Super User

Super User

Çərşənbə, 15 May 2024 14:40

Erməni pasiyent və həkim

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Bu günün işini sabaha qoyma. Ondansa bölgü apar: sabaha, biri günə, ta biri günə…

 

2.

Yaddaşımdan heç bir şikayətim yoxdur. Bəlkə də olur e, amma unuduram.

 

3.

Üzümün dadını bilmək üçün vacib deyil ki, kisədəkilərin hamısını yeyəsən. (Qadınlar barədə şərq aforizmi)

 

4.

Oğul böyüt, ağac ək və ev tik qaydalarını saxlanılan nikahdankənar qadınlar, ekoloqlar və inşaat materialları satanlar uydurub.

 

5.

Kim risk eləmirsə, o valeriyanka içmir.

 

6.

Yəhudi lətifəsi.

Bir erməni özünü qaçaraq klinikaya aallb deyir:

-Doktor, məni təcili axtalayın.

Həkim təəccüblənir:

-Siz nə danışırsız? Bu çox mürəkkəb bir əməliyyatdır. Təcili mümkün deyil.

-Yox e, doktor, öldü-qaldı məsələsidir, bu dəqiqə əməliyyata girməliyəm. Sizə ikiqat pul ödəyəcəm.

Həkim onu əməliyyata salır və narkoz altında axtalayır. Erməni narkozdan ayılanda həkim soruşur:

-Lütfən deyin, bu tələskənlik nə üçün idi?

-Doktor, mən bir yəhudi qızı elə evlənirəm.

-Sizə axı sünnət lazım idi.

-Bəs mən nə dedim ki? 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Toyuq ətindən küftənin 

hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR (nüsxə):

§ Toyuq filesi – 130 qr

§ Kartof – 125 qr

§ Düyü – 22 qr

§ Yumurta – 40 qr

§ Soğan – 17 qr

§ Un – 22 qr

§ Albuxara – 11 qr

§ Alça qurusu – 11 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

   § keşniş – 10 qr

 

HAZIRLANMASI:

Toyuğun döş əti yuyulur, doğranır. Xırda doğranılmış soğan, bişirilmiş kartof, düyü, yumurta, un ətlə qarışdırılır. Hazırlanmış ət kütləsindən küftələr düzəldilir, içərisinə albuxara və ya alça qurusu qoyulur, hinduş- kanın işgənəsində bişirilir. Süfrəyə veriləndə üzərinə keşniş səpilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Çərşənbə, 15 May 2024 15:05

BİR SUAL, BİR CAVAB Qulu Ağsəs ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

 

Bu beşgünlük dünyada ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,

Arzu dediyin can evində ən şuluq kirəkeşdi. ( Qulu Ağsəs)

 

Qulu bəy, bu şuluq kirəkeşin gözləri doyurmu? Yoxsa, onun gözləri doysa, həyat anlamını itirmiş olar?

 

CAVAB:

 

Bilirsiniz, əslində, can evi özü də bu dünyada qonaqdır və arzu bu qonaq evinin qonağıdır. Yəni, kirəkeşin kirəkeşi, ikisi də keçib gedir; can evi də, elə arzular da. Bunların ikisinin də gözü, yəqin ki, heç vaxt doymayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

3

 

Hərbi hospital.

Səhər artıq açılıb.

Elşadın bacısı əsgər Rüstəmzadənin çarpayısının kənarındakı kətildə oturub. Tibbi monitorda əsgərin sağ olması və nəbzinin normal dinamika ilə vurması diqqəti çəkir.

Reanimasiya şöbəsinin həkimi ağır xəstələrin yatdığı palataya daxil olur.

Elşadın bacısı həkimi görüb ayağa qalxır.

Həkim sevinə-sevinə: – Sən mələksən, ya insan?

Elşadın bacısı: – Mən sadəcə tibb bacısıyam, İmran doktor. Ömrü verən də, alan da Allahdır.

Həkim üzünü əsgər Rüstəmzadəyə tutur: – Səni həyata qaytaran bu mələyin adı Ceyrandır. Bunu heç zaman unutma, əsgər!

Əsgər Rüstəmzadə yenicə açılmış iri mavi gözləri ilə Elşadın bacısına sevgi dolu baxışlarla baxır.

 

 

***

 

Elşad, nəhayət ki, Xındırıstan tərəfdən Ağdama gedən yolun üstündə qurulmuş hərbi posta yaxınlaşır.

Qaydalara görə iki silahlı Azərbaycan əsgəri onu postda saxlayıb maşından düşürür.

Əsgərlər əvvəlcə maşının yüklüyünü yoxlayırlar. Sonra onlardan biri maşının arxa qapısını açır. Elşadın döşəyin üstündə uzadılmış kəfənə bükülü “atasını” görən kimi geri qayıdıb bərkdən Elşada: “Əllərini yuxarı qaldır!” – qışqırır.

Elşad əllərini yuxarı qaldırır.

İkinci əsgər postdan bir qədər kənardakı təpədə yerləşən qərargahla ratsiya vasitəsilə əlaqəyə girir.

İkinci əsgər: – Cənab mayor, təcili bura gəlin!

Çox keçmir mayor rütbəli hündürboy bir hərbçi Elşadın maşınına yaxınlaşır.

Birinci əsgər maşının arxa qapısının ağzında dayanıb.

Birinci əsgər mayora Elşadın kəfənə bükülmüş atasının cəsədini göstərir!

Mayor cəsədə diqqətlə baxdıqdan sonra maşının qapısını bağlayır. Və sakit-sakit Elşada yaxınlaşıb onun əllərini əliylə aşağı salır.

Mayor: –  Kimdir o?

Elşad: –  Atamdı!

Mayorun üzündə qorxu ilə təəccübün qarışığından yaranan qəribə bir ifadə əmələ gəlir.

Mayor: – Hara aparırsan atanın sümüklərini?

Elşad: –  Ağdamda basdırmağa!

Mayor: –  Necə yəni?

Elşad: – Ağdamlıyıq da, cənab mayor! Olmaz atamı doğulduğu kəndində basdırım?

Mayor: – Olar! Amma qanun icazə verirsə, olar. Vermirsə, olmaz. Bərdədən gəlirsən, ya sərhəd kəndlərdən?

Elşad: – Daşkəsəndən gəlirəm! Ora düşmüşdük!

Mayor: – Daşkəsəndə qəbiristanlıq yox idi?

Elşad: – Vardı! Atam vəsiyyət eləmişdi. Tərsa qəbrə basdırmışdıq. Ölüm kağızı daxil ellik sənədləri də məndədir. Göstərim?

Mayor: – Səni şübhəli şəxs qismində saxlayıram. Lazımi yerə təhvil verəcəm. Sənədləri orda göstərərsən! Mənə göstərmə. Mən heç bir qərar vermirəm. Verilən qərarları icra edirəm!

Elşad: – Cənab mayor, indi bu nə deməkdir? Mən Ağdama qayıtmaq istəyirəm deyə şübhəli şəxs oldum?

Mayor: – O, hələ araşdırılacaq!

Mayor sözünü bitirib Elşadın maşınının sükanı arxasına oturur. İkinci əsgər Elşadı öz maşınının qabaq oturacağına əyləşdirir. Özü isə arxada cəsədin yanında oturur. Və əlindəki silahı Elşadın boynuna dayayır.

Mayor maşının mühərrikini işə salır.

Maşın geriyə, Bərdəyə tərəf yol alır.

 

 

***

 

Elşad hərbi müstəntiqin otağındadır.

Onunla üz-üzə oturub.

Müstəntiq təxminən Elşad yaşda, cavan oğlandır.

Müstəntiq: –  Adınız?

Elşad: –  Elşad!

Müstəntiq: –  Soyadınız?

Elşad: – Səfərov.

Müstəntiq: – Atanızın adı?

Elşad: – Qafar!

Müstəntiq: – Hərbi rütbəniz?

Elşad: – Gizir!

Müstəntiq: – Sizə məxsus olan 1964-cü ildə istifadəyə verilmiş “QAZ 69” markalı maşının arxa oturacağında bir ədəd kişi meyiti aşkar olunmuşdur. Siz cəsədin kimliyini araşdıran müstəntiq qrupuna ilkin istintaq zamanı ifadə vermisiniz. Və demisiniz ki, maşında aşkar olunmuş kişi meyiti sizin atanıza məxsusdur. Onu özünüz öz iradənizlə qəbrindən çıxarmısınız. İndi bu ifadəni təsdiq edirsizmi?

Elşad: – Bəli, edirəm. Mən öz əlimlə atamın meyitini Daşkəsən qəbiristanlığındakı qəbrindən çıxarıb Ağdamda dəfn etmək üçün anamın iştirakı ilə maşınıma qoymuşam. Cəsəd erməni cəsədi deyil. Digər azərbaycanlıya da aidiyyəti yoxdur. Öz halal atamdır. Mən onun son arzusuna, vəsiyyətinə əməl edirəm. Bu isə mənim hüququmdur!

Müstəntiq: – Biz sivil dünyada yaşayırıq, Elşad! Dünyanın hüquq institutları, digər beynəlxalq təşkilatlar qarşısında müəyyən öhdəliklərimiz var. Müharibə zonasında qəbir yeri dəyişmək beynəlxalq hüquq normaları ilə tənzimlənir. Hər bir məcburi köçkünün, – istər ölü olsun, istər diri olsun, – fərqi yoxdur, öz vətəninə qayıtması və yerləşdirilməsi münaqişə tərəflərinin, sülhə cavabdeh olan sülhməramlı qüvvələrin və nəhayət, ATƏT nümayəndələrinin razılığı ilə həyata keçirilməlidir. Mən sizin ənənəyə söykənən milli hisslərinizi anlayıram. Atanızın vəsiyyətinə də hörmət edirəm. Sizin əməllərinizdə cinayət tərkibi də görmürəm. Bununla belə, yenə sizi Ağdama buraxa bilmərik! Həm də qarşı tərəf Ağdamı və onun ətraf kəndlərini minalayıb. Sizin təhlükəsizliyinizə də zəmanət verə bilmirik!

