Super User
GAP Antologiyasında Səid Muğanlının “Dağların qibləsi hayandır görən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Tehranda yaşayan Səid Muğanlıdır.
Səid Muğanlı
Tehran
İlahi, dağları heç dağ görməsin,
Qəlbi vurğun kimi, hüsnü dağlarca
Köçəri şəhərlər necə sevməsin,
Dərəni dağ kimi, dağı dağlarca?!
İlahi, çayları içməyə dodaq,
Dağları sevməyə qucaq olaydı.
Şəhərin evləri yuva həyətli,
Bu şəhər dağlara qonaq olaydı.
Deyəsən dağların gözü qanayıb,
Diskinirdi günəş, gün batan çağı.
Ay xanım gecənin gözün yalayıb,
Sevişir günəşlə savalan dağı.
Dağların qibləsi hayandır görən,
Ürəyi bu qədər çılçıraqlıdır.
Bakirə bulaqlar çimişir çılpaq,
Dağların kürəyi dağa bağlıdır.
Bu dağlar allahın söykənəcəyi,
Qayalar bir aşıq mütəkkəsidir.
Bu yallar Ələsgər Səhnəbanısı,
Bu yovşan Gülgəzin toy döngəsidir.
Ucalıb günəşlə sevişur gündüz,
Gecələr kimləri qucaqlayırlar?
Tuman-köynəyini hardan aslayır,
O xanım bulaqlar, o kişi dağlar?
Qaydına qalmışıq görəsən onun,
Hər daşın dalında biz sevişmişik.
Nə qədər allaha borcumuz qalır,
Nə qədər dağların keşiyindəyik?
Məktub da göndərib qonaq çağırır,
Yolların tozuna gözyaşı calır.
Dağların yay evi hay-həşir salır,
Dağların qış evi qonaqsız qalır.
Bəs dağın günahı nədir ki, axı?!
Dağın qatilidir dağa gələnlər.
Gün olur, min dönə od tutub yanır,
Dərədə plastik, dağda gəvənlər.
Dağlar babaların döyüş səngəri,
Dağlar anaların sancı yeridir.
Dağ qızıl maydandı, dağ kəhər yabı,
Baldırı Büs-bütün qamçı yeridir.
Caddələr dağların şalvar qayışı,
Görəsən baş alıb hayana gedir?!
Bağlayıb çiyninə qarı, yağışı,
Bir ekiz körpəli gənc ana gedir.
Hər dağın dalında Əsli yuyunur,
Hər dağın dalında Kərəm can verir.
Hər dağın dalında bir aşıq ölür,
Hər dağın dalında allah ağlayır.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
TƏLƏBƏ YARADICILIĞI – “3-cü mərtəbənin balkonu”, hekayə
“Ədəbiyyat və incəsənət” portalı yay tətilinə baxmayaraq, Tələbə yaradıcılığı rubrikasını davam etdirir. Bu gün sizlərlə Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə III kurs tələbəsi Gənc Yazarlar və Ədəbiyyatşünaslar klubunun üzvü Fərasət Babazadəni görüşdürürük.
Fərasət “3-cü mərtəbənin balkonu” adlı hekayəsini təqdim edir.
Üçüncü mərtəbədəki evlərdən birinin balkonunda bir qoca oturmuşdu. Hər zamankı yerində. Sükut içində... Ağarmış saçları başına toplanmış qar kimi idi. Bir az gec yağan, amma iz qoyan. Saqqalı da o qarın davamıydı, çənəsindən ürəyinə qədər uzanan bir ağrı kimi. Gözləri də böyük, gerçəkləri, yalanları, səhvləri, düzləri – hamısını görmək üçün böyük. Dərisinin qırışları bir kitab kimi, hər qırışın altında bir cümlə – deyilməmiş, oxunmamış... Qulaqları daha haqsızlıq eşitməkdən bezmiş şəkildə. O qədər də diqqət çəkməyən, bəlkə də hər gün ətrafımızda yüzlərlə görüb bir dəfə belə baxmadığımız insanlardan biri kimi idi. Cizgi belə çəkmədim amma heç vaxt indi olduğumdan daha böyük bir rəssam olmadım...
O, sadəcə həyatı yaşamamışdı. Yeri gəlib tələbə olub zamandan, həyatdan nələrsə öyrənib, yeri gəlib müəllim olub zamana, həyata nə isə öyrədib. Bir vaxtlar çox yazırdı, məqalələr, şeirlər, hekayələr. Bəzən bir cəmiyyətin boynuna düşən yükü yazırdı, bəzən də bir insanın içində daşıdığı acısını. Adı ilə mətbuata imza atmışdı. Amma indi yadına yalnız bir kitab düşdü.
İlk kitabı, “həyatı 11də tapdım”. Ən çox ona bağlanmışdı. Onu çap etdirəndə içində nəsə dəyişmişdi. Elə bil özünü ilk dəfə o zaman “şair” kimi hiss etmişdi. Çox zaman deyirdi ki, “şeir – gülən gözlərinin altındakı kədəri göz yaşları ilə yox, sözlə çatdırmaq üçün yazılır.” Bu söz indi beynində cingildəyirdi.
İlk kitabı, o günlər, o sözlər... Yenidən içində bir şeylər oyanırdı. Amma bu dəfə yazmaq üçün yox. Sadəcə xatırlamaq üçün...
Kitablar arasında böyümüşdü düşüncələri, amma qəribədir ki, gənclik illərində Dostoyevski, Şekspir və digər dühaları oxumağı lüzum görməmişdi. Düşünmüşdü ki, “Mənim işim konkretlikdir. Mən nəzəriyyəni bilməliyəm, cəmiyyətə, özümə, ailəmə faydalı olmalıyam”. Dünya ədəbiyyatına etinasızlıqla, sanki uşaq bir kənar oyuncağa baxan kimi baxmışdı. Anlamamışdı ki, bəzən bir Dostoyevski cümləsi, on nəzəriyyə kitabından ağır gəlir insana.
İndi isə... əlində kiril əlifbası ilə yazılmış bir kitab vardı. Hərflər, sətirlər arasında susan kədərlər vardı. Tozlu balkonda, kitabın yanına qoyduğu balaca taburetkada çay soyumuşdu, çay da yəqin yorulmuşdu içilməyi gözləməkdən. Havadakı sərinlik nəfəs kimi girirdi içəri. Küçədən gələn səslər uşaqların gülüşü, təkərin sürtünməsi, bir it hürüməsi, hamısı xatirə kimi keçirdi. Qoca öz şeirlərini düşünürdü. Onların içindəki bir vaxtlar yaşamadığını düşündüyü gəncliyini. İmza günlərini xatırladı, insanlar qarşısında dayandığı anları, hər kəsin gözündə bir az da heyranlıq olduğu anları. Və birdən, dodağının kənarına kiçik bir təbəssüm qondu. Həzin, yuxu kimi.
