Super User

Super User

“Bu gün “Zorxana” sifarişi yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün reallığında tamaşaçı saxta informativ məkanda “texno qəbulediciyə” çevrilib”.

Bu sözləri Kulis.az-a müsahibəsində yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib. Müsahibəni Daycest bölümündə oxucularımıza təqdim edirik:

 

- Orxan müəllim, necəsiniz? Həyat necə gedir, nə işlər görürsünüz?

 

- Çox sağ olun. Həyatıma ayrılmış zaman su kimi axıb gedir. Vaxtdan da çıxa bilmədim. Biz posttarix, postsivilizasiya, postinsan dönəmini yaşayırıq. Mənim işim sizdən çətindir, çünki mən o dönəmi bu günlə müqayisə edə bilirəm. Tarixin yaşandığı və bitdiyi dönəmi özüm üçün müqayisə edirəm və təəccüblənirəm ki, siz bu bəsit reallıqda necə yaşayacaqsınız?

 

- Çox adam sizi “Köhnə azərbaycanlı” Orxan Fikrətoğlu kimi tanıyır. Kimdir bu “köhnə azərbaycanlı”, necədir?

 

- Sevdiyim yazıçı Murkokun “Zaman sınırında rəqslər” adlı bir əsəri var. Bu əsər Avropanın modern, fentezi və ənənəvi mədəniyyətlərinin miksindən formalaşmış “zaman kənarında” oynanılan bir sənət nümunəsidir. Köhnə azərbaycanlı məqamı da mənim üçün həmin söylədiyim və bitmiş tarixin süni zamanla kəsişdiyi sərhəddə efir məkanı işində özüm üçün bəlli etdiyim bir sərhəd dirəyidir və mən həmin bu sərhəddə söz rəqslərini edirəm. Sadəlövhlükdür? Tam razıyam. Amma özümlə bacarmıram.

 

- ANS vaxtınızda ölkənin gündəm mövzularını satirik münasibətinizlə təhlil edirdiniz. Deyəsən, indi o enerji qalmayıb sizdə. Yoxsa həvəsiniz yoxdur?

 

- Biz postjurnalistika dövrünü yaşayırıq, klassik jurnalistika artıq yoxdur. Ona görə yox ki, jurnalistikaya təzyiq var, ona görə də yox ki, jurnalistika peşə tənəzzülünə uğrayıb, ona görə ki, artıq kütlə peşəyə sosial sifariş kimi “məni maarifləndir” sifarişini vermir. Kütlə istəyir ki, qapı deşiyindən kiminsə taleyini izləsin. Əylənsin. Düşünməsin. Bu gün “Zorxana” sifarişi yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün reallığında tamaşaçı saxta informativ məkanda “texno qəbulediciyə” çevrilib. İnsanlar daha xəbəri analiz edib ondan nəticə çıxarmırlar. Sadəcə, olanları dalğa kimi qəbul edib, onu öz ağıllarında şərh etməyə çalışırlar. Bu gün insanlıq ədəbiyyatın, sənətin və medianın “kolxoz dönəmi”ni yaşayır. “At da hamınındır. Torpaq da”. Amma əməldə beyin - əkin əkilmir.

 

- “Ölü mətn” əsəri postsufi bir əsərdir və bu əsəriniz çoxlu rezonans doğurdu. Sizcə, 22-ci əsrin başlanğıcında modern bir insan kapitalizmin içində yaşayaraq sufizmdən anlaya bilərmi?

 

- Dünyanı idarə etməyə çalışanlar, yəni ölkələr üçün yeni idarəçilik modelləri düşünən siyasətçilər ədəbiyyatın, kinonun və xüsusilə də dinin proqressiv qanadına aid olan təriqətlərin tamamilə məhvinə yönəlik bir doktrina yürüdürlər. Sufizm nədir? Gəlin əvvəlcə onu araşdıraq. Sufizm Allahı hiss etməkdir. Əminlikdir. Allahın göndərdiyi kitabı elm yolu ilə və ya ibadət edərək, müəyyən ilahi əmrləri anlayıb, əməl edərək, onun tabu və sərhədləri içində yaşayaraq deyil, qəlbinlə hiss etməkdir. Sufi sərhədsizdir. Sufi, sadəcə, Allaha sevgidir və onunla Allah arasında heç bir vasitə və vasitəçi yoxdur. Sufi Allahı susmaqla, şeirlə və digər təriqətinə uyğun vasitələrlə tanıyır. Sevir və tanıdır.

