
Super User
Sui-istifadə! - BU YOLVERİLMƏZDİR!
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Şəhidlər qürur mənbəyimizdir. Hamı çox yaxşı bilir ki, istər "Aprel döyüşləri", istərsə də "44 günlük" Vətən müharibəsində, Azərbaycan əsgəri, xalqı hamılıqla öz şücaətini, vətənpərvərliyini, qorxmazlığını, həmrəyliyini nümayiş etdirdi. Bu döyüşdə təkcə səngərdə deyil, eyni zamanda hər birimiz olduğumuz yeri səngər, cəbhə bilib, hamılıqla, xalq olaraq döyüşürdük. Hər birimizin ətrafından dostu, tanışı, qohumu şəhid oldu. Bir vaxtlar ümid toxumuna çevrilmiş inşallahlar, xalqın inamı ilə, qısası, qan yaddaşı ilə suvarılaraq, öz bəhrəsini verdi. Döyüş zamanı şəhid olanlar, xalqın gözündə "Qəhrəman", qazilər isə canlı qəhrəman olaraq qiymətləndirildi. Hamının silahlı qüvvələrin hər bir fərdinə rəğbəti birə min artdı. Təbii ki, bu kimi hallar təqdirəlayiqdir.
Kollektiv fəaliyyətlə, fərdi fəaliyyət tamam fərqli anlayışlardır. Yəqin ki, çox rast gəlmisiniz ki, futbolda bir nəfərin səhvi bütün komandanın ayağına, adına yazılır. Eynilə, uğuru da həmçinin. Nəysə, sözü çox uzatmayım, sizi də yormayım. Gələk, əsas mətləbə.
Bilmirəm indi yazacağım fikirləri necə qəbul edəcəksiniz, necə şərh edəcəksiniz, amma yazacam. Yəqin ki, növbə zamanı, hər hansı bir iş görüşməsi zamanı və ya restoran yerində, növbəni gözlədiyiniz halda, "mən qaziyəm", “mən şəhid qardaşı və ya yaxınıyam" deyib, növbəni əzən və ya o addan istifadə edib nəsə etmək istəyənlərlə mütləq ki, hər biriniz rastlaşmısınız. Ölkəmizdə onsuz da şəhid, qazi ailələrinə diqqət, qayğı yüksək səviyyədə həyata keçirilməkdədir. Bəzi "düşüncə" sahibləri yaradılan şəraitdən istifadə edib, özlüyündə nəyəsə nail olmaq istəsələr də, anlasınlar ki, bu heç də kənardan yaxşı görünmür. Birinci növbədə, "Silahlı qüvvələr" adına ləkədir. İkinci növbədə isə yaranan bu hal, fərdi xarakter daşıyan cılızlıq əlamətidir. Şüurlu şəkildə düşünən olarsa, heç bir halda deyilməz ki, mən filan şeyləri etmişəm, indi də elə və ya belə olmalıdır. Bu cür duyğularla xalqın həssas nöqtələrinə toxunaraq, onu manipulyasiya etmək qətiyyən doğru deyil. Ağlınızda, bəlkə də, sual yaranır ki, niyə belə deyirsən, onlara niyə əks mövqedə dayanırsan ?
Sizi qətiyyətlə əmin edə bilərəm ki, ağlımın heç ucundan belə keçmir ki, mən onlara qarşı mənfi, əks fikirdə dayanım. Mənim də ailəmdən müharibə iştirakçısı, qohumlardan şəhid olanlar, dost tanışdan şəhid olanlar var. Özüm "44 günlük" müharibə zamanı gələn şəhidlərin qarşılanmasında dəfələrlə iştirak etmişəm, informasiya müharibəsində az da olsa fəallıq göstərmişəm. Niyyətim bunları deyib, mənə hər hansı bir rəğbət göstərmənizə nail olmaq deyil, əsla. Əgər, bir gün hansısa dost, tanış, qohum öz işlərini görməkdən ötrü, "şəhid, qazi, valideyn" statusundan istifadə edəcəksə, o zaman həmin şəxs mənim gözümdə ən cılız adam cildində görünəcəkdir. Bu və bu kimi statuslardan istifadə etmək, birmənalı şəkildə "ikiüzlülük, yaltaqlıq, cılızlıq" kodeksidir.
