Kitabulla, Cinayət, Türmə... Ad deyil, ömürlük cəzadır Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bir uşağın adı onun ilk vizit kartıdır. Amma bu kart bəzən ömürlük damğaya çevrilir.

 

 Müəllim sinifdə səslənir:

– Cinayət, lövhəyə çıx.

Sinifdə bir anlıq sükut olur. Uşaq yerə baxır, ayaqları soyuq döşəməyə yapışır, içindən keçir: “Niyə məni belə çağırırlar? Mən nə etdim ki?” Bəziləri gülür, bəziləri pıçıldayır: “Onsuz da belə olacaq…”

Müəllim əyilir, gözünü uşağın üzünə dikir:

– Türmə, sən cavab ver.

Uşaq susur. Cavab gəlmir, qəlbi sıxılır. O, hələ heç öyrənməyib ki, ad onun üçün bir yük ola bilər.

Evə qayıdır. Ana qapının ağzında səslənir:

– Cinayət, gəl yeməyə!

Uşaq masaya oturur, boş qablar kimi hələ də susur. Qonşu pəncərədən baxır, pıçıldayır:

“Bu nə gündür belə?”

Uşaq başını əyir, sanki dünya onun üzərinə yığılıb. Bazarın ortasında bir qadın çağırır:

– Türmə, buraya gəl!

Gülüşlər səslənir, amma uşağın qulaqlarında yalnız damğalar, pıçıldayan sözlər qalır.

Kitabulla, Külək, İstifa, Şam, Göyərçin… bəziləri bir az yüngüldür, amma yenə də fərqlilik və lağ obyektinə çevrilmə riski var. Ronaldo, Aprel, Çaydagül, Başxanım, Ramzes, Nərbala, Toyxanım, Lənkəran, Ciyərxan… və ən ağırları: Cinayət, Türmə. Bunlar artıq uşağa qoyulan ad deyil. Bunlar onun həyatına yapışmış damğadır.

Həmin şəxs iş müsahibəsinə gedir. CV-də adı oxunur:

Ad: Cinayət…

Müsahibəçi qısa bir anlıq susur. Gülümsəyir, amma içdən “problemli tip” damğası vurulub. Uşaq isə bilir: Bu, onun günahı deyil, amma sosial dünyası artıq onu mühakimə edir.

Uşaq adını seçməyib, amma ad onunla yaşayır. Onun bir günahı olmasa da özünü daim günahkar hiss edir. Səbəb isə kimdir? Valideyn...

Məktəbdə sinif yoldaşlarının gülüş obyektinə çevrilir, bəzən susur, bəzən aqressivləşir, bəzən də utanır. Psixoloqlar deyir: uşağın adı onun sosial uyğunlaşmasına və psixikasına birbaşa təsir göstərir. Hər gün çağırıldığı sözlər, gülüşlər, pıçıldananlar – hamısı içində iz buraxır, özünə inamını sınayır, ruhunu yavaş-yavaş formalaşdırır.

Və bir gün o böyüyəcək, soruşacaq:

– Mənim adımı seçəndə, gələcəyimi düşündünüzmü? Məktəbdə çağıranda necə səslənəcəyimi düşündünüzmü? Bu adla yaşamağın nə demək olduğunu heç təsəvvür etdinizmi?

Ad sadəcə söz deyil. Ad təəssüratdır, etikettir, bir ömrün damğasıdır. Uşaq adı oyuncaq deyil, trend deyil, şou deyil. Uşaq eksperiment sahəsi deyil. Ad qoyursansa, taleyə toxunursan. Bir sözlə, ya qoruyursan, ya da yaralı qoyursan.

Hər gün evdən çıxanda, sinifdən qayıdanda, iş müsahibəsində bu adlar onunla gedir. Ona görə də valideynlər uşaqlarına ad qoyarkən düşünməlidirlər ki, gələcəkdə bu ad həmin insanın sosial çevrəsinə mane olmayacaq və onun psixologiyasına mənfi təsir göstərməyəcək. Çünki uşaq adını seçmir, amma cəmiyyət onu o adla mühakimə edir və uşağın gələcəyinə damğa vurur.

Uşağın adı onun dünyaya açdığı ilk pəncərədir. Və hər pəncərə aydın, işıqlı olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2026)

 

 

Fatimə Məmmədova

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.