola bilər sıxıntılı halınız.

Olmaz işə başım elə qarışdı,-

O gün-bu gün qalxar zati-aliniz.

 

Günü-gündən artır sənə həsrətim,

Könlümdəsə tasalarım daşır hey...

Gərçi qədər məni rahat buraxmaz,

Səni görmək arzusuyla coşur hey...

 

Görüşməyə ümidlərim can atar,

Gecə-gündüz könül sızlar... kədərli.

Sonsuzadək davam edər bu istək,

“Gəl” deməyin yetərlidi, yetərli.

 

 

YENƏ MƏNI GÖZLƏRSƏNMİ?..

 

Könül əgər qırılarsa, düzəlməz,

Görməz olar... Bütün yollar qarışar.

Gül üzündən vaz keçməyi bacarmaz,

Başqasıyla ağıl necə barışar?

 

Qaş çatılı, ürək üzgün, həvəs yox,

Bu hal ilə deyin necə yaşaram?

Çox adamın eşqinə mən susqunam,

Qayğıların ağuşunda çaşaram.

 

Əsil adam, dinlə mənim sözümü,

Xoşbəxtliyin üçün əngəl olamam.

Yaraşıqlım, bu eşqin yox çözümü,

Özgəninəm, gəlib səndə qalamam.

 

Yenə məni gözlərsənmi hələ sən?...

 

 

QƏRAR

 

Mutlu günlər keçdi getdi duyğulu,

Ümid verib getmədəyəm qayğılı.

Mütləq həyat mənsiz belə gözəldir,

Mutlu edən nəşəmiz var sayğılı.

 

Aman Allah, boyumda çox ayıb var,

Amma sevən bu duyğunu bəlirlər.

“Məni sevməz...” deyə məni tutmayın,

Bəlkə zaman bunu bir gün haqq edər.

 

Kor eyləsə qəlbi eşqin atəşi,

Qoymaz rahat, ürəyim hey döyünər.

Könlüm qopub, şeirə dönər gözümdə,

Ah o qızın qəlbi sınıq, dərbədər...

 

Ah o qızın qəlbi sınıq, dərbədər...

 

 

BAĞIŞLA

 

Hökmünü sürdürür, haqq da eləyir,

Hüzünlü hisslərim köz ürəyimdə.

Səndən vaz keçmərəm, lap belə olsun

Olsun başqa biri öz ürəyində.

 

Bezdirdi içimin iztirabları,

Məni yalqız qoydu bu istilası.

Mənim misralarım qan ağlamaqda,

Umudu parlatdı eşqin cilası.

 

Ağlaram, duyduğum dilimə gəlməz,

Qarşılıqsız sevda önünə gəlməm.

Sizdən əfv dilərəm, ey şeirlərim,

Neynim o adamı unuda bilməm.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün tanınmış türk yazıçısı Əziz Nesinin “Abidəsi qoyulan milçək” hekayəsi təqdim edilir. Tərcümə edən: Fariz Bayramovdur.

 

Milçəklər arasındakı bu hadisə o böyük şəhərin yüksək binalarının çox sıx olduğu hissəsində baş verib. Orda çoxmərtəbəli yaşayış binası vardı. Binanın ən alt mərtəbəsi günəşin çox az düşdüyü evdi. Evin yarısı torpağın altındaydı. Dar küçənin hər iki tərəfindəki çox hündür binalar zirzəmidəki evə günəş şüalarının düşməsinə mane olurdu. Sübh çağı ev gec işıqlanır, axşamlarsa qaranlıq tez çökürdü.

