İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
Əslən Cəlilabaddan olan və I Qarabağ Müharibəsi zamanı Cəlilabad rayonundan cəbhəyə yollanmış ilk xanım jurnalist, AJB-nin uzvü, hərbi jurnalist, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, "Həməşəra" Fəxri Diplomu laureatı, pedaqoq, yazıçı-publisist və şair Nigar xanım Həmidlinin o illərdə Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin 1992-ci ilin may ayında erməni təcavüzkarları tərəfindən işğal edilməsi barədə qələmə aldığı yazısını oxucularımıza “tarixi yaddaşlar silsiləsindən” təqdim edirəm.
Cəbhə xatirələri...
Gecə saat 01.55 dəqiqə.
Şuşa hər tərəfdən intensiv atəşə tutulur. Yaşadığım Şuşa sanatoriyasındakı 8-ci korpusun top mərmisindən pəncərələri çilik-çilik olur.
Rayonlardan gəlmiş milis işçiləri və mən 1-ci mərtəbəyə enirik. İşıqlar yanmır, həyəcan siqnalı verilmir.
Saat 3-ə qədər şəhərdə bir çox evlər yandırılır, iri binalara, müəssisələrə “Qrad”, “Alazan”, “Kristal”lardan atəş yağdırılır.
Şuşaya Xankəndi, Kərkicahan, Şuşikənd, Daşaltı tərəfdən zirehli hərbi texnika yaxınlaşır.
İlkin məlumata görə postlarda qızğın döyüş gedir. Postdan gələn milis işçisi saat 4-5 radələrində Kosalar, Qaragav kəndlərində yaralılar olduğunu bildirir. Saat 5-də şəhər əhalisindən evləri dağılanlar zirzəmiyə toplaşır. Burda uşaq, qadın, qoca da var. Mən onlardan ilkin məlumat ala bilirəm. Yanğısöndürənlər alovu söndürə bilmir. Çünki onları küçələrdə BMP, BTR və başqa silahlarla ataşə tuturlar.
Saat 6-da rabitə qovşağı, İcra hakimiyyəti, Universitet, 7 nömrəli məktəb, Qarabağa könüllülar batalyonunun binası, kilsə və digər binalar dağıdılır.
Saat 7-de Masallı milisi benzindoldurma məntəqəsindəki posta köməyə gedir. 10 nəfərdən 4-nün avtomatı var. Həbsxanada yerli sakin Hafizə qəlpə dəyir, həbsxana işçisi Yaşar və o halak olurlar. Yaşar Q.Zakir küçəsi, ev 1-də yaşayırdı. Yerli sakin Varaşilin, Məmmədov Şöhrətin, Həsənov Bəbirin evi “Qrad”la partladılır.
Təəccüblü burasıdır ki, təkid etməyimə baxmayaraq, heç bir milis işçisi (azı 100 nəfər PPD) köməyə getmək istəmir. Onlara heç kim tərəfindən əmr verilmədiyini bəhanə edirlər.
Saat 8.30 Şuşa DİŞ-nin əməkdaşı Sadiq gəlib kömək istəyir. “Kimin silahı var, gəlsin”, - deyə müraciət edir. Yenə də heç kim getmir. Çox yalvarıram. Şamaxı milisləri mənimlə DİŞ-nə gedir. Bizi yolda rabitə evinin qabağı tərəfdən artilleriya ilə atəşə tuturlar.
DİŞ-nə saat 9-da çatırıq. DİŞ-nin rəisinin müavini Eldəniz Quliyevin məlumatına görə Şuşa mühasirədədir. O, Bakıyla - MN, DİN və MTN-nin mətbuat xidməti ilə danışıb kömək istəyir. Mətbuat xidməti isə neçə nəfərin öldüyü haqda dəqiq məlumat tələb etdikdə, növbətçi dözə bilməyib onu təhqir edir. “Bizə kömək edin, Şuşanı ermənilər alır”,- deyə qışqırır.
Saat 11.15. Ermənilər çörək zavodunu, həbsxananı, tar sexini ələ keçirir. Arabir bizimkilər müdafiəni yara bilsələr də, kömək gəlmədiyindən şəhərin içərisinə doğru geri çəkilirlər.
Saat 12-də E.Quliyev cəlilabadlı Mübarizi Abşeron RDİŞ -nin milisləri ilə zastavaya göndərir. O, MN ilə, DİN ilə, Şuşa DİŞ rəisi V.Bayramovla və prezident aparatının bir nümayəndəsi ilə danışır. Sonra isə hamıya “2 saata kömək gələcək” – deyib arxayın edir.
Mübariz mənə Şuşanı tərk etməyi məsləhət bilir. Mənsə Eldənizə və ona deyirəm ki, silah verin. Mən son ana qədər Şuşanı tərk etməyəcəyəm. Heç olmasa girov düşdükdə özümü öldürə bilim. Hamıya bildirirəm, girov düşsəm məni güllələyin. Qanım sizə halaldır. Eldəniz deyir: Səni Mübariz güllələyər, yarızarafat-yarıgerçək.
