
Super User
Azərbaycan Müstəqillyinin bərpası gününə həsr olunmuş “ Vətənim” adlı konsertin silinməz təəsüratları
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan istedadlar ölkəsidir. Biz mədəniyyətimiz və incəsənətimizlə hər zaman fəxr edəcək bir xalqıq. Mən növbəti dəfə çox gözəl bir konsertin şahidi oldum.
Düzdür, Azərbaycan Milli Konservatoriyası səhnəsində konsert proqramları tez-tez təşkil olunur, tamaşaçı sevgisi qazanır. Hər dəfə biz bunu görürük, bu gün isə çox fərqli idi. Azərbaycan Müstəqillik gününə həsr edilən bu konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Professor, Xalq artisti Siyavuş Kərimi və Əməkdar artist Ramil Qasımov iştirak edirdilər. Bu konsert üçün repertuarı elə böyük incəliklə seçmişdilər ki, sanki Azərbaycan Respublikasının çətin, keşməkeşli, qürurlu, fəxrli ömür yolu vərəqlənirdi. Konsertin fəxri qonağı isə Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu idi.
Polad Bülbüloğlu gəncliyimdə ən çox dinlədiyim sənətkar olub. Ramil Qasimov Polad Bülbüloğlu repertuarından da ifalar etdi. Tamaşaçılar çox böyük sevinclə konserti izlədi .
Bütün bu mənzərə gözəl, xoş oldu.
Mənimsə fikrim rektor, Xalq atrtisti Siyavuş Kərimidə idi. Onun fortepianoya həzin toxunuşlarından musiqini bütün ruhuyla hiss etməyimdən danışmayacam, yox. Bu barədə yəqin çox yazıb, çox danışıblar. Mən bu insana uzaqdan baxıb öz özümə düşünürdüm: Sənətkarı göz üstündə tutmaq lazımdır, onları sevmək azdır, onları qorumaq və üstlərində əsmək lazımdır. Çünki öz yaradıcılığına ayıracağı vaxtı bütöv bir tədris müəssisəsini idarə etməyə ayıran, Azərbaycan Musiqisi üçün canını fəda edən insandı Siyavuş Kərimi.
Konsertdə ifa olunan musiqi əsərləri içində ürəyimə yol tapıb gözümdən yaş kimi süzülən "Ey xəyal" musiqi əsərini xüsusi vurğulamaq istəyirəm. Musiqisi Oktay Kazimiyə, sözləri Fikrət Qocaya aid olan, bir vaxtlar Rəşid Behbutovun ifası olan "Ey xəyal" mahnısı olduqca gözəl müşayiətlə ifa olundu. Konsert çox gözəl və uğurlu alınmışdı. Mənə elə gəlir ki, bütün mötəbər qonaqlardan tutmuş, təcrübəyə gələn tələbələrə qədər hər kəs böyük sevinclə ordan ayrıldı. Hətta deyərdim ki, ayrılmaq istəmirdilər.
Konsertdə Siyavuş Kərinminin yeni musiqi əsəri də ifa olundu. Xalq artisti Siyavuş Kərimiyə, Əməkdar artist Ramil Qasımova yaradıcılıq uğurları, necə gözəl birgə əsərlər arzu edirəm.
Xalq artisti Siyavuş Kəriminın həyatından keçən böyük şəxsiyyətlər olub - Ulu öndər Heydər Əliyev, gözəl sənətkarımız Xalq artisti Rəşid Behbudov, Azərbaycan Musiqisində iz qoyan xalq artisti Rafiq Babayev və s. Bəli, bu şəxsiyyətlərlə ünsiyyət abu havasını qoruyan gözəl sənətkarımızdan daha bir çox həzin, ürəyə yol tapacaq musiqi əsərlərini gözləyirik.
Azərbaycan Milli Konservatoriyası bütün xalqımızın bayramını bu möhtəşəm konsertlə təbrik edir.
Müstəqillik günün mübarək, gözəl məmləkətim!
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Alpamış Batır” türk xalqlarının iftixar rəmzidir - Almatıda elmi-nəzəri konfrans keçirilib
Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Respublikasının YUNESKO üzrə Milli komissiyası və İSESKO, Qazaxıstan Respublikasının Milli Komitəsi , Muxtar Auezov adına İncəsənət və Ədəbiyyat İnstitutu ilə birlikdə “Dünya sivilizasiyasında türk xalqlarının ruhani irsi: “Alpamış Batır” dastanı” adlı elmi-nəzəri konfrans keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, konfransın açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın Türk mədəniyyətinin və irsinin beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işlərdən bəhs edib. O qeyd edib ki, Fondun həyata keçirdiyi bərpa və muzeyləşdirmə, elmi və təhsil, yaradıcılıq fəaliyyətindən bəhs edən layihələri türk mədəniyyətinin təbliğində və yayılmasında böyük, əhəmiyyətli rol oynayır.