Evdə üç nəfərlik ailə yaşayırdı: ana, ata və oğul. Anayla ata işləyirdi. Oğulsa orta məktəbə yeni başlamışdı. Danışacağımız hadisə nin baş verdiyi gün ata və ana hələ işdən qayıtmamışdılar. Oğul da məktəbdən gəlib dərslərini hazırlamış, yorulmuşdu. Dərs kitabını masanın üstündə açıq qoyub valideynləri gələnədək oyun oynamaq üçün bayıra çıxmışdı. Evdə adam yoxdu, təkcə qara milçəklər vardı. Hələ axşamçağı olsa da, ba yır da hava aydınlıq, evin içi yarıqaranlıqdı. Məlum olduğu kimi, milçəklər qaranlıqda uça bilmirlər. Hava işıqlananadək, yaxud evdə işıq yananadək olduqları yerdə qalırlar. Ev yarıqaranlıq olduğuna görə içəridəki mil çək lər də uça bilmirdilər. Ancaq bir gənc mil çək bayırdakı işığa çıxmaq üçün da yanma dan uçur, pəncərə şüşəsinə çırpılır, şüşə nin o tayına keçməkçün çalışırdı. Şüşəyə çır pılmaqdan bezmirdi. İstəyi güclüydü milçə yin. Uçub-uçub pəncərəyə çırpılır, şüşənin üs tündə gəzişir, yol axtarır, necə çölə çıxıb ay dınlığa qovuşa biləcəyini araşdırırdı. O biri milçəklər yaşlı, bilikli, təcrübəli milçəklərdi. İşi-gücü şüşəyə çırpılmaq olan milçəyə – boş-boşuna əlləşmə, çıxa bil məzsən! – deyirdilər. Gənc milçək də - bu qaranlıq yerdə həbs olub qala bilmərəm. Baxın, o tərəf işıqlıqdı. Mən də işıqlığa getmək istəyirəm, – deyirdi.

Ağsaqqal milçəklərdən biri dedi: – Hələ də dəqiqəbaşı çırpıldığın şeyin nə olduğunu anlamamısan? O, şüşədir! Şəffaf ol duğundan bu tərəfindən o tərəfi görünür. Ona görə də sənin kimi gənc milçəklər onu yox sayıb hey çırpılırlar.

Gənc milçək yaşlılara belə cavab verdi: – Əvvəllər, doğrudan da, şüşənin nə olduğunu bilmirdim. Amma başımı vura-vura, qanadlarımı çırpa-çırpa onun nə olduğunu öyrənmişəm. Bunu deyərək havada bir neçə dövrə vurub sürət yığdı, ox kimi süzüb yenə pəncərə şüşəsinə çırpıldı.

Yenə ağsaqqallardan biri dilləndi: – Bəs şüşənin nə olduğunu bilirsənsə, niyə hey özünü ona çırpırsan? Onsuz da şüşəni deşib çıxa bilməzsən. Boş yerə özünü yorursan.

 Başqa milçəklər də gənc milçəyə şüşəni deşə bilməyəcəyini başa salmağa çalışdılar: – Özünə zülm verirsən. Bəsdir çırpıldın, axırı bir yerini şikəst edəcəksən. Gəl sən də bizim kimi başını aşağı sal, buralarda bə yəndiyin yerə qon, dincəl sübhədək.

Gənc milçək yenə də – çöl işıqlıykən bu qa ranlıqda qala bilmərəm! – dedi. Yaşlılardan biri dedi:

 – Onsuz da gecə hər tərəf qaranlıqlaşanda zülmətdə qalacaqsan.

– Elədir, hər yer qaranlıqlaşanda umacağımız başqa nəsə qalmaz. Amma indi aydınlıqdır. Bunu dedikdən sonra, bəlkə, yüzüncü də fə var gücüylə özünü şüşəyə çırpdı. Yaşlı milçəklərdən bu vaxtadək söhbətə heç qarışmayanı gənc milçəyə: – Sənə yazığım gəlir! – dedi, – şüşənin o tayına keçə bilməyəcəyini bilə-bilə niyə özünü ona çırpıb həlak edirsən?

 – Amma ümidim var, – dedi, – mənimki ümiddir! Bayırda aydınlıq olduqca ümidim sönməz.

 – Axı şüşənin o tərəfinə keçə bilməzsən! Bu, qeyri-mümkündür.

– Bilirəm, qeyri-mümkündür. Amma bir yolunu tapıb keçsəm? Ağsaqqallardan biri əsəbiləşib bağırdı:

 – Mümkün deyil, sarsaq!

 – Elədirsə, işıq niyə keçə bilir şüşədən?

 – Sərsəm, sən milçəksən, işıq deyilsən ki... Yoxsa özünü işıq zənn edirsən, axmaq? Başqa bir çoxbilmiş milçək danışdı:

 – İşıq şüşədən keçər, lakin səs keçə bilməz.

 Gənc milçək ayağını dirədi:

 – Olsun... Mən yenə də aydınlığa getməyi sınayacam.

