
Super User
Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir
Biz növbəti dəfə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi təsis olunnan bir günü qeyd etdik. Bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olundu. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. Hər il bu gün müəyyən bir deviz altında keçirilir. Bu ilin devizi irsin qorunmasından ibarət idi. Bu deviz altında görülən işlər əsasən tarixi və mədəniyyət abidələrinin qorunması üçün Azərbaycan ictimaiyyətinin də diqqətini çəkməkdən ibarətdir. Qobustan Milli Tarix-Bədii Qoruğu da hər il bu günün qeyd olunmasında fəal iştirak edir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev mediaya açıqlamasında deyib: “Qobustan qoruğu dünya səviyyəli abidədir. Azərbaycanın mədəni incisidir. Biz hər il bu günü müvafiq konfranslar və sərgi formatında qeyd edirik. Builki tədbirimiz sərgi formatındadır. Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə açılan sərgidə 100-ə yaxın əl işi təqdim olunur. Sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş tanınmış və gənc sənətkarlarımızın rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunur. Çalışırıq ki, Azərbaycan ictimaiyyətinin diqqətini Qobustana və Qobustanın qayaüstü təsvirlərinə yönəldək. Fürsətdən istifadə edib hər bir Azərbaycan vətəndaşından xahiş etmək istərdim ki, mədəni irsimizə xüsusi diqqət və qayğı ilə yanaşaq və bu dəyərimizi birlikdə qorumağa çalışaq. 2020-ci il Azərbaycan dövləti üçün bir dönüş ili oldu. Qarabağımız 30 illik əsarətdən xilas olundu. Hazırda Azərbaycan dövləti tərəfindən həmin ərazilərdə həm infrastruktur, həm də mədəni abidələr baxımından böyükmiqyaslı layihələr həyata keçirilir. Bu da Qarabağ abidələrinin təbliğatının aparılması istiqamətində mühüm addımdır. Hər bir Azərbaycan vətəndaşını və mədəniyyət sahəsində çalışanları Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təbrik edirəm”.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
Şənbə günü “Qızıl balıq” tamaşası yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pərvin Nurəliyevanın “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşa növbəti dəfə nümayiş olunacaq.
Aprelin 22-də göstəriləcək tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.
Səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da müəllif balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışır.
Rejissorun əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(22.04.2023)
Bazar günü Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş sərgi açılacaq
İncəsənət aləmində 2023-cü il görkəmli bəstəkar Sergey Raxmaninovun yubileyi ilə əlamətdardır. Musiqiçinin 150 illiyinin qeyd olunması çərçivəsində tədbirlər təkcə Rusiyada deyil, xaricdə də keçirilir. S.Raxmaninovun yubileyinin qeyd olunmasına həsr olunmuş tədbirlər arasında Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin və gənc istedadlı rəssamların iştirak edəcəyi sərgi planlaşdırılıb.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində bildirilib.
Sərgi bazar günü - aprelin 23-də Bakıdakı Rus Evinin ekspozisiya zalında açılacaq.
Sərginin kuratoru qismində gənc istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı Nərgiz Quliyeva çıxış edəcək.
Gecənin musiqi hissəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, konsertmeyster ustalığı kafedrasının müdiri Gülnarə Acalova tərəfindən təşkil olunub.
Tədbirdə, həmçinin xüsusi qonaqlar – Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx və Almaniyada yaşayan opera müğənnisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev iştirak edəcəklər.
Sergey Raxmaninov rus bəstəkarı, dirijor, pianoçu, musiqidə simvolizm və neoromantizm istiqamətlərinin nümayəndəsidir. Yaradıcılığında Peterburq və Moskva bəstəkarlıq məktəblərinin prinsiplərini birləşdirib. Onun yaradıcılığı ümumilikdə rus mədəniyyəti, xüsusən xalq mahnısı ilə sıx bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
Bazar günü “Bəxtiyar” musiqili komediyası növbəti dəfə səhnədə görünəcək
Ötən ay Azərbaycan Dövlət Akademik Musiqili Teatrında premyerası uğurla təqdim olunan “Bəxtiyar” musiqili komediyası növbəti dəfə bu bazar - aprelin 23-də nümayiş olunacaq.
Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında hazırlanan bu tamaşa teatrın baş rejissoru Cavid İmamverdiyev tərəfindən səhnələşdirilib.
Səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Tamaşada Bəxtiyar obrazını teatrın gənc və istedadlı solisti Emin Zeynallı, Saşa obrazını isə Nəzrin İsmayılzadə canlandıracaq.
Tamaşa heyətində Əməkdar artist İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Fərid Rzayev, Nigar Qarayeva, Ofeliya Məmmədova, Murad Əliyev, Əli Kərimov, Mehriban Rəcəbova, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov və başqaları da var.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
Türk dünyasının tanınmış ədibi Serhat Kabaklının doğum gününə
Məşhur türk şairi, Türkiyə Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklı 1952-ci ildə Elazığda dünyaya gəlib, ötən il onun 70 illiyi təntənə ilə qeyd edilib. “Öncə göyərçinləri vurdular” adlı ilk şeir kitabı ilə dərhal məşhurlaşıb, “Bil oğlum” şeiri ilə türk dünyasına səs salıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə onun şeirlərini əzbər söyləyir.
“Yüz illərlə həsrətlə ana vətənim deyib yanan gənclərim Azərbaycana gəlmək istəsə 8 min lirə bilet pulu edir, bunu necə ödəsinlər?” deyə haray çəkən təəssübkeş bir şəxsdir Serhat xocamız, Azərbaycanı Türkiyədən əsla ayırmır. Əməkdaşımız İntiqam Yaşarla söhbətində böyük şair bir neçə məqamı vurğulayıb. Onlara nəzər salaq.
“Bil, oğlum” şeiri bütün Türk dünyasını dolaşmaqdadır. Şeirin tarixcəsini danışsanız xoş olar.
-Bunu bir çox yerlərdə danışmışam, bir daha danışım. Oğlum doğulduğu gün mən çox duyğulandım, bunu elə şeir kimi ifadə etdim. Elə bil mənə kimsə dedi ki, “şeir yaz”. Normalda bir şeir yazılanda bəzi şeyləri düzəldərsən, bəzi səhvlər olar. Amma bu şeirimdə heç bir düzəlişə ehtiyac olmadı. Mətni yenidən redaktə etməyə gərək olmadı.
Türkiyə Ədəbiyyatı Vəqfinin başqanısınız. Bir az bu vəqfin işləri haqqında danışaq. Nə kimi işlər görürsünüz?
-Biz Türk ədəbiyyatının ən yaxşı, ən yüksək nöqtələrə gəlməsi üçün çalışırıq. Bunun üçün də yaxşı şairlər, yaxşı yazarlar tapmağa çalışırıq. Tapdıqda isə onlarla birlikdə yol gedirik. Amma bizim jurnalımız var, “Türk Ədəbiyyatı” jurnalı adlanır. On beş gün sonra jurnalımızın əlli illiyi olacaq. Bir tərəfdən jurnalı hazırlayırıq, bir tərəfdən də, hər çərşənbə günü “Çərşənbə söhbətləri”adı ilə özü gözəl, elmi gözəl, söhbəti gözəl böyük adamlarla söhbətlər edirik. Ora çoxlu qonaqlar gəlir, sualı olan sualını verir, danışmaq istəyən danışır və bir universitet kimi, fakültə kimi davam edir ora. Təbii ki, son zamanlar biz bir məsələni ürəyimizdə vurduq, bu da Türk dünyasıdır. Bunun üçün də Türk dünyası ilə çox yaxşı əməkdaşlığı olan İmdat Avşarı yanımıza aldıq, təbii ki, siyasət baxımından deyil, mədəniyyət, incəsənət tərəfindən, Türk dünyasının bütünlüyü baxımından əlimizdən gələni etməyə çalışırıq və buraya - Bakıya gəlməyimizin səbəbi də budur. İnşallah, bu fəaliyyətlərimiz, bu tədbirlərimiz davam edəcək.
