Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Qədəm qoyduğumuz 2026-cı il Azərbaycanın mədəniyyət təqvimində birmənalı şəkildə 12-ci əsrdə yaşayıb yaratmış dahi Azərnbaycan mütəfəkkiri və şairi Xaqani Şirvaninin 900 illik yubileyi ilə əlamətdardır.
Və əlbəttə ki, Azərbaycan dövləti bu əlamətdar tarixi hadisəyə biganə qala bilməzdi. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncam Azərbaycan mədəniyyətinə və klassik ədəbi irsimizə verilən yüksək dəyərin növbəti təzahürüdür. Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanması və həyata keçirilməsi tapşırılıb.
1126-cı ildə Şamaxıda anadan olmuş dünya şöhrətli şair və mütəfəkkir Xaqani Şirvani klassik Azərbaycan və Şərq ədəbiyyatının ən qüdrətli simalarından biridir. Yüksək istedadı ilə seçilən Xaqani gənc yaşlarında Şirvanşahlar sarayına dəvət alıb, dərin elmi biliklərə və geniş dünyagörüşünə malik bir sənətkar kimi şöhrət qazanıb. Onun həyat yolu həm yaradıcılıq uğurları, həm də ağır şəxsi itkilərlə zəngin olub. Buna baxmayaraq, şair zəngin və ölməz bir irs qoyub gedib.
Xaqani Şirvaninin yaradıcılığı klassik Şərq poeziyasının bütün əsas janrlarını əhatə edir. Onun 17 min beytlik lirik “Divan”ı, epik poeziyanın ilk görkəmli nümunələrindən sayılan “Töhfətül-İraqeyn” məsnəvisi, ictimai-fəlsəfi məzmunlu “Mədain xərabələri” və “Şiniyyə” qəsidələri, eləcə də məşhur “Həbsiyyə” şeirləri Azərbaycan və Şərq ədəbiyyatının nadir incilərindəndir. Əsərlərində ədalət, insan ləyaqəti, mənəvi ucalıq, azadlıq ideyaları və vətənpərvərlik motivləri aparıcı yer tutur.
Xaqani Şirvani fars və ərəb dillərində yazsa da, yaradıcılığının ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan ədəbi məktəbini təmsil edib, sonrakı yüzilliklərdə bir çox şair və mütəfəkkirlərə güclü təsir göstərib. Onun əsərləri Azərbaycanla yanaşı, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa alimləri tərəfindən tədqiq edilib, bir hissəsi Azərbaycan dilinə tərcümə olunub. Və nəzərə alaq ki, Xaqaninin yaradıcılığı ondan sonra gələn Nizami Gəncəvi üçün sanki bir mayak rolu oynayıb.
Son vaxtlar ölkənin həm ictimai-siyasi, həm də mədəni həyatında fəal görünən, bütün prioritet istiqamətlərə töhfə verməyə çalışan Vəhdət Partiyası Xaqani Şirvaninin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə də biganə qala bilməzdi əlbəttə. Əvvəla partiya bununla bağlı Sərəncam imzaladığına görə Azərbaycan Prezident İlham Əliyevə təşəkkür edir.
Vəhdət Partiyasının sədri, tanınmış yazıçı, politoloq Adəm İsmayıl Bakuvidən aldığımız məlumata görə, böyük söz ustadının yubileyi ilə əlaqədar pöartiya xüsusi toplantı keçirəcək və Xaqani Şirvani irsinin daha geniş tanıdılması, gələcək nəsillərə ötürülməsi məqsədilə Bakı, Şirvan və digər bölgələrdə silsilə tədbirlər təşkil edəcək. Bu tədbirlər nisbətən fərqli formatda, sözlü, musiqili, səhnəcikli olacaq, hər bir kəsin zövqünü oxşamaqla uzun müddət təəsüratında hopub qalacaq.
Və bir də, çox vacibi. Bugünkü yeniyetməliyin, gəncliyin didaktikaya kəskin ehtiyacı vardır. Misraları aforizmə, zərbi-məsələ çevrilən Xaqaninin kəlamları ilə təmas, Vəhdət partiyası sədrinin qənaətinə görə, gələcəyimiz olan bu həssas təbəqə üçün hədsiz faydalı olacaqdır. Bir baxın, Xaqani yaradıcılığından Adəm İsmayıl Bakuvi tərəfindən gətirilən bu aforizmlər ən yaxşı tərbiyələndirən, ən güclü motivəedən deyilmi?
Dünya bir kölgədir – qaçsan qaçar, yerisən yeriyər.
Elm bir nurdur, nadanlıq isə zülmət. Bilik insanı ucaldar, cəhalət isə onu kor edir.
Dost sınaqda tanınar. Həqiqi dost çətin gündə üzə çıxar.
Zamanın qədrini bilməyən, ömrün qədrini də bilməz.
Söz qılıncdan kəskindir. Düşünülmədən deyilən söz insanı yaralaya bilər.
Tamaha uyan insan, öz azadlığını itirər.
Ağıllı düşmən, nadan dostdan yaxşıdır.
Dünya fanidir, ona həddən artıq bağlanmaq mənasızdır.
Hər tacı qızıl olan padşah sanma.
Görünüş aldadıcıdır, mahiyyət əsasdır.
Sükut bəzən min sözdən üstündür.
İnsan öz əməlinin aynasında görünər.
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


