Super User
O bir el şairi kimi yaddaşlarda qaldı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Adı dillərdə gəzən el şairi yalnız keçmişdə olubdur, günümüzdə isə tək bir belə şəxsin adını çəkə bilərik, Bəhmən Vətənoğlunun.
Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlib. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışıb, kənd kitabxanasında müdir olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirib. Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilib. Seyidlər kənd orta məktəbində direktor olub. Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşıblar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləyib.
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunub. Respublika mətbuatında vaxtaşırı çıxış edib. 1998-ci ildən AYB-nin üzvü olub. "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) şeir topluları nəşr olunub.
Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq vəfat edib. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılıb.
Kitabları
1. "Haqqa qardaş yaranmışam"
2. "Allahsız dünya"
3. "Vətən bizi bağışlamaz"
4. "Qaldı ürəyimdə dağı dağların"
5. "Nə yaman aldatdın Bəhməni, dünya"
6. Bir ömürün bir ili
7. İnsanam insana yazığım gəlir
8. Allahsız dünyaya gül vətənoğlu
9. Ömrün yetmişindən yüzünə doğru
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.09.2025)
ƏL AÇDIQ GÖYLƏRƏ - Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...
ƏL AÇDIQ GÖYLƏRƏ
Nə vaxtdan ölçüldü vaxt, zaman ilə?
Dünya gözəlləşdi ilk insan ilə.
İnsan sonsuz eşqin qadir səsidir,
Allahın yerdəki xəlifəsidir.
Bir yerdə həyatın zövqünü daddıq,
Çalışdıq, gecəni gündüzə qatdıq.
Allahın verdiyi ağlın gücüylə
Bomboş yer üstündə dünya yaratdıq.
Biz uca göylərdən gəldiyimizdən,
Sığmadıq hüdudu bilinən yerə.
Dünya dərdimizi sormadı bizdən,
Əl açdı imdadçün insan göylərə.
Şeirin təhlili:
Görkəmli şair Bəxtiyar Vahabzadənin "Əl açdıq göylərə" şeiri insanın dünyadakı varlığını, inkişafını və mənəvi axtarışlarını təsvir edən üç bənddən ibarətdir.
Birinci bənd: İnsanın yaranışı və əhəmiyyəti;
Şeir zamanın, vaxtın ölçülməsi ilə başlayır və dünyanın insanın yaranışı ilə gözəlləşdiyini vurğulayır. Bu, insanın kainatdakı yerinin və onun varlığının təbiətə, dünyaya bir gözəllik, məna qatdığı fikrini ifadə edir. İnsan "sonsuz eşqin qadir səsidir" və "Allahın yerdəki xəlifəsidir" kimi təqdim olunur. Bu misralar insanın ilahi bir mahiyyətə sahib olduğunu, Allahın iradəsini və sevgisini yer üzündə təmsil etdiyini göstərir. Burada insanın mənəvi dəyəri və ilahi ilə əlaqəsi ön plana çıxarılır.
İkinci bənd: insanın fəaliyyəti və yaradıcılığı;
İkinci bənddə insanın dünyadakı fəaliyyəti və yaratma gücü təsvir olunur. İnsanlar həyatın zövqünü birlikdə dadmış, gecə-gündüz çalışaraq səy göstərmişlər.
"Allahın verdiyi ağlın gücüylə
Bomboş yer üstündə dünya yaratdıq".
Bu misralar insan ağlının və zəkasının gücünü vurğulayır. Bu insanın təkcə mövcud olmaqla kifayətlənməyib, həm də ətrafını öz ehtiyaclarına və istəklərinə uyğun formalaşdıra bildiyini, yəni yaradıcı bir varlıq olduğunu göstərir.
Üçüncü bənd: mənəvi baxış və ilahi əlaqə...
Üçüncü bənd şeirin mənəvi dərinliyini artıran əsas hissədir:
"Biz uca göylərdən gəldiyimizdən
Sığmadıq hüdudu bilinən yerə".
Məlum misralar insanın fiziki varlığından daha böyük bir ruha sahib olduğunu ifadə edir. İnsan nə qədər dünyada yaşasa da, onun ruhu göylərə, ilahi aləmə bağlıdır və dünya onun dərdlərinə tam cavab verə bilmir.
"Dünya dərdimizi sormadı bizdən,
Əl açdı imdadçün insan göylərə".
Şeirin bu misraları isə insanın mənəvi boşluğunu, təsəllini və köməyi dünyəvi deyil, ilahi gücdə axtardığını göstərir. Bu, insanın çətinliklər qarşısında Tanrıya üz tutmasını, dualar etməsini və mənəvi dəstək aramasını simvolizə edir. Şeirin adı olan "Əl açdıq göylərə" ifadəsi də məhz bu dualılığı və ümidi təcəssüm etdirir.
Əsas temalar
Şeirdə mövcud olan əsas temalar aşağıdakılardan ibarətdir:
1. İnsanın ilahi mənşəyi və mövqeyi: Şeir insanın sadəcə bioloji bir varlıq deyil, ilahi eşqin təzahürü və Allahın xəlifəsi olduğunu vurğulayır.
2. İnsanın zəhməti və yaradıcılığı: İnsan ağılının və əməyinin dünyanı necə formalaşdırdığı və abadlaşdırdığı təsvir edilir.
3. Maddi və mənəvi dünyanın fərqi: Şeir insanın ruhunun maddi dünyanın hüdudlarına sığmadığını, onun daha uca bir mənşəyə sahib olduğunu göstərir.
4. Tanrıya sığınmaq və dua: Ən çətin anlarda insanın yeganə çarəsi və sığınacaq yeri olaraq ilahi gücə (Tanrıya) üz tutması mövzusu önə çıxır.
"Əl açdıq göylərə" Bəxtiyar Vahabzadənin fəlsəfi dərinliyini, insan və Yaradan arasındakı əlaqəyə verdiyi önəmi açıq şəkildə nümayiş etdirir. Şeir insanın həm maddi, həm də mənəvi ehtiyaclarını və son olaraq mənəvi təskinliyi harada tapdığını ustalıqla qələmə alır.
Bədii xüsusiyyətlər
Təqdim edilmiş bu şeirdə bir sıra bədii xüsusiyyətlər mövcuddur:
1. Epitetlər;
Şeirdə təsvir olunan varlıqların xüsusiyyətlərini daha dolğun ifadə etmək üçün epitetlərdən istifadə olunur. Məsələn, "sonsuz eşqin qadir səsidir" ifadəsində "qadir" sözü, "Bomboş yer üstündə" ifadəsində "bomboş" sözü epitetlərə nümunədir.
2. Mübaliğə (hiperbola);
Bəzi ifadələrdə təsir gücünü artırmaq üçün mübaliğəyə yol verilib. Məsələn, "gecəni gündüzə qatdıq" ifadəsi işgüzarlığı və zəhməti vurğulamaq üçün mübaliğəli şəkildə ifadə edilib.
3. Metaforalar;
Şeirdə mücərrəd fikirləri daha konkret şəkildə ifadə etmək üçün metaforalardan istifadə olunur. Məsələn, "İnsan sonsuz eşqin qadir səsidir, Tanrının yerdəki xəlifəsidir" ifadəsində insan Tanrının bir təzahürü, nümayəndəsi kimi təqdim edilir.
4. Bənzətmələr;
Şeirdə aşkar bənzətmələr olmasa da, bəzi ifadələrdə gizli bənzətmələr hiss olunur. Məsələn, "Dünya dərdimizi sormadı bizdən, Əl açdı imdadçün insan göylərə" misralarında insanın çətinliklər qarşısında göylərə üz tutması, ilahi gücdən kömək umması təsvir edilir.
5. İnsanlaşdırma (personifikasiya):
"Dünya dərdimizi sormadı bizdən" ifadəsində dünyaya insana xas olan "sormaq" xüsusiyyəti aid edilir ki, bu da insanlaşdırmaya nümunədir.
6. Ritorik suallar;
Şeir "Nə vaxtdan ölçüldü vaxt, zaman ilə?" kimi ritorik sualla başlayır. Bu sual cavab tələb etməsə də, oxucunu düşünməyə sövq edir və şeirin fəlsəfi dərinliyini artırır.
7. Dini-fəlsəfi motivlər;
Şeirin əsasında dini və fəlsəfi düşüncələr dayanır. İnsanın yaradılışı, Tanrı ilə əlaqəsi, dünyanın mənası, insanın dünyadakı yeri və missiyası kimi mövzular önə çəkilir. "Allahın yerdəki xəlifəsidir", "Biz uca göylərdən gəldiyimizdən" kimi ifadələr bu motivləri gücləndirir.
8. Alliterasiya və assonans:
Şeirin ahəngini təmin edən, oxunuşunu zənginləşdirən daxili qafiyə və səslənmələr mövcuddur. Məsələn, "vaxt", "zaman" sözlərindəki "a" səsi, "eşqin", "qadir" sözlərindəki səs yığımı buna nümunədir.
