Super User

Super User

Bazar ertəsi, 13 May 2024 13:00

Yenə də alınmadı - AKTUAL

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Şəhərdə idim. Özüm üçün gəzintiyə çıxmışdım. Yaxınlıqdakı parkların birində əyləşmək istədim. Biraz keçmiş bir jurnalist və operator ailəsi ilə dincələn sıravi, orta yaşlı bir vətəndaşa yaxınlaşdı. Danışıqlardan belə başa düşdüm ki, reportaj insanların asudə vaxtlarını necə keçirməsindən bəhs edirdi:

 

-Jurnalist: Asudə vaxtlarınızı necə qiymətləndirirsiniz ?

-Müsahib: İşdən təzə gəlmişdim elə vallah, arvad dedi, çoxdandı çölə çıxmırıq, eləmirik. Mən də dedim ki, durun hazırlaşın gedək gəzək. Heyif deyil, subaylıq ?!

-Jurnalist: Akif, kameranı dayandır. Müəllim deyin ki, ailəyə dəyər vermək lazımdır, onun qeydinə qalmaq, sağlam inkişafına nail olmaq lazımdır. Akif, davam edirik qaldığımız yerdən. 

- Müsahib: yaxşı yaxşı. 

 

Beləliklə, müsahibə yekunlaşır. İndisə növbəti müsahibə üçün uyğun birinə yaxınlaşmağa cəhd edilir. Lakin yaxınlaşılan şəxs "məni çəkməyin" deyir, əli ilə üzünü bağlamağa çalışır. Nəhayət, bir nəfərə yaxınlaşılır:

 

-Jurnalist: Asudə vaxtınızı necə dəyərləndirirsiniz ?

-Gənc müsahib: Belə, şəhərdə gəzirik özümüz üçün. 

-Jurnalist: Bəs kitab ? 

 

Jurnalist mövzunun məcrasını özü bilərəkdən, şaxələndirmək məqsədilə başqa yerə dəyişməyə çalışır. Axı o, cəmiyyətin intellektual bazasını göstərmək istəyir. Eyni zamanda mədəni, mənəviyyatlı kütləni. 

 

-Gənc müsahib: ııı...uuu...bilirsiniz...vaxt yoxdu ee, - deyib müsahib dayanır, bir neçə dəqiqə fikirləşir, operator kameranı saxlamaqdan yorulur, jurnalist daxili gərginlik keçirir, əsəbiləşir, müsahib daxili utancdan qızarır, "ııı... uuu... məəən... belə..." edir və budur, nəhayət ki, operator dilə gəlir və jurnalistin qulağına asta səslə pıçıldayır:

- Daha bəsdir yekunlaşdıraq, adam danışmır, dinmir. 

Jurnalist təmkinini pozmadan öz müsahibinə xoş günlər arzulayır və sağollaşır. Operator isə çəkdiyi videoreportajı silmək məcburiyyətində qalır. Jurnalist ofuldayır, bu gün də alınmadı deyir. 

 

Demək istədiyim nədir ?! Biz niyə axı nələrisə nümayiş etdirərkən, ancaq onun müsbət tərəflərini göstərməyə çalışırıq ?! Niyə video reportajlar aparılarkən, tərəvəz kimi kəsib doğranılır, televiziyada müsahibəyə baxırsan, çoxu kəsintilidir? Əl-qərəz, avaranı avara kimi, cahili cahil kimi, bir sözlə hər şeyi olduğu kimi, öz çılpaqlığı ilə göstərmək lazımdır. Mənfi tərəfləri gördükdən sonra onun üzərində müsbətyönümlü işlər getsin. Cəmiyyətdə təbəqələşmə indeksi belədir:

- İnkişaf xəlbirdəki un kimidir. İnkişaf edənlər isə ələkdən keçənlərdir. 

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Bazar ertəsi, 13 May 2024 14:04

Getdi kazinoya

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Google-da axtarışların qəmli statistika:

Necə gözəlləşmək olar? - 60500 

Necə arıqlamaq olar? - 82300

Necə müdrikləşmək olar? - 281

 

2.

Manatın üzən məzənnəsinə niyə keçilmir?

Çünki o üzə bilmir, dərhal batacaq.

 

3.

Texnogen qəzaların xarakteti:

Günahkarlar heç vaxt müəyyənləşdirilmir.

Onlarca insan isə qəhrəmanlıq göstərdiyi səbəbindən mükafatlandırılır.

 

4.

-Bugünkü planların?