Türkiyə Ədəbiyyat Vəqfinin Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə rolu nədən ibarətdir?
-Bunu bizim təyin etməmiz mümkün deyil. Bunu siz təyin edə bilərsiniz. Türk Ədəbiyyat Vəqfi Azərbaycanla Türkiyə arasında qurulan körpüdə pay sahibidir.
Sərhad bəy, bir şair olaraq, günümüzdə şeirə qarşı oxucu marağı sizi qane edirmi?
-Bu bir maraq məsələsidir. Kimi var şeirə meyl edir, kimisi də var ki, musiqiyə meyl edir, amma ədəbiyyata marağı olan adamın mütləq şeirə meyli vardır. Mən də bunu düşünürəm ki, şeir ən gözəl əlaqə, ən gözəl münasibət qurmaq halıdır. Yəni ki, bir insanın şeirlə çata bilməyəcəyi heç bir nöqtə yoxdur. Buna görə, baxarıq ki, Azərbaycan ədəbiyyatının içində Nizamidən gələnlər vardır. Türk ədəbiyyatının içində Yunusdan gələn şeirlər vardır və bunlar ölməzdir.
Azərbaycan yazarları üçün Türkiyə jurnallarında, Türkiyə qəzetlərində çap olunmaq böyük əhəmiyyət daşıyır. Çünki Türkiyə ədəbiyyatı dünyada önəmli yerə sahibdir. Azərbaycan gənclərinə hansı jurnal və qəzetləri məsləhət görərdiniz çap olunmaq üçün?
-Təbii, bunların başında “Türk Ədəbiyyatı” qəzeti gəlir. “Kardeş kalemler” dərgisi də bunlardan biridir. Türk Dünyası Araşdırmaları Vəqfi, Turan Yazqan hocanın vəqfi bura daxildi. Mən bir də bunu deyim; bir vaxtlar Azərbaycana Türkiyədən bəzi adamlar gəlirdi, əllərinə bir çanta alardılar. Onlar fırıldaqçılar idilər. Burdakı insanları aldadıb getdilər. O dönəmdə Türkiyəyə qarşı simpatiya ortadan qalxdı. Mən də deyirəm ki, o simpatiyanı saxlayan jurnallar bunlardı. Bunlardan başqa əlbəttə jurnallar var. Məsəlçün, Kayseridə, Konyada, Bursada nəşr olunan jurnallar var, əlbəttə bu jurnallar da yola çıxıla bilən jurnallardı, amma diqqətli olun, aldanmayın. Bu iş bir könül işidi, pulla olacaq şeylər deyil.
Türk şeirini bu gün dünya ədəbiyyatında hansı mərtəbədə görürsünüz?
-Türk şeirinin dünya səviyyəsində bəlkə də daha artıq bir hissi, yönü var. Amma Türkiyə türkünü, Azərbaycan türkünü ucaltmaq onların ürəyində yoxdu. Xaricilər bizim şeirimizi ucaltmırlar. Nə zaman ucaldarlar? Azərbaycan türkü vətənini satsa ucaldarlar. Mənim bu səbəblərdən dünya səviyyəsinə qalxmaqda bir iddiam və düşüncəm yoxdu. Azərbaycan məni anlasın, Özbəkistan məni anlasın, Qazaxıstan, Qırğızıstan məni anlasın, mən onları anlayım, bu elə dünya səviyyəsində bir hadisədir mənim üçün. Nə deyir? Deyir: dünya tarixindən türkü çıxarın, dünyanın tarixi qalmaz.
Türk Dünyasının gənc yazarlarına bir ustad olaraq nə sözünüz var?
-Oxuyacaqlar, oxuyacaqlar, oxuyacaqlar. Yazacaqlar, ustadları onlara olmadı, bir daha yaz deyəcəklər, bir daha yazacaqlar. Bezmədən, yorulmadan ustadlarının sözlərini dinləyəcəklər. Tarixlərini oxuyacaqlar, tarixdən oxuduqlarını öz həyatlarında tətbiq edəcəklər.
Ustad, mən düşünürəm ki, biz türk dövlətləri bir- birimiz itanıdığımız qədər həm də tanımırıq. Sizcə nə kimi işlər görülməlidir ədəbiyyat sahəsində?