Bunu deyib şüşəyə elə çırpıldı, zərbənin gücündən pəncərənin alt çərçivəsinə düşdü. Orda namnazik ayaqlarıyla gövdəsini ovuşdurub, qanadlarını düzəldərək özünə gəldi. Sonra uçdu, uçdu, yenə sürətlə şüşəyə dəydi. Bir ağsaqqal milçək dilləndi:

 – Axırıncı dəfə deyirəm: bayıra çıxa bilməz sən. Boş-boşuna özünü zədələmə, incitmə...

Gənc milçək: – Guya siz bayıra çıxmağa çalışmayıb bur da neyləyirsiz? Heç nə... Qonduğunuz yer də mürgü döyüb durursuz. Sizin kimi mür güləməkdənsə çıxış yolu tapmaq üçün ümidlə çırpınıram. Mürgüləməkdən qat-qat yax şıdır. Qarışmayın işimə!

Yaşlı milçəklər bu dikbaş, anlamaz gəncə öyüd verməkdən əl çəkdilər. Çünki nə desələr də, bu dikbaş anlamayacaqdı. Bəziləri bu gəncin sarsaq, dəli olduğunu düşünürdü. Getsin nə qədər istəyir, başını vursun bərk şü şəyə. Necə olsa, bir azdan bayırda qaranlıqlaşacaq, o da bir yerə qonub uçmaq üçün səhərin açılmağını gözləyəcəkdi.

 Gənc, cəsur və ümidli milçək dayanmadan pəncərənin o tərəfindəki aydınlığa çıxmağın yolunu axtarırdı. Heç usanmır, ümidsizliyə qapılmırdı. Təsadüfən evin uşağının az əvvəl dərs hazırladığı masaya qondu. Oğlanın kitabı açıq şəkildə masanın üstündəydi. Gənc milçək hər şeyi öyrənməyə çox həvəsli olduğu üçün oxumağı da öyrənmişdi. Açıq qalan səhifəni oxumağa başladı. Həmin səhifədə işıqdan danışılır, işıq barədə məlumat verilirdi. Məlumatlar çox əyləncəli şəkildə yazılmışdı. Məsələn, belə hissə vardı: “Bir pişiyin quyruğuna tənəkə qab bağlansa, pişik quyruğuna bağlanan qabın gurultusundan qorxub o səsdən qurtulmaq üçün var gücüylə qaçmağa başlayar. Bu pişik dəydiyi pəncərə şüşəsini qırmadan pəncərənin o tərəfinə keçmək üçün nə etməlidir?” O səhifədə bu sualın cavabı da vardı. Cavab belə idi: “Pişik sürətlə qaça-qaça, sürəti işıq sürətinə çatsa, o zaman şüşəni qırmadan o tərəfə keçə bilər. İşıq saniyədə üç yüz min kilometr sürətlə getdiyindən bunu bacarır. Amma pişiyin şüşəni qırmadan o tərəfə keçə bilməsi mümkün deyil. Çünki işıq sürətilə qaça bilməz. Bu, sadəcə, fərziyyədir”.

Gənc milçək bu qəribə məlumatı öyrəndikdə çox sevindi. Demək, işıq sürətilə uça bilsə, şüşənin o tərəfinə keçə bilər. İndi də bunu sınamağa girişdi. Sürətini artıra bilmək üçün geriyə, düz qarşı divara qədər çəkilir, ordan uçub özünü şüşəyə vururdu. O tərəfə keçməyincə sürətin yet mədiyini anlayırdı. Bu dəfə özünü daha sürətlə şüşəyə vururdu. Bu sürətli vuruşları çox sınaqdan keçirdi. Bir uçuşunda o qədər sürətli uçmuş, elə möhkəm çırpılmışdı ki, şüşədə yastılanıb qalmışdı. Bütün gövdəsi əzil miş, dərisi parçalanıb deşilmişdi. Gənc milçək, axır ki, ölmüşdü... Otaqdakı milçəklər gənc milçəyin cəsədinin ətrafında toplandılar. Ağlamağa başladılar. O günədək çox milçəyin ölməyini gör müşdülər, amma heç birinə bu gənc milçəyə üzüldükləri qədər üzülməmişdilər, heç biri üçün göz yaşı tökməmişdilər. Bu milçək başqaydı... Milçəklər gənc milçəyin cəsədi ətrafında nitqlər söylədilər:

 – O, milçəklərin lideriydi, hamımız üçün çıxış yolu axtarırdı.

