
Super User
Barelyef, Arximed və yazıçı...
“Ədəbiyyat və incəsənət” istedadlı yazıçı Təranə Vahidin qələm əhlinin ümumi faciəsindən bəhs edən yazısını təqdim edir. Çox kədərli, amma real əhvalatdır.
Yazıçı Zaman Zamanlının ölüm xəbəri balaca, təbəssümlü şəhərdən sürət qatarı kimi keçdi. Özün dilsiz-ağızsız olasan, ölüm xəbərin belə hay-küylü ola …
Zaman Zamanlının yaxşı yazıçı olduğunu, əslində, hamı bilirdi. Amma bilmək azdı, Zaman Zamanlı heç vaxt gözə görünmədi, ad-san qazanmadı, pul-para sahibi olmadı, başına dövlət quşu qonmadı. Niyəsi də odur ki, bu sısqa, üzsüz, utancaq adam xoşbəxt ulduz altında doğulmamışdı. Elə bil alnına əyri-üyrü hərflərlə “sənin yerin bax orda, arxa cərgədə, heç kimin görmədiyi yerdədi” sözləri yazılmışdı. O da nəcib adamıydı, alın yazısıyla barışıb bir ömür arxa cərgədə, gözə görünməyən yerdə, xəlvətdə şad-xürrəm yaşadı.
İyirmi bir kitabını da dost-tanışları, daha doğrusu, bir kitabı sonacan oxumayan, əvəzində qaz vurub qazan dolduran səxavətli dostları çıxardı. Kitabları çıxanda da üzünün abrından satışa qoymadı, “kitab oxuyanlar çörək tapmır”, – deyib sevinə-sevinə dost-tanışa həddiyə elədi. Oxuyanlar oxuyub oxumayanlara verdi, kimlərsə kimlərəsə ötürdü, beləcə Zaman Zamanlının xeyli gizlin oxucusu oldu.
Zaman Zamanlının yaradıcılığı geniş olsa da, həyat yolu iki-üç cümlə olardı, ya olmazdı. Belə ki, universiteti qırmızı diplomla bitirib ortalıqda qalanda sevimli Həşim müəllimi çörəksiz qalmasın deyə sevimli tələbəsini Veteranlar Şurasında kargüzar kimi işə düzəltdi. Qorxacaq adam üçün qəhrəmanların arasında yaşamaqdan böyük xoşbəxtlik yoxdu. Bir ömür İkinci Dünya müharibəsi iştirakçılarının toplu-tüfəngli, səsli-küylü xatirələrinə qulaq asa-asa ayları, illəri yelə verdi. Cavanlığı yay armudu kimi sovulub keçəndə qocalığın burnu göründü. Kəsəsi, Zaman Zamanlı azca əməkhaqqısıyla, veteranların xatirələrinə qulaq asa-asa xatirə danışacaq yaşa çatdı. Yeddi roman, yeddi povest, yeddi hekayə kitabı işıq üzü gördü. Amma həyat hekayəsini nə yaşaya, nə də yaza bildi. Böyük imperiyanın çökməsinin şahidi oldu, müstəqilliyin şirinliyini daddı, tarixin dolanbac dalanlarından keçsə də, zalım oğlunun nə həyatında, nə də yaşayışında heç nə dəyişmədi.
Düzdü, həyatında, güzəranında heç nə dəyişmədi, amma günlərin birində dünyasını dəyişdi.
Bu xəbəri ən ağır qarşılayan tənqidçilər oldu. Zaman Zamanlının yaradıcılığını görməzliyə vuran, haqqında bir kəlmə söz deməyə, yazmağa ürəkləri gəlməyən tənqidçilər elə bil Zamanlının qara gününü gözləyirmişlər. Yazdılar, özü də necə yazdılar.
Qırx ilin susqunluğundan sonra pəltək tənqidçilər də David kimi cəh-cəh vurdular. Qəzetlər, saytlar, televiziyalar, radiolar Zaman Zamanlıdan danışdılar. Üç gündə şəhərin təkəmseyrək kitab mağazalarında Zaman Zamanlının kitabı qalmadı. Sağlığında bunu görsəydi... ölməzdi, hər halda belə tez ölməzdi...
Bu arada yuxarıdan göstəriş gəldi ki, vaxt itirməyib Zaman Zamanlının xatirəsini əbədiləşdirsinlər. Hələlik yaşadığı binanın qarşısına yazıçının barelyefini vursunlar, sonra görsünlər neyləyirlər.
Sözün düzü, sağlığında Zaman Zamanlının barelyefdən zəhləsi gedirdi. Daha doğrusu, barelyefdən eymənirdi. Barelyef görəndə yadına Arximed düşürdü. Ona elə gəlirdi ki, bütün barelyeflər bir az da Arximedə oxşayır. Sağ olsaydı, dünyasında imkan verməzdi ki, onu Arximedə oxşatsınlar, amma heç sağlığında səsi eşidilməmişdi, indi torpağın altında onu kim eşidəcəkdi?!
Qərar verilmişdi, çoxdan sifarişsiz qalan heykəltəraş bir həftəyə yoğurdu, yapdı, barelyef hazır oldu.
Səhəri gün kütləvi informasiya vasitələri cana gəldi. Barelyef, əklil hazır idi. Qalırdı Zaman Zamanlının ünvanını öyrənmək, mərasimi keçirmək, böyük yazıçının ruhunu şad edib bu məsələylə birdəfəlik üzülüşmək.
Vəd olunan yerdə uzunşüllət adam qulağında telefon, durmadan danışırdı.
– Qorxmaz müəllim, bu nə məsələdi, gecikirik axı, – deyə, jurnalistlərdən biri dözməyib soruşdu.
Qorxmaz müəllim elə bil diri balıq udmuşdu, dik-dik:
– Heç, xırda bir məsələ var, yoluna qoyan kimi gedəcəyik, – dedi.
Xırda məsələ xeyli uzandı. Əvvəl televiziyanın xəbərlərindən gələnlər, sonra gündəlik qəzetdə işləyənlər deyinə-deyinə çıxıb getdilər. Daha sonra saytdan gələnlər söyə-söyə dağılışdılar. Axıra agentlikdən gələn çəlimsiz qız qaldı.
Günün ikinci yarısı çəlimsiz qızın xəbəri yayımlandı: araşdırmalardan məlum oldu ki, yazıçı Zaman Zamanlının heç vaxt şəxsi mənzili olmayıb. Mərhum yazıçı ömrü boyu şəhərin müxtəlif yerlərində kirayə evlərdə yaşayıb. Evi olmadığı üçün barelyef təntənəli şəkildə veteranlar şurasına təhvil verildi. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Bu il Türkiyədə 750 arxeoloji qazıntı həyata keçiriləcək
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənan Məmmədli qardaş Türkiyə ilə bağlı olduqca maraqlı faktları sozlərə təqdim edir. Söhbət bu ölkədə gedən arxeoloji qazıntılar barədədir. Tarix - həqiqətən xalqın özünüqoruma instinktidir.
