Super User
Ələmdarın ət dükanı və aparıcı partiya üzvləri – YUMORESKA
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Ələmdarı Abşeronda məmə yeyəndən pəpə deyənə qədər hər kəs Qəssab Ələmdar kimi tanıyır. Oğlu Ələmşah isə 11-cidə əla qiymətlərlə oxuyur, ingilis dilini və kompüteri əla bilir, üstəlik, tez-tez yaxşı ideyalar irəli sürür deyə ona da Kreativ Ələmşah deyirlər.
Əlqərəz, Qəssab Ələmdar bələdiyyədən qanun-kamalla rüsumunu ödəyib yer alaraq bir qəssab dükanı ərsəyə gətirir. Açılış gününə də oğlu kreativ bir ideya irəli sürür:
-Ata, ət dükanımızı tanıtmaq üçün gəl açılışa kreativ bir aksiya keçirək. Kimin adında ət sonluğu varsa ona bir kilo ət hədiyyə edək. Kəndimizdə uzağı 7-8 belə adam ola, ya olmaya. 7-8 kilo ətin ziyanı bir şey deyil. Amma əvəzində bu aksiya sosial mediada gündəm olacaq və ət dükanımız məşhurlaşacaq, müştərilər axınla gələcəklər. Sən də zümzümə edəcəksən ki, “əti bizdən alın, razı qalın”.
Ələmdar əlbəəl ağıllı oğluyla razılaşır və açılışa bir gün qalmış oğul öz facebook hesabında belə bir elan verir:
“Yeni açılan “Ələmdar ənd Ələmşah kompani” ət məhsullarının satışı şirkəti açılışa özəl bir aksiya keçirir: Kimin adında ƏT sonluğu varsa, ona 1 kiloqram ət hədiyyə olunur”.
Açılışa üç iri dana kəsən Ələmdar və oğlu, ailənin digər üzvləri lenti kəsib, şarları partladıb qonaq-qaranı, alıcıları qarşılamağa başlayırlar.
Bu dəm şəxsiyyət vəsiqəsini təqdim edərək 1 kilo ət payını götürən ƏT-lər də yavaş-yavaş sıra əmələ gətirməyə başlayırlar.
Kişilərdən:
ƏdalƏT
RüfƏT
MərifƏT
DəyanƏT
SurƏT
CövdƏT
DamƏT
RasƏT
FirqƏT
MədƏT
MəhəbbƏT
TəlƏT
SücaƏT...
Qadınlardan:
LətafƏT
ŞəfaqƏT
MəlahƏT
SədaqƏT
SəltənƏT
MətanƏT
AfƏT
KifayƏT...
Hər adda da 2-3 nəfər. Sən demə, qonşu kəndlərə də hay düşüb, bütün ƏT-lər dükana axışırmış. Ələmdar bu axını görüb narazı-narazı oğluna baxır. Oğlu da günahkarcasına çiyinlərini çəkir.
Az keçmiş başı çalmalı 2 ərəb gəlir, Osman ibn Qalib bin CurƏT, Xalifi ibn Öməri bin AyƏT də ətlərini götürüb gedirlər, iranlı Ağayi MöhübbƏT də ət payını gəlib aparır, nigeriyalı qaradərili Usman Connatla bir xeyli söz güləşdirməli olurlar, axırda əcnəbi sübut edir ki, Nigeriyanın Urtu tayfasında adlar at sonluğu ilə yazılsa da ət sonluğu ilə tələffüz edilir.
Biçarə zənciyə 1 kilo da yox, cəmi 645 qram ət çatır. 355 əskik gələn qramı da sabah çatdıracaqlarına söz verərək ata və bala 542 kilo havayı ət paylayıb təqribən 8 min manat ziyana düşməkliyin acısı ilə dükanı bağlayıb evə yollanırlar.
Gecə ilan vuran yatır, Ələmdar yata bilmir. ƏT-lərin daha qurtardığına əminliklə səhəri gün bankdan kredit götürüb daha 2 dana almaq, əsl alver etmək düşüncəsi ilə biçarə qəssab azacıq rahatlıq tapır.
Səhər işiqlaşanda ata-bala dükana yollanırlar, dükana çathaçatda təqribən 200 nəfərin qapının ağzında durduğunu görəndə matları-kutları quruyur.
Ələmdar qorxa-qorxa soruşur:
-Qardaşlar, sizə nə lazımdır?
