Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

 

3-cü dərc

 

Özümü burada yaşayanlardan biri kimi göstərərək - Qulluq sahibi olasan, neçə gündür burda işləyirsiniz, gəldim deyim ki, birdən suya, çaya ehtiyacınız olar, uşaqlara tapşırmışam, nə lazım olsa, çəkinməyin, deyin, o dəqiqə təşkil edəcəklər, -deyib, sol əlimi qeyri-müəyyən istiqamətdə bir qədər göyə tuşladım.

Mən heç nə ilə risk etmirdim. Çünki bilirdim ki, istənilən azərbaycanlı yemək və ya çay içmək barədə ona edilmiş ilk təklifə yox deyəcəkdi, mənimsə ikinci dəfə təklif etmək fikrim yox idi. O ki qaldı tapşırdığım uşaqlara, mən gedəndən sonra briqada üzvləri istəsələr belə, əlimlə göstərdiyim istiqamətdə göydə pərvazlanaraq, hər an onlara su və ya çay gətirməyə hazır olan heç kimi tapmayacaqdılar.

İndi özündə mənə lazım olan bütün məlumatı cəmləşdirən uzun bir nitqin heç bir detalını qaçırmamağa hazır olmalıydım.

Artıq bu məhəllədə məni özünə ən yaxın adam hesab edən bayaqkı fəhlə yenə də hamıdan tez səsləndi:

 -Sağ ol, qərdeşim, Allah bol eləsün, elə içmişkən varuğ. Belə də ki, demə dayi, düz beş gündü işliyirik, burdan tezə elektrik xətti çekiləceg, bu gördügün yerdə də transfarmator olacağ, yəqin ki, hələ bir beş - altı gün də çekər işimiz. Təcili olduğuyçün iki növbədə işliyirik, həm gündüz, həm gecə. Briqadirimiz də ki, Peyman müəllim, Allah onun canını sağ eləsün, o tini dönəndə vaqonumuz var, orda hər şəraiti yaradıb bizimçün, özü də orda oturur.

Halallığa yönəlmiş istənilən peşə şərəflidir. Ancaq əlinin qabarı, alnının təri ilə çörək pulu qazananlar ikiqat hörmətə layiqdirlər. Böyük ehtiramla həmin fəhlənin əlini sıxaraq, digərlərinə də yorulmamaq arzulayıb, ərzaq mağazasına tərəf getdim. Mağazada cavan bir oğlan oturmuşdu. Mən içəri girən kimi ayağa qalxıb salamımı aldı. Bir iyirmilik çıxararaq, ona uzatdım və mən gedəndən sonra bayaqkı fəhlələrə bu pul miqdarında su və şirə aparıb verməsini xahiş edib maşına tərəf yönəldim.

Oğlana sual verməyə ehtiyac yox idi. Piştaxtalardakı malların kasadlığına baxan kimi bu mağazanın gecələr işləmədiyi bəlli olurdu.

Cəmi saat yarım vaxtım getmişdi, Nadirin belə tez zəng vurmayacağını bildiyim üçün, tələsmədən maşını şəhərin mərkəzinə tərəf sürdüm.

Mərkəzi Univermağa çatanda başqa bir işim olmadığı üçün maşını duracaqda saxlayıb yaxınlıqdakı kafelərdən birində çay sifariş elədim. Demək olar ki, kafedə heç kim yox idi. Sakitliyi sevdiyim üçün bu ürəyimcə oldu.

Ancaq bu sakitlikdən zövq almağa Nadir imkan vermədi, onun zəngi çayla eyni vaxtda gəldi, hətta onun belə tez zəng etdiyinə bir az təəccübləndim də.

Harda olduğumu öyrəndi, dedi, gəlirəm.

Kafeyə girib üzbəüzdəki stula çökdü. Yeyib-içməyə meyilli olması yaşlaşdıqca dostumun xarici görünüşündə özünü biruzə verməyə başlamışdı, boyu çox da hündür olmadığı üçün irəli çıxmış qarnı onu şahmatdakı at fiquruna bənzədirdi. Bir də son vaxtlar tez-tez təngnəfəslikdən şikayət edirdi.

Elə indi də tövşüyə-tövşüyə  ofisiantın gətirdiyi armudu stəkana çay süzərək nəfəsini tarazlamağa çalışırdı. Sanki yolun o tərəfindəki binadan yox, qədim yunan marafonçuları ilə yarışmadan gəlirdi. Nəhayət çaydan qaynar-qaynar bir-iki qurtum içib dedi:

-Maşının yeri müəyyən edilib, bu gecə Badamdar istiqamətindən çıxan, başqa dövlət nömrə nişanları ilə, ancaq sənin dediyin rəngdə, qabaq şüşəsindəki texniki baxış emblemindən azca yuxarıda “Allahu-əkbər” sözləri yazılmış “S class” markalı “Mersedes” Bakı-Tiflis yolu ilə hərəkət edib səhər saatlarında Qazax rayonunun ərazisinə girib, bundan sonra əsas yoldan harasa döndüyü üçün kameraların müşahidə dairəsindən çıxıb. Sükan arxasında arıq bədən quruluşlu, orta boylu, 25-30 yaşlarda olduğu təxmin edilən biri olub. Başına qoyduğu uzun dimdikli kepkanı gözləri üstünə basdığı üçün sifəti demək olar ki, görünmür. Maşında tək olduğu ehtimal edilir.

Mən adətim üzrə qaşlarımı düyünləyib susurdum. Neçə- neçə kəndi olan Qazax kimi böyük bir rayonun ara yolları ilə maşını Allah bilir haralara aparıb çıxarmaq olardı. Üstəlik də, maşını qaçırdıqdan sonra belə böyük bir məsafəni qət etməyə ürək etmiş şəxsin diletant olmadığı, öz işini yaxşı bildiyi bəlli idi.

Bu məlumatdan sonra maşının niyə qaçırıldığı da mənə bəlli oldu. Belə bir maşın bu işlə məşğul olan maşın oğrularına sifariş olunmuş, bu tələblərə tam cavab verən, üstəlik də qapıları daim açıq olan Day-dayın maşını da oğruların nişangahına tuş gəlmişdi. Ona görə oğruların deyirəm ki, sükan arxasında bir nəfərin oturduğu müəyyən edilsə də, bu işdə ən azı ikinci şəxsin iştirakı olmadan keçinmək olmazdı. Böyük ehtimalla maşının sahibinin kimliyi onları heç maraqlandırmamışdı da. Sadəcə olaraq, lazım olan maşını tapdıqdan sonra dövlət nömrə nişanları kimi, gecəyarısı yalnız özlərinə məlum olan yollarla orijinaldan əsla seçilməyən lazımi saxta sənədləri də hazırlatdıraraq öz işlərini görmüşdülər.