Qardaş Türkiyənin ən qədim yaşayış məskənlərindən olan Anadolu torpaqları əvəzsiz tarixi zənginliyi ilə diqqət çəkir. Ötən il zəngin coğrafiyaya malik bu diyarda 713 sayda arxeoloji qazıntı aparılıb və 10 min 500-ə yaxın tarixi əsər aşkar edilib.
Və son iki əsrdə Anadoluda bəşəriyyətin qədim mədəni irsini işıqlandırmaq üçün arxeoloji tədqiqatlar aparılıb və ölkə daxilində araşdırmalar bu gün də davam edir. 2022-ci ildə ən çox arxeoloji qazıntı işləri Egey və Aralıq dənizini birləşdirən və 8 min illik tarixə malik olan Muğlada həyata keçirilib. Muğladan sonra Egeyin incisi İzmir fərqlənib.
Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhəri diqqət çəkir. Buradakı Laodikya, e.ə. 1-ci əsrdə Anadolu coğrafiyasının ən əhəmiyyətli və məşhur məkanlarından biri olub. Laodikiya Qərb Teatrı bərpa edilərək yenidən mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb.
1979-cu ildən etibarən hər il ənənəvi olaraq Dənizli şəhərində beynəlxalq simpozium keçirilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Pamukkale Universiteti və Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici arxeoloqlar, alimlər və tələbələr iştirak edirlər.
Türkiyənin Düzcə vilayətində eramızdan əvvəl III əsrə aid qədim "Prusias ad Hypium" şəhərində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti dayandırılan qazıntı işlərinin yenidən başlanması ilə qədim şəhərdə olduqca yaxşı vəziyyətdə olan teatr binası aşkarlanıb. Bu xəbər əsl sensasiyadır. Baxın, əsrlərboyu üzərində müxtəlif tikililərin inşa edilməsinə baxmayaraq, bina öz görkəmini itirməyib.
Mütəxəssislər bu cür qədim tarixə malik tikililərin belə vəziyyətdə qalmasına dünyada nadir hallarda rast gəlindiyini bildirirlər.
Türkiyənin Qara dəniz bölgəsinin qərbində yerləşən tarixi şəhər bölgənin ən qədim yaşayış yeri olaraq tanınır. Burada aparılan qazıntı işləri zamanı teatr binası ilə yanaşı, tarixi divarlar, yazılar, su kəmərləri, "Roma körpüsü" kimi bilinən qədim abidələr də aşkarlanıb. (Qapaq fotosunda)
2023-cü ildə Türkiyənin tarixi zənginliyini gələcək nəsillərə ötürmək məqsədilə təxminən 750 arxeoloji qazıntının həyata keçirilməsi planlaşdırılır.
Əslində, tarix hər bir kəsin tarixidir, ümumən dövlətin və xalqın deyil. Turistik baxımdan ən cəlbedici ölkələrdən olan Türkiyə tarixi abidələri aşkarlamağı və qorumağı gözəl bacarır. Sağ əli Azərbaycanın başına.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Bu gün Beynəlxalq Muğam Mərkəzində xanəndə Elgiz Əliyevin solo konserti keçiriləcək
Bu gün Beynəlxalq Muğam Mərkəzində xanəndə Elgiz Əliyevin solo konserti keçiriləcək. BMM-in solisti Elgiz Əliyev tamaşaçılara rəngarəng proqram təqdim edəcək.
Muğam və təsniflərimiz, xalq mahnılarımızın səslənəcəyi konsertdə sənətçinin tələbələri ilə birgə çıxışı da nəzərdə tutulub.
Solo konsertdə sənət dostlarının xanəndəyə musiqi sovqatı təqdim olunacaq. Milli musiqimizin bütün janrlarının çələngindən ibarət təşkil edilən proqramda xanəndənin duet çıxışları da maraqla qarşılanacaq.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Azərbaycan 84 ölkəyə məhsul ixrac edib
Növbəti Açıq portfel xəbəri: Yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 84 ölkəyə məhsul ixrac olunub, 149 ölkədən idxal edilib.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Bu, həqiqətən də əsl mədəniyyət hadisəsidir!!!
Heydər Əliyev Mərkəzində dahi rəssam Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi nümayiş etdiriləcək
Biz bəzən nəyin şahidi olduğumuzun fərqinə varmırıq. Dünyada çox az ölkə XX əsrin məşhur rəssamlarından olan dahi Salvador Dalinin orijinal əsərlərinin sərgisini nümayiş etdirmək şərəfinə nail olmayıb. Azərbaycan bunu da edir! Aprelin 26-da Heydər Əliyev Mərkəzində Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisi açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltaraşlıq nümunələri nümayiş olunacaq.
Heydər Əliyev Mərkəzində təqdim olunacaq əsərlər dünyada Salvador Dalinin orijinal işlərindən ibarət olan ən böyük kolleksiyalardan biridir.
Düşünürük ki, dahi ispan rəssamını oxucularımıza daha yaxından tanıtmağımız yetərli olacaq. Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi, özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi.
Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı.
Çoxsaylı komplekslər və fobiyalar - məsələn, çəyirtkə qorxusu - onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı. uşaqlarla hər hansı bir şəkildə təmasda olmaq, komandalarına öyrəşməyə çalışmaq, əgər yoldaş rolunda deyilsə, başqa bir rolda, daha doğrusu bacardığı yeganə rolda - şokedici və yaramaz bir uşaq kimi qəribə , ekssentrik, həmişə başqalarının fikirlərinə zidd hərəkət edən biri olub o. Məktəb şans oyunlarında uduzduqda, o, qalib gəlmiş kimi davranırdı. Bəzən səbəbsiz yerə dava edirdi.
1921-ci ildə 47 yaşında anası döş xərçəngindən öldü. Dali üçün bu faciə idi. Elə həmin il San Fernando Akademiyasına daxil oldu. İmtahan üçün hazırladığı rəsm baxıcıya çox kiçik göründü, bu barədə atasına, o da öz növbəsində oğluna xəbər verdi. Gənc Salvador bütün rəsmləri kətandan sildi və yenisini çəkmək qərarına gəldi. Yekun qiymətləndirməyə cəmi 3 gün qalmışdı, lakin gənc işdə tələsmirdi ki, bu da uzun illərdir ki, öz qəribəliklərindən əziyyət çəkən atasını çox narahat edirdi. Sonda gənc Dali rəsmin hazır olduğunu söylədi. Müəllimlər son dərəcə yüksək bacarıqlarına görə istisna edərək gənc eksantriki akademiyaya qəbul etdilər.
1922-ci ildə Dali istedadlı gənclər üçün Madriddəki tələbə yataqxanasına köçdü və təhsilinə başladı. Bu zaman Dali Luis Bunuel, Federico Garcia Lorca, Pedro Garfias ilə tanış oldu. Freydin əsərlərini həvəslə oxudu.