Panamalı, kostyumlu, qalstuklu, eynəkli bir ahıl kişi irəli çıxıb deyir:
-Ələmdar müəllim. Biz ölkənin ən perspektivli, inkişafa meyilli Vəhdət partiyasının nümayəndələriyik. Xalqla hakimiyyətin vəhdətinə çalışanlarıq. Həm ölkənin inkişaf proqramına dəstək dururuq, həm də vətəndaşların düzgün, ədalərli olmasını kontrol edirik. Partiyamızın nizamnaməsində yazılıb ki, partiyanın adı həm də hər bir iştirakçının adıdır. Partiyanın 71 min üzvündən yaxın ərazilərdə yaşayanlar – tam 269 nəfər bura gəlmişik. Qalanlarının da əmanətlərini çatdıracağıq.
Ələmdar bir şey anlamayıb key-key baxanda çoxbilmiş oğlu onu agah edir:
-Ay ata, aksiyaya görə gəliblər dayna, 71 min nəfər VəhdƏT!
Bunu eşitcək Qəssab Ələmdar gözləri kəlləsinə çıxmış halda “neçə, yetmiş bir min?” deyibən ürəyini tutur, ildırım vurmuş kimi tir-tap yerə gəlir.
Panamalı, kostyumlu, qalstuklu, eynəkli ahıl kişinin “İstehlakçını aldatmaq dəb düşüb, söz verdin, eləmədin? Biz bununla mübarizə aparırıq. Əminik ki, siz də sözünüzün üstündəsiniz” sözlərinin fonunda Kreativ Ələmşahın qışqırıq səsi ucalır:
-Təcili Tibbi Yardım çağırın!!!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
"ARB 24" telekanalının müxtəlif situasiyaların öhdəsindən asanlıqla gələn direktoru
Elman Eldarğlu, “Ədəbiyyat və incəsənət”
Çox mehriban, qayğıkeş, diqqətli və təvazökar adamdır. Ömrü boyu heç kimlə mübahisə etmədən yaşaya bilir. Necə deyərlər, ürəyigeniş, səxavətli birisidir, sevincini hər kəslə bölüşməyi bacarır. Bu istiqanlılığı ona çoxlu dost bəxş edir, şöhrət gətirir, hörmət qazandırır. İnsanlarla razılıq və harmonik münasibətlər əsasında ünsiyyətdə olur. Və hər bir insanda hansısa müsbət bir xüsusiyyət görə bilir. Heç vaxt bilmədiyi işə girişmir, necə deyərlər, xoşlamadığı işlərdən imtina etməyi bacarır. Tarazlıq və balanslaşma onun üçün çox böyük əhəmiyyət kəsb edir. Həyatda nəyinsə həddən artıq olmasını xoşlamır. Tarazlığın, ölçünün pozuiduğu yerdə harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Ümumiyyətlə, o, müxtəlif situasiyaların öhdəsindən çox asanlıqla gəlir...
Yazıçı, ssenarist, kulturoloq, “Lider” televiziyasının keçmiş əməkdaşı Hafiz Ataxanlı onu belə xaraxterizə edir: “Onu “Lider” televiziyasının “Səda” analitik informasiya departamentindən tanıyıram. Həmişə tələsirdi, qaça-qaç, qova-qovdaydı. Bu, onun xəbəri operativ çatdırmaq vərdişindən irəli gəlirdi. Peşəsini sevirdi, işə canyanğısı vardı. Çayxanada saatlarla oturub dağı arana, aranı dağa daşıyanlardan deyildi. Bütün vaxtını və enerjisini işə sərf edirdi. Onu əsasən, üç planda görürdüm: ya əlində mikrafon “Lider”in maşınından düşüb liftə qaçır, ya bəzən heç lifti də gözləmirdi. Ya da ki, kompyüterin arxasında yazır və ya “Səda”nın montaj otağında iş başında olurdu...”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı- jurnalist, "ARB 24" telekanalının icraçı direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Radik Arzuman oğlu İsmayılovdur. O, 9 oktyabr 1979-cu ildə Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. Orta təhsilini 1996-cı ildə Bakı şəhəri Suraxanı rayonundakı 278 saylı orta məktəbdə başa vuraraq, oranı fərqlənmə attestatı ilə bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. 1996-2000-ci illərdə bakalavr pilləsini, 2001-2003-cü illərdə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2007-ci illərdə AMEA İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirərək, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edib. Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi var. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Bir müddət “Lider” televiziyasında “Xəbərlər” xidmətinin baş redaktorunun 1-ci müavini, 2016-cı ildən “CBC” telekanalının redaktoru, “ARB 24”-də baş redaktor vəzifəsində çalışmışıb. 2020-ci ildən "ARB 24” telekanalının icraçı direktorudur. Sinəsini “Tərəqqi” medalı bəzəyir...