-Gedib həkimdən eynəyimi götürəcəm.

-Bəs sonra?

-Sonra da görəcəm də, neyniyəcəyəm.

 

5.

-Mən özüm öz hesabıma qazanmaq istəyirəm!, -söyləyib azərbaycanlı məmur balası atasından 1 milyon dollar götürüb Batumiyə - kazinoya yollandı. 

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Ev ördəyi bozbaşının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR (nüsxə):

§ Ördək – 190 qr

§ Kərə yağı – 35 qr

§ Noxud – 30 qr

§ Soğan – 30 qr

§ Xırda soğan – 30 qr

§ Kartof – 70 qr

§ Pomidor – 60 qr

§ Təzə alça – 20 qr

(və ya quru alça – 10 qr)

§ Mərzə və ya reyhan qurusu – 3 qr

§ Sarıkök – 1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ göyərti – 20 qr, sumaq – 10 qr, meyvə turşuları – 50 qr

 

HAZIRLANMASI:

Təmizlənmiş ördək ütülür, doğranır, yuyulur. Ördək bir gün ərzində duzlu suda saxlansa, daha yaxşı olar. Qazana qoyulur, üzərinə su əlavə olunur və bişirilir. Qaynadıqda kəfi alınır. Qazana bir ədəd qabıqlı baş soğan əlavə olunur. Ət bişənə yaxın soğan çıxarılır, ət sudan ayrılır və işgənəsi süzülür. Eyni qazanda yağ qızdırılır, ördək əti tərəvəzlərlə birlikdə tovlanır. Sonra qabığı təmizlənmiş pomidor, alça, duz, sarıkök, quru mərzə əlavə olunur, qarışdırılır, sonra isə ayrıca bişmiş noxud, işgənə əlavə olunur və bişməyə qoyulur. Hazır olduqda kasaya və ya dərin boşqaba çəkilir, üzərinə reyhan qurusu səpilir və süfrəyə verilir. Yanında tər göyərtilər, əzilmiş qırmızı baş soğan, sumaq, meyvə turşuları (məti) verilir.

Mövsümündə heyva da əlavə oluna bilər.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Esmira Günəşin yazısını təqdim edir. 

 

Həftəsonu Sumqayıtın Tarixi Muzeyində şəhid Yusif Allahverdiyevin xatirəsinə həsr olunmuş tədbirdə qonaq idim. İlk öncə onu qeyd edim ki, tədbir gözəl hazırlanmışdı. Tarix muzeyinin direktoru başda olmaqla oranın bütün əməkdaşları şəhidlərimizin xatirəsini hər zaman yad edir, tez-tez tədbirlər təşkil edirlər. 

 

İlk Qarabağ savaşlarının qəhrəmanı üçün hazırlanan tədbirdə qonaqlar da az deyildi. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, çıxış üçün dəvət olunan şəxslərdən bəziləri boş danışaraq vaxt itkisinə səbəb oldular. Məsələn, özünü “Cəmaləddin Hocanın  Azərbaycandakı səlahiyyətli nümayyəndəsi”  kimi təqdim etdirən biri çıxıb dedi ki,  “şəhidlərə kitabları pulla çap edirlər. Şairlər şəhid ailələri üçün niyə təmənnasız kitab çap etmir? Biz təmənnasız xidmət edirik, şəhid ailələri təmənnasız ehsanlar veririk” və s.

Kimdir bu Cəmalləddin Hoca? Mən biləni türklərdə hoca məsciddə mollaya, müəllimə, bir sözlə hörmətli şəxsə deyilir. Və ən əsası Azərbaycanda şəhid ailələri üçün bu Cəmaləddin Hoca nə edib ki, hələ səlahiyyətli nümayəndəsi də olsun? Və bir balaca araşdırdım ki, Cəmaləddin Hoca deyə təqdim olunan şəxsin  Azərbaycanda özünü onun səlahiyyətli nümayəndəsi kimi təqdim edən şəxslə əslində heç bir əlaqəsi də yoxdur. Hətta bu məsələdə Cəmaləddin Hoca dəfələrlə xəbərdarlıq edib ki, mənim adımdan heç kəs istifadə etməsin. 