Rəsmdə yeni cərəyanlarla tanış olduqdan sonra Dali kubizm və dadaizm üsullarını sınaqdan keçirdi. 1926-cı ildə müəllimlərə qarşı təkəbbürlü və laqeyd münasibətinə görə Akademiyadan xaric edildi. Elə həmin il o, ilk dəfə Parisə getdi və burada Pablo Pikasso ilə tanış oldu. Öz üslubunu tapmağa çalışaraq, 20-ci illərin sonunda Pikasso və Joan Mironun təsiri altında bir sıra əsərlər yaratdı. 1929-cu ildə Buñuel ilə birlikdə "Andalusiya iti " sürrealist filminin yaradılmasında iştirak etdi .
Sonra o, əvvəlcə şair Pol Eluardın həyat yoldaşı olan gələcək həyat yoldaşı Qala ilə tanış oldu. Salvadorla yaxınlaşan Qala həyat yoldaşı ilə yaşamaqda davam edirdi,
bu cür gəlişmələr o zamanlar Dalinin, Eluardın və Qalanın fırlandığı o bohem dairələrində məqbul görünürdü. Dostunun həyat yoldaşını həqiqətən oğurladığını anlayan Salvador onun portretini “təzminat” kimi çəkdi.
Dalinin əsərləri sərgilərdə nümayiş olunur, o, populyarlıq qazanırdı. 1929-cu ildə o, André Breton tərəfindən təşkil edilən Sürrealist qrupa qoşuldu. Şəxsi həyatda isə o, həqiqətın heç bir proqnoza uyğun gəlmirdi.
Rəssamın ailəsinin Qalaya düşmən münasibəti, bununla bağlı münaqişələr, qalmaqallar, eləcə də kətanlardan birində Dalinin yazdığı “Bəzən anamın portretinə ləzzətlə tüpürürəm” yazısı ona gətirib çıxardı ki, ata oğlunu söyüb evdən qovdu.
Rəssamın təxribatçı, qəzəbli və dəhşətli hərəkətləri heç vaxt hərfi mənada və ciddi qəbul edilməyə dəyməzdi: o, yəqin ki, ölmüş anasını incitmək istəmirdi və bunun nəyə gətirib çıxaracağını belə bilmirdi. Ola bilsin ki, o, belə bir küfr hərəkəti ilə özündə stimullaşdırdığı hiss və təcrübə silsiləsi yaşamaq istəyirdi. Bu hiylə sevimli həyat yoldaşının xatirəsini diqqətlə saxlayan atası ilə güclü mübahisəyə səbəb oldu. Cavab olaraq, qəzəbli Salvador Dali atasına zərfdə spermasını qəzəbli bir mətnlə məktubla göndərdi: "Sənə borcum yalnız budur". Daha sonra, 1934-cü ildə Qala ilə rəsmi nikaha girdi. Elə həmin il o, ilk dəfə ABŞ-a səfər etdi.
1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayandan sonra Dali solçu sürrealistlərlə mübahisə etdi və qrupdan qovuldu. Salvador praktiki olaraq apolitik idi və hətta onun monarxist baxışları belə ciddi qəbul edilmədi.
1933-cü ildə Dali Lenin şəklində İsveçrə xalq qəhrəmanını böyük omba ilə təsvir etdiyi " Uilyamın tapmacası " tablosunu çəkdi . Dali Freydə görə İsveçrə mifini yenidən düşündü : Tell uşağını öldürmək istəyən qəddar ata oldu. Atasından ayrılan Dalinin şəxsi xatirələri qat-qat idi. Lenin isə kommunist düşüncəli sürrealistlər tərəfindən mənəvi, ideoloji ata kimi qəbul edilirdi. Rəsmdə hədsiz valideyndən narazılıq, yetkin şəxsiyyətin formalaşması istiqamətində atılan addım təsvir olunub. Lakin sürrealistlər rəsmləri hərfi mənada, Leninin karikaturası kimi qəbul etdilər və bəziləri hətta kətanı məhv etməyə çalışdılar.
1937-ci ildə rəssam İtaliyaya səfər etdi və İntibah dövrünün əsərlərinə heyran qaldı. Onun öz əsərlərində insan nisbətlərinin düzgünlüyü və akademikliyin digər xüsusiyyətləri hakim olmağa başladı. Sürrealizmdən uzaqlaşmasına baxmayaraq, onun rəsmləri hələ də sürrealistik fantaziyalarla doluydu. Sonralar Dali özünə sənətin modernist deqradasiyadan xilas olmasını aid etdi, bu da öz adını onunla əlaqələndirdi, çünki Salvador ispan dilində " Xilaskar” deməkdir.
1939-cu ildə Andre Breton Dalini və onun işinin kommersiya komponentini ələ salaraq onun üçün "Avida Dollars" anaqram ləqəbi ilə çıxış etdi. Bretonun zarafatı dərhal böyük populyarlıq qazandı, lakin Bretonun kommersiya uğurunu çox üstələyən Dalinin uğuruna xələl gətirmədi.
İkinci Dünya Müharibəsinin başlaması ilə Dali Qala ilə birlikdə 1940-1948-ci illərdə ABŞ -a getdi.
1942-ci ildə o , "Salvador Dalinin gizli həyatı" adlı qondarma tərcümeyi -halını nəşr etdirdi. Onun ədəbi səyləri, sənət əsərləri kimi, kommersiya baxımından uğurlu oldu. O, Walt Disney ilə əməkdaşlıq etdi. Disney Dalini kinoda istedadını sınamağa dəvət etdi, lakin Salvadorun təklif etdiyi sürrealist "Destino" cizgi filminin layihəsi kommersiya baxımından yararsız hesab edildi və onun üzərində iş dayandırıldı. Dali rejissor Alfred Hitchcock ilə də işlədi və Spellbound filmindəki yuxu səhnəsi üçün dekorasiya yaratdı. Lakin kommersiya baxımından filmdə səhnə qısaldıldı və onun işi effektsiz hesab edildi.
İspaniyaya qayıtdıqdan sonra Dali əsasən Kataloniyada yaşayırdı .
1958-ci ildə İspaniyanın Girona şəhərində o, Qala ilə rəsmi olaraq evləndi .
1965-ci ildə Parisə gələrək əsərləri, sərgiləri və çılğın hərəkətləri ilə bu şəhəri fəth etdi. Qısa filmlər çəkir, sürreal fotoşəkillər çəkirdi. Filmlərdə o, əsasən əks baxış effektlərindən istifadə edir, lakin məharətlə seçilən mövzular (axan su, pilləkənlərdə sıçrayan top), maraqlı şərhlər, rəssamın aktyorluğunun yaratdığı əsrarəngiz ab-hava filmləri qeyri-adi arthouse nümunələri edirdi. Dali reklamlarda rol alırdı və hətta bu cür kommersiya fəaliyyətlərində də özünü ifadə etmək fürsətini əldən vermirdi. Televiziya tamaşaçıları uzun müddət şokolad reklamını xatırlayacaqlar, bu reklamda sənətçi barın bir parçasını dişləyir, bundan sonra bığları eyforik ləzzətlə burulur və o, bu şokoladdan dəli olduğunu söyləyir.