Hafiz Ataxanlı daha sonra deyir: “İllər sonra “ARB 24”-ə rəhbər təyin olunduğunu eşidəndə ona zəng vurdum. Doğrudur, xüsusi dostluğumuz olmamışdı, heç o illər ərzındə onunla bircə dəfə də olsun çörək də kəsməmişdim. Düşünürdüm ki, tanımaz, xatırlamaz. Əksinə oldu, görüşmək istədiyimi dilə gətirəndə bəzi vəzifə mənsublarına xas duruxmaq, boğazı arıtlamaq, səs tembrinə “öldük işləməkdən” acısı qatmaq, filan halları olmadı. Dərhal sabaha görüş təyin etdi. Demək, vəzifə onu dəyişdirə bilməyib. Mən sənədli filmlərlə bağlı layihə təklif etdim, o isə məsləhətləşim, bir şöbə yaradaq, film- reportajlar işləyək dedi. Sonradan müəyyən səbəblərdən bu iş alınmasa da, Radikin məni isti qarşılaması, bürokratiyadan uzaq olması könlümü açdı. Bəli, xəbər sahəsinə rəhbərlik etmək ağır və məsuliyyətlu işdir. Bu məsuliyyətli, fəqət, şərəfli işdə Radik İsmayılova uğurlar arzulayıram...”
Adamlara qarşı çox nəzakətlidir. Hər bir insanla qarşılıqlı əlaqə, münasibət yaratmağı bacarır. O, hər bir insanda qeyri-adi keyfiyyətlər görməkdə dünyada az-az adamlardandır desəm səmimiyyətimə inanın. Son dərəcə fiziki, intellektual və ruhi-mənəvi enerjiyə malikdir. İnsanlara qida və sevgi zəruri olduğu kimi, ona həyatın rəngarəngliyi çox vacibdir...
...İnternet əsrində tamaşaçılarını zaman-zaman itirməkdə olan televiziyalara, bu gün həmişəkindən daha çox mütəxəsisliyilə yanaşı, fərdi keyfiyyətləri də yüksək olan rəhbərlər lazımdır. Haqqında söhbət açdığım Radik İsmayılov da belə rəhbərlərdən biridir. Məhz onun sayəsində “ARB 24” televiziyası ölkənin ən çox baxılan telekanallarından birinə çevrilib. Bəli, bu telekanalda mənəviyyata xidmət edən verilişlərdən tutmuş, şou proqramlara qədər rəngarəng veriliş seçimi var...
Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü Qulu Məhərrəmli isə onu belə dəyərləndirir: “Radik İsmayılov çox çalışqandır, biliklidir. Həmçinin onun çox gözəl televiziya duyumu var. Ölkədə müasir televiziya menecmentini ən yaxşı bilənlərdən biridir. Belə bir peşəkarın yetişməsində bizim də rolumuz olduğuna çox sevinirəm...”
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
Onun qısa filmləri milyon baxış qazanıb
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanlı aktyor Əlixan Rəcəbovdan danışacağıq.
Məşhur hind filosoflarının mübahisəsidir:1-ci filosof deyir ki, ayın 1-də doğulan ən qabağa düşəndir, ən güclüsü, ən dirənişlisidir. Liderdir.
2-ci filosof isə deyir ki, əksinə, o, əvvəlki ayadüşə bilməyib, tənbəlliyindən, zəifliyindən geriyə itələnərək növbəti aya qalıb.
Bizə isə elə gəlir ki, ayın 1-də doğulan qəhrəmanımız məhz 1-ci filosof deyənlərdəndir.
Əlixan Rəcəbov 1991-ci ildə, avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib.
2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı.
Videobloqlarıyla məşhurlaşandan sonra, 2017-ci ildə "Kəklikotu" filminin kastinqindən keçib, Qafar obrazını canlandırdı. Daha sonra, böyük şirkətlərə reklam videoçarxları çəkməyə başladı.
