Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanlı kişisinin təbii obrazı Rüstəm kişini canlandıran aktyor,adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino xadimi, SSRİ Xalq artisti Ələsgər Ələkbərov barədədir sözümüz. Bu gün ustad sənətkarın anım günüdür.

 

 “Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir… Ələsgər Ələkbərov həm klassik əsərlərdə, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bugündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır” – bunlar Xalq yazıçısı Mirzə İbrahimoun sözləridir.

Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Ələkbərov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb.

Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb.

 Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

 

Teatr səhnəsindəki rolları

- Makduf (Makbet, Uilyam Şekspir)

- Vaqif (Vaqif, Səməd Vurğun)

- Fərhad (Fərhad və Şirin, S. Vurğun)

- Otello (Otello, V. Şekspir)

- Xanlar (Xanlar, S. Vurğun)

- Minnətov (Vəfa, Rəsul Rza)

- Alxan (Bahar suları, İlyas Əfəndiyev)

- Yusif (Məhəbbət, Mirzə İbrahimov)

 

Filmoqrafiya

- Ağasadıq Gəraybəyli (film, 1974)

- Aktrisanın təbəssümü (film, 1974)

- Almaz (film, 1936)- rol: Fuad

- Altıncı hiss (film, 1935) — mühəndis Heydər

- Bizim küçə (film, 1961)

- Böyük dayaq (film, 1962)

- Fətəli xan (film, 1947)

- Kəndlilər (film, 1939)

- Kölgələr sürünür (film, 1958)

 

Təltif və mükafatları

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Lenin" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

- "Şərəf nişanı" ordeni

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

Böyük aktyor, ustad sənətkar 31 yanvar 1963-cü ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2026)

Cümə, 30 Yanvar 2026 13:13

Yeni ilin ilk “ULDUZ”u şap olundu

 

 

2026-cı ilin ilk “Ulduz”unun – yanvar-fevral sayı “Birinci Türkoloji Qurultay” (1926, Bakı): “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” və Təhsil Nəşriyyatı Poliqrafiya” MMC-nin birgə layihəsi kimi işıq üzü görüb.  

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz”dan verilən məlumata görə, jurnal Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazısı ilə açılır.

Dərgidə “Birinci Türkoloji Qurultay” nümayəndələri haqqında  ətraflı məlumat verilir.

Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır.

Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda qüdsal yola çıxan insanların fədakarlığından söz açır.

“Ulduz”un tarixə güzgü tutan bu sayında Aqil Abbasın “Rəmiş” povesti oxculara təqdim olunur.

“Dərgidə kitab”da  Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır.  

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində “ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata götə, qonağa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə məlumat verilib. Bu çərçivədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının formalaşması, yerli istehsalın təşviqi, regionlarda məşğulluğun artırılması istiqamətində görülən işlərdən söz açılıb. 

 

Qeyd olunub ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismar olunduqdan sonra yararsız vəziyyətə düşüb. 2018-ci ildə bina “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı təmir-bərpa işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmiş istehsalat kompleksinə çevrilib.

 

Həmçinin vurğulanıb ki, “ABAD” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarına istehsal, qablaşdırma, brendləşmə, marketinq, hüquqi yardım, mühasibatlıq və satış istiqamətləri üzrə kompleks dəstək xidmətləri göstərilir, milli məhsulların bazara çıxış imkanları genişləndirilir.

 

İstehsal prosesi və iş prinsipi ilə tanış olan Emi Karlo burada hazırlanan qida məhsullarından dadıb. O,  ailə təsərrüfatlarının dəstəklənməsinə və yerli istehsalın inkişafına yönəlmiş “ABAD” modelinin əhəmiyyətini  vurğulayıb və  quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

“Ədəbbiyyat və incəsənət”

(30.01.2026)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Yanvarın 29-da Xaqani Poeziya Evi və Şabran MKS-nin birgə təşkilatçılığı ilə Xaqani Poeziya Evində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, AYB-nin Poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslının “Salam sahibi haqqdı…” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

 

Təqdimatı giriş sözü ilə Xaqani Poeziya Evinin müdiri, şair AY Bəniz Əliyar açaraq qonaqları salamlayıb, müəllifin yaradıcılıq yolundan və poeziyasının xüsusiyyətlərindən bəhs edib.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Daşqın Məmmədov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Şabran MKS-nin direktoru Firəngiz Aslanova, qələm sahiblərindən Nəcməddin Mürvətov, Bayram Novruz, Vüsalə Anar Məmmədova, Nərminə Yunis, həmçinin mədəniyyət işçiləri və kitabxana əməkdaşları iştirak ediblər.