Bu mənada Türk Mədəniyyəti və İrsi Fondu Milli İrsin Qorunması Konvensiyasının tələblərinə uyğun olaraq dünyada yayılmış Türk mədəniyyətinin qorunması üçün “TurkHeritage” rəqəmsal platforması üzərində çoxdilli “TurkDiscovery” proqramının həyata keçirilməsinə nail olubdur.
Bu proqramda ümumi türk mədəniyyətinin əsasları sənədli filimlər seriyasında translasiya olunur.
Aktotı Raimkulova Fondun himayəsi altında çap olunan “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyası ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” adlı kitab seriyalarından da bəhs edib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi Fond Türk dünyasını müxtəlif və rəngarəng sahələrdə çalışan sənətkarları ilə qaraşılıqlı əməkdaşlıq edir. Eyni zamanda Türk dövlətlərində türk irsini və mədəniyyətini öyrəənən, təbliğ edən müxtəlif mərkəzlərlə də sıx əlaqədədirlər.
Aktotı Raimkulova daha sonra qeyd edib ki, Türk irsinin və mədəniyyətinin yayılması və təbliğini həyata keçirən Fond türk xalqlarının dəyərlərini özündə saxlayan ədəbi nümunələrinin qorunması üçün də layihələr həyata keçirir. Bu mənada “Alpamış Batır” dastanı da türk xalqlarının qəhrəmanlıq dastanıdır. Bu əsər də türk xalqlarının
ədəbi nailiyyıtinə çevrilmiş əbədi abidədir. O, qədim dövrlərin adət-ənənələrini, biliyini, dünyagörüşünü, gerçəkliyini aydın təsvir edir. “Alpamış Batır” dastanı türk xalqlarına birlik və mənəviyyat aşılamaqla milli iftixar rəmzinə çevrilib. Dünya xalqlarının da bu əsərlə tanış olması üçün Türk Mədəniyyəti və İrsi Fondu “Alpamış Batır” dastanını qazax, rus və ingilis dillərində çap edib. Ümid edirəm ki, Ümumi türk mənəviyyatının və mədəniyyətinin incilərini özündə əks etdirən dastan geniş beynəlxalq aləmdə də yayılacaq.
“Dünya sivilizasiyasında türk xalqlarının ruhani irsi: “Alpamış Batır” dastanı adlı elmi-nəzəri konfransında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və Rusiya federasiyasının Ufa, Kazan, Novosibirsk şəhərlərindən gələn tanınmış alimlər elmi məruzə ilə çıxış ediblər.
Həmçinin, konfrans çərçivəsində “Alpamış Batır” dastanının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün beynəlxalq ekspertlər tərəfindən namizədliyinin irəli sürülməsi ilə bağlı müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Bu gün Dövlət Müstəqilliyinin bərpası günüdür
Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar elektron məlumat bazası, virtual və ənənəvi kitab sərgisi hazırlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portallna kitabxanadan məlumat verilib.
“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı elektron bazada bu günün təsis edilməsinə dair qəbul edilən rəsmi sənədlər, görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, “Müstəqilliyin bərpası və qorunub saxlanılması”, “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”, “Heydər Əliyev yolunun davamçısı” kimi tam mətnlər yer alır. Elektron bazada Azərbaycan Respublikasının dövlət simvolları haqqında məlumat verilir, bu mövzuları əhatə edən kitabların, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ölkə başçısına ünvanlanan təbrik və paylaşımlar, dövlət günü ilə əlaqədar təşkil edilən tədbir və konsert proqramlarının siyahısı da yer alır. Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/melumat-bazalari/Musteqilliyin_Berpasi_Gunu_el_melumat_bazasi/index.html elektron bazada “Müstəqilliyimiz əbədidir”, “İnkişaf məqsədimizdir”, “Foto və video qalereya”, “Virtual sərgi” kimi bölmələr də sərgilənir.
Elektron bazanın birinci səhifəsində yer alan virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, müstəqillik, onun mahiyyəti, insan həyatında daşıdığı müstəsna əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr yer alır. Materiallarda müdrik rəhbər, uzaqgörən siyasi lider, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqilliyini qoruyub saxlayan, günü-gündən daha da güclənən, beynəlxalq siyasi arenada müstəsna nüfuza malik olan Azərbaycan dövlətinin Şanlı qələbəsini, Zəfər tarixini əks etdirən video görüntülər təqdim edilir. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan virtual kitab sərgisində “Heydər Əliyev. Azərbaycan Parlamenti”, “İlham Əliyev. İnkişaf - məqsədimizdir”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev - İlham Əliyev. Azərbaycançılığın Zəfər yolu”, “Müstəqillik yollarında: liderlik missiyası”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri nümayiş olunur.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/musteqilliyin-berpasi-gunu yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Xalq yazıçısı Kamal Abdullanın Rafiq Əliyevlə birgə yeni kitabı çap olundu
Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” adlı kitabı çapdan çıxıb.
“Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir.
Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir.
Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.
Kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni istiqamət kimi təqdim edən müəlliflər bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə izah etdiyini əhatəli şəkildə təhlil edirlər. Bu yanaşma həm dilçilik elmi, həm də informasiya nəzəriyyəsi sahələrində yeni perspektivlərə yol açır, gələcək tədqiqatlar üçün zəmin yaradır.
“Qeyri-səlis məntiq və nitq-dil” kitabı aktual məzmunu, novatorluğu ilə yanaşı, unikal tərtibatı ilə də diqqət çəkir. Nəşrin ilk fəsillərində L.Zadənin məşhur nəzəriyyəsinin yaranma tarixi, bu nəzəriyyənin digər elm və istehsalat sahələrinə uğurlu tətbiqindən söz açılır. Həmçinin qeyri-səlis məntiqin fasetləri ilə bağlı deyilənlər, onların ayrı-ayrılıqda araşdırılması, müxtəlif elm və həyat sahələrinə tətbiqi ümumiləşdirilmiş şəkildə təqdim edilir. Eyni zamanda, dil və nitqin nəzəri dilçilikdə qəbul edilmiş fərqindən, bu fərqi ortaya qoyan dilçi alimlərdən, dil-nitqin “nitq fəaliyyəti” çərçivəsindəki birgəliyindən söz açılır.
Sonrakı fəsillərdə fonoloji, morfoloji, leksik qatlarda, cümlə və mikromətnlərdə qeyri-səlislik məsələləri araşdırılır. Dilçilik elmi və süni intellekt məsələləri araşdırılan fəsildə isə süni intellektin tərkib hissəsi kimi özünü göstərən təbii dilin emalı və xüsusilə, “sentiment” təhlil əsasında dilçilik üçün perspektivli istiqamətlərə işarə edilir. “Bədii dil və qeyri-səlis məntiq” fəslində informasiya kanalında özünü göstərən “küylər”lə bədii süsləmələr arasında paralellik nəzərdən keçirilir, bədii informasiyanın ötürülməsindən söz açılır.
Kitabın “Nəticə” hissəsində hər fəsildən doğan ümumi yekun müddəalar yer alır. “Əlavələr” bölməsində oxuculara qeyri-səlis məntiqin dörd əsas faseti haqqında geniş məlumat verilir. Kitab ingilis dilində yığcam “Rezyume” ilə tamamlanır.
Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin “Qeyri-səlis məntiq və dil-nitq” adlı yeni kitabı təkcə elmi dairələr üçün deyil, eyni zamanda, geniş oxucu auditoriyasına dərin fəlsəfi və intellektual təcrübə təqdim edir. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini bir daha ön plana çıxarır. Oxucuları düşüncələrarası səyahətə dəvət edən bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır, Azərbaycan elminə mühüm töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Bağışladım...” - UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Baba Vəziroğludandlr.
Olan oldu, keçdi deyib, səni yenə bagışladım, - deyir şair.
Xoş mütaliələr!
Bağışladım...
Olan oldu, keçdi deyib,
Səni yenə bagışladım.
Sevdim səni bircə kərə,
Dönə-dönə bağışladım...
Bağışladım səni yenə,
Bağışladım dönə-dönə.
Tanrı səni verən günə,
Sevən günə bağışladım...
Səninlə bir keçdiyimiz,
Dilləndi hər cığır, hər iz.
Bir yerdə and içdiyimiz,
Aya-günə bağışladım...
Doğma, əziz bir küçəyə,
Sənsiz ötən hər gecəyə.
Boynubükük bir çiçəyə,
Solan gülə bağışladım...
Bu dünyada onu bil ki,
Sən eşqimin sonu, ilki.
Səndən başqa kimim var ki?!
Səni sənə bağışladım...
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“BİR ŞEİRİN HEKAYƏTİ” Təranə Turan ilə
Təqdim edir: Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Bir şeirin hekayəti" rubrikasının qonağı şair və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Təranə Turan Rəhimlidir.
-Xoş gördük, əziz Təranə xanım.
"Rəsm səssiz şeirdir, şeir isə danışan rəsmdir. (Plutarx)
Dəyərli Təranə xanım, rubrikamızın şərtinə görə yaradıcılığınızdan bir şeirin hekayətini oxucularınıza söyləməyinizi xahiş edəcəyəm, bizə danışan o rəsmi anladın. Seçdiyiniz şeir Sizdə hansı təəssüratları oyatmışdı? Həmin anlara qayıdaq, o anları xatırlayaq.
Buyurun, əziz şairimiz bizə
"Bir şeirin hekayəti"- ni söyləyin.
-Xoş gördük!
2015-ci il idi. Uzun zamandan sonra uşaqlıq illərimin keçdiyi, 27 il öncə satılan evimizin qarşısında dayanmışdım. Bütün gözəl xatirələrimin ünvanı, divarları arasında körpəliyimin məsum ətrini, uşaqlığımın şıltaq duyğularının coşqusunu, ilk gəncliyimin qanadlı arzularının həyəcanını qoruyub saxlayan ev...