Məntiqlə, maşın sökülərək sonradan satılması üçün qaçırılsa idi, kifayət qədər pul tələb edən saxta sənədlərin və nömrə nişanlarının hazırlanmasına xərc çəkib bu qədər məsafə qət etmək nəyə lazım idi, elə qaçırmazdan əvvəl  Bakıda xəlvət bir yer hazırlayıb maşını ora sürmək və sonradan satmaq üçün hissələrə ayırmaq olardı. Elə bu maşın hissələrinə ehtiyacı olan alıcıların  Qazax rayonuna nisbətən Bakı şəhərində çoxluq təşkil etməsini də nəzərə alsaq, deməli maşının konkret sifarişçisi var idi və maşın ona müəyyən olunmuş yerdə, Qazax rayonunun ərazisində təhvil verilməli idi. Yol polisi tərəfindən saxlanılmaq riski də öz yerində.

Nadirin dedikləri həm də, bu məsələdə mənim üçün arzuolunmaz düşmənçilik faktorunun olmasını puça çıxarırdı. Çünki maşın Day-dayın düşmənləri tərəfindən özləri gizli qalmaq şərti ilə, ona sataşmaq məqsədi ilə qaçırılsaydı, bu halda onun Qazax rayonuna aparılması ağlabatan deyildi. Gizli qalmaq istəyən biri maşını öz məkanına apartdırmaqla riskə getmirdimi və buna nə ehtiyac var idi? Aşkar düşmənlik edirdisə də, daha maşını oğurlatdırmaq nəyə lazım idi ki?

Başqa bir versiya da dediklərimi təsdiq edirdi. Day-dayın düşməni ən azı elə onun səviyyəsində biri olmalı idi. Belə səviyyə sahibinin də sonradan bu maşından hansısa formada faydalanmasına ehtiyacımı ola bilərdi?

Keçmişdə bir kişiyə sataşmaq istəyəndə onun atını oğurlayar, ya da gecəykən tövləyə girib atının quyruğunu kəsərdilər. Bu, kişi üçün ən ağır təhqir hesab olunurdu.

İndi kişilər həmin kişilər idi. Atları isə maşınlar əvəz etmişdi. Deməli, sataşmaq məqsədi olsaydı, ya maşın hansısa gölün dibində olardı, ya kimsəsiz, çöllük bir ərazidə gecəykən yandırılardı. Başqa üsullar da var ki, onların adını burada çəkmək istəmirəm. Əsas odur ki, Day-dayın maşınının sırf tamah məqsədi ilə qaçırıldığını müəyyən etmişdim.

Bu işdə dərin təcrübəsi olan Nadirin də məhz mənim kimi düşündüyünə qətiyyən şübhəm yox idi. Ancaq elə bayaqdan beynimdə saf-çürük etdiyim və düzgünlüyünə əmin olduğum versiyamda məni nəsə narahat edirdi. Sanki hər şeyi düzgün təhlil etdiyim halda ən vacib bir detalı unudurdum. Amma nəyi…

-Mən vəziyyəti bizim uşaqlara demişəm, -Nadirin səsi kafenin sükutunu pozdu.

“Bizim uşaqlar” deyəndə, Nadir vaxtilə öz səyləri ilə düz yola qaytardığı, bu gün də sıx münasibət saxladığı gəncləri nəzərdə tuturdu.

Nə vaxtsa, kimsə sizin yanınızda söyləsə ki, keçmişi insanı həmişə, həyatı boyu  izləyir, o zaman onunla mübahisə etməyin. Çünki uduzacaqsınız.

Söz verərək cinayət etməkdən uzaqlaşmış həmin gənclər müəyyən dairələrdə sözübütöv, hörmətli oğlanlar kimi yadda qalmış, bu səbəbdən köhnə dostları onlarla əlaqəni kəsməmişdilər. Həyatda yolları ayrılsa da, nə vaxtsa bir süfrə arxasında kəsilmiş duz-çörək bəzən kişilər arasında heç vaxt qırılmayacaq tellərin yaranmasına səbəb olur. Vaxtilə bu barədə Nadirlə uzun-uzadı diskussiya aparmışdıq və sonda yekdil qərara gəlmişdik ki, Nadirin bir sözünü iki etməsələr də, onun həmin gənclərdən bundan artığını tələb etməyə haqqı yoxdur. Kifayət qədər yetkin olan bu gənclər kimlərlə hansı münasibətləri saxlamalarına özləri qərar verməli idilər, yetər ki, vədlərinə əməl edərək bir daha cinayətə getməsinlər.

-Nə deyirlər?

Nəhayət mən də dilləndim.

Nadir dedi:

-Maşın sifarişçiyə verilərsə, onu qaytarmaq çətin olacaq. Qayda belədir. Sifarişçi maşını qaytarmaya bilər və bu onun haqqıdır. Çünki pul verərək iş gördürüb və əvvəlcədən razılaşdırılmış şərtləri pozmayıb. Vaxt itirmədən kiçik bir ipucu tapılarsa, bizimkilər oradakı əlaqələri vasitəsilə hadisələri qabaqlaya bilərlər.

Bəli, cavabı ilə Nadir məni yaman sevindirdi. İpucu deyəndə, bu işdə əli olanlardan heç olmasa birinin kimliyi nəzərdə tutulurdu. Özü də ən qısa zamanda. Bu isə yaranmış vəziyyətdə dəryada balıq sövdası idi. Nadir bacardığını etmiş, uşaqlar isə bacara biləcəklərini söyləmişdilər.

Bu işi boynuma götürərkən maşının belə uzağa gedib çıxacağını ehtimal etməmişdim.

Əlimin işarəsi ilə çayçı soyumuş çayniki yenisi ilə əvəz edib stəkanlarımızı doldurdu. Qarşımdakı stəkanda buğlanan çaya baxdım. Çay yenidən məni bayaq narahat edən, ancaq nə olduğunu anlaşdıra bilmədiyim fikirlərimin yanına apardı. Çay, çay, çay… Beynim sürətlə işləyir, həmin “nəsə”ni tapmağa çalışırdım. Niyə məhz çay, başa düşə bilmirdim, ancaq içimdən gələn bir hiss məni yenidən hər şeyi təkrar təhlil etməyə vadar edirdi. Çaydan başladım. Deməli belə, bu gün mən harada və neçə dəfə çay içmişəm? Bir dəfə ofisdə, təxminən səhər saat 10-da. Sonra? Sonra isə indi oturduğumuz kafedə hal-hazırda çay içirik, başqa heç yerdə. Bəs onda niyə məhz çay? Bu sualı yenə də özümə verdim. Bəlkə çay ilə bağlı başqa nə isə baş verib, təkcə içilməsi yox… Dayan, bayaq mən, Badamdar qəsəbəsində fəhlələrdən söz almaq üçün onlara çay təklif etmişdim. Yaxşı, bəs bunun bütün baş verənlərə nə aidiyyəti var? Tələsmə, indi o çox danışan fəhlənin dediklərin bir də xatırla. Necə demişdi? “Düz beş gündür işləyirik, buradan təzə elektrik xətti çəkiləcək, bu gördüyün yerdə də transformator olacaq, yəqin ki, hələ beş - altı gün də çəkər işimiz. Təcili olduğuyçün iki növbədə işləyirik, həm gündüz, həm gecə.” Deməli, həm gündüz, həm gecə.

