Super User
Bu günün adı – XURŞİDBANU NATƏVAN
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gülşəndə açıb səba ilə gül tək,
Könlüm düşdü bir aşiqə könül tək.
Ey Natəvan, bu sevda bir atəşdir,
Yandırar canı, qoymaz səni tək-tək.
Azərbaycanın 19 əsr şairəsi Xurşidbanu Natəvan – bu ad kimə tanış deyil ki. Xüsusən, Şuşa azad olunanda hamı onun Ruhuna gözaydınlığı verdi. Axı o, şuşalıdır…
Xurşidbanu Natəvan 1832-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, Qarabağ xanlığının sonuncu hakimi olan Mehdiqulu xan Cavanşirin qızı idi. Belə nəcabətli ailədən gəlməsi və xan nəslinə mənsub olması səbəbindən "Xan qızı" ləqəbi ilə tanınınıb. Onun ailəsi Azərbaycan tarixində görkəmli iz qoyan nəsillərdən biri sayılır.
Təhsil və dünyagörüşü:
Natəvan yaxşı təhsil alıb, ərəb və fars dillərini öyrənib, Şərq poeziyasını dərindən mənimsəməyib. Onun ədəbi və fəlsəfi bilikləri dövrün bir çox kişi müasirlərindən belə üstün olub. O, həm də klassik Şərq ədəbiyyatının – xüsusən də Sədi, Hafiz, Füzuli kimi sənətkarların əsərlərini dərindən bilirdi.
Ədəbi fəaliyyəti:
Xurşidbanu Natəvan poeziyada əsasən qəzəl və rübai janrlarında yazıb. Əsərlərində sevgi, tənhalıq, ayrılıq, insani dəyərlər, könül çırpıntıları və qadın hissləri əsas mövzular olub. Natəvan ilk dövrlərdə "Xurşid" təxəllüsündən istifadə etsə də, sonradan "Natəvan" (aciz, gücsüz) adını seçib. Bu təxəllüs onun həyatda üzləşdiyi faciələrə – xüsusilə oğlunun ölümünə – bir işarə olub.
Natəvanın şeirləri həm klassik, həm də milli ruhla yoğrulub. Onun dili bədii, zəngin və hissiyyatla doludur. Natəvanın qəzəlləri sonralar Azərbaycan xalq musiqisində və muğamlarında da ifa olunub.
Ədəbiyyat məclisi – "Məclisi-üns":
1864-cü ildə Natəvan Şuşada "Məclisi-üns" adlı ədəbi bir cəmiyyət yaradıb. Bu məclis Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi həyatın canlanmasında mühüm rol oynayıb. Məclisdə dövrün görkəmli şair və ədibləri toplaşır, ədəbi müzakirələr aparılır, yeni əsərlər təqdim edilib. Bu məclis qadın rəhbərliyi altında fəaliyyət göstərən ilk ədəbi qurumlardan biri olub.
Xeyriyyəçilik və ictimai fəaliyyət:
Xurşidbanu Natəvan təkcə şair deyil, həm də böyük xeyriyyəçi və ictimai xadim olub.
O, Şuşada bir çox sosial layihələr həyata keçirib. Ən məşhuru 1872-ci ildə Şuşa şəhərini içməli su ilə təmin etmək üçün çəkdirdiyi su xətti – "Xan qızı bulağı" olub. Bu bulaq Natəvanın öz şəxsi vəsaiti hesabına tikilib, şəhər əhalisinin böyük ehtiyacını qarşılayıb.
Bundan başqa, o, yoxsul ailələrə kömək edib, məktəblərin, məscidlərin və digər ictimai binaların tikilməsinə maddi dəstək göstərib. Onun bu fəaliyyəti dövrün ziyalıları və xalq tərəfindən yüksək qiymətləndirilib.
Ölümü və xatirəsi:
1897-ci ildə vəfat edib. Onun cənazəsi Şuşadan Ağdama qədər piyada daşınıb və İmarət qəbiristanlığında dəfn olunub. Onun vətənə, ədəbiyyata, insanlara olan sevgisi bu gün də xatırlanır və dərin hörmətlə anılır.
Mirası və əhəmiyyəti:
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatının ilk qadın nümayəndələrindən biri olaraq milli poeziyamıza yeni nəfəs gətirib, qadın şairlərin yolunu açıb. Onun həm ədəbiyyatda, həm də xeyriyyəçilikdə qoyduğu iz bu gün də yaşayır.