Müharibə vaxtı silahlı qüvvələrin hər bir fərdi elə bir şücaət nümayiş etdirmişdi ki, ermənilər belə onlardan danışırdılar:
- Biz bunu filmlərdə görmüşük. Güllə ilə vururdun, yenə dayanmırdılar, qan axa-axa yenə durub üzərimizə gəlirdilər, bir zoombi kimi.
İndisə, düşünəndə ki, hər hansı bir istəyinə, işinə nail olmaq üçün cılız addımlardan istifadə edilir, o zaman söylənilənlərə qarşı göstərilən təəccüb, qürur avtomatik heç bir əhəmiyyət kəsb etmir. Bir neçə şüursuz, iradəsizin belə etməsi, yüzlərlə silahlı qüvvə nümayəndəsinin ümumi nüfuzuna ləkədir. Axı, onlar bizim illərlə gözlədiyimiz zəfəri, şanı bizə bəxş ediblər, indisə belə hallarla rastlaşmaq həqiqətən utancverici bir haldır. Eyni zamanda bilərəkdən və ya bilməyərəkdən atılan provokasiya addımlarıdır.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Xarab liftdə
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Erkən işə getmək zülümdür. Adama elə gəlir ki, yatmağa uzanmamış durub gedir.
2.
-Sən Brüsseldə Baş meydanda oldun?
-Əlbəttə.
-Orda yüngül tələbatını ödəyən oğlanın heykəlini gördün?
-Yox.
-Necə yəni, görmədin?
-Vallah görmədim. Bəlkə mən keçəndə uje tələbatını ödəyib gedibmiş?
3.
Bir millət vəkilimiz Moskvaya gedir. Taksiyə əyləşir. Sürücünün sifəti nəsə xoşuna gəlməyəndə öz-özünə mızıldanır:
-Şoferin nə protivni mordası var!
Sürücü əyləci sıxıb maşını saxlayır və deyir:
-Eto u tebya protivnaya morda.
Millət vəkilimiz təəccüblənir:
-Bu görən bizim dili hardan bilir?
4.
Şəhrizad yorğun halda dedi:
-Bununla da bugünə nağılımız qurtardı. Nağılın davamını rus-xaxol müharibəsi bitəndə söyləyəcəm.
Və rahat yuxuya getdi.
5.
Nəhayət ki, polis tələbə-dələduz dəstəsini tutdu. Onlar şəxsiyyət vəsiqələrində dəyişiklik edib təqaüdçü adıyla ictimai nəqliyyatda pulsuz gedib gəlirmişlər.
6.
Qulun tərbiyəsində ən əsas element onun azadlıqdan qorxmasını təmin etməkdir.
7.
Qonşuları xarab lift kimi başqa heç nə yaxınlaşdıra bilməz.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Sirkə küftəsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Sirkə küftəsinin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Ət – 130 qr
§ Soğan – 25 q
§ Yağ – 20 qr
§ Noxud – 10 qr
§ Badam – 10 qr
§ Albuxara – 10 qr
§ Zəfəran – 0,1 qr
§ Sarıkök – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ alma sirkəsi (3%-li) – 15 qr
HAZIRLANMASI:
Yağlı qoyun əti ət maşınından keçirilir. Qiymənin içərisinə badam qoyularaq xırda küftələr hazırlanır. Hazırlanmış küftələr noxud ununa bulanır və yağda tovlanır. Soğan xırda doğranır, yağda qızardılır, üzərinə işgənə əlavə olunur. Sarıkök, badam, albuxara, sonda isə zəfəran qatılır. Həmçinin təzə kartof da əlavə etmək olar. Süfrəyə veriləndə yanında alma sirkəsi qoyulur.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Görkəmli qırğız yazıçısı Sultan Raevin “Dəlixana” romanı “Oxu Günü-10”da təqdim olunacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Kitabın təbliğatına yönələn hər bir layihə gözəldir. Xüsusən də, bu layihəni “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi həyata keçirirsə!