 – Ümid rəmziydi! Bizə görə canını verdi...

 – Mümkünsüzü mümkün etmək üçün öldü! – Səni heç zaman unutmayacağıq! – Milçəklərin tarixində qızıl səhifəyə keçə cəksən, mübarizən tarixə qızıl hərflərlə yazılacaq!

Milçəklər ağlaşır, gənc milçəyin cəsədi ətrafında sayğı duruşunda dayanırdılar. Ordakılardan ən yaşlısı və savadlısı:

 – Bu qəhrəman milçəyin şüşənin üstündəki cəsədi onun abidəsi kimi burda qalsın. Çünki o, aydınlığa çıxmaq üçün canını verdi, – dedi. Başqa ağsaqqal da şüşədəki milçək ölüsünün abidə kimi qalmasını bəyəndi, çünki bir azdan milçək yapışdığı şüşədə quruyub qalacaq, əla abidə olacaqdı. Ən yaşlı milçək dilləndi:

 – Burda sonsuzadək yaşayacaq, milçəklər onu heç zaman unutmayacaqlar!

 Artıq bayırda da hava qaralmışdı, gecə olmuşdu. Bu səbəbdən milçəklər olduqları yerdə qaldılar. Bir azdan işdən qayıdan ana otağa girdi. Otağın işığını yandırdı. Sonra pən cərənin pərdəsini çəkməyə gedəndə şüşədəki milçək ölüsünü gördü. Bezlə o yeri sildi. İndi şüşədə milçəyin ölüsü də qal mamışdı. Qoca milçək haqlıydı. Gənc mil çəyin abidəsi sonsuzadək qalmışdı. Çünki sonsuzluq məxluqata görə dəyişir. Kəpənək üçün üç saatdırsa, insan üçün otuz min ildir, milçək üçün də olsa-olsa, bir neçə saat olar. Abidəsi qoyulan gənc milçək milçəklərin tarixinə qəhrəman olaraq keçdi. Bəzi milçək lər onun mümkün olmayanı sınamaq ucba tından öldüyünə görə axmaq, ya da dəli ol duğunu söyləməkdədirlər. Görəsən, hansı doğrudur? Buna milçəklər özləri, hərəsi öz anlayışına görə qərar verirlər. Bu gün hələ də şüşələrə çırpılıb o tay dakı aydınlığa qovuşmaqçün əlləşən, uğrunda can verən milçəklər də, bunun axmaqlıq olduğunu düşünüb qonduqları o qaranlıq yerdə mürgüləyən milçəklər də var. Hansının yolunu seçmək lazım olduğunu hər milçək özü bilər. Ancaq bu da həqiqətdir ki, tarixdə qaranlıqda mürgülədiyi üçün milçəyə abidə qoyulduğu yazılmayıb...

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

 

“Ədəbiyyat və incəsənət”  portalı klassik poeziyamızın ünlülərindən olan Mirzə Şəfi Vazehin (1794-1852) indiyədək çap edilməmiş 65 lirik şeirinin dərcini davam edir.  Şeirlər Azad Yaşarın təqdimatında sizlərə çatdırılır.


 

“Ötən ilin noyabrında görkəmli şair, xəttat və pedaqoq Mirzə Şəfi Vazehin vəfatının 160-cı ili tamam oldu. Bu ildönümüylə bağlı oxucuların diqqətinə təqdim etdiyim silsilə şeirlər Fridrix fon Bodenştedin 1851-ci ildə Almaniyada nəşr olunan “Mirzə Şəfinin nəğmələri” kitabına salınmışdı.

Nüfuzlu dilçilərimizdən Fəxrəddin Veysəlli və Yusif Savalan tərəfindən edilən sətri tərcümələr əsasında onları yazıldığı vaxtdan təxminən 180 il sonra ədəbi irsimizə təkrar qazandırmağa çalışdım. Bu mətnlər M.Ş.Vazeh irsindən çevirdiyim 270 şeirin hələlik çap olunmayan qisminə daxildir.” (Azad Yaşar)

 

 

37

 

Qeybdən müjdə verərmi müdrik, ora getməsə?!