Onun adı məktəblərə, küçələrə verilib, onun irsi əsasında sənədli filmlər çəkilib. Natəvan həm poetik istedadı, həm də yüksək mənəviyyatı ilə Azərbaycan tarixinə unudulmaz bir qadın kimi daxil olub.
O, 2 oktyabr 1897-ci ildə vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
Oğuz şəhidinin xatirəsi anılıb
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Şəhidlər Xiyabanında Vətən Müharibəsinin Oğuz şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqcusu Məhəbbət Vaqif oğlu Paşayevin anadan olmasının 26-cı ildönümü münasibəti ilə xatirəsi anılıb.
Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon İcra Hakmiyyətinin Şöbə müdiri və əməkdaşları, şəhid ailələri, Oğuz şəhər Nail İbrahimli adına 3 N-li məktəb-litseyin kollektivi, Oğuz bələdiyyəsinin , Gənclər İdman sektorunun əməkdaşları, din xadimləri, mədəniyyət işciləri, rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş şəhid Məhəbbət Paşayevin doğum günü ilə əlaqədar şəhidin Oğuz Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, şəhid məzarları önünə gül-çiçək dəstələri düzərək əziz xatirələrini ehtiramla yad ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedilərək ailə üzvləri ziyarət edilib.
Məhəbbət Vaqif oğlu Paşayev 05 avqust 1999-cu ildə Şəki rayonu Bolludərə kəndində anadan olmuşdur. 2006-cı ildə ailəsi ilə Oğuz şəhərinə köçmüş və 3 nömrəli məktəb-liseydə təhsil almışdır. 26 aprel 2018-ci ildə hərbi xidmətə çağırılmış, Goran, Ağcakənd, Ballıqaya bölgəsində xidmət keçmişdir. Əsgəri xidmətdə olarkən komandanlıq tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif olunmuşdur.
2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır. Sentyabrın 27-də başlayan düşmən təxribatlarının qarşısının alınması, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatılmışdır. Məhəbbət müharibənin ilk günlərində cəbhənin yarılmasında fəal iştirak etmiş və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur.
Bir gün sonra, sentyabrın 30-da Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda ”, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə”, 05.11.2021– ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif olunmuşdur.
Şəhid Məhəbbət Paşayevin adı əbədiləşdirilərək Oğuz şəhərindəki küçələrdən birinə verilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
Heç vaxt yarımçıq qalmayan - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən özümü bağışlaya bilmirəm. Bəzi şeylər var ki, özümü onlara qarşı əngəlləyirəm. Bir sədd çəkirəm, sevmədiyim şeylərə məruz qalmayım deyə. Və bəzən elə olur ki, özümə əngəllədiyim yollar qarşıma çıxanda o əngəlləri qırıb keçirəm, uydurma bir səbəb taparaq. O an bunu etmək üçün haqlı səbəblərim olur, etdikdən sonra isə geriyə yenə də peşmanlıq qalır. İnsan bəzi şeyləri ata bilmir, hər nə qədər mübarizə aparsa da.
Bir şeyləri bitirmək, həyatından çıxarmaq asan deyil. Bir boşluq yaranan kimi gəlib sənə qarışır. İstənməyən qonaq kimi gəlib qapını döyür. Sən onu dəvət etməsən də, o özü qapıdan bir şəkildə girəcək. Adını qoya bilmirəm, çünki onu əngəlləyə bilmirəm. “Bir səhv idi, keçdi, bir yanlış idi, doğrunu tapdım, bir boşluq idi, yerini doldurdum” deyə bilmədiyim üçün həmişə bir yer yarımçıq qalır.
Və mən hər dəfəsində yarım qaldığım yerdən yaralanıram. Hər dəfə elə düşünürəm ki, bu dəfə hər şeyi keçmişdə buraxa biləcəyəm. Amma hər dəfə düşdüyüm yerdə ilişib qalan mən oluram. Bu gerçəklə yaşamaq üzləşmək qədər çətindir.
Amma mən mübarizə aparıram. Bəlkə bir gün hər şey düzələcək, keçmiş xoş xatirələrlə xatırlanacaq. Artıq sənə əvvəlki kimi əzab verməyəcək, çünki sən heç vaxt davam etməkdən, mübarizə aparmaqdan qorxmadın. Və bir gün üzləşməkdən də qorxmayacaqsan.