Bu bağlı qapı arxasında bütöv bir dünya vardı, bunu kimsə bilmirdi. İkimərtəbə evin eyvanı hündür daş hasar arxasında gizlənmişdi, amma xəyalımdakı ətirşah çiçəklərini sanki yenə orada hiss edirdim, ətrini dalğa-dalğa ciyərlərimə çəkirdim. Necə çətin idi o qapının arxasında qoyub getdiklərimi düşünə-düşünə o qapının önündə dayanmaq...
Elə bilirdim ki, nənəm o nazlı yerişiylə yenə də bağçada gəzişir, nəvələrini başına toplayıb ən çox sevdiyimiz məşhur yeddi nağılı və nağıldan da maraqla dinlədiyimiz əzəmətli keçmişindən, mənsub olduğu bəy ailəsinin dəbdəbəli həyatından danışır. Nənəmin ipək səsi bizi ötən əsrin əvvəllərinə, Qarabağın adlı-sanlı bəylərindən olan Dadaş bəyin sürgününə qədərki illərə aparır. Xəyalımda otaq-otaq gəzdiyim o malikanədəki hər əşyanı, hər hadisəni ən xırda detalına qədər bilsəm də, yenə nənəmə suallar yağdırıram.
O qapının arxasından babamın nənəmə zəhmli, nəvələrinə mülayim gələn doğma səsini eşidirəm sanki. Babam məxmər gızılgülü dərib:
" ən gözəl gül budur, bunun ətrinə bax" deyib mənə uzadır. Mən isə ərköyüncə: "baba, yenə saplağını qısa dərmisən, güldana qoya bilməyəcəyəm" deyə gileylənirəm.
Sanki yenə atam tut ağacının altındakı taxtda mütəkkəyə dirsəklənib daim fikirli gözlərini uzaqlara zilləyib siqaret çəkir. Tüstü arxasından tutqun baxışlarının nə dediyini anlayıram. Anam yenə pilləkəndə dayanıb mənə aldığı təzə kitab üçün sevinclə ona sarılmağımı gözləyir. Kəhər at, novruz tonqalı, yasəmən ağacı, yay-qış çörəyin, fətrin ətri ilə qonşuları həyətə gətirən təndir, tut ağacının başında, haça budağın arasındakı evcik, həyətin ortasındakı, bacı-qardaş ətrafında dövrə vurub qaçdığımız böyük hovuz, əncir ağacının altında, üstünə qaya daşı qoyulduğundan içini heç vaxt görmədiyimiz quyu, meyvə bağındakı mütaliə guşəm... və daha nələr... bütün bunlar o qapının arxasında idi.
O qapıdan içəri addım atsam, nə baş verəcəkdi?! Oradakı dünyam qoyub getdiyim kimi qalmışdımı? Babam, nənəm, atam rəhmətə getmişdi, orada onlar yoxdu. Evimiz, həyətimiz necə, olduğu kimi qalmışdımı? Bəs nənəmin dibçəkdəki çiçəkləri? Bu düşüncələrlə bir xeyli darvazanın üstündəki "22' rəqəminə baxdım, baxdım...
Bir qadın səsi sanki məni yuxudan ayıltdı: "Qızım, evdədirlər, qapını döy". Qorxdum. O qapını döyməyə, mehriban qarşılanıb içəri dəvət edilməyə, orada hər şeyin özgələşdiyini, ya da yox olduğunu görməyə ürəyim gəlmədi. O sirli aləmi, uşaqlıq, ilk gənclik xatirələrimi yaralamamaq üçün, yaddaşımda öncəki əzəmətiylə canlı qalan o məsum dünyanı dağıtmamaq üçün oradan uzaqlaşdım. Və "Özgə qapı önündə" adlı şeirim yarandı.
ÖZGƏ QAPI ÖNÜNDƏ
Bu qapının dalında uşaqlığım dayanıb,
Bu qapıdan o yanda daha duymazlar məni.
Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam,
Bu qapıdan girməyə indi qoymazlar məni.
Orda qalıb nənəmin xanım-xatun yerişi,
Qanovuz ətəklərin xışıltısı ordadı.
O bağçada babamın əkdiyi ağacların
Dəyməmiş alçası da şəkər dadır, bal dadır.
Məxmər ləçəklərini yerə sərib qızılgül,
Hənirimdən tanıyıb ağac, budaq, bağ məni.
Bu həyətə girməsəm ətrini qoxladığım
Qızılgül kollarının haqqı tutacaq məni.
Bu qapının dalında qanadlı arzularım,
Şaxta, boran görməyən isti, qaynar bir həyat.
Havası xoş, suyu saf, orda hamı mələk tək,
Bu qapının dalında cənnət kimi bir həyət.
Bu həyətdə saz səsi, kəhər at kişnərtisi,
Novruz tonqalı boyda uşaq fərəhi qalıb.
İkimərtəbə evin aynabənd eyvanında
Ətirşah çiçəkləri sanki xəyala dalıb.
Onda qonum-qonşu da ev adamı kimiydi,
Bu qapı səhər-axşam açıq idi hamıya.
İyirmi ildən çox ötüb, özgə qapı önündə
Keçmişə qapı açan adamı kim tanıyar?!