Bunu yadda saxlayıb, indi də bayaq cinayətin beynimdə qurduğum versiyası  ilə uzlaşdırmalı idim. Bəli, sifarişli maşın oğurluğu versiyası ilə. Necə demişdim? “Maşın bu işlə məşğul olan maşın oğrularına sifariş olunmuş, bu tələblərə tam cavab verən Day-dayın maşını da təsadüfən oğruların nişangahına tuş gəlmişdi”.       

Və tapdım, nəhayət məni bayaqdan narahat edən o “nəsə”ni tapdım. İndi tələsmək lazım idi.

-Zəngimi gözlə, -deyib, Nadiri kafedə qoyaraq maşına tərəf qaçdım. Bir dəqiqə sonra yenidən maşını Badamdar istiqamətində sürürdüm, bu dəfə çox sürətlə. Vaxt heç də mənim xeyrimə işləmirdi…

Qəsəbəyə çatanda ilk dəfə olduğu kimi transformator quraşdıran fəhlələrə yaxınlaşmayıb, maşını düz onların bir tin o tərəfdə soyunub-geyinmələri üçün qoyulmuş vaqonun yanına sürdüm. Ancaq yanlarından keçərkən ötəri baxıb onların yenə də altı nəfər olduqlarını özümçün qeyd etdim. Düşməzdən əvvəl həmişə maşında gəzdirdiyim qara rəngli qalstuku taxıb, qara cildli qeyd kitabçamı götürdüm. Vaqonun qapısını döymədən təkəbbürlü görkəm alıb içəri keçdim. Heç bir arakəsməsi olmayan, divarlarına vurulmuş mismarlardan paltarlar asılmış vaqonun yuxarı başındakı, çirkdən rəngi bilinməyən stolun arxasında oturmuş təxminən qırx beş yaşlarında olan, qarşısındakı qəzetdə skanvord həll edən kişi məni görən kimi cəld ayağa qalxdı. Öz rolumu oynamaqda davam edərək, -Əyləşin, -deyə, kişiyə əmr etdim. Yəqin ki, briqadir işlədiyi müddətdə etdiyi bütün günahları birdən yadına düşmüş kişi, qarşısındakı qara qalstuklu, əlində qara cildli kitabça tutmuş adamı, yəni məni qəzəbləndirməmək üçün ayağa qalxdığı kimi sürətlə də yenidən stula çökdü.

-Səhv etmirəmsə, Peyman müəllimsiniz? -deyə soruşdum.

-Bə, bə, bəli, -deyə, adını bildiyimdən daha da qorxuya düşən briqadir kəkələyərək cavab verdi.

-Mən nazirliyin əmək müfəttişliyindənəm, adım Qoşqar müəllimdir, -dedim,  -Briqadanızdakı işçilər ilə bağlanmış əmək müqavilələrini yoxlayacağam.

Bəzi məmurların vəsiqələrini təqdim etmələri barədə tələbi şəxsi təhqir kimi qəbul etdiklərini bilən zavallı briqadir,  qorxudan sarısını elə udmuşdu ki, nəinki mənim vəsiqəmi soruşmağa, hətta hansı nazirliyin əmək müfəttişliyindən olmağımı ürəyində fikirləşməyə belə cəsarət etməzdi.

-Əmək müqavilələri idarədədir, məndə isə yalnız işçilərin siyahısı, bir də şəxsiyyət vəsiqələrinin surətləri var, sənədlərini də hər ehtimala qarşı tələb edib surətlərini özümdə  saxlamışam, -deyən Peyman müəllim, artıq söhbətin şəxsən ondan getmədiyini başa düşərək bir qədər sakitləşdi.

-Təqdim edin, -deyə amiranə səslə dilləndim.

Özünə gəlməyə başlayan briqadirin səsi yenidən titrədi:

-Bu dəqiqə, bu dəqiqə.

Oturduğu stolun gözündən elə həmin stol kimi çirkli bir dəftərxana kitabı çıxarıb işçilərin siyahısı olan səhifəni açaraq çox ehtiyatla qabağıma qoydu. Sanki kitab şüşədən idi və bir az bərk qoysa sına bilərdi.

Cəld qarşımdakı boş stula oturub kitabı gözdən keçirdim, siyahıda on iki nəfərin adı var idi. Növbəti gedişi etdim:

-Briqadada altı nəfər işləyir, bəs bu siyahıdakı əlavə altı nəfər kimdir?

-Onların üçü gecə növbəsində işləyir, ikisi hal-hazırda xəstədirlər, biri isə cəmi dörd gün işləyəndən sonra rayonda yasları düşdüyü üçün icazə alıb getdi, gedəndə də dedi ki, ola billər, daha qayıtmasın.

 - Hansı rayona? -deyə cəld soruşdum.

 -Yadımda deyil, -deyə Peyman müəllim gözlərini döydü. Yəqin ki, yası düşmüş işçinin hansı rayona getməsinin bura nə dəxli olduğunu düşündü, ancaq sərt görünüşümü və qara qalstukumu bir daha gözdən keçirib susmağa üstünlük verdi.

İndi şəxsiyyət vəsiqələrinin surətlərinə baxmağın vaxtı idi. Əgər zənnimdə yanılmamışdımsa, ya bu dəqiqə bütün ehtimallarım təsdiqini tapacaq, ya da axtarışlara başqa istiqamətdə yenidən başlamalı olacaqdım.

Peyman müəllimə gündüz və gecə işləyən işçilərin sənədlərinin surətlərini ayrı-ayrı düzməyi, xəstə olan iki nəfərlə, yası düşmüş işçinin sənədlərini isə ayrı təqdim etməyi tapşırdım.

Bir dəqiqə sonra hər şey hazır idi. İstisna metodunu tətbiq etməyə başladım. Əvvəl qiyabi də olsa, tanıdığım altı nəfərin sənədlərindəki şəkillərə baxdım, hər şey düz idi, şəkillərdəkilər bu gün gördüyüm fəhlələr idilər.

Qalır altı nəfər. Bu dəfə gecə işləyən üç nəfərin sənədlərini əlimə götürdüm. Gözaltı Peyman müəllimə baxırdım. Əvvəlki halında idi.

-Bunlar dünən gecə işdə olublar? -soruşdum.

-Bəli, axşam saat 9-dan səhər saat 9-a qədər, -deyə bildirdi.