Demək, “Hoca” deyə təqdim olunan Cəmaləddin bəy oturub öz ölkəsində, arada internet vasitəsi ilə canlı bağlantı yaradıb şəhid anaları ilə söhbət edir. Bu qədər. Onun guya şəhidlərimizi bütün dünyada tanıtmağına isə əsaslı dəlil və sübut yoxdur.  Elə isə burada sual yaranır. Necə tanıdır şəhidlərimizi dünyada o şəxs? Hansı kitabı çap etdirib dünya səviyyəsində? Hansı qəzetdə, hansı jurnalda tanıtdırlb  şəhidlərimizi ki, bizim bunlardan xəbərimiz yoxdur? Ya da hansı qalıcı bir işi görüb ki, biz bilmirik? Hansı şəhidimizin qapısını açıb ziyarət ediblər? Hansı şəhid guşəsində aldıqları kiçik hədiyyə yer alıb? Bildiyim qədəri ilə Azərbaycana bir dəfə gəlib, şəhid ailələri ilə görüşmək istəyib və məkan tapa bilməyib. Yəni gördüyü iş rəsmi olsaydı dövlətimizin rəsmi qurumları qarşılayardı də Cəmaləddin bəyi. Deməli sıradan bir insandır və dövlət üçün əhəmiyyətli biri deyil. 

Gələk tədbirdə onun dırnaqarası səlahiyyətli nümayəndəsi Əziz adlı şəxsin şairləri gözdən salmaq üçün etdiyi çıxışa. Əvvəla şairləri dövlət maaşla təmin etmir. Sonra, nəşriyyatlar kitabları təmənnasız çap etmirlər. Çünki nəşriyyatın da materialları təmənnasız təmin olunmur. Hətta şəhidlər haqqında kitablar olsa da belə, o kitabların kağızı puldu, boyası puldu. Kitab göydən zənbillə düşmür ki.

Şair gecəsini gündüzünə qatıb qəlbinin ağrısını, qələminin yanğısını hədiyyə edə bilər şəhid ailəsinə, ancaq şəhidlərimizin hamısına kitab çap etdirməyə şairlərin gücü çatmaz. Mən şəhidlərimiz üçün 20  kitab çap etdirmişəm. Ölkəmizdə şəhidlər üçün ən çox kitab yazan şairə mənəm. O kitabları ərsəyə gətirə bilmək üçün maddi problemlər də yaşayıram. Çapdan sonra şəhid ailələrinə kitabları təhvil verə bilmək üçün bir-bir evlərini ziyarət edirəm. Yaşadıqları bölgələrdə tədbirlər keçirirəm. Heç bir maşın da şəhid qapısına pulsuz aparmır. Şairlər övladının boğazından kəsib kitablar ərsəyə gətirir ki, gələcək nəsillər şəhidlərimizi unutmasınlar. Nə Cəmalləddin bəylər, nə də onun nümayəndələri şairlərin kitablarının xərclərini qarşılamır. Və ya bir şəhid üçün kitab çap etdirib, gedib qapısına ailəsini ziyarət etməyiblər. Bəs onda bu ittihamlar nədəndir? 

Tədbirdə şairlər də iştirak edirdi. Habil Yaşar şəhidə həsr etdiyi şeiri səsləndirmişdi və kitabını şəhidin övladına hədiyyə etmişdi. Sağ olsun, əziyyət çəkib, şeir yazıb, hələ vaxt ayırıb tədbirə gəlib, şeiri özü səsləndirib. 

Mən tədbirdə çıxış etmədim. Sağ olsunlar dəfələrlə çıxış etməyimi istəsələr də, başqa tədbirim də olduğu üçün çıxış etmək istəmədim ki, tədbirin vaxtı uzanmasın. Ancaq şair həmkarımız Habil Yaşar gözəl çıxış etdi. Və onun çıxışından sonra Əziz adlı həmin şəxsin şairlər haqqında dilə gətirdiyi qınaqları xoşuma gəlmədi. Tədbirin qonaqlarına da bu xoş olmadı. Həm şəhid tədbirində yersiz bir çıxış idi, həm də boş yerə tədbirin vaxtı uzandı. 

Şairləri qınamaqdansa onlara dəstək olunmalıdır ki, şəhidlər haqqında yazanların sayı daha da çox olsun.

Hə, bir də şəhidlərimizi dünyada tanıtmaq məsələsinə gəlincə mənim şəhidlərimiz haqıqında yazılarım Türkiyədə qəzetlərdə, dərgilərdə dəfələrlə çap olunub. Saytlarda paylaşılıb. Təbrizdə şəhidlərimizin xatirəsinə iki dildə kitab çap etdirmişəm. Bir kitablıq şeirimə bəstəkar Yaqut Almaz tərəfindən musiqi bəstələnib və şəhid ailələrinə tam təmənnasız təqdim olunub. Kitablarımın xarici ölkələrin diasporluğuna təqdim olunub. Tədbirlərdə istifadə olunur. Sağ olsun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyimiz də şəhidlərimiz haqqında az kitab çap etdirməyib. Hətta 3-4 dildə çap olunub xarici ölkələrə göndərilən kitablarımız da var.