Elşad: – Sən hansı institutda oxumusan?

Müstəntiq: – Harvardda!

Elşad: – O dəqiqə bilinir ki, bizim reallıqdan uzaq adamsan. İndi mən qəbirdən öz əlimlə çıxartdığım atamı hara qoyum? Harda saxlayım? Soyuducuda? Bilirsən qəbirdən çıxarılmış adama Azərbaycanda nə deyirlər?

Müstəntiq: – Sizi deyə bilmərəm, amma atanız üçün bunun elə də bir böyük fərqi yoxdur! Bir də, bunu atanızı qəbirdən çıxartmamış düşünməliydiniz. İndi yox!

Elşad: – Olar mən gedim?

Müstəntiq: – Hələ ki olmaz! Siz şübhəli şəxs qismində saxlanmısınız! Bir kiçik detalı istintaq zərurəti kimi dəqiqləşdiririk. Atanızın sümüyündən götürülmüş fraqmentin cavabı gəlməyincə, sizinlə onun qohumluq əlaqələriniz təsdiqlənməyincə müvəqqəti təcridxanada saxlanmalı olacaqsınız! Sizinlə atanızın DNK-sını Tiflisə göndərmişik. Əgər o maşındakı cəsəd atanız çıxsa, heç. Çıxmasa, sizə qarşı cinayət işi açacağam! Digər detalları da araşdıracağam!

Elşad: – Rəhmətlik danışa da bilmir ki, kimliyini özü təsdiqləsin! Siz də toxtayın. Mən də!

Müstəntiq: – Sizi təbrik edirəm. Müasir elm ölüləri danışdırır. DNK-nın cavabı gələnə qədər kamerada gözləməli olacaqsınız.

Elşad: – Mən başqasının ölmüş atasını maşınımda daşıyan oğula oxşayıram?

Müstəntiq: – Açığını deyim, birinci dəfədir ki, maşınında beş-altı ilin meyitini gəzdirən adamla üzləşirəm. Ona görə də sizin haqqınızda hələ heç bir söz deyə bilmərəm! Müqayisəyə gəlmirsiz e...

Elşad: – Mən, sadəcə, atama söz vermişdim!

Müstəntiq: – Sözünüzü unudun getsin! “Söz vermək” hüquqi normativ deyil. Folklordur! Sizi kameraya qədər ötürəcəklər!

Müstəntiq masasının altındakı düyməciyi basır. Otağa iki əsgər daxil olur.

Onlar Elşadı araya alıb dəhlizə çıxarırlar.

Elşad iki əsgərin müşayiəti ilə dəhlizlə gedir...

 

 

***

 

Elşad müvəqqəti təcridxananın kiçik nəfəsliyindən görünən tozlu Ağdam yoluna baxa-baxa yanıqlı səslə “Qarabağ şikəstəsi”ni oxuyur. Onun yanıqlı səsi var:

 

Könlümün sevgili məhbubi mənim

Vətənimdir, vətənimdir, vətənim.

Vətənim verdi mənə nanu nəmək,

Vətəni bunca unutmaq nə demək?

 

Həbsxanada saxlanılan dustaqlar və keşikçilər onun ürəyəyatımlı səsinə vurğunluqla qulaq asırlar.

Elşad şikəstəni bitirir.

Elşadın kamerası...

Pəncərənin o tayından kiminsə səsi eşidilir.

Səs: – Ağdamlısan?

Elşad: – Hardan bildin?

Səs: – Nəfəsindən!

Elşad: – Ermənilər nəfəs qoydular bizdə?

Səs: – Nə qulluq edim sənə?

Elşad: – İmkanın varsa, bax gör atam maşında neynir? Üstü açılıbsa, sən Allah, ört!

Səs: – Bu dəqiqə baxaram! Arxayın ol!

Elşad: – Üstünü ört ha. Üşüyər!

Bir müddətdən sonra yenə həmin səs eşidilir: – Yun örtüyümü də örtdüm üstünə. Arxayın ol. Lap yaxşıdı. Özünə bax!

Elşad: – Allah səndən razı olsun, ay qardaş! Adın nədir?

Səs:– Adım Orxandı!

Elşad: – Sağ ol, ay Orxan!

Səs: – Nəfəsini qoru!

Elşad: – Sən də!

 

 

***

 

Daşkəsən. Qaçqın şəhərciyi. Seyidin evi.

Elşadın anası Seyidin arvadı ilə yerə döşənmiş xalça üzərində çiyin-çiyinə oturublar. Kürəkləri divara söykənib. Qarşılarına süfrə sərilib. Çay içirlər. Bir qıraqda taxta kötük üstə samovar burum-burum tüstüləyir. Seyid də evdədir. Qadınlarla üzbəüz qoyduğu hündür kətil üstündə oturub. Əlindəki telefonla Elşada zəng vurur. Telefonu açıq olsa da, o, cavab verilmir.

Elşadın anasının narahatlığı üzündən bilinir.

Seyid bir müddət telefonu qulağından çəkmir. Sonra Elşadın telefonu götürmədiyini yəqin edib əlini məyus-məyus aşağı salır.

Seyid: – Götürmür nəsə!

Elşadın anası: – Axırıncı dəfə dünən səhər-səhər danışdıq. Çox diqqətli uşaqdır. Ola bilməz ki, gün ərzində mənə zəng vurmasın. Başında nəsə bir iş var, ürəyimə damıb. Minaya-zada düşər e birdən. Dilim-ağzım qurusun. Evim yıxılar! Gecə növbəsində olanda mənimlə bəlkə beş dəfə danışır. Təzyiqimi soruşur. Nə yediyimə qədər öyrənər. O ola, gün ərzində mənim kefimi soruşmaya? Yox, Elşadın başında yüz faiz nəsə bir iş var!

Seyidin arvadı: – Bəlkə əsir düşüb?

Seyid hirslənib ayağa qalxır: – Tövbə, əstəğfürullah. Ya səbir. Bir az təmkinli olun da. Əvvəla, Elşad uşaq deyil. Ağdam da Daşkəsən bazarı deyil. On dəqiqəyə göyərti alıb qayıdasan geri. Ağdama gör nə qədər postdan keçib gedirsən! Görünür, elə yerdədir ki, telefonu tutmur da. Bəlkə elə ətrafında ermənilər var deyə telefonun səsini özü alıb. Bir dayanın da. Ancaq pis şey düşünürsüz! Bir dəfə də yaxşıya yozun da işi...

Seyidin arvadı: – Adam basdırmaq nə çətin işdir ki... Beli vurdun, yeri qazdın! Qulayladın ora, qayıtdın gəldin. Daha nə uzadırsan axı? Bəs anan yazıq deyil? Demirsən ürəyi partlayıb ölər? Anadır axı bu yazıq...

Seyid: – Tövbə, əstəğfürullah!” – deyib otaqdan çölə çıxır.

Elşadın anası yaylığının ucuyla gözünün yaşını silib armudu stəkandakı çayından bir qurtum da içir.

Seyidin arvadı: – Ürəyini üzmə. Elə bax bu gecə bir də görəcəksən ki, oğlun qayıdıb gəlib! Evə gedib görəcəksən ki, oturub... evdə... Nə bişirmisən?

Elşadın anası: – Ətsiz borş!

Seyidin arvadı: – Görəcəksən ki, oturub evdə ətsiz borşunu yeyir. Sən onun gəlməyini lap ürəkdən istə. Onda gələcək! Ürəkdən istənilən arzu gec-tez çin olur. Mən dəfələrlə sınamışam.

Elşadın anası: – Allah ağzından eşitsin, ay Rəhimə bacı!

 

Elşad bizə artıq tanış olan gənc müstəntiqin otağında ayaq üstə dayanıb. Yanında bir keşikçi də var.

Üzünü tük basıb. Hiss olunur ki, azı bir beş-altı gündür buradadır.

Müstəntiq də ayaq üstədir.

Əlindəki kağızdan Elşadın əmrini oxuyur.

Müstəntiq: – “Səfərov Elşad Qafar oğlu ilə Səfərov Qafar Abbas oğlu arasında qohumluq əlaqəsinin olub-olmaması zəminində aparılmış olan qan təhlili ilə bağlı ekspertizanın yekun qərarı. Şübhəli şəxs qismində saxlanılmış Elşad Qafar oğlu Səfərov ilə onun UAZ markalı maşınının arxa oturacağında aşkar edilmiş kişi cəsədinin sağlığında sahibi olan Səfərov Qafar Abbas oğlu arasında birinci dərəcəli qohumluq əlaqəsi aşkar edilmişdir. Faiz etibarı ilə yüz faiz. İmza: Professor Qiya Mepisaşvili. Tiflis şəhəri. İki min iyirmi birinci il”.

Elşad: – İndi bu nə deməkdir?

Müstəntiq: – İndi bu o deməkdir ki, maşında aşkar olunmuş cəsəd, həqiqətən də, sizin atanıza məxsus imiş. Və Azərbaycan hüquqi bu faktı tanıyır. Siz artıq cinayətkar deyilsiniz. Sadəcə, atasını vətəninə aparıb basdırmaq istəyən ifrat heysiyyətli vətəndaşsınız!

Elşad: – Bunu mən sizə özüm demişdim də. Gürcülərə bir də niyə zəhmət verirdiniz?

Müstəntiq kağızdan əmrin gerisini oxuyur: – Bax, bu hissə isə tam sizə aiddir. “Şübhəli şəxs qismində saxlanılan Elşad Qafar oğlu Səfərovun üzərindən ilkin istintaq zamanı irəli sürülmüş ittiham geri götürülsün. Atası ilə bağlı söylədiyi etiraflar gerçək fakt kimi qəbul edilsin”. – Müstəntiq əlindəki kağızı mizin üstünə atır: – Uzun sözün qısası. Azadsınız! Geriyə dönə bilərsiniz. Bir neçə aydan sonra atanızın cənazəsini hörmət-izzətlə gətirib Ağdam şəhərində sakitcə basdıra da bilərsiniz. Hələlik isə geri qayıdın. Daşkəsənə.