Rəsaamın Qala ilə münasibətləri olduqca mürəkkəb idi. Bir tərəfdən, Qala münasibətlərinin əvvəlindən onu təbliğ edir, rəsmləri üçün alıcılar tapır, onu 20-30-cu illərin əvvəllərində kütləvi tamaşaçılar üçün daha başa düşülən əsərlər yazmağa inandırırdı. Rəsmlər üçün sifariş olmadıqda, Qala ərini məhsul markaları, kostyumlar hazırlamağa məcbur edirdi. Onun güclü, qətiyyətli təbiəti zəif iradəli sənətkar üçün çox lazım idi. Qala ərinin emalatxanasında hər şeyi qaydasına saldı, səbirlə qatlanan kətanları, boyaları, Dalinin düşünmədən səpələdiyi suvenirləri qaydaya salırdı.
Digər tərəfdən isə Qala daima kənarda kişilərlə münasibət qururdu, ərinə xəyanət edirdi. Artıq sonrakı illərdə həyat yoldaşları tez-tez mübahisə edirdi, Dalinin sevgisi daha çox vəhşi bir ehtiras idi və Qalasız yaşaya bilmirdi.
1968-ci ildə Dali ərindən ayrı yaşaması və özünün yalnız arvadının yazılı icazəsi ilə ziyarət edə biləcəyi Pubol qalasını Qala üçün satın aldı.
1981-ci ildə Dalidə Parkinson xəstəliyi inkişaf etdi. Amma sevimli Qalası daha tez, 1982-ci ildə vəfat etdi.
Bu, Daliyə çox ağır təsir göstərdi və onun həyata bağlılığını azaldı. Həmin dövrdə Dali Fiqerasdan köçərək Qala üçün aldığı Pubol qəsrində yaşamağa başladı. 1984-cü ildə onun yataq otağında müəmmalı şəkildə yanğın baş verdi. Bəziləri bunu Dalinin intihar cəhdi kimi qiymətləndirirlər. Lakin xidmətçiləri onu xilas edə bildilər.
Bundan sonra o, yenidən Fiqerasa qayıtdı və ömrünün qalan hissəsini öz adını daşıyan teatr-muzeydə yaşadı.
1988-ci ilin noyabrında Dali infarkt keçirdi və xəstəxanaya yerləşdiridi. Dekabrın 5-də Kral Huan Karlos onu ziyarət etdi. Salvador Dali 23 yanvar 1989-cu ildə öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını dinləyərkən ürək çatışmazlığından vəfat etdi.
Dali həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkmiş, onlarla heykəllə bərabər, daş üzərində müxtəlif səpkili əsərlər yaratmış, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olmuşdur. 1994-cü ildə İstanbulda Art Fair sərgisində və 2001-ci ildə Brüsseldə beynəlxalq Kunstbeurs sərgisində azərbaycanlı rəssam Sakit Məmmədovla birlikdə də onun rəsm əsərləri sərgilənmişdir.
İndi də Dalinin rəsmləri Bakıya gəlir. Əlbəttə ki, çox böyük hadisədir.
Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Rəsm qalereyası: Salvador Dali, “Yaddaşın dəyişməzliyi”
Azərbaycanlı fotomüxbir İlqar Cəfərov beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
Azərbaycanlı fotomüxbir, AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov Albaniyanın Tirana şəhərində keçirilən “MOMENTS 2023” Beynəlxalq Fotomüsabiqəsinin üç mükafatına layiq görülüb.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 56 ölkəsindən 180 fotoqrafın üç mindən çox fotoşəkili göndərilib.
FIAP-ın qızıl medalına müəllifin Bakıda çəkilmiş "Qırmızı paltarlı" fotosu layiq görülüb. Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) qızıl medalına 2016-cı ildə Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında çəkilmiş "Ağırlıqqaldıranın emosiyası" şəkli layiq görülüb. PSA-nın fəxri lentinə isə 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında çəkilən "Məşqçi" fotoşəkili layiq görülüb.
Qeyd edək ki, "Ağırlıqqaldıranın emosiyası" fotosu həmçinin Serbiyada keçirilən "PhotoEXPO 2023" Beynəlxalq Fotomüsabiqəsində də PSA-nın qızıl medalına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Qobustan təsvirləri bilsəniz nə qədər möcüzənin yaranmasına təkan verib…
Söz vaxtını çəkər. “Ədəbiyyat və incəsənət” portalı dünən sizə hazırda Azərbaycanımızın qürur mənbəyi sayılan Qobustan qayaüstü rəsmlərinin başının üstünü alan qara buludlar barədə və Qobustanın xilaskarı barədə söz açmışdı. Gəlin əhvalatı xatırlayaq:
1950-ci illərdə ağılsız bir qərarla Qobustanda daş karxanası yaradılır. Buradakı qayalardan müharibədən qayıdan əsgərlərə ev tikilirmiş. Arxeoloq İsaq Cəfərzadə Qobustanı qorumaq üçün nə qədər müraciətlər etsə də bir nəticə vermir. Respublikanın rəhbəri Mir Cəfər Bağırov onu yanına çağırıb deyir: "Sən o qayalarda üç-beş cızıq tapmısan deyə mən sovet əsgərlərinə ev tikməməliyəm?!"
Çarəsiz qalan Cəfərzadə Xalq şairimiz Səməd Vurğuna müraciət edir. Səməd Vurğun xəbəri eşidən kimi dərhal əsəbi halda Qobustana yollanır, ora gəlmiş prokurorun tapançasını alıb maşından yerə düşən kimi havaya dalbadal iki dəfə atəş açır, qayaları dağıtmağa girişmiş buldozerçini buldozerdən düşürür…
Bu hadisədən sonra da Səməd Vurğun Qobustanın qorunması üçün əlindən gələni əsirgəmir…
İndi isə keçid alaq xəbərimizə. Ötən gün Muzey Mərkəzinin sərgi salonunda Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan “Qobustan qayaüstü təsvirləri incəsənətdə” adlı sərgi açıldı. Öncə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış etdi. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis tarixindən və ölkəmizdə bu günün qeyd olunmasından danışdı. Daha sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tədbir təşkilatçılarına belə bir sərginin təşkilinə görə təşəkkür edərək, sərginin əhəmiyyətindən danışdı.
Daha sonra Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Qobustan abidələrinin xalqımız üçün mənəvi əhəmiyyətindən və sərginin önəmindən danışdılar.
Sərgidə 100-ə yaxın əl işinin təqdim olunduğunu vurğulayaq. Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə açılan sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunur. Axı Qobustan daim sənətkarların, yaradıcı insanların ilham mənbəyi olub. Bugünkü sərgidə nümayiş olunan bir-birindən dəyərli əl işləri sənətkarlarımızın Qobustanın timsalında qədim tariximizə, zəngin mədəniyyətimizə sevgisinin ifadəsidir.
Rəngarənglik və gözəllik qalereyasıdır bir sözlə.
