Nərgiz Mustafayeva, Gəncə. “Ədəbiyyat və incəsənət” üçün
Fevral ayının 1-dən 20-dək davam edən dövrə Kiçik Çillə deyilir. Qış fəslinin ən sərt, çovğunlu çağı bu dövr sayılır. Kiçik Çillədə qış çox sərt, şaxtalı keçdiyi üçün bu dövrə “qışın oğlan çağı”da deyirlər. Kiçik Çillənin ilk 10 gününə “yalquzaq zamanı” deyilir, bu dövr olduqca şiddətli keçir.
Əski inanclara görə, Böyük çillə ilə Kiçik çillə qışın tən ortasında görüşür: “Kiçik çillə Böyük çillədən soruşur, nə gördün? Böyük deyir ki, dolu samanlıqlar, yağ küpələri, qollu-biləkli qarılar təndirə çörək yapırdı. Kiçik deyir, eybi yox, ömrüm 20 gün də olsa, mən o qarıları külfədən soxub bacadan çıxaracağam. Dolu samanlıq və yağ küplərini isə tükədəcəm. Ömrüm az, dalım yaz...”
Ulu əcdadlarımız Kiçik Çillənin girməsini Səddə bayramı ilə qeyd edərmişlər. Bu bayram barədə günümüzə az məlumat çatıb. Yaşlı insanların söylədiyinə görə, Səddə bayramı Novruza 50 gün qalmış keçirilərmiş. Deyimlərə görə Səddə bayramında kənd meydanlarında tonqal yandırılarmış, tonqal ətrafında əl-ələ tutub kütləvi rəqs edərmişlər. Bu tonqal “xoşbəxtlik tonqalı”, “uğurluluq tonqalı” adlanarmış.
Bəzi etnoqrafların araşdırmalarına görə Səddə sözü “Sədd” sözündən yaranmış, qış ilə yay arasında tonqaldan sərhəd mənasına gələrmiş. Ərəb dilində “səd” sözü xoşbəxtlik, uğurluluq kimi məna verir. Astrologiyada isə “səd” sözü uğurlu ulduz kimi istifadə edilir.
Kiçik Çillə yarı olanda təxminən fevralın 8-10-cu günlərində Xıdır Nəbi bayramı keçirilir.
Kiçik Çillənin başa çatması ilə havalar tədricən isinməyə doğru gedir.
“Ədəbiyyat və incəsənət”
(30.01.2026)