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əmir Əhəryarın adsız şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Əmin Əhəryardır.
Əmin Əhəryar
Təbriz
Şəhəri bürüyən ağ lələklər kimi
Xiyabanda sərilmiş ayaqları dadmaq,
Ağrı dağına çıxmaq kimi ağırdır.
Əlləri qabardan, çatlayan yanaqsızları
Bağrına almaq şəhərin borcudur...
Heç görübsünüz iki ulduzu bir gecədə
Saymaq ola?!
Yuxuya gedir...
Düşüncəsi başdan düşən dəniz dalğaları.
Göylüm bir budaq alma ağacından asılı qalmış
Bərk-bərk yapışmış əllərini
Və mahnıları yenidən qoş...
Qarğalar xiyabanda hücum edənədək
Addımlarını bir, ikiyə qat
İkili gecələri yalqızcasına
Keçməkdə dad var
Son şamı yemək
Dad vericidir Davinçinin barmaqlarında...
Təklik saraylarına girir pozğuncasına
Gözləri, mavi dənizi boğan qız.
Şəhəri diskindirəcək
Sıtqa-sıtqa göz yaşları...
Məni boş ver...
Ağ lələkləri zincirlə...
Hörüklə Təbrizin saçlarını...
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Bizim axtardığımız doğru-dürüst cavab, doğru-dürüst sualın içindədir” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Üslub Jülyen Sorelin paltarı kimidir. Sten[1]dalın “Qırmızı və qara” romanının qəhrəmanı Jülyen geyindiyi libasın məziyyətini o saat unu[1]dur, onu digər kübar gənclər kimi başqalarının gözünə soxmurdu. Üslub da belədir. Onu bilərəkdən gözə soxmayanda o, tül pərdə kimi mətnin bədənini gözəlcə oxşayır.
2.
Ramiz Rövşən – mənim ideal oxucum. İdeal şairim...
3.
Qədim oğuzlar körpə Təpəgözə heyrətlə (bəlkə də - heyranlıqla) baxıb bir-birinə belə deyirdilər: bax, bax, hələ sən ona. Gör necə gözəldir, təpəsində bir gözü var.
4.
“İz ləpirdən əvvəl qabaqda neynir?!
Kimə lazım idi əyri rəsmimiz?!
Yenə qoca Allah göydə deyinir.
Yenə sözəbaxmaz uşaqlarıq biz.”
5.
Əsl cavab - bizim axtardığımız doğru-dürüst, yeganə cavab, doğru-dürüst verilmiş sualın içindədir.
6.
Rüstəm Behrudi əsl sehrbazdır. İstənilən ruhda, əhvalda yazılmış şeirləri var. Şaman şeirləri – buyur. Gözəl, zərif sevgi şeiri – al. Boz qurd haraylı misralar – var. İctimai pafos – nə qədər istəsən. Bu adam sehrbazlar dərəsində yaşamalı idi.
7.
“Bəxti-taleyindən gileylənən dost,
Bəxtimiz gətirib - biz doğulmuşuq.
Bəxtimiz gətirib bu gen dünyada
Bir nəcib anaya oğul olmuşuq.”
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Şuşa döyüşü” şeiri
“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Şuşa döyüşü” şeiri təqdim edilir.
ŞUŞA DÖYÜŞÜ
Bu da əsrimizin Şuşa döyüşü,-
Bu da nəslimizin təzə mərdliyi.
Sözdü, -danışsalar, gözdü,- görsələr,
Tanrım gətirməsin gözə mərdliyi.
Bu bir haqq savaşı, -möcüzə döyüş,
Necə də yaraşır gör bizə döyüş...
Bu da əlbəyaxa, üz- üzə döyüş,
Çevirə bilmirəm sözə mərdliyi.
Keçib keçilməyən o şırımları,
Aşıb aşılmayan aşırımları ,
Keçirib qoluna ildırımları
Özəl ordumuzun özəl mərdliyi.
Sevinc duyğuları qəmləri təklər,
Coşub yallı gedər yallar, gədiklər...
Tarzən öz tarını" cəngi"yə köklər,
Aşıq təlim edər saza mərdliyi.
Nəmli gözləriylə odlar götürən,
Qisasa səsləyən, vəcdə gətirən,
Şəhid tabutları altına girən
Analar öyrətdi bizə mərdliyi.
Dünya yalanlardan bezər sonucda,
Haqqı, ədaləti çözər sonucda.
Hərbi dərsliklərə yazar sonucda,
Bu ər döyüşünü, gözəl mərdliyi.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
DÜNYA ƏDƏBİYYATI - Barbara Uokerin “Dişi canavar” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı “Tərcümə saatı”nda sizlərə Barbara Uokerin yaradıcılıq nümunəsini təqdim edir. “Dişi canavar” hekayəsini dilimizə Alsu çevirib. Bu, 93 yaşlı yazıçının azərbaycanlı oxucularla ilk görüşüdür.