Nəzərə alaq ki, Qobustan xalqımızın daş yaddaşı və milli sərvətidir. Qobustan qədim tariximizin, zəngin mədəniyyətimizin və incəsənətimizin silinməz nişanələrinin daşıyıcısıdır. Bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Qobustan abidələri qədim insanların həyat tərzini əks etdirən qayaüstü rəsmlər toplusudur. Tariximizin, mədəniyyətimizin ilkin inkişaf mərhələlərini izləməyə imkan verən Qobustan abidələri daim elm adamlarının tədqiqat obyekti, sənətkarlarımızın istinad yeri, yaradıcılıq mənbəyi olacaq.
Və bir daha Səməd Vurğunu, onun vurub Bakıdan Qobustana gedərək tapanşa çəkməsini, buldozerçini yerə düşürdərək Qobustanı dağıtmaqdan xilas etməsini yada salaq. O hadisə olmasaydı Qobustan qoruğu da olmayacaqdı, təsəvvür edirsiniz? Allah dahi şairimizə rəhmət eləsin bu ucalığına görə.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)
Lətifələrin növbəti reytinqi
“Gülüş klubu”nda növbətçi Sərtyeldir. Şüarımızsa dəyişməzdir: Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur.
5-ci yer
İki aborogen çukça söhbət edir.
-Bu gün yolla gedəndə 10 dollar tapmışdım.
-Bəs neynədin?
-Tulladım.
-Niyə ki?
-Saxta idi.
-Nə bildin ki saxtadır?
-Harda görmüsən ki, 10 rəqəmində iki dənə sıfır olsun?
4-cü yer
Balaca Azər atasından soruşur:
-Ata, niyə 8 mart təqvimdə qırmızı rənglə işarə olunub?
Atası qəlbi riqqətə gətirən kədərli səslə bəyan edir:
-Bu, kişi qanının rəngidir, oğul bala.
3-cü yer
Müğənni Aygün Kazımova müğənni Röya Ayxandan soruşur:
-Nə qəşəng arıqlamısan. Yeni pəhriz bilirsən?
-Aha.
-Nədir?
-Kök, çuğundur və kartof.
-Neynəməli, qızarmalı, ya qaynatmalı?
-Qazıb yerdən şıxartmalı.
2-ci yer
Qeyri-fəal, lal-dinməz millət vəkillərindən biri canlı debatda xalqına səslənir:
-Mənim kimi millət vəkili olan xalqın nəyi çatışmır ki?
Bir ağsaqqal deyir:
-Valeryankası.
1-ci yer
4-cü mikrorayon sakini, 50 yaşlı Zibeydə Bağdagülovanı infarkt vurur. Əməliyyat otağında həkimlər onun həyatı uğrunda mücadilə edərkən Zibeydə xanımın gözünə Pirani bir şəxs görünür.
-Bu mənim sonumdur?, -deyə Zibeydə soruşur.
Pirani şəxs öz kağız-kuğazlarını çıxarır, xeyli vərəqləyib deyir:
-Yox, siz hələ 33 il, 4 gün, 8 saat yaşayacaqsız.
Narkozdan ayıldıqdan sonra qadın xoşbəxt-xoşbəxt həkimə deyir ki, onsuz da burdayam, kosmetoloqları dəvət elə, qoy sifətimi dartsınlar, buxağımı, qarın piylərimi yığsınlar, sinəmi böyütsünlər, dodağımı şişirtsinlər, ayaqlarımı korreksiya etsinlər.
Bütün bunlar olur. Xəstəxanadan çıxan gün onu manikür, pedükür də edirlər, saçlarını da saraldırlar, qadın tam dəyişib xeyli cavanlaşır.
Xoşbəxt qadın xəstəxanadan çıxır, yolu keçmək istəyəndə bir maşın onu necə vurursa qadın ölümcül olur. Onu təzədən xəstəxanaya qaytarırlar. Həkimlər müdaxilə edəndə yenidən gözünün qabağına həmin Pirani kişi gəlir.
Zibeydə ağır-ağır soruşur:
-Sən axı mənə deyirdin, hələ 33 il yaşayacam?
Pirani kişi gözlərini qırpmadan qadına baxıb birdən deyir:
-Aa, Zibeydə, bu sənsən? Sən öz canın bağışla, tanımamışam.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
1-ci dərc
Əsərdəki hadisələr müəllifin təxəyyülünün məhsuludur və real hadisələrlə heç bir əlaqəsi yoxdur.
Salam, axır ki, son bir ildə ilk dəfə arzuma çatdım, bu gün oyanmadan düz səhər saat 10-a qədər yatmışam. Bilirsiniz niyə? Dünən axşam qonşunun məni uzun müddət rahat yatmağa qoymayan xoruzunu tutub başını kəsmişəm.
Mən Bakının mərkəzində yerləşən Dağlı məhəlləsində yaşayıram. Şəhərin mərkəzində qərarlaşan, böyük bir ərazini əhatə edən bu məhəllə özü də iki yerə bölünür - Aşağı və Yuxarı məhəllələrə.
Düz bir il bundan əvvəl qonşum Səmədağaya kimsə bir yapon xoruzu bağışladı. O gündən mən səhər yuxusuna həsrət qaldım. Çünki bu cırtdan xoruz bu boyda məhəllədə ən sevimli yer kimi mənim yataq otağımın pəncərəsinin qarşısını seçdi və mən hər səhər onun “qukqiliqu” sədaları altında şirin yuxudan oyanmalı oldum. Bu azmış kimi ardınca da, xoruzundan bir qədər sonra yuxudan duran Səmədağanın “Petruşka, Petruşka, cip-cip-cip” eləməsi məni lap təbdən çıxarırdı.
Kim yaşamayıbsa bilməz, bu cür məhəllələr şəhərin mərkəzində yerləşsə də, əslində bu məhəllələrdə kənd qayda-qanunu hökm sürür və sakinlər arasında iki cür qonşuluq münasibəti formalaşır. Birincidə qonşular bir-birinin evindən gələn hay-küyə, saxladıqları heyvanların səsinə, heç kimin dinləmədiyi beş manatlıq radionun səhərdən axşamacan danışmasına və bir çox başqa səslərə səbrlə yanaşır. Bunun da səbəbləri var. Mən atamdan soruşanda ki, ay ata, eşitdiyimə görə, o vaxt Xızıdan köçüb burada yurd salanda məhəlləmizin yeri bomboş çəmənlik olub, bəs niyə evləri bir-birindən bir az aralı tikib yolları azca geniş götürməmisiz, o cavab verdi ki, ay oğul, əvvəla sovet hökumətinin vaxtı idi, gördüyün bu evlərin divarlarını bir gecədə tikib dərhal da çöldən əhəngləyirdik ki, səhər yeni tikili olduğunu bilib sökməsinlər. İkincisi də, kasıb zəmanə idi, hamı evini qonşunun hazır divarına söykəyib tikməyi qənimət sayırdı, hamı eyni vəziyyətdə olduğu üçün heç kəs də bu məsələdə digərinə etiraz etmirdi.
