Super User
VAQİF YUSİFLİ, “Yeni ədəbi nəsil”
“Ədəbiyyat və incəsənət” portalı görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsi təqdim edilir.
YENİ ƏDƏBİ NƏSİL
1.Ədəbi nəsillərə bir gəlişmə
Ədəbiyyatda nəsil anlayışı şərti və nisbidir. Belə ki, sözün yaşarılığını müəllif yaşı təyin eləmir. O söz çox istedadlı cavan bir müəllifin bədii təxəyyülündən də doğa bilər, yaşlı bir sənətkarın qələmindən də. İndi otuz səkkiz yaşlıları çox vaxt cavan şair adlandırırlar, halbuki, bu yaşda Əli Kərim öz ömrünü başa vurmuşdu. Yaxud 30-35, həttra 40 yaşlı elə “cavanlar” var ki, onların yazdığı şeirlər, hekayələr, müəllifləri kimi həyatdan əlini üzmüş qocalara bənzəyir. Lakin “ədəbi gənclik” anlayışına bir qədər başqa – “rəsmi” şəkildə də yanaşmaq olar. Bütün zamanlarda insan ömrünün ən təzə, ən təravətli, ən qaynar dövrü gənclikdir və bunu ədəbiyyata şamil edəndə “təzə səs”, “təzə nəfəs”, “təravətli söz” ifadələri yada düşür. XX əsr Azərbaycan ədəbiyyatı bir neçə “ədəbi gənclik” dövrü keçirmişdir və məlum oldu ki, bu dövrlərin hər biri ədəbiyyatda yeni bir nəslin özünüifadəsinin başlanğıcı olub. Və o da maraqlıdır ki, yeni ədəbi nəslin gəlişi qalmaqalsız və mübarizəsiz keçməmişdir. Xatırlayaq 60-cı illəri. Bu elə bir dövr idi ki, artıq ədəbiyyatda bir çox şablonlar, stereotiplər dağılmalıydı – həyatın, cəmiyyətin inkişaf tempi qarşısında köhnə bədii təfəkkürə duruş gətirmək mümkün deyildi. Formalar, qəliblər sınmalı, dağılmalıydı. 60-cı illərdə bu missiyanı ustad Rəsul Rzanın başçılığı ilə “altmışıncılar” ədəbi nəsli həyata keçirdi. “Altmışıncılar” Azərbaycan poeziyasında sənətin inkişafına sədd çəkən köhnə, yıpranmış ənənələrdən imtina etdilər, “qum dənəsində kainat” axtardılar, Azərbaycan poeziyası vasitəsilə dünyaya pəncərə açdılar. “Altmışıncılar” özlərindən sonra gələn ədəbi nəsillərin taleyində də müəyyən rol oynadı. “Yetmişincilər” hesab etdiyimiz ədəbi nəsil – Ramiz Rövşən, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eldar Baxış, Vaqif Bəhmənli keçilmiş yolu təkrar etmədilər. Ancaq mahiyyət etibarıilə bu nəsil də eyni ədəbi missiyanı yerinə yetirdi. Ədəbiyyata 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində gələn nəsil bu sanki hamar, heç bir maneə törətməyən yolla irəliləməyə başladı. Onlar da bir nəsil kimi formalaşdılar – Rüstəm Behrudi, Tofiq Qaraqaya, Ağacəfər Həsənli, Əjdər Ol, Adil Cəmil, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Akif Əhmədgil, Barat Vüsal, Ağamir Cavad, Məhəmməd Astanbəyli adları ilə təmsil olunan bu ədəbi nəsil (onların sırasında Adil Mirseyidin, Əhməd Oğuzun, Nisəbəyimin, Sabir Adilin ölümünə təəssüflənirik) müxtəlif fərdi üslubları ilə diqqəti cəlb etdilər.
Sonra gəlir “doxsanıncılar”. Hərəsi bir yol seçən “doxsanıncılar” nəsli də eyni həqiqətə ayrı-ayrı prizmalardan baxdılar. Məqsəd nə idi? Məqsəd o idi ki, bədii sözün potensialı artsın, ədəbiyyat – söz sənəti dünya, gerçəklik sözün dünyasına çevrilsin. Bu ədəbi nəsil içərisində kimlərisə fərqləndirmək olar. Başda Salam Sarvan, Qulu Ağsəs, Balayar Sadiq, Əlizadə Nuri, Məlahət Yusifqızı, Rəsmiyyə Sabir, Tərlan Əbilov, Bilal Alarlı, Fərqanə Mehdiyeva, Əlirza Həsrət “doxsanıncılar” içində istedadlı şairlər kimi diqqəti cəlb etdilər və əlbəttə, Salamın sözə münasibətindəki təzəliklər indi də unudulmayıb: “Söz ilə oyun oynadım”.