Ulduzlar da yanarmı, onun əli yetməsə?!

 

 

38

 

Aşiqlər var – yasdadır, bürünüb qaralara,

yenilib iztiraba, qərq olub ahu-zara.

Guya ki məşəqqətə düçar imiş bədəni,

əsl fikri – dərdinə ortaq etməkdir səni.

Belələri gerçəkdən aşiq olmadığından

başqasında oyatmaz ağrı, təlaş, həyəcan.

Nəbadə, qəlbin belə saxtakarlara yana,

qıyma ağlın aldana, zövqün isə korlana. 

Həyatda və şeirdə olsan dürüst, səmimi,

etirafın da olar saf, təmiz... qəlbin kimi.

 

 

39

 

Çalış, uzaq olasan dəbdəbəli sözlərdən,

qıyma şair könlünü sırf qafiyə isidə.

Bəzən zərif şeiriylə səni yerlə bir eylər

nadinc, qaba və dəcəl saydığın birisi də.

 

 

40

 

Kim sevgisinə dair

yazmırsa nəğmə, şeir –

Demək, o, gözəlliyin

ruhuna bələd deyil.

 

 

41

 

Heç özünü kökləmə ahəngsiz bir havaya,

gər istəsən ruhunu oxşaya şirin nəğmə.

Bu, ona bənzəyər ki,

cumursan, can atırsan

yer ləlin tapmaq üçün göylərdəki aləmə.

 

 

42

 

Hər kim tökə bilmirsə gerçək yaşantısını,

içini şeir ilə bəmbəyaz kağızlara,

beləsinin şeiri də

xoş gələcək gec, ya tez,

özü tək hissi, ruhu kütlərə, başsızlara. 

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

 

Cümə, 26 Aprel 2024 10:00

Endir o bayrağını! - AKTUAL

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Keçmiş işğalçı, ortabab revanşist və hazırkı sülhpozan Ermənistanda son sözü kim deyir (Ümumiyyətcə o son söz Ermənistan içindən çıxır ya dışından)? – Məncə, hələ tam bəlli deyil. – Əgər son söz deyən Paşinyansa, bə hanı? - Cəmi 4 kəndə belə sözü keçməyən adam bir ölkə üzrə necə son söz yiyəsidir? – anlamıram. 

 

Birincisi, Qazaxın 4 kəndində qanunsuz məskunlaşmış ermənilərə (həmin kəndləri boşaltmaqla bağlı) heç bir yetkilinin sözü, nüfuzu, anlatımı yetərli sayılmamış olmalı ki, məhz Baş nazir özü ora səfər etmək durumunda qaldı. Özü də bir getmədi iki getdi; sonra nəhayət müavini bizim Baş nazir müavini ilə razılığa gəldi, sərhəd girinti-çıxıntılarının razılaşdırılmasına başlandığını ictimaiyyətə duyurdular. Amma nə Paşinyanın iki səfər boyu apardığı geniş izahat işi, nə müavinin anlaşması yetərli olmadı, qaliba. Bəli, yetərli olmadı ki, Dağlıq Tovuzdan (oralar da bizim Şəmsəddin Sultanlığının ərazisi olub) – onların Tavuş dediyi bölgədən Borçalıya uzanan yol başıpozuqlar tərəfindən bekara gərəkcələrlə kəsildi. Axı, onlar nəyə etiraz edir? –  Bizim olan kəndlərin bizim bayrağımız altına keçməsinəmi? – Baş nazirləri onlara ağıl verə bilməyibmi? Üstəlik, Göyçə, Zəngəzur, İrəvan da xeyli qarışdı. Budur, Ermənistanda orduya tabe olmamaq çağırışları yayılır; Sarkisyan, Köçəryanın oğlu və bir xeyli b. yaramaz meydana çıxıb, çığır-bağır salır… Allah qoymasa, guya “Allah adamı” sayılan keşişlər də suyu bulandırır. 4 il öncə dillər əzbəri olmuş ünlü sözlə desək, “Nooldu, Paşinyan”? - Sənin ötkəmin, izahatın, idrakın və öz azğın cəmiyyətini sülhə yönəltməyin elə bura qədərmiş? Axı, kadastr axtaran-arzulayan hökumət başçısı üçün ilk sərhəd dirəyi müqəddəs dirək kimi bir şey olmalıydı. “Baş tutmamış dövlət”çün o dirək xilas dirəyi də ola bilər(di)… Yox, əgər o dirək kadastrsız Ermənistana lazım deyilsə, bizə dünəndən lazım deyil. Çün o dirəkdən anrılar da bizim tarixi torpağımızdı. Bu, öz yerində.