Nəticədə böyüklər tərəfindən bünövrəsi kasıbçılıqla qoyulmuş bu mehribanlığı sonrakı nəsillər bir-birinə ötürərək yaşatmış, bu gün də belə məhəllələrdə şəhərin digər yerlərinə nisbətən qonşular arasında istər gediş-gəliş, istərsə də xeyir-şər adətləri daha çox qorunub saxlanılmışdı. Bir məhəllədə böyüyən gənclərin bir-birilərini sevib ailə qurmaları ilə yaranan qohumluq münasibətləri bu telləri daha da möhkəmlədirdi. Elə bu səbəbdən də mən bu cır xoruzun səsinə düz bir il, səbr kasam daşanacan dözüb qulaq asdım.
Qonşular arasındakı ikinci münasibət isə qısa və konkret idi, cavanlar arasında yaranmış hər hansı bir dərin məsələ sonda bir qonşunun bıçaqlanması, digərinin isə həbs olunması ilə öz həllini tapırdı. Lakin bunun üçün çox tutarlı səbəblər olmalı idi. Elə səbəblər ki, heç ağsaqqallar da işə qarışmağa imkan tapa bilmirdilər. Bu halda vuran özü milis orqanlarına təslim olur, yaxınlarının hüquq-mühafizə orqanlarına çağırılaraq sorğu-sual olunmalarına imkan vermir, hər şeyi olduğu kimi boynuna alırdı.
Dağlı məhəlləsinin yazılmamış qanunları ilə yaşayan gənclər, bəzi səhvləri heç bir halda bağışlamırdılar. Yaxşı ki, səhvlər çox nadir hallarda baş verirdi.
İstəyirəm biləsiniz ki, mən birinci münasibətin tərəfdarıyam. İkinci yanaşma isə həm əqidəmə, həm ömrümün uzun illərini həsr etdiyim peşəmə, həm də bu gün cəmiyyətdə tutduğum mövqeyimə ziddir.
İndi isə gəlin tanış olaq. Mən Bəxtiyaram. Yəqin ki, bu yaxınlarda şəhərdə məşhur iş adamı Nicat Bayramovun evindən nadir brilliantların oğurlanması kimi səs-küylü cinayət hadisəsi barədə eşitmisiniz. Onda bilin və agah olun ki, həmin cinayəti mən açmışam. Bəli, mən həmin detektiv Bəxtiyar Nəzərliyəm.
Sadə həyat prinsipim var. Mark Avreli fəlsəfəsində olduğu kimi: vicdanının yol vermədiyi əməlləri etmə, həqiqətə uyğun olmayan heç nə danışma. Bunlara riayət etsən, həyatının vəzifəsini yerinə yetirmiş olacaqsan.
Əgər düzgün yolla getsən, düzgün fikirləşsən və düzgün hərəkət etsən xoşbəxt həyat sürərsən. Hərə xoşbəxtliyi bir şeydə görür. Mənimçün ən böyük xoşbəxtlik başqalarına kömək etmək, xüsusilə darda olan insanların dadına yetməkdir.
Düşünməyin ki, xoruzu kəsmək elə də ürəyimcə idi. Ancaq bu Səmədağa başa düşmək istəmirdisə, ona bir dərs vermək lazım idi. Onsuz da, gec-tez bunu onun özünə deyəcəyimi bilirdim. Qoy hələ bir az axtarsın.
Xoruzu isə, yaxşı bir bazarlıqla birlikdə məhəlləmizdən iki küçə o tərəfdə yaşayan kimsəsiz qadına verdim.
Təxminən bir il əvvəl on səkkiz il xidmət etdiyim daxili işlər orqanlarından öz arzumla xaric olunduqdan sonra kiçik bir detektiv agentliyi açmaq qərarına gəldim. Bunun üçün dördüncü mikrorayondakı binalardan birinin alt mərtəbəsində yerləşən bir dərzi emalatxanasını alaraq əsaslı təmir etdirdim, sonra müvafiq qurumlarda qeydiyyatdan keçdim. Buna nə az, nə çox düz üç ay vaxtım getdi. Əlimdəki sərmayəmin çox hissəsini xərcləsəm də, icarə haqqı kimi problemimin olmaması üçün bunu etməyə dəyərdi. Çünki etiraf edim ki, polis orqanlarında topladığım təcrübəmə arxayın olsam da, detektivlərə elə də çox tələbatın olmadığı Bakı şəhərində başladığım işin uğur gətirib-gətirməyəcəyi böyük sual altındaydı. Bununla belə, mən agentliyimin fəaliyyət göstərəcəyi ilk ofisini açdım. Niyə ilk, bunu sonra sizə deyəcəyəm.
Ofisim üç otaqdan ibarət idi. Şefin, yəni mənim on iki kvadratmetrlik otağımda stol, dörd ədəd stul, seyf, işıqkeçirməyən pərdələr, şəhər telefonu, bir də qardaşım oğlunun verdiyi, çoxdan istifadədən çıxmış “Pentium-3” proqramlı kompyuterdən başqa heç nə yox idi. Köməkçimin səkkiz kvadratmetrlik otağında qoyulmuş stolun üstündəki daha bir köhnə kompyuter və faks cihazı isə əsas təyinatından çox agentliyə müraciət edənlərdə işgüzar mühit təəssüratı yaratmağa xidmət edirdi. Altı kvadratmetrlik istirahət otağında qoyulmuş kiçik mətbəx stolu, iki stul, elektirk samovarı, çay dəstgahı üçün zəruri olan digər şeyləri və divanı, bu otağın arxasında yerləşən üç kvadratmetrlik sanitarar qovşağı da əlavə etsəm, yəqin ki, iyirmi doqquz kvadratmetrlik ofisimin ümumi mənzərəsi haqqında sizdə təsəvvür yaratmış oldum.
İlk dörd ayı köməkçisiz işlədim, çünki mənim işimdə hər adamı köməkçi götürmək olmaz, bu işi ancaq tam şəkildə inandığın və müəyyən qabiliyyətləri olan şəxsə etibar etmək olar. Sonra da ki, bəzən günlərlə iş-güc olmur, bəzənsə gecə-gündüz işləməli olursan, bura bir qədər riski də əlavə etsək, işə başladığım ilk aylarda layiqli köməkçi tapa bilməməyim təəccüblü deyildi.
Tək işlədiyim bu müddətdə cəmi bir sifarişim oldu. Şəhərdə düzgünlüyü, yetim-yesirə əl tutması ilə tanınmış Day-day ləqəbli köhnə kişilərdən biri qaçırılmış maşınının tapılması üçün mənə müraciət etmişdi.
Keçmiş SSRİ-nin tərkibində olan on beş sosialist respublikasında, biri də Azərbaycan olmaqla bəzi dairələrdə köhnə oğru qanunlarına həmişə riayət olunur, bu qanunlar müqəddəs sayılmaqla onları pozanlara çox ağır cəzalar tətbiq edilirdi.