Elşad: – Necə yəni?

Müstəntiq yaxınlaşıb Elşadı qucaqlayır...

Müstəntiq: – Atanızı da götürün, Daşkəsənə qayıdın. Tələb budur. Əmr budur!

Elşad danışmaq üçün ağzını açıb nəsə demək istədiyi zaman müstəntiq əliylə onun ağzını tutur.

Müstəntiq: – Geriyə dön və qapıdan çölə çıx. Axtarsam, əməllərində cinayət tərkibi də taparam. Qayıt Daşkəsənə!

Elşad başını aşağı salıb dinməzcə keşikçinin müşayiəti ilə otaqdan çölə çıxır.

 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Poertik Qiraət rubrikasında Elxan Yurdoğlunun şeir  növbəsi davam edir.

Xoş mütaliələr

 

 

SƏNƏ BİR MƏKTUB YAZDIM

 

Sənə bir məktub yazdım,

Tələsmirəm göndərəm,

Hələ zərfə qoymuram.

Məktubun hər sətrində

Sənin gülüşlərin var –

Oxumaqdan doymuram.

 

Sənə bir məktub yazdım,

Hər sirrim içindədi –

Oxumaqçün darıxma.

Bir sevda gizlətmişəm,

Hər gün zərfi sığalla,

Mən ölməyincə baxma.

 

Sənə bir məktub yazdım,

Min məktuba əvəzdi...

Min romana, min şeirə.

Soruşma bu dövrdə

Məktub da hardan çıxdı,

Nə oldu birdən-birə!?

 

Sənə bir məktub yazdım,

Nədən korluq çəkdimsə,

Səndən umub yazmışam.

Hər cümlədə dolmuşam,

Sıxmışam gözlərimi –

Bərk-bərk yumub yazmışam.

 

Sənə bir məktub yazdım,

Bir ildi hər gün bir az

Hərf-hərf yazmışam.

Xəttim pisdi, amma ki,

Sənə yazıram deyə,

Elə zərif yazmışam.

 

Sənə bir məktub yazdım,

Ünvanın yox... Boş qalsın

Zərfin üstündə: Hara...

Bəlkə, uzaqlardasan?

Bəlkə, elə üstünə

Yazım ki: "Uzaqlara".

 

Sənə bir məktub yazdım,

Bir qərar da vermişəm –

Göndərəcəm hər yana.

Yəqin ki, biri mütləq,

Bir şəkildə çatacaq

Sən yaşayan ünvana.

 

Sənə bir məktub yazdım,

Çatmasa da, sevənlər

Bir-birinə oxuyar.

Amma səhər yuxudan

Duran kimi bu şeiri

Birinci sən oxu, yar...

 

Sənə bir məktub yazdım,

Tələsmirəm göndərəm,

Hələ zərfə qoymuram.

Məktubun hər sətrində,

Sənin gülüşlərin var –

Oxumaqdan doymuram.

 

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış edirəm.

Buyurun, faydalanın.

 

      Ət və süd məhsulları

 

1.     Qırmızı ət (Omeqa-3 vitamini ilə zəngindir, protein və B 12 vitamininin mənbəyidir, bədəni gücləndirir).

2.     Yoqurt (bu turş süd məhsulu adi südün bütün müsbət xüsusiyyətlərini qoruyub saxlayır, üstəlik, tərkibindəki faydalı bakteriyalara görə həzm prosesini də yaxşılaşdırır).

3.     Süd (Kalsiumun ən yaxşı mənbəyi, eləcə də vitamin və mineralların, protein və sağlam yağın mənbəyidir, faydalı bakteriyalarla boldur).

4.     Yumurta ( yağ turşuları, B qrupu vitaminləri ilə zəngindir, ən sağlam, ən qüsursuz qidalardan hesab olunur, beyni və göz sağlamlığını gücləndirir).

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elmir Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

ELMİR ARZU OĞLU MƏMMƏDOV

(03.06.1999.-27.09.2020.)

 

Salyan rayonunun Xocalı kəndində doğulmuş, Salyan şəhər 1nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Daşkəsən rayonu

Dəfn yeri:  Salyan rayonu, Xocalı kəndi

 

ELMİR ÜRƏKLƏRDƏDİR

 

Sizə, Elmir haqqında dinləyin, açım söhbət,

Ona da nəsib olub gənc yaşında şəhadət.

Elə igid idi o, elə qoçaq idi o ,

Qəlbi sevgiylə dolu, kindən uzaq idi o.

 

Salyanda doğulmuşdu, Kür çayı sahilində,

Bir şirinlik var idi, körpəlikdən dilində.

Orta məktəbi Elmir oxudu, vurdu başa,

Ali məktəbə girdi sevincdən döndü quşa.

 

Mühəndis-energetik olmaq üçün, durmadan

 Çalışdı, “Əla”larla verdi neçə imtahan.

Nəhayət bəhrə verdi əziyyəti, zəhməti,

ADNSU-nun diplomu oldu onun qisməti.

 

Əsgərlik vaxtı çatdı, getdi hərbi xidmətə,

Kişilik məktəbində tab etdi şox zəhmətə.

Bilirdi vaxt gələcək hücuma keçəcəyik,

Xain soysuz yağını məhv edib biçəcəyik.

 

Bu yolda şəhid olmaq, qazi olmaq xoşbəxtlik,

Düşməndən şəhidlərin qanın almaq xoşbəxtlik.

Yetişdi o vaxt-vədə... Elmirgil qabaqdadır,

Əsgərlər şirə dönüb hamısı yaraqdadır.

 

Tapşırıq verilibdir, alınmalı Murovdağ,

Silahlar şaqqıldayır, səs gəlir, taraq-taraq.

Artilleriyaçıydı, döyüşürdü qorxmadan,

Elmirə güç-qüvvəti vermiş idi yaradan.

 

“Vətən sağ olsun”- deyib son anadək vuruşdu,

Uca, ali məqama şəhidliyə qovuşdu.

Heç zaman unudulmaz yaşayanlar qeyrətlə,

Elmir ürəklərdədir, xatırlanır hörmətlə.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Ümummilli lider Heydər Əliyev barədə yazılardan ən maraqlı məqamları seçərək sizlərə təqdim edir.

 

 

“...Tufanların tüğyan elədiyi müasir dünyaya Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı belə şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb bir tarixi məqamda göndərir. O, ciddi böhranları dəf edib hamısına mətanətlə sinə gərmiş, onu mənən və cismən məhv etmək üçün göstərilən bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır” (Fransanın “Kuryer İnternasional” jurnalı, 2003-cü il, may).

 

***

 

“...1992-ci ildə ABŞ-da “Azərbaycan türkləri” adlı zəngin qaynaqlara əsaslanan fundamental monoqrafiya çap etdirmiş tarixçi-alim Odri Aldstadt kitabının “Azərbaycanda Heydər Əliyev erası” adlı fəslində Azərbaycan KP MK-nın ozamankı birinci katibinin təşəbbüsü ilə Cavidin cənazəsinin uzaq Sibirdən Azərbaycana gətirilməsini ölkədəki müstəqillik arzularının və milli-azadlıq hərəkatının başlanğıcı kimi səciyyələndirir” (V. Quliyev. Heydər Əliyev və klassik ədəbi irsimiz // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 1998, s.98).

 

***

 

“Bir dəfə görkəmli aktyorumuz Nodar Şaşıqoğlu (1927-2013) Heydər Əliyevə yarızarafat-yarıciddi demişdi ki, məndən muğayat olun, yəqin, gec-tez sizin rolunuzu da oynayacağam. Heydər Əliyev də gülərək elə eyni tərzdə dərhal cavab vermişdi ki, öz rolumu mən özüm oynayıram, bu rolun da öhdəsindən mənim kimi gələn olmaz”.

 

***

 

“Heydər Əliyevin istənilən ədəbi abidə və istənilən qüdrətli ədəbi simaya verdiyi qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı, peşəkar ədəbiyyatşünas sözündən daha sərrast olması onun miqyaslı düşüncəsi ilə bağlıdır. Geniş bilik və dərin təfəkkür sahibi Heydər Əliyev hər ədəbi şəxsiyyət və ədəbi incini yalnız bir fərd olaraq görmür, bütöv Azərbaycan tarixinin işıqlı zərrəsi olaraq çox ucalardan seyr etməyi bacarırdı” (R. Hüseynov).

 

***

 

“Qurultayda Heydər Əliyevin çıxış etdiyi iclası mən aparırdım və belə bir replika atdım: – Heydər müəllim, bir dəfə “Ən böyük dissident elə mən özüm olmuşam” dediniz. “Tamamilə doğrudur” – dedi Heydər Əliyev və: – “Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1969-cu ildən 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim” (Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” kitabından).

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın Aşıq Ələsgər yaradıcılığına baxışını sizlərə təqdim edir.

 

AŞIQ ƏLƏSGƏR ŞEİRİNDƏ HƏRFLƏRİN VƏ SÖZLƏRİN DİLİ

 

Şeir sənətinin qədim zamanlardan bu günə kimi simvolik bir dil olduğunu qəbul etmək sözlərin assosiasiyalar və xatirələrlə bağlıdır. Sözdə ən kiçik işarə vahidi olan hərflər şairlərə həm səs alliterasiyası, həm şəkil dəyər, həm də məna mənbə kimi ifadə imkanı verməklə onun dilindəki müstəqim və məcazi mənaları daha yaxşılaşdıran əsas ifadə alətlərindən biri olmuşdur. Hərf sirli bir məna daşıdığı inancı, şəkilli yazı kimi tanınan ilk hərf sistemindən Kabbala simvolizminin yüksək prosesinə qədər xüsusi bir dil olan poeziya dilinə sıx təsir göstərmişdir. Günümüzdə bəzi əşyalar (dini-fəlsəfi yazılarda, əvvəlki şeirlərdə, loqo və s.) hərflər, ulduz və ya başqa işarələr bu anlama, anlatma metodunun yaşadıqlarını və daha da davam etməyi göstərir. Bu düşüncədəki ülvilik poeziya mədəniyyətimizdə hürufilik və əbcəd hesab etiqadıyla uzun müddətə saxlanılmışdır.