Bu bədii xüsusiyyətlər şeirin ideyasını daha təsirli şəkildə çatdırmağa, oxucunun hisslərinə toxunmağa və əsərə bədii dəyər qatmağa xidmət edir.
Nəticə:
Şeir bütövlükdə insanın dünyadakı dual təbiətini - həm fiziki olaraq dünyada varlığını davam etdirən, yaradan, həm də mənəvi cəhətdən ilahi ilə bağlı olan, kömək və təsəlli üçün göylərə üz tutan bir varlıq olduğunu gözəl şəkildə ifadə edir.
Şair insanın varlığını, yaradıcılığını və mənəvi axtarışlarını lirik bir dillə oxucuya çatdırır. Bu şeir insanın kainatdakı yerini, ilahi ilə əlaqəsini və mənəvi ehtiyaclarını dərindən hiss etdirir.
“Ədəbiyyat və incəsənət”
(30.09.2025)
Müharibələr tarixində hələ belə şey olmayıbdır
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu fotoşəkil Vətən müharibəsinin gedişində lentə alınıb.
• Zaman: 29 sentyabr 2020-ci il
• Məkan: Tərtərin Talış kəndi istiqaməti
Şəkildə gördüyünüz üstdəki BTR bizimkilərin, altdakı BMP-2 isə ermənilərindir.
"1353" adlanan yüksəklik Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik idi. Yüksəkliyi müdafiə etmək üçün polkovnik-leytenant Əfqan Abdurahmanovun (şəhid olub, Vətən Müharibəsi qəhrəmanıdır) rəhbərliyi ilə əsgərlərimiz müdafiə mövqeyi qurmuşdular, müxtəlif istiqamətlərdən yüksəkliyin mühafizəsi təşkil edilmişdi.
Sentyabrın 29-u günortaya yaxın düşmən qəfildən bir tank, bir BMP-2 və təxminən 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçir.
Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başlayır. Düşmənin irəliləməsinə, zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə zirehli texnika sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi.
Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla erməni tankını vurur. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Çıxılmaz vəziyyət yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.
Zerehli texnika məhv edilməli idi, əks halda itkilərimiz çox olacaqdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Atakişiyev böyük qərəmanlıq göstərir. O, gözlənilmədən BTR-ə minərək, onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Düşmənin BMP-2 maşınındakı heyəti nəyin baş verdiyini anlayana qədər gizirimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirir və onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra hərbçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaraları tullayırlar. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenantlar Əfqan Əbdurahmanovla Soltan Məmmədov da mövqelərindən çıxaraq düşmən BMP-2-nə tərəf qaçıb "lyuk"dan içəri əl qumbaraları atırlar və beləcə zirehli maşında olan düşmən əsgərləri məhv edilir.
Heç kəs unudulmur, heç nə yaddan çıxmır.
“Ədəbiyyat və incəsənət”
(30.09.2025)
Rəssam Rəşid Şərif – mötəbər bir imza
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Adi peyzajçı, natürmortçü, portretçi rəssamlardan fərqlənən, digər rəsm sahələrində özünü sınayan rəssamlar adətən daha az tanınırlar. Amma Rəşid Şərif bir istisnadır.
Rəşid Şerif 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cuildən – Yuğ Teatrının yarandığı vaxtdan ömrünün son gününə kimi teatrda baş rəssam kimi fəaliyyət göstərib. 2003-cü ildə Estoniyanın Vilyan şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olub.
Rəşid Şerif 1992-ci ildən karikaturaçı kimi bir sıra qəzetlərlə əməkdaşlıq edib. 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olub, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülüb. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olub.
Bakı İncəsənət Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Adile Naşit” Mədəniyyət Mərkəzi, “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilib. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” adlı sərgisinin iştirakçısıdır.
1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Qurluşçu rəssam olduğu tamaşalar
1. “Açar” (Nizami Gəncəvi)
2. “Səma” (Şah İsmayıl Xətai)
3. “Gəl gedək”, “Gündoğan”, “Bircə qarış” (Ramiz Rövşən)
4. “Ümid”, “Ümid - 2” (Semyuel Bekket)
5. “Leyli demə”, “Yol”,“Dad”, “Vəsl”, “Hicr”, “Rəhm”, “Bəlayi-eşq”, “Yar”, “Ya rəbb”, “Rüsva”, “Əfğan”, “Rindü-şeyda” (Məhəmməd Füzuli)
6. “Yuxu” (Z.Marağayi)
7. “Sentimental vals”, “Birinci akt” (Anton Çexov)
8. “Yasaq” (Əbülqasım Firdovsi )
9. “Təskinlik verməyi unutmayın” (Antuan de Sent-Ekzüperi)
10. “Audiensiya”, “V ölçü”, “Uzun incə bir yoldayam” (Vaqif İbrahimoğlu)
Rəşid Şerif 26 mart 2020-ci ildə Bakı şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
NƏSR SAATInda Könül Məmmədovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Nəsr saatında sizlərə Könül Məmmədovanın “Möcüzələr diyarı” hekayəsini təqdim edir.
Kral həmişəki kimi saray əyanları, kral əshabələri, zadəganları ilə birlikdə dəniz qırağında səhər gəzintisində idi. Dalğaların ləpədöyənə, sonra da kralın əbasının ətəyinə dəyməsi, məiyyətini islatması heç kimi narahat etmirdi. Kral Qızıl Henri səltənətinə güvənib heç kimi sıxmırdı, sadə vətəndaşlar kimi azad və rahat yaşayırdı. Krallığında qoyduğu qayda-qanunu isə heç kim pozmağa cəsarət etməzdi. Bu, kralın qəddarlığından yox, ədalətindən irəli gəlirdi. Yeni doğan günəşin işığında kralın yaşıldan qəhvəyiyə doğru dəyişən ala gözləri dənizin üzündə cansız qalan qızı gördü. Kral qara saçlarının ön hissəsində xal kimi görünən sarımtıl saçlarını əli ilə axraya atıb, diqqətlə dənizə baxdı. Həyəcanla qızı dənizdən çıxartmağı əmr etdi. Əl-ayağa düşən əyanlar qızı dənizdən çıxartdılar. Kral ilk dəfə gözünü bir qızdan çəkə bilmirdi. Əyanlar kralın qıza baxdığını görüb daha da vəlvələyə düşdülər, bir-birlərinin qollarına vurub pıçıldaşdılar. Kralın istəyi ilə naməlum qızı ayıltmağa çalışdılar.
Möcücələr diyarının kralı Qızıl Henri 13 yaşında taxta çıxmışdı. Atası kral III Uzunsaçlı Lotharın illərlə uşağı olmurdu. Övlad həsrəti ilə yaşayan III Uzunsaçlı Lothar illərlə özünə baxmır, saçları uzandıqca uzanırdı, fikir etməkdən gözlərinin əti o qədər sallanmışdı ki, gözləri açıq olanda da yumulu görünürdü. Kralın varisi yox idi deyə, hamının gözü var-dövlətində, hakimiyyətində idi. III Uzunsaçlı Lotharın uzun saçlarını qınasalar da, bu saçlar ona döyüşlərdə uzun kəndir kimi kömək edirdi. 24 il sonra kral III Uzunsaçlı Lothar saçlarını kəsdi, oğlu Henri dünyaya gəldi. O, dünyaya gələndə ölkələrində möcüzə baş verdi. Bu ölkədə daha heç vaxt fəsil dəyişmədi. Həmişə yaz oldu. Elə o gündən günəşin qızılı şəfəqlərindən ilhamlanıb Henrini “Qızıl Henri” deyib əzizlədilər. Günəşin şüaları ölkədə kimsə xəstələndiyi vaxt batardı. O zaman möcüzələr diyarında yağış yağardı. Qızıl Henrinin 13 yaşı olanda ildırımlar çaxdı, yağış dayanmadan yağdı, qar yağanda atası böyrək çatışmazlığından dünyasını dəyişdi. Kralın yoxluğuna dözməyən kraliça həmin gün kral ilə əbədi qovuşdu. O gündən taxta çıxan kral Qızıl Henri ölkədə xəstələnməyi qadağan etdi. Heç bir ölkədən bu ölkəyə qonaq gələ bilməzdi, krallıqdan heç kim kənara çıxmazdı. Möcüzələr diyarının əhalisi 36 il idi həmişə yaz fəsli olan ədalətli ölkələrində şadlıq, bolluq, firavanlıq içində yaşayırdı. Hamı ölkə əhalisini ailəsi bilirdi. Tək dərdləri kral Qızıl Henrini evləndirmək idi. Kral indiyənə qədər heç bir qızın üzünə gülümsəməz, heç bir qıza elçi gözü ilə baxmazdı. Ta bu günə kimi...