Poeziya bayramına çevrilən təqdimat mərasimi maraqlı çıxışlar, şeirlərin səsləndirilməsi və səmimi müzakirələrlə yadda qalıb.

Qeyd edək ki, İbrahim İlyaslının poeziyası klassik və müasir poetik ritmlərin vəhdəti ilə seçilir. Şair sözə yalnız məna deyil, ritm və nəfəs də bəxş edir. Onun “Hamı bir körpüdən keçir”, “Mən bir söz bilirəm”, “Yuxuma söykənmiş adam”, “Şair olmaq zülümdü” kimi kitabları oxucunu mənəvi səyahətə aparan poetik üfüqlərdir.

Bu görüş təkcə bir kitab təqdimatı deyil, eyni zamanda mənəvi bir yolçuluq idi. “Salam sahibi haqqdı…” yalnız kitab adı yox, qəlbləri birləşdirən, oxucunu sözün dərinliyinə çağıran poetik bir çağırış kimi hafizələrdə qaldı.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

Yabanı kimdir? Roz, yoxsa bizə uyğun olmayan hər şey? 

Hərfi mənasında “yabanı” əhlilləşməmiş olandır. Kimin/nəyin əhlilləşmiş olub-olmaması isə bizim yanaşmamızdan, daha doğrusu, idrakımızdan asılıdır. Başqa sözlə, öz təbiətimizə, düşüncəmizə uyğun olanlar bizimçün əhlilləşmişdir, uyğun olmayan isə yabanı… 

 

Təsəvvür edin, bir çəmənə giririk və orada düyməsini yeyə biləcəyimiz əmənkömənçi (əbəgüməci)  komu görürük. Yeyə bildiyimiz üçün əmənkömənçi girir əhlilləşmiş kateqoriyasına. Amma onun düz böyründəcə batbatı var, yemək olmaz, toxumlarını azacıq çeynəyən kimi, adam  havalanır. Və bizimçün batbatı olur yabanı bitki. Başqa yerdə nə deyirlər bilmirəm, biz göyçəlilər batbatıya ayama da qoşmuşuq: “dəli batbatı”. Yaxud hamımızın tanıdığı əvəlikdən danışaq: yeyə bildiyimiz, tünd rəngli növ “əvəlik”dir, yeyə bilmədiyimiz, üstündə qırmızı xalları olan, açıq rənglisi isə “dəli əvəliyi”. 

Bu misalları ona görə çəkdim ki, yabanılıqla mədəniliyin arasındakı sərhədin qeyri-müəyyən, qeyri-dəqiq olmadığını anladım. Çünki indi haqqında danışacağım cizgi filminin adı belədir: “Yabanı robot”. 

 

Amerikalı uşaq yazıçısı, illustrator Piter Braun`un yaratdığı obrazdır yabanı robot. Mətn-müəllif arasındakı qarşıdurmalardan yaranan obrazlar dünyanı heyrətə salmağı bacarır. Ədəbiyyat tarixini, ədəbiyyatın kulisini bilənlər üçün bu obrazlar da iki yerə ayrılır: “doğma obrazlar”, “ögey obrazlar”. Mətn-müəllif qarşıdurmasında mətn dominantdırsa, “ögey”lər yaranır, müəllif dominantdırsa, “doğma”lar yaranır. Bu da ədəbiyyatın əbədi mübahisələrindəndir. 