Unutma, bir gün hər şey bitəcək, sən hər çətinliyin öhdəsindən gələ biləcəksən. Bu hekayənin qəhrəmanı — heç vaxt yarımçıq qalmayan sənsən.
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
Alim Qasımov ocağının şöləsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun uğurunu hələ də bəziləri atasının – Xalq artisti Alim Qasımovun adı ilə bağlayırlar. Amma əsla belə deyil. Ilk dəfə səhnəyə atası ilə çıxan, ondan öyrənən Fərqanə bu gün öz ecazkar səsi ilə muğamımızı xə xalq mahnılarımızı dünyada təbliğ edir.
Azərbaycan Respublikasının əməkdar artisti Fərqanə Qasımova 6 avqust 1979-cu ildə Şamaxı rayonunda anadan olub. 1996–2000-ci illərdə Milli Konservatoriyanın Opera və Xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır. 2002-ci ildən bəri Asəf Zeynallı adına musiqi məktəbində müəllimədir.
1996-cı ildən başlayaraq Alim Qasımovla birgə Heydər Əliyev adına sarayın, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə – Rusiyada, Almaniyada, İsveçrədə, Fransada, Avstriyada, Belçikada, İngiltərədə, Yaponiyada, İtaliya, Polşada və s. – iştirak edib.
2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan "Böyük İpək yolu" layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.
1999–cu ildə Avropada Alim Qasımovla birgə "Dərin okean məhəbbəti" adlanan diski çıxıb.
2006-cı ildə belçikalı rejissor Kriss Delvill Fərqanə Qasımova haqqında "Meditation day" adlı 53 dəqiqəlik sənədli film çəkib.
6 dəfə Prezident Mükafatına layiq görülüb.
Oxuyur, dinləyiciləri heyran edir və daim yeniliklərə can atır Fərqanə xanım.
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
GAP Antologiyasında Səid Muğanlının “Ana dili günü münasibətilə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Səid Muğanlıdır.
Səid Muğanlı
Tehran
ANA DİLİ GÜNÜ MÜNASİBƏTİNƏ
Buranı yox
Burda yaşaya bilmədim
Başqa bir vətən axtarıram
Ölmək üçün!
Səni yaza bilmədim
Bağışla dilim
Məni bağışla
Başqa bir dil öyrənirəm
Yaza bilmək üçün!
Dağılıram bu şəhərdə
Sevirəm, sevilə bilmirəm
Xırdaca mahna gəzirəm getmək üçün!
Bağışla anam
Səni sevə bilmədim
Başqa bir qadın axtarıram sevmək üçün!..
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
Daha bir Sumqayıt yetirməsi olan müğənni – Elton Hüseynəliyev
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sumqayıtın 8-ci mikrorayonunda atasız böyüyən, gözəl səsi olan və anasının ümid yeri sayılan bir oğlan uşağı var idi, Elton adında. O böyüdü və özünü təsdiq elədi. Bəstəkar Aygün Aəmədzadənin müəllif proqramı gecəsində - Heydər Əliyev sarayında Elton “Ruhumuz qovuşanda” mahnısını ifa edəndə bird aha sübut olundu ki, müğənni kimi o özünü kifayayət qədər təsdiqləyib. Onu sadə musiqisevərlər də, musiqi mütəxəssisləri də, məmurlar da dönə-dönə alqışladılar həmin gün…
Azərbaycan Respublikasının əməkdar artisti Elton Hüseynəliyev Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Televiziyasının solistidir. O, 6 avqust 1983-cü ildə, qeyd etdiyim kimi, Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb. Müəllimləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teymur Əmrah olub.
1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilib və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib.
2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub.
2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib. 2010-cu ildə Azərbaycan Dövlət Muğam Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının müşayiəti ilə solo konserti keçirilib. Layihənin bədii rəhbəri Teymur Əmrah olub. 22 may 2011-ci ildə Heydər Əliyev Sarayında "İstək" adlı ilk solo konserti keçirilib.
2011-ci ildə Selcuk Hocanın rəhbərlik etdiyi Türk orkestrı ilə konserti olub. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilib. 2015-ci ildə YAP Gənclər Birliyinin IV Konfransında Rəyasət Heyətinin üzvü seçilib. 2013-cü ildə Heydər Əliyev Sarayında prodüseri Tarix Əliyevin təşkilatçılğı ilə xeyriyyə konserti keçirilib.