Kral Qızıl Henri ilk dəfə idi bir qızın üzünə baxıb gülümsədi. Bütün saray əhli həm sevinirdi, həm də sevincdən göz yaşlarını gizlədə bilmirdi. Kralın üzünə gülümsədiyi su pərisi kimi gözəl qız dənizdə boğulmuşdu. Sarayın təbibləri qızı ayıltmağa çalışdılar. Nəhayət, qız gözlərini açdı. Su pərisinin dəniz gözlərində öz əksini görən kral, gözünü o gözlərdən çəkə bilmirdi. İlk dəfə idi illlər sonra ölkəyə yad insan gəlmişdi. Ölkə əhalisi bundan narahat olmurdu, əksinə, xoşhal idilər. Ümid edirdilər ki, kral su pərsi ilə evlənəcək. 18 yaşlı su pərisi Abelya başına gələnləri nəql edib dedi ki, onun ata-anası yoxdur. Anası o, dünyaya gələndə dünyasını dəyişib, atası da bir qəza nəticəsində əbədi olaraq gözlərini yumub. Nənəsinin himayəsində böyüyən su pərisi Abelya dənizin dibindən yosunları yığarkən burulğana düşüb, sonrası yadında deyil. İndi gözünü bu diyarda açıb.
Kral əshabələri Abelyanı saraya gətirdilər. Abelya libasını dəyişib kral ilə bərabər şam etdi. Kralın ürəyindəki sevgini artıq hər kəs hiss etmişdi. Kral baş vəzirə bildirdi ki, Abelyanı möcüzələr diyarının kraliçası kimi görmək istəyir. Bu şad xəbər dildən-dilə gəzdi. Abelyanı kraliçalıq taxtına hazırlayırdılar. Qəfil Abelyanın temperaturunun yüksəlməsi, gözünün qızarması, qanlı nəfəsi hamını təşvişə saldı. İlk dəfə aşiq olan Kral bu xəbəri bilsəydi, Abelyanı krallıqdan uzaqlaşdıracaqdı. Əyanlar qərar verdilər ki, Abelyanı gizlədib sağaltmağa çalışsınlar. Abelyanı zirzəmidə gizlətdilər. Təbiblər Abelyanın dərdinə dərman tapa bilmirdilər. Təbiblərdən birinin də halı pisləşdi. Məlum oldu ki, Abelyanın xəstəliyi keçiçidir. Kralın sərt reaksiyasından qorxan əyanlar əl-ayağa düşdülər. Bütün xəstəliklərdən uzaq olan təbiblər, kral əshabələri Abelyanın ölkəyə gətirdiyi Yustinian vəbasından da xəbərsiz idilər. Xəstəliyin səbəbi, bir millimetrdən kiçik olan, siçanların tükləri arasında gizlənən, uçucu bir həşəratın mədəsində ölümcül vəba bakteriyasını daşıması idi. Bu böcəklər ətrafdakı digər siçanların tükləri arasında uçaraq yerləşir, sürətlə çoxalırdılar və bu yoluxucu xəstəlik onlardan insana taun çöpü vasitəsilə keçirdi.
Bir neçə gün idi krallıqda günəşsiz səhər açılırdı. Göy üzü tutqun idi, buludlar qaralmışdı. Kral Qızıl Henri nə baş verdiyini təxmin edirdi. Amma öz səbrini basaraq əyanlardan cavab gözləyirdi. Abelyanın halı getdikcə pisləşirdi. Əl-ayağa düşən təbiblər nə edəcəklərini bilmirdilər, artıq özləri də xəstəliyin daşıyıcısı idilər. Nəhayət, çarəni qapılar arxasında gizlənməkdə tapdılar. Yağış yağmağa başladı. Əhali narahat idi, hamı bir-birinə şübhə ilə yanaşırdı. Kral krallığında ilk dəfə baş verən hadisədən təlaşlı idi, əsəblə o tərəf-bu tərəfə gedirdi. Qurtuluş yolu yox idi. Vəziyyəti bilən baş vəzir xəbəri krala çatdırdı. Kral beyni ilə ürəyi arasında savaşırdı. Ürəyi Abelyanın ölməyini istəmirdi, onun ölkədən getməsini də istəmirdi, amma beyni öz qoyduğun qanuna ilk özün əməl et deyirdi. Sarayda həyacan təbili çalındı. Təbiblər qaçaraq gəldi: “Artıq Abelyanın halı çox pisdir. Ona qulluq edən xidmətçi də, aşpaz da xəstələnib. Nə xəstəlikdisə, yoluxucu xəstəlikdir”. Kral təcili qərar verməli idi: Abelya getsin, yoxsa qalsın. Əslində, qərar bəlli idi, amma kralın sevgisi imkan vermirdi ki, onu dilinə gətirsin. İki daş arasında qalan kral təkliyə çəkildi. Göy üzünə zillənən ala gözləri tünd-qəhvəyi rəngə büründü. Gözündən axmayıb ürəyinə süzülən göz yaşlarını içində boğaraq məşvərət otağına gəldi. Kralın əmrindən əvvəl vəzirin çıxışı kralın narahatlığını daha da artırdı: “Kral həzrətləri, mən belə fikirləşirəm ki, Abelyanın dəniz vasitəsilə gəlişi bizim düşmənlərimizin işidir. İllərdir ölkəmizə gələ bilməyən düşmən içimizə xəstəlik salıb bizi zəiflətmək, işçi qüvvəmizi, əsgər sayımızı azalmaq istəyir. Sonra da hücum edib torpaqlarımızı zəbt etmək niyyətindədir”. Vəzirin dedikləri kralın beyninə batdı, ürəyinə daş basaraq casusun edamına əmr verdi və yenə otağına çəkildi. Hər kəs kral Qızıl Henrinin əzab çəkdiyini bilirdi, amma heç kim cürət edib bir kəlmə danışa bilmirdi. Edam anında cəlladın əlləri qızdırmadan titrəyib yerə yıxıldı, artıq cəllad da Yustinian xəstəliyə yoluxmuşdu. II cəlladın vəzifəsi qəddarlıq olsa da ürəyi çox yuxa idi, kralını dünyada hər kəsdən çox sevirdi. Kralın sevdiyini öldürməyə əli gəlməyən II cəllad tələsik Abelyanı krallığın ən ucqar nöqtəsinə – dağ zirvəsindəki qalaya apardı. Hər kəsə dedi ki, Abelyanı öldürdüm, basdırdım. Kralın artıq üzü gülmürdü, gözündən tökə bilmədiyi yaşlar yağış damlaları kimi buluddan torpağa tökülürdü. Xəstəliyin yoluxma sayı günü-gündən artırdı. Bu vaxt krallığa gələn məktub Kralın iztirabını daha da artırdı. Məktubda buyrulurdu: “Əziz kral Qızıl Henri həzrətləri, ölkənizə giriş-çıxış qadağası olsa da, bildirmək istəyirik ki, dünyada ölümcül Yustinian vəbası yayılıb. Əhalinizi hər ehtimala qarşı qoruyun. Siz insanlara giriş-çıxışa qadağa qoya bilərsiz, amma böcəklərə, siçovullara, siçanlara yox”. Kral aldığı məktubdan sonra özünə gələ bilmədi. Yemir, içmir, verdiyi qərara görə əzab çəkirdi. Abelyanın, sevdiyi ilk qadının edamına nahaq qərar vermişdi. İlk dəfə verdiyi ədalətsiz qərar ilə barışa bilmirdi. Saray əhli də, əhali də kral qədər məyus idi. Vəzir kralın hüzuruna gələrək üzr istədi. Artıq heç bir üzr krala kömək edə bilməzdi, nə etmək olardı, olan olmuşdu. Kralın susqunluğu vəzirə cavab idi. Kral bir insan qarşısında susurdusa, o adam ölkəni tərk etməli idi. Vəzir də cavabını almışdı.
Kral yaman dərdə düçar olmuşdu. Bir yandan sevdiyinin həsrəti, bir yandan da ölkəsində xəstəliyin günü-gündən artması. Bütün təbiblər xəstəliyə dərman axtarırdı. Bu vəziyyətdə tək xoşbəxt olan II cəllad idi. O, Abelyanın sağ olmasına sevinirdi, amma cəsarət edib krala deyə bilmirdi. Artıq kral da yoxlucu xəstəliyə tutulmuşdu.
Abelya da vicdan əzabından qovrulurdu. Möcüzələr diyarına gətirdiyi xəstəliyin qurbanları dayanmadan artırdı. Abelya səbəb olduğu xəstəliyə dərman tapmaq istəyirdi. II cəlladın da xəstəliyə yoluxması onun istəyini daha da artırdı. II cəllad onun gözü qarşısında əriyib gedirdi. Abelya qızdırma içində yansa da cəsarətini toplayaraq ayağa qalxdı. Dağ başında olan şəfalı otlardan dərman düzəltməyə çalışdı. Düzəltdiyi dərmanları cəlladın üzərində sınayırdı, amma bir nəticə yox idi. Abelya məyus olsa da, dərman axtarmağa davam edirdi. Cəllad kralın ölüm ayağında olduğunu eşidib tez saraya gəldi. Fikirləşdi ki, Abelyanın sağ olduğunu desə, kral bəlkə, sağalar. Amma yağan qar cəlladın son sözünü ürəyində qoydu.