Bu üç nəfərin şəkilləri mənə maraqsız idi, yalnız anadan olduqları və yaşadıqları ünvanlara baxıb sənədlərini kənara qoydum. İkisi Corat qəsəbəsində, biri isə Saray kəndində anadan olmuşdular. Maraq doğuracaq bir şey yox idi. Üstəlik briqadirin çox cəsarətlə onların gecə işdə olmalarını bildirməsi bu üç nəfəri də çox düşünmədən istisna etməyə imkan verirdi.

Növbəti dəfə xəstə olan iki işçinin sənədlərini götürüb bu dəfə daha diqqətlə Peyman müəllimə baxdım.

-Bu yoldaşlar nə vaxtdan xəstədirlər? -deyə yenə də sərt şəkildə soruşdum.

Briqadirin sifətində və boynunda qırmızı ləkələr əmələ gəlməyə başladı.

- On gün, yox, on beş gün, dəqiq xatırlamıram.

- Harada yatırlar, xəstəxanada ya evdə, maraqlanmısınızmı?

- Hə… yox… bilmirəm.

- İkisi də eyni gündə xəstələniblər?

- Hə, eyni gündə, -piyadalar əleyhinə qumbaradan yayılan qəlpələr kimi yağdırdığım suallar zavallı Peyman müəllimi tamam çaş-baş saldığı üçün ilk ağlına gələn cavabları verirdi.

Hər şey aydın idi. Bunlar mən vaqona girdiyim andan briqadirdə baş qaldırmış qorxu hissinin əsas mənbələri olan, bəlkə də heç vaxt əllərində bel və külüng tutmayan, əmək stajı xatirinə adları briqadada gedən, maaşlarını isə Peyman müəllimə vermək barədə onunla əhd-peyman bağlayan şəxslər idilər. Sovet dönəmində çox yayılmış bu üsuldan indi də bəzi müəssisələrdə istifadə edildiyindən xəbərim var idi. Ancaq mən həqiqi əmək müfəttişi olsaydım, onlar mənim üçün maraqlı ola bilərdilər. İndiki halda isə tapançanı başlarına dirəsən də briqadalarının hal -hazırda harada işləmələrindən tam xəbərsiz olan bu dırnaqarası zəhmətkeşləri də əvvəlki doqquz nəfərə əlavə etməklə kifayətlənmək olardı.

Deməli, siyahıdakı on iki nəfərdən on birini hələlik bir kənara qoyduq. Qalır cəmi dördcə gün işləyəndən sonra yası düşdüyünə görə rayona gedən, siyahıda mənə ən maraqlı olduğu üçün sona saxladığım, fikrimcə tamam başqa səbəblərdən yoxa çıxmış on ikinci fəhlə.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(25.04.2023)

İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Heydər Əliyev İli” çərçivəsində iyunun 12-dən başlayaraq, 17 gün müddətində Türkiyənin – Ankara, İstanbul, Trabzon, Konya, Aksaray, Sakarya, Kocaeli, Bursa, Ədirnə, Çanakkala, Manisa, İzmir, Quşadası şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında, “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi əsasında növbəti səfərinin həyata keçirilməsi planlaşdırılır. 

 

Bu barədə mediaya C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev məlumat verib.

“140 illiyinin təntənəli şəkildə keçirilməsi üçün imzalanmış Prezident Sərəncamı ilə yubiley tədbirlərinə hazırlaşan İrəvan Teatrının kollektivinin bu səfəri özündə həm də ölkə rəhbəri İlham Əliyevin “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasına töhfə vermək məqsədini ehtiva edir. Keçən əsrin əvvəllərindən etibarən, Türkiyənin müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qalmış Qərbi azərbaycanlı soydaşlarımız arasında Vətənə qayıdış layihəsinə dəstək prinsiplərini və geniş təbliğat işlərini həyata keçirmək üçün bu səfər ən səmərəli hadisələrdən biri kimi çox vacibdir. Güman edirik ki, İrəvan Teatrı məhz belə səfərlərlə dünyanın hər tərəfinə səfərlər həyata keçirməklə, köç etmiş soydaşlarımızı bir araya gətirmək üçün daim öz sənət imkanlarından istifadə edəcək, dədə-baba torpaqlarımızdan didərgin salınmış soydaşlarımızın öz yurd yerlərinə qayıtmaları istiqamətində daim geniş təbliğat işlərinə rəvac verəcəkdir”,- deyə teatrın direktoru bildirib.

Onun sözlərinə görə, İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 2007-ci ildə Prezident Sərəncamına əsasən 125 illik yubileyini Azərbaycanda təntənəli şəkildə qeyd etdikdən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə yubiley tədbirlərini Türkiyə Cümhuriyyətinin Manisa, İzmir, Niğdə şəhərlərində davam etdirib: “Səfərdə kollektiv ölməz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası əsasında “Məşədi İbadın düyünü” adlı məzhəkə və şair-dramaturq İftixarın “Müstəqil vətənin memarı” poeması əsasında müəllifin hazırladığı tamaşa-kompozisiya ilə çıxış edirdi. Teatrın bu gəlişi münasibətilə, əslən Qərbi Azərbaycanın Gümrü şəhərindən olan Niğdə valisi Gümrüz Bədər Niğdə şəhərindəki “Qızıl alma” parkının adını dəyişdirərək “Heydər Əliyev Parkı” adlandırdı. Parkın ən yüksək yerində isə Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin abidələrinin ucaldılması ilə bağlı qərar qəbul edildi. Uğurla keçən həmin səfərdən sonra İrəvan Teatrının kollektivi 2011-ci, 2013-cü, 2016-cı və 2018-ci illərdə böyük heyətlə, uzunmüddətli və geniş coğrafiyanı əhatə edən müxtəlif məzmunlu, sanballı tamaşalarla təmsil olundu. Bu səfərlərin məna və mahiyyəti dünya birliyinə, bizə qarşı olan qüvvələrin yalanlarını, böhtanlarını bərabərcə ifşa etməkdən və həqiqətlərə ayna tutmaqdan, eyni zamanda hər iki qardaş dövlətin dövlətçilik ənənələrini təbliğ etməkdən ibarət idi. Səfərlərdə Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində, türkiyəli müəllif Zihni Papaqçının “Soyqırımı abidəsinin dastanı”, şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı”, Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin ümummilli liderlik fenomenlərini təcəssüm etdirən türkiyəli müəlliflər Demər Çizməli və Pınar Çələbioğlunun qələmə aldıqları “Cümhuriyyətin ilk sədası”, yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar”, şair-dramaturq İftixarın “Nurlu ömrün anları” tamaşaları təqdim olunurdu. Türkiyənin ən böyük – İğdır, Ərzurum, Kars, Ankara, İzmir, Manisa, Muğla, Quş adası, Sakarya, Kocaeli, İnəgöl, Bursa, İstanbul, Amasiya, Ədirnə, Çanakkala, Samsun, Trabzon kimi şəhərlərində tamaşaçıların rəğbətini qazana bilmiş, çoxlu sayda diplom və fəxri fərmanlarla təltif olunmuşdur”. 