-Bu yolda dövlətlər mütləq dəstək olmalıdırlar. Bir şey deyim, yüz illərlə həsrətlə ana vətənim, ata vətənim deyib yanan gənclərim Azərbaycana gəlmək istəsə 8 min lirə bilet pulu edir, bunu necə ödəsinlər? Bu məqamda dövlətlər bir şey etməlidir, biletlər ucuzlaşmaldır. Bu insanların bir-biri ilə qaynaşmasını, iç-içə olmasını təmin etmək üçün bir şey edilməlidir. Bu artıq dövlətin işidir. Yəni türk dövlətləri topluluğunu qurduq demək asandır, o insanları bir-birinə qovuşdurmadan o topluluğu qura bilməzsən. Ticarət etməyə gedən adama bilet o qiymətə olsun, amma mədəniyyətə görə yola çıxan adamın biletini də onun imkanına görə uyğunlaşdırmaq lazımdır.
Biz sevimli hocamız Serhat Kabaklını doğum günü münasibəti ilə təbrik edir, azı 100 il ömür arzulayırıq. Bir də əbədiyaşar şairlik zirvəsi!
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
“Artım”da növbəti sərgi – “Dərman arardım dərdimə”
Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında bu gün “Dərman arardım dərdimə” adlı sərgi açılacaq.
Rəssamlar Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəlizadənin əsərlərinin yer aldığı sərgi mayın 4-dək ziyarətçilər üçün açıq qalacaq.
İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.
Sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
“Nina Nikolayevna” - Nadir Yalçının hekayəsi
SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
NADİR YALÇIN
Rzalı Nadir Yalçın oğlu 2001-ci ildə Bakı şəhərində anadan olub. “525-ci qəzet”in müxbiridir. Bədii nümunələri Nadir Yalçın imzası ilə qələmə alır. Həm nəsr, həm də nəzm yazır.
Nina Nikolayevna
(Hekayə)
Zümzüməsi obamın nazlı gəlninin – Kürün qızıl tanasına çevrilən salxım söyüdləri titrədir, günəşlə ay arasında bardaş quran toranlığa layla çalır, sulardan boylanan ülvi arzulara dəm tuturdu. Yanıqlı, təmkinli, aramla oxuyurdu. Bütün susan qaratoyuqların acığına bu oğrun vədəni nəğmələndirirdi. Sözə avazı ilə yaraşıqlı libas geyindirsə də, bu avazla mizrabı telə möhkəm vurmaq olmazdı, od tutub yanardı qovaqlar.
Qəmlə nəşələnmək olardı bu sədada!
Gözlərini qırpmış, əllərini dizləri ilə tənləşdirmişdi. Bilirdim, qırışları dərinləşmişdi. Mən bilirdim, qeyrisi, tutalım, qonşu Əsgəri çağırsan, unamazdı bunu.
Oxuyurdu nənəsi deyən bayatılardan...
***
Yer yerindən silkələndi, darvaza şaraq-şaraq şaqqıldadı, toyuq-cücə çəpər başına tullanıb qonşu həyətinə keçdi, ağacın ətək budaqlarında sallanan gilaslar əsim-əsim əsdi, yazıq anamın yerindən dik atılmağı ilə həyətə qaçmağı bir oldu, dədəm necə diksindisə, mürgüsünə daş bağlandı. Qorxumdan tutun başına dırmaşdım.
Nənəm bu istinin cırhacırında qızmar Günəşlə əlbir olub ocağımıza od ələyirdi.
Elə yana-yana haray çəkirdi! Deyirdin, yaylığındakı yarpaqlar yerlə bir olacaq.
– Ana, nolub, nə hay-həşirdi, qonum-qonşunun dincələn vaxtı niyə qıy-qışırıq salmısan? – atam gözlərini ovxalaya-ovxalaya pilləkənlərdən düşdü.
– Mərdan, evimi murdarladılar, həyətimə qara xal saldılar, başıma daşdü, bala. Qardaşın gəlib.