Qanuni oğru altı aydan çox azadlıqda qalmamalı, azadlıqda olduğu müddətdə cinayətkar aləmin ümumi kassası sayılan “obşak”dan yalnız özünə zəruri olan qədər xərcləməklə dolanmalı, həbsxananı doğma evi hesab etməklə öz evi, şəxsi vəsaiti olmamalı, narkotik vasitələr qəbul etməməli, ailə qurmamalı, silah gəzdirməməli, əlini qana batırmamalı, bir sözlə, oğru adına ləkə gətirən heç bir iş görməməli idi. Bu qanunlara ciddi riayət edən oğrulara NEP dövrünün oğruları deyirdilər. Bu oğru qanunları hələ 8 mart 1921-ci il tarixində sosializmin rəhbəri Vladimir İliç Lenin tərəfindən Fəhlə-Kəndli Partiyasının 10-cu qurultayında qəbul edilmiş və 1924-cü ilədək davam edən Novaya Ekonomiçeskaya Politika (NEP), yəni Yeni İqtisadi Siyasət haqqında qanunun qəbuluna qədər formalaşdığından həmin dövrün oğrularını simvolik olaraq NEP dövrünün oğruları adlandırırdılar. Sonrakı dövrlərdə, əsasən də yaxın keçmişdə oğru qanunlarında edilmiş bəzi dəyşikliklər cinayətkar aləmdə fikir ayrılığına gətirib çıxardı və nəticədə oğrular NEP dövrünə və ondan sonrakı dövrə aid olan iki qola bölündülər. Belə ki, hakimiyyətə gələn Stalinin göstərişi ilə həmin vaxt həbsxanalara atılan çoxsaylı repressiya qurbanlarına, xüsusilə siyasi dustaq damğası ilə həbs olunan böyük bir kütləyə nəzarət etmək üçün dustaqlar arasından seçilmiş kriminal avtoritetlərə həbsxana rejim qaydalarında bəzi güzəştlər edilməklə onlar vasitəsilə daxili qayda-qanunun qorunması işi təşkil olundu. Bu avtoritetlərin əksəriyyəti qanuni oğru adı daşısalar da, onların rejimə işləməsi köhnə oğrular üçün sirr deyildi və onlar bununla barışa bilməzdilər. Stalin özü də “Koba” ləqəbi daşıyan keçmiş qanuni oğru olduğundan kriminal aləmin psixologiyasını yaxşı bilirdi və onlardan öz məqsədləri üçün düşünülmüş şəkildə istifadə edirdi.
Zaman keçdikcə oğru qanunları daha çox deqradasiyaya uğrayaraq bir çox hallarda ayrı-ayrı şəxslərin mənafelərinə xidmət etməyə başladı. Belə ki, artıq bircə gün belə həbsxana həyatı yaşamamış kriminal meyilli insanlar “obşak” adlanan oğru kassasına böyük məbləğdə pul ödəməklə oğru adını daşımaq hüququ qazandılar. Artıq cinayətkar aləmin kralları sayılan bu adamlar şəxsi bizneslə məşğul ola, ailə həyatı qura bilərdilər. Pul ilə aldıqları oğru adı və ətraflarındakı silahlı əlaltıları heç də həmişə qanunlara söykənməyən bizneslərində rəqiblərini üstələməyə onlar üçün geniş imkanlar yaradırdı. Bütün bunlar isə köhnə qanunlara sadiq olan oğruların xoşuna gələ bilməzdi. Odur ki, illərlə həbsxana həyatının məşəqqətlərinə dözərək oğru adı daşımağa layiq görülən avtoritetli cinayətkarlar bu yolla oğru adı almış şəxsləri “Apelsin” adlandırır, istehza ilə bu tez yetişən meyvənin adı ilə çağırarq onları qəbul etmirdilər. “Apelsin”lərin təşəkkülü dövrü isə, demək olar ki, köhnə oğru qanunlarına riayət edənlərin barmaqla sayılan vaxtlarına, təxminən doxsanıncı illərə təsadüf etdiyindən onlar buna qarşı heç nə qoya bilmədilər və nəticədə kriminal aləmin daxili qaydaları demək olar ki, kökündən dəyişdirildi.
Ədalət naminə söyləmək lazımdır ki, azlıq təşkil etsələr də, köhnə qanuni oğruların həm hökmü, həm də hörməti ikinciləri həmişə üstələmişdir.
Əsl oğru ideologiyasına sonadək sadiq qalan bu zümrənin ən sonuncu nümayəndəsi rusiyalı Vasya Brilliant idi ki, o da artıq dünyasını dəyişmişdir.
Məqsədim yalnız oğru qanunları haqqında sizlərə kiçik bir məlumat verməkdir. Mənim mövqeyimdən asılı olmayaraq, cinayətkar aləm, onu tənzimləyən oğru qanunları mövcuddur və bu qanunlar mən anadan olmamışdan çox-çox əvvəl formalaşaraq bu günə qədər gəlib çıxmışdır. Və təəssüf ki, bəzi gənclər də, nəyə getdiklərini anlamadan bu ideologiyanı özlərinə həyat meyarı seçərək sonda həbsxana həyatı yaşayır, bununla da nəinki öz, həm də yaxınlarının həyatlarını korlayırlar.
Elə həmin Sovetlər ölkəsində oğru qanunlarına ciddi dəstək verən bir zümrə formalaşmışdı ki, ideologiyaları sovet ideologiyasına tam zidd olmasına baxmayaraq, qanunlardan yan ötsələr də, qanun qarşısında təmiz qalmış, öz şəxsi fərasət və bacarıqları hesabına qazandıqları puldan həm oğru obşakına, həm də ehtiyacı olan kasıb ailələrə xərcləməklə oğru aləmində və cəmiyyətdə ad çıxarmışdılar. “Sxodka” adlanan oğru yığıncaqları istisna olmaqla istənilən digər söhbətlərdə bu nüfuz sahiblərinin sözü, ağsaqqal sözü kimi qəbul edilərək müzakirə edilmədən əməl olunurdu.
Qaçırılmış maşınının tapılması üçün mənə müraciət edən Day-day da həmin ağsaqqallardan idi.
Sovet dövründə belə adamları “sexovşik” adlandırırdılar. İndi tamamilə leqal fəaliyyət sayılan fərdi sahibkarlıq fəaliyyəti o vaxtlar qəti qadağan olunmuşdu və ciddi cəzalandırılırdı. Ancaq az-az da olsa, fərasətli adamlar tapılırdı ki, gizli emalatxanalar təşkil edərək həmin dövrdə defisit sayılan müxtəlif təyinatlı mallar, əsasən də paltar istehsal edirdilər. Hazır olduqdan sonra xarici ölkələrin yarlıqları tikilərək xüsusi adamlar tərəfindən adi satış qiymətindən qat-qat baha qiymətə pərakəndə satışa çıxarılan belə mallar əhali tərəfindən böyük rəğbətlə qarşılanır və məmnuniyyətlə alınırdı. Çünki mallar həqiqətən də keyfiyyətli olurdular.