Barbara Uoker ruhanilik, feminizm və mifologiyaya dair kitabları ilə tanınan amerikalı yazıçıdır. 1930-cu il, iyulun 2-də dünyaya gələn B.Uokerin həm də toxuculuğa və sənətkarlığa dair kitabları var. Doğulduğu Pensilvaniya ştatında jurnalistika üzrə təhsil alan yazıçı 1970-ci illərdə zorakılığa məruz qalan qadınlara kömək edən yerli Qaynar xətdə xidmət edərkən feminizmlə maraqlanıb. Uoker təhsilini bitirdikdən sonra dinlərin müqayisəsi, mifologiya və feminizmlə bağlı araşdırmasını davam etdirib və bu, onun ən məşhur əsərlərini – “Qadınların miflər və sirlər ensiklopediyası”, “Qadınların ritualları”, “Tarotun sirləri: mənşəyi, tarixi və simvolizmi”, “Tac: yaşlı, hikmətli və güclü Qadın”, “Feminist nağıllar”ı yazması ilə nəticələnib. Amerika Humanist Dərnəyi 1993-cü ildə onu “Humanist qəhrəman” adlandırıb və 1995-ci ildə “Tarix yaradan qadınlar” mükafatını alıb.
DİŞİ CANAVAR
hekayə
Canavarlara sitayiş Avropanın bütpərəst qəbilələrinin dövründən, onlardan bəzilərinin qurda müqəddəs totem kimi pərəstiş etməsindən başlayıb. “Qurd”un nəsil adı olaraq günümüzə gəlib çıxması bunu sübut edir. Qurd totemli qəbilələrin üzvləri canavar dərisi geyinir və canavarı imitasiya (təqlid) edən rəqslərlə ritual olaraq özlərini heyvan ruhlarına çevirirdilər.
Yunan mifologiyasında tanrı Zevsin də canavar formasına çevrilməsi təsvir edilir. Xristian hakimiyyətləri tərəfindən “şeytanlaşdırılan” canavara inam orta əsrlərdə likantropiya (qurda çevrilən insan) haqqında xurafatlara səbəb olur. Bu da canavarları mənfi obraz kimi əks etdirən nağılların yaranmasına gətirib çıxarır. Daha dəhşətli, qorxunc canavar təsviri böyük ehtimalla hər hansı canavardan daha çox, insanlarda uşaqlıqdan yaranmış iri, dişləyən it xofundan qaynaqlanır... Uşaqlığımdan bəri itləri çox sevirəm, ona görə də nağıllarda canavarların dəhşətli təsvirlərinə baxmayaraq, onlara heç vaxt qorxuyla baxmamışam. Maraqlı və ecazkar bir canlını niyə pisləyirsiniz? Canavar totemli qədim qəbilələrin üzvləri, yəqin ki, likantropiyanın sehrli bir transformasiya (çevrilmə) vasitəsilə insanların kəskin qoxu və eşitmə hissini, canavarın çevikliyini, gücünü və cəldliyini bəyənmişdilər. Bir canlının – canavarın bu qeyri-adi xüsusiyyətlərinə müəyyən paxıllıq, demək olar ki, bütün insan cəmiyyətlərində özünü göstərir...
Biri vardı, biri yoxdu, qızı Lupa ilə kiçik bir fermada, balaca daxmada yaşayan kasıb, dul kişi vardı. Torpaq, demək olar ki, onlara lazımi qədər yemək vermirdi, tək ümid yeri inəkləriydi – onları süd, yağ, pendir kimi qidayla təmin edirdi. Bu kişinin həyatda yeganə sevinci qızıydı, ən böyük arzusu da onun böyüməsini görmək idi. Atasının göz bəbəyi olan Lupa isə ağıllı, həm də mehriban bir qızcığazıydı.
Bir gün fəlakət baş verdi: inək xəstələndi və öldü. Artıq nə süd vardı, nə də pendir, yağ. Dul kişinin nəinki təzə inək, heç bir-iki toyuq almağa da pulu yox idi. O, ölmüş inəyi kəsdi, ətini qızı ilə köməkləşib doğradı, bu ət onları bir müddət tox saxladı. Amma inəyin əti qurtarandan sonra onların yeni məhsul üçün əkilmiş toxumlardan başqa, demək olar ki, heç nəyi qalmamışdı.
Kişinin mərhum arvadı bacarıqlı dərziydi və onun bir neçə qobeleni hələ də evdə qalırdı. Lupanın atası onları zirzəmidən çıxardı. “Bunları anandan yadigar olaraq saxlamağı düşünürdüm” – o, kədərlə qızına dedi:
– İndi isə bu qobelenləri satmaqdan başqa çarəm yoxdur. Sabah mən yaz əkininə başlamalıyam. Sən də bu əl işlərini bazara aparmalı və bacardığın qədər ən yüksək qiymətə satmağa çalışmalısan.
