Rəssam Rəşid Şərif – mötəbər bir imza Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Adi peyzajçı, natürmortçü, portretçi rəssamlardan fərqlənən, digər rəsm sahələrində özünü sınayan rəssamlar adətən daha az tanınırlar. Amma Rəşid Şərif bir istisnadır.

 

Rəşid Şerif 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlayıb. 1989-cuildən – Yuğ Teatrının yarandığı vaxtdan ömrünün son gününə kimi teatrda baş rəssam kimi fəaliyyət göstərib. 2003-cü ildə Estoniyanın Vilyan şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olub.

Rəşid Şerif 1992-ci ildən karikaturaçı kimi bir sıra qəzetlərlə əməkdaşlıq edib. 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olub, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülüb. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olub.

Bakı İncəsənət Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Adile Naşit” Mədəniyyət Mərkəzi, “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilib. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” adlı sərgisinin iştirakçısıdır.

1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülüb.

 

Qurluşçu rəssam olduğu tamaşalar

1. “Açar” (Nizami Gəncəvi)

2. “Səma” (Şah İsmayıl Xətai)

3. “Gəl gedək”, “Gündoğan”, “Bircə qarış” (Ramiz Rövşən)

4. “Ümid”, “Ümid - 2” (Semyuel Bekket)

5. “Leyli demə”, “Yol”,“Dad”, “Vəsl”, “Hicr”, “Rəhm”, “Bəlayi-eşq”, “Yar”, “Ya rəbb”, “Rüsva”, “Əfğan”, “Rindü-şeyda” (Məhəmməd Füzuli)

6. “Yuxu” (Z.Marağayi)

7. “Sentimental vals”, “Birinci akt” (Anton Çexov)

8. “Yasaq” (Əbülqasım Firdovsi )

9. “Təskinlik verməyi unutmayın” (Antuan de Sent-Ekzüperi)

10. “Audiensiya”, “V ölçü”, “Uzun incə bir yoldayam” (Vaqif İbrahimoğlu)

 

Rəşid Şerif 26 mart 2020-ci ildə Bakı şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.