Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bir suallıq ömür yaşamaq odur ki, sanki sənin içində bir quyu var, onun içinə düşmüsən, amma quyu sonsuz dərindir və dibi yoxdur. Hər addımda düşürsən, amma heç yerə çatmırsan. Və ən qəribəsi budur ki, düşdükcə yuxarını unutmağa başlayırsan. Harada başladığını, niyə düşdüyünü, ümumiyyətlə yuxarıda nə olduğunu.
Suallar sənin içində canlı məxluqlardır. Onlar böyüyür, nəfəs alır, bəzən səni içəridən yeyirlər. Sən yatağa uzanırsan, gözünü bağlayırsan və onlar başlayır fısıldamağa. "Niyə?" deyirlər. "Nə üçün?" deyirlər. Sən cavab verməyə çalışırsan, amma dilin tutulur. Çünki cavab dilində deyil, beynindədir. Amma beyin də onu tapa bilmir.
Bir suallıq ömür o deməkdir ki, səhər ayılanda özünü yenidən qura bilməlisən. Dünənki sən bu günkü sən deyil. Dünən inandığın şey bu gün kül kimidir. Əlində tutmağa çalışanda tozuna dönür, əlindən süzülüb gedir. Və sən qalırsan boş ovucla, baxırsan əlinə və düşünürsən bəs nə tutmalıyam?
Zaman səninlə oyun oynayır. Bəzən sanki dayanır. Bir an uzanır, genişlənir, sonsuzlaşır. Sən o anda batırsan, əriyirsən. Sonra qəfil hər şey sürətlənir, zaman qaçır, sən arxasınca qaçırsan, çata bilmirsən. Və anlayırsan ki, zamanı heç vaxt tutmayacaqsan. O sənin əlində su kimidir - nə qədər sıxsan, bir o qədər tez axıb gedir..
Hər insan içində ayrı dünya daşıyır. Bu dünyalar bir-birinə toxunur, amma heç vaxt kəsişmir. Sən biriylə danışırsan gözünə baxırsan, gülürsən, ağlayırsan. Amma bilirsən ki, aranızda şüşə var. Görünməz şüşə. Sən onun dünyasına girə bilmirsən, o səninkiə. Hər kəs öz qəfəsindədir. Qəfəslər yan-yanadır, amma açar hər birində fərqlidir.
Bir suallıq ömür o deməkdir ki, hər şey mümkündür, heç nə əmin deyil. Sən yaşayırsan, amma yaşadığından əmin deyilsən. Bəlkə yuxu görürsən. Bəlkə başqası yuxu görür və sən o yuxunun içindəsən. Bəlkə heç nə yoxdur, yalnız sənin düşüncən var ki, nəsə var.
Suallar toxum kimi səpilir içinə. Əvvəl bir-iki, sonra minlərlə. Onlar cücərir, böyüyür, kök salır. Sənin içində bütöv bir meşə böyüyür suallardan. Və sən o meşədə itməyə başlayırsan. Hər ağacın budağında yeni sual, hər yolun sonunda yeni yol yaranır. Çıxış axtarırsan, amma o meşə sonsuz genişlənir.
Bəzən durursan güzgü qarşısında. Baxırsan özünə və görürsən ki, bu üz tanış deyil. Bilirsən ki, sənin üzündür, hər gün görürsən. Amma bu an sənə yaddir. Və düşünürsən - bu üzün arxasında kim var? Mənmi, yoxsa başqası? Və əgər başqasıdırsa, mən hardayam?
Bir suallıq ömür o deməkdir ki, hər cavab yeni sualdır. Bir qapı açılır, dalında on qapı. Bir yol bitir, qarşıda min yol. Sən addımlayırsan, amma yerində qalırsan. Çünki irəliləmək illüziyadır. Hər addım səni başlanğıca qaytarır. Sən dairə içində gəzirsən, amma düz xəttdə getdiyini sanırsan.
Varlıq bir paradoksdur. Sən həm sənsən, həm deyilsən. Həm bilirsən, həm bilmirsən. Həm inanırsan, həm şübhələnirsən. Və bu ziddiyyətlərin içində tarazlıq axtarırsan. Amma tarazlıq haradasa ortadadır, sən isə həmişə kənardasan. Ya çox sağda, ya çox solda. Heç vaxt ortada.
Gecə yatanda düşünürsən - sabah oyanacaqmı? Əgər oyanmasam, fərq edəcəkmi? Kim biləcək? Və əgər heç kim bilməyəcəksə, deməli, mən var idimmi? Yoxsa varlığım yalnız başqalarının yaddaşındadır? Əgər belədirsə, onda mən özüm yoxam, yalnız başqalarının fikrində bir xəyalam.
Bir suallıq ömür o deməkdir ki, sən şam kimi əriyirsən. Yavaş-yavaş, hər gün bir az. Hər düşüncənlə, hər sualınla bir parçan qopur gedir. Və sən baxırsan özünə, görürsən ki, artıq tam deyilsən. Parçalardan ibarətsən. Və bu parçalar bir-birinə bağlı deyil. Onlar havada üzür, bəzən yan-yana gəlir, bəzən uzaqlaşır.
Amma bəlkə də məhz bunda gözəllik var. Bütöv olmamaqda. Çünki bütöv olan şey donmuşdur, dəyişmir. Parçalı olan isə hər an yenidən qurula bilər. Hər gün fərqli formada. Sən bu gün bir cür adamsan, sabah başqa cür. Və heç biri yalan deyil, hamısı sənsən.
Bəlkə bir suallıq ömür ən dürüst ömürdür. Çünki orda yalan yoxdur. Sən bilmirsən deyirsən və bu həqiqətdir. Bilən adam yalan deyir, bilməyən isə dürüst. Və sən bilmirsən. Heç nə bilmirsən. Yalnız bunu bilirsən ki bilmirsən. Və bu yeganə əminliyindir.
“Ədəbiyyat və incəsənət”
(30.01.2026)