Nəzərə alın ki, şəhidlərimiz çoxdur və hələ də haqqında məlumatımız olmayan şəhidlərimiz var. Odur ki, kimlərisə qınayaraq vaxt itirməkdənsə qızıl vaxtınızı daha səmərəli işlərə sərf edin. Və ya kiminsə işini bəyənmirsinizsə, özünüz ondan da yaxşısını edin, biz də baxıb əhsən deyək.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Bir müddət öncə Adəm İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” kitabı bu dəfə rus dilində işıq üzü gördü, ardınca kitabın türk və erməni dillərində dərci də həyata keçiriləcək. Kitab bəşər tarixinin ən qatı cinayətkarları olan 17 erməninin utopik məhkəməsindən bəhs edir.

 

 “Ədəbiyyat və incəsənət” portalı kitabdan maraqlı bir hissəni dərc etməklə oxucularını kitabı əldə edib oxumağa çağırır. Əlbəttə ki, tarixin 17 suçlu, cinayətkar ermənisinin məhşər divanı qarşısına çıxması və onların törətdikləri cinayətlərin tarixi sənədlərlə isbatı çox maraqlıdır. İndi təqdim etdiyimiz hissə isə kitabın hazırlıq hissələrindəndir. Düşünürük ki, bu da oxucularda maraq doğuracaq. Bəs ümumən tarixinin ən qəddar caniləri kimlərdir? Kimlər insan qanın dan dəniz yaradıblar?

 

          Kaliqula

Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən hədsiz dərəcədə qorxub ətrafdakı hər kəsi özünə potensial düşmən sanırmış. Bu adam qeyri-adı qanunlar icad edibmiş. Məsələn, kim imperatorun üzünə baxsa, onun içərisində şirlər olan qəfəsə atılması. Çox qəribə ölüm hökmləri icra olunurdu imperiyada. Arıların sancması kimi. Kaliqula həm də nizamsız seksual həyat keçirir, çox sayda zorlamalara imza atırdı.

 

Neron

Daha bir Qədim Roma imperatoru 1-ci əsrdə daxili üsyanları qəddarcasına yatırtması, sonradan isə despotu ilə yadda qalıb, özünə rəqib bildiyi bütün saray əyyanlarını, hətta həyat yoldaşı Oktaviyanı belə edam etdirib. 64-cü ildə isə Roma şəhərində baş verən dəhşətli yanğını təşkil edib, şəhərin əsas küçələri onun ucbatından yanıb kül olub.

 

Çingizxan

Monqol imperiyasının yaradıcısı, ilk böyük xanı. 12-ci əsrdə yer üzərindən Tanqut çarlığını, Çinin Tzsin imperiyasını, Bağdad xəlifəliyinı, Voljsk Bolqarıstanını və Xorəzmşah kimi dövlətləri silmişdir, on minlərlə insanların qətlə yetirilməsinə, əsir və qul həyatına məhkum olunmasına rəvac vermişdir.

 

Vlad Sepeş – Drakula

15-ci əsrdə yaşayan bu macar-rumın qrafı Transilvaniyada ağlasığmaz qəddarlığı ilə yadda qalıb. Məsələn, 300 braşovlu gənci tonqalda yandırıb, qadınları ucu şiş taxtaya keçirib balalarını onlara sarımaqla işgəncəyə məruz qoyub. Drakula özü şəxsən qətlə yetirdikləri 23884 türkün cəsədini sayıbmış. Hətta qəddarlığına görə bu şəxsin incəsənətdə dönə-dönə obrazı da yaradılıb.

 

İvan Qroznı

Ağlasığmaz vəhşilikləri ilə seçilən bu 16-cı əsr Rus çarı xəyanətdə ittiham edilən saray əyanlarının tikə-tikə doğranıb üzərilərinə ya qaynar su, ya da buz tökülməsiylə dərilərinin ətdən qopmasından həzz alirmiş. Eləcə də o, bakirə qızlara qarşı elədiyi sonsuz sayda təcavüzləri ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atmışdır. Bu şəxs həm də tarixə öz oğlunun qatili kimi  düşmüşdür.

