
Super User
Türk dünyası rəssamları Daşkənddə festivalda bir araya gəliblər
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib
Özbəkistanda Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilib.
AzərTAC xəbər verir ki, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, eləcə də Macarıstan, Cənubi Koreya, Rusiya, Belarus və digər ölkələrdən rəssamlar iştirak ediblər.
Azərbaycandan festivala Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz və tanınmış fırça ustası Fikrət İbrahimli qatılıblar.
Festival çərçivəsində Daşkənddə iştirakçı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Həmçinin Türk dünyası rəssamlarının toplantısı keçirilib. Toplantıda Türk Dünyası Rəssamlıq Akademiyasının təsis olunması barədə qərar qəbul edilib.
Tədbirdə rəssamlara TÜRKSOY-un sertifikatları və Özbəkistan Rəssamlıq Akademiyasının mükafatları təqdim olunub.
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov təsviri sənət sahəsində səmərəli fəaliyyətinə görə Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib.
Rəssam festivala dəvətə və yaradıcılığına göstərilən diqqətə görə TÜRKSOY-un baş katibi Sultan Raevə və Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti Akmal Nureddinova təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Milli rəqslərimiz İsveçdə beynəlxalq festivallarda tanıdılıb
Azərbaycan milli rəqsləri İsveç paytaxtında keçirilən beynəlxalq festivallarda nümayiş etdirilib.
AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, SAF- İsveç Azərbaycan birliyin nəzdində fəaliyyət göstərən və bu ölkədə yaşayan gənc həmvətənlərimizdən ibarət “Qarabağ” rəqs qrupu, paytaxt Stokholm şəhərində keçirilən iki böyük festivallarına çıxış edib.
"TUF" Türk Gənclər Federasiyanın tərəfindən təşkil olunan ilk festival Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunub. İkinci festival isə IBN RUSHD İsveç Tədqiqat Birliyin tərəfindən müqəddəs Ramazan bayramı münasibəti ilə təşkil olunub.
Bir çox yerli ictimaiyyət nümayəndələrinin, siyasətçilərin və müxtəlif ölkələri təmsil edən iştirakçılarının qatıldığı festivallar çərçivəsində Azərbaycan mədəniyyətini də nümayiş etdirmək üçün “Qarabağ” milli rəqs qrupu çıxış edərək, “Şuşanın dağları” və “Naz eləmə” rəqsləri ilə yadda qalan çıxış ediblər. Böyük marağa səbəb olan “Qarabağ” rəqs qrupunun gənc rəqqasları hədiyyələrə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Rəsm qalereyası: Vinsent Van Qoq, “Tunc gülqabında çiçəklər”
"Mən vətənəm" kitabı Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdim olunub
Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın Gədəbəy rayon Heydər Əliyev mərkəzində təqdimatı keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” pprtalına layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Elşən Əzim, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, rayon İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov açaraq, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif edib. Daha sonra fikrini davam etdirən Pərviz Bayramov kitabın əhəmiyyətini, ümumiyyətlə layihənin vətənpərvərliyin təbliği istiqamətində önəmli əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra söz layihənin rəhbəri şair, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara verilib. İntiqam Yaşar layihə və kitab haqqında, Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyəti haqqında geniş məlumat verərək tədbirin təşkil edilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təqdimatı təşkil olunan kitabın aktuallığı, kitabda yer alan Vətən müharibəsi iştirakçısı olan yazarların yazılarının xüsusi əhəmiyyətə malik olduğu qeyd olunub.
Daha sonra şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Elşən Əzim, şair, Vətən müharibəsi iştirakçısı və kitabda şeirləri yer alan Həsən Kür, Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi Qədir Bağırov, Gədəbəy rayon Dövlət arxivinin müdiri Rüfət İmanquliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Cavid Dumanlı, Heydər Əliyev Mərkəzinin əməkdaşı
Sevər Tağıyeva, Vətən məüharibeləsi iştirakçısı, qazi Etibar Əliyev, Vətən müharibəsi iştirakçısı, qazi Elnur Sarıyev və başqaları kitab haqqında çıxış edərək kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Çıxışlardan sonra məktəblilərin ifasında "Mən Vətənəm" kitabından ayrı-ayrı qazi şairlərin şeirlərindən parçalar səsləndirilib.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəsürüatları, gənclərə tövsiyələri dinlənilib. Yekunda müzakirələrdə aktiv iştirak edən iştirakçılar diplomlarla təltif edilib. Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Günün fotosu: Əcnəbilər Sudanı tərk edir
Günün fotosu: Əcnəbilər Sudanı tərk edir
Sudanda əcnəbilərin ölkəni tərk etmələri intensivləşib. Buna səbəb ölkədə baş verən silahlı çevrilişdən sonra ordu ilə xüsusi təyinatlıların sülhə gələ bilməməsi və atəşin kəsilməməsidir. Bazar ertəsi Səüdiyyə Ərəbistanının burada missiya həyata keçirən 157 vətəndaşı ölkəni tərk edib.