Aşıq Ələsgər şeirində həm poetiklik sahəsi, həm də ustadın səsi, nəfəsi, mənəviyyatı, dini-əxlaqi nümayişləri kimi özünü göstərə bilər bu qaydada Azərbaycan-türk ədəbiyyatının əsrlər boyu davam edən ənənələrinə bir baxış bucağı, öz inkişafını nümayiş etdirən, müxtəlif mövzularda məlumat vermək kimi sənət anlayışını şərtləndirən amillərdəndir. Bu üsuldan da istifadə edilən şeirni “Allahın adı ilə” üzə çıxarılmışdır.

 

İbtidadə “əlif” – Allah,

“Bе” – birliyə dəlalətdi.

“Tе” – təkdi vahidi-yеkta,

Arif bu еlmə bələddi.

“Sе” – sabitdi doğru yola,

“Cim” – ucadı, bax calala,

“Hе” – mеhribandı halala,

Münkir ondan xəcalətdi.

“Xе” – birdi xaliqi-əkbər,

“Dal” – doğru doqquz fələklər,

“Zal” – zikr еylə dildə əzbər,

“Rе” – rəsulumuz Əhməddi.

 

“Zе” – zəbanı aç xudaya,

“Sin” – salam еt, gеtməz zaya,

“Şin” – şövq еlə o mövlaya,

Qеyri söhbət məsiyətdi.

“Sad” – səbri şahi-hеydərə,

“Zad” – zərbin vurdu Əntərə,

“Ta” – tərif çıxdı göylərə,

Ağam kani-şücaətdi.

“Za” – zülm еdəcək düşmənə,

“Еyn” – həyati-çеşmanə,

“Ğеyn” – ğül-ğüli-dövranə,

“Fе” – fəna, “qaf” – qiyamətdi.

“Kaf” – “kun” ilə tutub qərar,

“Lam” – lal, nеcə hеsab vеrər,

“Mim” – möminə yol göstərər,

İsmi-paki Məhəmməddi.

“Nun” – nida еylər hər zaman,

“Hе” – hamıya yеtər fərman,

“Vav” – vay dеyər, yatma, oyan,

Sanma səhni-zərafətdi.

“Lam – əlifla” – birdi Allah,

“Yе” – yеkdi adil padişah.

Ələsgər, tutduğun günah

Bağışlansa, çox hörmətdi.

 

Şeirə Allahın simvolu olan “əlif” hərfi ilə başlayan şair bəndlərdə ərəb əlifbasında olan iyirmi səkkiz hərfin hamısını sırası ilə şeirə gətirir. Yazı-pozu bilməyən şairin ərəb əlifbasını bu qədər dərindən duyub hiss etməsi onun təsəvvüfə söykənən yaddaş və bəsirət möcüzələrindən sayılmalıdır. Bu üsul klassik ədəbiyyatda özəl yeri olan “əlifnamələr”in bir başqa formasıdır. İbtida – (başlanğıc, əvvəl). Ustad, “Başlanğıcda Allah vardı, - deyir, yəni Allah əzəlidir, sonrakı hərflər isə özündən sonrakı sözün və ya misradakı digər sözün ilk hərfidir.

Üçüncü bənddəki “doqquz fələk” göyün doqquz qatdan ibarət olmasına işarədir ki, bu, Nizaminin, Nəsiminin və b. poeziyalarında da görülür:

 

Bir günəş qəndilidir göyün doqquz tağında,

Son nəbidir, nəbilər üzüyü barmağında.

… Doqquz fələk qibləsi yolunda taybataydı.

Bu altı günlük nərgiz saçıntək ətir yaydı.

 

Peyğəmbərin adı şeirin bir bəndində Əhməd, digər bəndində isə Məhəmməd olaraq qeyd edilməsi klassik üsluba uyğunlaşdırılmışdır. İslam ədəbiyyatında XXI əsrdən etibarən rast gəlinən “yaşnamələr”, “vücudnamələr”, “həyatnamələr”, “ömürnamələr” janrıdır ki, burada ömrün çağları dördlüklə, bəzən də məsnəvi üslubunda yazılır. Bu janrın başqa bir xüsusiyyəti də odur ki, yazıçının yaşadığı məkanın, eləcə də onun biliyinin və mövzuya münasibətinin təsirini daşıyır. Eyni zamanda, bir epoxa kimi uşaqlıq, gənclik, qocalıq, ahıllıq və yaxud da yüksək məqamın mərtəbələri olaraq təsvir olunur. Bu üslubda, adətən, şairlər tarixdə iz qoymuş böyük şəxsiyyətlərdən və ya keçmişdə yaşayan uzunömürlü insanlardan bəhs edirlər ki, ustad Aşıq Ələsgər də bu ənənəni davam etdirmişdir.

Klassik Şərq poeziyasında ərəb hərfləri öz təsvir forması ilə rəmzi mənalarda müxtəlif bədii bənzətmələr məqamında işlədilir. Məsələn, “əlif” hərfi boy, qamət, “ayn” (eyn) - göz, “kaf” - qaş, “mim” - ağız, “sin” - diş, “dal” - qəddi-qamətin bükülməsini, “nun” - nöqtə və kirpiklər kimi rəmzi mənaları bildirir. Odur ki, həyatın bütün gizlin sirləri hərflərdən yaranan mənalarla aşkar olur. “Allahın adı ilə” şeiri ərəb əlifbasındakı hərflərin müxtəlif forma, simvol, məna və sıralanma xüsusiyyətlərindən istifadə edilərək işlənmişdir. Şeirin özəlliyi isə hərflərin hər birinin mənalandırılmasında Allahın Məhəmməd Peyğəmbərin pak sifətlərinin və Hz.Əlinin səbr və şücaətinin göstərilməsi və İslam dininin qüdrətinin təfsiridir.

Maraqlı da olsa, filoloq alım İman Cəfərov “Aşıq Ələsgər yaradıcılığı və dünya poeziyası ənənələri” adlı məqaləsində şeirdə işlənən əbcəd hərflərinin hürufizmlə bir əlaqəsi olmadığını qeyd edir. O, yazır: “Təbii ki, bu şeiri hürufizmlə də əlaqələndirməyə ehtiyac yoxdur. Sadəcə Aşıq Ələsgər dünyanı gözəl görən və göstərən bir zəka sahibi olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan, eləcə də İnsanlıq təfəkküründə tale ilə razılaşmaq deyilən bir konsepsiya da mövcuddur.

…Aşıq Ələsgərin fikrincə, insanlar kimi, onların taleləri, yaxud aşığın dili ilə desək, bəxtləri də qəflətdə ola bilər, qocala bilər, küsə bilər və s. Ələsgər görə, bəxti dəyişməyin yolu haqqa tapınmaq, haramdan əl çəkməkdir.”

Şeirinin digər bir bəndinə nəzər salaq:

 

“Sad” – səbri şahi-Hеydərə,

“Zad” – zərbin vurdu Əntərə 1 ,

“Ta” – tərif çıxdı göylərə,

Ağam kani-şücaətdi. 2

 

Bu bənddə “Sad” – səbri şahi-Hеydərə” misrası ilə şair “Qurani-Kərim”in 38-ci surəsi olan “Sad” surəsinə diqqət çəkir ki, bu surə 87 ayədən ibarətdir və ümumilikdə “Qurani-Kərim”ə və kitabda adı çəkilənlərə inanmağa, iman gətirməyə çağırır. Adı şərəfləndirilənlərə and içir ki, şərəfli “Qurani-Kərim” insanlara bu dünyada və ruhani həyatda fayda gətirə bilən hər şeyi xatırladır. Və burada Aşıq Ələsgər həmin surənin, daha dəqiq desək, surədəki andın şahi- Hеydərə - Hz.Əliyə səbr verdiyini vurğulayır. İkinci misrada – “Zad” – zərbin vurdu Əntərə” o səbrlə (yuxarıda qeyd edilən) və inancla Hz. Əlinin Əntərə vurduğu zərbəni qeyd edir.

Üçüncü misra – ““Ta” – tərif çıxdı göylərə” “Qurani-Kərim”in 20-ci surəsi olan “Ta-Ha” surəsinə əsaslanır. 135 ayədən ibarət olan bu surə “Ta-Ha” ilə başlayır, “Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd!” ayəsi ilə davam edir. Surə ümumilikdə Allahın sifətlərini vəsf edir.

Bəndin sonunda “Ağam kani-şücaətdi” deməklə, şair Hz.Əlini tərifləyir, onu şücaətin mədən yeri adlandırır, aliliyini, qüdrətini tərənnüm edir, ilahiləşdirilmiş obrazını yaradır. Və həmin ilahiləşdirilmiş obraz - o məqam oxucuya “Allahın bütün özəllikləri insanda birləşib, insanın bütün özəllikləri isə Allahda mövcuddur. Kainat aləmində bir bütünlük vardır, - fikrilə “Ənəl-Həqq” deyən Mənsur Həllacı və onun nurlu, eyni zamanda əzablı yolundan davam edən, Allah – insane vəhdətinin özünüifadəsi kimi “Ənəl-Həqq”i təkrarlayan İ.Nəsimi zirvəsini xatırladır.