Deyək ki, Tavuş səmtdəkilər kənd camaatıdı, bir az əsdi-coşdu, keçdi; bəs Ermənistan parlamenti də dilbilməzlər yığnağıdırmı? Guya onların həqiqi bilgilərə çıxışı yoxdurmu yaxud gerçəkliklərə, Ermənistan həqiqətlərinə - daha doğrusu, Ermənistan yalanlarına bələd deyillərmi? Ermənistan-Azərbaycan Sülh Anlaşması olacaqsa, o harada ratifikasiya olunacaq? - Hər halda Dağlıq Tovuzun - Tavuşun bələdiyyəsində yox, İrəvanda - parlamentdə ratifikasiya olunacaq, elə deyilmi? O parlamentdə ki, bir neçə masanın üzərində (Seyran Ohanyan başda olmaqla (yanılmıramsa), 11 nəfərin qarşısında) mərət qalmış, qondarma və keçmiş “DQR”in əski parçası qoyulub. Parlament rəhbərliyinin, ictimai-siyasi institutların, daha kimlərin… sözü, ərki, nüfuzu, yetkisi, ötkəmliyi yoxmu, o əski parçalarını oradan bir dəfəlik yığışdıralar?!. Lazımsa, koordinatı bir az daha dəqiq göstrək: Sədarətlə üzbəüz – ən sağ tərəfdən ilk 11 masa əski parçasından təmizlənməlidir.

Bəyəm hər hansı bir qanunverici orqan qanunsuzluqla, beynəlxalq hüquqa sayğısızlıqla məşğul ola bilərmi? “DQR” adlı dövlətmi var, onu tanıyanmı var? Və də Ermənistan özü belə o qondarma qurumu tanımayıbsa, o əski parçaları orada nə gəzir? Zəhmət çəksinlər, belə buraxma “bayraq” və digər “atribut”ların istifadəsini bütün Ermənistan ərazisində tam yasaqlasınlar. Bunadək isə dağa-daşa düşmək lazım deyil: parlamentin işlər idarəsinə göstəriş versinlər ki, növbəti iclasdan öncə o qanunsuz “atribut”ları tam yığışdırıb, zibil qutusuna atsınlar və o əski parçasının parlament binasına bir də keçirilməsinə qəti izn verməsinlər. Yoxsa, olmayan bir qondarma və keçmiş “dövlət”in “bayrağı”nı parlamentində ön sırada bəslə, Azərbaycan və Türkiyə bayraqlarını isə küçə-meydanda yandır - Sülh Anlaşmasına beləmi gəlirlər? El sözüdür - “ağıllıya da qurban olum, dəliyə də, vay alayarımçıq əlindən”; yenə el müdrikliyidir, deyir: “ağac nazikliyindən sınar, insan yoğunluğundan”… İndi Ermənistan başbilənləri nə yoğunluq, nə də başısoyuqluq eləməsin – Ohanyanın və digərlərinin önündən əski parçalarını birmənalı və qəti surətdə yışğıdırsınlar!

Bayraq zarafat mövzusu deyil – nə saxtası parlamentdə olmamalıdır, nə də doğruçusu küçə-meydanda yandırılmamalıdır! Bu işin axırı Ermənistan üçün yaxşı qurtarmaz! Dəmir Yumruq yerindədir! O ki qaldı Ermənistan Respublikasının bayrağına... onun haqqında ən perspektivli sözü Azərbaycan Prezidenti 2020-ci il noyabrın 20-də deyib: “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. Bax, belə!..

Bəli, Dəmir Yumruq zarafat xoşlamır, zarafat eləmir, yalnız xəbərdarlıq edir…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Zahir Mehdiyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

    

 

ZAHİR ZAKİR OĞLU MEHDİYEV

(27.04.1988.-03.11.2020.)