Xəbər verdiyimiz kimi, bu il “Oxu Günü-10” layihəsi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), AMEA, Təhsilin İnkişafı Fondu, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında keçiriləcək. Tədbir barədə ətraflı bilgi almaq üçün ANAİB sədri Şəmil Sadiqə üz tutduq və bunları öyrəndik:
-Aprelin 27-də və 28-də Elmlər Akademiyasının parkımda baş tutacaq sərgi-festival otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, onlarla ədib, ziyalı, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək. Sərgi-festivalda dünyaşöhrətli qırğız yazıçı Sultan Rayev xüsusi qonaq kimi iştirak edəcək, o, müəllifi olduğu, Azərbaycan Ədəbiyyat Fondunun və “Hədəf” şirkətlər qrupunun “Türk xalqları ədəbiyyatı kitabxanası” seriyasından "XAN" nəşriyyatında işıq üzü görəcək “Dəlixana” romanının təqdimatına qatılacaq.
İki gün ərzində Varis, Rüstəm Behrudi, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılzadə, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqa tanınmış yazıçıların təqdimat və imza mərasimləri olacaq.
Bundan başqa, Çinarə Məlikzadə, Röyal Musa, eləcə də digər gənc ifaçılar festivala rəng qatacaqlar.
Onu da bildirim ki, III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – bəndəniz, Amin Sükut, Sevinc Elsevər, Elgüsel, Zahid Xəlil, Xəyalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəlilova da festivalda iştirak edəcəklər.
Şəmil Sadiqə təşəkkür edib oxucularımıza bu zəruri bilgiləri də çatdırmaq istəyirəm:
“Oxu Günü” 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib. Layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.
“Oxu Günü” sərgi-festivalı 2015-ci ildə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda, 2016-cı ildə Nəsimi rayonu ərazisindəki Zorge parkında, 2017 – 2023-cu illərdə isə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, “Hədəf Nəşrləri”, Elm və Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilib.
Elm və təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün ölkə ərazisində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu Günü” tədbiri keçirilir.
Layihə “Gəlin birgə oxuyaq!” devizi altında təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Xırdalanda iki şair oxucularla görüşüb
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Xırdalan şəhərində yerləşən "Kitab evində" Azərbaycan YaIçılar Birliyinin üvləri Təranə Dəmir və Fəxrəddin Teyyubun oxucularla görüşü keçirilib.
Çox sevindirici haldır ki, həmin gün şairləri elə çağdaş ədəbiyyatımızda öz imzaları ilə tanınan şairlərimiz də tək buraxmayıblar. Görüşdə sevilən şairimiz İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə, Elvin İntiqamoğlu, Azərbaycan radiosunun müxbiri, baş redaktor Dilşad Mirzəyeva, AzTV- nin əməkdaşı Vaqif Nəcəf, şair Rizvan Nəsiboğlu, Qəzənfər Məsimoğlu, politoloq Hüseyn Naibov, Mübariz Süleymanlı iştirak edib.
Möhtəşəm ədəbiyyat saatı 3 saat davam edib. Təranə Dəmir və Fəxrəddin Teyyuba oxucular və tədbirin aparıcısı- bəndəniz müxtəlif suallar verib və ətraflı cavablar alıblar.
Şairlərin hər birinin ifasında gözəl şeirlər səsləndirilib.
Tədbirdə gənc yazarlardan Fərqanə Səfərli və Murad Vəlixanov da iştirak edib, Təranə Dəmirin " balaca fanatı" Əli Aslanlı "Vətən" şeirini səsləndirib. Sonda isə məkanın rəhbəri, filoloq Rzaqulu Məmmədov şairlərə təşəkkürünü bildirərək məqsədi kitab oxumağı sevdirmək və gənc nəslə mütaliənin vacibliyini anlatmaq üçün bu məkanı istifadəyə verdiyini söyləyib.