20 ildən çoxdur ki, Azərbaycanın dövlət tədbirlərində və seçkilərinə həsr olunan knsertlərdə Bakıda və digər bölgələrdə iştirak edir. Kamera orkestrı ilə keçirilən konsertdə Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oktay Kazımi, Aygün Səmədzadənin əsərlərini ifa edib.
Mahnıları
1. Axtarma sən məni
2. Bitdi
3. Darıxır ürək
4. Mən olacağam
5. Qayıt gəl
6. Nəğməli dünyam
7. İkimizin yerinə
8. Gedirsən, get
9. Oxu, Tar
10. Gözün aydın Azərbaycan
11. Sən yoxsan
Mükafatları
22 may 1994-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "Vətənimdir — Odlar Yurdu" uşaq özfəaliyyət yaradıcılığı müsabiqəsinin qalibi — Sumqayıt şəhəri Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı "Səda" instrumental ansamblının solisti kimi diplomla təltif edilib.
2 fevral 2000-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, şəxsən nazir Əbülfəs Qarayev tərəfindən "Gənclik-99" gənc müğənnilərin Respublika estrada-mahnı müsabiqəsinin final mərhələsində uğurlu çıxışına görə, Azərbaycan gənclər günü münasibətilə diplomla təltif edilib.
17 may 2018-ci ildə Azərbaycan Kikboksinq Federasiyası və şəxsən prezident Adil Əliyev tərəfindən kikboksinqin inkişafında göstərdiyi xidmətə görə fəxri diplomla təltif olunub.
3 iyul 2018-ci ildə Daxili işlər orqanları əməkdaşları arasında mədəniyyət və incəsənətin təbliğində xüsusi xidmətlərinə, Daxili İşlər Nazirliyinin təşkil etdiyi mədəni, bədii proqramlarda fəal iştirakına görə, habelə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən fəxri fərmanla təltif edilib.
16 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
Biz haradan haraya yuvarlandıq? - AKTUAL
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Təqribi 1 həftədir bütün sosial media çalxalanır. Özü də hansı mövzu ilə? 4 yaşındakı UŞAĞIN canında olanlarla, istəyi ilə. Azərbaycanda 4yaşlı bir uşağa cinsi istismar olunur. Bu qorxuducudur. Sonumuzu, ölkənin getdiyi halı sorğulamaq üçün yetərli səbəbdir. Amma gəlin qəbullanaq ki, artıq bu xəbərlərə əvvəlkitək təəccüblənmirik.
Biz uşaqları yandırıb bidonlarda gizlədənlərin, 5ailə üzvünün qatili olanların, hicablı yoldaşını balkondan atanların ölkəsiyik, bunlar bizim üçün normaldır. Biz qısa yubka geyinənə pis baxanların, amma hər cür pozğunluğu elə birbaşa efirlərdə min bir təhqirlərlə təqdim edənlərin yurdundanıq. Biz bilirsiz kimlərik? Biz 15yaşlı uşaq müəllimlərjn təzyiqinə dözməyib özünü məktəb binasından atanda "pis yola düşüb" deyənlərdənik. Daha pisi bilirsiz nədir? Biz artıq "4yaşlı uşağın" canındakı istəkdən, gözlərindəki həzzdən danışanların ölkəsi olmuşuq.
Əziz valideynlər, ehtiyatlı olun deyəcəkdim. Sonra vaz keçdim. Elə bunu edən də valideyn deyildi?
Qələmimlə nələrisə dəyişə biləcəyimə olan inamımı buraxıram artıq. Qəbullanıram ki, mən, biz nə yazırıq yazaq, nə qədər danışırıq danışaq, heç nə dəyişməyəcək. Onsuz televiziyalardakı 18+ filmləri qoyub, heç kim də bizi oxumayacaq...
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
Qərbi Azərbaycandan olan istedadlı aktyor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O torpaqlarda böyük mədəni miras qoyub gəldik, hamısını taladılar, tapdadılar, məhv etdilər…
Azərbaycan Respublikasının xalq artisti Süleyman Nəcəfov 6 avqust 1948-ci ildə İrəvanda anadan olub. Nəcəfov 1966-cı ildə Xoreoqrafiya Texnikumunu bitirib. 1972-ci ildən o, Ermənistan Dövlət Rəqs Ansamblında rəqqas (solist) kimi fəaliyyət göstərib. 1976-cı ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində işləyib.