Piter Braun`un yabanı robotunu tanımağa cəhd etdikcə, mətnin qalibiyyətinin şahidi oluruq. Müəllifin “Yabanır robot”, “Yabanı robot qaçır”, “Yabanı robot qoruyur” adlı əsərləri ““Nyu-York Times” bestsellerləri” siyahısındadır.  Uşaq yazıçısı kimi tanınan Braun`un bu əsərlərini də dünya ədəbiyyatı uşaq ədəbiyyatı nümunələri kimi qəbul edəcəkdi, “Yabanı robot” cizgi filmi çəkilməsəydi. 

2024-cü ildə təqdim edilən  ekran əsərinin büdcəsi 78 milyon dollar idi. Kassada 324,9 milyon toplamağı bacardı. Və hamımız bilirik ki, bu pulu uşaqlar deyil, böyüklər xərclədi. 

Bundan sonra  başlandı “Yabanı robot” haqqınday azılmağa… Məsələn, elle.in`in yazarı Ekta Sinha`nın 14 oktaybr 2024-cü il tarixli yazısında bu qeydləri oxuyuruq: “2024-cü il cizgi filmlərinin yalnız uşaqlar üçün olmadığını sübut etdi. Rejissor Kris Sanders bunu açıq-aşkar dünyaya göstərdi”. 

Linet Nikolas parents.com-da yazdığı məqalədə deyir: “Məhz Rozun obyektivindən biz dünyanı, onun təcrübələrini görməyə başlayırıq. Onun həssaslığı, mərhəməti ətrafındakı canlı heyvanlara da təsir edir”. 

Hə, “Yabanı robot”u meydana çıxaran qarşıdurmada müəllifin məğlubiyyətinin sirri elə bundadır: emosiyaları olan robotun mövcudluğunda. Hətta Braun əsərində oxuculara, (Sanders də tamaşaçılara) onu ötürür ki: “Dost sayı az ola bilər, əsas odur ki, sən o dostlarla xoşbəxt olmağı bacarasan”.  

Digər tərəfdən, bizə “vəhşi təbiət” deyə anladılan/öyrədilən hər şeyin mif olduğunu anlayırıq.  Mifologiya heç vaxt dağıdıla bilməyən, eyni zamanda da, divarları gözlə görünməyən qəsrdir. Onu yaradan insanın həyatı öyrənmək cəhdləri, qazandığı təcrübələr, qorxularıdır.  Mif varsa, orada sevgidən, mərhəmətdən söhbət gedə bilməz. Lakin ROZZUM Unit 7134 nömrəli robotu yaradan yaradıcılıq eşqi, düşüncə sistemi bizə anladır ki, sevgini, mərhəməti tapmaq, ona həyatın-təbiətin hər anında yaxınolmaq üçün mifi elə mif kimi qəbul etməliyik-nəsrin yarpaqları kimi… Və o yarpaqları suyun üstündə saxlayan incə bağların suyun dərinliklərində bir kökə bağlı olduğunu da unutmamalıyıq. 

Piter Braun öz bloqunda qeyd edir ki, “Yabanı robot” uyazmaq onun 8 ilini alıb. 

Bu qeydlərinin sonunda o yazır: “Yuxudan oyanan və vəhşi adada tək olduğunu görən robot. Roz ora necə gəldiyini, haradan gəldiyini bilmir; o, yalnız sağ qalmaq istədiyini bilir”. 

Tanış situasiyadır, hə?  İlkinlik, sağ qalmaq instinkti… Və Roz neyləməliydi?  Braun yazır: “Robotik şəkildə ətrafını öyrənərək bilməsi lazım olan hər şeyi öyrənir… Lakin Rozun öyrəndiyi ən vacib dərs odur ki, xeyirxahlıq sağ qalmaq bacarığı ola bilər”.

Hə, məğlub olan yazıçının zəfəri elə buradan başladı - dünya onun “ögey” obrazının diliylə demək istədiyini anladı… 

Sonda, kimsə gəlib mənə “Wild robot”un Azərbaycan dilində qarşılığının “Vəhşi robot” olduğunu söyləməsin. Roz vəhşi deyildi... Uzaqbaşı, ona “yabanı” deyə bilərik.  Mənimlə razılaşmaq üçün cizgi filminə bircə dəfə belə, baxmağınıza dəyər, əziz böyüklər! 