Məhəccərdən boylandı aşağıya. Uşaqlar oynayırdı. Təkərlərin üstünə minib fırlanır, qışqıra-qışqıra gülürdülər. Topu bir-birinə ötürüb qaçırdılar, gah yıxılır, gah ayağa qalxırdılar. Oyun onların həyatına rəng qatırdı. Qoca baxırdı. Gülümsədi, amma dodaqları ilə yox gözləri ilə. Bir qrup uşaq da futbol oynayırdı. Əsəbləşirdilər, çığırırdılar, sevinirdilər, yorulurdular, amma əl çəkmirdilər. Hər şeyləri içdən idi, həqiqi idi, yalandan uzaq...
Qoca ağır-ağır yerindən qalxdı. Əlini balkonun məhəccərindən ayırıb içəri keçdi. Yavaş-yavaş pillələri düşdü. Küçəyə çıxdı. Oğlan uşaqlarının tərəfinə getdi. Orda, kənarda, bir az da toz içində qalmış köhnə skamyada oturdu. Uşaqlara baxdı. Gözlərində uduzmaq qorxusu yox idi, yalnız o ana həbs olmaq vardı.
Birdən oyunun ən həyəcanlı yerində top düz qocanın oturduğu yerə gəldi. Hər şey dayandı. Bir anlıq həm oyun, həm də onun içindəki səs-küy susdu. Qoca topu götürdü. Əlinə aldı, baxdı.
Top köhnə idi. Üzündə yazılar silinmişdi. Küncləri çatlamışdı, dərisi soyulmuşdu. Yorulmuşdu top. Elə özü kimi.
O anda uşaqlardan biri qışqırdı:
– Təhməz dayı, topu tullaa!
Qoca başını qaldırdı. Uşaqlar ona baxırdı. Topu havaya tulladı. Uşaqlar sevinib oyuna davam etdilər. Oyunun səs-küyü geri qayıtdı. Düşündü: "İnsan bəzən bir top qədər yorulur. Bir oyunun ortasında dayanıb, nəyinsə ortasında qalıb, sadəcə gözləyir. Zamanı xatırladan hər şey adamı yorur. Ən çox da gözləmək. Həyat boyu ya nəyisə gözləyirik, ya da kimisə gözlətməli oluruq. Hər ikisi ağırdır. Hər ikisi yorur.
Bir körpənin öncə böyüməsini gözləyirlər. Addım atmağını, danışmağını. Sonra, oxumağını, işləməyini. Zaman keçir, bu dəfə də sevgi göstərməyini, insanlara yaxşılıq etməyini, amma eyni zamanda aldanmağını, aldatmağını gözləyirlər.
Axırda isə... ölümü gözləyirlər.
Amma onun özü də nəsə gözləyir. Bir az anlayış, bir az sədaqət, bir az da hüzur. Və bir də baxır ki, illər keçib. Axtardığı bir çox şeyi tapa bilməmiş, gözlədiyi bir çox şey gəlməmiş bir insan kimi. Elə-belə dolub boşalan bir ömrün içində sakitcə gözləyir. Bir gün o da sadəcə ölümü gözləyir..."
Skamya daşların kölgəsində, bir az sükutda, bir az sükunətdə idi. Qoca bir dəftər gördü. Qəhvəyi, cildli, köhnə, amma nədənsə açıq. Şeir dəftəri idi. Əlinə aldı astaca. Vərəqlər köhnəydi, bəziləri qat yerindən kövrəlmişdi. Yazılar tanışdı fərqli əl yazmaları, fərqli müəlliflər. Mikayıl Müşfiq, Əli Tudə, Vahid Əziz, Zəlimxan Yaqub... Hər misrada bir məna, bir inam, bir itki.
Oxumağa başladı. Vərəqlər arasında bir şeirə çatdı ki, dayandı. Digər şeirlərdən seçilirdi. Qoca barmağını səhifəyə toxundurdu. Bu ad, Salam Sarvan.
Baxdı. Ona çox baxdı. Nə şeiri oxuyurdu, nə də keçirdi. Sadəcə baxırdı. Sanki şeirə deyil, aynaya baxırdı. Özünü orda görürdü, amma fərqli biri kimi.
Bilmirəm keçirim hansı halını?
Oynayım toyuna, batım yasına?
Hər gün neçə məktub yazıb cırıram,
Cırıb tullayıram… poçt qutusuna.
Sətirlər nəfəs kimi idi. Onun keçmişindən çıxıb bu səhifəyə düşmüş kimi. Amma bir şey gözündən yayınmadı.
Adın altında imza vardı, Salam Sarvan. Amma… bir ləkə göründü gözünə. Qara mürəkkəb izinin ortasında balaca bir qırılma sanki qələm titrəyib dayanmışdı. Ad indi bir başqa cür oxunurdu: Salam, Sarvan. Araya sanki bir vergül düşmüşdü. Kiçik bir ləkə. Amma bütöv bir məna dəyişmişdi. Bu artıq tanınmış bir şairin adı deyil, bu bir müraciət kimi görünürdü. Demək ki...
Bir vergül necə ki, bütün yazının məğzini dəyişirsə, balaca bir hadisə də, bir baxış da, bir gülüş də, bir kitab da, bir söz də, bir hekayə də insana bu qədər təsir edib, hər şeyi dəyişdirə bilər. Bir daş belə dəyişdirə bilər min il suyun qumluğa vurmasını. Sadəcə bir daş. Əlindəki dəftərçəyə bir də baxdı. Onu astaca skamyaya geri qoydu. Elə qoydu ki, heç toxunulmamış kimi qalsın. Bəlkə bir başqası da onu oxuyar, başqa cür anlayar. Bunu bilməsəm necə dəyişdirərəm, səni, məni, bütün dünyanı…
Sonra yerindən qalxdı. Əlləri arxada, beli bir az bükük, asta addımlarla binanın həyətində biraz yeriyirdi. Həyat isə davam edirdi. Vergüllərlə, nöqtələrlə, yeni başlayan cümlələrlə...
Sərin bir meh gəldi. Üşüyürdü. Soyuq idi. Birdən dodağındakı təbəssüm sönmüş bir işıq kimi çəkildi. Sanki nəsə içindən düşdü. Görünməz, toxunulmaz bir şey. Soyuq idi. Amma bu soyuq barmaqlarını üşüdən payız havası deyildi, bu, daha dərin bir soyuqluq idi. Düşüncələrin içindən süzülən, qəlbinə çökən. Hava soyuyurdu, bəli, amma o, havanın içindəki sükutu hiss edirdi. Sözlərin qırıldığı, xatirələrin donduğu o qəribə boşluğu.
Binanın qabağına çatanda başını qaldırıb 3-cü mərtəbəyə baxdı. İçəri keçmək istədi, pencəyini götürmək, çiyninə atmaq, bir az qızınmaq. Soyuq olan düşüncələri, onlar bəzən gecələrdə baş qaldırır, bəzən səhərlər susurdu. Amma indi onlar danışmaq istəyirdi.