 

Döyənə əlsiz gərək,

Söyənə dilsiz gərək,

Dərviş könülsüz gərək -

Sən dərviş olamazsın!

 

22-ci əsrin insanı insaniyyətin əldə etdiyi bütün ənənələri unutmuş, ailə modeli daxil elementar ənənələri belə daha yaşamaq istəməyən texnoinsandır. O, posttarix dönəmini ideyasız və arzusuz yaşayır. Bu insanın missiyası Aristoteldən qalma “katarsis” anını yaşamaq deyil. Bu insanın məqsədi ilahiləşmək deyil, Allah olmaq deyil, hətta Şeytan olmaq belə, deyil. Nə qədər qəribə olsa da, bu insanın missiyası, sadəcə, ötürücüyə çevrilməkdir. Məsələn, siz İlon Maskın layihələrinə baxın, Marsa uçmaq və “Twitter”də insanlara öz kontentlərini nümayiş etdikdən sonra yeni bir TV açmaq imkanını yaratmaqdır. Təbii ki, bu yanaşmanı Mask yaratmayıb, bu istək dünyanı yönəldənlərin siyasətidir. Marsa kim uçmaq istəyər? Hissiz, tarixsiz, ailəsiz və ənənəsiz bir insanın, təbii ki, Marsa uçmaq istəyi olacaq. Onun artıq vətəni yoxdur. Amma məsələ bundadır ki, Marsa uçuşun özü də utopiyadır. Pul tələsidir.

Marsa hələ yaxın 200 ildə heç kəs uçmayacaq, bu, sadəcə, həm biznes layihəsi, həm də qorxulu bir işdir. İnsan hissiyyatını itirib. Bu keyfiyyətsiz informativ burulğanın içində yaşayan insanın sufizmdən kənarda qalması mənim üçün bir faciədir. Amma sufizmi Azərbaycanın bir məhəlləsinə belə, realda tətbiq etmək mümkün deyil, bunu izah etmək də mümkün deyil. “Ölü mətn” romanı isə, əslində, mənim şəcərəmin 100 il içində yaşadıqlarıdır. İçində sevgisini qoruyan bir mətn müəllifinin taleyidir. Və o taledə şəcərənin sonuncu insanı əsirdir və laldır. Bu gün xəlvətiyyə dərviş təriqətinə, Seyid Yəhya Bakuvinin təliminə rəğmən, biz hamılıqla xəlvətdəyik. Yəni Xaqanidən, Nizamidən gələn Azərbaycan şüuru bu gün də xəlvətdədir. Əslində, sağlam dünyanın özü də xəlvətdədir və bu reallıq ruhən bizə çox yaxındır. Bu gün əsl insan fikir mağarasındadır, mənim fikrimcə, ortada hərlənən bu psevdomühit isə əsl insanlar deyil.

 

- İllər öncəki bir köhnə verilişinizi izlədim, orada kinayə ilə: “Bəri başdan deyim ki, deputat olmaq fikrim yoxdur”, - deyirsiniz. Niyə deputat olmaq istəmirdiniz? İndi də yoxdur belə istəyiniz?

 

- Dövlətin təməl prinsiplərinə xidmət etmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin müstəqilliyini qorumaq da. Çünki mən burada yaşayıram və bura mənim ərazimdir. Siyasətlə isə siyasəti bilənlər məşğul olmalıdırlar, mənim işim ədəbiyyatdır. Təbii ki, mən oraya gedib zamanımı itirmək istəmərəm.

 

- Orxan müəllim, siz sosial şəbəkələrdə qəribə bir susqunluq içərisindəsiniz, sanki yoxsunuz. “Facebook”da da çox az dostunuz var. Bu sosial şəbəkələr, “TikTok”, “Instagram” nə demək istəyir?