İftixar Piriyev deyib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin köməyi ilə baş tutan bu səfərlərə Türkiyə Anadolu Aydınlar Ocağının rəhbəri, böyük Azərbaycan sevdalısı professor İbrahim Öztək başda olmaqla, adıçəkilən şəhərlərin Aydınlar ocaqlarının rəhbərləri öz dəstəklərini əsirgəməmişlər. Sənətin ecazkar dili ilə həyata keçən və böyük səmərə verən bu səfərlərin birlik-bərabərlik möcüzəsi dünya birliyinin diqqətinə medianın təbliğat mexanizmi vasitəsilə çevik dinamikada çatdırılmışdır. Belə səfərlərin davam etdirilməsi hər zaman prioritet təşkil edir. 

Elə bu səbəbdən də deyirik: “Yolun açıq olsun, qocaman sənət ocağı – İrəvan Dövlət Azərbaycan Dram Teatrı!”

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Çərşənbə axşamı, 25 Aprel 2023 14:30

Məcid Behbudovun 150 illiyi qeyd ediləcək

Bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illiyi tamam olur.

 

Bu münasibətlə mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyinə həsr olunmuş tədbir keçiriləcək. 

Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək. 

Qeyd edək ki, Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaşöhrətli "Arşın mal alan" operettasına onu da dəvət edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Çərşənbə axşamı, 25 Aprel 2023 08:00

Belqradda Azərbaycan Mədəniyyət Günləri keçirilib

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib. “Ədəbiyyat və incəsənət” sizlərə ayrı-ayrı tədbirlər barədə ümumi bilgiləndirmişdi. İndi gəlin Belqraddakı tədbirlərə cəm halında baxaq.

 

“Azərbaycan-Odlar Yurdu” şüarı ilə keçirilən tədbirlərdə Belqradda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Serbiyanın dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, diaspor və yerli ictimaiyyətin təmsilçiləri, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, həmçinin bu ölkədə yaşayan, təhsil alan və çalışan soydaşlarımız iştirak ediblər. 

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev iki ölkə arasında yüksək səviyyəli və dinamik münasibətlərin mövcud olduğunu, mədəni sahədə əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırıb. 

Konsert proqramı və sərgilərdən ibarət tədbirlər zamanı milli musiqilərimiz, muğamdan və rəqslərdən ibarət konsert proqramı təşkil olunub, milli geyimlər, xalçalar, qurama və rəsm sərgiləri nümayiş etdirilib, ölkəmizin tarixi, mədəniyyəti, milli musiqisi, habelə müasir həyat tərzi və reallıqları barədə ziyarətçilərə məlumat verilib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri - Əməkdar artist Viktoriya Şahmuradova və 44 günlük Vətən müharibəsi veteranı və qazisi Firdovsi Eyvazov tərəfindən milli rəqslərimiz təqdirəlayiq nümayiş etdirilib. “Sarı gəlin” Azərbaycan xalq mahnısının rəqs ilə müşayiəti, həmçinin “Şuşanın dağları” və “Can Qarabağ” mahnıları heyranlıqla izlənilib. Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu xanım Yasmina Trumbetaş Azərbaycanın tanınmış bəstəkarı Tofiq Quliyevin “Qızıl üzük” mahnısını səsləndirib. 

Şuşanın füsunkar təbiəti, tarixi və memarlıq abidələrini əks etdirən fotosərgi, “Azərxalça” ASC-nin Azərbaycan xalçaları, tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas geyim nümunələrindən ibarət “Qarabağ” milli geyim kolleksiyası, qurama üzrə sənətkar Leyla Xasiyevanın əl işlərindən ibarət sərgisi, Belqradda yaşayan azərbaycanlı rəssam Yevgeniya Türkoğlunun Bakı və Abşeron yarımadasının əks olunduğu rəsm əsərləri, İsayeva Diananın Azərbaycan milli nağıl qəhrəmanlarından ilhamlanaraq yaratdığı əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraq və həvəslə qarşılanıb. 

Mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlər Serbiya KİV-lərində və televiziya proqramlarında geniş işıqlandırılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Çərşənbə axşamı, 25 Aprel 2023 08:30

Beynəlxalq Sirk Günündə Bakımız

Sirk həqiqətən gözəllikdir, sirk tamaşalarına tək uşaqlar baxmaz ki, istənilən yaş həddi üçün sirk baxımlıdır, möcüzəlidir, maraqlıdır. Hər il aprelin 21-i Beynəlxalq Sirk Günü kimi qeyd edilir. Bu bayramın təşəbbüsü Ümumdünya Sirk Federasiyası tərəfindən 2010-cu ildə irəli sürülüb. Ramazan bayramına təsadüf edən bugünkü bayram da həmişəki kimi diqqətləri çəkdi. 

 

Bakıda sirk ötən əsrin əvvəllərindən var, bu barədə yazımızda ayrıca qeydlər var. Sumqayıt və Gəncədə isə şapitolar, yəni səyyar sirklər mütəmadi tamaşalar verirlər. 

Sirk günündə müxtəlif ölkələrdə sirk həvəskarları üçün maraqlı proqramlar, festivallar, əyləncəli küçə yürüşləri və bir çox digər tədbirlər hazırlandı.

Sirk (lat. Circus – "çevrə" deməkdir) – bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür.

Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatrsəhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalıb. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olub.

Klassik sirkin atası ingilis Filip Astli (1742–1814) sayılır. İllər keçdikcə sirkin inkişafına müxtəlif xalqların təsiri nəticəsində bu və ya digər sahədə öz üstünlüyünə malik milli sirklər yaranmağa başlamışdır. Avropada hələ də köçəri halda fəaliyyət göstərən sirklər mövcud olsa da bir çox Şərq ölkələrində sirk teatrları tikilib və burada mütəmadi olaraq öz proqramları ilə çıxış edirlər. Köçəri sirk ustaları avtomobil karvanlarında şəhər-şəhər gəzərək öz sənətləri ilə tamaşaçıları heyran edirlər.

İndi isə gələcək söz verdiyimiz öz sirk tariximizə.

Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri mövcud olub. İlk peşəkar sirk – heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilib. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilib. 

Bakı Dövlət Sirki 1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmamış, tərkibinə estrada və balet artistlərinin çıxışları da salınıb. Ənvər Quliyev, "Ulduz bacıları", kəndirbaz Əlixan və digər artistlərin nömrələrinin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla keçmiş SSRİ ərazisində, eləcə də dünyanın bir çox ölkələrində daimi qastrollarda olub.

1967-ci ildə Bakı Dövlət Sirkinin memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilib. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir. Ötən müddət ərzində musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi nömrələrlə zəngin olan Bakı Dövlət Sirkinin səhnəsində bu gün də dünyanın müxtəlif ölkələrindən dəvət olunan kollektivlər çıxış edirlər.

Bəli, sirk yaşasın, hamımızı sevindirsin. Gözəllik dünyanı xilas edəcək!