Kralın halı saatbasaat pisləşirdi. O, Abelya deyib sayıqlayırdı. Baş vəzir dünya təbiblərini gətirsə də, kralın dərdinə çarə tapılmırdı. Bu vaxt saraya gələn Abelya hər kəsi təəccübləndirdi. II cəlladın yalanı üzə çıxdı, ilk dəfə əhali bir yalana sevindi. Kralın otağına daxil olan Abelya ona heyrətlə baxdı. Toqquşan baxışlardan ətrafa qığılcımlar səpələndi. Kral Qızıl Henri isə elə bildi ki, havalanır, gözünə adam görünür. Abelya ona toxunanda yerindən dik atıldı. Abelyanın sağ olduğuna inana bilmirdi, onun əlindən tutub son nəfəsinədək dəniz gözlərinə baxmaq istəyirdi. Abelya bu vaxt çantasından sonuncu düzəltdiyi dərmanı çıxarıb kralın dodaqlarına sürtdü. Kralın can verdiyini görən Abelya göz yaşları içində qaşıq-qaşıq dərmanın hamısını ona verdi. Qəfil kralın gözündə işıqlar parlamağa başladı. Dərman kralı sağaldırdı. Abelya xəstəliyə çarə tapdığına, kralın sağaldığına elə sevindi ki, ilk öpüşünü kralın dodağına qondurdu.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Bu dünyada bir Vaqif İbrahim vardı…
İnci Məmmədadə, “Ədəbiyyat və incəsənət”
O Şəkidə doğulmuşdu, sonradan tale onu Sumqayıta aparıb çıxardı. Nə biləydi ki, vaxtsız ölüm onu məhz Sumqayıtda yaxalayacaqdı…
"Vətəndaş!"
Bu böyük, ülvi ad o Sabir kimi
Oğulluq edənə verilsin gərək,
Dar gündə Vətənə Cavanşir kimi
Köməyə yetənə verilsin gərək!
Mənsub olduğumuz bu xalq, bu Vətən
Onsuz da pasportdan, demə, bəllidir,
Bizim kimliyimiz pasportdan deyil,
Bu xalqa, Vətənə xidmətimizdən,
Ona sevgimizdən bilinməlidir!..
Azərbaycan şairi Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulub. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor, məsul redaktor, Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri, "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi, "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olub.
Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edib. Azərbaycan komsomolunun XXX–XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilib. Baykal-Amur magistralının fəxri inşaatçısı adına layiq görülüb. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olub, Sumqayıtda dəfn edilib
Kitabları
1. Bu torpaqda doğulanlar
2. Ömür balladası
3. Dünyanın keşiyində.
4. Baykal-Amur magistralında
5. Mehribanlıq işığı
6. Taleyimə yazılanlar (şeirlər)
7. Vaxtla üz-üzə
8. Mən də varam.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
“Ziyalı, xalqın görən gözü, düşünən beyini və danışan dili olmalıdır” – PORTRET CİZGİLƏRİ
Ağalar İdrisoğlu,
yazıçı-rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
Tarixlər boyu ulularımızdan bizim əsrə qədər gəlmə belə bir maraqlı kəlam var: “Dişin ağrıyırsa çək qurtar”... Mənə elə gəlir ki, bu kəlam bütün millətlərdə var və yəqin o vaxt deyilib ki, həmin vaxtlar dişlərlə bağlı təbib olmayıb. Ona görə də dişləri müalicə etmək mümkün olmadığından belə deyiblər və dişlərini özləri çəkiblər, ya da naşı adamlara çəkdiriblər.
Həmin vaxtı da orqanizmlərinə çoxlu infeksiyalar keçib və bu infeksiyalar da orqanlarının başqa üzvlərində də fəsadlar yaradıblar. Həm də yedikləri yeməkləri lazım olan kimi çeynəyib, həzm edə bilməyiblər. Bu da orqanizmdə başqa fəsadlar yaradıblar. Məhz ona görə də keçmiş əsrlərdə insanlar çox az yaşayıblar. Amma bu gün çox savadlı, bacarıqlı diş həkimlərimiz olduğuna görə, dişləri sağaltmaq heç də böyük problem deyil. Amma bu şərtlə ki, hər bir insan özünün həkimi olsun və dişlərinə mütəmadi qulluq etsin. Və başa düşsün ki, insan sağlamlığının ilk dərmanı həqiqətən də dişlərdir. Ona görə də mütəmadi olaraq, öz işinin peşəkarı olan diş həkimlərinə müraciət etsinlər. Onların dediklərinə diqqətlə qulaq asıb və onlara əməl eləsinlər.
Bax, belə məsuliyyətli və peşəkar diş həkimlərdən biri də Nəzakət həkimdir. İnanıram ki, onunla apardığım bu müsahibə oxucular üçün də maraqlı olacaq. Ona görə ilk öncə onun haqqında qısa məlumat vermək istəyirəm.
Qısa arayış: Nəzakət Abduləli qızı İsmayılzadə, 1973-cü ilin noyabr ayının 8-də Laçın rayonunda anadan olub. 1991-1993-cü illərdə Maliyyə -İqtisad kollecində təhsil alıb. Arzusu həkim olmaq olduğuna görə, israrla bu arzusunun ardınca gedərək, 1993-1998-ci illərdə Azərbsycan Dövlət Tibb Universitetinin tələbəsi olub. 1998-1999-cu illərdə internaturanı Sumqayıt şəhər 2 nömrəli Stomatoloji Poliklinikada keçib. 1999-2002-ci illərdə Sumqayıt şəhər 2 nömrəli Stomatoloji Poliklinikada həkim -stomatoloq işləyib. Sonra isə Kimyaçılar Poliklinikasında həkim- stomatoloq və paralel olaraq AQS Stomatoloji Klinikada həkim -stomatoloq kimi çalışıb. Sumqayıt şəhərindəki 4 nömrəli Poliklinikada həkim -stomatoloq kimi öz işini uğurla davam etdirib. Nəzakət həkim hal-hazırda Sumqayıt şəhər Stomatoloji Poliklinkada həkim- stomatoloq və paralel olaraq, ,,PREZİ-DENT Klinikasının həkim –stomatoloqudur. Öz işinin yaxşı mütəxəsisi olduğuna görə yanına xəstələr daha çox gəlir. Bütün yaş qruplarında pasiyentlər ona müraciət edirlər. O cümlədən uşaqlar da. Çünki bütün pasiyentlər, Nəzakət həkimi ümid çırağı bilirlər. Valideynlər onu da bilirlər ki, uşaqlarını o, müalicə etsə, özləri kimi onlar da tam müalicə olunacaqlar.
Dünya şöhrətli təbib, loğman İbn Sinanın bu kəlamı Nəzakət həkimin ali məqsədidir: “ Şəfasız xəstəlik yoxdur: iradə əskikliyindən başqa. Dəyərsiz bitki yoxdur, tanınmayandan başqa”.
-Salam, Nəzakət həkim. Bizim məmləkətdə insanlarımız çox vaxt dişlərə ən adi bir orqan kimi baxırlar və çox vaxt da dişlərini qorumurlar. Sonra da peşiman olurlar. Xahiş edirəm bizim çoxminli oxucularımıza geniş məlumat verin ki, dişlər nəyə görə vaxtından tez xarab olurlar. Bunun əsl səbəbi nədir? Daha doğrusu sizin həkim dililə desək dişlər, niyə xəstələnir?
- Salam Ağalar müəllim. Bu, çox maraqlı sualdır. Belə sualları xəstələr də tez-tez bizə verirlər. Bunun əsas səbəbi dişlərdə olan kariyesdir. Karyesin yaranma səbəbi hər zaman elm adamlaranı düşündürmüşdür. Aydınlaşdırılan səbəblər arasında birinci olaraq diş minasına turşuların həlledici təsiri əsas götürülür və eyni zamanda bu prosesdə bakteriyaların da ( Leptotrix buccalis mikrobu) çox iştirak edir.
Qeyd edim ki, uşaq ana bətnində olan zaman hamiləliyin gedişi, ananın keçirdiyi xəstəlikləri, stressi, qidalanması və uşaq anadan oduqdan sonra isə uşağın qidalanmasının süni və ya təbii olması, keçirdiyi xəstəliklər və hansı regionda yaşaması dişlərin kariyes və ya qeyri- kariyes xəstəliklərinin yaranmasında əsas rol oynayır. Onu da vurğulayım və xəstələr bilsinkər ki, kariyes genetik xəstəlik deyil, amma deyim ki, bir bənzəmədə var: pasiyentlər adətən dişlərinin tez çürüməsinə və quruluşuna görə anasına, ya da atasına oxşadıqlarını deyirlər.
Amma əslində bu, tam belə deyil. Əlbəttə, həqiqətən də bu bir şans məsələsidir. Dişlər nəsildə ən sağlam valideyndən uşağa ötürülsün. Lakin çox vaxt belə olmur.
- Bəs biz problemli dişlərlə dünyaya gələndən sonra dişlərimizin çürüməməsi, xarab olmaması üçün nə etməliyik və dişlərimizi necə qorumalıyıq?