 

- Çox qarışıq bir dövrdə yaşayırıq. Hər bir insan özü üçün “filosof”dur, “yazıçı”dır. Və bu dırnaqarası “yazıçı” və “filosof”ların içində gerçək və yalan ədəbiyyatın sərhədi itib. Artıq hamı təfəkkür yiyəsidir, hamı fikir söyləyə bilir. Hamı özünü artıq oxucu kimi deyil, yazıçı kimi hiss edir. Bu total sözçülük və total boşboğazlıq reallığında idarə olunan “TikTok” və başqa sosial seqmentlər birmənalı olaraq cəmiyyətlərdə müstəqilliyi, fərdiliyi məhv etmək üçün düşünülmüş siyasi sifarişlərdir. Bu gün sosial şəbəkələr orta statistik azərbaycanlının inkişafına xidmət etməyəcək bir reallıqdadır. Amma ağıllı ölkələr, ağıllı dövlətlər sosial şəbəkələrdən ağıl ilə istifadə edirlər, elmi-texnoloji intibaha doğru addımlar atırlar. Sosial şəbəkələrdən pul qazanırlar. Azərbaycanda isə sosial şəbəkələr laqqırtı, linç və bir-birini təhqir etmək meydanıdır. Sizə deyim ki, artıq rəsmi qurumlar belə, sosial şəbəkələrdən yararlanaraq işlərini tənzimləyirlər.

Dünyaya alternativ bir dünya yaradıblar, o dünyada hamı danışır. İş yox, əməl yox, ancaq şüar və təhqirlər var. Cinayət işləri də açılır orada. Bu gün daha bizə sosioloq da lazım deyil, hər şey oradadır, ağıllı adam orada hər şeyi müqayisə edib, nəticə çıxara bilər.

 

- Televiziyada çalışırsınız. Telekanallarımızın hazırkı vəziyyəti sizi qane edirmi?

 

- Maarifçilik pul gətirmir. Əgər TV bir gün pul gətirməsə, ikinci gün bağlanacaq. TV-lərin böhran keçirməsinin səbəbi maliyyədir. Maliyyə qaynaqlarının tapılması isə artıq Azərbaycanda azad biznesin inkişaf etməsi ilə bağlıdır. Azad biznes niyə inkişaf etmir? Çünki monopoliya var, çünki bəzi məmurlar siyasətdən kənar biznesə də girişirlər. Bunlar hamısı əxlaq məsələləridir. Bir-birinə bağlıdırlar. Konkret olaraq bir TV-ni tənbeh etmək düzgün deyil. Mediada tamamilə yeni yanaşmalar tətbiq edilməlidir. Media vergidən azad olundu, düşünürəm, bu qanun TV-lərə şamil olunsa, tamamilə yeni bir yanaşma ortaya çıxacaq. TV-lər dövlətə yararlı insanları yetişdirmək üçün, azad nəfəs almaq üçün sabit maliyyə qaynaqlarına sahib olmalıdırlar.

 

- Orxan Fikrətoğlu özünü nə qədər uğurlu bir imza hesab edir?

 

- Açığı, Azərbaycan oxucusunun, tənqidinin, ədəbi mühitinin Orxan Fikrətoğlunu sona qədər oxuyub, anlayıb, tanımasına və ədəbi zəmində dəyər verməsinə inanmıram. Amma əminəm ki, haçansa daha yaxşı bir dönəmdə Orxan Fikrətoğlunun birinci kitabından tutmuş sonuncu kitabına qədər çap olunmuş əsərlərinin hamısının dəyəri veriləcək. Mənim haqqımda çoxlu elmi məqalələr yazılıb, əsərlərim ətrafında analizlər aparılıb, elmi işlər müdafiə edilib. Amma düşünürəm ki, hələ bu tam deyil. Mənə ən yaxın olan təhqiqat Şirindil Alışanlının “Vaxt” kitabım haqqında yazdığı geniş təhlilidir və yazılarım bu mətndə düzgün analiz olunub.