2018-ci ildə isə, "Ağacdələn" , "Qış Nağılı" və "Əlvida Şmidt!" filmlərində baş rollarda yer aldı. 2019-cu ilin martında İctimai TV-də yayımlanan "Şou biznesin sonu" televiziya filmində baş rolda oynadı.
Filmoqrafiya
1. Kəklikotu
2. Ağacdələn
3. Balta
4. Qış nağılı
5. Əlvida Şmidt
6. Şou-biznesin sonu
7. Sən demə
8. Zəhər tuluğu
Əlixan Rəcəbovun Youtube üçün çəkdiyi filmlər yüksək izlənməyə malikdir
- Qaqanın gündəliyi 1
- Qaqanın Gündəliyi 2
- Qaqanın Gündəliyi 3
- Qaqli 4 — Pasledniy Söhbət
- Onun gündəliyi — 1
- Onun gündəliyi — 2
- Bakılının gündəliyi — 1
- Bakılının gündəliyi — 2 : VHS
- Bakılının gündəliyi 3 Yadigar
- Olum ya ölüm
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
Arif olan nakam getməz bu dünyadan… -ARİF BABAYEV VƏFAT ETDİ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycan muğamının qürurla döyündüyü qəlbində bu gün ağır bir sükut var. Sanki tarın simi qırılıb, kamançanın avazı itib… O bir sənətkar olmaqla yanaşı, muğamın nəfəsi, Qarabağın səsi, Azərbaycanın ruhu idi. Arif Babayev bu dünyadan köçsə də, onun səsi hələ uzun illər minarələrdən ucalacaq, çalınmamış qəlblərdə səslənəcək.
1 avqust 2025-ci il səhər saat altıda Arif Babayevin səsi sükuta çevrildi. Amma bu sükut adi bir səssizlik deyildi. Bu, qürurlu bir ömrün son akkordu, sənətə həsr olunmuş bir həyatın sonuncu səhnəsi idi. Böyük sənətkar getdi… Amma özü demişkən, “Arif olan nakam getməz bu dünyadan.” O da nakam getmədi.
Muğamın qibləsi sayılan Qarabağ torpağına bir daha ayaq basdı… Azad Ağdam torpağını öpdü, doğma havanı ciyərlərinə çəkdi. Sanki ruhu yerinə qayıtdı. Sanki bu dünyadakı son vəsiyyətini yerinə yetirdi – Vətənini azad görmək…
Arif Babayevin səsi artıq fiziki varlığından asılı deyil. O, muğamın özüdür. Onun ifasında “Rast” daha əzəmətli, “Segah” daha kövrək, “Şur” daha ülvi səslənirdi. O, muğamı sadəcə oxumurdu – yaşayırdı, yaşadırdı. Yetirmələri, dinləyiciləri, ona heyran olan nəsillər onun sənət məktəbindən keçdi, keçir və keçəcək. Bu məktəb heç vaxt bağlanmayacaq.
Bu gün bir millət matəmdədir, amma həm də qürurludur. Çünki Arif Babayev kimi bir sənətkarın ömrünə şahidlik etdi. Onun qoyduğu irs, muğamımızın yaddaşına həkk olunmuş nurdur.
Arif müəllim, səssizcə getdiniz, amma əbədi yaşamaq üçün…
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
Şəhid övladları üçün “YAŞAT” yay məktəbi Londonda davam edir
“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü “YAŞAT” yay məktəbi davam edir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak edirlər.
Proqram çərçivəsində zəngin ekskursiyalar da təşkil olunur. Şagirdlər dünyanın ən məşhur meydanlarından biri olan Trafalgar meydanında, Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri Britaniya muzeyində və “Chinatown”da olublar. Monarxiyanın simvolu sayılan Bukinqem sarayı, Hayd-park, Qrinviç parkı ve Qrinviç meridianına ziyarət də iştirakçıların xüsusi marağına səbəb olub.
“YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
Gənclər Lalə Azərtaşla görüşdülər
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və National Assembly of Youth Organizations of the Republic of Azerbaijan-nın birgə təşkilatçılığı ilə keçirilən məktəbin növbəti qonağı tanınmış teleaparıcı Lalə Azərtaş olub.
Görüş zamanı jurnalist televiziya sahəsindəki təcrübələrini, media mətbəxinin iş prinsiplərini və şəxsi fəaliyyət yolunu iştirakçılarla bölüşüb.