 

Şəkildə: Ən qədim sirk tamaşası. Qravüra.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı Nemət Mətinin hekayələrinin dərcini davam etdirir. Bu gün sizlərə “Nazirə” hekayəsi təqdim ediləcək.

 

 

NEMƏT MƏTİN

 

NAZİRƏ

 

          Beş yaşına qədər həyatı monoton keçmişdi. Nazirənin atasının başına gələn bədbəxt hadisə hər şeyi dəyişdi. Hərbi silah-sursatı qoruyan hərbçi atası onları yaxşı dolandırırdı. Evləri hərbçilərə verilən köhnə daxma olsa da, qarınları tox idi. Bir gün gecə hərbi anbarın damından oğrular içəri soxularaq baha qiymətə satılacaq maşın hissələrini oğurlayır. Nazirənin atası anbara cavabdeh olduğu üçün məsuliyyət boynunda qalır. Məhkəmə qurulur. Hakimin qərarı ilə atasına yüksək məbləğ ödəmək cəza kimi kəsilir. Əks təqdirdə dörd il altı ay həbsxanada çürüməli olacaq. Nazirənin anası əl-ayağa düşür. Qızılları satır. Bir az qohumlardan pul toplayır. Lakin bəs etmir. Ata-anası illər öncə rəhmətə getdiyi üçün məcbur qalıb qayınatasına ağız açır. O isə ayağını yerə dirəyib oğlu üçün pul vermir. Daş sifət alıb son sözünü deyir:“Oğluma görə milçək də satmaram. Kişi türmədə yatar”. 

          Ata soyuq zindan divarlarına məhkum oldu. Nazirənin anasının saçları bir günün içində ağardı. Çətin həyat hələ qarşıda idi. Ana məcbur qalıb iki ağır işə düzəldi. Qabyuyan və xadimə. Bir işdən çıxıb o birinə gedirdi deyə, Nazirə və qardaşı evdə ikilikdə qalırdı. Bütün günü dalaşırdılar. Yola getmirdilər. Ana yorğun-arğın evə qayıdanda nəvaziş, qayğı, diqqət istəyən uşaqlar, xüsusən də Nazirə müxtəlif bəhanələr eşidirdi:“Başım ağrıyır”. “Gedin yatın”. Nazirə tək qalmışdı. Həftə sonlarına nifrət edirdi. Həyətdə yaşıdları ilə oynayanda ataları evə qayıdan uşaqlar onların qarşısına qaçaraq qucaqlaşır, hədiyyələri alır və ürəkdən sevinirdilər. Nazirə yola baxırdı. Gəlməyən atasını gözləyirdi. Arabir qonaq gələn dayıqızı da ona acıq verirdi. Nazirə yanında olanda atasını qucaqlayıb azı əlli kərə “ata” deyirdi. 

          Nazirə atasının şəklini cibində gəzdirirdi. Arabir, xüsusilə gecələr şəklə xeyli baxdıqdan sonra dəfələrlə öpürdü. Tək ömür sürməkdən qorxurdu. 

         Onun üçün ayda bir bayram var idi. Atasının yanına aparıldığı gün. Ev yeməkləri və siqaret dolu çantanı anası güc-bəla ilə həbsxananın qapısına qədər daşıyırdı. Uzun-uzadı növbədə yer tutmaq lazım idi. Nazirə həyəcanla atasını görəcəyi anı gözləyirdi. Səhərdən günortaya qədər beş qapı keçirdilər. Hər qapıda onları və gətirdiklərini yoxlayırdılar. Yarpaq dolmasının içinə qədər baxış keçirilirdi. Nazik, uzun dəmiri içi dolu farş olan yarpağa batırıb çıxarırdılar. Nazirə, qardaşı və anası yorğun halda beş qapını keçəndən sonra kafe kimi bir yerə çatırdılar. Orada da gözləməli olurdular. Cəza çəkənləri gətirənə qədər. Atası gələndə Nazirə sevincindən onun üstünə qaçırdı. Atasını bərk-bərk qucaqlayıb qoxulayırdı. Sonra bir stol arxasına əyləşib söhbət edirdilər. Nazirə həmişə atasının qucağında otururdu. Başını sinəsinə söykəyirdi. O bilirdi ki, atası ona hər görüşdə pul verəcək və qız sevincindən nəinki həbsxanaya, hətta yerə-göyə də sığmayacaq. Amma atasında pul haradan? Ömür-gün yoldaşından gizlicə pulu alıb qızına uzadırdı. Evə qayıdanda Nazirə qardaşına acıq verib deyirdi:

          Gördün? Ata mənə pul verdi. Sənə yox!”

          Qardaşı yaşca ondan böyük olduğu üçün həssas məqamlarda dinmirdi. Belə kövrək qızın xətrinə kim dəyər?

          Dözülməz günlər payızda başlayırdı. Payızın leysan yağışı uçuq damlarından içəri keçməsəydi, əl çəkməzdi. Evi su basmasın deyə, evdə nə dərin qab var idisə, hamısı döşəməyə düzülürdü. Hətta bir dəfə elə güclü yağış yağdı ki, tavanın bir hissəsi uçdu. Nazirənin yatdığı köhnə yataq mebelinin yanına düşdü. Xoşbəxtlikdən heç kim zədələnmədi. 

         Evin divarlar o qədər nazik idi ki, bir təpiyə aşırmaq olardı. Amma ən çətini qış ayları idi. Soyuq olmasın deyə, çatlamış pəncərə şüşələri qalın salafanla örtülürdü. Yenə də dişqıran şaxtanın qarşısını almaq olmurdu. Ona görə qışda ya dayı, ya da xalagilə köçürdülər. Adamın Allahı var. Obiri qohumlara baxmış dayı və xala onlara yaxşı baxırdı. 

         Dörd il altı ay babasıgil Nazirədən, qardaşından, gəlinlərindən xəbər almadılar. Bir dəfə zəng edib hal-əhval tutmadılar. Belə daşürəkli insanların ucbatından Nazirə gün-gündən həyatdan soyuyurdu. Öz içinə çəkilirdi. İnsanlarla az-az danışırdı. Lakin ürəyində bir ümid vardı. Atası qayıdacaq. Onu əzizləyəcək, bağrına basacaq, onunla xeyli danışacaq, deyəcək, güləcək. Lakin belə olmadı. Ata qayıdandan sonra monoton, qayğılı həyat başladı. Ata iş-ev, ev-iş... Elə ana da həmçinin. Uşaqlar böyüdü. Təhsil aldı. Amma Nazirə öz balaca dünyasından çıxmadı. Təkcə kitablarla ünsiyyətdə olurdu, desək, yalan olmaz. Drayzerin “Kerri bacı” romanı ona doğma gəlirdi. Üç dəfə oxumuşdu. 