- Bəli bu işdə uşaqlarla işləyən stomatoloqların üzərinə böyük məsuliyyət düşür. Ən ümdə iş uşağın ana südü ilə təbii qidalanmasıdır. Bu həm dişlərin lazım olan maddələrlə təmin olunmasına kömək edir, həm də üz-çənə- diş sistemində patologiyaların qarşısını alır. Ana südü mükəmməl diş strukturlarının inkişafı üçün yaxşı şərait yaradır. Amma çox əfsus ki, bu gün uşaqların böyük əksəriyyəti ana südündən məhrimdurlar. Ayrı-ayrı mənşəli bilinməyən smeslərlə qidalanan uşaqların da təkcə dişlərində yox, başqa orqanlarında da problemlər yaranır və uşaq böyüyəndən sonra həmin problemlər özünü büruzə verir. Bir də vurğulayım ki, uşaqlar ana südü ilə qidalansa, daha yaxşı olar.
Bilirsiniz ki, uşaqlarda ilk diş 6 aylıqda çıxır ( bəzən tez və ya gec çıxa bilər, hətta ağız boşluğunda dişi ilə doğulan körpələr də var). Bunu da qeyd edim ki, uşağın ilk dişi çıxan andan valideynlər tərəfindən hökmən dişlərin gigiyenik təmizlənməsi aparılmalıdır. Qidalanma rejiminə isə xüsusi diqqət yetirilməlidir. Uşağa vaxtında yemək verilməsi, onun yeməkarası intervallarda çox şirniyyat yeməməsi də kariyesin yaranması imkanın xeyli azaldır.
Suda flüor elementinin norma daxilində olması hökmən vacibdir. Çünki az da olarsa, dişlərdə xəstəliyə səbəb olur, çox da olarsa, başqa bir xəstəliyin yaranmasına səbəb olur. Flüor laklarından da istifadə etmək dişlərdə kariyesin qarşısını alır. Ən yaxşı nəticə əldə etmək üçün ağız boşluğunda dişlərin təzə çıxan zaman flüordan istifadə olunması məsləhətdir.
Remenerallaşdırıcı məhlullardan da istifadə etmək məqsədə çox uyğundur. ( 10% kalsi-qlükonat məhlulu.) Dişlər çıxan anından fissurları və kor çuxurları yüksək adgeziyaya malik plomblarla bağlamaq da kariyesin qarsısın alır. Bu işdə də diş həkimləri valideynlərə çox köməklik edə bilərlər.
-Bu gün insanlar var ki, dişləri sağlamdır, amma seyrək olduğuna görə ağızlarında dişləri yaxşı görünsün deyə, sağlam dişlərini çıxartdırıb, yeni dişlər əkdirirlər. Bu, nə qədər doğru fikirdir?
- Əslində seyrək dişlər arasında qida qalıqları az qalır, ya da heç qalmır deyə, çürümə ehtimalı nisbətən azalır. Allahın bizə bəxş etdiyi təbii dişlərin əvəzini heç bir süni diş verə bilməz. Düzdü, artıq insanlar sağlamlıqdan çox xarici gözəlliyə daha çox diqqət edirlər. Qeyd edim ki, gözəllik sizi nə qədər mükəmməl göstərsə də, o gözəllik sizin sağlamlığınıza zərər vermədən yaradılmalıdır. Çünki insanın dünyada ən böyük var-dövləti onun sağlamlığıdır. Sağlamlığı olmayan insan bal da yesə, ona zəhər dadı verəcək.
Bunu heç kəs unutmasın ki, heç bir həkim Uca Tanrının yaratdığı gözəlliyi, funksiyanı, dözümlülüyü yarada bilməz.
- Bir vaxtlar qızıl, metal dişlər qoydurmaq modda idi. Amma sonra insanlar başa düşdülər ki, qızıldan və başqa metaldan olan dişlər insan orqanizminə böyük ziyan vurur. Bu, düzdürmü?
- Bəli əvvəllər hazırlanan metal qapaqlar daha çox idi, bu gündə deyim ki, azda olsa, var. Metal qapaqların ziyanına gəldikdə isə elə deyil, sadəcə ağız boşluğunda iki ayrı cür başqa metaldan qapaqların olmasını məsləhət görmürük. Bir həqiqəti də deyim ki, metal qapaqların üstün cəhəti diş toxumasının az yonulmasıdır.
- Siz, bir həkim kimi insanlarımıza dişlərini dəyişəndə nədən istifadə etməsini daha çox məsləhət bilirsiniz?
- Biz bir həkim olaraq hər bir pasiyentin ilk gəlişində ağız boşluğunu tam müayinə edirik: - selikli qişa, yumşaq və sərt damaq, dil, dodaq nahiyəsində patoloji bir ocağın olub-olmadığına diqqət yetiririk. Sonra dişləri tək-tək müayinə edirik. Əlavə müayinə metodlarından da istifadə edirik ki, həkimin görə bilmədiyi patoloji proseslər nəzərdən qaçmasın. Biz əsasən bir şeyə daha çox fikir vüririk. Bu da ondan ibarətdir ki, çalışırıq dişlərin çəkilməsinə tələsməyək. Onu da deyim ki, günü- gündən tibbin bütün sahələri kimi stomatologiya da sürətlə inkişaf edir.
Hal-hazırda pasiyenylərə əsasən keramika dişlər məsləhət görülür: -zrikon- keramika, press- keramika, metal-keramika və sairə. Amma pasiyentin müayinəsindən sonra yekun olaraq müəyyənləşdirmək olar ki, hansı dişlərdən istifadə olunacaq və bu dişlər onun gələcək sağlamlığına necə təsir göstərəcək. Biz də xəstələrə həmin dişləri məsləhət görürük.
- Ümumiyyətlə, dişləri qorumaq üçün insanlar ilk öncə nə etməlidirlər?
- Biz yuxarıda bu mövzuya təqribən toxunduq. Ümumi olaraq deyim ki kariyesin profilaktikası üçün tədbirlər kompleksi iki formada edilir. Birincisi ağız boşluğunda kariyesogen şəraitin aradan qaldırılmasına , ikinci isə diş toxumalarının rezistentliyinin yüksəldilməsinə yönəldilməlidir. Yəni insanlar gigiyena ilə bərabər hökmən nə yediklərinə də diqqət etməlidirlər. Dahi İbn Sina dyir ki, “ Az ye! Yedikdən sonra həzm oluncaya qədər heç nə yemə”. Amma biz bir millət olaraq, buna əməl edirikmi?.. Əlbəttə, yox.
Belə bir maraqlı və vacib deyim var: “ Bir uşağın dişlərinin sağlam olmasını istəyirsinizsə, onun anasının normal hamiləlik keçirməsinə kömək etməlisiniz, şərait yaratmalısınız, mənəvi və maddi olaraq keyfiyyətli qidalanma, normal psixi durum, gözəl əhval-ruhiyyə, stressiz həyat tərzi , təmiz hava bəxş etməlisiniz gələcək körpəyə. Yəni bütün bunların onun anasına böyük xeyir olduğunu bilməlisiniz”. Bunu da əsasən kişilər etməlidir. Onlar fikirləşməlidirlər ki, onun xanımı dünyaya sağlam uşaq gətirməlidir. Sağlam uşaq isə sağlam və bilikli vətəndaş deməkdir.
Bunu da unutmayaq ki, profilaktik tədbirlər diş mayasının əmələ gəldiyi və inkişaf etdiyi dövürdən başlayaraq insanın bütün həyatı boyu davam etməlidir.
Məlumat üçün onu da deyim ki, diş mayası embrion həyatının 6-8 həftəsində, ilk daimi dişin mayası isə embrionun 5-ci ayında qoyulur. Deməli, sağlam uşağın ilk rüşeyimləri ana bətnində qoyulur. Bunu bütün insanlar hökmən bilməlidirlər və buna riayət etməlidirlər.
- Dişlərin xəstəliyi insan orqanizminə hansı fəsadlar gətirir?
- Çürük, karieslə zədələnmiş dişlər insanın birinci psixi durumuna təsir edir, insanlar dişlərinin görünüşündən narahat olur, yaşlarından daha yaşlı görünürlər. Ağız qoxusunun kəskinləşməsi də sosial həyatda insanların özgüvənini azaldır. Bununla bərabər yaxşı qidalana bilməmək mədə-bağırsaq traktında xəstəliklərə səbəb olur. Karies ocağında olan mikrob ürəyin miokardını zədələyə bilir. Ümumiyyətlə, hər bir insan bilməlidir ki, dişlərdə olan mikroblar, insanın bütün orqanlarına təsir edir. Amma ən əsası bunu demək istəyirəm ki, orqanizminizi qorumaq istəyirsinizsə ilk öncə dişlərinizi qoruyun. Çünki dişlər insanın xarici gözəlliyinin ilk elementlərindəndir. Təsəvvür edin. Qarşınızda gözəl simalı bir insan dayanıb. O, ağzını açıb söz demək istədikdə onun dişlərinin sağlam olmaması sizdə hansı təəssürat yaradır? “Dişsiz ağız - daşsız dəyirman”,- deyib atalarımız.