Mən həmişə yadlar içində doğma, doğmalar içində yad olmuş bir yazıçıyam. Çünki formalaşmağım Moskvada olub, formalaşmağım daha çox Avropa nəsri üzərindəndir. Azərbaycanda son dönəm yaranmış yeni nəsr isə ənənədən kənardır. Onun daxili sütunları mənim nəsrimdə olduğu kimi, dünya və Avropa nəsr qaynaqlarından və rəmziliklərindən qaynaqlanmır. Dediyiniz telelayihələr kimi köksüzdür. Mənim görmək istədiklərim, yazmaq istədiklərim isə daha böyük ənənələrə bağlıdır. Düşünürəm ki, bir nəsil gələcək, Orxan Fikrətoğlu imzası onlar üçün çox real və örnək imza olacaq.

 

- Müasir yazarlarımızdan hansı müəllifləri bəyənir, oxuyursunuz?

 

- Ad çəkmək istəmirəm, çünki mənim üçün proses addan daha vacibdir. Tendensiya olaraq müasir Azərbaycan poeziyasında, nəsrində kifayət qədər maraqlı imzalar var. Amma bunların hamısı totalda müasir Azərbaycan ədəbiyyatı havasını yarada bilmir. Bilirsinizmi, dünyada kim ədəbiyyat yaradırsa və ədəbiyyatı çox gözəl bilirsə, ona sual verəndə ki ədəbiyyat nədir, deyir, bilmirəm, bilərəkdən deyir ki, bilmirəm. Amma Azərbaycanda ədəbiyyatı bilməyənlər də deyirlər ki, mən ədəbiyyatı bilirəm. Ədəbiyyatı bilmək mümkün deyil, ədəbiyyat bir prosesdir, sən bu prosesin içindəsən. Dənizin damlası sənə dənizdən informasiya verə bilməz, sən o sahilə çıxıb, dənizi görəndən sonra anlaya bilərsən ki, harada yaşayırsan və kimsən.

Amma çox istəyərdim ki, dil baxımından, mövzu genişliyi baxımından indiki nəsil ən azı 19-cu əsrin əvvəllərinə qayıtsın. Biz haradan gəlirdik, nəyi istəyirdik? Məsələn, Azərbaycanın fiziki coğrafiyasını kim yaradıb? Müharibələr və daha çox da işğalçılar. Azərbaycanın tarixini kim yaradıb? Atabəylər, səlcuqlar və s. Azərbaycanın söz coğrafiyasını kim yaradıb? Nizami və Xaqani... Xaqani ilə Nizaminin coğrafiyası bəs niyə daraldı? Niyə İsgəndərdən yazan Nizami gəldi Hüseyn Caviddə turançılığa çıxdı? O konsepti biləndən sonra sən yeni bir şey ortaya çıxara bilərsən.

 

- Azərbaycanda hansısa rejissoru bəyənirsinizmi?

 

- Teatrda sevdiyim xətt rəhmətlik Vaqif İbrahimoğlunun xəttidir. Mənim üç-dörd pyesimi işləyib və tamaşaya qoyub. Başqa teatrlara mən əsər vermirəm, çünki o pafos, o hay-küy mənə yaddır. Nə mən onlara uyğunam və nə onlar mənə uyğundurlar. Azərbaycanda sevdiyim rejissor Bəxtiyar Xanızadədir və onun Pantomima Teatrıdır. Mən belə hesab edirəm ki, Pantomima Teatrı Azərbaycanda sənətlə məşğul olan az truppalardandır. Kinoda da, ədəbiyyatda da təki hamı Bəxtiyar Xanızadənin susub danışmaq mexanizmini anlayaydı. Onların son əsəri, Qoqolun “Şinel” əsərinə baxdım və fərəhləndim ki, Azərbaycanda hələ də sənət qalıb. Vaqif İbrahimoğlunun o eksperimenti, təəssüf ki, total mədəniyyətə çevrilə bilmədi. Vaqif İbrahimoğlunun ömrü və “Yuğ” teatrında yaratdığı dəyərlər bizim dövrün dilidir.

Konsept olaraq Azərbaycan kinosu rəngkarlıq baxımından, kino operatorluğu və aktyor oyunu baxımından heç də dünya kinematoqrafından geri qalmır. İdeoloji müstəvidə rejissorların fərdi yanaşması zəminində də az-çox özəl adlar olub, Arif Babayev olub, Şamil Mahmudbəyov olub. Ancaq kinoda intibah yaşadığımızı deyə bilmərik. Mədəniyyət Nazirliyində baş verən müsbət dəyişiklik, yeni nazirin təyin olunması, düşünürəm ki, vəziyyəti dəyişəcək. Buna zəmin var.