Ədəbiyyat saatı yekunlaşanda isə yorulmaq bilməyən şairlər və oxucular zamanın tez keçdiyini söyləyərək xoş xatirələrlə məkanı tərk ediblər, amma “Kitab evi"- nin divarları daş yaddaşına olanları həkk etmişdir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Ən doğrusunu ürək bilir - ESSE
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Bilmirəm, mənmi səni qorudum. Sənmi məni qorudun. Elə bil yanılıram. Nə sən məni qorudun, nə mən səni. Allah bizi qorumaq üçün bir-birimizə rast gətirdi. Biz bir olmasaydıq, bəlkə də heç nə yolunda getməzdi.
- Bəs indi niyə məndən uzaq gəzirsən?
- İndi isə belə yaxşıdır. Sanma ki səni unutmuşam, yaxud başqasına dəyişmişəm. Uzaqlarda sən mənə daha yaxınsan.
- Yəni?
- Yəni ki, sən mənim ən qısa hekayəmin ən unudulmaz qəhrəmanısan.
- Nəyə görə unudulmaz?
- Çünki sən mənim leksikonumdan “kaş” kəlməsini çıxarıb atmağı bacardın. Çünki sən mənə sevməyi öyrətdin. Çünki sən mənə sevginin qələbəsini yaşatdın.
- Sevginin qələbəsini...
- Bəli.
- Sənsə gedirsən.
- İndi belə lazımdır. Ayrılıq unudulmaq demək deyil ki? Hər salam başlanğıc olmadığı kimi, hər əlvida da son deyil.
- Sən məndən uzaqda. Asanlıqla unudulacam.
- Bir damın altında yaşayan nə qədər yad adam var? Elə də bir-birindən uzaqda nə qədər doğma var.
- Niyə məni başa düşmürsən?
- Səni başa düşdüyüm üçün səninlə sağollaşıram.
- Axı sənsiz çox darıxacam.
- Gecə darıxsan ulduzları seyr et, gündüz darıxsan günəşi salamla. Yol getdiyin yerdə darıxdın, qəlbinlə danış. İnan ki, ayda da, günəşdə də, ulduzda da, qəlbində də məni görəcəksən. Hiss edə bilirsənsə, demək ki, sevmisən. Sevmisənsə, yaxın, ya da uzaq olmağın heç bir fərqi yoxdur. Sevgi toxunmaq deyil, sevgi hiss etməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub
V “Məmməd Araz Poeziya günü” çərçivəsində şairin anadan olmasının 90 illiyi münasibətilə ötən il elan olunmuş respublika üzrə şeir müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Xəzər Universitetində yekunlaşan poeziya gününə respublikanın ədəbiyyatşünas alimləri, Məmməd Araz şeirinin pərəstişkarları, şairin yaxınları və universitetin müəllim-tələbə heyəti qatılıb.
Tədbir unudulmaz sənətkarın öz səsində “Ana torpaq, hər daşına üz qoyum” şeiri ilə başlayıb.
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, şair Qardaşxan Əzizxanlı, Dillər və ədəbiyyatlar departamentinin dosenti, tənqidçi-esseist Ülvi Babasoy çıxışlarında şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıblar.
Tədbirdə şairin şeirləri oxunub və sözlərinə yazılmış mahnılar ifa edilib.
Sonra müsabiqə qaliblərinin adları açıqlanıb. Əli Bəbiroğluna (I yer), Sevinc Elsevərə (II yer) və Xalid Mahmuda (III yer) qalib diplomları təqdim olunub. Müsabiqədə uğurlu iştirakına görə şairə Mina Rəşid, tələbələrdən Zəhraxanım Məmmədova, Rəşid Nəsirzadə, Amin Səfərov da diplomlarla təltif ediliblər.
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olduğunu dilə gətirib. O bildirib ki, Məmməd Araz hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Böyük sənətkar Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb.
Tədbir Məmməd Arazın öz səsində “Salamat qal” şeiri ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
“Turan” (7-ci paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. Batum. 1918-ci il. 4 iyun.
Osmanlı qoşunlarının qərargahı...
Azərbaycan və Osmanlı tərəfləri masa arxasında hərbi sənəd imzalayırlar.
Azərbaycan tərəfdən hərbi yardım haqqında sənədi Məmməd Əmin Rəsulzadə, Osmanlı tərəfdən isə ferik Mürsəl paşa imzalayır.