- Belə deyirlər ki, bizim məmləkətdə olan sularda dişlərlə bağlı ziyanlı maddələr çoxdur. Bu, doğrudurmu? Və əgər belədirsə biz, nə etməliyik və həmin suları necə içməliyik ki, dişlərimizə ziyan olmasın?
- İçməli suyun tərkibində flüor elementi az, norma, çox ola bilər. Suyun bir litirində, bir milliqram flüor olması optimal miqdardır. Diş minasının yetişməsi və kariesə qarşı davamlı strukturaların yaranmasında flüor xüsusi rol oynayır. Əgər suyun tərkibində flüor azdırsa, içməli su flüolaşdırılır. Əgər bu mümkün deyilsə, onda uşaqlara hər gün flüor həbləri verilməlidir. Həblərin qəbulu məktəblərdə verilməlidir ki, nəzarət edilə bilinsin. Çünki əgər bunlara nəzarət olmasa, uşaqlar bunu özləri etməyəcəklər. Sonra da uşaqlarımızın dişləri xəstələnəndə deyəcəyik ki, “bunu niyə vaxtında etmədik”. Atalarımızın da belə bir maraqlı məsəli var: “Vaxtında atılmayan daş, başa yox, ayağa dəyər”.
- Siz çox vətənpərvər ziyalısınız. Bunu sizinlə etdiyimiz söhbətlərdə də çox aydın görürəm. Həm də siz Azərbaycanın ən dilbər guşlərindən biri olan və təxminən otuz il düşmən əsarətində qalan Laçın rayonundansınız. Həmin yerlər azad olunandan sonra hansı hisslər keçirtdiniz və Ali Baş Komandanımız başda olmaqla Qarabağda, Qərbi Zəngəzurda olan qələbələrimiz haqqında nə deyə bilərsiniz? Və həm də orada gedən quruculuq haqqında hansı fikirləriniz var?
- Deyim ki, Azərbaycanlı olmağımla hər zaman qürur duymuşam. Laçın isə mənim üçün həmişə müqəddəs olub. Hələ orta məktəbdə oxuyan zaman uşaqlar iri şəhərlərdə təhsil alacaqlarını xəyal edirdilər. Mən isə, “kaş Laçında Azərbayacn Tibb Universitetinin filialı açılardı, elə burda oxuyardım”,- deyirdim.
Bəli, Vətənimizə göz tikən düşmən el-obamızı işğal etdi, min bir əziyyətlə tikilən evlərimizə od vuruldu, uşaqlar, qadınlar, qocalar, igid oğullar, şəhid oldu, əsir düşdü... İnsanlar əsir düşməmək üçün ayaqyalın öz yurd-yuvasını tərk etdilər, 12 minə yaxın şəhid, 4 min itkin, 1 milyondan çox qaçqın, ölkənin 20 % torpaqlarının itirilməsi.... Hamısı böyük dəhşətli faciədir. Günlərlə bu dəhşətli tarixdən danışmaq olar. Mən həssas adamam və bu dəhşətləri heç vaxt unuda bilmirəm. Belə bir deyim var: “ Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!” Bax, bizimlə müharibəni erməni ekstremistləri, qatilləri, başıboş başbilənləri, daşnakları başladı. Bizim həm yaşlı nəslimiz, həm cavanlarımız və həm də uşaqlarımız bu müharibədən çox böyük əziyyət çəkdilər. Amma zaman gəldi biz Qarabağda qələbə çaldıq. Bu dəfə isə işğalçı erməni ordusu, faşist xislətli qatillər Qarabağdan qovuldular. Çoxlu ekstremistlər, qatillər, cəlladlar da məhv oldular. Deməli, onlar Qarabağdan getməklə daha çox şey itirdilər. Əgər onlar 1987-88-ci illərdə müharibəni başlamasaydılar indi də orada yaşayacaqdılar. Bizim hökumət onlara hər cürə şərait yaratmışdı... Onlar bundan çox peşiman olsalar da artıq gecdir. Mən inanmıram ki, biz, bundan sonra ermənilərə inanaq. Dünyanın tanınmış insanları, dahiləri ermənilərin kim olduğunu, necə murdar millət olduqlarını tarixlər boyu yazıblar. Amma biz inanmamışıq. Onlara yazıq kimi baxmışıq... Torpağımızda yer vermişik. Hətta uşaqlarımıza onları kirvə kimi tutmuşuq. İndi artıq biz də onların iyrənc sifətini, faşist xislətli olduğunu gördük. İndi bundan sonra bilməliyik ki, bu cəlladlar, faşistlər heç vaxt bizə dost ola bilməzlər.
Bircə arzum var ki, Allah heç kəsə bir də qaçqınlıq həyatı yaşatmasın, torpaqlarımız bir daha müharibə meydanına çevrilməsin.
2020-ci il sentyabrın 27-də Suqovuşanın və Füzuli rayonunun kəndlərinin azad edilməsini eşidəndə otuz iki ildə ilk dəfə bu qədər qürur hissi keçirməmişdim. Təsəvvür edirsiniz, göz yaşlarına bürünmüş sevinc necə olur? Şəhid qanına boyanmış Azərbaycan bayrağı əsir torpaqlarımızda dalğalandıqca, nə qədər fəxr etsək də oğul itirmiş anaların, atasız körpələrin, üzlərində kədər məskən salmış gəlinlərin qarşısında bir millət kimi çox borcluyuq!
Zatən bütün qələbələr mərd oğullarımızın həyatı bahasına başa gəlib. Azad olunmuş Vətən torpaqlarına iki dəfə getmişəm. İnanın adam torpağa ayaq basmaq istəmir. Axı o torpaqlar üç min fədaillərin qanı ilə sulanıb. Eləcə də birinci Qarabağ müharibəsində görün nə qədər şəhidlər vermişik...
Əzəmətli Şuşaya qalxdıqca göz yaşlarımı saxlaya bilmirdim, sıldırım qayalarla şəhid silahdaşlarını daşıyan oğullar gözümün qarşısında canlanırdı. İsa bulağından axan su, sanki mənə şəhidlərimizin tökülən müqəddəs qanı kimi görünürdü.
Və nəhayət öz doğma kəndimizə-evimizə getdik. Otuz iki il əsir qalan evimiz, sevimli məktəbimiz uçuq divarları ilə bizi qarşıladı. Heç nəyi unutmamışdım, hər bir cığırı, yolu necə əziz idi mənə kəndimizin... ( O, kövrəlir və bir az susur, sonra sözünə davam eləyir.)
Həmin gün Vətən sevgisinin necə əziz olduğunu bir daha hiss elədim. Orada böyük sərkərdəniz, şairimiz Şah İsmayılın bu kəlamı yadıma düşdü: “ Vətən, iman əsəridir”. Bəli. Bu, həqiqətən də belədir. Qoy bu müqəddəs sözləri bütün azərbaycanlılar yaddaşlarında saxlasınlar.
Mən Ali Baş Komandan, Prezident cənab İlham Əliyev ilə birlikdə şəhid ailələrinin, qazilərin, veteranların, şəhidlərin ruhu qarşısında minnətdarlıqla baş əyirəm. Hər bir azərbaycanlı da ömürlük onlara borcludur.
İnşallah ucsuz, bucaqsız viran qalmış vətən torpaqları Prezidentimizin göstərişi ilə tezliklə xalqımız tərəfindən abadlaşdırılacaq, məcburi köçkünlər tezliklə, uzun həsrətdən sonra öz yurd – yuvalarına qovuşacaqlar. Artıq Qarabağın hər yerinə və Laçına da böyük bir köç başlayıb. Mənim də öz el - obamda gözəl Laçınımızda işləmək arzum tezliklə həyata keçər, İnşallah!
- Siz, uzun illərdir ki, tibb sahəsində işləyirsiniz. Azərbaycan tibb sahəsi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda Tibb sahəsində bir çox yeniliklər var. Xəstələrin müalicəsində, əməliyyatlarında əhaliyə pulsuz xidmətlər göstərilir, xəstəxanalar təmir edilir, müasir aparatlarla təhciz olunur. Bu, çox böyük təqdirəlayiqdir.
Təbii ki, vaxt lazımdır bütün çatışmamazlıqlar aradan qaldırılsın.
Mən stomatoloq olduğum üçün həm də imtiyazlı xəstələrlə daha çox işlədiyimə görə, bu xalqın bir nümayəndəsi kimi, bir həkim kimi çox istərdim ki, stomatolagiya da sığorta paketinə daxil edilsin. Ən azından müalicə, diş çəkimləri sığorta ilə qarşılansın. Bu, çox yaxşı olar və xəstələrin, həkimlərin də ürəyincə olardı. Dahi İbn Sinanın belə bir kəlamı var: “Cahil bir həkim, ölüm düşərgəsinin köməkçisidir”. Çox şükür ki, bu gün Azərbaycan səhiyyəsində savadlı həkimlər həddindən artıq çoxdur. Əgər həkim müalicə etdiyi xəstəni öz doğması bilməsə, o, həkim deyil.