 

- Son dövrdə sosial şəbəkələrdə gənc nəsil və başqa sənətə aid olmayan şəxslər yazıçı və şair adını paylaşımlarında aşağılamağa çalışırlar, bu insanlar niyə bu işləri görürlər?

 

- Mənim üçün yazıçı cəmiyyətin sağlam ənənəsini, əxlaqını daşıyan və milli dəyərlərlə sağlam yaşayan biri olmalıdır. Yazıçı örnəkdir, yazıçı misaldır. Çünki sən bir millətin qəlb mühəndisisən. Sən bir millətin ruhaniyyətini yaradırsan, sənin qəlbin və əlin çirklidirsə, necə ruhaniyyət yarada bilərsən? Sən, əgər düşmüş, alçalmış bir insansansa, əxlaqdan, dəyərdən uzaqsansa, deməli, mətnində də bu nöqsanlar görünəcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Bir müddət əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsi Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı Məcid oğlu İsmayılova həvalə olunub. 

 

Təyinatla bağlı Bizim.media-ya özəl açıqlamasında H.İsmayılov bildirib ki, o, qurumun digər üzvləri ilə birlikdə teatr sahəsinin inkişafında yeni işlər görəcək:  

“Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda çıxış edirəm. Aylıq repertuar var, ona da uyğun olaraq tamaşalarımızı oynayırıq. Yeni tamaşaların üzərində çalışırıq. Teatrımız öz fəaliyyətini davam etdirir. Ayın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirildi. 

Orada üç Xalq artisti, iki Əməkdar incəsənət xadimi və başqa idarə üzvlərinin yekdil qərarı ilə müvəqqəti olaraq Xalq artisti Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar olaraq, sədrin vəzifə səlahiyyətləri verildi sədrin müavininə, yəni mənə”. 

“Aktyorlar tez-tez məvaciblərinin az olması ilə bağlı müəyyən çıxışlar və şikayətlər edirlər. Keçirilən iclasda bu məsələ müzakirə olundu?”, - sualına isə Xalq artistinin cavabı belə olub: 

“Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclasında bununla bağlı müzakirələr aparmamışıq. Bu məsələ aktyorların özləri tərəfindən “Azərbaycan teatrı - 150: İnkişaf perspektivləri” mövzusunda Teatr Forumunda səsləndirilib və müzakirə olunub. Aktyorların maaşı Teatr Xadimləri İttifaqına yox, Teatr Forumuna aiddir. 

Amma sözsüz ki, maaşların artımı ola bilər. Çünki indi Mədəniyyət Nazirliyi teatrlarımızla və orada olan daxili proseslərlə dərindən maraqlanır. İnanıram ki, yaxın zamanda aktyorların maaşının artımı məsələsi həll olunacaq.

Məvaciblərin artımı asılıdır dövlət qurumundan, Maliyyə Nazirliyindən. Teatr işçilərinin və incəsənət nümayəndələrinin maaşları hər zaman hökumətimizin nəzarətində və gündəmdədir. Bizim məvaciblərimiz dəfələrlə artırılıb və ümid edirik ki, yenidən artırılacaq”. 

Xalq artisti Afaq Bəşirqızının Teatr Forumunda səsləndirdiyi “Aktyorlar üçün qəbiristanlıq yaradılsın” fikirlərinə Hacı İsmayılov - “O barədə münasibət bildirə bilmərəm. Heç bilmirəm o nə olan məsələdir”, - deyə qısa şərh verib.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Gələn ay mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus adlandırılan şəxslərin, yazıçı adlarının olması da cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir.

 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, budəfəki əfv sərəncamından gözləntiləri böyükdür:

“Çox istərdim ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamına dəyərli dostumuz Əjdər Cəbiyevin də adı düşsün. Çünki hər şeydən öncə Əjdər Ol bizim dəyərli şairimizdir. Bir yerdə çalışmışıq. Düzdür, günahı var və cəzasını çəkir. Amma onun yaradıcı fəaliyyəti nəzərə alınaraq əfv olunmasını istərdim. Bununla bağlı açıq şəkildə prezidentə də müraciət etmişəm”.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. 