 

1 Əntər - Qamus qalasının fəthi uğrunda gedən döyüşlərdə Hz.Əlinin öldürdüyü tanınmış yəhudi sərkərdə

2 Kani-şücaət – şücaət məkanı, şücaətin dolaşan yeri (damarlarındakı qanda şücaətlik var, - anlamında)

 

Aşıq Ələsgər şeirdə hərflərlə müxtəlif elementlər arasında əlaqə qurur. Burada digər şairlərdən fərqli olan odur ki, şair şeiri hərflərin şəkil, forma yox, məna xüsusiyyətlərini nəzərə alaraq qurub. Məsələn, “göz” mənasını verən “eyn” hərfini bəzi şairlərin fərqli metaforalarda işlətməsinə baxmayaraq, o bu hərfə klassik Azərbaycan şairlərinin mənalandırmalarına əsasən yanaşır, açıq və ya dolayısı ilə onlara istinad edir. Bu fikri şeirin bir bəndində izah edək.

Məsələn: ““Za” – zülm еdəcək düşmənə, “Еyn” – həyati-çеşmanə, “ğеyn” – ğül-ğüli-dövranə, “fе – fəna, “qaf” – qiyamətdi.” Bu bənddə “za” - zalım, “eyn” (sözün düzgün yazılışı: ayn) – göz, göz bəbəyi, “ğеyn” – (sözün düzgün yazılışı: ğayn) gözlərin buludlanması, “fе”- (sözün düzgün yazılışı: fə) - pis, yox olma, fanilik, “qaf” – qəfil, qəflət mənalarında işlənmişdir ki, şairin duyğularını belə şərh edə bilərik: zülm edənlər məzlumların gözlərindəki həyat eşqini görməzlər, (onlara davamlı zülm edərlər), onların gözləri buludlanar (qürurlarından: könül sıxıntılarını göstərməmək üçün), qəflət yuxusunda olanlar isə pisliklərinə davam edərlər, amma qiyamət günü mütləq gələcəkdir.

Sonrakı bəndə nəzər salaq: ““Kaf” – “kun” ilə tutub qərar, “Lam” – lal, nеcə hеsab vеrər, “Mim” – möminə yol göstərər, İsmi-paki Məhəmməddi.” “Qurani-Kərim”dəki müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq çoxdur və rəngarəngdir. Məsələn, bir mənbəyə əsasən, “Kün Fe Yekün” ayəsinin mənası ruhani aləmdən maddi aləmə, maddi aləmdən də ruhani aləmə doğru davamlı hərəkəti təsvir edir. Digər bir mənbəyə əsasən, Allahın yaradılış sirrinin nişanəsidir. Təsəvvüf düşüncəsinə görə, bütün varlıq aləmi səslə, kainat isə sözlə ifadə olunur.

“Qurani-Kərim”in təfsirçilərinə görə isə “kaf” hərfi Allahın böyük adlarından olan “Kafi” (kifayət edən) adına işarədir.

Qeyd edək ki, müqəddəs hərf sayılan “Kaf” Nəsimi poeziyasında da əzəli bədii obraz kimi yer tutan iki hərfdən biridir (digəri "nun"dur.) “Kafi nundan vücuda gəldi cahan, Əgər anlar isən, əyandır söz.” Göründüyü kimi, “Kaf” Nəsimi şeirində sözün amalı, cahanın və cahandakı bütün surətləri təsvir edən ilk bənzərsiz obrazdır ki, Aşıq Ələsgər də bu ənənəyə, bu inanca bağlı olaraq, şeirdə bədii ifadə üsullarını daha da zənginləşdirmək baxımından bu kimi yaradılışa dair dini-mistik təsəvvürləri öz poeziyasında istifadə etmişdir.

“Kun” – “ol” hikmətinin anlamı “Qurani-Kərim”in yayılmasında ən çox istifadə edilən meyardır. “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” - deyər, o da (fövrən) olar.” (Bəqərə Surəsi, 117-ci ayə)

“Lam” “Yunus” surəsinin birinci ayəsindəki ikinci hərf-sözdür (Əlif, Lam, Ra.) ki, ayə ümumilikdə müşrikləri Allaha inama və imana çağırır. Otuzuncu ayədə deyilir: “Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.”

Şair də bu bənddə ““Lam” – lal, nеcə hеsab vеrər” – deyərkən bu ayəni diqqətə çatdırır. Bütlərə - lallara (cansızlara) inanmağın əbəs olduğunu bildirir.

“Qurani-Kərim”in 29 surəsinin əvvəlində gələn bu hərflərə “hurufi-müqəttə`ə (ayrı-ayrılıqda oxunan hərflər)” deyilir. İslam inancına görə bu hərflər qeybi- həqiqətlərdən xəbər verir ki, onun elmi Allahın və onun izn verdiyi insanların ixtiyarındadır. Bu hərflərin daşıdığı məna Allahla peyğəmbər arasında rəmz və işarə olduğu üçün onlar peyğəmbərin özü və onun canişinlərindən – imamlardan başqa kimsələrə tam şəkildə məlum deyildir. Mütəal Allah müəyyən məsələlərə görə sirrini adi insanlardan gizlətdiyi bu hərflərin vasitəsilə kainatda olan bir sıra elm və həqiqətləri ancaq bəzi şəxslərin bilməsinə icazə və işarə vermişdir. Demək ki, Dədə Ələsgər də o şəxslərin arasında idi.

“Mim” müqəttəsi “Qurani-Kərim”də 17 dəfə təkrar olunur. “Mim” yüksəliş yayıdır, Məhəmmədin həqiqətidir. Hədis dərəcəsinin təcəllisi İlahilik – İlahlıq məqamının təcəllisi, yəni həmd dərəcəsidir. Aşıq Ələsgər “Qurani-Kərim”in özəlliklə “Duxan” (duman) surəsini rəhbər tutaraq deyir: “Mim – möminə yol göstərər, İsmi-paki Məhəmməddi.” – yəni Məhəmməd Peyğəmbər həqiqət yolunu aydınladandır.

Sonuncu bənddə işlənən (“Lam – əlifla” – birdi Allah, “Yе” – yеkdi adil padişah.) “Lam”, “əlif” və “ye”dir ki, əbcəd hesabında yeganə “lam”dır ki, “əlif”lə eyni olaraq bir (1) “ye” isə on (10) olaraq hesablanır. Bunların cəmi 12 edir ki, bu da Məhəmməd peyğəmbərin dini və siyasi xəlifələri olan 12 imamı təmsil edir.

Aşıq Ələsgər bu şeirdə Allaha inamını, Peyğəmbərə, onun dininə imanını, Əhli-Beytə və 12 imama dərin məhəbbətini dilə gətirərək, sözünün qüdrətini nümayiş etdirmiş və bununla da adını həm dini ədəbiyyatın, həm də aşıq ədəbiyyatının tarixinə həkk etdirmişdir.

Bunu da qeyd edək ki, təkrarları çıxmaq şərti ilə bu hərfləri bir yerə topladıqda “Siratu Aliyyin haqqun numsikuhu”, yəni “Əlinin tutduğu yol haqdır, biz də o yolu tutub gedirik” cümləsi alınır. Aşıq Ələsgərin şeirlərindən bildiyimizi (Hz.Əlinin yuxuda ona vergi verməsi) nəzərə alsaq görərik ki, bu şeir şairin yolunu bir daha bəlli etmək məqsədilə yazdığı şeirlərdəndir.

Nümunələrdən də göründüyü kimi, söz şeirdə qeyd oluna bildiyi kimi verilməyə də bilər və oxucuya gizli – şifrəli olaraq yönəldilə bilər. Yüksək səviyyəli oxucu həmin kilid sözü özü tapır, sonra onun vasitəsilə şeirin “qapısını açır”.

“Allahın adı ilə” şeiri də müəmma, sirr, hərf və söz oyunları ilə yazılmışdır. Məlum olduğu kimi, müəmma da bir klassik ədəbi formadır ki, bu, adətən, Allahınadları (esmaül-hüsna), Peyğəmbərin sifətləri və imamların xüsusiyyətlərini gizli olaraq anladır və belə halda, şeirin lüğətini fərqli anlamlı sözlər təşkil edir. Bu şeirdə şairin məqsədi dinləyiciyə (oxucuya) gizli ünsürləri tapmaq üçün zəka oyunu “oynatmaqdır.” Düşünürük ki, oxucu şeirdəki hərf və söz oyunlarını tam dərk etmədən keçə də bilər, lakin şeirin ümumi anlamını fəhmlə dərk edir. Çünki belə mətnlər şeirin olduğu kimi şairin də ruhunu ötürə bilir.

Necə ki, M.Füzuli “Ənisül-qəlb” (Qəlbin hekayəti) qəsidəsində müəmma olan həqiqəti bu cür vəsf edirdi: “Elə gizlənməmişdir ki, həqiqət sirri gözlərdən, Ki, açsın hikmət əhli əql üzündən bu müəmmanı.” Yəni, bu müəmmaları açmaq üçün əql qədər fəhm də gərəkdir.

Qeyd etdiyimiz kimi, Aşıq Ələsgər poeziyasında hərflər kimi söz oyunları da vardır ki, o şeirlər hələ də tədqiq və təsnif edilməmişdir. Bu şeirlərin araşdırılması Aşıq Ələsgər irsinin klassik aşıq ədəbiyyatındakı daha layiqli yerini üzə çıxarmaq üçün mühüm mənbə olacaq və bu sahədə gözəl nümunələr vermiş şairlərin sırasına qatılaraq klassik xalq ədəbiyyatı tariximizi zənginləşdirəcəkdir. Bu məqsədlə şairin “Əssəlatü həşt ərkan” (dodaqdəyməz) şeirini təhlil edək. Şeiri təhlil etmək üçün mənbəyə əsaslanırıq.

(Aşıq Ələsgər. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, s.23-24)

 

Əssəlatü həşt ərkan, 3

Əhli-dil, hal cənginə.

Əhli-dil, hal gəldi ərlər,

Sеyr еlər ahənginə.

Əhli-dil, hal tirü tiğü

Xədənginə, cənginə;

Cənginə, xədənginə,

Ahənginə, hər rənginə.

Əssəlatü şindi, aşıq,

Еndirərsən yеlkəni;

Şindi, aşıq, əldə sazın

Əl çalar gəstirgəni.

Ah еdərsən, gəl dеyər,

Gеtsən sana yazıq səni;

Yеlkəni, gəstirgəni,

Gеt, səlsəli çal sənginə.