Təbii ki, “doxsanıncılar” içində Avropa şeir modellərinin milli şeir ölçüləri ilə əvəzlənməsi hallarını biz heç də tənqid etmirik. Rasim Qaracanın, Azad Yaşarın, Həmid Herisçinin, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Xanəmirin, İbrahim İbrahimlinin modernist şeirə meyilləri bir təzə hava idi.
2.İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında.
“Ulduz” jurnalı yeni ədəbi nəslin yaradıcılığını əks etdirən seçmə nümunələri oxuculara təqdim edir (iyun – 2023, Proza, oktyabr – 2023, poeziya yanvar – 2024 – tənqid). Nəsr nümunələri yalnız hekayələrdən ibarətdir və onları gənc nasir Furqan seçib, şeirlərdən ibarət nümunələri Ramil Əhməd, tənqid yazılarını isə Elnarə Qaragözova hazırlayıb. Əlbəttə, onların hər birinin seçimində natamamlıq ola bilər, hansı gənc şair və nasir bu seşimlərdən kənarda qala bilər, yaxud Furqan, Ramil Əhməd, Elnarə xanım öz ədəbi zövqlərinə uyğun seçim ediblər. Lakin bütün bunlar o qədər də əhəmiyyətli deyil.
3.Poeziya
Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı: “Kim istəsə ki yazdığı şeirlərdə şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və təbiətinə uyğun olaraq həyatın poetik tərəfini görsün”. Bu fikri müəyyən mənada ikimininci illərdə ədəbiyyata gələn gənc şairlər haqqında söyləmək olar. Hər bir gənc şairin ədəbiyyata gəlişi müxtəlif yollardan keçə bilər: kimisi ədəbiyyata hansı ustadınsa kitabından, o kitabdakı şeirlərin təsirindən, kimisi poeziya iqliminin zahiri, cəlbedici havasından (belələri nə qədər desən var), kimisi də daxili tələbatdan, ürəyinin səsiylə. Fikrimizcə, ikimininci illərin gənc şairləri ədəbiyyata, poeziya aləminə ürəyinin səsi ilə gəliblər, burada, təbii ki, istedad amili mühüm rol oynayır. Aqşin Evrən, Allahşükür Ağa, Fərid Hüseyn, Günel Şamil qızı, İntiqam Yaşar, Ramil Əhməd, Ruslan Dost Əli, Şəhriyar del Gerani, Ulucay Akif, Habil Rzanur – indi bu adlar müasir poeziyamızın gənclik bölmələrindən tez-tez səslənir. “Poeziya” sayına ön söz yazan gənc şair Ramil Əhməd yazır: “Əminliklə demək olar ki, “Ulduz” jurnalının bu nömrəsi ədəbi mühitin poetik dünyagörüşünü geniş bir şəkildə əks etdirməkdədir. Bu poetik nümunələr şeirimizdəki istiqamətlər, üslublar, işlənən ana mövzular haqqında fikir yaratması baxımından önəmlidir”. Ramil Əhməd öz yaşıdlarının şeirləri barədə çox yüksək fikirdədir. Təbii ki, burada təshih edilməli ifadələr var: “Ədəbi mühitin poetik dünyagörüşü” əvəzinə “şeirimizin gənc nəslinin poetik aləmi” ifadəsini işlətmək daha məqbul görünərdi.
XXI əsr təkcə dünyada, konkret olaraq bir məmləkətdə, ictimai həyatda, baş verən hadisələrdə deyil, ədəbiyyatda, xüsusilə poeziyada öz əksini tapır. Bu gənc şairlər elə bir dövrdə yaşayırlar ki, dünya onların gözləri qarşısında dəhşətli mənzərələrlə canlanır – müharibələr, insan ölümləri, aclıq, səfalət, mənəviyyatsızlıq dalğaları bir-birini əvəz edir. Dünyanın əzəli, əbədi rəngi, ahəngi dəyişir. Biz Azərbaycan adlı bir məmləkətdə yaşayırıq və yaxın keçmişdə bütün bu mənzərələr bizə tanışdır. Amma müstəqillik sevinci, məlum düşmən üzərində qələbələrimiz, heç şübhəsiz, poeziyaya, o sıradan gənc şairlərin düşüncə tərzinə də təsirsiz qalmayıb. Gənc şair Gülay Tahirlinin şeirlərində Vətənin keçmişi və müasir dövrü tarixi həqiqət kimi dərk olunur: insan və Vətən vəhdəti şeirin qayəsinə çevrilir:
Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!
Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam,
Ürəyim qoruyarmı, görən?
Darıxma, Vətən, darıxma.
O quşlar ki var:
Təbrizindən dən gətirib
Bakında əkən quşlar,
Onlara baxıb deyərəm,
ümid var.
Əlbəttə, gənc şairlərin yaradıcılığında Vətənə, torpağa, mənəvi dəyərlərimizə, yaxın və uzaq tarixi keçmişimizə, Qarabağ müharibəsinə həsr olunan, sadəcə dəb xatirinə deyil, milli duyğu kimi yazılan şeirlər heç də az deyil. İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Kürün əksər şeirlərində onun cəbhə xatirələri, döyüşçü həyatı əks olunur. “Cəbhədən məktub” şeiri döyüşçü atanın qızına yazdığı təsirli sözlərlə diqqəti cəlb edir:
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir:
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
İki mininci illərin gənc şairlərini müxtəlif mövzular üzrə qruplaşdırmaq olar, amma bunun heç bir səmərəsi yoxdur, çünki şairin şairliyini mövzu deyil, onun şeirində özünü necə ifadə etməsi müəyyən edir. Özünüifadə hər hansı şairin fərdi poetik üslubuyla bağlıdır. Ədəbiyyatı müxtəlif adamlar yaradır, lakin onların hamısını müəyyən ideya birləşdirir, ancaq ayrılıqda hər birinin öz dünyası, fərdi yaradıcılıq keyfiyyətləri, fərqli yazı manerası var. Poeziyada üslub ilk növbədə, şairin həyat hadisələrinə özünəməxsus və subyektiv münasibəti ilə bağlıdır. Əgər iki şair payızı eyni cür, eyni poetik vasitələrlə qələmə alırsa, burada fərdilikdən söhbət gedə bilməz.
Fərdi üslubu ilə seçilən bir neçə gənc şairin şeirləri barədə söz açaq. Ramil Əhməd bu gənc şairlər arasında xüsusilə seçilir, desək, səhv etmərik. On il öncə onun “Zaman tuneli” adlı ilk şeirlər kitabı çapdan çıxmışdı (o zaman 21 yaşı vardı). O kitabda Ramil metaforik düşüncə tərzini şeirlərində başlıca ifadə vasitəsinə çevirmişdi. Ancaq bizi daha çox maraqlandıran onun “Müharibə” silsiləsindən olan şeirləri idi. Ramil də bir çox yaşıdları kimi, müharibəni görməyib, o, dünyaya gələndə müharibə bitmişdi. Ancaq onun şeirlərində müharibədən sonrakı ovqat ön plana keçir, deməli, müharibə hələ bitməyib – şikəst qollar, qoparılmış ayaqlar, evin divarlarındakı şəhid ataların şəkili, sevgililərin göz yaşları... hələ varsa, müharibə bitməyib.
Ramil Əhməd müasir şeir mədəniyyətinə yiyələnmiş cavan şairdir. Təbii ki, XXI əsrin poeziyası (dünya və milli aspektdə) yeni poetik qanunauyğunluqlarla təsbit olunur. Baxın:
Üzündə təbəssüm donmuş şəhərin dəlisi,
Tül pərdələrin ardındakı gizlin baxışlar,
Yayılan pıç-pıçlar, dedi-qodular;
Kölgəsini qovalayan uşaqlar,
Yarpağı titrəməyən,
Yarpağı soyuqqanlı qatilin əlləri kimi
Titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir
günəş,
Çayımın rəngsizliyində gülümsəyən evin
qadınsızlığı
Ruhumu saran dibsiz bir çan sıxıntısı
hamısı, hamısı, hamısı...
Raminin “Can sıxıntısı” adlı şeiri başdan-ayağa beləcə metaforalarla, sözlərin və ifadələrin assosiasiyalarla ifadəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müasir şeirdə məna və məzmunun bədii təsvir vasitələrindəki orijinal metaforalar, təşbehlərlə ifadəsi daha çox gənc şairlərin şeirlərində nəzərə çarpır. Bəzi misallara müraciət edək:
“Ayrılıq” ölüm deyil,
ölmək deyil,
“Ayrılıq”
heç vaxt şuxluğunu, itirməyən,
aranızda yaşayan diridir.
(Cahan Seyidzadə)
İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Hə də çiyinlər.
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir
deyir içimdəki qoca.