         Hər dəfə məktəbdəki hadisə Nazirənin yadına düşəndə qəribə olurdu. Müəllim “Yay tətilini babamgildə necə keçirdim” adlı inşa vermişdi evə. Heç nə yazmayan Nazirə dərsdə dişini damağına sıxıb oturmuşdu. Şagirdlər bir-bir uca səslə yazdıqlarını oxuyurdu. Xoşbəxtlikdən sıra ona çatanda zəng çalınmışdı.

         Uşaqlıqdan otağına bağlı idi. Hələ altı yaşı olanda otağında özünün xəyal etdiyi Tanrı ilə danışırdı. Şikayətlənirdi. Nə etmişəm, nədir mənim günahım? Atası üçün dua edib ağlayırdı. Əsəb və fikirlərlə yol yoldaşı olmuşdu. Əsəbiləşəndə üzdə bildirmirdi. İçində ağladığı üçün böyüyəndə xəstəlik aşkar olundu. Xroniki qastrit. 

         Üçüncü kursda oxuyanda Nazirənin nənəsi yatağa düşdü. Ölüm ayağında oğlu yanına getdi. Nazirənin anası da ərinin xatirinə uşaqları götürüb ərinə qoşuldu. Nənə ölüm ayağında belə uşaqları soruşmadı. Nazirə gecələr ağlayırdı. Babasının üzünə baxmırdı. Neçə dəfə özünə söz vermişdi ki, babanı görən kimi hər şeyi üzünə deyəcək. Amma bacarmadı. Ağladı, hey ağladı. 

         Nənə ölən gün dayısıgilə apardılar Nazirəni. Ürəyində sevinirdi. O evdə qalmaq işgəncə olardı. Bir həftə ərzində nənə-babasının evində qalan valideynlərinin yanına qayıtmaq istəmədi. Mərhumə dəfn olunandan bir neçə ay sonra Nazirəni qara mərmərdən boylanan nənənin yanına aparmaq istəsələrdə, özünü yerə vurdu. Ağladı, zarıdı, yaxın getmədi. Uzaqdan iri, qara mərmərə və dörd tərəfi, üstü dəmirlərlə əhatələnmiş əraziyə soyuq-soyuq baxdı. Ürəyində simic və ürəksiz babasını söyürdü. Oğluna vermədiyi pullarla həm arvadına, həm də özünə qara mərmərdən başdaşı sifariş vermişdi. Üstəlik, qəbristanda yer götürüb çardaq düzəltdirmişdi. Nəyə lazımdı belə dəbdəbəli başdaşı, əgər səni heç kim sevmirsə, yanına gəlib ziyarət etmirsə, şəklini öpmürsə? – deyə o düşünmüşdü...

         Bir il keçməmiş babası da vəfat etdi. Nə qədər qəribə səslənsə də, Nazirə sevinirdi. Elə bil çiynindən qarışqa yükü götürülmüşdü. İllərin acığını çıxmışdı.

         İndi rayona, ata yurduna gedirdi Nazirə. Hər dəfə həyətə düşəndə çevrilib dörd yaşlı uşaq olurdu. O qayğısız, heyva ətirli günlərə qayıdırdı. O həyətdə böyüməyən Nazirə qalmışdı. İyirmi iki yaşı olmasına baxmayaraq, atasından yelləncək asmağı istəmişdi. Sonra dondurma, gəlincik... 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

 

“Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini beynəlxalq arenada yeganə davranış qaydaları kimi qəbul edərək, qarşılıqlı etimad və maraqlar əsasında çoxvektorlu əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa önəm verir, hər zaman dialoq və həmrəyliyə səylər göstərir.

Bu gün Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Cənubi Qafqaz regionunda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qruplara ev sahibliyi edir. Müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar bir-birinin yanında yerləşir. Multikulturalizm xalqımızın həyat tərzidir. Nəticə etibarilə, müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin və dövlət siyasətinin ayrılmaz hissəsidir.

Bu gün Azərbaycan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi önəm və diqqət göstərir. BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu, Dünya Dini Liderləri Forumu və Mədəniyyətlərarası Dialoq Forumu kimi çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu qlobal sülhə, harmoniyaya və əməkdaşlığa gətirib çıxara biləcək əsas amil hesab edir”.

 

Sitat Milli Məclisin sədri Sahibə Qafarovadan gətirilib. O, Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib. 

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Çərşənbə axşamı, 25 Aprel 2023 13:00

Bir günün hikməti

Həmin gün Ramazan bayramına düşdü, qeyri-iş günü olması səbəbindən o qeyri-adi gün barədə bu gün danışmaq istəyirik. Beləliklə, “Ədəbiyyat və incəsənət” portalının güzgüsündə 22 aprel günüdür. 

 

Bu gün dünyada və Azərbaycanda çox məşhur mədəniyyət xadimləri doğulublar və dünyalarını dəyişiblər.

Dünyaya gələnlərdən İmmanuel Kantı, Vladimir Nabokovu, Fridrix Bodenşdatı, Seymur Baycanı, Ədalət Şükürovu, Jəsən Əblücü, Hüseyn Əliyevi qeyd etməyi lazım bilirik. 

Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 112-ci ildönümü tamam oldu.

80 illik ömrün 60 ildən çoxunu sənətə həsr edən, “Mənim müəllimim təbiətin özüdür!”,- deyərək Vətəni Azərbaycana sonsuz sevgi ilə bağlanan görkəmli rəssamın yaratdıqları bu gün də böyük maraq doğurur.

Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edir.

Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilib. Təsadüfi deyildir ki, ilk rəsm əsərini çəkəndə onun 12 yaşı vardı. Bu sənətin sirlərini daha da dərindən mənimsəmək üçün o, Bakıda rəssamlıq texnikumuna daxil oldu. Burada oxuduğu illərdə (1927-1932) müxtəlif eybəcərlikləri qamçılayan “Molla Nəsrəddin” jurnalında karikaturaları, rəsm əsərləri çap edildi. Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ sayılan, işıqlandırdığı mövzular bu gün də aktual səslənən “Molla Nəsrəddin” Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı. Onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edirdi. O, 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra həyatını bütövlükdə “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) bağlayıb.

Yeri gəlmişkən qeyd edək ki, 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olub. 1935-ci il oktyabrın 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz edib. H.Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləyib.

İstedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri üstünlük təşkil edirdi. Təsadüfi deyil ki, gənc vaxtlarında çəkdiyi dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin portretinə görə o, respublika müsabiqəsində birinci yerə layiq görülüb və üç min manat mükafat alıb. Hüseyn Əliyev sərbəst və cəld işləməyin ustası idi. Hələ tələbəlik illərində yaratdığı sənət əsərləri elə ilk baxışdan diqqəti cəlb edirdi. O öz iş yoldaşlarının, ailə üzvlərinin, onda maraq doğuran adamların portretini qısa müddət ərzində çəkə bilirdi.

İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü surətdə orduya yazılıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib. Musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub, neçə-neçə igid döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkib. Böyük Vətən müharibəsində iştirak edən rəssam “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.