Əldən gеtdi ixtiyarın,

Ah еdərsən, gəl dеyər;

Həsrət çəkər еhtidarın,

Cəhd еylər, istər əsər.

Ah еdərsən, gəl dеyər,

Şindi səni tənzil еdər;

Səd həzarın çətin yеtər

Ələsgərin dənginə.

 

Öncə şeirdəki yanlış yazılan sözlərin düzgün yazılışını qeyd edək və anlaşılması çətin olan sözləri izah edək:

3 (Şеirdə bir çox misraların mənasını aydınlaşdırmaq olmur. Güman ki, divani təhrif olunmuşdur. Buna baxmayaraq, Aşıq Talıbın hafizəsində qalmış olan variantda hеç bir dəyişiklik aparmadıq (Tərtibçi).

 

1. Əssalat – namaz

2. Həst (“həşt” sözü səhv yazılıb) – var (vardır)

3. Ərkan – rükn. *Rükn – dayaq, dirək, əsas

4. Əssəlatü həst ərkan – Namaz dinin rüknüdür.

5. Tirü – qılınc

6. Tiğ(ü) – nizə

7. Xədəng – sərt taxtadan emal edilən ox

8. Göstərgə (“gəstirgə” sözü səhvdir) – göstərici; bir işin, prosesin gedişi

haqqında müəyyən təsəvvür yaradan şey

9. Səlsəl – quş adıdır

10. Səng – daş

11. Şindi - indi

12. İqtidar (“ehtidar” sözü səhvdir) – güc

13. Əsər - nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalması

14. Tənzil – göydən enmə

15. Səd – yüz

16. Hezar (“həzar” sözü səhvdir) – min

17. Dəng – bərabər, tay; cüzi bir hissə

 

Şeirin adından da göründüyü kimi, (Namaz dinin rüknüdür) şair insanları namaza çağırır, həmçinin onlara bu yolun çətinliyini bildirir, eyni zamanda, namazın ərkanlarından– qaydalarından danışır. Bildiyimiz kimi, namazın qaydaları – niyyət, qiyam (ayaq üstə), təkbir, rüku və iki səcdədir ki, bunların hansısa biri unudularsa, namazı yenidən qılmaq lazım gəlir. Şiə məzhəbinə mənsub olanlar bu qaydalara qibləni və ahəngi (avazla qiraət etmə) də əlavə edirlər. Aşıq Ələsgər də şiə olduğu üçün o qaydalara sadiq qalır. Şeirin ümumilikdə şərhi belədir:

Namaz İslam dininin rüknü – dayağı, sütunudur.

1-ci bənd: Hal əhli bu savaşa girə bilər. Burada: Şair namaz qılmağı Allaha imtahan vermək kimi tutur, bu sınağa girməyi nəfsi ilə savaşa girmək kimi izah edir. Bu savaşa girə bilməyənlər – namaz qılmayanlarsa sadəcə onun ahəngini seyredənlərdir.

2-ci bənd: Namaz qılanların – nəfsi ilə savaşa girənlərin ləvazimatları olmalıdır ki, burada qılınc, nizə, ox sözləri nəfsi-müdafiədə istifadə predmetləridir.

3-cü bənd: İndi – namazda olan vaxt, aşıq (burada: həm də aşiq), yelkənləri endirərsən – Allah qarşısında diz çökərsən, Ona yenilərsən (bilə-bilə) və sənin bu əməlinə aşıqlar (aşiqlər) əl çalar.

4-cü bənd: Ah edərsən, gəl deyər – hər dəfə çətinliyə düşəndə tövbə edərsən, yenə səni bağışlayar (Allah), əgər bir də tövbəni pozsan, yazıq sənin halına. Sən bu əyilməyi (Allah qarşısında, namazda) göstəriş üçün, yalandan edərsən. O zaman get, Səlsəl quşunu daşla vur. Bu bir bənzətmədir ki, klassik ədəbiyyatda Səlsəl quşunun adı çox çəkilir. Göyərçindən bir az böyük, çox ayıq və cəld quşdur. Şair demək istəyir ki, quşu daşla ovlamaq necə çətindirsə, sənin də bağışlanman elə çətin olacaq.

5-ci bənd: İxtiyari-ixtiyarsız yenə səhv edərsən (namazı tərk edərsən), yenə tövbə edərsən, həsrət çəkərsən, gücünü toplayıb yenidən cəhd edərsən, yenə tövbəni qəbul edər, (Allah) istəyər ki, sənin xeyir əməldə bir izin, əlamətin qalsın.

Müəllif burada “Qurani Kərim”ə əsaslanıb. “De: Ey Mənim bəndələrim –özlərinin əleyhinə olaraq hədlərini aşanlar! Ümidinizi Allahın rəhmətindən üzməyin. Allah bütün günahları bağışlar. Günahlardan keçən və rəhimli olan təkcə Odur.” (“Zümər” surəsi, 53-cü ayə) “Allaha tövbə edib, Ondan əfv diləməzlərmi? Günahlardan keçəndir, rəhimlidir Allah”. (“Maidə” surəsi, 74-cü ayə) (7) 6-cı bənd: Yenə ah edərsən, yenə sənə gəl, - deyər. Səni göylərdən endirər – ayağına gətirər (imana, hidayətə, bağışlanmağa). Yüz min dəfə də gəlsən, sən Ələsgərin tayı, onun bir hissəsi ola bilməzsən (əməldə).

Ümumilikdə həyatın bütün sahələrində özünə yer tapa bilən Aşıq Ələsgər şeirinin səyi əsasən İslamı yaşamaq, yaşatmaq, yaymaq olmuş və o, dilindən sazına süzülən əksər şeirlərini bu səy çərçivəsində formalaşdırmışdır. Bunun ən gözəl nümunələrini İslam dininin əsasını təşkil edən etiqad prinsiplərini təbliğ edən şeirlərində görürük. Şair haqqı tapmaq üçün öncə özünü o yolda hazırlayır, sonra ədaləti bərqərar etmək üçün yaymağa çalışır. Şairin bu mövzuda yazdığı hər şeirini dua əvəzində qəbul etmək olar. “Еylə” şeirinin bir neçə bəndinə baxaq:

 

Yеri, göyü, ərşi, kürsü yaradan,

Adil padişahsan, ədalət еylə.

Könlümün nöqtəsin çıxart qaradan,

Məni doğru yola dəlalət еylə.

 

Klassik türk ədəbiyyatında “könül” həm sevginin, həm də ağılın məskəni olaraq qəbul edilir. Şair burada Yaradandan xahiş edir ki, onun könlünün nöqtəsini qaradan çıxartsın, doğru yolu ona göstərsin, əgər onun ağlının bir nöqtəsində belə

qara (qaranlıq) nəsə qalıbsa, (Allahı tanımaqda) o qaranlığı aydınlatsın.

 

Qəddim əyib, qəm xirqəsin gеyirəm,

Məhəbbət odundan taam yеyirəm,

Lеylü-nəhar “Ya hu!”, “ya hu!” dеyirəm,

Çıxıbdı qəlbimdən “ibadət еylə”.

 

Bu bənddə yenə eyni fikir davam edir. Qəddi əyilən, qəm xirqəsi geyən, məhəbbət (Allaha) odundan təam yeyən şair gecə-gündüz “Ya Hu!”, “Ya Hu!” (HU Allahın adı olduğu üçün böyük hərflə yazılmalıdır.) – deyib cağırır ki, ona, qəlbinin “İbadət еylə!” hökmünü yerinə yetirməkdə kömək etsin.

Bilirik ki, təsəvvüf İslam dininin olduğu qədər türk xalq ədəbiyyatının da bir qoludur. Burada bir haşiyə çıxaq. “Hu” nədir? Məlumat üçün qeyd edək ki, təsəvvüfdə HU İlahiyə xitabdır, çağırışdır. Sufi inancına görə, hər kəs Allahı xatırlayanda, bir istəyi, arzusu, diləyi olanda Onu çağırar – bu və ya digər ifadə ilə.

Amma hamı bilməz ki, dillərinə gətirsələr də, gətirməsələr də, hər gün iyirmi dörd min dəfə bu sözü təkrarlayırlar. Necə? Hər gündə 24 saat var, hər canlı hər gün 24 min dəfə “Lеylü-nəhar” – gecə-gündüz nəfəs alıb-verir. Diqqət etsək, hər nəfəs verdikdə nəfəsimizdən “Hu” səsi çıxar ki, bu səsi ancaq o şəxs, bir də Hu – yəni

Allah duyar. Heç kəsin bir dəfə alıb-verdiyi nəfəs ikincisinə bənzəməz. Nəfəsimiz zamana, məkana əsasən, hal və vəziyyətimizlə (həyəcan, təşviş, qorxu, rahatlıq və s.) əlaqədar dəyişər.

 

Xəstə könül, sürün dost irahına,

İslam sərdarına, din pənahına.

Ələsgər, yön çеvir şahlar şahına,

Yapış ətəyindən, şikayət еylə.

 

Şair bu bənddə birinci bənddə dediyi könlündəki nöqtə boyda qaranlıq (şəkk də demək olar) üçün xəstə düşən könlünə xitab edir ki, sürün dost irahına (yoluna).ç Burada dost yenə də Aşıq Ələsgərə “buta” olmuşdur Hz.Əlidir. Hz.Əliyə tərəf sürünüb, yönünü “şahlar şahına” – Məhəmməd Peyğəmbərə çevir, ətəyindən tutub (qara nöqtəni könlünə salandan) şikayət et, - deyir.

Aşıq Ələsgərin digər şeirləri kimi bu şeirin özündə də bir ab-hava, musiqi var. Aşıq musiqisi musiqisinin təsnifatında ümumi anlayış olaraq yer aldığı kimi, dini mövzularda yazılan şeirlərin musiqisi də yerli xalq musiqisindən təsirlənir. Bu baxımdan Aşıq Ələsgər İslami, təsəvvüfi şeirlərini də xalq musiqisi – aşıq havaları üstündə oxuyub yaymışdır.