(Habil Rzanur)
Qollarını itirsə də, geri dönməyən əsgər,
Olmayan qollarıyla
Yol göstərmək istəyirdi yoldaşlarına.
İndi
Fərqi yox idi, amma
Ondan uzaqda döyüşən qolları
Ön cəbhədə
Usta dirijor kimi
Qələbə nəğmələri bəstələyirdi.
(Malik Atilay)
Müharibə şəkilləri asılıb
Gözlərimlə dünyanın arasında.
Güllələnmiş körpənin “ana” hayqırtısı
bəzəyir qulaqlarımı –
sırğa əvəzi.
(Şahanə Müşfiq)
Misalların sayını yenə artırmaq olar. Bu yazıda Aqşin Evrənin “İnikas” şeirindəki insan-təbiət vəhdəti ilə bağlı orijinal deyimləri, Aygün Bayramlının “Qayağı” şeirindəki uçmaq metamarfozası, Arzu Hüseynin bitib-tükənməyən sevgi duyğuları, Allahşükür Ağanın “pəncərədən gözəl görünən payız”, Cavid Qasımovun “Görürsənmi, əzizim, Bizdən çox-çox uzaqda afrikalı uşaqlar günəş şəkli çəkirlər” misraları ilə başlayan gözəl bir şeiri, Eminqueyin hər bir şeirindəki az qala poetik aforizmlərə çevrilən deyim-duyumları, Nadir Yalçının özünəməxsus şeir dili, Günel Şamilqızının sadə və səlis dillə ifadə etdiyi həqiqətlər, Səddam Laçının “Yuxuyozma”, “Tremor rəssam”, “Unudulan qadın” şeirlərindəki poetik obrazlar, Sərdar Aminin “Göbələkli kötüyü”, Şəfa Vəlinin “Mən səninüçün darıxıram, İlahi” misrası ilə onun bütün şeirlərinin zəncirvari birliyi haqqında daha geniş söz açmaq olardı.
Biz İntiqam Yaşarın, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin və Şəhriyar del Geraninin şeirlərindən də qısaca söz açmaq istəyirik. Fikrimizcə, bu şairlərin hər biri fərdi poetik üslublarını artıq müəyyənləşdiriblər. Maraqlıdır ki, onların şeirlərində bəzən eyni mövzulara müraciət olunsa da, bu şeirlərdə tamam başqa notlar nəzərə çarpır. İntiqam Yaşar darıxmağa bir ayrı məna verir, Ruzbeh Məmməd bir ayrı, Şəhriyar da tamam ayrı. Ruslan Dost Əli bu şairlərin heç birinə bənzəmir (“Sənin saçların tökülər, mənim əllərim, neyləyim?”).
Nəticə etibarilə deyək ki, “Ulduz”un gənc şairlərə həsr etdiyi say uğurludur, (bir çox cavan şairlər bu sayda görüşməsələr də...)
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Emin Mirabdullayev əsl, olduğu kimi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, həmişə yenilik tərəfdarı olub.
Hamının görmədiyi rakurslar, pərdəarxası effektlər, epizodlar üzrə bol intriqanın qızışdırılması, zavyazka və razvyazkada müdhiş ustalıq, ən nəhayət, kulminasiyanın ən yüksək həddi…
Sadəcə, ölkənin kino bazarı yekcins olduğundan Eminin çəkməsi üçün film qəhətə çıxıb. Belədə, o, bütün gücünü teatra verib.
Rejissor, aktyor Emin Mirabdullayev 13 avqust 1969-cu ildə anadan olub.
2017-ci ildə Natiq Rəsulzadənin əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında Emin Mirabdullayevin rejissoru olduğu "Meme" tamaşası səhnəyə qoyulub. Eyni zamanda, Rusiyada bir neçə uğurlu işi vardır.
Emin daim axtarışda, təkmilləşdirmədədir.
İnanırıq ki, tezliklə o, arzuladığı filmi də çəkə biləcək.
Filmoqrafiya
1. Araqarışdıran
2. Şeytan göz qabağında
3. Kənar adamlar
4. Məşədi İbad-94
5. Bir dəfə Qafqazda
6. Halal pullar
7. Postskriptum
8. Əqrəb mövsümü "İki dünya bir olsa da"
“Ədəbiyyat və incəsənət” portal olaraq Emin Mirbdullayevi doğum günü münasibətilə təbrik edir, ona daim anşlaqlı tamaşalar və kassalı filmlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
GAP Antologiyasında Səid Sadiqifərin “O qadın, şəvə saçlı...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Səid Sadiqifərdir.
Səid Sadiqifər
Ərdəbil
***
O qadın, şəvə saçlı
Barmağı üzüklü.