İnteraktiv şəkildə keçən görüş maraqlı və unudulmaz məqamlarla yadda qalıb.
Qeyd edək ki, məktəb Azərbaycanın milli mətbuatının 150 illiyinə həsr olunub.
Bu görüşdə portalın əməkdaşı,bəndəniz mən Nigar da iştirak etmişəm. Şəxsi təəssüratlarımı bildirsəm,mütləq qeyd etməliyəm ki,Lalə Azərtaşın səmimi aurası və təcrübəsi insanı valeh edirdi. O görüş boyunca öz səmimiliyini qoruyub eyni zamanda da balansı saxlayaraq peşəkarlığını da iştirakçılara ötürməyi bacardı.
Ona verdiyim suallardan biri yenidən xəbər sahəsinə qayıtma istəyi ilə bağlı oldu . O sevə-sevə yenidən xəbər sferasına dönmək istədiyini ancaq bunu sosial layihə ilə paralel formada davam etdirməyi düşündüyünü bildirdi. Həmçinin qeyd etdi ki, Qarabağın azadlıq xəbərini verən bir jurnalist kimi o düşünür ki, artıq sosial layihədə olub insanlara faydalı olması daha vacibdir.
Biz tamaşaçılar isə onu istədiyi, özünü xoşbəxt hiss etdiyi və pozitiv enerjisini, peşəkarlığını ötürdüyü yerlərdə daima görməyi arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
Özbək teatrının inkişafına töhfə verən rejissorumuz
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor Firudin Səfərov 1977-ci ildə A. Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edildi. O, 60-a yaxın opera tamaşalarına, o cümlədən P. İ. Çaykovskinin "Qaratoxmaq qadın", "İolanta", Q. Donisettinin "Sevgi şərbəti", C. Verdinin "Traviata", "Riqoletto", "Trubadur", C. Rossininin "Sevilya bərbəri", S. Prokofyevin "Odlu mələk" və başqa tamaşalara maraqlı səhnə həlli verdi.
O, Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru oldu, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil etdi. Firudin Səfərov hətta ölkədən kənarda çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", müasir türk bəstəkarı Nevit Kodallının "Van Qoq" və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun "Natəvan" operalarına quruluş verdi.
Sənətçinin peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyük idi. O, uzun illərdir ki, Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş apardı. Bir çox gənc vokalçılar ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atdı, böyük səhnədə öz istedadlarını nümayiş etdirə bildilər.
Firudin Səfərov 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professoru idi.
Bəli, bu gün qardaş özbək teatrına töhfələr vermiş bu tanınmış rejissorun doğum günüdür.
Azərbaycan Respublikasının xalq artisti Firudun Səfərov 1 avqust 1933-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil alıb, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışıb. 1968-ci ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirib
1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilib. O, bir çox opera tamaşalarına quruluş verib, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanıb. Respublikamızda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunub.
1981-ci ildə A. Petrovun "Birinci Pyotr" operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.
26 iyul 2024-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 19
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
19.Vaxtın yetişməsi qanunu
«Ardınca insanları nə zaman aparmaq lazım olduğunu bilmək nə etmək və hansı istiqamətdə hərəkət etməyi bilmək qədər vacibdir».
Böyük liderlər gözəl bilirlər ki, insanları öz ardlarınca hansı vaxt aparsınlar. Liderin hər dəfə yeni addım atmaq istəməsi zamanı real olaraq 4 situasiya yarana bilər:
- Qeyri münasib vaxtda səhv addım atmaq – fəlakət! Təbii ki, belə bir addım fəlakətə aparır.
- Qeyri münasib vaxtda düz addım atmaq – müqavimət! Müsbət nəticə bəslənsə belə əlverişsiz şəraitin müqaviməti nəticəsində bu addım sonda uğursuzluğa gətirir və xəyal qırıqlığı yaradır.
- Münasib vaxtda səhv addım atmaq – səhv! Burada da öncə müsbət nəticə qazanmaq elementləri görünsə belə, tam fiasko ilə nəticələnir.
- Münasib vaxtda düz addım atmaq – uğur! İdeal şərait bax budur, belə vəziyyətdə uğur qazanmaq ehtimalı yüz faizə bərabər olur.
Uğur üçün tək düzgün fəaliyyət göstərmək deyil, bu fəaliyyəti məhz zamanı yetişəndə həyata keçirmək lazımdır ki, bu da vaxtın yetişməsi qanunudur.