Evinə girib qapını bağladı. Səssiz idi hər tərəf. Qarderobun qarşısından dönüb kitab rəfinə tərəf getdi. O rəf evin ən səssiz, amma ən çox danışan yeriydi. Qoca bilirdi orada onu tamamlayacaq fikirlər var. Orada yarımçıq qalan düşüncələrə nöqtə qoya biləcək sözlər var. Hər kəsin xəzinəsi pullardır, yadigarlar, foto albomlar. Onlar təkcə kağız deyildi. Onlar onun keçmişiydi, itirdikləriydi, axtardıqlarıydı.
Əlini uzatdı, bir kitabı seçdi. Əli titrədi ya soyuqdan, ya da içindəki həyəcanla. Kitabın tozunu barmaqlarıyla sildi. Sanki yaddaşındakı bir xatirəni təmizləyirdi.
Balkona çıxanda gələn soyuq havanı o hiss etmirdi. Çünki bu dəfə onun əlində bir paltar yox, isti bir düşüncə vardı. Oturdu hər zamankı yerinə. Hava sərin idi, amma nə nəfəs dondururdu, nə də isinməyə ümid verirdi. Qoca əlindəki kitaba baxırdı. Ağ cildi vardı kitabın. Qırmızı hərflərlə yazılmış bir ad: “Yaşamaq” Əlini yavaşca kitabın üzərində gəzdirdi. Tanış bir toxunuş idi bu, illərdən qalan.
O düşündü... “Elə günlər gördüm ki… Ümidsizlik, inamsızlıq 4 tərəfimi də sarırdı. Bəzən qəlbimi bir bataqlıqda çırpınanda tapırdım. Ruhum bir heykəl kimi düşüb sınırdı. Bu səsi eşidənlərdə yanımdan keçib gedirdi. Elə günlər gördüm ki, dost dediyim insanlar mən yanına gələndə dodağını büzdü. Bir zamanlar yanında danışmağa ehtiyyac duymadıqlarım məsləhət verdi, sağ əlinin istiliyini çiynimdə hiss etdirdi. İçində yaşanılmayacaq bir dünyada yaşayıram. Fəqət bir şeylər məni yaşamağa bağlayırdı. Əgər bu gün yaşayıramsa düşünmə ki, həyat şirin, insanlar xoşniyyət olub. Bir addım belə ata bilməyən dizlərim taqəttən düşəndə məni qaçmağa sövq edən bir kitab olub.” Bəlkə də bu düşüncə özü elə bir şeir idi amma heç vaxt yazılmayacaqdı. Yazıçı var şeir yazar, kitab çıxarar, yazıçı da var şeir yazılar, adına kitab çıxarılar… Bu hekayədə onlardan hansısa biridir…
Bu kitab ona hədiyyə verilmişdi. 20-ci yaşlarının başlanğıcında idi o vaxtlar. Həyatı tapdığı vaxtlar. Qocanın baxışları göyə qalxdı. Buludlara. Ağır-ağır hərəkət edən buludlara baxdı.
Kitabın üz qabığını araladı. Vərəqlər bir az saralmışdı sanki illərlə toxunulmamışdı. Açdı ilk səhifəni. Tanış xətt. Tanış sözlər. Başladı oxumağa:
“– Mən həyatı qəlbimin dərinlərində yaşayıram. Zamansız, məkansız, səssiz... Amma sənsiz deyə bilmirəm...
– Edam ediləcəyimi bilsə idim, yenə məkansız, zamansız və səssiz olardım... Nəsimi tək... Tək fərqimiz o edam ipinə, mən isə eşq tülünə məhkumam...” Qoca kitabı bağlamadan əlində tutub bir az da sinəsinə yaxınlaşdırdı. Elə bil o sözlərdən, o hərflərdən bir az istilik keçdi içinə. Yavaşca gözlərini yumdu. Balkonun səssizliyində keçmişin səsi daha aydın eşidilirdi.
Balkonun qapısı astaca aralandı. Hər şey o qədər sakit idi ki, elə bil zaman belə nəfəsini tutmuşdu. İçəri bir nəfər keçdi. Addımları yüngül idi, sanki taxta döşəmənin xatirələrini incitməməyə çalışırdı. Qocanın çiyinlərinə bir pencək qoyub bir anlıq başının üstündə durdu. Sonra əyilib saçlarını oxşadı. Ağarmış, dən-dən ağlar əkilmiş,
amma yenə də tanış olan o saçları.
Stolun üstündəki soyuq çayı götürdü diqqətlə, əvəzində bir fincan isti çay qoydu. Qoca heç nə demədi. Gözlərini buludlardan çəkmədi. Amma çiynindəki o yüngül istilik, fincandakı buxar və saçında hiss etdiyi o tanış əl... Təsvirinə aciz olduğum bu mənzərə danışmadan hər şeyi izah edirdi...
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
BİRİ İKİSİNDƏ – Alik Ədiloğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə şeir nümunələri təqdim ediləcək, Alik Ədiloğlunun şeirləri ilə tanış olacaqsınız.
ŞEİR VAXTI
Alik ƏLİOĞLU
SOTEROYA
"Bu yol günəşə gedir?"
ohoooo,
Sotero...
Qaşqabağını sallama,
Bilirəm, içkilisən...
ağzında sevgi tamı,
azadlıq ləzzəti var...
Ora bax, kişi nə qışqırır:
"Qoyun əti var!"
ohoooo,
Soterooo...
bir dulusçudan
vətəninə xəyanət gözləmə...
O da hamı kimidir...
Məktub yazmışdın,
Juliyen kimdir?
Bədbəxt fransız...
pəncərədən özünü atıb
ölə bilmədiyinə görə
həbs elədilər.
Tv-lərdə dayandı filmlər,
cizgi, bədii, sənədli, ero
və Sotero,
sənin ölümündən danışdılar...
Son sözlərini dedilər bir-bir:
"Hə, bu yol günəşə gedir..."
***
Atamın əziz xatirəsinə
Yuxuda atamı gördüm...
Hələ də həminki kimi arıq
və ciddidir...
"Ata, adamlar məni yaman incidir..." – dedim.
Gözü yaşardı...
Sonra hardasa
top oynadıq...
Mən uddum.
Atam məni qucağına
alıb başımdan öpdü...
Sonra yerimə uzandım,
üstümü örtdü
və getdi...
YAD ŞƏHƏRDƏ
Səhərlər durub tanımadığımız
Bir şəhərin dar
Küçələrini süpürürük, zibilini daşıyırıq…
Gecələr
Oyanıb dərisini gün yandırmış
Qıvrım, cod saçlı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq...
Kimsə gəlməlidir.
Günlər uzanır və heç kəs gəlmir.
Geriyə baxmaq dəhşətlidir.
Görürsən ki,
İllər öncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığınçün
Səni gətirib uzaqlara atıblar...
Görürsən ki, yiyəsizsən...
Görürsən ki, bu amansız məhəllədə
Günbəgün itlər də yoxa çıxır,
Pişiklər də...