O duyğu, uca boylu
Qaradağ soylu.
O Zunuzlu, ayaqları Xiyovlu
Əlləri dərə yurdlu
Leçəyi bütöv kəpənək
Gözləri Özbək, yanaqları göyçək
O... O... O...
Sevgi nə anlayır yoxsulluğu
Bir acınacaqlı sürgünlüyü
Sevgi nə Gürcü gözəlidir
Nə də Rusiyadakı yaşıl bəbəkli qız.
Sevgi bütün xəyallara dalmaqdır
Ötəri baxış havası
Keçəri tanış mahnısı
Arxadan əsən külək təkin
Notsuz, ritmsiz
Çal ha çağırda...
O içimizdə əsnəyən mizrabsız bağlama
İstər dəniz dibində çalınsın
İstər ucsuz-bucaqsız saraylarda.
O əllərə verilən mahna
Ötüb keçən bir qavqa
Ardınca löhləyən barış sərinliyi
Və bir daha bu qatar da keçəcək.
Saniyələr, dəqiqələr gecikəcək.
Sevgilər qafiləsi duran zaman
Sonra o yenə də durağında olmalı
O yenə də durağında olmalı.
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Onun bənzərsiz xarizması…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onu digər insanlardan fərqləndirən şəxsi cazibəsi, fiziki gözəlliyini tamamlayan isə bənzərsiz xarizmasıdır. Olduqca diqqətlidir, onu sonradan utandıra biləcək heç bir rəftara yol vermir. Buna görə də, ətrafdakılar tərəfindən yalnız hörmət və ehtiram görür. O, elə parlaq fikirləri olan insandır ki, hətta qərəzli adamlar tərəfindən də təqdir edilir. Cəmiyyət içində soyuq görünə bilər, amma olduqca səmimi və insanpərvər xanımdır...
Müsahibələrindən birində deyir ki:- “Bu il 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ilk olaraq xalqını maarifləndirmək, onu dünyada baş verən ictimai, siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və inkişaf yoluna çıxarmaq məqsədini qarşısına qoymuş və uzun illərdir ki, bu vəzifəni layiqincə yerinə yetirir. Təbii ki, bugünkü inkişaf səviyyəsinə çatana kimi mətbuatımız çox çətin, ziddiyyətli yol keçib. Uzun illər çar senzurasının amansız şərtləri altında, sonra da 70 il Sovet senzurasının "qayda-qanun"ları ilə öz fəaliyyətini davam etdirib. Çox qısa bir zaman kəsiyində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzura ləğv edildi, 1919-cu ildə "Mətbuat haqqında Nizamnamə" qəbul edildi, mətbuatımız azad fəaliyyətdə oldu. Sonrası hamıya bəllidir. Bu azadlığa Azərbaycan mətbuatı bir də 1998-ci ildə nail oldu. Senzuranın ləğvi mətbuatımızın inkişafına böyük təkan verdi. Hal-hazırda da ölkəmizdə KİV və dövlət münasibətləri yüksək səviyyədə tənzimlənib. Dövlətin mətbuata qayğısı hər an hiss olunur. Bir sıra jurnalistlərə ev verilib. KİV-lərə maliyyə yardımı hələ də göstərilir...”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Qərənfil Dünyaminqızı kimi tanınan Qərənfil Quliyevadır. O, 1964-cü ilin sentyabr ayının 13-də Qəbələ rayonunun Bum kəndində dünyaya gəlib. 1989-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində ali təhsilə yiyələnib. Dövrü mətbuatda ilk çıxışı 1974-cü ilə təsadüf edir, 1984-cü ildən isə müntəzəm çap olur. 1990-1998-ci illərdə Ədalət qəzetinin müxbiri işləyib. 1998-ci ildə BDU-da əvvəlcə dissertant olub, sonradan müəllim kimi fəaliyyətə başlayıb. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda elmi iş müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2022-ci ildə isə “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Hazırda BDU-nun Jurnalistika fakültəsinin, Milli mətbuat tarixi kafedrasının professorudur. 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Xidmətlərinə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı və “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub...
“İlk yazımın 1974-cü ildə çap olunmasına baxmayaraq 1984-cü ildən müntəzəm olaraq dövrü mətbuatda çıxış edirəm. Bu il 41 il tamam oldu ki, yazı-pozu ilə məşğulam. Adətən çap olunduğum "Kaspi", "Ədalət" qəzetlərinin, "İşıq", "Füyuzat" jurnallarının kollektivinə, rəhbərliyinə, orta məktəb müəllimlərimlə yanaşı ali məktəb müəllimlərimə - bir sözlə, mənə bu yolda dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.”- söyləyir.