 

Mulay İsmail

Bu Mərakeş sultanı Sudan qullarından ibarət ordusu ilə yeni-yeni torpaqlar işğal edir, əsirlər ələ keçirirmiş. Qana susayanda isə bu hannibal sarı paltar geyinib şikar axtarır, xoşuna gələnləri öldürürmüş.

 

Birinci Pyotr

Ruslarda imperiya ambisiyası, qonşu xalqların torpaqlarını işğal edərək ucsuz-bucaqsız ərazilərə sahib çıxmaqla bir velikorus şovinizmi yaradıb, bu səbəbdən günü bu günədək də davam edən yüzlərcə ədalətsiz müharibələr aparılıb, milyonlarla insane qurban gedib.

 

Andronik Ozanyan

Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirib.

 

Benito Mussolini

Bu italiyalı şəxs məktəbli ikən sinif yoldaşını bıçaqlamasından başlayaraq italyan faşizminin banisi kimi, diktator kimi ölkə daxilində etdiyi cinayətlərinə, eləcə də Hitlerin müttəfiqi kimi 2-ci dünya müharibəsində yüz minlərlə insanı qırdırmağadək uzanan bir həyat yolu keçib.

 

Adolf Hitler

Bu Almaniya vətəndaşının günahları o qədər çox və təkzibedilməzdir ki (o, faşizmin banisi, 2-ci dünya müharibəsinin səbəbkarıdır, 1939-1945-ci illər ərzində hər il 4 milyonadək insanın qətlinə fərman verib, yəhudilərin məhvinə yönəli Xolokost qətliamı onun ayağındadır), onu tarixin ən qəddar canisi hesab edirlər.

 

İosif Stalin

Milliyyətcə gürcü olsa belə tarixə SSRİ vətəndaşı kimi düşən, Sovet İttifaqı adlı xalqlar həbsxanasını ən antihumanist həddə qədər inkişaf etdirən, xüsusən 1937-ci ildə on minlərlə ziyalını güllələdən, Sibir çöllərinə sürgün etdirən, 9 milyon insanı həbsxanalara atan, sənayeləşdirmə və kollektivləşdirmə illərində 20 milyon insanın canına qıyan, dünyanın tən yarısını zorən sosialistləşdirib digər yarısı - kapitalizm ilə əbədi mübarizəyə sürükləyən bir  qəddar diktator olub Stalin.

 

Ted Bandi

Tarixə “Amerikanın ən qorxulu adamı” kimi düşmüş bu şəxsin cinayətkar gələcəyi nümunəvi tələbə olduğu dönəmdə əsla proqnozlaşdırılmırmış. Qoluna yalançı gips qoyub çemodanını maşınınadək götürüb aparmağı gözəgəlimli qadınlardan xahiş etməklə təməli qoyulan 30-dan çox cinayət eyni sonucla bitmişdi: qadınların zorlanması və öldürülməsi. Həbs olunub həbsxanadan  qaçaraq Ted Bandı ağlasığmaz cinayətlərini yenidən davam etdirmiş, amma növbəti həbsdən sonra elektrik stulunda əyləşdirilməklə öldürülmüşdür.

 

Kim İr Sen

Bu Şimali Koreya diktatoru 2 milyon insan həyatına qənim kəsilmişdi, özünə “Millətin atası” titulunu götürərək insanları itaət etməyə, alçaltmağa müvəffəq olmuşdu.

 

Pablo Eskobar

Kolumbiya narkobaronu və terrorçusu olmuş bu şəxsi, təsadüfi deyil ki, sağlığında “Kokain kralı” adlandırırdılar.  Medelyin karteli adlı narkoticarət şəbəkəsinin lideri olan bu şəxs 1980-ci illərin sonunda dünya kokain bazarının 80 faizinə nəzarət edirdi. 30 milyard sərvəti olan Eskobar Forbesin dünyanın ən varlıları siyahısında 7-ci pilləyədək yüksəlmişdi. Ağ ölüm adlı narkomaniya məhz onun sayəsində dünyada çiçəklənmiş, yüz minlərlə gənc məhv edilmişdir.

 

Mao Tze Dun

Çin diktatoru tək elə bircə “Böyük sıçrayış” ideologiyasına 65 milyon insanın, ümumilikdə 33 illik hakimiyyəti dövründə 76 milyon insanın qurban getməsinə rəvac vermişdi. Üstəlik, bu şəxsin qəribə bir cinayəti də vardı, əkin sahələrinin sərçələrdən qorunması adı altında tək bir il ərzində 2 milyard sərçənin məhvinə səbəb olmuşdu.

