Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bugünkü müsahibimiz dəyərli müəllim Anar Məmmədovdur. Sadə peşə sahibləri rubrikasında, düşünürəm ki, müəllim peşəsi dominant sayıla bilər.
-Salam, Anar müəllim. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.
-Salam. Mən, Anar Məmmədov tarix-dövlət hüququ muəllimiyəm. Bakıda 215 saylı məktəbdə işləyirəm.
-Tarix müəllimi olmağınıza nə səbəb olub?
-Əslində mən idarəçi olmaq istəyirdim. Buna görə sosial elmləri öyrənirdim. SSRİ dağıldıqdan sonra müəllim işlədim.
-Tarix müəllimi kimi gənclərin ümumi təhsil səviyyəsi sizi qane edirmi?
-Bu dəqiqə informasiya sel kimi axır. Oxumaq asanlaşıb. Gənclər irəliyə doğru can atırlar. Mən onlara yaradıcı və tənqidi oxumagı arzu edirəm.
-Təhsili və elmi gənclərə daha çox sevdirmək üçün hansı addımların atılmasını istərdiniz?
-Təhsildə ilk növbədə, interaktiv metodlar, İKT, oyunlar nəzəriyyəsindən istifadə edilməlidir. Bacarıqlara yiyələnmək lazımdır. Zənnimcə, fundamental elmləri, xüsusən riyaziyyat birinci sırada olmalıdır.
-Tarix nə üçün vacibdir və onu bilməmək cəmiyyətə hansı mənfi təsirləri göstərə bilər?
-Tarixin məzmunu ilə bağlı deyə bilərəm ki, o eklektik elmdir. İstər-istəməz tarixçi politologiyanı, makroiqtisadiyyatı, psixologiyanı, ədəbiyyatı, dili, coğrafiyanı, hətta riyaziyyatı, geodeziyanı bilməlidir. Artıq Terner bu fikri çoxdan söyləyib. Tarix qədər fikir plüralizmini sevən elm yoxdur. Tarixi bilməmək rəngsiz, solğun, düşünməyi sevməyən toplum yetişdirir.
-Tarixi şəxsiyyətləri bugünkü dəyərlər və düşüncə tərzi ilə mühakimə etmək sizcə doğrudurmu?
-Xeyr. Artıq bu suala Kollinqvud cavab verib. Hər fakta həmin dövrün gözü ilə baxmaq lazımdır. Onda tarixi dərinlə hiss edə bilirsən.
-Sizin üçün ən maraqlı tarixi şəxsiyyət kimdir?
-Mənim üçün ən maraqlı şəxsiyyət Jozef Fuşedir. O “simasızlıgın simvolu” adlanır.
-Hansı tarixi hadisə sizi daha çox düşündürür və niyə?
-Məni ən çox düşündürən sosiumdakı institusional dəyişikliklərdir. Bunu Duqlas Nort işləyib hazırlayıb. Nəyə görə? Argentina da respublikadir, ABŞ-da. Amma aralarındakı fərqi hamı görür.
-Tarix və ədəbiyyat arasında hansı əlaqəni görürsünüz?
-Mən bu əlaqəni tam aydın şəkildə izah edə bilmərəm. Amma nümunələr var: Lev Tolstoy və Stefan Sveyq.
-Əgər bədii əsər yazsaydınız, qəhrəmanınızı hansı tarixi şəxsiyyətə bənzətmək istərdiniz? Ümumiyyətlə, belə bir fikriniz varmı?
-Yazı yazmaq ALLAHın təpərindən asılıdır. Mən öz yazımda tarixçi Ferman Brodeli canlandırmaq istəyərdim.
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