Bilmirsən öldürürlər, ya azdırırlar...
Və sən
Bilmirsən hönkürüb ağlayasan,
Ya sadəcə, kədərlənəsən...
Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxulamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə toxuyub yoxlamaq istəyəsən...
Günlər uzanır, heç kəs gəlmir...
Və sən bir-bir ölürsən...
***
Atamın və oğlumun xatirəsinə
Martın son günləridir.
Ayaq üstə dayanıb
Hamının susduğu kimi susuram.
Sinəmə çəkdiyim hava,
Ayağımı basdığım torpaq
Məni sərxoş edir...
Dağın başında kimsə gedir.
Uzaqlaşmaqda...
Dönüb boylanır,
Havada yellənir bir əl...
Çağırır:
Gəl, gəəl!
Bilirəm ki, indi getməsəm,
Bu köhnə evdə
Toz-torpaq,
Köhnə şəkillər,
Çirkli pəncərələr
Və bozarmış paltarlarım
Var...
Bilirəm, təklikdə öləcəm burda...
Martın son günləridir.
Həyətdə oturub
Hamının susduğu kimi susuram.
Küçələr boşdur,
Uşaqlar oynamır.
Adamlar köçüb gedib.
Bütün qəsəbə
Sükut içində...
Mən öz evimi sevirəm!
Mart bitir.
Pəncərə önündə
Hamının susduğu kimi susuram:
Həyətimdəki boş yelləncək
Mənimlə birgə gözləyir:
atam – qucağında oğlum – gələcək!
QADININ TƏKLİYİ
Ah, bu nə ümidsizlikdir
Gecədə,
Yerimin içində
Anamın ağrıdan iniltisini və
Bethovenin musiqisini dinləyirəm...
“Təklik” deyə vahiməli
qadın pıçıltısı gəlir qulağıma...
Tək yaşayan qadınların kişisidir ağrı,
Xəstəlik...
Hələ üstəlik,
Bir az da gərginlik və əsəb...
Ah, qadın və əzab...
Sevgi görməyən gözlərini
Torpaqdan ayır,
Göyə bax,
Günəş saçını darayır...
Ondan bir az sevgi istə
Allaha qucaq-qucaq,
Bu dəfə sonundan başla,
Axşama günəş çıxacaq...
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
O indi çox məşhurdur
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onu səsindən hər kəs tanıyır. Gözəl tembrdə səsi var. Nadir hallarda onun səsini kiminsə səsiylə qarışdırmaq olar. Söhbət aktyor, rejissor Aqil M. Quliyevdən gedir. Bu gün aktyorun doğum günüdür, 53 yaşı tamam olur.
Aqil M.Quliyev 5 avqust 1972-ci il tarixində Bakıda anadan olub. 153 №-li orta məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsini bitirib. Kino xadimi Eldəniz Quliyevin qardaşı oğludur. Bəlkə də elə bu sahəyə onda marağı məhz əmisi oyadıb. Axı Eldəniz Quliyev kinomuzda ad qoyan şəxslərdəndir.
Aqil "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsindən karyerasını başlayıb. 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib. Bu illərdə Beynəlxalq "MİR" Teleradio və "AzTV" Dövlət Teleradio Şirkətlərində müxtəlif televerilişlərin rejissoru olub.
1997–1999-cu illərdə "ABA" Teleşirkətində reklam rejissoru kimi çalışıb. 2000–2006-cı illərdə müstəqil prodüser və rejissor kimi reklam və musiqili video işləri ilə Azərbaycanda məşhurlaşıb. 2006–2007-ci illərdə "Academy Production" şirkətinin içraçı direktoru vəzifəsində çalışıb. 2007-ci ildən "Aqil M. Film" şirkətinin təsisçisi və bədii rəhbəridir.
Filmoqrafiya
1. Kənar adamlar
2. Kök
3. Ümid
4. Leyli və Məcnun
5. Ailə
6. Hot Dog
7. Bəyaz həyat
8. Biz sizə müharibə elan edirik
9. Zabit şərəfi
10. Köhnə çamadanlar.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
Musa Yaqubun “Bir günah sənindir, bir günah mənim” şeiri və Nicat Hunalp
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük.
"Sevdiyin şeiri gəl mənə söylə" rubrikamız yenə də öz alovu ilə poeziyasevərlərin qəlbini isidəcək. Bəli, bu rubrikamız sözün dəyərini bilənlər, bir misrada özünü tapanlar üçündür.
Beləliklə, bugünkü qonağımız Azərbaycan Yazıçılar Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü yazıçı, şair Nicat Hunalpdır.
-- Xoş gördük, Nicat bəy, Sizə də "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.
-- Xoş gördük, Ülviyyə xanım.
Bəzi insanlar var ki, qocalanda onların üz cizgilərinə diqqətlə baxdıqda elə bilirsən, həyatları boyu ağacın, çayın, daşın, dərənin izlərini üzlərinə həkk ediblər. Əgər bu insan bir də şairdirsə, bu, artıq başqa bir mərhələdir. Mən də Musa Yaqubun üz cizgilərini diqqətlə seyr edəndə təbiətin dağını, çayını, qocaman ağaclarını, torpağın qırışlarını onun üzündə görürəm. Sanki bu təbiət parçaları onun ruhuna hopub, üzündə təcəssüm tapıb. Musa Yaqub təkcə Azərbaycan ədəbiyyatında yox, dünya ədəbiyyatında da nadir şəxsiyyətlərdən biridir — bənzərsiz, təkrarolunmaz və əlçatmaz.
Musa Yaqubun bütün şeirləri mənim ruhuma hopub, mənə çox yaxındır. Onun “Bir günah sənindir, bir günah mənim” şeirini isə tamam başqa bir hisslə sevirəm. Çünki hər kəs özündə günah görmür; bunu etiraf etmək özü böyük bir qəhrəmanlıqdır.
Bir gözün sən əydin, bir gözünü mən,
Niyə narazıyıq bu tərəzidən?
Şair burada deyir ki, günah tərəzidə deyil — tərəzinin qəddini biz əymişik. Bu etiraf həm dürüst, həm də dərin mənalıdır.
Mənim üçün bu şeirdə ən təsirli cümlələrdən biri də budur:
Hay deyirik, haya gəlmirik, qağa.
Bu sətirlə şair bizim iç dünyamızı, iç üzümüzü üzə çıxarır. Bu, həm tənqid, həm də xəbərdarlıqdır.
Amma hələ vaxtımız var...
Vaxtımız var durulmağa.
Şairin dediyi kimi, hər birimizin özünü saflaşdırmağa, ruhunu təmizləməyə, daha yaxşı insan olmağa hələ də vaxtı var.
BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM
Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.
Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.
Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.
Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.
Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.
Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
Fəxri Xiyabanın yolu Qarabağdan keçəydi – AKTUAL
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Ötən əsrin 90-cı illərində Qarabağın köynəyini sıxanda qan damırdı. Bütün Azərbaycan üzü qibləyə deyil, Qarabağa yatırdı. Düşüncəli insanların, qələm sahiblərinin isə üzünü Naxçıvana, Nuhun çıxdığı torpağa, Ulu Öndər Heydər Əliyevə idi. Hər kəs Vətənin xilasını onun Qayıdışında, xilaskarlıq missiyasını öz üzərinə almasında görürdü. Akademik Ziya Bünyadov, SSRİ xalq artisti Zeynəb Xanlarova, “dünya sənin, dünya mənim, dünya heç kimin” nidası ilə tarix yaradan Məmməd Araz, Niyaməddin Musayev, Bəxtiyar Vahabzadə və 91-lər hərəkatını quran ziyalıların gözü yolda, könlü səsdə idi...
İki qiymətli qələm sahibi şair var idi ki, onlar 30-cu illərin dəhşətli repressiyalarının, bolşevik terrorunun qurbanı olmuş ailələrdən gəlirdilər. Onun biri Mirvari Dilbazi, digəri Əzizə Cəfərzadə idi. Çar canişini Mirvari Dilbazinin babası Dilboz ağanın atına göz qoyub, onu mülkünə göndərməyi tələb edir. Dilboz ağa “Bizdə at, övrət, torpaq qədər müqəddəsdir. Onu bizdən istəyənlərin üstünə silah çəkib gələrik”, - deyə xəbər yollayır. Qəzəblənən çar cəlladı Dilboz ağanın hər iki gözünü çıxarır, dünya işığından məhrum edir. Əzizə Cəfərzadənin qardaşı Əhməd Cəfərzadəni isə 30-cu illərin qara yelləri aparmışdı. O, dövrün məşhur simaları ilə birlikdə bolşevik Rusiyasına qarşı savaşmış, Cümhuriyyət qurucularının və Qafqaz İslam Ordusunun yanında olmuşdu. Mirvari Dilbazi və Əzizə Cəfərzadə belə bir ağrılı yaddaşa sahib olduğundan onların 30-cu illərdə çap olunan əsərləri də Əliheydər Qarayevin, Dadaş Bünyadzadənin iradəsi ilə ortadan yığışdırılmışdı. Hər iki qələm sahibini Səməd Vurğun qorumuşdu. Bu səbəbdən də, həm Mirvari xanım, həm də Əzizə xanım Əbədi istiqlalın bir daha əldən getməməsi üçün üzlərini Naxçıvana, Ulu Öndər Heydər Əliyevə tutub ona “Əzizim, qayıt gəl, Azərbaycanın nicatı səndədir”, - deyə məktub ünvanlamışdılar. O dövrün bir qrup vicdandan uzaq “qələm sahibləri” hər iki yaradıcı insanın ünvanına hədyan dolu məqalələr yazdılar. “Burunlarına halva iyi gəlir. Fəxri xiyaban istəyirlər”. Elə olmadı. Hər iki ustad qələm sahibi dünyasını dəyişəndə onların balışının altından vəsiyyət məktubu çıxdı. Əzizə xanım Cəfərzadə Hacıqabulda bəraətdən sonra Şamaxıda yaşamaq hüququ əlindən alınan qardaşı Əhməd Cəfərzadənin yanında, Mirvari xanım isə Qazaxda Dilboz ağanın Sərdabəsində, babasının və anasının yanında dəfn olunmağı arzulayırdılar. Bu onların ünvanına həqarət yazanlara da, onların yurd-yuvasını 30-cu illərdə tarimar edənlərə, çar cəlladlarına da verilən ən gözəl dərs idi.
Vətən doğulduğun köydən başlayır
Abad məmləkət yolundan, bazarından, qəbiristanlığından bəlli olur deyirlər. 30 il bundan öncə Azərbaycanın üzərinə səlib yürüşünə çıxanlar İpək yolu boyunda yerləşən Qarabağda, Şərqi Zəngəzurda nə şüşə kimi hamar yollar, nə dopdolu çarşı-bazarlar, nə də min illərin yaddaşını özündə yaşadan məzarlıqlar qoydular. Hər yer xarabazara döndü. Ağdamın, Şuşanın Ağban evləri ruhların şəhərinə çevrilən məmləkətə ağı dedi. İçərisində olduğumuz ayda iki ustad sənətkarı – xalq artisti Arif Babayev və xalq yazıçısı Elçinlə vidalaşdıq. Könül istərdi ki, hər iki ustad sənətkarın balışının altından “cənazəmi Qarabağa, hüzura qovuşan, naşad könlü şad olan Qarabağa aparın”, - deyə məktublar çıxaydı. Onların Ağdama, Füzuliyə dönən cənazəsi ruhlarda bir başqa “Seygah”ın, “Qarabağ şikəstəsi”nin, “Arazbarı”nın səslənməsi olardı. Həm də bunun səsi bərk çıxardı. Bu gün hələ də Qarabağ iddiasından dönməyənlərə Osmanlı tokatı olardı. Dünya Arif Babayevi, Elçini bizdən, özümüzdən yaxşı tanıyır. Onların çiyinlərdə Qarabağa dönüşü çiyinlərində dünyanı dolandıqları Vətənin – Qarabağın milli kimliyi üçün bir göstəri olardı.
Bu gün Şuşaya gələnlər Molla Pənah Vaqifin məqbərəsini ziyarətlə başlayır, Bülbülün ev muzeyində nəfəs dərir. Bülbülün oğlu dünya şöhrətli Polad Bülbüloğlu atasının irsi, şəxsiyyəti haqqında dünyanın məşhur simalarına məlumat verir. Bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanı üçün ən gözəl təqdimatdır.
Arif Babayev də, Elçin də yaradıcı dünyaları ilə ruhumuzun qida yeri oldular. Elçin Bakıda, Arif Babayev Ağdamda dünyaya gəldi. Arif Babayevin İmarət Qərvənddə, Şahbulaq qalasının ətəyində, Pənahəli xanın özünün və törəsinin uyuduğu məkanda, torpaq müqəddəsiliyinə qovuşması Fəxri xiyabanın Bakıdan İmarət Qərvəndə köçməsi olardı.
“Köç”ü, “Dəyirman”ı, “Səs”i, “Fatehlərin divanı” ilə bir dünya olan Zəngəzurlu Mövlud Süleymanlı Şamaxıda anasının yanında dəfn olunmaq istədi. Akademik Mirzə Feyzulla Qasımzadə, Əlibaba Məmmədov, Ağaxan Abdullayev kimi ustad sənətkarlar, mütəfəkkir alimlər dünyasını dəyişəndə vəsiyyət etdilər ki, doğulduqları kənddə dəfn etsinlər. Onlar “Vətən doğulduğun köydən başlayır” nidasına tapındılar. Dünyanın ən böyük hörmətinin, şöhrətinin, sərvətinin də doğulduğun köyə, yosmaca evlərə bağlı olduğunu sübut etdilər.
Axı orda bizim əzizlərimizin ruhu dolanır.
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
Muğanda aşkarlanmış svastika simvolları, yaxud, BİZ NİYƏ BUNCA BİGANƏYİK?