Atamın çiçəyi çırtladı. Elə həmin vaxt da sevinci gözündə qaldı. Anasının neçə illərdi həsrət çəkdiyini yaxşı bilirdi. Bəs nolmuşdu axı?
– Ənvərdən ötrü gecə-gündüz ah-vay edən sən idin də, indi nolub?
– Bir kafir qızını da yanına salıb, bala, sarı pişiyə oxşayır. Dinim-imanım yandı...
O gündən nənəmin əhlət ağacından da ağır olan boxçası evimizdə qərar tutdu. Zəhər tuluğu idi, alqışına alqış çatmazdı, aman-aman qarğışından...
Anamı hirsləndirəndə çalmasını açıb qaçırdım. Dalımca əlli söz deyirdi. Hərdən yazığım da gəlirdi. Qara yaylığının ucunu gözünə sıxıb gecələr astadan ağalyırdı. Əlhəmini çaşdırmışdı, qınamırdım... Anama tapşırmışdı:
“Nə Ənvəri, nə də yanındakı xaxolu üstümə qoymarsız...”
Nənəmin həmin hay-küyündən sonra həyətlərinə götürüldüm. Əmimi heç görməmişdim, həmişə atam ondan ağız dolusu, fərəhlə danışardı. Əmimdən çox yanında gələn adamı görmək üçün səbirsizlənirdim, axı nənəmi kim belə cin atına mindirmişdi?
– Bizə nə gözəl oğlan gəlib! – əmim Ənvər dedi.
Onu ilk görəndə şux qamətli, saçları arxaya dalğalanan, enlikürək bir oğlan idi əmim Ənvər... Sevgisi gözündən yağırdı. Par-par parıldayırdı gözləri. Kəlmə belə kəsməsə, yenə bilmək olurdu ki, o başqa cür sevirdi.
– Yaxın gəl, Mərdanın baş dərisisən. Məktəbə gedirsən?
– Hə, birinci sinifə.
– Oğulsan... Tanış ol, bu da Ninadır. Nina Nikolayevna!
Əmim Ninanı mənə təqdim edəndə başımı sığallaya-sığallaya onun pərişan gözlərinə zilləndi. Bütün dərd-sərini canına çəkməkçün zillənirdi, axı o burda – doğma diyarda belə səs-küylə qarşılanmağa layiq deyildi. Əmim qorxurdu, birdən Nina onu qoyub getsə, bütün başına gələcək xoşagəlməz işlərdən bezsə... Əmim başqa cür sevirdi, bütün kəndi özünə düşmən edəcək cəsarətlə sevirdi...
Nina bu boz kəndimizə qürub vaxtı körpə ərik budaqlarından zorən ayrılıb şərə qarışan narıncı şəfəqlərə bənzəyirdi. Quluncunun üstünəcən qıvrılan sünbül sarısı saçları Ninanın təbəssümünün ecazlı davamı idi. Şax qamətindən ayrılan sinəsi düzəngahda qabaran aran təpəciklərini xatırladırdı – bu da həmin böyük təbəssümün tamamı.
O bu axarlı-baxarlı çay ömrümüzə gecələr maviləşən tül kimi sərildi.
***
Nina ilk illər bizim dildə qırıq-qırıq danışırdı. Amma elə bil dilimizin ahəngi onun nitqinə biçilmişdi, o, buz kimi soyuq danışıqçün yaranmamışdı. Kim bilir, bəlkə də, Nina öz məskəninə – əsl taleyinə qovuşmuşdu.
Qəribliyinə sıza-sıza yaş töksə də, əmimə olan məhəbbətindən əl çəkmirdi. Nina qürbətdə məskən sala bilməyən, köksünün döyüntüləri bədənini silkələyən qaranquşlar kimiydi. Elə hey çırpınırdı...