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Çərşənbə, 19 Aprel 2023 09:30

Qiyməli plov yeyin, ağzınız dada gəlsin

“Ədəbiyyat və incəsənət” bu çərşənbə günü səhər saatlarında qadınları mətbəxə dəvət edir ki, onlar bu günkü iftara Şuşa mətbəxindən qiyməli plov hazırlasınlar. Allah hər kəsin orucunu qəbul eləsin. 

 

Olduqca zəngin Şuşa mətbəxinin ən dadlı təamlarının biri də Şuşanın  qiyməli plovudur. Buyurun, qiyməli plovun resepti ilə tanış olun.

 

Lazım olan ərzaqlar:

 

* 500 qr yağlı qiymə

* 4 stəkan düyü

* 150 qr kərə yağı

* 2 ədəd soğan

* 1 çay stəkanı üzüm qurusu

* 1 çay stəkanından az albalı və ya zoğal axtası

* duz, istiot, sarıkök, darçın

 

 Qazmaq üçün:

 

* 1 ədəd yumurta

* 50 qr kərə yağı

* 1 xörək qaşığı xama və ya qatıq

* duz, sarıkök

* apardığı qədər un

 

Hazırlanma qaydası:

 

İlk öncə soğanı xırda doğrayın. Tavada kərə yağını əridib soğanı yağda qovurun. Qovrulan soğana üzüm qurusu və albalı qurusu əlavə edib qarışdırın. Soğan qarışığını tavadan götürüb boşqaba tökün. Həmin tavada qiyməni qovurun. Suyu çəkilib qovrulan qiyməyə duz, istiot, sarıkök və darçın əlavə edib qarışdırın. Daha sonra soğanlı qarışığı da ətə əlavə edin.

Adi qaydada düyünü əvvəlcədən suda isladın və qaynayan duzlu suda bişirib süzün.

Qazmağı hazırlamaq üçün bir qabda yumurta, otaq temperaturunda yumşaldlmış kərə yağı, xama və ya qatıq, duz, sarıkök və un əlavə edib xəmir yoğurun. Xəmiri oxlovla yayın. Plovu dəmləyəcəyiniz qazana yağ əlavə edib küncüt səpin. Yaydığınız xəmiri qazanın dibinə sərin. Daha sonra bir az düyü və qiyməni qat-qat düzüb yayın. Sarıkök və kərə yağı da töküb 40-45 dəqiqə dəmə qoyun.

Plovunuz hazırdır!

Nuşi can!

 

Rubrikamızın aparıcısı Göyçək Nəsirova sizlərə bərk-bərk tapşırır: çalışın qatqısız, təmiz kərə yağı işlədin. Eləcə də, həcm verən, keyfiyyətli düyüdən istifadə edin. 

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Baxromjon Aloyev ilə görüşüb.

 

Fondun məlumatına görə, görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.

Görüş zamanı bu il Özbəkistanın Türk Dövlətləri Təşkilatına sədrlik etməsinin ölkənin türk dövlətləri ilə, eləcə də Türk Əməkdaşlıq Təşkilatları ilə hərtərəfli əməkdaşlığının inkişafında mühüm rol oynayacağından söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk ölkələri arasında dostluq və qardaşlıq münasibətlərin gücləndirilməsinə yönəlmiş geniş miqyaslı fəaliyyətindən bəhs olunub. Fondun Özbəkistan ilə qarşılıqlı əlaqələrə yüksək əhəmiyyət verdiyi, bu istiqamətdə həyata keçirdiyi layihələr vurğulanıb. Özbəkistanın mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı Fond tərəfindən yayımlanan nəşrlərin, ölkədə təşkil edilən müxtəlif tədbirlərin, konfransların önəmi qeyd olunub. Fond tərəfindən 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu daşıyan Şuşa şəhərinin tarixi və mədəni irsinin tanıdılması məqsədilə Daşkənddə keçirilən silsilə tədbirlər Azərbaycanla Özbəkistanın bir-birinə daha yaxınlaşdırılmasına yönəlmiş addım kimi dəyərləndirilib.