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
OXUCULARIMIZIN YARADICILIĞI - “Quyu”, Cəfər Atayevin hekayəsi
“Ədəbiyyat və incəsənət” portal “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Cəfər Atayevin “Quyu” hekayəsini təqdim edir.
Əslində hər şey qaydasında gedirdi. Davutlu kəndinin sakinləri həmişəki kimi öz həyatlarına davam edirdilər. Ta ki o günə kimi...
İl 1989. Qəribə bir yay günü idi. Ağaclar yaşlı insan kimi görünür, budaqları isə vahimələndirirdi. Hələ ayda qırmızımtıl parıldayırdı. Sanki təbiət bu günü özəl edəcək nəsə hazırlamışdı. Yorğun bir günün sonunda Nazlı, sanki illərin yorğunluğunu göstərən gözləri yumulmasın deyə özünü zar-zor tuturdu. Yelləncəyində mürgüləyərək yellənən Nazlı arxadan gələn bir səsi eşitcək diksindi. Astaca balaca əlləri ilə yorğun gözlərini, iri, açıq, zilqara bəbəklərini sanki “bir azca da oyaq qal” deyərmişcəsinə ovuşdurdu.
Səs bağın ortasındakı ağacların arasından gəlirdi.
Nazlı az sonra olacaqlardan xəbərsiz, ağlında “bu toyuqları hinə salmaqdan bezdim, bunlar çıxmaqdan bezmədi”- deyə deyinərək ora yaxınlaşdı.
Nəhayət üç yaşlı, bədheybət ağacın arasından gələn səsə boylandı. Orada heç nə yox idi. Az öncə gələn səs isə gah sağdakı ağac tərəfdən, gah soldakından, gah da tam qarşısındakından gəlirmiş kimi əks-səda verirdi. Nazlı reaksiya vermədən donub qalmışdı, olanlara kiçik beynində bir anlam verməyə çalışırdı. Alnından süzülən soyuq tər damcılarının neçəsi qara iri bəbəklərinin içinə gedib göynədir, neçəsi yanağından çartlamış dodağlarını yandıraraq süzülürdü. Ağzı açıq, dəli kimi gah sağa, gah sola boylanırdı. Sanki ayaqları yerə yapışıbmışcasına bədənini tərpədə bilmir, bu hadisədən qaçıb qurtulammırdı.
Bu dəmdə yanındakı quyudan gələn körpə çığırtısı Nazlının bütün bədənini titrətdi, bu səs indiyə qədərki vəziyyəti tamam dəyişmişdi. Elə bil ruhu bədənindən çıxdı, yox-yox, sanki ruhu bədəninə daxil oldu, ya da yox, bu ruh deyildi... Bu tam başqa bir şey idi. Bu şey Nazlının zülmət qarası gözlərini parıldadıb, beynini keyləşdirmişdi. Lakin quyudakı inilti dinməmişdi.
Az sonra özünü uşaq ağlaması və ara bir fəryad səsi ilə əvəz edən bu inilti Nazlının balaca qəlbində həm qorxu, həm mərhəmət hissi oyatdı. Quyunun qapısını açmağı tapşırırdı içindəki səs, belə də etdi. Çətinliklə də olsa bu dəmiri yerə salmağı bacarmışdı. Amma quyunun suyu çəkilmişdi. Su yerinə yerdə üçbucaq şəklində bir-birinə yaxın üç yanılı şam var idi, ortasında isə bir gəlincik. Bunca fəryadın bu vahiməli gəlincikdən çıxması nə qədər ağılasığmaz olsa da, o şamları ora kimin qoyması və hələ yandırması düşüncəsi daha betər qorxudurdu adamı... Bu, başdan ayağa dəlilik idi.
Bütün bədəni qan tər olan Nazlıya içindəki səs o gəlinciyi xilas eləməyi tapşırdı. Uzun kəndir tapıb, bir ucunu belinə bağlayıb, digər ucunu isə quyunu əhatə edən 3 ağacın ətrafında dəfələrlə dolayaraq nəhayətində bağlaya bildi. Dərindən nəfəs alıb quyunun üstünə çıxdı. Astaca birinci ayaqlarını, sonra bədənini quyuya saldı.
Sağa-sola baxır, sanki çırpınırdı bu boşluğun içində.