Ertəsi gün səhər tezdən Lupa qobelenləri də götürüb yola düşdü. Evlərindən mərkəzi bazara yol uzaq olduğu üçün o, bir neçə kilometr yol getməliydi. Yolda ikən hava tutqunlaşdı və şiddətli tufan qopdu. O, daldalanmağa bir yer tapmadığına görə dayanmadı və yoluna davam etdi. Hava sakitləşəndə Lupa tamamilə islanmışdı… Qobelenləri sıxıb sudan təmizləmək üçün çantasından çıxaranda dəhşətə gəldi: bütün rənglər bir-birinə qarışmışdı!.. Anası solmayan, rəngi getməyən boyalardan istifadə etmədiyi üçün qobelenlərin üzərindəki təsvirlər islanıb dağılmış, gözəlliklərindən əsər-əlamət qalmamışdı...
Başına gələnlərdən məyus olan Lupa çarəsiz halda yolun kənarına çöküb ağlamağa başladı. Dolanmaq üçün son şanslarını itirməkdən əlavə, anasının əmanəti olan əl işləri də artıq yox idi… Atasının ən çox buna kövrələcəyini bilən Lupa nə olur-olsun, bazara getmək qərarına gəldi. Məqsədi ya qobelenin kətanını satmaq, ya da bir parça çörək üçün dilənmək idi. Yolunun üstündəki meşədən keçəndə o, həzin ulama səsi eşitdi. Bir o qədər də uzaqdan gəlməyən bu səs ona öz kədərinin izharı kimi göründü... Qorxu hissini kədərindən unutmuş bu qızcığaz səsin sahibini axtarmağa başladı və sağ qabaq ayağından tələyə düşmüş, ağrıdan acı-acı ulayan boz, iri, sarı gözlü dişi canavarla qarşılaşdı.
“Ah, yazıq canavar”, – dedi təmizürəkli Lupa, – “Sənə kömək edə bilərəmmi?”
Onun çox heyrətləndiyini görən canavar “məni bu tələdən xilas elə” – deyə yalvardı:
– Yuvamda körpələrim var. Mənsiz onlar məhv olarlar.
Lupa qalın çubuq götürüb tələnin ağzını açdı və canavarın ayağını ordan çıxartdı. Daha sonra paltarından bir az cırıb canavarın yarasını şəfqətlə sarıdı. Canavar yardımına, həyatını qurtardığına görə qızcığaza təşəkkür etdi və “balalarımla mən borcundan çıxmaq üçün həmişə hazırıq”, – deməyi də unutmadı. Lupa isə “təəssüf ki, mən o qədər pis vəziyyətdəyəm, heç kim mənə kömək edə bilməz”, – pıçıldadı və başına gələnləri, inəklərinin ölümündən tutmuş, qobelenlerə qədər hər şeyi canavara danışdı. Canavar ona bazara getməyi deyil, evə qayıtmağı məsləhət gördü və əlavə etdi:
– Narahat olma, hər şey yaxşı olacaq.
Bunu deyərək ana canavar axsaya-axsaya, amma sürətlə uzaqlaşdı. Lupa çox təəccüblənsə də, düşündü ki, danışan sehrli bir canavara etibar eləmək lazımdır. Atasının qobelenləri pis halda görməsini istəməyən Lupa onları meşədə torpağa basdırdı və əliboş evə qayıtdı. Atasına qobelenləri satdığını, lakin pulunun yolda oğurlandığını deyərək ağ yalan danışdı. Atası bütün gün işləmişdi, qızı kimi həm yorğun, həm də ac idi. Lakin onların yeməyə bir neçə toxumdan başqa bir şeyləri olmadığından qarınları quruldaya-quruldaya yatmağa getdilər. Gecə boyu hər ikisi meşədə canavarların səsinə tez-tez oyanırdılar. Səhər açılanda Lupa özünü hələ də yorğun hiss etdiyindən yerindən qalxmaq istəmirdi, amma qəflətən atasının qışqırığını eşidib onun yanına qaçdı. “Bir bax!” – atası ağlayaraq deyirdi: “Budur, qapının astanasında!”
Burada təzəcə kəsilmiş, kənarları cırıq-cırıq olmuş, sanki cəmdəyindən vəhşicəsinə parçalanmış iri bir maral əti parçası varıydı. Sevincək olan ata-bala dərhal ətdən doğrayıb bir neçə tikə qızartdılar və uzun müddət sonra ilk dəfə yaxşıca yeyib qarınlarını doyurdular.
Ertəsi gün isə həmin qapının astanasında kralın mühafizəçilərini görüb mat-məəttəl qaldılar. Onların arasındakı kapitan əlindəki qılıncın sapı ilə qapını döyərək qışqırırdı: “Qapını açın, qanunsuz ovçular!”