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

 

 

 

 

28 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Astana Beynəlxalq Universitetinin (AIU) prezidenti Serik İrsaliev, eləcə də Astana HUB və NITEC QSC (AO «НИТ») qurumlarının nümayəndələri arasında görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirilən layihələr və Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq miqyasda təşviqi istiqamətində prioritet səyləri barədə ətraflı məlumat verilib. 

Fondun prezidenti Aktotı Raimkulova təşkilatın elm, təhsil və innovasiyalar sahəsində müasir yanaşmalara xüsusi önəm verdiyini vurğulayaraq, ali təhsil müəssisələri və müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Astana Beynəlxalq Universitetinin prezidenti Serik İrsaliev universitetin akademik potensialı, elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verərək, Türk mədəni irsinin öyrənilməsi və rəqəmsal platformalar vasitəsilə tanıdılması sahəsində birgə təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Astana HUB və NITEC QSC nümayəndələri isə innovasiya, startap və rəqəmsal həllərin mədəni irsin qorunması və təbliğində tətbiqi imkanlarına toxunublar.

Görüş çərçivəsində tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, birgə layihələrin icrası, elmi-təhsil proqramlarının hazırlanması, rəqəmsallaşma və innovativ yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar. 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası yaxın günlərdə “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsinə start verdi. Bu önəmli, nəcib və xeyirxah işin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası çərçivəsində Azərbaycan dilinin daha da geniş yayılmasına və öyrənilməsinə dəstək olmaq, ədəbi irsimizi təbliq etmək və dünya ədəbiyyatının ən gözəl nümünələri haqqında insanlara, əsasən gənc və yeniyetmələrə məlumat verməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım oxuculara Xalq yazıçısı Natiq Rəsulzadənin “Qardaş” povestini oxumağa tövsiyə edir.

Kitabsevərlərin diqqətini çəkəcək cəlbedici bir povestdən qısa məlumat verilir. Əsasən fantastik və qeyri-adi cərəyanlardan bəhs edən əsərləri ilə məşhur olan gözəl Xalq yazıçımız Natiq Rəsulzadənin “Qardaş” povesti maraqlı və oxunaqlıdır. Əsərdə xaraktercə bir-birinin tam əksi olan iki əkiz qardaşlardan bəhs edilir. Söhbət Rusiyada evlənib yaşayan Fuadla, Bakıda subay yaşayan Azaddan gedir. Fuad qayğıkeş, xəyalpərəst, sakit həyat tərzi keçirən biri olsa da, Azad eyş-işrət düşkünü, qumarbaz. Özü də çox mahir, necə deyərlər, zər tutan və bəxti həmişə qumarda gətirən özü üçün yaşayanın biri...

Fuadla Azad uşaqkən anaları ilə Soçidə istirahət edərkən qaraçı bir qadın bu uşaqların eyni gündə, eyni xəstəlikdən öləcəklərini demişdi. Hər şey qəflətən, Azadın ölümü ilə dəyişir. Elə bir şey baş verir ki, elmin, təbabətin aciz qaldığı vəziyyət yaranır. “Ə

Bakıya gələn Fuad sözün əsl mənasında özünü Azad bilir. Ondan sonrakı iki ildə nələr edir, nələr... Dəhşət! Qaraçı dediyi kimi, Fuad 2 il sonra eyni gündə, eyni ayda, eyni saatda, eyni xəstəlikdən dünyasını dəyişir.

Kitabsevərlərə, Natiq Rəsulzadənin “Qardaş” povestini oxumaq çox məsləhətdir.