Bir dəfə əclaflıq eləyib Ninanın gözəlliyinin dərinliyinə varmışdım. Həyatımda gördüyüm ən cazibədar vücudun sahibi idi Nina Nikolayevna. Günün birində əmim biçində olanda fələyin felinə uyub taxta hamamın oyuq yerindən Ninanı o ki var süzdüm. Neyləyim? Ağzımın suyu axan vaxtlar idi. Amma o tindəki zeytun ağacı haqqı ürəyimdə pis şey yox idi. Necə ki açan çiçək, yumurtasını yenicə çartlatmış sapsarı cücə, baramadan yenicə çıxan kəpənək bütün canlılara məhrəm idi, Nina da o taxta hamamın oyuğundan öz ana libasında – təbiətin qızı kimi məni xoşhallandırmışdı.
Yalnız həmin gün gözümdən yayınmayan bir şey məni fikir təşnəsində boğmuşdu, Ninanın boynunda nəsə parıldayırdı. Həmin işarəni hesab dərsində təzə-təzə öyrənmişdim. Az keçməmişdi, qəbiristanlığın göz işlədikcə uzanan dərinliklərindən, kol-kosun içindən boylanmışdı həmin işarələr mənə sarı.
Xaç idi – Ninanın inancı, duası, məmləkəti...
Kəndimizdə zülm ayaqladı gözəl Nina. Nə xaçını boynundan açır, nə sevgisini ürəyindən söküb ata bilirdi. Amma yaxşı bələd olmuşdu bu yerlərə. İl ili qovladıqca tərtəmiz danışırdı. Yatağında cilvələnən Kürə baxdıqca Volqanı xatırlayırdı. Buraları öz içinə sığdıra bilmişdi.
Günün birində Volqadan bir külək əsdi, külək gəlib yetişdi Kürə, Kürdən ocağımıza... Nənəm torpağa basdırılan gün kəndin ağsaqqalları – dirsəklənəndə qolunun altına qoşa zər xaralı döşəkçə atılan, gəzəndə ağır tərpənən, danışanda asta dillənən, başıpapaqlı kişiləri - Sotlanəhməd dayı, Əsəd əmi, Qəşəm kişi əmimin evinə ayaq basdılar, dədəm də böyürlərində.
Kişilər göy kimi guruldadılar, yel kimi əsdilər. Nina iç vurub ağlayırdı. Az qalırdım, gedim deyim, ay kişilər, görmürsüz necə gözəldi, nə istəyirsiz, amma deyə bilməzdim. Arxayın idim əmimə, bilirdim, lazım olsa, o deyər, canlarını da alar. Belə sevirdi o, başqa cür...
Kişilər çox danışdılar, çox dil tökdülər. Nəhayətdə Əsəd əmi dilləndi:
– Qayınanan quran əhli idi. Sən də pis, yaxşı onun gəlinisən. Gərək məclisində olasan, bir işin qulpundan yapışasan. Lap bunu qoyaq kənara, nə vaxtacan tay-tuşuna qaynıyıb-qarışmayacaqsan? Əlini nəyə vursan murdarlanacaq. Gəl, biz deyənə qulaq as. Bu boyda kişilər gəlib ayağına, bizi yüngülsaqqal eləmə.
Nina yana-yana boynundakı xaçı açdı. O gecə Ninaya zülmətdən zülmət oldu. Anam ona qüsul verdirdi. Molla Məmmədi çağırdılar. Molla Məhəmməd kəlmeyi-şəhadəti dedikcə Nina təkrarlayırdı. Mollanın gur səsi evi də silkəliyirdi, Ninanın bədənini də…
Ninanın boynundakı xaç qeybə çəkildi!
Qız-gəlinlər əvvəl-əvvəl qaynıyıb qarışmasalar da sonralar buzları əritmişdilər, tez-tez onun başına yığışar, gözəlliyinə matdım-matdım tamaşa eləyərdilər. Çünki o, müsəlman olmuşdu. Müsəlman olandan sonra kəndlə qaynayıb qarışdı gözəl Nina, oğul-uşağa qaynayıb-qarışa bilməsə də... Allah payın əsirgəyirdi əmimdən, xanımından.
O rus qızı laylayı iliyinəcən başa düşürdü. Övladsızlığının acığına laylay qulaqlarına hopmuşdu, bəlkə. Qonşu gəlinlər körpə beşiyini yelləyib laylay çalanda, o həzin zümzümə Ninanı beşiktək yırğalayır, xəyaldan xəyala aparırdı.