Görüş təşkilatla Özbəkistan arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə layihələrin keçirilməsinə dair fikir mübadilələri ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Çərşənbə axşamı, 18 Aprel 2023 20:18

Bir elin, bir obanın ağsaqqalının 68-i

ZİYALILARIMIZI TANIYAQ VƏ TANIDAQ 

 

Qazax-Ağstafa bölgəsindən olanlarda son illərdə böyük həmrəylik yaranıb. Bir-birinin uğuruna sevinən, dərdinə həmdərd olan bölgə camaatı bu yaxınlaşma üçün bir şəxsə borcludur. Həmin şəxs hətta əslən o bölgədən olsalar belə oralara ayaqları dəyməyən kəslərdə belə bir yurd sevgisi, oba təəssübkeşliyi yarada bilib. Həmin şəxs hətta o bölgədən olmayanların belə “mən də sizlərdənəm” demələrinə vəsilə olub. Söhbət İlham Pirməmmədovdan gedir.

 

“Ədəbiyyat və incəsənət” portalı indi sizlərə bu dəyərli ziyalımız barədə geniş məlumat verəcək. Azərbaycan Respublikasının əməkdar müəllimi, riyaziyyat üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

İlham Teymur oğlu Pirməmmədov 18 aprel 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Mexanika" fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır.

1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında təhsil almışdır.

1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989–2015-ci illərdə və hal-hazıra qədər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə (1-ci dərəcəli inspektor, aparıcı inspektor, baş inspektor, baş mütəxəssis, Rəhbərlik yanında aparatın rəhbəri, Aparat rəhbəri, nazirin müşaviri) çalışmışdır.

İ.Pirməmmədov 1995-ci ildə namizədlik, 2010-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər doktorudur. 35 elmi məqalənin və 1 monoqrafiyanın müəllifi, bir neçə dərs vəsaitinin həmmüəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin "Nəzəri mexanika" kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsində çalışır.

İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

“Ədəbiyyat və incəsənət” portalının kollektivi minlərlə digərlərə qoşularaq

dəyərli ziyalı, EL AĞSAQQALI, xeyirxah insan, vətənpərvər vətəndaş, hörmətli 

İlham Pirməmmədovu ürəkdən təbrik edirik, uzun və sağlıqlı ömür diləyir.

Hədəfi 100 il olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

 

O KİMDİR?

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının Qazaxıstandan aldığı məlumata görə, Azərbaycana yeni təyin edilən Qazaxıstanın Fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin 39 yaşı vardır. Alim Bayel qazax, Azərbaycan, türk, ingilis və rus dillərində sərbəst danışır. 

Tokayevlə Ətrdoğanın  şəxsi görüşlərində də  tərcüməçi kimi iştirak edib. (Şəkildə)

 

Alim Bayel Türkiyə və ABŞ universitetlərində təhsil alıb. Eyni zamanda Qazaxıstanın nüfuzlu “Bolaşak” Dövlət Proqramının məzunudur. Diplomatın adı Tokayevin 2019-cu ildə yaratdığı Prezidentin Gənc kadrlar bazası siyahlında da yer alıb.  

Alim Bayel öz karyerasında diplomat kimi fəaliyyətə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasında, indiki Türk Dövlətləri Təşkilatında başlayıb. Azərbaycana səfir təyin edilənə qədər isə diplomat Alim Bayel Türkiyənin İstanbul şəhərində Qazaxıstan səfirliyin baş konsulu kimi fəaliyyət göstərib.

Ailəlidir, 1 qız övladı var.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Aprelin 17-də Pekində “Ömür bir dəfə yaşanır” şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub. Nəşrin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

 

AzərTAC xəbər verir ki, təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya bu nəşrin Çin ilə Azərbaycan arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-humanitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirdiyini deyib. O, nəşrin oxuculara Azərbaycan mədəniyyəti haqqında məlumat əldə etməyə imkan verəcəyini, gələcəkdə bu istiqamətdə yeni layihələrin icrasına yol açacağına əminliyini bildirib.

Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, tanınmış şair Cidi Macia çıxışında bildirib ki, Leyla Əliyevanın poeziyası lirikdir, eyni zamanda dərin fəlsəfi məna daşıyır. Onun şeirlərini oxuyarkən müxtəlif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi oluruq.