Varlıq aləmi bütünlükdə obyektiv gerçəkliyin simvollarıdır. Simvolları başa düşmək varlığı dərk etməkdir. Simvolizmin mənasını tam dərk etmək, mənada Rəbbi hər yerdə görmək, bununla da hər şeyi aydınlaşdırmaq lazımdır. Sufilər kainatı güzgülər toplusu kimi görürlər. Bu güzgülər fərqli formalarda bir-birinin ardınca seyr edir və bir-birinin öhdəsindən gəlmək və təzahürünü fərqli şəkildə əks etdirir. Aşıq Ələsgər şeirindəki simvollar – hərflər, müəmmalı sözlər onun irfan ədəbiyyatından yüksək məlumatlı olmasından xəbər verir.

Aşıq Ələsgər təkbaşına bir məktəbdir, heyif ki, bugünədək o məktəbi tam oxuyan, heç olan olmamışdır. O, Azərbaycan xalq şeirinin ustadı, Şərq-islam düşüncənin əsl zəhmətkeşidir. Yaradıcılığını araşdırdıqca əmin oluruq, Aşıq Ələsgərin düşüncəsi ilə dilinin məsafəsi yoxdur. Şairin dediyinin “yüzdə doxsanı özü olmalıdır” prinsipi ilə yanaşsaq, axtarışlar ki, Dədə Ələsgər bizim həqiqət dilində danışan, amma bizim çox gec duyduğumuz səssiz qəhrəmanlarımızdan biridir. Əsərləri ilə bizə Haqq yolu – özünü tapmaq yolunu qoyub gedib. O, təhsilsiz, amma bilikli, ziyalı, zəhmətkeş, türk-islam mədəniyyətini yaxşı bilən əhəmiyyətli bir şəxsiyyət idi.

 

“Ədəbiyyat və İncəsənət”

(15.05.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Salatın Əhmədovanın cızdığı Xalq yazıçısı İsmayıl Şıxlının portretini sizlərə təqdim edir.

 

Bəzən fikirləşirəm ki, hər yaradıcı insanın ürəyindən, damarlarından axıb gələn qanı hesabına yazdığı, araya-ərsəyə gətirdiyi əsərlərdə özünün cizgiləri, prototipləri var. İsmayıl Şıxlının əsrələrini də oxuyanda bu hisslər mənə hakim kəsilir. Onun əsərlərində demək olar ki, cılız hisslərə malik adamlar, yüngul, təlxək, nökər xislətli obrazlar yox dərəcəsindədir.

 

İsmayıl Şıxlı kimdir? Hər şeydən öncə o, bir elin, obanın, mahalın, bütöv Azərbaycanın ağsaqqalı idi. Minlərlə tələbələrin müəllimi, yüzlərlə müəllimlərin məsləhət, güvənc yeri idi, səmimi yoldaş, sirdaş idi. Əsərlərinin qəhrəmanları kimi özü də dağdan ağır, sanballı, sözü yerində deyən köhnə, sanballı kişilərdən biri olub. İsmayıl Şıxlı bir an belə unudulmayan, yaddan çıxmayan yazıçılarımızdandır.

Üzdəniraq mənfur erməni qonşularımız Qarabağ müharibəsinə başlayanda Qərb bölgəsinə də həmlələr edir, müxtəlif şaiyələr yayır, yerli əhalini rayondan, doğma kəndlərindən çıxmasına cəhd göstərirdilər. Şaiyələrə görə tezliklə ermənilərin Qazağa gəlməsi, oranı da zəbt etməsi xəbərini eşidən el ağsaqqalı İsmayıl Qəhrəman oğlu Qazağın mərkəzinə gələrək stol qoyub oturmuş, ona qaçıb canını qurtarmağı məsləhət görən yerlilərinə ağır-ağır, qayğılı, güvənli  səsiylə cavab vermişdi: «Siz istəyirsiniz qaçın, hara istəyirsiniz gedin. Mən buralardan, bu ana torpaqdan ayrılıb heç yana gedəsi deyiləm». Dediyini də edir, axşama qədər oturur. Yol tədarükü görüb doğma ellərdən qaçaq düşmək istəyən əhali evlərinə dağılışır və Qazax torpağının camaatı elindən-obasından dağılıb getmir. İsmayıl Şıxlı bu hərəkəti ilə Qazağı mənfur erməni tapdağından, əhalini yersiz şaiyələrdən xilas etmiş olur. Qədirbilən xalqımız vaxtı ilə İ.Şıxlının stol qoyub oturduğu yerdə onun əzəmətli heykəlini qoyur. O, keçmişdə olduğu kimi stolda oturmuş, qayğılı gözlərini bir nöqtəyə zilləmişdi. Onun heykəli də özü kimi sanballı və əzəmətlidir.

İ.Şıxlı ömrünün qürub çağında yazmış olduğu bu əsərləri oxucu böyük maraqla oxuyur, yazıcı ilə bərabər o dövrə-əsrin əvvəlinə qayıdır.

«Namus qaçağı» hekayəsinin süjet xətti qaçaqların həyatından bəhs edir. Əsərin qəhrəmanı Süleyman evindən-ailəsindən didərgin düşüb. Dağda-daşda qaçaqlıq edir. Nədir onun dinc həyatını pozan? Nə idi onu qaçaqlığa məcbur edən? Kim idi onu isti yuvasından perikdirən? Onların nəsli kasıb olsa da heç kimin qabağında əyilməmişlər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusudur. Gərək təkcə öz namusunu yox, el-obanın da namusunu qoruyasan. Kişi olan başqasının qız-gəlninə xain gözlə baxmaz. Öz simsarlarını, öz el-obasının çiçək qızlarını, həyalı gəlinlərini yoldan çıxarıb namusuna toxunmaq olmaz. Bu bağışlanması mümkün olmayan bir günahdır.

Süleymanı kənddə yenicə yaranmış komsomol özəyinə katib seçirlər. Kənddə Əbdülrəhman adında «mənəm-mənəm» deyən bir bəy də var. Əzazilliyi ilə ad çıxartmışdı. Hətta komsomol Süleymanı da hədələmişdi. Günlərin birində bəyi və oğlanlarını tutub sürgün edirlər, evlərini idarəyə çevirirlər, arvad-uşağını evin zirzəmisinə köçürürlər. Bəyin gözəl, bir cüt qızı var imiş. Kəndin keçmiş gədalarından olan, indi isə qırmızı haşiyəli papaq qoymuş Keçəl Xondulu qızlara rahatlıq vermir. Süleymanın qulağında atasının nəsihəti cingildəyir: «Yadında saxla, elin namusu bizim namusumuzdur. Təmiz adımızı ləkələməyin». Süleyman bəyin qızlarının gecənin qaranlığında zəif işıq gələn evlərinə yaxınlaşır.

Qolarını çirməmiş, yarımçılpaq, keçəl Xondulunu görəndə beyni uğuldayır, gözləri qan canağına dönür. Naqanı çıxartmağı ilə Keçəl Xondunun yerə sərilməyi bir olur. Bax bu idi onu dağlara sığınmağa məcbur edən. Elin namusunu öz namusu hesab etdiyi üçün binamusu məhv etmiş, qaçaq düşməyə məcbur olmuşdur.

İsmayıl Şıxlı elin namusunu qorumağı o qədər qabarıq vermişdir ki, əsəri oxuyan bəzi üzdəniraq kişilər yəqin ki, bir az silkələnər, oyanar. Bir az vicdan əzabı çəkər ki, ailəli qadınları yoldan sıxarmaz, qızı-nəvəsi yaşında olan qızları ləkələməyə çalışmaz.

İ.Şıxlı qəhrəmanı Süleyman vasitəsilə binamuslara cəza verir. Tezliklə toyu olacaq İlyasın nişanlısına göz dikən yaşlı Rəşidi layiqli cəzasına çatdırır. Qışın qarlı günündə, buz bağlamış çayda onu çimməyə məcbur edir və deyir ki, əgər cavan qız almaq istəyirsənsə gərək canın da möhkəm olsun. Yaşı ötmüş Rəşidin nəinki canı möhkəmlənir, əksinə bu onun axırıncı cimməyi olur. İlyas qayıdıb öz sevgilisinə qovuşur. Onun toyunda hətta qaçaq Süleyman da iştirak edir.

«Namərd gülləsi» hekayəsi İ.Şıxlının axırıncı qələmə aldığı əsərlərindəndir.

Ədib bu hekayəsində də XX əsrin əvvəllərini göz önündə canlandırır. Sanballı kişilərin sanballı sözlərilə zəmanəsinin təsvirini göz önündə canlandırır.

Kəndin koxası Niftalı kişi namərd gülləsindən ölür. Namərd - bir zamanlar onlara pənah gətirmiş nankor «gəlmə» Mürşid idi. Doqqazlarının ağzında boynunu büküb aclıq­dan, soyuqdan daldanacaq, sığınacaq istəyən Mürşid sonralar evin fərq qoyulmadığı sa­ki­ni­nə çevrilir. Ona ev tikir, mal-qara verib üstəlik qohum qızlardan birini də alıb ev-eşik edir­lər. Diribaş Mürşid əlinə maya salıb Tiflisə, Gəncəyə ayaq açır, dolanmağın çəmini tapır. Bir az varlanan Mürşidin gözü ayağının altını görmür, evdə arvadını incidir, günlərlə evinə gəl­mir. Bundan xəbər tutan Niftalı koxa onu başa salmaq istəyəndə Mürşid onun üzünə qa­yı­dır. Qulaqlarına inana bilməyən Niftalı kişi əlindəki qamçı ilə Mürşidi «budar­layır». Onun əlindən çıxıb qaçan Mürşid koxanı hədələyir və onu öldürəcəyini deyir. Bi­çin­çi­lə­rə baş çək­mə­yə gələn koxa arxın qırağına əyilərək üzünü yumaq istədikdə arxadan onu güllə ilə vu­rur­lar. Geri qanrılan koxa elə bilir ki, dəstənin qabağında duran Qaçaq Kərəmdi onu vu­ran, bir an sevinir. Biləndə ki, düşməni bir vaxt onun qapısında süfrəsinin qırağında otu­ran na­mərd Mürşiddir, ürəyi nisgil içində çırpınır. Kişi inildəyir, onu inildədən yaranın ağrı­sı yox, zən­nində yanılması olur. Koxa Qaçaq Kərəmə yalvarış dolu səslə deyir: Mənim səndən bir diləyim var, çıxar naqanı, mənim alnımdan özün vur. Qoy desinlər Niftalı koxanı gə­da­nın biri yox, Qaçaq Kərəm öldürüb. Kişini kişi öldürər, gədə-güdə yox.