 

Səddam Hüseyn

Bu İrak prezidenti öz cəlladlarına milyona yaxın iraklını güllələmək, ölüncəyə qədər döydürmək, qazla boğmaq əmri vermişdi, bəzi insanları hətta əlində tapança özü güllələmişdi.

 

İdi Amin

Axirətdə qurulan Divan bu uqandalı dövlət başçısını elədiyi vəhşiliklərə görə hətta ağıldan kəm adlandırmışdı. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti zəbt etmiş bu keçmiş Britaniya ordusu zabiti yarım milyon uqandalını öldürtmüş, hətta hannibalizmdə də ittiham olunmuşdu.

 

Pol Pot

1975-1979-cu illərdə - 4 il ərzində hakimiyyətdə olan bu kambocalı diktator ölkə əhalisinin hər üç nəfərdən birinin məhvinə səbəb olaraq bəşər tarixində ən inanılmaz despot kimi ad çıxarıb.

 

Pedro Alonso Lopes

“And monstrı” təxəllüslü tarixin ən vəhşi manyakı. Ginnesin rekordlar kitabında “ən qəddar qatil” kimi birincilik daşıyan bu şəxs Cənubi Amerikanın Kolumbiya, Ekvador və Peru kimi dövlətlərində 1975-1978-ci illərdə yüzdən çox yeniyetmə qızı zorlayaraq öldürmüşdür.

 

Fransua Düvalye

Haitinin 31-ci prezidenti rejim əleyhinə çıxanların hamısını, müxalifləri izlətdirirdi, kim bir kəlmə mənfi fikir bildirirdisə, sözünün kəskinliyinə görə ya həbsə atılır, ya güllələnirdi. Haiti həbsxanaları ağzına kimi dolmuşdu, yeni həbs olunanlara yer tapılmırdı. Ömrünün sonunadək prezident olması barədə mürtəce qərar imzalamışdı bu şəxs. Özünə Papa Dok ləqəbi qazandırmış, ona da nail olmuşdu ki, dövlət himni “Papa Dok əbədidir” sözləri ilə başlasın. Əsarətə, yoxsulluğa sürüklənən xalq ayağa qalxmaq istəyəndə isə gülləbaran edilirdi.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Bazar ertəsi, 13 May 2024 11:09

DİQQƏT! Cem Adrian Bakıya gəlir!

Könül, “Ədəbiyyat və incəsənət”

 

Event Office Yay Konsertləri afişasını açıqlayıb. Güclü səs tembrinə malik olan,  mahnıları 7-dən 77-ə hər kəsin sevgisini qazanan Türkiyə pop ulduzu Cem Adrian Event Office Yay Konsertləri çərçivəsində 17 Avqust 2024-cü ildə Yaşıl Teatr-da sevənlərinin qarşısına çıxacaq.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Event Office-dən məlumat verilib.

 

Cem Adrian məşhur ifaçı, bəstəkar, söz yazarı, prodüser və rejissordur. Cemin unikallığı ondadır ki, bassdan sopranaya qədər bütün səs temberlərində ifa edə bilir. 7 oktavalıq səsinin 4.5–5 oktavasından istifadə edə bilir. onun səs telləri normal insanın səs tellərindən üç dəfə uzundur.

Adrian 1980-ci il 30 noyabrda Türkiyənin Ədirnə şəhərində doğulub. Əsl adı Cem Filizdir. Əslən bosniyalı, eləcə də türkdür. Hələ orta məktəbdə oxuyarkən musiqi təhsili almağa başlamış, elə ilk səsyazması da bu zaman işıq üzü görmüşdür.

Adrian karyerasına on səkkiz yaşı olarkən radioda başlayıb və altı il burada işləyib. Eyni zamanda, teatr və fotoqrafçılıq ixtisası üzrə təhsil alırdı. Elə həmin vaxt işlədiyi radiostansiyanın studiyalarında özünün bəstələdiyi 250 mahnı yazdırıb.

2003-cü ildə etnik qrup "Mystica" qrupunda solist və rəqqas kimi fəaliyyətə başlayıb. 2004-cü ilin payızında Bilkənt universitetində "xüsusi tələbə" kimi Musiqi və İncəsənət fakültəsində təhsil alamağa başlayıb.