Nəfəsi daralır, quyunun dərininə düşdükcə ciyərləri ağırlaşırdı. Getdikcə uzanan uzun yolun sonunda quyunun dibinə enməyi bacardı, amma bu dəmdə bədəni yüngülləşmişdi, sanki illərlə bədənində həbs olan bir şey azad olmuşdu.. Bir qədər donub, daha sora gördüyünə inana bilmədi. Yerdə nə şamlar, nə də gəlincik var idi.
Nazlının gözlərinin parıtlısı itdi. Tez əlini bura düşdüyü kəndirə atanda orda kəndirin olmadığını gördü. Son dəfə çabaladı, başı gicəlləndi, yerə yıxıldı. Gözünü açanda özünü qaranlıq bir otaqda tapdı. Bu, otaq da deyil, tunel idi, damdar idi, məzar kimi. Yox-yox, geniş idi.
Nazlı getməyə başladı, get-gedə uzanan yol isə onu yorurdu. Budur, o çatmışdı. Qarşısında yol ayrıcı və hər yol ayrıcında bir qapı durmuşdu. Sağdakı qapı tərəfdə qışqırıq, fəryad, soldakından isə gülüş səsləri yüksəlirdi. Nazlı özü də bilmədən bir-birindən bağımsız iki kainatın ortasında idi. Bir qədər düşünüb gülüş gələn qapıya tərəf qaçdı. Nazlı qaçdığca qapı ondan daha da uzağa düşürdü..
Yorulan Nazlı içindəki bir səslə daha da şiddətli qaçmağa başladı.
“Get, get, sən bacararsan!”
Nazlı qapıya yaxınlaşanda artıq təmiz taqətdən düşmüşdü, yorğunluq ifadə edən qara gözləri bozarmış, göz altları sallanmış, ayaqları isə sanki bədənindən uzaqlaşmaq istəyirmiş kimi qaçırdı. Boğazı o qədər qurumuşdu ki, elə bil, illərlə suya həsrət olan səhra yerləşirdi ağzının içində.
Bayaqdan yanında qaçıb fikir vermədiyi bir budağa gözü sataşdı. Bu budaq Cənnətdən çıxmışdı. Budağın üstündə isə parıldayan almalar göz oxşayırdı.
Sol əlini bir ümüdlə atıb almanın birini qopardı...
***
Səhər saatları.
Ailə 9 yaşında Nazlını bütün qorum-qonşudan sorub-soruşdurandan sonra, ümidini üzüb, ən yaxın polis şöbəsinə üz tutdu. Həyətdə axtarış zamanı qapağı yarımçıq qoyulmuş bir yer quyusu polislərin diqqətlərini çəkdi. İçində isə Nazlının şişmiş, cansız bədəni. Əlində isə bir dişlənmiş alma.
Uzun tərəddüddən sonra ailə qızın yuxuda gəzdiyini etiraf etdi və cinayət işi bağlandı.
O hadisədən bir həftə keçmişdi ki, ailəni gecə yarısı bir səs oyatdı. Quyudan uşaq çığırtısı səsi gəlirdi...
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)
Kinoçular sülələsinin nümayəndəsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında bəhs edəcəyim şəxs həqiqətən də kinoçular sülələsinin nümayəndəsidir. Azərbaycan kino və televiziya rejissoru Ələkbər Muradov kinomexanik Yunus Muradovun oğlu, rejissor Murad Muradovun atasıdır. Hamısı ömrünü kinoya həsr edib.
Ələkbər Muradov1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləyib.
Filmoqrafiya
1. Anamın duaları
2. Anaya məktub
3. Armudu
4. Bakı. Müharibə illəri
5. Boru xətlərində yeni texnika
6. Dədə Şəmşir
7. Dünən, bu gün, sabah
8. Ərənlər
9. Gəmiqaya
10. Güllələnmə təxirə salınır!...
11. "Hacı Mail" nağılı...
12. Hamı bir nəfər üçün
13. Həsir
14. Hökm
15. Kənd əhvalatı
Mükafatları
- Cəfər Cabbarlı mükafatı
- "Əməkdar incəsənət xadimi" fəxri adı.
Hər bir filmə ürətini qoyub. Tanınıb, bəyənilib. Uzun ayların gərgin əməyindən sonra ortada qalan lent yazılarını ömrünün bəzəyi sayıb. Ta ki ömrü qırılanadək.
Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)