Şuşa könüllülər batalyonundan Əli 3 nəfər yaralını və 7 nəfər meyitin silahını gətirir. Silahı DİŞ-nə təhvil verir. Ramizin batalyonundan Əlinin dediyinə görə 27 nəfərdən yalnız 3-4 nəfəri sağ qalıb.
E.Quliyev Elçin Məmmədov ilə danışmaq istəyir. E.Məmmədov hansısa postdadır. E. Quliyev Cahangirov ilə söhbətindən danışır. Danışığından hiss olunur ki, artıq döyüş şəhərin lap yaxınlığında piyada qoşunla üzbəüz gedir.
MN-dən R. Qazıyevlə danışılmadığından başqası onun haqqında hamını aldadırdı. Biz çox gözəl bilirdik ki, Şuşa siyasi oyunun qurbanı olacaq. Xocalı faciəsinin acı nəticələri təkrar olunurdu. Eyni ssenari davam edirdi.
Mən, artıq dözə bilmirəm. Küçəyə “Qrad”ın uğultusundan, partlayışdan çıxmaq mümkün olmasa da, təcili yardım maşınlarının yaralıları daşıdığını görüb güllə altında iki nəfər naməlum şəxslə xəstəxanaya gedirəm.
Xəstəxana köçürülüb. R. Qazıyevə qəsd olunan pedaqoji texnikumda 8 meyit, 10 nəfərə qədər yaralı var.
Mən, xəstəxanaya gəldiyim an belə bir xəbər gəldi ki, bizimkilər zastavanı tərk edib. Ermənilər şəhərə daxil olur.
Saat 2.30-dan düz saat 6.30-dək mən xəstəxanada yaralılara kömək etdim. İlk əvvəl Musayev Elçin, Tahir Səmədov, Gündüz Hidayət oğlu, Heydərov Aslan Xıdır oğlu, Hacıyev Bilal Cavanşir oğlu, İbrahimov Asif Cəlil oğlu, Novruzov Musabi Cəlal oğlu, Ellər və İsmayılov Vidadi Telman oğlunun yerləşdirilməsinə kömək etməklə, həm də qeydlər götürürdüm. Lakin yaralıların çoxalması mənim müxbirlik fəaliyyətimi kənara qoydu. Musayev Vidadinin son dəfə diktafona nəfəsini yaza bilsəm də, o həyatdan getdi.
Meyitlərimizin heç birinin sənədi yox idi. Dörd nəfər tanıdığım oğulların sənədi isə yerə düşmüşdü. Onları indi də saxlayıram:
1. Vahabzadə Şahin Mehdi oğlu.
2. İsmayılov Əşrəf Dayandur oğlu.
3. Şahmuradov Natiq Əlimərdan oğlunun pasport, tələbə bileti, arayış, bəzi telefon nömrələri qalır. Natiqin silahının nömrəsi və cibində pul var (10 min manat).
Ünvanlarını bilmədiyim üçün sənədi heç kimə təhvil verə bilmirəm.
Saat 16.00-da Nazim həkimin səyi nəticəsində yaralılarlı və meyitləri maşınlarla yola salırıq. Bütün tibb işçiləri Turşsuya gedir. Məni isə Bakıdan İlqar adlı bir oğlan 8-ci korpusa aparır. Mənim bütün əlyazmalarım orada qalıb. Şuşaya həsr etdiyim sənədlər, müsahibələrin bir hissəsi də Fizzə nənəgildə qaldı. Onlara getdim, qapı bağlı idi.
Saat 18.30 dəqiqədə DİŞ-nə top mərmisi düşdü. Bir nəfər qoca kişi orada yaralı idi.
Mən, yaralının ayağını bağladım. Onu yola saldıq. Yerli sakin Şükufənin əri Əlinin meyitini çıxarırdılar. Şəhərdə kişilər hələ binaların ətrafında gəzinirdi. Mən onlardan: – “getmirsiniz?” soruşduqda, – “Ölsək də, qoy evimizdə erməni öldürsün, nəinki qeyrətsiz özümüzünkülər” cavabını verdilər.
Saat 20.00-da mən, yerli əhali və əsgərlərlə “Yarma” deyilən zastavada idim.
Mən, orada İH başçısı Nizami Bəhmənovu, prokuroru, Fəxrəddin komandiri, “spesnaz”ın əsgərlərini, qadınları, uşaqları gördüm.