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Qədim və sirli Muğan diyarının tarixi ilə bağlı apardığım araşdırmalara əsasən, indiyədək Azərbaycan Respublikası və eləcə də, İran ərazisində yerləşən Muğan zonasında ümumilikdə 3 maddi-mədəniyyət nümunəsində svastika (卐) simvolu ilə üzləşmişəm.
Müasir dövrümüzdə bu simvol nasist Almaniyasının gerbi kimi təsəvvür edilsə də, əslində onun minilliklər öncə meydana gəlişi bəllidir və istifadəsinin alman nasistlərinə heç bir aidiyyatı olmamışdır. Bu simvol 10000 ildən çox qədim tarixdən gələn fəlsəfi və dərin mənalı bir simvoldur. Doğma diyarımızda min illər öncə insanların mənsub olduğu Muğan və Mitraizm (Mehrpərəstlik) kimi dinlərdə dörd həyat ünsürünü (su, od, külək və torpağı), eləcə də, xoşbəxt həyatı, günəşi və s. simvolizə edən bu simvoldan geniş istifadə olunmuşdur.
Faşistlər isə XX əsrin əvvəllərində həmin qədim simvolu əxz edərək mənimsəməyə çalışmışlar…
İndiyədək qədim və sirli Muğan zonasından aşkarlanmış svastika simvol nümunələri aşağıdakılardan ibarətdir:
I nümunə:
1966-cı ildə İranda Pəhləvi sülaləsindən olan Məhəmmədrza Pəhləvinin hakimiyyəti dövründə İranın Muğan zonasında yerləşən Germi şəhəri ətrafında aparılan arxeoloji qazıntılar zamanı buradan Parfiya Dövləti (e.ə 247 – b.e 224) zamanına aid edilən küp qəbirlər tapılmışdır. Həmin küplərdən birinin içərisindən tapılan nəfis parça üzərində müəyyən naxışlardan əlavə svastika simvolu da müşahidə edilir.
II nümunə:
1966-cı ildə İranda İranın Muğan zonasında yerləşən Germi şəhəri ətrafında aparılan arxeoloji qazıntılar zamanı tapılmış küp qəbir üzərində də svastika simvolunun mövcudluğu təsbit edilmişdir.
III nümunə:
1990-cı ilin ilk aylarında Azərbaycan Respublikasının Cəlilabad rayonu, Ləkin kəndi ərazisindən tapılan küp qəbir üzərində də svastika simvolunun həkk olunduğu təsbit edilmişdir. Həmin nadir və tarixi tapıntı yerli tarixçi-tədqiqatçı Elşad Əmənov tərəfindən aşkarlanaraq təsbit edilmişdir.
Bununla da bura qədər Odlar Yurdu Azərbaycanın ayrılmaz parçası sayılan qədim və sirli Muğan diyarında 3 qədim maddi-mədəniyyət nümunəsində svastika simvolunun aşkarlandığı təsbit edilmişdir.
Məlumat üçün qeyd etmək lazımdır ki, İranın Muğan zonasından tapılmış hər iki maddi-mədəniyyət nümunəsi tapıldığı zamandan etibarən indiyə kimi İranın paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Muzeye-İrane-bastan” (Qədim İran Muzeyində) 3405 nömrəli qiymətli eksponat olaraq saxlanılır. Lakin uzun illər boyu Cəlilabad rayonunun aidiyyatı orqanlarına edilən bütün çağırış, müraciət və xahişlərə rəğmən Cəlilabad ərazisindən tapılmış bu qiymətli maddi-mədəniyyət nümunəsinə xüsusi biganəlik nümayiş etdirilmişdir. Tarixçi-tədqiqatçı Elşad Əmənovun aşkarladığı məlum küp qəbir 1990-cı ildən 2022-ci ilə qədər (düz 32 il müddət ərzində) diqqətdən kənarda qaldı və həmin müddətə qədər onun həyətyanı sahəsində əmanət kimi qorunub-saxlanıldı. Nəhayət, çoxsaylı müraciət və xahişdən sonra 2022-ci ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Salyan Regional İdarəsinin sabiq rəisi, hörmətli Babək Bəkirovun təkidi və xüsusi tapşırığı əsasında Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gətirildi.
Təəssüflər olsun ki, hal-hazırda həmin tarixi, nadir və qiymətli tapıntı sınıq vəziyyətdə (restavrasiya olunmadan), özü də, insanların get-gəl etdiyi səkinin - Cəlilabad şəhər Heydər Əliyev adına prospektin yaxınlığında açıq səma altında torpaq üzərinə qoyulub!
Mənə görə, həmin nadir tapıntının torpaqlar altında qalması onun bu vəziyyətdə saxlanılmasından daha faydalı olardı. Çünki onun hər an valideyn və məktəb tərbiyəsi görməmiş şəxslər tərəfindən sındırılması, təsadüfi hadisə nəticəsində məhv olması, yoldan keçən avtomobilin qəza nəticəsində əraziyə daxil olub onu sındırması və eləcə də, yağış, dolu və qar altında qalaraq məhv olma ehtimalı daha güclüdür.
Əslində ən azından bu nadir tapıntı Muzeyin daxilində, özü də metaldan hazırlanmış xüsusi paya (ayaqlıq) üzərində saxlanılmalı idi. Qədim maddi-mədəniyyət nümunələrinin qorunub-saxlanılması sahəsində beynəlxalq təcrübə də bunu tələb edir.
Hər zaman söylədiyim kimi, tarix millətin “Şəxsiyyət vəsiqəsi”dir. Biz öz keçmiş tariximiz və maddi-mədəniyyət nümunələrimizi qorumaqla əslində şəxsiyyətimiz və mənliyimizə hörmət qoymuş oluruq. Bu baxımdan, tarixi abidələrimiz və maddi-mədəniyyət nümunələrimizə olan münasibətə yenidən baxmaq lazımdır.
Ümid edirəm ki, aidiyyatı orqanlar, xüsusilə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu tarixi və qiymətli tapıntıya dərhal xüsusi diqqət ayıracaq, onun qorunması üçün lazım olan addımları atacaqdır...
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
Bu dünyada Ramiz Məlik adında bir xalq artisti var idi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Hər tənəzzülün öz tərəqqisi olduğu kimi, hər tərəqqinin də öz tənəzzülü var. Ötən əsrin 60-90-ci illəri Azərbaycan kino və teatr sənətinin tərəqqi dövrü olub. Həmin zaman kəsiyində onlarla böyük sənətkar yetişib. Əgər onların hər biri qapalı sovetlər ittifaqında deyil, hər hansı bir Qərb ölkəsində yaşasaydılar, inanın ki, ən nüfuzlu mükafatlara layiq görülərdilər. Belə aktyorlardan biri də, xalq artisti Ramiz Məlik idi...
