Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bugünkü müsahibimiz dəyərli kitabxanaçı Lalə Hacıyevadır. “Sadə peşə sahibləri” rubrikasında, düşünürəm ki, kitabxanaçılıq peşəsi xüsusi əhəmiyyət kəsb edir.
-Salam Lalə xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.
Salam. Mən, Hacıyeva Lalə Ucar rayon Əlikənd kənd kitabxanasında kitabxanaçı kimi fəaliyyət göstərirəm.
-Niyə məhz kitabxanaçı olmaq istəmisiniz?
Kitabxanaçı olmaq istəməyimin əsas səbəbi kitablara və biliyə olan marağımdır. İnsanlara düzgün məlumat tapmaqda kömək etmək, onları oxumağa həvəsləndirmək və biliklərini artırmalarına töhfə vermək qürurverici bir işdir.
-Sizcə, müasir dövrdə kitabxanaçı peşəsinin rolu nədir?
Kitabxanaçı peşəsinin rolu müasir dövrdə olduqca vacibdir. Kitabxanaçılar daim cəmiyyətlə ünsiyyətdə olduğu üçün uşaqlarda, gənclərdə və yaşlı insanlarda kitaba marağın artırılmasında mühüm rol oynayırlar.
-Gələcəkdə kitabxananın inkişafı üçün hansı ideyalarınız var?
Gələcəkdə kitabxanada oxu zalının sayının artırılmasını və müəlliflərlə görüşlərin təşkil olunmasını istərdim. Kitabxananın daha əlverişli avadanlıqlarla təchiz olunması, kitab sayının artırılması müxtəlif yaş qruplarına uyğun tədbirlərin çox sayda keçirilməsinə şərait yaradacaq. Düşünürəm ki,bu cür yeniliklər kitabxananı müasir və cəlbedici edəcək.
-Oxucu tələbatını necə müəyyən edirsiniz və yaşadığınız məkanda mütaliə səviyyəsi sizi qane edirmi?
Oxucu tələbatını müəyyən etmək üçün ilk növbədə oxucuların hansı mövzulara maraq göstərdiyini, hansı janrları oxuduğunu müəyyənləşdirmək lazımdır. Yaşadığım məkanda mütaliə qismən məni qane edir. Oxumağa maraq göstərən insanlar var, lakin ümumilikdə mütaliəyə marağın daha da artırılmasına ehtiyac olduğunu düşünürəm. Xüsusilə gənclər arasında oxu vərdişlərinin formalaşdırılması üçün tədbirlər, kitab müzakirələri və maraqlı layihələr təşkil olunsa, mütaliə səviyyəsi daha da yüksələ bilər.
-Kitab itkisi və ya zədələnməsi hallarında hansı tədbirləri görürsünüz?
Kitab itkisi və zədələnməsi hallarında kitabın nə zaman, kim tərəfindən götürüldüyünü araşdırıram. Əgər itki oxucu ilə bağlıdırsa, oxucu ilə əlaqə saxlanılır. Zədələnmə hallarında mümkün olduqda kitab bərpa olunur, istifadəyə yararsızdırsa fondan çıxarılması üçün müvafiq tədbirlər görülür.
-Ən çox sevdiyiniz klassik yazıçılarımızdan kimlərdir?
Ən çox üstünlük verdiyim yazıçılar İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadədir.
-Gənclərə hansı tövsiyələriniz var?
Gənclərə tövsiyyəm odur ki, çox kitab oxusunlar və oxumağı vərdiş halına gətirsinlər. Öz maraqlarını inkişaf etdirsinlər və faydalı işlərdə iştirak etsinlər.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)