- Əlavə hansı fikirləriniz var? Xalqımıza tibblə bağlı hansı məsləhətlər vermək istərdiniz?
- Son söz olaraq demək istərdim ki, bir xəstəliyin profilaktikası, həmin xəstəliyin müalicəsindən dəfələrlə asandır. Ona görə də həmvətənlərimiz tez-tez həkimlərə müracət edib, müayinədən keçsinlər. Həmin vaxtı onların xəstəlikləri, orqanizmində olduğu fəsadlar tez tapılar və tez də müalicə olunarlar. Mən xalqımıza biz həkimlərin qəbuluna ancaq profilaktik baxış üçün gəlməsini arzu edirəm.
Hörmətli Ağalar müəllim, sizə də təşəkkür edirəm. Sizə və sizin kimi ziyalılarımıza bu xalqın, bu dövlətin hər zaman ehtiyacı var. Ziyalı xalqın görən gözü, düşünən beyini və danışan dili olmalıdır. Bu gün belə ziyalılarımız nə qədər çox olsa daha yaxşı olar. Onlar, mayak, işıq olmaqla bütün neqativ halların qarşısını ala bilərlər.
Həmyerlimiz Əbu Turxanın ziyalı ilə bağlı belə bir maraqlı aforizmləri var. Və fikrimi həmin aforizmlərlə tamamlamaq istəyirəm: “Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. Ziyalısız kütlə kordur”.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Nigar Həmidlinin cəbhə xatirələrindən
İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
Əslən Cəlilabaddan olan və I Qarabağ Müharibəsi zamanı Cəlilabad rayonundan cəbhəyə yollanmış ilk xanım jurnalist, AJB-nin uzvü, hərbi jurnalist, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, "Həməşəra" Fəxri Diplomu laureatı, pedaqoq, yazıçı-publisist və şair Nigar xanım Həmidlinin o illərdə Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin 1992-ci ilin may ayında erməni təcavüzkarları tərəfindən işğal edilməsi barədə qələmə aldığı yazısını oxucularımıza “tarixi yaddaşlar silsiləsindən” təqdim edirəm.
Cəbhə xatirələri...
Gecə saat 01.55 dəqiqə.
Şuşa hər tərəfdən intensiv atəşə tutulur. Yaşadığım Şuşa sanatoriyasındakı 8-ci korpusun top mərmisindən pəncərələri çilik-çilik olur.
Rayonlardan gəlmiş milis işçiləri və mən 1-ci mərtəbəyə enirik. İşıqlar yanmır, həyəcan siqnalı verilmir.
Saat 3-ə qədər şəhərdə bir çox evlər yandırılır, iri binalara, müəssisələrə “Qrad”, “Alazan”, “Kristal”lardan atəş yağdırılır.
Şuşaya Xankəndi, Kərkicahan, Şuşikənd, Daşaltı tərəfdən zirehli hərbi texnika yaxınlaşır.
İlkin məlumata görə postlarda qızğın döyüş gedir. Postdan gələn milis işçisi saat 4-5 radələrində Kosalar, Qaragav kəndlərində yaralılar olduğunu bildirir. Saat 5-də şəhər əhalisindən evləri dağılanlar zirzəmiyə toplaşır. Burda uşaq, qadın, qoca da var. Mən onlardan ilkin məlumat ala bilirəm. Yanğısöndürənlər alovu söndürə bilmir. Çünki onları küçələrdə BMP, BTR və başqa silahlarla ataşə tuturlar.
Saat 6-da rabitə qovşağı, İcra hakimiyyəti, Universitet, 7 nömrəli məktəb, Qarabağa könüllülar batalyonunun binası, kilsə və digər binalar dağıdılır.
Saat 7-de Masallı milisi benzindoldurma məntəqəsindəki posta köməyə gedir. 10 nəfərdən 4-nün avtomatı var. Həbsxanada yerli sakin Hafizə qəlpə dəyir, həbsxana işçisi Yaşar və o halak olurlar. Yaşar Q.Zakir küçəsi, ev 1-də yaşayırdı. Yerli sakin Varaşilin, Məmmədov Şöhrətin, Həsənov Bəbirin evi “Qrad”la partladılır.
Təəccüblü burasıdır ki, təkid etməyimə baxmayaraq, heç bir milis işçisi (azı 100 nəfər PPD) köməyə getmək istəmir. Onlara heç kim tərəfindən əmr verilmədiyini bəhanə edirlər.
Saat 8.30 Şuşa DİŞ-nin əməkdaşı Sadiq gəlib kömək istəyir. “Kimin silahı var, gəlsin”, - deyə müraciət edir. Yenə də heç kim getmir. Çox yalvarıram. Şamaxı milisləri mənimlə DİŞ-nə gedir. Bizi yolda rabitə evinin qabağı tərəfdən artilleriya ilə atəşə tuturlar.
DİŞ-nə saat 9-da çatırıq. DİŞ-nin rəisinin müavini Eldəniz Quliyevin məlumatına görə Şuşa mühasirədədir. O, Bakıyla - MN, DİN və MTN-nin mətbuat xidməti ilə danışıb kömək istəyir. Mətbuat xidməti isə neçə nəfərin öldüyü haqda dəqiq məlumat tələb etdikdə, növbətçi dözə bilməyib onu təhqir edir. “Bizə kömək edin, Şuşanı ermənilər alır”,- deyə qışqırır.
Saat 11.15. Ermənilər çörək zavodunu, həbsxananı, tar sexini ələ keçirir. Arabir bizimkilər müdafiəni yara bilsələr də, kömək gəlmədiyindən şəhərin içərisinə doğru geri çəkilirlər.
Saat 12-də E.Quliyev cəlilabadlı Mübarizi Abşeron RDİŞ -nin milisləri ilə zastavaya göndərir. O, MN ilə, DİN ilə, Şuşa DİŞ rəisi V.Bayramovla və prezident aparatının bir nümayəndəsi ilə danışır. Sonra isə hamıya “2 saata kömək gələcək” – deyib arxayın edir.
Mübariz mənə Şuşanı tərk etməyi məsləhət bilir. Mənsə Eldənizə və ona deyirəm ki, silah verin. Mən son ana qədər Şuşanı tərk etməyəcəyəm. Heç olmasa girov düşdükdə özümü öldürə bilim. Hamıya bildirirəm, girov düşsəm məni güllələyin. Qanım sizə halaldır. Eldəniz deyir: Səni Mübariz güllələyər, yarızarafat-yarıgerçək.
Şuşa könüllülər batalyonundan Əli 3 nəfər yaralını və 7 nəfər meyitin silahını gətirir. Silahı DİŞ-nə təhvil verir. Ramizin batalyonundan Əlinin dediyinə görə 27 nəfərdən yalnız 3-4 nəfəri sağ qalıb.
E.Quliyev Elçin Məmmədov ilə danışmaq istəyir. E.Məmmədov hansısa postdadır. E. Quliyev Cahangirov ilə söhbətindən danışır. Danışığından hiss olunur ki, artıq döyüş şəhərin lap yaxınlığında piyada qoşunla üzbəüz gedir.
MN-dən R. Qazıyevlə danışılmadığından başqası onun haqqında hamını aldadırdı. Biz çox gözəl bilirdik ki, Şuşa siyasi oyunun qurbanı olacaq. Xocalı faciəsinin acı nəticələri təkrar olunurdu. Eyni ssenari davam edirdi.
Mən, artıq dözə bilmirəm. Küçəyə “Qrad”ın uğultusundan, partlayışdan çıxmaq mümkün olmasa da, təcili yardım maşınlarının yaralıları daşıdığını görüb güllə altında iki nəfər naməlum şəxslə xəstəxanaya gedirəm.
Xəstəxana köçürülüb. R. Qazıyevə qəsd olunan pedaqoji texnikumda 8 meyit, 10 nəfərə qədər yaralı var.
Mən, xəstəxanaya gəldiyim an belə bir xəbər gəldi ki, bizimkilər zastavanı tərk edib. Ermənilər şəhərə daxil olur.
Saat 2.30-dan düz saat 6.30-dək mən xəstəxanada yaralılara kömək etdim. İlk əvvəl Musayev Elçin, Tahir Səmədov, Gündüz Hidayət oğlu, Heydərov Aslan Xıdır oğlu, Hacıyev Bilal Cavanşir oğlu, İbrahimov Asif Cəlil oğlu, Novruzov Musabi Cəlal oğlu, Ellər və İsmayılov Vidadi Telman oğlunun yerləşdirilməsinə kömək etməklə, həm də qeydlər götürürdüm. Lakin yaralıların çoxalması mənim müxbirlik fəaliyyətimi kənara qoydu. Musayev Vidadinin son dəfə diktafona nəfəsini yaza bilsəm də, o həyatdan getdi.
Meyitlərimizin heç birinin sənədi yox idi. Dörd nəfər tanıdığım oğulların sənədi isə yerə düşmüşdü. Onları indi də saxlayıram:
1. Vahabzadə Şahin Mehdi oğlu.
2. İsmayılov Əşrəf Dayandur oğlu.