2005-ci ilin fevral ayında Cem Adrianın ilk albomu işıq üzü görüb. Albom Ben Bu Şarkıyı Sana Yazdım adlanırdı. Bu alboma Adrianın 1997–2003-cü illər ərzində özünün studioda yazdığı mahnılar daxil idi. Bu demo albom 16 000 nüsxə ilə satılıb.

2005-ci ildə Cem İstanbulda "Babylon" ilə başlayaraq silsilə konsert proqramları ilə çıxış etmişdir. Eləcə də, Hamburq Bremen Caz Festivalında iştirak etmişdir. 2006-cı ildə ikinci albomu üzərində işləməyə başlamış və həmin ilin noyabrında ikinci albomu Aşk Bu Gece Şehri Terk Edti işıq üzü görmüşdür.

2008-ci ildə o, iki albom çıxarır Essentials / Seçkiler və Emir. Habelə Abdullah Oğuzun Sıcak filmi üçün musiqilər hazırlayır. Məhz həmin filmdə Cem Adrian gənc imam rolunu ifa etmişdir.
Masmavi səma altında, açıq havada, Yaşıl Teatrda Cem Adrian mahnıları ilə bütün miusisisevənlər  sənət və əyləncə dolu bir gecəyə dəvətlidirlər.

Konsert saat 20-də başlayacaq. Biletlərin qiyməti 45-245 azn aralığında olacaq.

Əlaqə telefonu: 
+994 99 333 83 68

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə "Musiqi kimliyimiz" layihəsini növbəti dəfə təqdim edəcək. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan məlumat verilib.

 

20-22 may tarixlərində baş tutacaq layihə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şəmməd qızı Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında nəşr edilib.

 

“Ədəbiyyat və incəsənət”  portal müəllifə müraciət edərək nəşr barədə məlumat əldə edib.

Monoqrafiya AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə çapa tövsiyə olunub. Monoqrafiya fərdi iş planı kimi 2022-2023-cü illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi S.Şərifova tərəfindən yerinə yetirilmişdir.

“Sənətkarın elmi pasportu seriyası”nın 51-ci nəşri olan monoqrafiyanın rəyçiləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Çobanovdur.

Monoqrafiyada Leyla Əliyevanın şeirlərinin rus dilindən Azərbaycan dilinə, türk, rus, belarus və ukrayna dillərində, həmçinin Şərq və Qərb dillərinə tərcümə edilərək təqdim edilməsinin əsas səbəblərinə aydınlıq gətirilir. Şeirlərə dünya dillərində mahnılar bəstələnməsi tədqiq edilir.

 Leyla Əliyevanın poeziyasının qaynaqlarına nəzər salınır. Şairənin poetik nümunələrinin mövzu müxtəlifliyinə və rəngarəngliyinə aydınlıq gətirilir. Leyla Əliyevanın bədii yaradıcılığının problematikası geniş şəkildə əks etdirir. Monoqrafiyada şairənin yaradıcılığında heca vəzninə, sərbəst şeir şəklinə, həmçinin Avropa ədəbiyyatında formalaşan elegiyaya müraciət etməsinin əksini tapması diqqətdən yayınmır. Leyla Əliyevanın poeziyasında doğma insanların bədii obrazları, müəllif “mən”i, lirik qəhrəmanın tərənnümü ilə yanaşı, qadın obrazlarına və körpə dünyasına poetik baxışı və s. əks etdirməsi monoqrafik tədqiqatın elmi yeniliyi kimi maraq doğurur.

Monoqrafiyada Leyla Əliyevanın poetik nümunələrinin bədii dilinin və təsvir vasitələrinin işlənmə xüsusiyyətlərinə nəzər salınması, istifadə etdiyi ritorik suallar, monoloq şəklində müraciəti, simvollar, epitet və təşbehlər, bədii təzadlar, metaforlar, sinonimlər, xitab və s. məqamların incələnməsi də diqqətdən yayınmır. Leyla Əliyeva poeziyasının Azərbaycan dilinə çevrilməsi prosesində yaranan tərcümə problemlərinə nəzər salınır. Tərcümə nəticəsində baş verən dəyişikliklərin bədii nümunələrin problematikasında, vəznlərində əks olunması faktına aydınlıq gətirilməsi də maraq doğurur.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Dmitri Solntsevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

DMİTRİ ALEKSANDROVİÇ  SOLNTSEV

(15.04.1995.-24.10.2020.)