Gizli emalatxanalar dedikdə, heç də o demək deyildi ki, onlar haqqında heç kim heç nə bilmirdi. Əksinə, o dövrdə xalq arasında belə bir deyim də yaranmışdı - “Filankəs sexovşikdi, pulunu balta kəsməz”. Sadəcə emalatxanalardan gələn külli miqdarda qazancın bir hissəsi lazımi dairələrə çatdırıldığından belə vəziyyət hamını qane edirdi.
Elə yuxarı dairələrdəki ağıllı insanlar da başa düşürdülər ki, qanunla qadağan olunsa da, bu fəaliyyətdə hər hansı kriminal tərkib yoxdur və onların fəaliyyətini leqallaşdıraraq dövlətə vergi ödəmələrini təmin etmək hamıya daha çox fayda verər.
Hər şeyin ictimai olduğu təlqin olunan quruluşda bu mümkün olmadığından hamı susmağa üstünlük verirdi.
Olduqca iradəli və bacarıqlı birisi olan Day-day Sovet İttifaqı dağıldıqdan sonra böyük risk hesabına qazandığı külli miqdarda pulu gizlədib saxlamamış, əksinə müxtəlif biznes sahələrinə yönəldərək daha da artırmışdı və heç nəyə ehtiyacı olmadığı üçün daha çox xeyriyyəçiliklə məşğul olurdu.
Elə həyatı boyu sadiq olduğu bu ideologiya həm hüquq-mühafizə orqanlarına müraciət etməyi, həm də başına gələn hadisəni cavabsız qoymağı mümkünsüz etdiyi üçün tale çox güman ki, qəzetdə verdiyim elan vasitəsilə Day-dayı mənim yanıma gətirib çıxarmışdı.
Agentliyi açmağımdan təxminən bir ay vaxt ötmüş olardı. May ayı idi. Saat təxminən 11-12 radələriydi. Ofisdəki otağımın qapısını döymədən açaraq içəri keçərək sol və sağımda dayanan iki gəncin ardınca daxil olan kişinin əzəməti məni gənclərin bu tərbiyəsizliyini unutmağa vadar etdi. Əlbəttə müvəqqəti. Qeyri -ixtiyari olaraq ayağa qalxdım. Polis orqanlarında xidmət etdiyim illər mənə çox şeyi, o cümlədən şəhər və onun bir çox sakinləri haqqında məlumatlı olmağın, ən azı qiyabi də olsa lazımi adamları tanımağın zəruriliyini öyrətmişdi. Düşünmürəm ki, qarşımda dayanmış şəxs yaşadığım otuz doqquz il ərzində mənim mövcudluğum haqqında hər hansı bir məlumata malik olmuşdu. Ancaq mən onu dərhal tanıdım - bəli, bu hamının hörmətlə yanaşdığı və bir qədər də ehtiyat etdiyi, bütün şəhərin ehtiramla Day-day deyə çağırdığı İsfəndiyar Mövlayev idi.
Dünyasında bu insanın mənim ofisimə ayaq basacağını təsəvvür edə bilməzdim. Elə təsəvvür edə bilmədiyimə görə də bir anlıq onun üzünə baxıb nə deyəcəyimi bilmədim. Lakin bu yalnız bir neçə saniyə çəkdi. Çünki mənə də mən deyərlər. Böyük ehtimalla Day-day mənim ofisimi bərbərxana ilə səhv salmamışdı və hansısa bir məsələ onu mənim yanıma gəlməyə vadar etmişdi. Əgər belə idisə, ilk saniyələrdən onun gözündə etimad qazanmalı idim. O bilməsə də, mən gözəl anlayırdım ki, ofisdə milçək qovmaqdan tam bezdiyim bir vaxtda mənə müraciət etmiş ilk müştərini qaçırmağa heç bir ixtiyarım yoxdur. Özümü toplayıb sükutu birinci mən pozdum -Buyurun, İsfəndiyar müəllim, əyləşin,- deyərək kreslomu ona təklif etdim. Kim Deyl Кarneginin “Necə dost qazanmalı və insanlara necə təsir göstərməli” kitabı ilə tanışdırsa, o zaman tanış olmadığı şəxs tərəfindən adı ilə çağırılmasının qarşı tərəfə necə sehrli təsir göstərdiyini bilməmiş olmaz. Adını bilməyim belə şeylərə öyrəşmiş İsfəndiyar Mövlayevi təəccübləndirməsə də, bunun ona xoş gəlməsi mənim qarşımdakılar üçün heç nə ifadə etməyən gözlərimin dərinliyində hər şeyi qeyd edən nəzərimdən yayınmadı. Qaşlarının düyünü bir qədər açılan İsfəndiyar kişi -İndi ki, məni tanıyırsan, onda səninlə söhbətim qısa olacaq,- deyərək hələ də sağ və solumda İngiltərə kral ailəsinin sarayı qarşısında dayanan fəxri qarovulun əsgərləri kimi quruyub qalmış gənclərə çıxmaq işarəsi verdi, özü isə kresloma yox, otaqdakı stullardan birinə əyləşdi. Həqiqətən də böyük insanlar hər şeydə böyükdürlər. Təklif etməyimə baxmayaraq, təklifsiz də yaş fərqimiz və cəmiyyətdə olan nüfuzu ona birbaşa kreslomda oturmaq səlahiyyəti verdiyi halda, stulda oturmaqla o mənə özü üçün heç də ürəkaçan olmayan bir məsələ ilə bağlı müraciət etdiyinə, təklifini qəbul edəcəyim təqdirdə heç bir kənar təzyiq olmadan işləyəcəyimə, məni bərabər tərəf kimi qəbul edəcəyinə işarə verirdi. Mən də öz növbəmdə onun bu jestini cavabsız qoymadım. Eyhamını başa düşsəm də, istənilən vəziyyətə rəğmən ağsaqqal kimi olan ehtiramımın daha yüksəkdə duracağını ona bildirmək üçün onun oturmaq barədə təklifini gözləyərək ayaq üstə durmaqda davam etdim.
Psixoloqların gəldiyi ümumi rəyə görə istənilən insan yaşlaşarkən qocalıq sindromu deyilən bir mərəzə tutulur. Bu, hərədə bir formada təzahür edir. Sindromun cəhətlərindən biri də özünə qarşı edilmiş ən xırda diqqətsizliyin yaşlı insan tərəfindən böyük tərbiyəsizlik kimi qəbul edilməsidir. Məhz İsfəndiyar Mövlayev kimi bir şəxsin nəzərində özüm haqda mənfi qəhrəman obrazı yaratmaq fikrim olmadığı üçün yalnız onun təklifindən sonra stullardan birini çəkərək qarşısında oturdum. Və düz onluğa düşdüyümü anladım, artıq qarşımda bayaq gözlərindən ildırım yağan Day-day yox, dünyagörmüş, təmkinli, ağıllı gözləri mənə maraqla baxan bir ağsaqqal görürdüm.
Nəhayət, o danışmağa başladı. Və danışdıqca da tərəfimdən bu hadisənin araşdırılmasının mənfi yox, müsbət sonluqla nəticələnəcəyi təqdirdə nələrin baş verəcəyini təsəvvür etməyə başladım.
Hadisə isə belə olmuşdu…
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)