Məmməd Əmin Rəsulzadə sənəd imzalanandan sonra ayağa qalxıb üzünü Osmanlı paşalarına tutur.
Məmməd Əmin Rəsulzadə: – Sizi və özümü bu tarixi günlə təbrik edirəm. Azərbaycan hökuməti Osmanlı tarixinə bir cəbhə kimi deyil, hüquqi dövlət kimi daxil olur. Sizdən alınacaq hərbiyyə gücümüz dövlət yaratmağımıza yetəcək. Biz birlikdə çox güclü olacağıq, bəylər. Qafqaz İslam Ordusu birliyimizin gücüdür. Sizdən hərbi yardım istəyirəm. Xahiş edirəm, Beşinci Qafqaz diviziyasını da Qafqaz İslam Ordusunu qüvvətləndirmək üçün Gəncəyə göndərəsiz.
Sənədin imzalanma törənində iştirak edən yarbay Zehni bəy: – İkinci süvari alayı da bu gün Gəncəyə doğru hərəkətə başlayıb. Mənimlə birgə yarbay Cəmil Cahid bəy də doqquzuncu Qafqaz alayı ilə xidmətinizdə olacaq; Ənvər paşanın əmridir.
Yarbay Cəmil Cahid bəy: – Artıq bütün hazırlıqlar bitdi, paşam.
Məmməd Əmin Rəsulzadə: – Allah yardımçımız olsun, bəylər, – deyir.
Türk qoşun hissələri eşelonlarla Batumdan çıxıb Gəncəyə doğru irəliləyir...
Sürətlə gedən hərbi eşelonlar...
Eşelonların damlarında oturub “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına” şərqisini oxuyan türk mehmetcikləri...
***
Titr yazı. 1921-ci il. Qarabağ. Sentyabr.
Qaranlıq və nabələd meşə yolları ilə onbaşı İzzət atın üstündə təqibdən qaçır...
Onu arxadan bolşeviklər təqib edirlər...
Bolşeviklər ona güllə atırlar...
Atılan güllələrdən biri onbaşı İzzətə dəyir...
Onbaşı İzzət atdan yıxılıb huşunu itirir...
Onun başının üstünü kəsdirmiş atlı bolşeviklər...
Bolşeviklər onu atının belinə qaldırıb hərbi hissələrinə doğru aparırlar.
***
Titr yazı...1918-ci il. Dekabr. Şamaxı...
Qarlı aşırımı aşan kiçik erməni dəstəsi...
Onlardan biri erməni dilində mahnı oxuyur...
Erməni əsgərlərindən biri cığırla üzüyuxarı dırmanan dağkeçisi görür...
Erməni əsgəri keçiyə güllə atır...
Güllə keçiyə dəymir...
Keçi qaçıb canını qurtarır..
Əsgərlərdən biri deyir: – Gülləni türkə saxla, Vaco.
Ermənilər bir-birinin ləpirini basdalamaqla qarlı aşırımı aşıb qaranlıqda güclə sezilən kəndə yaxınlaşırlar...
Dəstə dağ döşündəki türk kəndinə girir...
Dəstədəki erməni döyüşçülərindən biri: – Aram, gecənin düşməsini gözləyək, – deyir.
Aram: – Düz deyirsən, gözləsək yaxşıdır, – deyə təkliflə razılaşır.
Cahan savaşından silah-sursat oğurlayıb qaçmış bu kiçik erməni dəstəsi kəndin girəcəyində düşərgə salır.
Onlar uzaqdan görünən türk daxmalarına sarı baxırlar...
Daxmalardan birinin içi...
İki azyaşlı qız uşağı xalça üstə yatıb...
Başı çarşablı qarı ləyəndə uzun hörüklü qadının saçlarını yuyur...
Qarı qadının saçlarını yuya-yuya deyir: – Uşaqlıqdan saçın qıvrım idi. Nə qədər əlləşirdim, yuya bilmirdim. Su saçını açmırdı. Hələ də qıvırcıqların şaxı sınmayıb, qızım. Beş qarın doğmağına baxma... həmin cod saçlı uşaqsan ki, durmusan...