3. Şahmuradov Natiq Əlimərdan oğlunun pasport, tələbə bileti, arayış, bəzi telefon nömrələri qalır. Natiqin silahının nömrəsi və cibində pul var (10 min manat).
Ünvanlarını bilmədiyim üçün sənədi heç kimə təhvil verə bilmirəm.
Saat 16.00-da Nazim həkimin səyi nəticəsində yaralılarlı və meyitləri maşınlarla yola salırıq. Bütün tibb işçiləri Turşsuya gedir. Məni isə Bakıdan İlqar adlı bir oğlan 8-ci korpusa aparır. Mənim bütün əlyazmalarım orada qalıb. Şuşaya həsr etdiyim sənədlər, müsahibələrin bir hissəsi də Fizzə nənəgildə qaldı. Onlara getdim, qapı bağlı idi.
Saat 18.30 dəqiqədə DİŞ-nə top mərmisi düşdü. Bir nəfər qoca kişi orada yaralı idi.
Mən, yaralının ayağını bağladım. Onu yola saldıq. Yerli sakin Şükufənin əri Əlinin meyitini çıxarırdılar. Şəhərdə kişilər hələ binaların ətrafında gəzinirdi. Mən onlardan: – “getmirsiniz?” soruşduqda, – “Ölsək də, qoy evimizdə erməni öldürsün, nəinki qeyrətsiz özümüzünkülər” cavabını verdilər.
Saat 20.00-da mən, yerli əhali və əsgərlərlə “Yarma” deyilən zastavada idim.
Mən, orada İH başçısı Nizami Bəhmənovu, prokuroru, Fəxrəddin komandiri, “spesnaz”ın əsgərlərini, qadınları, uşaqları gördüm.
N. Bəhmənovdan soruşdum: “Nizami müəllim hanı, bəs köməyə niyə gəlmədilər, niyə Şuşanı verdik, meyitlərimizi yola niyə düzmüşük?”. O əlləri ilə başını tutmuşdu: “Bizi də aldatdılar” deyib köks ötürdü. Həmin vaxt E.Quliyev də oraya gəldi. Biz saat 9.00-dək orda gözlədik. Təxminən 8.00-8.30-da bir təyyarə Nəbilər tərəfdən bombardman etdi. Hamı sevindi. Elə bildik, bizim təyyarədir. Amma bizim postun 8 nəfərin öldüyünü eşitdik, təyyarə bizim deyilmiş. Təyyarə getdi. Hamı ümidsizcəsinə erməni toplarının altında BMP və BTR-lərin müşayiəti ilə son dəfə Şuşanı tərk etdi. Mən də BTR-la Nazim Bahmənov, Eldəniz Quliyev və bütün əsgərlərin yola düşdüyünə əmin olub, oranı tərk etdim.
Zarıslıda “215 KL” studiyasından Çingiz Mustafayevi gördüm. Mənim,”Şuşa bizim deyil, Çingiz, ermənilər qələbə gününü qeyd edir” sözümə, o inanmadı. Turşsuda isə Daxili İşlər Naziri Tahir Əliyevin gəldiyini eşidib onunla görüşdüm. O, milis işçilərinə nəsə məsləhət verirdi. Çox əsəbi halda “Niyə köməyə gəlmədiniz, Şuşanı satdınız, qaytar bizim igidlərimizi, məgər indi gələrlər?” – deyib ağlayırdım.
T.Əliyev heç nə demirdi. Biz saat 10 -11-də Laçında idik. Səhər saat 8.00-da (9 may) Laçında da bir neçə evi partlatdılar. Yaralanan oldu. Mən, İcra Hakimiyyətində, DİŞ-də, AXC-də oldum. Meyitlərin daşınması üçün maşın istədik. Çox çətinliklə biz həm meyitləri, həm yaralıları yola saldıq. 15-20-yə qədər yaralını axşam Qubadlıya yola salmışdıq. 3 nəfər yaralını Biləsuvar könüllüləri ilə Biləsuvara gətirdik.
Şuşa satıldı. Ermənilər Şuşanı almadı. Öz rəhbərlərimiz onu satdı. Şuşanın verilməsini, mən yalnız təxribat adlandırıram. Şuşa şəhəri vəzifəyə, pula satıldı. Mən yaralıları Laçında dindirdim. Faktlar göstərir ki, heç bir əmr verilmədən əsgərlər öz qeyrətlərinə sığınıb döyüşüb. Əsgərlərin və mənimçün müəmmalı olan, ayın 7-də postlardan texnikanın geri çağrılmasını kimin təşkil etməsi idi?
Kirs kimi mövqeyimizdən əsgərləri geri çağıran, heç bir hücum əmri verməyən komandirlərə ayın 5-6-da hərəsinə 10-15 min manat pul mükafatı verilmişdi. Nə üçün? Ona görə ki, Şuşanı tərk etsinlər. Əsgərləri 5-6-7 mayda evə kütləvi buraxan kimlərdir, müharibədə məzuniyyətmi olur? Sərhəddən keçən vertolyotlar niyə vurulmurdu? Minaları hansı batalyonun kəşfiyyatçıları basdımışdı? Xalqa bu sualların cavabı verilməlidir. Şuşanı hücumla saxlamaq olardı.
Şuşa dövlət tərəfindən müdafiə olunmadı. Mən, şahidi olduğum hadisələrdən belə nəticə çıxarıram ki, müharibə dövründə xarici səfərlərə gedən prezident səlahiyyətini yerinə yetirən Y.Məmmədovun, MTN-nin, MN-dəki bütün hərbiçilərin, Azərbaycan Səhiyyə Nazirliyinin, hamının günahı böyükdür.
Yaralılar üçün maşın, tibbi avadanliq tapılmırsa, cərrah azlıq edirsə, ölümüzün üstünə mələfə yoxdursa, bir həkim kimi Y.Məmmədov tədbir görə bilərdimi?
Niyə axı, 7-si mayda Əlsahib Orucov ilə Şuşaya gələn dövlət nümayəndələri xalqa yalan vəd verdi ki, 10-da yenə Şuşaya qayıdacağıq? Bəs nə üçün, mayın 8-də harayımıza gəlmədilər?
Qoy, Azərbaycan xalqı eşitsin! Şuşa satılıb, özü də rəhbərlərin əli ilə satılıb. Şuşanı əldən verdiyimiz vaxtda isə radioda yalan malumat verən şəxslər cinayət cəlb olunmalıdır.
Şuşalılar bunu heç kimə bağışlamayacaq. Qoy millətimizin qeyrətli oğulları öz səslərini ucaldıb həqiqəti desin. Cinayətkarlar cəzalarına çatsınlar.”
Çox şükür ki, artıq Şuşa bizimdir, düşməndən intiqam alınıbdır. Müzəffər Ordumuz, Müzəffər Ali Baş Komandanımızın sayəsində Qarabağın ürəyi artıq bizimlə döyünür.
Tarixdən ibrət götürməkçünsə bu cür qeydlər, əksərən subyektivliyə varılsa belə, çox lazımlıdır.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Vüqar Nemətin “Qarğa” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.
Vüqar Nemət
Kəleybər
QARĞA
Yenə nə qar-qar edirsən,
Qoy get öz işinə qarğa!
Həp öz sözünü deyirsən
Bəxtəvər başıma qarğa!
Sən ağa, mən ağa ancaq,
Buludları kim sağacaq?
Tələsmə, qar da yağacaq,
Bu qalan işinə qarğa!
Bəxtin qara, üzün qara,
İnanma qarla ağara,
Ağlıq nədir ay avara?!
Düşübsən peşinə qarğa!
Sən yatarsan, səsin yatmaz,
Heç kimin ağlına batmaz,
Əlin çatar, ağlın çatmaz,
Dünyanın daşına qarğa!
Payız gəlir, əsin düşür,
Küləklə də bəhsin düşür,
O səsindən ağ dən düşür,
Mənim də başıma qarğa!
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)
ANAR, “Küləkli şəhər”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir.
ANAR, ŞEİRLƏR
KÜLƏKLİ ŞƏHƏR
Bu şəhərdə doğuldum,
Bu şəhərə oğuldum.
Burda yaşadım, yazdım
Bu yağışlı səhərdən,
bu küləkli şəhərdən
Gəncindən, qocasından,
evindən, küçəsindən,
gündüzü gecəsindən
Bu küləkli şəhərin
Növbənöv adamıyla
Dopdoludur hər yazım.
Daha kimlərdən yazım,
Daha nələrdən yazım?
Bu şəhər qarşısında
borclarımdan azadam.
Mənimtək borclarından
azad olub az adam.
Heç yolumdan azmadım,
Heç vaxt yalan yazmadım,
Təsəllim budur ancaq,
Bir gün küləktək keçsəm
Bu şəhərin üstündən,
Bu şəhərin yadında
yazılarım qalacaq,
qalacaqlar hər yerdə,
Bu dənizli şəhərdə,
Bu küləkli şəhərdə.
22 fevral 2020
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)