Xalq yazıçısı Natiq Rəsulzadənin “Qardaş” povestindən kiçik epizodu oxucular üçün yazıçı Şahzadə İldırım səsləndirir:

https://www.youtube.com/watch?v=uaBha_XvIDU

 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərin diqqətinə Anar Tağıyevin təqdimatında Xalq şairi Səməd Vurğunun yaradıcılığı ilə bağlı maraqlı bir məlumat çatdırır. Bu gün böyük şairi kommunist ideologiyasına boyun əyməkdə ittiham edən ağzıgöyçəklərə indi dərc edəcəyimiz Vurğun misraları əsl şillədir. Sovet imperiyasının ən qatı zamanında bu cür kəskin ittihamı hər kəs edə bilməzdi.

 

Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bu on iki bəndin çapına 1938-ci ildə senzura icazə verməyib. Poema həmin ildə "Revolyusiya i Kultura" jurnalının 4 və 5-ci nömrələrində dərc olunub. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır.

 

Yüz il biz ayrıldıq ana dilindən,

Məktəbin adına dedik "uşkola"

Oxucum! Bir daha nəzər yetir sən,

Keçdiyin o qanlı, o qorxunc yola.

 

Yüz il Füzuliyə həsrət qalaraq,

Doğma anamıza söylədik "mama".

Yüz illik yuxuya birdən dalaraq,

Yağdı gözümüzdən yaş dama-dama,

 

Yüz il nəfəsini çəkə bilmədi,

Şairlər oylağı böyük bir ölkə,

Yüz il öz qolunu çəkə bilmədi...

Tarix! Bax sənindir bu qara ləkə!

 

Tər içdi, qan uddu motal papaqlar,

Son dana, son çuval getdi vergiyə...

Bağlandı qapılar, söndü ocaqlar,

Qarılar, qocalar yalvardı göyə...

 

Axdı Rusiyaya neft kəmərləri,

Daşıdı onları ilk dəmir yolu...

Tarixə hökm edən o gündən bəri,

Çalışdı yadlara Azəri oğlu...

 

O gündən titrədi yurdun üstündə

Cüt başlı qartalın qanlı bayrağı,

Tarixin doğduğu o qara gündə

Böyük bir ölkənin söndü çırağı.

 

O gündən yayıldı siflis, süzənək,

Eşitdik ilk dəfə "fahişə" sözü...

Bunları nəzm ilə artıqdır demək

Tarixə şahiddir tarixin özü.

 

O gündən göründü sarı paqonlar,

Boşaldı kəndlinin dolu xırmanı

Elləri qurd kimi taladı onlar,

Dedilər: padşahın sağ olsun canı.

 

O gündən ağladı aşığın sazı,

Dilində can yaxan dərdli haraylar.

Uçan durnaların küskün avazı,

Ötdükcə dinlədi ulduzlar, aylar.

 

Buludlar çaxnaşdı, hava daraldı,

Çumalar dolaşdı bizim elləri

Bizim ipəkləri Peterburq aldı,

Bəzəndi knyazın madmazelləri.

 

O gündən saraldı yaşıl təbiət,

Axdı həzin-həzin Kür çayı, Araz

Baş əydi qanuna kitab, şəriət

Ürəklərdə zədə, baxışlarda yas.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

 

 

Cümə, 30 Yanvar 2026 18:12

Sözdən yaranan incilər

 

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox  kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

 

 “Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz və  lazımlı  bir məktəbdir.

 

  AĞALAR   İDRİSOĞLU  (1950), yazıçı, dramaturq, rejissor,

                                  jurnalist, publisist, esseist

 

-  Milyonçunun qızını alan oğlan, həmişə qapıda qulluqçu kimi dayanacağını əvvəlcədən  bilməlidir.

- İnsan o deyil ki, savadlıdır. Əslində insan  o ali varlığa deyirlər ki, keçmişilə gələcək arasında özünün yerini müəyyənləşdirə bilsin.

- Gəlmək getmək üçündür. Getmək də gəlmək üçündür. Amma əslində nə gəlməklər var, nə də getməklər. Sadəcə bir şey var. İnsan yaşamaq xatirinə özü-özünü aldadaraq, yaşayır.

- Dövlət, o zaman qüdrətli olur ki, onun hər bir vətəndaşı Milli birlik üçün öz varlığı kimi çalışır və Vətəni öz namusu, əqidəsi, ailəsi kimi qoruyur.