N. Bəhmənovdan soruşdum: “Nizami müəllim hanı, bəs köməyə niyə gəlmədilər, niyə Şuşanı verdik, meyitlərimizi yola niyə düzmüşük?”. O əlləri ilə başını tutmuşdu: “Bizi də aldatdılar” deyib köks ötürdü. Həmin vaxt E.Quliyev də oraya gəldi. Biz saat 9.00-dək orda gözlədik. Təxminən 8.00-8.30-da bir təyyarə Nəbilər tərəfdən bombardman etdi. Hamı sevindi. Elə bildik, bizim təyyarədir. Amma bizim postun 8 nəfərin öldüyünü eşitdik, təyyarə bizim deyilmiş. Təyyarə getdi. Hamı ümidsizcəsinə erməni toplarının altında BMP və BTR-lərin müşayiəti ilə son dəfə Şuşanı tərk etdi. Mən də BTR-la Nazim Bahmənov, Eldəniz Quliyev və bütün əsgərlərin yola düşdüyünə əmin olub, oranı tərk etdim.
Zarıslıda “215 KL” studiyasından Çingiz Mustafayevi gördüm. Mənim,”Şuşa bizim deyil, Çingiz, ermənilər qələbə gününü qeyd edir” sözümə, o inanmadı. Turşsuda isə Daxili İşlər Naziri Tahir Əliyevin gəldiyini eşidib onunla görüşdüm. O, milis işçilərinə nəsə məsləhət verirdi. Çox əsəbi halda “Niyə köməyə gəlmədiniz, Şuşanı satdınız, qaytar bizim igidlərimizi, məgər indi gələrlər?” – deyib ağlayırdım.
T.Əliyev heç nə demirdi. Biz saat 10 -11-də Laçında idik. Səhər saat 8.00-da (9 may) Laçında da bir neçə evi partlatdılar. Yaralanan oldu. Mən, İcra Hakimiyyətində, DİŞ-də, AXC-də oldum. Meyitlərin daşınması üçün maşın istədik. Çox çətinliklə biz həm meyitləri, həm yaralıları yola saldıq. 15-20-yə qədər yaralını axşam Qubadlıya yola salmışdıq. 3 nəfər yaralını Biləsuvar könüllüləri ilə Biləsuvara gətirdik.
Şuşa satıldı. Ermənilər Şuşanı almadı. Öz rəhbərlərimiz onu satdı. Şuşanın verilməsini, mən yalnız təxribat adlandırıram. Şuşa şəhəri vəzifəyə, pula satıldı. Mən yaralıları Laçında dindirdim. Faktlar göstərir ki, heç bir əmr verilmədən əsgərlər öz qeyrətlərinə sığınıb döyüşüb. Əsgərlərin və mənimçün müəmmalı olan, ayın 7-də postlardan texnikanın geri çağrılmasını kimin təşkil etməsi idi?
Kirs kimi mövqeyimizdən əsgərləri geri çağıran, heç bir hücum əmri verməyən komandirlərə ayın 5-6-da hərəsinə 10-15 min manat pul mükafatı verilmişdi. Nə üçün? Ona görə ki, Şuşanı tərk etsinlər. Əsgərləri 5-6-7 mayda evə kütləvi buraxan kimlərdir, müharibədə məzuniyyətmi olur? Sərhəddən keçən vertolyotlar niyə vurulmurdu? Minaları hansı batalyonun kəşfiyyatçıları basdımışdı? Xalqa bu sualların cavabı verilməlidir. Şuşanı hücumla saxlamaq olardı.
Şuşa dövlət tərəfindən müdafiə olunmadı. Mən, şahidi olduğum hadisələrdən belə nəticə çıxarıram ki, müharibə dövründə xarici səfərlərə gedən prezident səlahiyyətini yerinə yetirən Y.Məmmədovun, MTN-nin, MN-dəki bütün hərbiçilərin, Azərbaycan Səhiyyə Nazirliyinin, hamının günahı böyükdür.
Yaralılar üçün maşın, tibbi avadanliq tapılmırsa, cərrah azlıq edirsə, ölümüzün üstünə mələfə yoxdursa, bir həkim kimi Y.Məmmədov tədbir görə bilərdimi?
Niyə axı, 7-si mayda Əlsahib Orucov ilə Şuşaya gələn dövlət nümayəndələri xalqa yalan vəd verdi ki, 10-da yenə Şuşaya qayıdacağıq? Bəs nə üçün, mayın 8-də harayımıza gəlmədilər?
Qoy, Azərbaycan xalqı eşitsin! Şuşa satılıb, özü də rəhbərlərin əli ilə satılıb. Şuşanı əldən verdiyimiz vaxtda isə radioda yalan malumat verən şəxslər cinayət cəlb olunmalıdır.
Şuşalılar bunu heç kimə bağışlamayacaq. Qoy millətimizin qeyrətli oğulları öz səslərini ucaldıb həqiqəti desin. Cinayətkarlar cəzalarına çatsınlar.”
Çox şükür ki, artıq Şuşa bizimdir, düşməndən intiqam alınıbdır. Müzəffər Ordumuz, Müzəffər Ali Baş Komandanımızın sayəsində Qarabağın ürəyi artıq bizimlə döyünür.
Tarixdən ibrət götürməkçünsə bu cür qeydlər, əksərən subyektivliyə varılsa belə, çox lazımlıdır.
“Ədəbiyyat və incəsənət”
(29.09.2025)