Əmim onun qəmini dağıtmaqdan ötrü əlindən gələni edirdi. Əmimlə əl-ələ verib Kürün sahilində o baş-bu baş gəzir, qoca qovağın altında sevişib qəmlərini dağıdırdılar. Allah bilir, neçə bala arzuları Kürdə boğulub sulara qərq olmuşdu. Əmim qovağın altında Nina üçün mahnı oxuyar, əllərini onun gur saçlarında gəzdirə-gəzdirə bu yerlərin əfsanələrini nəql edərdi.
Beləcə gün günə calanır, möhnət sevincə, şadyanalıq kədərə yoldaşlıq edirdi. İllərin qanadlarından yıxılanlar geri dönmədikcə böyüdüyümüzü, yaşlandığımızı hiss edirdik.
Həyətimizdəki tut ağacını kəsdilər, filmlər rəngləndi, arzular böyüdü, qayğılar çoxaldı. Mən də böyüdüm o arzularla birgə, Nina yaşlandı, əmim nuraniləşdi. Nina dəyişdi, qırışdı, balacalaşdı. Amma saçları həminki kimi gur, canlı idi, meşə kimi… Əmim isə... Qocaldıqca qəribə sükut bürüyürdü onu, bu səssizliyi bəzən ürpəndirirdi adamı.
Təkcə o tindəki zeytun ağacları həmən qaldı...
Günün birində əmimin səssizliyi kəndi başına götürdü. Nina adını dilinə gətirə bilmədiyi ölüm mələyinin ağuşuna sığındı. Həyətdə ağappaq parçadan bir yuat yeri quruldu, ağappaq, köppüş əlli nənələr yumağa gəldilər, gümüş kimi par-parıldayan vedrəylə hovuzun yanında sicilləmə düzüldü. Ağ-ağ ağı deyən ağuçular harayladı ötənləri, keçənləri…
Nina yuyulanda anam da yuat yerində idi. Anam çox adamı yola salmışdı, ilk dəfə idi rəngi ağappaq olmuşdu. Fikirləşirdim, yəqin, Nina qəribdi, ona görə halbahal olub anam...
Gün batmağa tələsəndə anam məni evin dalına çağırdı. Adamlar səngimişdi, sakitlik idi. Gördüm, nəsə demək istəsə də çəkinir. Əlimi çiyinlərinə dayayıb gözlərimi qırpdım. Yavaşca pıçıldadı:
– Bunu Ninanı yuyanda tapdım, – corabını aşağı çəkib xaçı götürdü, ovcuma basdı, – heç kim görməyib məndən başqa, narahat olma.
– Axı bu xaç neçə ildi yoxa çıxmışdı, Nina müsəlman olmuşdu. İndi bu hardan çıxdı?
– Saçının arasından.
– Necə?.
– Xaçın nazik ipi saçının dibinə düyünlənmişdi.
Nina... O necə də sədaqətli idi. Ninanın saçı ölüncə nazilmədi, təravətdən düşmədi, həmişə gur, qıvrım-qıvrım dalğalandı. Soyuq yerlərdən gəlib qızmar məkana düşən Ninanın sarı saçları öz ölkəsində gur meşə idisə, bizim kəndimizdə səhraya bənzəyirdi, gün işığından cadar-cadar olan səhraya. O gur saçlar Ninanın sədaqət rəmzi imiş, sən demə... O saçlar nazilsəydi, xaçı harda gizlədəcəkdi? Necə bədənində daşıyacaqdı? O xaç bu illər ərzində həm yox imiş, həm var imiş.
***
Xaçı ovcuma bərk-bərk basıb düşünür, ayaqlarımı ardımca sürüyürdüm. Hara gedəcəkdim? Onun bu pünhan etibarının nişanəsini harda yoxa çıxaracaqdım? Əmim... Bilirdimi yazıq əmim? Düşünürdüm, qəbirstanlığa getmək..., xaçı torpaqlara qərq eləmək..., ya da kəndimizdə lap çoxdan basdırılan rus qəbirlərinin üstünə qoymaq gərəkdir.