Sosial həyatında onu əhatə edən insanlarla və ya dostları ilə isti münasibət qurmağı və şirin söhbət etməyi xoşlayır. Onun sosial həyatı çox aktivdir və rəfiqələri tərəfindən ən çox axtarılan xanımdır. Amma dost seçimində diqqətlidir və yumor bacarıqları yüksək səviyyədədir. Cəmiyyətdə fəal xanım olsa da, ev həyatı onun üçün ayrı bir yerdir. Evdə ailəsi ilə vaxt keçirməyi sevir. Ümumiyyətlə, onun üçün ilk növbədə ailə gəlir. Özündən əvvəl anasının, atasının və bütün sevdiklərinin rifahını düşünür. Lazım olsa, onların yaxşı olması üçün hər bir əzaba qatlaşmağa hazırdır...
Deyir ki:- “Zəngin və böyük tarixi inkişaf yolu keçən milli mətbuatımızdan bu gün öyrəniləsi bir çox müsbət xüsusiyyətlər var. Heç şübhəsiz, keçilmiş yolun öyrənilməsi, dəyərləndirilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərin tam bərqərar olunması, cəmiyyətdə sabit, sağlam mühitin yaradılmasına və müstəqil ideyaların təbliğinə xidmət etməli, gənc müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli və ona hər an dəstək olmalıyıq. Bizim klassiklərimiz də belə ediblər. Keçmişə nəzər salaq: Azərbaycan Xalq Cümhuriyyətinin yaradanlar kimlər idi? - Onlar həm də dövrün tanınmış jurnalistləri, publisistləri idilər. M. B.Məhəmmədzadə, Ü.Hacıbəyli, Ə.M.Topçubaşov, X.İbrahim, F.Ağazadə, N.Yusifbəyli, M.Ə.Rəsulzadə və b.. Onlar yalnız bir amal, bir məqsəd uğrunda mübarizə apardılar: Müstəqil Azərbaycan uğrunda. Biz də bu gün onların bu müqəddəs amallarını davam etdirməliyik. Jurnalistika böyük ammallara xidmət etməlidir. Buna görə yenə də deyirəm ki, hamılıqla gənc dövlətimizə hər an dəstək olmalıyıq, onun irəli sürdüyü ideyaları təbliğ etməliyik. Çünki bu gün dövlətimiz tərəfindən mətbuatımıza çox güclü qayğı var. Biz də bu qayğıya layiq cavab verməliyik. Belə olarsa daha möhkəm, daha əzmkar, daha qüdrətli müstəqil Azərbaycan dövlətinə nail olmuş olarıq.”
Adətən, mükəmməllik axtarışı və detallara olan diqqəti ilə seçilir. Təbii analitik qabiliyyətə malikdir və hər bir vəziyyəti dərinliklə təhlil edərək, ən yaxşı qərarı qəbul etməyi bacarır. Çalışqan və məsuliyyətlidir. Üzərinə düşən vəzifələri yerinə yetirmək üçün hər zaman səy göstərir və məqsədinə çatmayınca sakitləşmir. O, həmçinin təşkilatçılıq bacarığı ilə də tanınır. Şəxsi həyatında, eləcə də işində nizam-intizamı xoşlayır və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərir. Onun hər sahədə uğur qazanmasının da sirri məhz nizam-intizamlı olmasındadır...
Bir neçə aydan sonra 70 yaşını qeyd edəcəyimiz, BDU-nun professoru, filologiya elmləri doktoru, hörmətli Allahverdi Məmmədli onu belə xarakterizə edir: “Qərənfil xanım kübar, işıqlı, elmli, zəhmətkeş xanımdır. Böyük ürəyində böyük səmimiyyət gəzdirir. Onun xarakteri bütün davranışlarında hiss olunur. Fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetində müsbət imicə, nüfuza malikdir. Müəllim yoldaşları arasında hörməti var, tələbələri onu çox sevir. Jurnalistikada xidmətləri səmərəlidir. Əməkdar jurnalist kimi indi də mətbuatda elmi-publisistik yazılarla çıxış edir. Elmi məqalələri xaricdə nüfuzlu jurnallarda çap olunur. Elmi ictimaiyyət onun tədqiqatlarını yüksək qiymətləndirir. Amma çox təvazökardır. Bəlkə də belə olmalıdır. Axı, onun iki qoşa qanadı var: insanlığı və elmi...”