Lupanın atası tələsik qapını açdı: “Mən sadəcə yoxsul bir kəndliyəm. Siz səhv adamın dalınca düşmüsünüz”, – deyə yalvarmağa başladı. Kapitan daha da hiddətləndi: “Sən kral meşəsində kralın maralını ovlamısan! Boynuna al! Biz meşədən qan izi ilə bu qapıya gəlib çatmışıq”. Kapitanın əmri ilə mühafizəçilər daxmanın qapısından içəri keçib mətbəxdə, tavandan asılmış maral ətini gördülər. Kapitan içəri nəzər salıb bunu görən kimi dedi: “Hər ikiniz həbs olunursunuz”. Lupayla atası çox dil tökdülər ki, günahları yoxdur. Əti onların qapılarına hansısa “naməlum” bir varlıq qoyub desələr də, heç bir faydası olmadı. Elə daxmadaca onları tutdular, əli-ayağı bağlı halda mühakimə üçün kral sarayına apardılar.
Zindanda iztirablı, acınacaqlı gecə keçirdikdən sonra səhərisi gün ata və qızını sürüyərək kral və kraliçanın saray əyanlarının əhatəsində taxtlarında əyləşdiyi zala gətirdilər. Hətta əkiz körpə şahzadələr də beşiklərində kraliçanın taxtının yanında idilər. Qızılla bəzənmiş qara məxmər geyimli məmur zaldakı bütün cinayətkarlara qarşı ittihamları oxuyub sübutları təqdim etdi. Növbə Lupanın atasına gələndə o, bütün ittihamları inkar etdi və kral qarşısında diz çökərək günahsızlığını bildirdi. O, hadisəni belə izah edirdi ki, əti gecə saatlarında naməlum şəxs və ya şəxslər onun qapısının ağzına qoyublar... Kişinin bu hadisəni təkrar-təkrar danışması kralı bezdirdi. Təqsirləndirilən şəxs də izahının nə qədər zəif, əsassız olduğunu başa düşdü və utanaraq susdu. Amma kralın əksinə olaraq, kraliça bu məsələyə daha maraqla, həvəslə yanaşır, qıza və atasına diqqətlə baxırdı.
Lupa kraliçanın gözlərinin qeyri-adi, sarı rəngdə olduğunun fərqinə vardı. “Sən bu ikisi haqqında heç bir hökm çıxarma”, – deyə qətiyyətlə kraliça dilləndi, – “onları öz yanıma işə götürəcəm”. “Ancaq əzizim, qeyri-qanuni ovçuluğun cəzası edamdır”, – deyərək kral etiraz elədi. Lakin kraliça “mən də deyirəm ki, bu ata-bala edam edilməyəcək”, – dedi və əminliklə: “mühafizəçilər, onları mənim otağıma aparın!” əmrini verdi.
Beləliklə, Lupa və atası kraliça gələnədək onun otağında mühafizəçilərlə birgə gözlədilər. Kraliça gələn kimi onların qandallarını çıxartdırdı və sonra hamını otaqdan qovub ata-bala ilə tək qaldı. Lupa və atası onun qarşısında diz çökərək göstərdiyi mərhəmətə görə təşəkkür elədilər, o isə cavabında “Mən mərhəmətli deyiləm, sadəcə dürüst və vicdanlıyam. Mən borclarımı geri ödəyirəm. Keçən dəfə bunu eləyəndə sizin başınıza əlavə iş açdım, indi isə hər şeyi yoluna qoymaq mənim öhdəmə düşür”, – dedi.
Lupa qorxa-qorxa dillənib heç nə başa düşmədiklərini bildirdi. “Bu, tanış gəlir?” – deyə kraliça soruşdu. O, sağ qolunu, dirsəyindəki qanlı sarğını göstərdi. Lupa diqqətlə baxaraq paltarının parçasını tanıdı. “Kraliçamız dişi canavardır?” – Lupa heyrətlə pıçıldadı. “Bir də heç vaxt bu haqda danışmayacağıq. Sən, Lupa, mənim qulluqçum olacaqsan, atan isə kral bağbanı. O da çoxlu qızıl qazanacaq və yaxşı dolanacaq, sən də. Acınacaqlı günləriniz bitdi”.
Kraliçanın sözlərini eşidər-eşitməz ata-bala sevinclə onun əlini öpdülər və bir də heç vaxt o kasıb daxmalarına qayıtmadılar, kral sarayında məskunlaşdılar. Lupa illər uzunu kraliçaya sədaqətlə xidmət elədi. Atası da kralın bağına qayğıyla yanaşdı və günlərin bir günü də baş bağban təyin olundu. Lupa anasının qobelenlərini basdırdığı meşəyə gedib onları qazaraq çıxartdı, ucuz boyalarını yuyaraq təmizlədi və yenidən tikilməsi üçün saray dərzilərinin ən yaxşısına təhvil verdi. Nəticədə ortaya çıxan əsər onun adı ilə bütün dünyada məşhurlaşdı. İllər keçsə də, bu əsərlər milli muzeylərin vitrinlərində göz oxşayır…
İnsanlar o vaxtlar deyirmişlər ki, bəzi aysız gecələrdə Lupa və atası qəribə bir dəyişiklik keçirir və sarı gözlü, sağ qabaq ayağı yaralı olan iri, boz dişi canavarın başçılıq etdiyi vəhşi canavar sürüləri ilə birgə meşə boyu qaçırlar...
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)