Deyirdi ki:- “Kinodakı fəaliyyətim məni qane etmir. Ona görə ki, dəvətlər yoxdur. İndi kino çəkmirlər. Çəkəndə də peşəkar aktyorları çəkmirlər. İndi kinoda harda oxuyan, oynayan varsa onların meydanıdır. Professional aktyorlardan demək olar ki, çox az istifadə edirlər.”
Gileylənsə də kino tarixində silinməz izlər buraxa bildi, gözəl obrazlar yaratdı…
“1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin zamandan başlayaraq Ulu Öndər bir çox istedadlı sənətkarlarımıza ən yüksək fəxri adlar verdi. 1974-cü ildə isə teatrımızın 100 illiyinin keçirilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Həmin dövrdə də bir çox korifey sənətkarlarımız “SSRİ Xalq artisti” fəxri adına layiq görüldülər. Hətta mənzillə mükafatlandırılırdılar. Onlardan biri də mən idim. 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə mənə Azadlıq prospektində 3 otaqlı mənzil verildi. Nəhayət, 1984-cü il sentyabrın 24-də Ümummilli Lider Heydər Əliyevlə bizim unudulmaz görüşümüz oldu. O, dahi şəxsiyyət Hüseyn Cavidin əsərlərini çox sevərdi. Həmin vaxt Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis” tamaşası hazırlanırdı. Biz o zaman məzuniyyətdən yeni qayıtmışdıq, xəbər gəldi ki, Heydər Əliyev gəlib, Bakıdadır və tamaşaya baxmaq istəyir. Bir həftə ərzində ciddi məşq etdik və tamaşanı yüksək səviyyədə nümayiş etdirdik. Əsərin baş qəhrəmanı Arifi mən canlandırırdım. Ulu Öndər adəti üzrə tamaşadan sonra səhnə arxasına keçərək sənətçilərlə görüşdü. Bu çox sevindirici və qürurverici idi ki, dövlət başçısı tamaşa barədə öz təəssüratlarını aktyorlarla bölüşürdü. Ümummilli Lider Hüseyn Cavid yaradıcılığını, dramaturgiyasını təhlil edərək, tamaşaya olan münasibətini, tövsiyələrini bildirdi və kollektivi bu münasibətlə təbrik etdi. Orada həmin an belə bir söz də işlətdi "Bu tamaşa mütləq öz mükafatını almalıdır”. Doğrudan da az bir müddətdən sonra “İblis” tamaşası Dövlət mükafatına layiq görüldü. Ümumilikdə səkkiz nəfər, başda rejissor Mehdi Məmmədov və iki rəssam, eləcə də beş aktyor - Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səfurə İbrahimova və mən Dövlət mükafatı aldıq. Bu, Heydər Əliyev kimi şəxsiyyətin bizə və sənətimizə olan diqqətinin, qayğısının ən bariz nümunələrindən yalnız biridir.”- söyləyirdi…
Heydər Əliyevin qəlbən pərəstişkarı olduğundan, onun haqqında ehtiramla, səmimiyyətlə xatirələrini bölüşürdü...
Deyirdi ki:- “Mən o vaxtlar Əməkdar artist, Dövlət mükafatı laureatı idim və 1998-ci ildə Heydər Əliyevin imzası ilə Xalq artisti adına layiq görüldüm. O, tez-tez teatra gəlir, tamaşalara baxır və sənət adamları ilə görüşərək onların qayğıları ilə maraqlanırdı. Yaxşı yadımdadır, Xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını da izləmişdi və tamaşa çox xoşuna gəlmişdi. Orada da tamaşadan sonra ənənəvi olaraq səhnə arxasında tamaşanın yaradıcı heyəti ilə görüşüb səhnə əsəri ilə bağlı öz təəssüratlarını bölüşmüşdü. Dedi ki, “Bu bizim türk kökümüzə layiq bir əsərdir”. İşinin gərgin olmasına baxmayaraq elə bir yeni tamaşa olmazdı ki, Ulu Öndər həmin tamaşaya gəlib baxmasın. Bu, onun Azərbaycan ədəbiyyatına sevgisindən, sözə həssas münasibətindən irəli gəlirdi. Allah ona rəhmət eləsin!”
İllər onu heç dəyişmədi. Ömrünün sonunadək gənclik çılğınlığı ilə hadisələrə, gündəmdə olan məsələlərə münasibət bildirirdi. Ünsiyyətdə mehriban və diqqətli idi. Şux geyimi, ruh yüksəkliyi ilə fərqlənirdi. Məzəli zarafatları, şirin söhbətləri adama ləzzət verirdi. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyük idi...
Yaşasaydı, dünən - avqustun 4-ü xalq artisti Ramiz Məlikin 82 yaşı tamam olacaqdı. Artıq bir il, səkkiz aydır ki, haqqa qovuşub. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
Teatrın və kinonun MEHRİBAN ƏLƏKBƏRZADƏSİ
Gənclik şəhəri Sumqayıtın bir adı da var – istedadlar şəhəri. Buradan bir çox məşhur dövlət xadimi, elm və təhsil qabaqcılı, mədəniyyət ünlüsü, ordu rəhbəri çıxıbdır. Bu gün onlardan birinin - televiziya, teatr və kino rejissoru Mehriban Ələkbərzadənin doğum günüdür. Mehriban Ələkbərzadə Azərbaycan Milli Dram Teatrının baş rejissoru, bədii rəhbəridir.
Mehriban xanım 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulsa da uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə - 8-ci mikrorayona köçüb və o, buradakı 17 saylı orta məktəbdə oxuyub, məktəbi 1982-ci ildə bitirib.
Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas təhsilini rejissor Mehdi Məmmədovun və Elmira Şabanovanın kursunda alıb. Hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Vilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.
1988-ci il iyunun 11-də diplom müdafiəsi kimi Akademik Milli Dram Teatrının Kiçik səhnəsində J.P.Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb. 1988-ci ildə təhsilini başa vuraraq təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz", Bəxtiyar Vahabzadənin "Yağışdan sonra", Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990) pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.
1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən həmin teatrın quruluşçu rejissoru olub. Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb. Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur.
Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib. AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017–2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022–2023-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. 2023-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsinə təyin edilib.
Tamaşaya qoyduğu əsərlər
- Akademik Milli Dram Teatrı
1. Dəfn edilməmiş ölülər
2. İnsan səsi
3. Min illərin işığı
4. Müəmmalı bir qətlin üç versiyası
5. Poçt şöbəsində xəyal
- Lənkəran Dövlət Dram Teatrı
1. Sənsiz
2. Yağışdan sonra
3. Çarəsiz sərnişinlər
- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
1. Nuri-Didə Ceyhun
- Azərbaycan Dövlət Yuğ Teatrı
1. Müəmmalı bir qətl
2. Mənəm…mən
- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
1. Cəza
2. Kod adı: VXA
Filmoqrafiya
- Dəfn edilməmiş ölülər
- İnsan səs
- Güzgü
- Yaşa, ey haqq
- İnsan-Fövqəlinsan
- Aporiya
- Gecən xeyrə qalsın, ana
- Cəza
- Qırmızı terror və ya Mircəfər Bağırov
- Ömrün sarı rəngi
- Azərbaycan naminə!