Başı yuyulan qadın suyun saçlarından tam süzülməsini gözləyib ayağa qalxır...
Yaş saçlarını kürəyinə töküb gülümsünür...
Daş aynada saçlarına baxır...
Qadın: – Ay ana, kimdir daha saçlarıma baxan... Osmandan dörd ildir xəbər yoxdur. Bundan sonra mən saçı neynirəm? – deyir.
Qarı qızının sözlərini ağzında qoyub ləyənə doğru əyilir; ləyəni götürüb eşiyə çıxır...
Qarı “Bismillah” deyib ləyəndəki suyu çölə atır.
Çöldə itlər hürüşür...
Qadın aya salavat çevirib içəri keçir...
Kəndin girəcəyindəki erməni düşərgəsi...
Ermənilərdən biri: – Türkün qanı halaldır... Lap uşaq olsun, qadın olsun, – fərq etməz. Keşişlərimizdən eşitmişəm.
İkinci erməni: – Vaxtdır, qalxın.
Erməni dəstəsi kəndin meşə tərəfdən birinci daxmasına tərəf sürünür.
Daxma saçı yuyulan qadının daxmasıdır...
Erməni dəstəsi pəncərələrdən sakitcə içəri keçirlər...
Ermənilər ən əvvəl xalça üstə yatmış uşaqları boğub öldürürlər...
Erməni döyüşçülərindən biri indicə saçı yuyulmuş qadını zorlayır...
Ermənilərdən bir başqası başı çarşablı qarını tüfəngin süngüsü ilə başından vurub öldürür...
Sonra qarının qarnını qəmə ilə yarıb, masa üstə qaynayan samovarı yarılmış kəsiyə yerləşdirir...
Qadını da bir-bir zorlayıb öldürəndən sonra ermənilər daxmaya od vururlar...
Erməni dəstəsi kəndin o biri evlərini də atəşə tutur...
Öldürülən qoca və qarılar...
Kənddə kişi olmadığından ermənilərə müqavimət göstərən yoxdur...
Erməni dəstəsi kəndin daxmalarını yandırır...
Alışıb yanan daxmalar...
Erməni dəstəsi qaça-qaça kənddən çıxır...
Kəndin yanan daxmaları...
Ağlayan uşaq səsləri eşidilir...
Başı, döşü kəsilmiş qadınlar torpaq üstə çabalayırlar...
Öldürülmüş uşaq və qocaların cəsədləri...
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
ÖTƏN İL BU GÜN: Dünya mədəniyyətinin ən çox oxunan xəbəri “Rust” vesterninin çəkilişləri zamanı atılan güllə olub
“Ədəbiyyat və incəsənət” portalının Ötən il bu gün rubrikasında sizlərə bir kinoxəbər çatdırırıq. Xəbər həqiqətən də ötən ilin bugünkü günü böyük ajiotaj doğurmuşdu.
İki gündür ki, bu xəbər saytların, qəzetlərin və TV-lərin başında dayanır: ABŞ-ın Nyu-Meksiko ştatının Əməyin Mühafizəsi və Təhlükəsizliyi üzrə bürosu “Rust Movie Productions” MMC-ni aktyor Alek Bolduinin çəkiliş meydançasında odlu silahla təsadüfən operator Qalina Hatçinsi vurduğu “Rust” vesterninə görə 136 min dollar cərimələyib.
“Ədəbiyyat və incəsənət” portal Euronews-a istinadən xəbər verir ki, bürodan MMC-yə 15 gün ərzində 136.793 dollar ödəməsi tələb olunur. Sənəddə qeyd olunur ki, şirkət iş zamanı qanunun təhlükəsizliyi tələb edən vəzifələr haqqında bəndini pozub.
Filmin prodüserləri Rust maksimum 137 min dollar cərimələnib, onun çəkilişində operator Qalina Xatçins həlak olub və rejissor yaralanıb.
Nyu-Meksiko ştatının əməyin mühafizəsi Bürosunda bildiriblər ki, şirkət çəkiliş meydançasında odlu silahla müraciət edərkən təhlükəsizlik texnikası qaydalarına əməl etmədiyini, prodüserlərin isə "əməkdaşların təhlükəsizliyinə biganəlik etdiklərini"bilirdi.