- Vəzifə insanın boynunda başqalarına xidmət etməkçün müqəddəs bir yükdür. O yükü də hər adam apara bilməz. Gərək o yükü daşımağa layiq olasan və bu yüklə hamıya xeyir verməyi bacarmalısan.

- Rüşvət, insanın üstünə düşən və heç vaxt getməyən qara bir ləkədir.  Əgər rüşvətxorun bir az da olsa vucdanı varsa, o ləkə onu  ömrü boyu təqib  edir və bir adam ona  diqqətlə baxanda fikirləşir ki, həmin adam onun  rüşvətxor olduğunu bilir.

-  Ziyalı, məddəahlıqdan uzaq olmalı və hər an hökmdarın yox, millətin, xalqın yanında olmalıdır. Hökmdarı da  buna inandırmalıdır. Belə olduqda o, ziyalı ola bilər.

 

  “Ədəbiyyat və incəsənət” 
(30.01.2026)

 

 

Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını təqdim edir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.

Növbəti təqdim edilən nağıl Canyataq-Gülyataq qızılı adlanır.

 

Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, balçının bal tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm.

Biri vardı, biri yoxdu. Bir padşah vardı. Onun Can adlı aman-zaman bir oğlu vardı. Can igidləri başına yığıb ova gedər, at çapıb, ox atardı. Bir gün ov dalınca düşərkən meşədə çırpı yığan gözəl bir qızla rastlaşdı. Qız nə qız, görən bunun camalına heyran qalardı, qaş qara, gözlər sürməyi, boyu sərv.  Qız onu görçək ürkək baxışları ilə tez şələsini götürüb getmək istədi. Can atdan düşüb qızdan hansı obadan olduğunu sordu. Qız heç bir söz demədi. Yalnız qorxu, həyəcanla icazə istəyib ordan uzaqlaşdı. Can xeyli vaxt qızın gözəlliyi qarşısında donub qaldıqdan sonra özünü birtəhər ələ alıb və evə dönür. Qızın dərdindən rəngi saralır, solur, bir an belə onu unutmur.  Xəstələnir. Padşah məmləkətin loğmanlarını sarayına dəvət edir, oğlunun dərdinin əlacını soruşur. Onlar xəstəliyi ilə bağlı heç bir söz deyə bilmirlər. Bir dərviş gəlir, Cana baxır və padşaha bildirir ki, oğlunun xəstəliyi sevgi xəstəliyidir. Oğlunu sevən ata Candan onun kim olduğunu sorur. Can isə gördüklərini danışır, qızın hansı obadan olduğunun bilmədiyini deyir. Atası söz verir ki, o qızı tapıb, onunla Canı evləndirəcək. Atasının ona mərhəmət göstərdiyi görən Can o qızı axtarmaq eşqilə sağalır, ayağa durur. Yenə də  meşəyə üz tutur, axtarır, taqətdən düşür, yorulur. Yaxınlıqdakı çaya gedib yuyunmaq, bir az dincliyini almaq istəyir.

Hə, sizə kimdən deyim, Canın meşədə rast gəlib, gördüyü qızdan. Bu qızın adı Gül idi. Körpəlikdən anasını itirmiş, atası dul qadınla evlənmişdi. Analığ ona gün verib, işıq vermirdi. Gününü göy əskiyə döndərmişdi. Evin bütün ağır işlərini ona gördürərdi. Gül hər gün çaya gəlib, ağır səhənglə evlərinə su daşıyardı. Ögey ana Gülün günü- gündən gözəlləşdiyini görüb daha da qəddarlaşırdı. Bütün günü onu işlətməkdən, söyməkdən, təhqir etməkdən həzz alırdı.