Hüseyn Əliyev istedadlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Rəssamın təbiətin gözəlliklərini əks etdirən mənzərələri monumentallığı ilə seçilir. Bu əsərlər qeyri-adi koloriti ilə diqqəti cəlb edir, Vətənə böyük sevgisindən xəbər verir. Milli incəsənətin tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və çox yüksək qiymətləndirilir.

Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.

Ustad rəssam tərəfindən yaradılan bütün əsərlərin əsasını şəxsiyyətin psixoloji dərkedilməsi və təbiətin fəlsəfəsi təşkil edir. Rəssam onu əhatə edən təbiətdə başqalarının görə bilmədiklərini görür, onu özünəməxsus, adi baxışa zidd dərk edir. O, qəhrəmanlarının daxili dünyasını çox incəliklə təsvir edir, bunu onların üzlərində əks etdirirdi.

Vətənin füsunkar təbiəti rəssamın duyğuları ilə həmahənglik yaradaraq rənglərdən ibarət nəhəng bir çələngə çevrilib. Fırça ustasının Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi ilə diqqət cəlb edir. Xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarda təsvirini yaradıb. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilir. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb.

Hüseyn Əliyevin “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsuludur.

Hüseyn Əliyev həm də portret janrının ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Eləcə də Nizami Gəncəvinin portreti də düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.

Həyat, sevgi, gözəllik, dinamizm - Hüseyn Əliyev yaradıcılığını bu cür xarakterizə etmək olar.

Tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun isə anadan olmasının 81-ci ildönümü tamam oldu.

Tanrı ona elə bir böyük məharət, gözəl bir səs bəxş etmişdi ki, bu təkrarolunmaz deyim tərzi yalnız və yalnız ona məxsus idi. Çoxları bu yolda var-gəl etsə də, Həsən Əbluc üslubu daim öz kamilliyi, ustalığı, axarı, qeyri-adi səslənişi ilə ürəklərə qəribə bir rahatlıq, bəlkə də narahatlıq gətirirdi. Sanki dinləyici onu dinləməyə məhkum olurdu. Ona görə ki, onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxlarından fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da. Elə bil onun öz deyim tərzi vardı. Bu ölçüdə hər şey gözəl səslənirdi. Təkcə səslənmirdi, həm də gözəl dinlənilirdi...

Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.

H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.

Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.

Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.

Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.

O, cəmi 52 il yaşadı. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı bir vaxtda ayrılan Həsən Əbluc yaddaşlarda da öz kamil və ləngərli səsi ilə elə bu yaşda qaldı. Onu səsinin yaşı ilə ömrünün yaşı bəlkə də üst-üstə düşür. Azı ona görə ki, belə qiraət ustasının səsi heç vaxt qocala, titrəyə, öz təravətini itirə bilməzdi...

Sənətkarın qardaşı kinorejissor Ənvər Əbluc оnun haqqında “Həsən Əbluc” filmini lentə alıb. Bu, Həsən Əbluca bir qardaş sevgisi ilə yanaşı, həm də tamaşaçı aşiqliyindən irəli gəlmişdir.

 

22 apreldə vəfat edənlərdənsə Samanta Foqsu, İzzət Orucovanı qeyd edə bilərik.

İzzət Orucovanın vəfatından 40 il ötdü. Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.

İzzət Orucova öz aktrisalıq karyerasını və “Sevil” filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: “Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.

İzzət Orucova o zaman 20 yaşında gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: “Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.

Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.

O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub. O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda, onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir. İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır və ömrünü elmə həsr edir.

İzzət Orucova Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. 1972-ci ildə onun akademik adını alması həqiqətən də çoxlarının təəccübünə səbəb olub. Çoxları inanmır ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib.

Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. Dövrünün ən yüksək ordenlər və medalları ilə təltif edilib.

İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib. Amma o, yaratdığı rollar, yazdığı elmi əsərlərlə mənsub olduğu millətin tarixində əbədiyaşarlıq qazanıb.

Bəli, biz sizə 22 aprel günü barədə danışdıq. Qeyri-adi gün barədə.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti aforizmlərini təqdim edir:

 

1.Elmin əlaməti odur ki, hər elmi cavabdan sonra daha da çox elmi suallar doğur.

 

2.Ehtiyat igidin yaraşığıdır, çox böyük ehtiyat düşmənə verilən fürsətdir.

 

3.Ən yaxşı iş, yaxşı işlərə adətkar olmaqdır.

 

4.Hər yeni səhvinə sakit bax, təkrar etdiyin səhvlərdən narahat ol.

 

5.Həyatı uzatmağın ən yaxşı yolu həyata həvəs dövrünü uzatmaqladır.

 

6.Xoşun gələn insana xoşluqlar etmək əlindən həmişə gələcək.

 

7.Xalqın əbədi yaşaması üçün ədəbiyyatı yaşamalıdır.

 

8.İnsan restoran deyil, əvvəldən menyusuna baxmaq olmur.

 

9.İçindəki insanı tapsan, o, sənə Allahı tapar.

 

10.Keçmişdə başın dəyə-dəyə əldə etdiyin təcrübələr gələcəkdə köməyinə çatmaya da bilir, gələcək üçün başının nələrəsə yenidən dəyəcəyinə hazır ol.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.

Beləliklə ən yaxşı onluq.

10 və 9-cu yerlərlə  tanış olmuşduq. Bu gün 8-ci yerlə tanış olacağıq.

 

10-cu yer:

Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»

9-cu yer:

Riçard Brenson. «Çılpaq biznes»

8-ci yer:

Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»

Ser  Brensonun növbəti kitabını isə həyat manifesti, hərəkət və risk manifesti adlandırırlar. Kitabın məğzi həyatdan nə mümkündürsə hamısını götürməkdir. «İstədiyini etməkdən qorxma!» - deyir Ser Brenson. Buna görə də sənin təhsil səviyyənin, təcrübənin olub olmamasının əsla əhəmiyyəti yoxdur. Həyat – sənə həzz gətirməyən məşğuliyyətlərə sərf olunmaq üçün olduqca gödəkdir.

Müəllif iddia edir ki, əgər sənin çiyinlərinin üzərində başın varsa, döyünən ürəyin varsa, demək istənilən məqsədə çatmaq iqtidarındasan. «Nəsə xoşuna gəlirsə elə, xoşuna gəlmirsə, düşünmədən tulla getsin!», - söyləyən Riçard Brensonun bu kitabının illərdir ki, dünyada əl-əl gəzməsinin səbəbi odur ki, kitab hər bir insana öz imkanlarına inam aşılayır, onu müdrikləşdirir və ona inanılmaz dərəcədə çox optimizm bəxş edir.

 

Bəli, 8-ci yerdəki kitabla tanışlıq baş tutdu. Bəs 7-ci yerdə hansı kitab qərarlaşıb? Bunu sabah biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.