Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu fotoşəkil Vətən müharibəsinin gedişində lentə alınıb.
• Zaman: 29 sentyabr 2020-ci il
• Məkan: Tərtərin Talış kəndi istiqaməti
Şəkildə gördüyünüz üstdəki BTR bizimkilərin, altdakı BMP-2 isə ermənilərindir.
"1353" adlanan yüksəklik Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik idi. Yüksəkliyi müdafiə etmək üçün polkovnik-leytenant Əfqan Abdurahmanovun (şəhid olub, Vətən Müharibəsi qəhrəmanıdır) rəhbərliyi ilə əsgərlərimiz müdafiə mövqeyi qurmuşdular, müxtəlif istiqamətlərdən yüksəkliyin mühafizəsi təşkil edilmişdi.
Sentyabrın 29-u günortaya yaxın düşmən qəfildən bir tank, bir BMP-2 və təxminən 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçir.
Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başlayır. Düşmənin irəliləməsinə, zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə zirehli texnika sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi.
Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla erməni tankını vurur. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Çıxılmaz vəziyyət yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.
Zerehli texnika məhv edilməli idi, əks halda itkilərimiz çox olacaqdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Atakişiyev böyük qərəmanlıq göstərir. O, gözlənilmədən BTR-ə minərək, onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Düşmənin BMP-2 maşınındakı heyəti nəyin baş verdiyini anlayana qədər gizirimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirir və onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra hərbçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaraları tullayırlar. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenantlar Əfqan Əbdurahmanovla Soltan Məmmədov da mövqelərindən çıxaraq düşmən BMP-2-nə tərəf qaçıb "lyuk"dan içəri əl qumbaraları atırlar və beləcə zirehli maşında olan düşmən əsgərləri məhv edilir.
Heç kəs unudulmur, heç nə yaddan çıxmır.
“Ədəbiyyat və incəsənət”
(30.09.2025)