...Bəli, insanlıq və elmin vəhdətindən irəli gələn bu gözəlliyi onun bənzərsiz xarizması tamamlayır...
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Aşıq Məhərrəmin qətli – QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.
13. Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı, qəzada onlarla kəndi olan naib Hüseynəli Sultanın oğlu Həsənalı Sultan Vəkilov olmuşdur.
14. Kazım Qarabəkir paşa ilə görüşmüş, Göyçə mahalının Mollalı kəndindən olan Alçalı Aşıq Məhərrəm 1918-ci ildə Dərələyəz mahalından keçərkən 4 azyaşlı oğlu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
15. Şərur-Dərələyəz qəzasının Ermənistanın inzibati ərazisinə çevrilməsinə etiraz əlaməti olaraq Dərələyəzin Qovuşuq kəndindən olan el ağsaqqalı İbrahim Mirzəli oğlu Nəriman Nərimanovla görüşərək bu məsələyə öz etirazını bildirmişdir.
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Dünyanın dörd tərəfində onun izləri vardır
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyevin 67 yaşı tamam oldu. Natiq Əliyev dünya şöhrətli heykəltaraşdır. Ümummilli lider Heydər Əliyevin Kiyevdəki abidəsinin, Şəkinin Kiş kəndində yerləşən məşhur Norveç səyyahı Tur Heyerdalın tunc heykəlinin, Bakı şəhərindəki Motsart, Zivərbəy Əhmədbəyovun heykəllərinin və “Bakı–Həştərxan dostluq abidəsi”nin müəllifidir.
Natiq Əliyev həmçinin, Mexikoda Xocalı, Belqrad şəhərində Heydər Əliyev, serbiyalı yazıçı Milorad Paviçin, Serbiyanin Novi-Sad şəhərində yerləşən görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Həştərxandakı Knyaz Vladimirin, Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərinin Kral parkındakı Hüseyn Cavid abidəsinin, Ankaranın Kızılcahamam rayonunda ucaldılan Xocalı soyqırımı heykəllərinin müəllifidir.
Monumental heykəltəraşlıqla yanaşı, memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Bu səpkili əsərləri arasında Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşudbanu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, İlyas Əfəndiyev Mirvarid Dilbazinin xatirə lövhələri, eləcə də Fəxri Xiyabanda yerləşən İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz , Bəşir Səfəroğlu və Osman Mirzəyevin, Bəxtiyar Vahabzadənin, doktor Cavad Heyətin, Habil Əliyevin, Zəlimxan Yaqubun, akademik Cəlal Əliyevin və akademik Rəfiqə Əliyevanın məzarüstü abidələrini qeyd etmək olar.
Xalq yazıçısı İsmayıl Şıxlının Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin qarşısında ucalan büstünün müəllifi də Natiq Əliyevdir (2021-ci il)
O, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin Bakı şəhərində ucaldılan abidəsinin müəllifidir. (2024-cü il)
Qeyd edək ki, professor Natiq Əliyev “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də yaxından iştirak edir. Həmçinin türk dünyasının böyük ozanı, aşıq sənətinin azman sənətkarı Dədə Ədalətin (Aşıq Ədalət Nəsibov) də qəbirüstü abidəsinin müəllifidir. Həyata keçirdiyi böyük və möhtəşəm işlərə görə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə heykəltəraş Natiq Əliyev 12 iyul 2018-ci il tarixdə İctimai Birliyin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
TƏrcümeyi-halına nəzər salsaq, Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1978-1983-cü illərdə V.Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Məktəbini Fərqlənmə diplomları ilə bitirmişdir. Oxuduğu 1980-1983-cü illərdə Leninqrad Ali Rəssamlıq Məktəbinin Lenin təqaüdçüsü olmuşdur.
Onlarca monumental heykəltəraşlıq nümunələri ilə yanaşı, memorial heykəltəraşlıq əsərlərinin müəllifi olmuş Natiq Əliyev bir sıra beynəlxalq və dövlət mükafatları, fəxri adlarla də təltif olunmuşdur.
– Respublika Gənclər Mükafatının laureatı (1989).
– Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatı (2000) .
– Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002).
– Azərbaycan Respublikasının Xalq rəssamı (2005).
– Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008).
– Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı (2008).
– Avstriyanın I-dərəcəli “Cəngavər Ordeni.” (2015).
– “Şöhrət” ordeni (2018).
Natiq müəllimin ad gününə ilk təbrik də “Qazax” Xeyriyyə İctimai Birliyindən gəldi. Birliyin İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natiq Əliyevi ad günü münasibətilə təbrik etdilər ona uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzuladılar.