- İflas
2024-cü ildə Mehriban xanım mədəniyyət sahəsində göstərdiyi müstəsna xidmətlərinə görə Dövlət mükafatına layiq görülüb.
Xeyirli illər!
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)
Ayvazovskinin büstü üstə bir neçə söz
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Xankəndi bu gün həm coğrafi, həm də mədəni və hüquqi bir yüklə gündəmdədir. Şəhərdə 4 il öncə qanunsuz şəkildə ucaldılmış - daha doğrusu, yerləşdirilmiş və bu günlərdə aradan qaldırılmış Ayvazovski büstü ətrafında yaranmış səs-küy – Kreml yemlikli mədəniyyət və siyasət dairələrinin isterik reaksiyası – bizə bir daha göstərdi ki, bəzi “büst”lər imperiya zehniyyətinin bərkimiş simvoludur.
Sual doğur: Ayvazovski kimdir, büstü Xankəndidə nə “gəzir” və bu “sənət hadisəsi” niyə məhz siyasi iddiaların təməl daşına çevrilib?
Ayvazovski (Иван Константинович Айвазовский/ İvan Konstantinoviç Ayvazovskiy; Հովհաննես Այվազովսկի/ Hovhannes Ayvazovski; 29.07.1817 - 02.05.1900) haqqında mübahisə çoxdur. Kimisi onu erməni, kimisi rus, kimisi türk qarışımı sayır; lakin bir həqiqət dəyişməzdir: o, heç vaxt Ermənistan adlanan bir dövlətin və ya onun mədəni mühitinin məhsulu olmamışdır. Tarixdə erməni dövləti olubmu, hələ bir dənizlə təması da olsun? – Ayvazovskinin dəniz mənzərələri, fırtınalı üfüqləri və gəmi təlatümləri onun təkcə fırçasının yox, irsi yaddaşında (Osmanlı) və içində yaşadığı (Çar Rusiyası) imperiyaların ziddiyyətli harmoniyasının əksidir.
Bu baxımdan Ayvazovski heç vaxt “erməni rəssamlıq mühiti”min övladı olmayıb. Onun sənətindəki lirizm rus rəssamlıq məktəbinə, kompozisiyası isə Osmanlı vizual təsəvvürlərinə söykənir. O, erməni mədəni sınırlarının yox, imperiya qatlarının övladıdır.
İndi, Ayvazovskinin doğulduğu, öldüyü Krımın Feodosya (Kefe) şəhərindən bizim Xankəndiyə gələk.
2020-ci ilin 10 noyabrında imzalanmış bəlli Üçtərəfli Bəyanatda nə büstlərdən, abidələrdən, nə də, üçüncü tərəfin - Rusiya Federasiyasının özbaşına edəcəyi “mədəni təşəbbüslər”dən danışılır. Sülhməramlıların funksiyası – yalnız və yalnız təhlükəsizlik təminatıdır – dünyanın dörd tərəfində belədir. Uluslararası hüququn heç bir normativ aktı, konvensiyası və ya gələnəyi, hərbi kontingentin keçici olaraq yerləşdiyi “münaqişə ərazisi”ndə hansısa abidə ucaltmaq haqqını tanımır.
Büstün Xankəndiyə qoyulması – özü də ordu müşayiəti ilə – sıradan “humanitar jest” sayıla bilməz. Bu, bir dövlətin qayda-qanunlarını saymadan onun ərazisində kulturoloji iz buraxmaq cəhdidir. Bu – mədəniyyət vasitəsilə geopolitik şərt irəli sürmə cəhdidir. Büst burada sadəcə büst olmaqdan çıxmışdı – o, yerli-dövlət atributlarını simvolik olaraq əvəzləməyə çalışan ideoloji simvoluydu...
Sülhməramlı adlandırılan, əslində sülhməramsızlar bizim suverenlik hüququmuzu görməzdəngəlirdi. Bu, büst-büst, heykəl-heykəl uzanıb-gedən sorumsuzca davranışıydı.
Hər hansı bir dövlətin suveren hüququ təkcə sınırlarını qorumaqdan ibarət deyil, əlbəttə; bu hüquq həm də həmin sınırlar içindəki mədəni mənzərəni formalaşdırmaqdır. Azərbaycanın Şuşada, Xankəndidə, Xocalıda hansı abidəni saxlayacağına, qanunsuz və qondarma abidələri nə vaxt və necə aradan qaldıracağına yalnız Azərbaycan qərar verə bilər. Və bu qərar – həm hüquqi, həm siyasi, həm də mədəni-mənəvi sorumluluğun təntənəsidir.
Özünə, uluslararası hüquqa sayğı duyan heç bir dövlət başqa dövlətə – bizim örnəkdə Rusiya Azərbaycana mədəniiyyət siyasəti, siyasət mədəniyyəti və s. mövzusunda göstəriş verə bilməz. Əgər Rusiyada Stalin və b.-nın abidəsi sökülə bilirsə, Leninin heykəlləri yığışdırılırsa, nə üçün Azərbaycan öz ərazisində öz qərarını verə bilməz? Abidələrdən də suverenlik doğur – çünki abidə yaddaşdır, simvoldur, mənsubiyyətdir.
Ayvazovski sənətinin zəbtə çevrilməsinə – etikadan estetikaya, oradan hegemoniyaya keçidinə izn verəsi deyilik.
Ayvazovskinin Xankəndiyə “gətirilməsi” – onun Qaradənizsayağı, Krımsayağı fırçalarını – Xəzərsayağı, Qafqazsayağı tonlamaq deyildi. – Bu, bir estetik vasitə ilə hüquqi məkana girmə cəhdi idi. Bu, əslində “kulturoloji zəbt” aktıydı. Əgər bir abidə xalqın deyil, hərbi kontingentin qoyumunda və qorumasında yaşamalıydısa, bu, sənət deyil, ssenaridir... Sənətkarın adına yazılmış ssenari isə sənətə qarşı sayğısızlıqdır.
Uzun sözün qısası,büstlərə bürünən imperiya kölgələri bir an öncə çəkilib getməlidir.
Bəli, Azərbaycanın sənətə qarşı yox, sənətdən – mövcud örnəkdə Ayvazovskidən sui-istifadəyə qarşı apaydın mövqeyi var. Büstün götürülməsi – nə bir rəssama, rəssamlığa, nə ümumən sənətə, mədəniyyətə qarşı yox, büstün qoyuluş kontekstinə qarşı tam hüquq əsaslı addımdır.
Azərbaycanın qərarı – hansı büstün, hansı heykəlin, hansı estetik simvolun bizim ərazidə qalacağına qərar vermək hüququ – müstəqil dövlətçiliyin estetik ifadəsidir. Bu qərarı sual edənlər isə büstlərin arxasında gizlənən zehniyyətin (daha doğrusu, zehniyyətsizliyin) daşıyıcılarıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)