Gül də meşədə cavanı gördüyü gündən könlün ona salmışdı. Hər cün çaya gəlir, çayın kənarında məskən salmış salxım söyüdün altında oturub dərdini caya danışır, dərdləşirdi. Və yenə də çaya gəlib səhəngini doldurdu. Gözlərini qaldıranda qarşısında Canı gördü. Gül özünü bir anlıq itirib, çaş-baş qalır. Can onu axtardığını, onu gördüyü gündən yalnız onun eşqilə yaşadığını, sevdiyini bildirir. Gül də ona biganə qalmadığını söyləyir. Nəhayət, Can padşaha istədiyi qızdan danışır, ona bir könüldən min könülə aşiq olduğunu deyir. Padşah oğlu ilə razılaşır və Gülü oğlu üçün istəməyə elçi göndərir. Ögey ana padşahın oğlunun Gülü sevdiyini eşitcək hikkəsindən, paxıllığından az qalır ki, çatlasın. Dərdə düşür. Bütün günü fikirləşir ki, nə etsin. Axır ki, tapır. Gələn elçilərə qızının əvəzində qızıl yatağı istəyir və bu yataqların yalnız Canın əli ilə tapılmasını istəyir. Əri nə qədər onu bu fikrindən daşındırmaq istəyirsə əl çəkmir.

Can, bu yolun gedər-gəlməz olduğunu bilsə də, sevdiyi qızın yolunda qızıl yatağı əldə etmək üçün yola düşür.  Yorulmadan, gecə, gündüz bilmədən çayın qırağındakı qayalarda qızıl yatağı axtarır.  Gülün eşqiylə sıldırım, adamkeçməz qayalarda külüng vurur. Nəhayət ki, tapır. Həmin vaxt Gül Canı görmək ümidilə çayın kənarına gəlmişdi. Çayın kənarındakı qayalardan Canın külüngünün səsini eşidir. Can həmin vaxt artıq qızıl yatağını tapmışdı. Külüng səsi ara verəndə Gül aşağıdan onu səslədi. Can Gülün səsin eşitdi, tez sevgilisinə qovuşmaq istədi. Qayaların üstündən sanki uça-uça ona qızıl yatağını tapdığını söyləmək istədi. Elə bu vaxt ayaqları yerdən üzüldü, qayadan sürüşdü, ölümcül halda çaya düşdü. Gül onu dizləri üstə aldı, sevgilisinə son anda doyunca baxdı, qayaların üstünə çıxdı, özünü qayadan atmaq istədi. Bu vaxt bir pəri peyda oldu. Onun əllərindən tutub, qayadan aşağı endirdi. Qıza dedi ki, yaxınlıqdakı qalanın arxasında yerdən bir bulaq çıxır, dirilik suyudur. Get o bulaqdan su götür, Canın yaralarına tök, Can sağalacaq. Gül pərinin dediyi kimi etdi, axtarıb bulağı tapdı, dirilik suyundan gətirib Canın yaralarına tökdü. Can gözlərini açdı. İki sevgili yenidən bir-birinə qovuşdu.

Bəli, padşah bu xəbəri eşidən kimi bütün şəhəri xalça-xalı ilə bəzədi. Böyük sevinc, coşqu ilə çıxdı oğlunun, gəlninin qabağına. Analığ bunları gördükdə qan başına vurdu, paxıllıqdan bağrı çatlayıb öldü.

Padşah oğluna qırx gün, qırx gecə toy elədi. Onlar yedi, içdi, yerə keçdilər. Siz də yeyin, için, kama çatın. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın.

İllər keçir. Həmin qızıl yatağı Canyataq-Gülyataq adı ilə məşhurlaşır. Onların sevgi dastanı dillərdə gəzir. Can və Gül bir-birini sevən bütün aşiqlərə bu qızıl yatağından pay verir.

 

Danışdığım nağıl Kəlbəcərdəki Canyataq-Gülyataq qızıl yatağı haqqındadır. O yer sevgililərin qovuşduğu yerdir. Ordan nə qədər qızıl daşısalar da, həmin yataqdan qızıl tükənməz, cünki o müqəddəs yer - əbədi sevginin yatağıdır. Oradan çıxan qızıldan həmin yerlərin insanları xeyir görər. Xaincəsinə əl uzadanların apardıqları qızıl isə onlara xeyir gətirməz, gilə dönərək ayaqlara yapışar.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.