Kərəm onun arzu­su­nu yerinə yetirir və heç nədən çəkinməyərək koxanın meyidini kəndə aparır.

Bu kiçicik bir hekayədir; ancaq böyük əsərdir, böyük ibrət dərsidir    Kişilik dərsi. Kərəm qaçaq olsa da mərddir, əliyalın adama güllə atmır. Mərdi qova-qova namərd etmir. Kişi kimi döyüşür. İ.Şıxlı bu əsərilə sanballı kişilərin sanballı düşmən olduqlarını da bir daha oxuculara  göstərir.

«Ölüləri qəbiristanlıqda basdırın» hekayəsi ədibin axırıncı əsəridir. O, elə bil vəsiyyət edərək bütün arzu və istəklərini bu əsəri vasitəsilə bizə çatdırır.

… Cavanşir kənddə ad çıxarmış, igid, pəhləvan kimi bir olan idi. Günlərin birində kəndin kənarındakı çəmənliyə getmiş, otların, çiçəklərin üstünə uzanmışdı. Birdən cığırda yedəyində yəhərli-yüyənli atla dayanmış gözəl bir qız görür. Bu qız Şəmistan ağanın qızı idi. Gözəllikdə, igidlikdə kəndin cəsur oğlanlarından geri qalmırdı. Cavanşir onların tay­fa­sın­dan çəkinirdi. Eşitmişdi ki, onların qızları da, kişiləri də qan çanağıdır. Onlara ya­xın­la­şan da peşiman olur, uzaqlaşan da. Onu da eşitmişdi ki, bu tayfanın adamlarının gözü bir şe­yi tutdumu, əl çəkən deyillər. Belə bir tayfanın qızı ilə indi qabaq-qənşər gəlmişdi. Şəmistan ağa­nın qızı Həcər xanımın Cavanşirdən xoşu gəlsə də təklikdə görüşməmişdilər. Ona öz di­lə­yi­ni deyir. Bunu eşidən Cavanşir qorxmağı bir tərəfə ataraq qızı qucaqlayıb öpür.

Huşunu itirmiş qız özünə gəldikdə oğlana bir şillə vurur və deyir: behini aldın, elçi­lə­ri­ni göndər. Cavanşir anası ilə danışır, el dağdan arana enəndə qıza elçi göndərir və ni­şan ta­xır­lar. Toy ərəfəsində Cavanşiri Qəza Firqə özəyinə çağırırlar və ikiillik firqə məktəbinə oxu­mağa göndərirlər. İki il Həcər xanım səbirsizliklə nişanlısının yolunu gözləyir. Cavanşir qayıtdıqda onun həm daxili, həm də xarici görkəmi dəyişmişdi, daha da gözəlləşmişdi. O, qarşısına məqsəd qoy­muşdu: qəzada birinci «Kommuna» yaratmaq. Bunun üçünsə birinci növbədə qolço­maq­ları - kəndin varlılarını əzmək lazım idi. Kəndin qolçomağı qaynatası Şəmistan ağa idi. O, ağanı idaryə çağırır. Varını-dövlətini dövlətə - kommunaya təhvil verməsi tələbini eşidən Şəmistan ağa qeyzlənib idarədən çıxır. Başa düşür ki, onu firqəçilər rahat buraxmayacaq, odur ki, Göyxallı atını da minib dağlara - qaçaqların yanına qalxır. Ailəsini, arvad-uşağını isə əl-qolunu bağlayıb qəza mərkəzinə, oradan da sürgünə – gedər-gəlməzə göndərirlər.

Nişanlısı Həcər xanıma belə məhəl qoymayan Cavanşir varlıları sürgün elətdirir, köhnə evləri sökdürüb, çay kənarında cərgə ilə təzə evlər, qonaq evi tikdirir. Qonaq gələndə qohumugildə yox, qonaq evində qalmalı, «kommunanın» bişir­di­yi yeməyi hamılıqla birgə yeyib içməli idi. Onun şöhrəti hər yana yayılır, məşhurlaşır, onu qəza mərkəzinə rəhbər işə gətirirlər. Kənddə başı işinə o qədər qarışır ki, evdə, anasının yanında yox, elə idarədəcə gecələyirdi. Gecənin bir vaxtı şaqqıltı səsinə yuxudan oyanan Cavanşir kəndin yandığını görür. Yanan evlərin içində onun da evi vardı. Evdə isə qoca anası.

Bu hamısı taleyin işi, alın yazısı idi. Onu canından artıq istəyən Həcərə rəhm etmədi. Həcər ona ən səmimi duyğularını, hisslərini vermişdi. El-obanın igidləri içində onu seçib-sevmiş, ona könül vermişdi. Cavanşir neylədi? Bu sevgiyə layiq oldumu? Yox, əksinə, onu qolu bağlı Sibirə sürgünə göndərdi. Şəmistan ağa arvadından soruşanda ki, dul Güləndamın oğlundan kişi çıxarmı? Ağa özü də cavab verib demişdi ki, gədadan bəy olmaz.

Cavanşir anasının qisasını almaq üçün özəkdən atlı dəstəsi götürüb qaçaqların yurd-yuva saldığı dağlara qalxır. Qaçaqları yuxuya verib hamısını güllədən keçirir. Ancaq onun ra­hatlığı pozulmuşdur. Tez-tez yuxusuna anası, nişanlısı, Şəmistan ağa girir, onu mü­ha­ki­mə edir, sorğu-suala tuturdular. Anası gecəli-gündüzlü ondan əl çəkmir, oğlunu məzəmmət edib deyirdi: «Həcər sənin nişanlın idi, istəsəydin o qızı qoymazdın sürgünə getsin, sən düz eləmədin, sözünə dönük çıxdın. Yadında saxla, bala, uzunsaçlının ahı yerdə qalmaz».

Cavanşir Şəmistan ağanı öldürdükdən sonra Göyxallı atı özünə götürmüşdü. At onu yaxına buraxmır, Cavanşiri görəndə yüyəni çeynəyib şahə qalxar, çəçiyi ilə onu tapda­la­ma­ğa çalışardı. Heyvan hiss edirdi ki, Həcərin sürgün olmasına, Şəmistan ağanın ölümünə Cavanşir günahkardır. Dilsiz-ağızsız heyvanın hərəkəti onu sarısıdır. Bu dünyada heyvanlar insanlardan etibarlıdır, onlar dostu da, düşməni də yaxşı tanıyırlar. Cavanşir qəza mərkəzinə böyük vəzifəyə təyin olunanda atı da özü ilə aparır. At onu yaxın qoymasa da onu tövlədə saxlayır, bordayırdı; at Həcərlə olan xatirələrin arasında körpü idi.

İllər ötür, günlərin birində Cavanşir növbəti gərgin iş günündən sonra gecə çarpayısına dö­şənib ağır yuxuya gedir. O, hiss eləmir ki, kimsə onu izləyir, ona yaxınlaşır, mehribanlıqla ona tamaşa edir, əyilmiş başının altına yastıq qoymaq, ayaqqabılarını çıxardıb, ayaqlarını çar­pa­yıya rahat uzatmaq istəyir. Bu qaraltı Həcər idi. O, sürgündən qayıtmış, Cavanşiri axtarıb tap­mış və ondan qisas almağa gəl­miş­di. O Cavanşirdən ki, ona dəlicəsinə vurulmuşdu. Ona ürə­yi­ni vermişdi. İndi isə qisas his­si sevgisinə qalib gəlmişdi. Kişi kimi sevməyi də kişi kimi ba­car­maq lazım imiş. Nifrət bəs­ləmək də xüsusi bacarıq, iradə tələb edirmiş. Bu isə yüksək iradə hesabına olurmuş. Adam sevdiyinə o vaxt nifrət edə bilirmiş ki, qarşısındakını ülvi-məhəbbətlə sevsin. Zərif sev­gilər günəş şüaları görmüş qar kimidir, əriyib suya dönür, heç bir əsər-əlamət qal­mır, heç nifrət də əmələ gəlmir. O böyük məhəbbətdir ki, insanı cani olmağa qədər sü­rük­lə­yir. Böyük məhəbbətdən böyük nifrət yaranır. Və bu məhəbbət Həcəri qatilə çevirir. Səhəri gün şəhərə səs yayılır ki, raykomu güllələyiblər. Onu Şura hökumətinin yolunda canını qur­ban verən bir adam kimi qəbristanlıqda yox, şəhərin mərkəzində - bağda dəfn edirlər.

Bu hadisədən çox sonralar tək qəbir olan bağın yerində restoran tikirlər. Tək qəbir də yoxa çıxır. Restoran sahibi restoranın həyətini dolaşan qarıdan nə axtardığını soruşur. Qarı deyir: «Adam qəbri». Özünü laqeyd göstərən restoran sahibi deyir ki, ölüləri qəbiristanlıqda basdırırlar.

Bu qarı... Həcər idi.

Bununla da hər şeyə son qoyulur. Qarı axtardığını həmişəlik itirdiyini, tapmayacağını dərk edib birdəfəlik o yerlərdən ayrılır. Restoranda isə müğənni oxuyur: «Dünya sənin, dünya mənim, dünya heç kimin».

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

2 -dən səhifə 1475