 

Kürdəmir rayonunun Qarabucaq kəndindən olan, Azərbaycan Ordusunun giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi 

 

 

HÜNƏRİN DİLLƏRDƏ GƏZİR

 

 Hünərin dillərdə gəzir,

Mərd komandir, igid gizir,

El-obamız fəxr eyləyir,

Səntək oğul ilə,  Zahir.

 

Doğulduğun Qarabucaq,

Yetirib nə qədər qoçaq,

Doğma, müqəddəs ocaqda

Yenə mərdlər doğulacaq.

 

Vətən üçün keçdin candan,

Dedin  kişi qorxmaz qandan,

Elə həyat yaşadın ki,

Bunu başa düşməz nadan.

 

Əsgərlərlə qardaş idin,

Hər birinə sirdaş idin.

Komandirlik öz yerində,

Arxa-dayaq, yoldaş idin.

 

Xidmət etdin ləyaqətlə,

Bu vətənə sədaqətlə,

Xocavənddə döyüşdün sən.

Son anadək  sücaətlə.

 

Azaddır torpaqlarımız,

Başlayıb xoş çağlarımız.

Zahir kimi igidləri

Salamlayır dağlarımız.

 

Qurtarmaz sözün-söhbətin,

Qəhrəmanısan millətin.

Səninlə fəxr eyləyəcək

Aysu, Samir əmanətin.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

 

Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sabah - aprelin 27-də “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq respublikamızda “Kəlağayı festivalı” keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mirvarid Dilbazi Poeziya Məclisininə istinadən xəbər verir ki, festival Xətai rayonunda Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda keçiriləcək.

 

Xatırladaq ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il bu əlamətdar hadisənin 10 illiyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

Dövlət Turizm Agentliyi Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı agentliyə istinadən məlumat verir. 

 

Bu haqda qərar İsveç Krallığının Stokholm şəhərində keçirilən “Dayanıqlı Turizm” konfransında qəbul edilib. Həmçinin konfrans çərçivəsində, Azərbaycan Turizm Bürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

 

Anlaşma Memorandumuna əsasən, dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə Şuranın meyarlarının tətbiqi nəzərdə tutulur.

 

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Şuraya üzvlüyün turizm sənayesindəki yerli tərəfdaşlarla birgə fəaliyyətin həvəsləndirilməsinə, qlobal turizm sənayesində dayanıqlı və əsaslı dəyişikliklərin edilməsində Azərbaycanın rolunun artırılmasına, eləcə də marketinq kampaniyaları vasitəsilə yerli turizm sənayesinin dayanıqlı inkişafına töhfə verəcəyini bildirib.

 

Qlobal Dayanıqlılıq Turizm Şurası 2007-ci ildə "Rainforest Alliance" təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Əhali Fondu və BMT Turizm təşkilatı ilə birgə təşəbbüsü olan “Qlobal Dayanıqlı Turizm Kriteriyaları”nın formalaşdırılması məqsədilə yaradılıb.

 

Şura qlobal turizm biznesləri, dövlət orqanları, destinasiya menecmenti təşkilatları üçün dayanıqlı turizm prinsiplərinin tətbiq edilməsi təcrübələrinin bölüşdürülməsi üzrə platforma rolunu oynayır. Şuranın fəaliyyətinin əsas məqsədi dayanıqlı turizm təcrübələrini tətbiq edən biznes və destinasiyaların sertifikatlaşdırılması yolu ilə dəstəklənməsi, həmçinin destinasiyaların dayanıqlılığının təmin edilməsinə dəstək olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2024)

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Xalq yazıçısı İsa Muğannanın nəvəsi Səma Muğannanın "Qeyb olan uşaqlıq" adlı hekayələr kitabı işıq üzü görüb. Kitab 290 səhifədən ibarətdir. Gənc yazıçı həyatda rastlaşdığı hadisələri, şahidi olduğu həyat hekayələrini özünəməxsus şəkildə qələmə alıb, oxucuların ixtiyarına verib.

 

Kitab "Qazax" Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə nəşr olunub. Yaxın günlərdə kitabın təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasiminin vaxtı, saatı haqqında ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, Səma Muğannanın hekayələri ilk olaraq məhz “Ədəbiyyat və incəsənət” portalında dərc edilib. 

Yaxşı ki, ədəbiyyatımızda İsa Muğanna imzasının davamı var.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.