Filmin prodüserlərindən biri olan Alek Bolduinin iştirakı ilə vesternin "Rust" çəkilişlərində aktyor silahdan atəş açıb. Xəsarət alan operator Qalina Hutçins və rejissor Joel Sousa alıb. Rejissor bir neçə saatdan sonra xəstəxanadan çıxıb, operator həkimlər onu xilas edə bilməyiblər.
Bakı, 21 aprel, AZƏRTAC
ABŞ kino şirkəti aktyor Alek Bolduinin çəkiliş zamanı odlu silahla ehtiyatsız davranışına görə cərimələnib.
Martın ortalarında “Los-Angeles Times” qəzeti A.Bolduinin “Rust Movie” kino şirkətinin prodüserlərinə qarşı məhkəmə iddiası açdığını yazmışdı. Aktyor operator Q.Hatçinsin ölümünə görə məsuliyyət daşımadığını israr edərək, zərərin şirkət tərəfindən ödənilməsini tələb edib.
Qeyd edək ki, bundan əvvəl Q.Hatçinsin həyat yoldaşı aktyor Alek Bolduini və filmin yaradılmasında iştirak edən şirkəti, eləcə də çəkiliş qrupunun üzvlərini məhkəməyə verib.
2021-ci ilin oktyabrında "Rast" filmində rol alan aktyor A.Bolduin epizodun məşqi zamanı tapançadan atəş açdığı zaman silahın boş güllələrlə deyil, təbii döyüş güllələri ilə doldurulduğu ortaya çıxıb. Nəticədə Ukrayna əsilli operator Qalina Hatçins dünyasını dəyişib və rejissor Coel Souza isə ağır yaralanıb.
Aktyor operatorun öldürüldüyü silahın tətiyini çəkmədiyini bildirib. Onun sözlərinə görə, atışma kortəbii şəkildə baş verib.
Qeyd edək ki, ABŞ-ın hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)
Məğzi tutmaq – ABİTURİYENTİN UĞUR FORMULU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.
Psixologiyada «Mətni dərk etmək» termini var, «dərk etmək», «anlamaq» anlayışları «oxumaq» anlayışının məntiqi nəticəsi olmalıdır. Öz mövcud biliklərindən istifadə edərək oxunulan mətnin həyatla inikası arasındakı məntiqi əlaqəni tuta bilmək, bax budur əsas məsələ. Mürəkkəb olmayan mətni oxuyanda «qəbul etmək» və «anlamaq» anlayışları ani olaraq bir-birilərini tamamlayırlar. Mövcud biliyimizin müxtəlif detalları aldığımız yeni bilgilərin təəssüratıyla zənginləşir.
Amma biri də var, mürəkkəb, öncədən bilik bazamızda heç bir izi olmayan mətni oxumaq, bu zaman qavramaq prosesimiz konkret olaraq çətinlik çəkir. Bax bu məqamda istifadə edilə biləcək ən vacib vasitə mətnin əsas mənasına güc verməkdir. Mətni hissələrə bölür, məna baxımından qruplaşdırır, ən vacib olan hissəni müəyyənləşdirir, onu təkrar-təkrar diqqətdə saxlayırıq. Psixologiyaya görə, yeni mətnin dərk edilməsi şüurumuzdakı istənilən uyğun «materialdan» istifadə ilə asanlaşa bilər. Bu, əlavə detallar, ştrixlər, ikinci dərəcəli sözlər, müxtəlif hadisələr, qaynaqlar ola bilər. Bir sözlə, istənilən şüur assosiasiyası bizim dayağımıza çevrilə bilər.
Demək, mətnin məzmununu qısa məntiqi formulalara çevirib hər formulanın nüvəsi olan əsas fikri müəyyənləşdirib bunu öz şüurumuz və bilik bazamıza transfer etməklə (bunu, haradasa filtrasiya prosesi kimi də izah edə bilərik) biz mətni başa düşməni tam mahiyyəti ilə reallaşdıra bilərik, dərketmə qabiliyyəti əldə edərik!
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)