Foto: Marwan Ali/Copyright 2023 The AP. All rights reserved. Euronews
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Mədəniyyət Nazirliyinin əməkdaşı vəfat edib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yoldaşı, Mədəniyyət Nazirliyinin əməkdaşı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunmuş Günay Əliyeva vəfat edib.
“Ədəbiyyat və incəsənət”in əldə etdiyi məlumata görə, mərhum xərçəng xəstəliyindən dünyasını dəyişib.
Günay Əliyeva ötən gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
Xatırladaq ki, az öncə Mədəniyyət Nazirliyinin daha bir əməkdaşı vəfat etmişdi, nazirliyin Biləsuvar Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi və Cəbrayıl rayonu üzrə nümayəndəsi Kamran Quliyev 63 yaşında dünyasını dəyişmişdi. O, bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxubmuş. Kamran Quliyev əslən Cəbrayıl rayonundan idi. Biləsuvardakı Cəbrayıl qəsəbəsində yaşayırdı.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Baku TV-nin bir süjetinə şərh
Memarlıqla, milli mədəni irsimizin qorunmasıyla bağlı ən həssas məqamlara toxunan Baku TV-nin növbəti süjetində Balakəndə yerləşən, inşa tarixi V-IX əsrlərə aid olan erkən xristian məbədinin baxımsız vəziyyəti barədə idi. Süjetə baxdıq və ürək ağrısı keçirdik.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məbəd Gürcüstanla sərhəddə, Poçtbinə kəndi ərazisində yerləşir. Düzbucaqlı formalı, zəng qülləsi olmayan, tək girişli məbədin uzunluğu 7, eni isə 5 metrdir.
Məbəd ciddi erroziyaya uğrasa da, günümüzə qədər gəlib çıxıb.
Baku TV-nin sözügedən məbəddən hazırladığı süjetdə tarixçi alim Akif Məmmədli qeyd edir ki, məbədin qapı və pəncərəsi çox alçaqa 40-50 sm hündürlükdə yerləşir, demək məbədin ən azı 2 metri yerin altında qalıb.
Üst örtüyü tam dağıdılan məbədin ən yaralı yeri heç də bu deyil. Hər bir tarixi abidənin onun hansə mədəniyyətə mənsub olmasını bildirən portal daşı olur. Mənsubiyyət bildirən portal daşları bu məbəddən götürülüb.
Akif Məmmədli qeyd edir ki, bu işin bədxah Qərb qonşularımız tərəfindən həyata keçirilməsi güman edilir. Amma bir həqiqət var, sən öz malına sahib çıxmırsansa onunla yadlar istədikləri kimi rəftar edəcəklər.
Süjetdə deyilənlərə onu əlavə edək ki, Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Agentliyi məsələyə münasibət bildirib. Agentlik qeyd edib ki, məbədlə bağlı hazırda moniyorinq aparılır.
Tariximizi birlikdə qorumalıyıq.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Meksikalı Dinora Graue Obsura - Sony World Photography Awards 2023-ün növbəti mükafatçısıdır
Bu günlərdə İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.
İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi. Bu barədə də məlumat almışdınız.
"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura oldu. Yaradıcılığını müzakirə edərkən fotoqraf fotoqrafiyanın təbii dünyamızın kövrəkliyi barədə məlumatlılığı artırmaq üçün istifadə edilə bilən güclü bir vasitə olduğunu bildirdi.
Fotoqrafiyada nə insana uğur gətirir? Düzgün rakurs seçmək, obyekti tam aydın əks etdirmək, ətraf fonun xüsusiyyətlərini qabarda bilmək... Tək bunlar peşəkarlığa dəlalət eləmir. Ekspertimizin fikrincə, daha önəmlisi – seçdiyin mövzunun aktuallığıdır. Və göründüyü kimi, portuqaliyalı fotoqraf quşu gözündən vura bilib.
Şəkildə siz Sony World Photography Awards 2023-ün mükafatçısı Dinora Graue Obsuranın uğur qazanan fotosunu görürsünüz.
Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Türkiyənin sevilən müğənnisi Mustafa Sandal Bakıya gəlir
Mayın 10-da Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi Mustafa Sandalın konserti təşkil olunacaq.
İfaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)
Aqrar sənaye məhsullarının ixracında 56,3 faiz artım qeydə alınıb
“Ədəbiyyat və incəsənət” portalı Açıq portfel rubrikasında sizlərə növbəti statistika xəbərini çatdırır. Xəbər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə istinadən verilir.
Birinci rübdə yeyinti məhsullarının ixracı 5,7 faiz artaraq 169,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft ixracının 18,6 faizini təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır.
2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar sənaye məhsullarının ixracı 3,4 faiz artaraq 178,9 milyon ABŞ dolları təşkil edib. Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3 faiz artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)