Onun bu teatrın səhnəsində yaratdığı Çingiz bəy (H. Cavid,"Maral"), Cena (G. Xuqayev, "Mənim qayınanam"), Oğru (M. B. Marinye,"Oğru"), Ziya Çalaqçı (Əziz Nesin, "Toros canavarı"), Ağamehdi (R. İbrahimbəyov, "Qum üstündə ev"), Tamada (Əli Əmirli, "Müqəddəs Valentin günü"), Kərəməli (Hidayət, "Məhəbbət yaşayır hələ"), Məmiş (Hidayət, "Məni qınamayın"), Səlim, (C. Cabbarlı, "Aydın"), Süleyman, Rza bəy (Ü. Hacıbəyov, "Arşın mal alan", "O olmasın, bu olsun"), Dərviş (M. F. Axundov, "Müsyö Jordan və Məstəli şah"), Təlxək (U. Şekspir, "Axırı xeyir olsun") kimi müxtəlif janrlı obrazlar aktyorun geniş yaradıcılıq diapazonuna malik olduğunu bildirir.
Sonra qaçqınlıq dövrü gəlib. Sonuncu azərbaycanlı da Erəmnistan adlanan bizim dədə-baba torpaqlarımızdan qovulub. İnsanlar kimi tetarlar da qaçqın düşər. İrəvan tetarı fəaliyyətini Bakıda davam etdirib, Süleyman Nəcəfov da burada çalışmaqda davam edib.
2000-ci ildə Əməkdar Artist, daha sonra Xalq artisti fəxri adlarına layiq görülüb
Filmoqrafiya
- Salur Qazanın evi talandığı boy
- Oyun
- Biz qayıdacağıq
- Cavid ömrü
- Buta
- Mən evə qayıdıram
Aktyor 9 may 2012-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Novxanı qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.08.2025)
TÜRKSOY-un Baş katibi: Elçin Əfəndiyev Azərbaycanın və bütün Türk dünyasının ədəbi irsinə misilsiz töhfə verib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı başsağlığı verib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, TÜRKSOY-un rəsmi sosial şəbəkə hesabında yayımlanan bəyanatda deyilir:
“Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarından biri, tanınmış yazıçı və dövlət xadimi Elçin Əfəndiyevin vəfatı xəbərini dərin kədərlə qarşıladım. O, Azərbaycan və bütün Türk dünyasının ədəbi irsinə misilsiz töhfə verib”.
TÜRKSOY-un Baş katibi Elçin Əfəndiyevi Türk dünyasının ən tanınmış qələm ustalarından biri adlandırıb və onun yaradıcılığının xalqın yaddaşında dərin iz buraxdığını qeyd edib.
S. Raev Xalq yazıçısının “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” kimi məşhur əsərlərini xatırladıb.
“Elçin Əfəndiyev xalqına yalnız qələmi ilə deyil, həm də dövlət xidmətindəki vəzifə borcunu yerinə yetirməklə xidmət etmiş, Azərbaycanın mədəni inkişafında və Türk dünyasının birlik ruhunun möhkəmləndirilməsində mühüm rol oynamışdır. Yazıçının ailəsinə, yaxınlarına, Azərbaycan xalqına və bütün Türk dünyasına başsağlığı verirəm”, – deyə bəyanatda qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda nümayiş olunacaq
Avqustun 5-dən 8-dək Qazaxıstanın Aktau şəhərində Birinci URKER Beynəlxalq Animasiya Film Festivalı keçiriləcək. Festivalın əsas müsabiqə proqramında tanınmış animasiya rejissoru Məsud Pənahinin “Narqız”, müsabiqədənkənar proqramında isə Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festivalda “Narqız” və “Hədis” animasiya filmlərinin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev iştirak edəcək. Festivalda həmçinin assosiasiyanın üzvü, prodüser Oqtay Yusibov münsif qismində təmsil olunacaq.
Ümumilikdə festivalda 51 animasiya filmi iştirak edir, onlardan 8 film əsas, 9 film isə tələbə müsabiqə proqramına daxil edilib.
Festivalın təşkilatçıları Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Mangistau vilayəti Akimatıdır.
URKER Beynəlxalq Animasiya Film Festivalı – Türk dünyası ölkələrinin animasiya filmlərini bir araya gətirən beynəlxalq tədbirdir. Festivalın məqsədi – görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaqdır. Festivalın “Yeni türk zamanının animasiyası” şüarı altında keçiriləcək. 2025-ci ildə Aktau “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib və bu statusda ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi edəcək.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)