 

Bakı şəhərində doğulmuş, Rus əsilli,  Nəsimi rayonundakı 240 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Qubadlı rayonu

Dəfn yeri:  İkinci Fəxri Xiyaban

 

 

Dmitrinin bacısına xəyali məktubu:

 

-Millətim rus olsa da mən bu yurdun oğluyam,

Bakı mənim ürəyim, Azərbaycan canımdır.

Bakıda doğulmuşam, Vətənimə bağlıyam,

Çörəyi bal kimidir, havası dərmanımdır.

 

Bakının küçələrin dostlarımla  gəzmişəm,

Neçə azərbaycanlı mənə mehriban sirdaş

Birlikdə  göy Xəzərdə fərəh ilə üzmüşəm,

Onlara söyləyirəm, ürəklə, “Brat”, “Qardaş”.

 

ADNSU-nun fərqlənmə diplomunu almışam,

Heç zaman tərk etmərəm mən anamı-Vətəni,

Meylimi bu  şəhərə, Bakımıza salmışam.

Cavabın verəcəklər törədənlər fitnəni.

 

Bacım, salamat qalın, gedirəm Qarabağa,

Paşamızın1 qisası tezliklə alınacaq.

Az qalıb, qovuşacaq yurdimuz gözəl çağa,

Xankəndində, Şuşada himnimiz çalınacaq.

 

1-Paşamız-General Polad Həşimov

 

 

           ƏHSƏN, DMİTRİ

 

Könüllü əsgər oldun əhsən, Dmitri, sənə,

Döyüşdün Füzulidə, Hadrutda, Zəngilanda.

Necə ürəklisənmiş, bağlısanmış Vətənə,

Ürəkdən sevinirdin yurd yerlərin alanda.

 

Bu torpaqda şəhidlik özü də səadətdir,

Qubadlının uğrunda candan keçdi Dmitri.

Şəhidlər müqəddəsdir, isanlığa zinətdir,

Onlar qurban gediblər doğma diyardan ötrü.

 

Həmişə dürüst idin, söylərdin həqiqəti,

Fəxri bir sakin oldun sən “Fəxri Xiyabana”.

Gözləyirdin inamla müqəddəs ədaləti,

Unudulmaz oğulsan doğma Azərbaycana.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

 

 

Respublika Gənclər Kitabxanasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ ilə birlikdə görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə  “Cabbarlının ədəbi irsi -varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Cəfər Cabbarlı yaradıcılığının yeniyetmə və gənclər arasında təbliği, əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak edib.

Tədbirə Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. 

Kitabxananın Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsinin müdiri Qənirə Mustafayeva 1937-ci ildən  Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilən,  kitabxananın hazırladığı elektron məlumat bazası və ədibin 125 illik yubileyi ilə əlaqədar yenidən çap edilməsi nəzərdə tutulan biblioqrafiya haqqında məlumat verib. Azərbaycan xalqının milli – mədəni sərvətinin, yüzilliklərlə ölçülən qədim tarixə malik mədəniyyətininin, ədəbiyyatının təbliği,  gələcək nəsillərə ötürülməsi istiqamətində kitabxanaların rolunun əvəzsiz olduğunu bildirib.

4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Bədii yaradıcılıq şöbəsinin metodisti Məhsəti Məmmədova  Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq onun XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, qadın azadlığı mövzusuna həssas münasibət bəslədiyini, çoxşaxəli ədəbi və ictimai fəaliyyəti boyunca xalqımızın maariflənməsi,  onu cəhalətə, ətalətə sürükləyən məhdudiyyətlərdən azad olması yönümündə əzmkarlıqla çalışdığını bildirib.

Ümummilli Lider Heydər Əliyevin görkəmli dramaturqun bədii yaradıcılığını, ictimai fəaliyyətini daim yüksək qiymətləndirdiyini, Cəfər Cabbarlı ədəbi irsini qorunub saxlanılması, xatirəsinin əbədiləşdirilməsinə xüsusi qayğı ilə yanaşdığını vurğulayaraq, bu ənənənin cənab Prezident İlham Əliyev tərəfindən də uğurla dava etdirildiyini bildirib.

Tədbirdə İnkişaf Mərkəzinin “Bədii qiraət” və “Məktəb teatrı” dərnəklərinin üzvlərinin iştirakı ilə Cəfər Cabbarlının “Firuzə” hekayəsi əsasında hazırlanan tamaşa nümayiş etdirilib şeirlərindən parçalar səsləndirilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

7 -dən səhifə 1475