Bilmirdim. Bütün bunları düşünə-düşünə gördüm gəlib çatmışam Kürün sahilinə. Bura məni gətirən o zümzümə idi... Əmim... oxuyurdu, yanıqlı, təmkinli, aramla oxuyurdu. Ötənləri yada salıb, Ninanı oxşaya-oxşaya bu oğrun vədəni nəğməsinin bağrına basırdı.
Qaratoyuqlar bu avaza məst olub ağacların koğuşuna sığınınan ilıq havada xumarlanırdılar...
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək
13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Naxçıvan Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Naxçıvan” Universitetində baş tutacaq sərgi hər gün 10:00-dan 19:00-a qədər davam edəcək.
Həmişə olduğu kimi zəngin proqrama ev sahibliyi edəcək kitab festivalında tanınmış ədiblər, mentorlar, aktyorlar, qiraətçilər, eləcə də mədəniyyətin digər sahələrində ixtisaslaşmış məşhurlar iştirak edəcək, oxuculara unudulmaz bayram ab-havası yaşadacaqlar.
Sərgidə ölkəmizin ziyalıları ilə görüş, məşhur yazıçıların təqdimat və imza saatları, müxtəlif panellər keçiriləcək. Ən əsası isə minlərlə kitab endirimli qiymətlərlə oxucuların ixtiyarında olacaq.
Bundan əlavə sərgidə görmək istədiyiniz məşhurların – yazıçı, şair, eləcə də ictimai xadimlərin adlarını ANAİB-in sosial media hesablarına yaza bilərsiniz.
Qeyd edək ki, bu sərgi də “Bölgələrə kitabla gedirik!” şüarı altında təşkil olunur.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
Bu yaz bir milyon ağac əkilib
“Meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir - hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir. Gün ərzində meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 14 min 145 ədəd müxtəlifcinsli ağac əkilib.
Yaz ağac əkini mövsümü başlayandan bu günədək 1772 hektar meşə fondu torpaqlarında, ümumilikdə, 1 milyon 80 min ağac əkilib”.
Sitat Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyevə məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)
Bu gün “Sənəti yaşadan unudulmaz” adlı sərgi açılacaq
Bu gün “NUR Art House” xalça qalereyasında keçəçi rəssam Rauf İsmayılovun xatirəsinə həsr olunmuş “Sənəti yaşadan unudulmaz” adlı sərgi açılacaq.
Sərgi “NUR Art House”, “World Craft Council Europe”, “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “Art Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə keçiriləcək və aprelin 25-nə kimi davam edəcək.
Rauf İsmayılov rəssamlığın müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yaratsa da uşaqlıqdan marağına səbəb olmuş, rəssam kimi püxtələşdikcə müxtəlif eksperimentlər apararaq uğurlu nəticələr əldə etdiyi, “Kitabi-Dədə Qorqud”dan daha qədim keçə sənətinə qəlbən bağlanmışdı. Nəinki bağlanıb, onun tədqiqatçısına çevrilib və yunun hazırlanma prosesindən boyanmasına qədər bütün mərhələləri yerinə yetirərək klassik, ənənəvi keçəyə müasir ruh gətirib.
Tamaşaçılar sərgidə nümayiş olunacaq əsərlərdə avanqard, modernizm və qrafikanın keçə həllini görməklə yanaşı, onların özünəməxsus fəlsəfi məzmuna və poetikasına heyran olacaqlar.
Yaradıcı insanın duyğularını, həyata münasibətini, arzularını özündə əks etdirən keçə nümunələri, rəssamın rəngkarlıq, batika və digər əsərləri insan və zaman, insan və təbiət, sənətin kosmoqonik mahiyyətinin ifadəsidir. Bütün bunlar yaradıcılığının çiçəkləndiyi dövrdə bizi tərk edən, sadə, təvazökar, mədəni irsimizin təəssübkeşi Rauf İsmayılovun daxili aləminin zənginliyindən xəbər verir və “Sənəti yaşadan unudulmaz” fikrini bir daha sübut edir.
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)