Sonra Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə məzunları Leyla Əliyevanın şeirlərini Çin dilində səsləndirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu ilk dəfədir azərbaycanlı şair və ədiblərinin kitablarının Çin dilində tərcüməsini edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya ilə keçirilən görüşündə gələcəkdə digər Azərbaycan şair və ədiblərinin əsərlərinin Çin dilinə tərcümə edilməsi ilə bağlı müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

 

Bu günlərsə Polşanın paytaxtı Varşava şəhərində ilk dəfə olaraq Avrasiya Film Festivalı keçirilir.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, festival Polşanın kino təqvimində yeni hadisə sayılır və yerli auditoriyaya Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin kinematoqrafiyası ilə yaxından tanış olmağa şərait yaradır. 

Festivalın açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova xüsusi qonaq qismində çıxış edib. Səfir cari ildə Azərbaycan kinematoqrafiyasının 125 illiyinin qeyd edildiyi, ölkəmizdə film sənayesi tarixinin, demək olar ki, dünya kinematoqrafiyasının tarixi ilə üst-üstə düşdüyü, Azərbaycan kino sənətinin tarixinin 1898-ci il avqustun 2-dən başladığı, 1895-

ci ildə Lümyer qardaşlarının kinematoqrafı ixtira etdikdən sonra 1898-ci ildə fotoqraf Aleksandr Mişonın Bakıda neft yataqları barədə süjetləri lentə almaqla milli kinematoqrafiyamızın 

əsasını qoyduğu barədə məlumat verib.

N. Qurbanova ötən il Azərbaycanın Polşadakı səfirliyinin Polşa Kinorejissorları Assosiasiyası ilə birgə Polşa tamaşaçılarını Azərbaycan kinematoqrafiyası ilə tanış etmək məqsədilə Azərbaycan Filmləri Həftəsi təşkil etdiyini, həmçinin Bakının “Visla” Polşa Film Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb. 

Avrasiya Film Festivalının ilk buraxılışında iki Azərbaycan filminin yer aldığını məmnunluqla vurğulayan səfir nümayiş olunacaq filmlər barədə tədbir iştirakçılarına məlumat verib. Səfir festivalın proqramına daxil olan və rejissoru Asif Rüstəmov olan “Mərmər soyuğu” filmi barədə izləyicilərə məlumat verib. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və “Arizona Films” şirkətlərinin birgə istehsalı olan və rejissoru Asif Rüstəmov olan “Mərmər soyuğu” bədii filminin Tallində keçirilmiş “Qara Gecələr” Film Festivalının əsas müsabiqə proqramına daxil edildiyini bildirib. Bundan əlavə, o, sözügedən filmin Fransada keçirilmiş Beynəlxalq Asiya Film Festivalı, Bolqarıstanda keçirilmiş Beynəlxalq Sofiya Film Festivalında nümayiş olunduğunu söyləyib.

Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq ikinci film rejissoru Polşada yaşayan həmyerlimiz Həmid İbadullayev olan “Ünvansız ruh” filmidir. 

Festival 23 aprel tarixinədək davam edəcəkdir. Hazırda filmlərimizin nümayişi davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

 

Aprelin 18-də respublikanın bir sıra rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib.

 

AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam Muğam Mərkəzində keçirilən festivalın ilk günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortopiano ifaçıları mübarizə aparıb. Hər bir iştirakçı dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. 

Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər mütəxəssis cəlb olunub. Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, aprelin 17-də respublika üzrə ilkin olaraq 30 müəssisədə birinci mərhələyə start verilib. Ümumilikdə isə festival tədbirləri 121 mədəniyyət müəssisəsində gerçəkləşəcək. Üç turdan ibarət, 21 nominasiyada (ifaçılıq, rəssamlıq, heykəltəraşlıq, bədii qiraət, aktyorluq, rəqs, dekorativ-tətbiqi sənət və sair) keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb. Festivalın əsas məqsədini ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, incəsənət sahəsində yeni istedadların üzə çıxarılması, bədii-estetik zövqün formalaşdırılması, habelə regionlarda mədəniyyət infrastrukturunun canlandırılması təşkil edir.

Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş, fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.