Natiq müəllim, biz sizinlə fəxr edirik!
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
“Tələbəlik illəri” və hind mahnıları – şöhrətin zirvəsinə yol
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Mənim doğum günlərindən zəhləm gedir. Bilirsiniz, ömür boyu yollarda olmuşam, müxtəlif ölkələri gəzmişəm. Kollektivimizdə də çox adam olub. Bir insana da doğum günümü bildirməmişəm və bu günü də qeyd etməmişəm. Ona görə də öz payıma danışıram, bu gündən zəhləm gedir”.
Bu gün bu sözləri söyləyən birvaxtların məşhur müğənnisi, Azərbaycan Respublikasının xalq artisti Elmira Rəhimovanın doğum günüdür
ElmiraRəhimova 13 avqust 1941-ciildə Bakı şəhərində anadanolub. Azərbaycan Dövlət Dillər İnstitutunu, Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib.
Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Anand adında bir oğlu və iki nəvəsi vardır.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.
Elmira xanımı publikaya sevdirən təkcə vaxtkı Hindistan filmlərinə alüdəçilikdən doğan hind mahnıları oxuması deyil, həm də “Tələbəlik illəri” mahnısını misilsiz tərzdə ifa etməsidir.
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
MARAQLI SÖHBƏTLƏR – Pikassonun başına gələnlər
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Məşhur fransalı rəssam Pablo Pikassonun Lump adında taksa cinsli sevimli bir iti var idi. Pikasso öz emalatxanasında işləyəndə, o zaman yalnız Lumpın onun yanında olmaq hüququ var idi. Üstəlik, Pikassonun sevimli iti onun emalatxanasında istədiyi hər şeyi edə bilərdi. Onlar hətta bir yerdə - bir çarpayıda yatırdılar.
Rəssam öz sevimli itini dəfələrlə rəsmlərdə, hətta çini boşqabda da təsvir edib. Lump öz portreti ilə bəzədilmiş şəxsi boşqablarda ev sahibi ilə eyni masada yemək yeməyi çox sevirdi.
Bir gün Lump xəstələnir – onun boğazı şişir və irinləməyə başlayır. Nədənsə veterinara etibar etməyən Pikasso larinqoloqu, yəni qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan məşhur bir professoru yanına dəvət edir. Həkim iti müayinə etdikdən sonra dərman yazır və müalicə kursu təyin edir. Pikasso professora səmimi təşəkkürünü bildirir və sağollaşarkən deyir:
- Bilirsiniz, mən bu sahə üzrə görkəmli mütəxəssisə müraciət etmək istəyirdim. Mənim itim buna dəyər!
Bir neçə gündən sonra həmin professor Pikassonu yanına dəvət edir. Professor gələn qonağa deyir:
- Mən kabinetimi rəngləmək və bəzəmək istəyirəm. Siz mənim sifarişimi yerinə yetirə bilərsinizmi?
Pikasso professorun belə bir həyasız təklifindən heyrətə gəlir: bu necə ola bilər!?... Ondan – məşhur bir rəssamdan divarı bəzəmək üçün cızmaqaraçı sadə bir rəssamın işini görməyi tələb edirlər!?... Zəmanəmizin ən böyük rəssamı Pablo Pikasso professorun bu cəsarətli təklifindən sonra təəccübünü gizlədə bilmir və bir qədər duruxub qalır. Professor isə sözünə davam edərək deyir:
- Bilirsiniz, mən bu sahə üzrə ən bilgili mütəxəssisə müraciət etmək istəyirdim. İnanın, kabinetim buna dəyər!
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
VAQİF SƏMƏDOĞLU, “Son gecədir bu gün yenə...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
SON GECƏDİR BU GÜN YENƏ...
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...
Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...
İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...
Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)
Böyük Teatrda böyük rüzgarlar əsdirən ELÇİN ƏZİZOV
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
AzərbaycanınxalqartistiElçin Əzizovunəlavə təqdimata ehtiyacı yoxdur. Ən azı ona görə ki, dünyanın opera Məkkələrindən sayılan Moskva Böyük Tetarında misilsiz çıxışlarla rüzgarlar əsdirir.
Elçin Əzizov 1975-ci ilin 13 avqustunda Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK (KVN) yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olub və onlara qoşulub. Həmin il "Bakılı oğlanlar" KVN çempionu olub və 1993-cü ildə finala yüksəlib. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub. 2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazanıb.
2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və o, konsert proqramı ilə çıxış ediB. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib.
2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb. İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).
2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Filmoqrafiya
- Bir dəfə Qafqazda
- Qafqaz
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)


